Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1513/2022 04.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X10 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, N.Bəşir küçəsi, ev 15-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsi, ev 17-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən “Həsən” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,914 qram olan narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,549 qram olan psixotrop maddə metafetamini ona əvvəlki satışdan olan borcu ilə birlikdə dəyərini sonradan ödəmək şərti ilə əldə edib saxlayaraq daşımış, 26 aprel 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonu, ünvan 1 ünvanının qarşısında saxlanılaraq ünvan 2anında yerləşən Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli papaqlı idman jaketinın sağ yan cibindən 1 ədəd “Winston” markalı siqaret qutusunun içərisində 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,746 qram, 0,691 qram, 0,389 qram, 0,152 qram, 0,936 qram təşkil edən, ümumi təmiz çəkisi 2,914 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və digər 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,549 qram olan kustar usulla hazırlanmış psixotrop maddə metafetamin, həmçinin həmin jaketin sol yan cibindən üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2-3 il əvvəl heroin və metafetamindən istifadə etməyə başlamışdır. Həmin narkotik maddələri Balaxanı qəsəbəsindən tanımadığı müxtəlif şəxslərdən öz istifadəsi üçün almış və istifadə etmişdir. Sonradan buna pul çatdıra bilmədiyindən və başqa maddi problemləri olduğundan narkotik vasitəni bir müddət çətinliklə əldə etmişdir. Bakıxanov qəsəbəsində gəzişən zaman “Şaşa” adlı şəxslə tanış olmuş və həmin şəxsin sadəcə milliyyətcə rus olduğunu bilmiş, əsl adı və digər anket məlumatları barədə məlumatı olmamışdır. Həmin şəxs ona bildirmişdir ki, narkotik vasitəni yarı qiymətə “Həsən” adlı şəxsdən alır, X11 Respublikasının vətəndaşıdır. “Şaşa” həmin Həsən adlı şəxsin “WhatsApp” nömrəsini ona vermişdir. O, “WhatsApp”la həmin Həsən adlı şəxslə əlaqə saxlayanda Həsən heroinin və metafetaminin qramını ona 15 manata satmağa razılaşmışdır. Ona bu qiymət sərf etmişdir, çünki Balaxanıda tanımadığı şəxslərdən heroin və metafetaminin qramını 30 manata almışdır. Həsən ona müxtəlif növlü kartları “Kapital bank”, “Unibank”, “Leo” göndərmişdir ki, həmin karta pul yükləsin. O da həmin şəxsin kartına pulu “Milliön” ödəmə terminalından ödəmişdir. Həsən də bir neçə dəqiqədən sonra ona “WhatsApp”la yeri göndərmişdir ki, narkotik vasitə heroini və ya psixotrop maddə metafetamini oradan götürsün. Həsən ona “konumu” və sifariş etdiyi narkotik vasitəninin yerinin şəklini göndərmişdir. O da narkotik maddələri gedib oradan götürmüşdür. O, malı çox vaxt Xırdalandan götürmüşdür. Götürdüyü narkotik vasitə heroin və psixotrop maddə metafetamin həmişə küçədə gah daşın altında, gah stolbanın yanında, gah da otluqda olmuşdur. Həsəndən bir neçə dəfə narkotik vasitə heroini və metafetamini alanda fikirləşmişdir ki, həmin narkotik vasitələri satıb pul da qazana bilər. Çünki Həsəndən heroini və metafetamini yarı qiymətə almışdır. Həsəndən aldığı narkotik vasitəni elə olmuşdur ki, nisyə almış, Həsənə isə narkotiki satıb pulunu ödəyəcəyini demişdir. Həsəndə bununla razılaşmış və bilmişdir ki, o, narkotik vasitəni ondan satış məqsədi ilə alır. 25 aprel 2022-ci il tarixdə axşam saatlarında yenə də o, heroin və metafetamin əldə etmək məqsədi ilə Həsənlə “WhatsApp”la əlaqə saxladıqda Həsən bank kartının nömrəsini ona atmışdır ki, həmin karta 150 manat pul yükləsin, sonra Həsən ona narkotik vasitə heroinin və metafetaminin yerini göndərsin. Onun əvvəldən də Həsənə 195 manat borcu yaranmışdır. Həsənə 195 manat məbləğində olan borcunu narkotik vasitə heroini və metafetamini satdıqdan sonra ödəyəcəyini demişdir. 25 aprel 2022-ci il tarixdə axşam saatlarında o, Həsənə 150 manat məbləğində pul göndərmişdir. Həsənin kartları çox olduğundan, dəqiq hansı kartına pul göndərdiyini xatırlamır. Həsən ona onunla olan yazışmalarını “WhatsApp”da saxlamamağını, hər dəfə silməyini demişdir. O da buna görə Həsənlə danışıb qurtarandan sonra “WhatsApp”da olan yazışmalarını silmişdir. 25 aprel 2022-ci il tarixdə saat 22 radələrində Həsən ona “WhatsApp”da “konum” və şəkil atmışdır ki, narkotik vasitə heroin və metafetamini Xırdalan şəhərindən götürsün. Həmin narkotik vasitə işıq dirəyinin yanında yerdə “Winston” siqaret qutusunun içərisində olmuşdur. O da Xırdalana gedib oradan narkotik vasitəni götürmüşdür. Həmin siqaret qutusunun içərisində xırda bükümlərlə 5 ədəd bükümdə narkotik vasitə heroin, 2 bükümdə isə psixotrop maddə metafetamin olmuşdur. Həmin maddələri əynində olan boz rəngli jaketin cibinə qoymuş və oradan çıxıb evinə getmişdir. Narkotik vasitənin Xırdalan şəhərindən götürməyə tək getmiş, yanında heç kim olmamışdır. Səhərisi, 26 aprel 2022-ci il tarixdə axşam saat 23 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsində gəzişən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib onu 13-cü polis bölməsinə dəvət etmişlər. Orada ona bildirilmişdir ki, o, narkotik vasitələrin və psixotrop maddələrin satışında şübhəlidir. Bundan sonra hüquqları izah edilmiş, dövlət tərəfindən verilmiş vəkillə təmin olunmuşdur. Daha sonra üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış keçirilən zaman ona təklif edilmişdir ki, üzərində qeyri-qanuni əşya varsa təqdim etsin. O da əynində olan boz rəngli idman jaketinin sağ cibindən 1 ədəd “Winston” adlı siqaret qutusunu masanını üzərinə qoymuşdur. Polis əməkdaşlarına bildirmişdir ki, həmin siqaret qutusunun içərisində xırda bükümlərdə olan narkotik vasitə heroin və psixotrop maddə metafetamin var. Polis əməkdaşlarına həmin narkotik vasitəni satış məqsədi ilə İran İslam Respublikasının vətəndaşından 150 manata aldığımı bildirmişdir. Bundan başqa jaketinin sol cibindən elektron tərəzini də masanın üzərinə qoymuşdur. Həmin elektron tərəzi ilə narkotik vasitələrin satışı ilə məşğul olan zaman satdığı narkotik vasitələri ölçdüyünü bildirmişdir. Şalvarının sol qabaq cibindən isə 1 ədəd özünə məxsus olan “Xiaomi Redmi” markalı mobil telefon aparatını masanın üzərinə qoymuşdur. Bundan sonra ondan aşkar olunaraq götürülmüş xırda bükümlərdə olan narkotik vasitə heroin və psixotrop maddə metafetamin elektron tərəzi ilə birlikdə qablaşdırılmış, möhürlənmiş və ekspertizaya göndərilmişdir. Bu barədə protokol tərtib olunmuş, həmin protokolu o və iştirakçılar imzalamışlar. Həsənin təxminən 4-5 kartı olmuşdur. Aldığı narkotik vasitə heroin və metafetaminin bir hissəsini özü istifadə etmiş, bir hissəsini isə Bakıxanov qəsəbəsində müxtəlif şəxslərə satmışdır. Heroini və metafetamini siqaret kimi çəkmişdir. Maddi cəhətdən çətinliyi olduğu üçün narkotik vasitə və psixotrop maddə satmaq qərarına gəlmişdir. Həsən adlı şəxslə “Şaşa” adlı şəxsin vasitəsilə tanış olmuşdur. Həsənlə yalnız “WhatsApp”proqramı vasitəsilə əlaqə saxlamışdır. Ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmiş, əməlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 26 aprel 2022-ci il tarixdə polis bölməsinə “Cəfər” adlı şəxs üzərində narkotik vasitələri və psixotrop maddələri saxlaması, istifadəsi və satışı məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. “Cəfər” adlı şəxsi müəyyən etmək məqsədi ilə o və polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ibarət olan əməliyyat qrupu yaradılmışdır. 26 aprel 2022-ci il tarixdə saat 23 radələrində keçirilmiş əməliyyat tədbiri nəticəsində “Cəfər” adlı şəxs Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi 30 saylı binanın qarşısında saxlanılıb 13-cü polis bölməsinə gətirilmişdir. Polis bölməsinin inzibati binasında müəyyən olunmuşdur ki, gətirilən şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs tutulub polis bölməsinə gətirilən zamanı ciddi nəzarətdə olmuşdur, çünki daxil olmuş əməliyyat məlumatında göstərilmişdir ki, Cəfərin üzərində narkotik vasitə heroin və psixotrop maddə metafetamin saxlanılır. Buna görə onlar Cəfərə nəzarət etmişlər ki, Cəfər əgər üzərində qeyri-qanuni əşya varsa, onu tullaya bilməsin. 13-cü Polis Şöbəsinin xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və dövlət tərəfindən vəkillə təmin olunmuşdur. Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək axtarışı vəkilin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan olan boz rəngli papaqlı idman jaketinin sağ cibindən 1 ədəd “Winston” markalı siqaret qutusu içərisində ümumi 7 büküm, 5 ədəd bükümdə qəhvə rəngli toza şəklində olan narkotik vasitə heroinə bənzər olan maddə, 2 bükümdə isə ağ kristalşəkilli psixotrop maddə metafetaminə oxşar olan maddələr aşkar olunmuş, bundan başqa Təqsirləndirilən şəxs əynində olan həmin jaketin sol cibindən isə gümüşü rəngli elektron tərəzi, əynində olan qara rəngli şalvarının sol yan cibindən isə qara rəngli ekranı çatlamış halda olan “Redmi” markalı mobil telefon aparatı aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs vildeoçəkiliş zamanı bildirmişdir ki, ondan aşkar olunmuş 5 ədəd bükümdə olan qəhvəyi rəngli maddə narkotik vasitə heroindir və 2 ədəd bükümdə olan ağ rəngli maddə psixotrop maddə metafetamindir. Həmin maddələri o, satış məqsədilə İran İslam Respublikasının vətəndaşından 150 manata pul köçürmə yolu ilə almışdır. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələr, psixotrop maddələr, elektron tərəzi və “Redmi” markalı mobil telefon aparatı qablaşdırılmış, möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Əməliyyat məlumatı ona daxil olmuşdur. Təqsirləndirilən şəxs tutulan zaman tək olmuşdur. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 aprel 2022-ci il tarixli 6/2420 saylı rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №160” dairəvi möhür əksi olan 2 ədəd zərfdə üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş 1 ədəd zərfdə 1 ədəd siqaret qutusunda 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,746 qram, 0,691 qram, 0,389 qram, 0,152 qram, 0,936 qram, ümumi təmiz çəkisi 2,914 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 1 ədəd bükümdə təmiz çəkisi 0,549 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Üzərində “Təqsirləndirilən şəxs...” sözləri, soyadlar və imzalar qeyd edilmiş 1 ədəd zərfdə olan 1 ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 2,914 qram, cəmi tədqiqata sərf edildi 0,2 qram, qalıq 2,714 qram, metafetaminin ümumi təmiz çəkisi 0,549 qram, cəmi tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,499 qram, cild 1, iş vərəqə 35-38). Cinayət işinin materiallarında olan “videoyazıya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Sabunçu RPİ-nin PB-nin təhqiqatçısı polis polkovnik-leytenantı Rafiq Şərifov tərəfindən 13-cü PB-nə gətirilmiş saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində 13-cü PB-nin xidməti otağında şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli papaqlı idman jaketinin sağ cibindən 1 ədəd “Winston” markalı siqaret qutusu içərisində ümumi 7 büküm, 5 ədəd bükümdə qəhvə rəngli toz şəklində olan maddə, 2 bükümdə isə ağ kristalşəkilli maddələr aşkar olunmuş, bundan başqa Təqsirləndirilən şəxs əynində olan həmin jaketin sol cibindən isə gümüşü rəngli elektron tərəzi, əynində olan qara rəngli şalvarının sol yan cibindən isə qara rəngli ekranı çatlamış halda olan “Redmi” markalı mobil telefon aparatı aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı bildirmişdir ki, həmin maddələr (5 ədəd bükümdə olan qəhvəyi rəngli maddə) narkotik vasitə heroindir və 2 ədəd bükümdə olan ağ rəngli maddə psixotrop maddə metafetamindir. Həmin maddələri o, satış məqsədi ilə İran İslam Respublikasının vətəndaşından 150 manata pul köçürmə yolu ilə almışdır. Aşkar olunmuş elektron tərəzini isə narkotik vasitələrin və psixotrop maddələrin satışında istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə, psixotrop maddə, elektron tərəzi və “Redmi” markalı mobil telefon qablaşdırılaraq möhürlənmişdir (cild 1, iş vərəqə 45). Cinayət işinin materiallarında olan “sənədlərə baxış keçirilməsi haqqında” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** savlı nömrəsinə 077304- 46-72 saylı nömrədən 7 fevral 2022-ci il tarixdə saat 14.08-də «Qaqa 10 manatım var nese olan kimi mənə xeber elə nolar ağrıyıram xəbər gözləyirəm 1 qram kola düz qoş» mətnli sms, 11 fevral 2022ci il tarixdə saat 17.37 radələrində 077-733 47 88 saylı nömrədən «Cəfər mən Dərnəgüldəyəm uje brat dediyim kimi elədə başıva dönüm yarı kola bidənədə 02sin çetə vur qalanında şponkada qalsın bidə 5 diy daş brat» mətnli sms, 6 mart 2022-ci il tarixdə saat 18.55-də ***-***-**-** saylı nömrədən «qaqaş üstümdə 10 manatdı esas isə çıxaq 2 3 saata 5 manatı day verecem gelende. Olarsa yeni olarsa borclu qalım, sağol qardaşım bir balaca varındırsa » məntli sms, 15 mart 2022-ci il tarixdə saat 20.56 -da ***-***-**-** saylı nömrədən «qaqaş 1 dene ve mənə ayrı 10 manatdır» mətnli sms, 19 mart 2022-ci il tarixdə saat 05.28-də ***-***-**-** saylı nömrədən «Gəlim brat yarı ordan mənə udilit ele obşi 22 manatdır» mətnli sms, xx.xx.2022-ci il tarixdə saat 14.10-da ***-***-**-** saylı nömrədən «qaqaş saat 2-də və axşam 5 manat Brat ordan menede azca ayır » məntli sms, 21 mart 2022-ci il tarixdə saat 17.41-də ***-***-**-** saylı nömrədən «qaqaş mene biraz verersenesas ayaxa qalxım ki, gedim. Uje qaidanda yanıva mene eskik verersen men yoluna qoyaram siqanlara qaqaş esas axrıdan çıxım ora gedim, ama telefonsuzam qapını yavaş 3 defe yavaş vuracam olar?» mətnli sms, 31 mart 2022-ci il tarixdə saat 03.36-da ***-***-**-** saylı nömrədən «mənəm Mişa bir şey düzeldi? Bizdə göziüyürük ki atsın» mətnli sms, 08 aprel 2022-ci il tarixdə saat 19.07-də ***-***-**-** saylı nömrədən «1 1 Ele ve 1 Dene Yarı» mətnli sms, 8 aprel 2022-ci il tarixdə saat 20.03-də ***-***-**-** saylı nömrədən « 1 yarı naxdı saxla day yatdan çıxardma a meni, gözlə indi yazacayam görüm kim nə İstəyir» mətnli sms , 9 aprel 2022-ci il tarixdə saat 20.51-də ***-***-**-** saylı nömrədən «qaqaş dedeyim kimi 1 dene yarı və 1 pitoy 3 deqiqe ordayam» mətnli sms, 12 aprel 2022-ci il tarixdə saat 21.58-də ***-***-**-** saylı nömrədən «qaqaş 1 cavab ver bilim İşimi beyaxdan səni gözləyirəm», «bir pitoy ayrı və 1 dene yarı ayrı ama təmiz ele qardaşımsan» mətnli sms, 13 aprel 2022-ci il tarixdə saat 19.29-da 055- ***-**-** saylı nömrədən «qaqaş naxdı mənim üçün 1 dene yarı saxla, buda gəlir kontr yoxdur ki soruşum ne isteir, gəlirəm tez 15 20 deq Maksimum yanındayam» mətnli sms, 18 aprel 2022-ci il tarixdə saat 14.35-də ***-***-**-** saylı nömrədən «Cəfər mənəm elçin brat qadan alaram qonağım var mənə 1 dene putov lazımdı anamın canına andolsun butov 30 manat var istirsen kartva atım pulu bidene qardaş» mətnli sms, 20 aprel 2022-ci il tarixdə saat 18.09-da ***- ***-**-** sayiı nömrədən «qaqaş 1 dene saxla mene gelib aparacam 5 manat çatmır onu düzeldim gelirəm» mətnli sms, 20 aprel 2022-ci il tarixdə saat 20.32-də ***-***-**-** saylı nömrədən «qaqaş 25 manat puldu gör ne vaxtdan men 5 manat tapa bilmədim olarsa 5 manat gelende götürərərm yox baxda» mətnli sms, 21 aprel 022-ci il tarixdə saat 22.32-də ***-***-**-** saylı nömrədən «qaqaş ordan mənədə ayır da qardaşımsan mənim pulum yoxdur bax gör neynirsən biraz imkan olsa özünden de» mətnli sms, 22 aprel 2022-ci il tarixdə ***-***-**-** saylı nömrədən «brat 15 manat var mənə hey ox dede danışmaq olmur ses yeri işdemir» mətnli sms, 22 aprel 2022-ci il tarixdə saat 18.32-də ***-***-**-** saylı nömrədən «2 dene yarı» metnli sms, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı nömrədən «qaqaş burda heçne yoxdur axı 02 verdin» mətnli sms, 25 aprel 2022-ci ii tarixdə saat 01.13-də ***-***-**-** saylı nömrədən «qardaşım birdene başva dönüm uşaq var e bloka atdığın başmı sikib koladan 1 ayır kağıza, qoyda verim ona yazığdı dünen o çıxardıb meni vəziyyətdən» mətnli smslərin göndərilməsi aşkar olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı nömrəsindən 8 fevral 2022-cİ il tarixdə saat 00.13-də ***-***-**-** saylı nömrəsinə «1 qram kola düz qoşda mənim üçün» mətnli sms, 8 fevral 2022-ci il tarixdə saat 05.10 radələrində ***-***-**-** saylı nömrəyə «qaqaş allah haqqı vəziyyətim çox pisdi heç olmasa 1 qram kola tapda mənə» mətnli sms, 09 fevral 2022-ci il tarixdə saat 02.37-də ***-***-**-** saylı nömrəyə «yarım saata yatacam a mən tez gəl yoxsa çatmayacaq mənə» mətnli sms, 19 fevral 2022-ci il tarixdə saat 23.37-də 077-303- 78-89 saylı nömrəyə «vaska ölürəm lomkadan 25 manat pulum var allah haqqı 1 qram kola tapda mənə» mətnli sms, 21 mart 2022-ci il tarixdə saat 17-51-də ***-***-**- ** saylı nömrəyə «mişa incimə qaqaş 1 qram kolam qalıb onuda satıb pul elemeliyəm onsuzda pulum çatmır tema götürməyə qalmışam pis vəziyyətdə yəni acıb ustunnən verə bilmərəm sənə belə pulnan istəyən var prablem deyil 1 qram var tema» mətnli sms, 21 mart 2022-cİ il tarixdə saat 18.01də ***-***-**-** saylı nömrəyə «başa duşdum səni deyirsən ki mənə vereni çıxarsan amma mən ne bilim geliler dalıyca qalıb yarı onuda verib gedib pul vurmalıyam ki axşama tema götürə bilim» mətnli sms, 30 mart 2022-ci il tarixdə saat 02.35-də ***-***-**-** saylı nömrəyə «vaska işim düşüb sene 35 manat pul var allah haqqı olurəm lomkadan kola tapa bilersen mene», 22 aprel 2022-ci il tarixdə saat 18.32-da ***-***-**-** saylı nömrəyə « 2 dene yarı» mətnli sms, 25 aprel 2022-ci il tarixdə saat 01.05də ***-***-**-** saylı nömrəyə «qaqaş at pulu gəl bizə pramoy 4169-7413-0052-0895» mətnli smslərin göndərilməsi aşkar olunmuşdur (cild 1, iş vərəqə 112-113). Cinayət işinin materiallarında olan “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Redmi” markalı mobil telefon aparatına baxış keçirilmiş telefonun üzərində ***-***-**-** saylı sim nömrə mövcuddur. Mobil telefon aparatına keçirilən baxış zamanı “kontaktlar” bölməsində “İranlı +98 *** *** ** **”, “Baba +98 *** *** ** **”, “Pərviz +98 *** *** ** **” nömrələri mövcuddur. “WhatsApp” pəncərəsində “zənglər” bölməsində həmin şəxslərlə ayrı-ayrılıqda 1 aprel 2022-ci il tarixdən 25 aprel 2022-ci il tarixə qədər olan müddətdə daxil olan və çıxan zənglər müəyyən olunmuşdur (cild 1, iş vərəqə 93). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 2373 saylı 11 may 2022-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 106-107). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 24 iyun 2022-ci il tarixli 1683 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsi zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək iqtidarındadır (cild 1, iş vərəqə 138-140). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,449 qram olan psixotrop maddə metafetamin və 2,714 qram olan narkotik vasitə heroin, həmçinin Təqsirləndirilən şəxs götürülmüş elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin və psixotrop maddə metafetaminin aşkar edilərək götürülməsi barədə 27 aprel 2022ci il tarixli protokola əlavə edilən 1 ədəd “CD” disk iş üzrə maddi sübüt kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqə 141-146). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 94). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 17). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 28 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 80-83). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 26 aprel 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutarın saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,449 qram olan psixotrop maddə metafetamin və 2,714 qram olan narkotik vasitə heroin; -Təqsirləndirilən şəxs götürülmüş elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -“şəxsi axtarış və götürmə” istintaq hərəkətini özündə əks etdirən 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 26 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutarın saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,449 qram olan psixotrop maddə metafetamin və 2,714 qram olan narkotik vasitə heroin; -Təqsirləndirilən şəxs götürülmüş elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -“şəxsi axtarış və götürmə” istintaq hərəkətini özündə əks etdirən 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1513/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1513/2022
04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver