Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1514/2023 19.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X7 ibarət tərkibdə, X1 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olub, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Zavod yolu küçəsində, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, ittiham aktına əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Nəbi» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Nəbi» adlı şəxs və qeyriləri «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən külli miqdarda 4008,783 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən külli miqdarda 3010 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda Astara rayonu ərazisində dəqiq məlum olmayan ünvanda yerləşdirib bu barədə «Whatsapp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu 05 mart 2023-cü il tarixdə 4008,783 qram narkotik vasitə heroini və 3010 qram psixotrop maddə metamfetamini əldə edib yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Zavod Yolu küçəsində nömrəsiz fərdi yaşayış evinə qanunsuz daşıyaraq orada saxlamış, əvvəlcədən satışa hazırlamaq məqsədi ilə əldə etdiyi narkotik vasitə heroinin 13,783 qramını bir ədəd bükümdə qablaşdırıb üzərində saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 07 mart 2023-cü il tarixdə saat 20:00-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Zavod Yolu küçəsində yaşadığı nömrəsiz fərdi yaşayış evinin qarşısında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Baş İdarəyə aparılaraq həmin gün saat 22:00-dan etibarən üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 13,783 qram çəkidə narkotik vasitə heroin əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə aşkar olunaraq götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin gün saat 23:40-dan etibarən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Zavod Yolu küçəsində yaşadığı nömrəsiz fərdi yaşayış evinə özünün razılığı və iştirakı ilə baxış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda ayrı-ayrılıqda çəkiləri 1005 qram, 1005 qram və 1000 qram olmaqla ümumi çəkisi 3010 qram psixotrop maddə metamfetamin üç ədəd bükümdə, külli miqdarda ayrı-ayrılıqda 1000 qram, 995 qram, 1000 qram və 1000 qram olmaqla ümumi çəkisi 3995 qram narkotik vasitə heroin dörd ədəd bükümdə, həmçinin üzərində narkotik vasitə heroin izləri olan iki ədəd elektron tərəzi evin qonaq otağından aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, kondisioner ustası işləmiş, son bir ildir ki, narkotik vasitələrdən istifadə etmiş, lakin satışı ilə məşğul olmamışdır. Tutulan zaman onun üzərində 0,5 qr narkotik vasitə olmuş, 7 kiloqram narkotik vasitə ona məxsus olmamışdır. Nəbi adlı şəxsi tanımır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə heroini yandırıb, tüstüsünü nəfəsinə çəkməklə istifadə etmiş, narkotik vasitəni adətən tanıdığı şəxsdən almışdır. Həmin şəxslə telefon vasitəsilə əlaqə saxlayaraq görüşüb, əlbəəl 0,5 qramını 20 manata almışdır. Narkotik vasitəni həmişə eyni adamdan almış, həmin şəxs də hal-hazırda həbsdədir. O, mart ayının 7-i tutulmuş, onu evindən bir məhəllə aşağıda saat 2-də tutub, Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Baxış zamanı üzərindən 0,5 qram narkotik vasitə aşkar edilmiş, lakin 13 qram aşkar edildiyini yazmışlar. O, narkotik vasitənin qramının artıq yazılmasına etiraz etməmişdir. O, qardaşı oğlu ilə birlikdə tutulmuş, qardaşı oğlunun üzərində narkotik vasitə olmadığına görə onu buraxmışlar. Polis əməkdaşları evinə baxış keçirmiş, baxış zamanı o, vəkili və bir də polis əməkdaşları iştirak etmişlər. Çəkilişdən əvvəl polis əməkdaşları evinə narkotik vasitə qoymuş, sonra da atasının yaşadığı yerdən aşkar etmişlər. O, Nəbi adlı şəxsi tanımır, elə bir şəxslə heç bir əlaqəsi olmamışdır. Onun avtomobilinə də baxış keçirilmiş, avtomobilinə baxış keçirilən zaman vəkil iştirak etməmişdir. O, 5 mart tarixində Astara rayonunda olmuş, lakin Astara rayonuna narkotik vasitə üçün deyil, istirahət etmək məqsədi ilə getmişdir. Cinayət işinin materiallarında qeyd olunmuş ***-***-**-** mobil telefon nömrəsini 2023-cü ilin yanvar ayında almışdır. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN BNMİ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış, şəxs Xəzər rayonu ərazisində saxlanılaraq polis idarəsinə gətirilmişdir. Polis İdarəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs video çəkiliş zamanı narkotik vasitənin bir miqdarının da evində olduğunu bildirmiş, təhqiqatçı və digər əməliyyat müvəkkili ilə birlikdə şəxsin evinə baxış keçirilmiş və evindən də narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni kimdən əldə etdiyi soruşulduqda o, həmin narkotik vasitəni və psixotrop maddəni İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, məqsədinin həmin narkotik vasitələri deyilən yerlərə qoymaq olduğunu, qarşılığında da 5.000 manat pul alacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan «İphone» markalı mobil telefon, bir ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan «Redmi» markalı mobil telefon, 1 ədəd açar və 10 manat pul aşkar edilərək götürülmüşdür. Tədqiq edilən protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümü haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi soruşulduqda o, həmin kütləni tanıdığı İran İslam Respublikasının vətəndaşı olan Nəbi adlı şəxsin vasitəsi ilə 2 gün əvvəl Astara rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə Nəbi adlı şəxsin ona 5000 manat pul verəcəyini, həmçinin Bakı şəhəri Xəzər rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Tədqiq olunan protokolla həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan maddənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə həmin bükümlər ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və zərfin ağzı DİN-nin 7 nömrəli möhürü ilə möhürlənmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs məxsus mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, bir ədəd açar və 10 manat pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət, əlavə daxil olmadığı və vəsatət qaldırılmadığı bildirilmişdir (cild İ, i/v: 30-31). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «evə baxış keçirilməsi və götürmə haqqında» 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binə qəsəbəsi, Zavod yolu küçəsində yerləşən nömrəsiz fərdi evə baxış keçirilmiş və evin qonaq otağında pərdənin arxa hissəsindən 4 ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə, 3 ədəd bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə və 2 ədəd elektron tərəzi aşkar edilmiş və aşkar edilmiş bükümlər və elektron tərəzilər qablaşdırılaraq götürülmüşdür. (cild İ, i/v: 36-37). Cinayət işinin materiallarına əlavə edilmiş 2 ədəd CD diskdə əks olunmuş video görüntülər məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin video görüntülər «şəxsi axtarış və götürmə aparılması haqqında», həmçinin «evə baxış keçirilməsi və götürmə haqqında» 07 mart 2023-cü il tarixli protokolların məzmununa uyğundur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Diskə baxış keçirilməsi» haqqında 12 aprel 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMCdən daxil olmuş xx.xx.2023-cü il tarixli, 8008 nömrəli məktuba əlavə edilmiş diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsinə **********02 mobil nömrədən "Getir bidene pTtini 30 uvu gotur” məzmunlu, xx.xx.2022-ci il tarixdə **********97 mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsinə “Bidenede patı dedim senin uchın” məzmunlu, xx.xx.2022-ci il tarixdə **********16 mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********72 mobil nömrəyə “elmir ata 15 dik kola lazimdi srocnu qadan alim ac” məzmunlu, xx.xx.2022-ci il tarixdə **********16 mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********72 mobil nömrəyə “elmir qaqa 10 manatlig kola lazimdi ata var” məzmunlu, xx.xx.2022-ci il tarixdə **********68 mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********72 mobil nömrəyə “İphon 7plyus var temaynan deyiwmey lazimdi teli ac tecili” məzmunlu, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan **********72 mobil nömrədən **********44 mobil nömrəyə “Qaqash salam ... imkan varsa qaqash telefonu getir qaqashim vezyetim pisdi agrida qalmisham deyishim onu temaynan çixaq vezyetden” məzmunlu, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan **********72 mobil nömrədən **********80 mobil nömrəyə “Qaqash yoxdu sende kola” məzmunlu, xx.xx.2022-ci il tarixdə **********16 mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********72 mobil nömrəyə “Qaqas 5kola5pati 10manatdi alinar?” məzmunlu, xx.xx.2022-ci il tarixdə **********48 mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********72 mobil nömrəyə “Qaqas qekirem men bidene 1 qram.duzelt gelirem ekmir.ele eleki.temiz olsun ceki temayada.cavabdeh dayanmisan.a. brat” məzmunlu mesajlar göndərilməsi müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Salyan və Masallı rayonlarından keçərək həmin gün saat 23:39-da Astara rayonuna getməsi, sonradan Salyan rayonundan keçməklə Bakı şəhərinə qayıtması müşahidə edilmişdir. (cild İ, i/v:124) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 mart 2023-cü il tarixli 6/1414 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Təqsirləndirilən şəxs təqdim etdiyi...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 13,783 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; üzərində «...Təqsirləndirilən şəxs yaşadığı ünvanda...» sözləri olan kağız bağlamanı açdıqda içərisində 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1005 qr., 1005 qr., 1000 qr., ümumi təmiz çəkisi 3010 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qr., 995 qr., 1000 qr., 1000 qr., ümumi təmiz çəkisi 3995 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, iki ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Zərfdəki və bağlamadakı narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 4008,783 qramdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr»-in siyahısına (siyahı İ) daxildir. (cild İ, səh. 49-55). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 22 may 2023-cü il tarixli 3107 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İ, səh. 140-141). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan olunan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi X2 09 mart 2023-cü il tarixli qərarı ilə 07 mart 2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Xətai rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 07 mart 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. (cild İ, səh. 96- 97). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan olunan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə əməliyyat orqanına ünvanlanmış tapşırığa cavab olaraq daxil olmuş 02 may 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı «Nəbi» adlı şəxsdən satmaq məqsədilə əldə etmişdir. «Nəbi» adlı şəxsin İran İslam Respublikası ərazisində olması səbəbindən onun ətrafında zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsi mümkün olmamışdır. (cild İ, i/v: 136) Cinayət işinin materiallarında olan istintaq orqanının «maddi sübut hesab edilməsi haqqında» 10 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra 4008,583 qram qalmış narkotik vasitə heroin, 3009,9 qram qalmış psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. (cild İ, i/v: 103-104) Həmçinin cinayət işinin materiallarında olan istintaq orqanının «sübutların qiymətləndirilməsi haqqında» 24 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd «İphone» markalı və 01 ədəd «Xiaomi» markalı mobil telefonların təqsirləndirilən şəxsin yaxın qohumlarına və ya vəkilinə qaytarılması qərara alınmış, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və evinə baxış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 2 ədəd CD disk, habelə "xxxx" MMCdən daxil olmuş 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (cild İ, i/v: 142-151). İbtidai istintaq orqanının işdə olan «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» 24 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar olunaraq götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini və külli miqdarda narkotik vasitə olan heroini əldə etdiyi şəxsin şəxsiyyətinin müəyyən edilərək istintaqa cəlb olunması məqsədi ilə həmin cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild İ, i/v: 153-154). Məhkəmə təqdim olunmuş sübutları qarşılıqlı şəkildə və məcmu halında, tam, obyektiv və qərəzsiz şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham qanuni və əsaslıdır. Məhkəmə bu nəticəyə gəlməklə yanaşı təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd olunan xüsusatların hər birinə ayrıayrılıqda qiymət verilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində özünü təqsirli bilməyib, saxlanılan zaman üzərində cəmi 0,5 qram narkotik vasitə olmasını, mənzilindən aşkar edilmiş külli miqdarda narkotik vasitənin və psixotrop maddənin, habelə elektron tərəzilərin ona məxsus olmamasını, həmin maddələrin polis əməkdaşları tərəfindən onun mənzilinə yerləşdirilməsini bildirməsi, həmçinin «Nəbi» adlı şəxsi tanımaması ilə bağlı ifadələrinə qiymət verərək məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, o, ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsində özünü tam təqsirli bildiyini, ibtidai istintaqın sonrakı mərhələsində verdiyi ifadəsində isə qismən təqsirli bildiyini qeyd edərək, bir-birindən fərqli ifadələr vermişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 09 mart 2023cü il tarixli ifadəsində özünü tam təqsirli bilərək göstərmişdir ki, o, təxminən 5-6 aydır narkotik vasitə olan heroindən və psixotrop maddə metamfetamindən istifadə etmiş, hər iki maddəni falqa kağızına qoyub isitdikdən sonra yaranan tüstünü nəfəsinə çəkməklə qəbul etmişdir. Həmin maddələri «instagram» sosial şəbəkəsində İİR vətəndaşı kimi tanıdığı «Nəbi» adlı şəxsdən alıb istifadə etmiş, onunla sosial şəbəkədə tanış olduqdan sonra onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olduğunu bilmiş və «watsapp» ani mesajlaşma mübadiləsi sistemində onunla danışmağa başlamışdır. Nəbinin dediyi bank kartında ondan aldığı narkotik vasitənin və ya psixotrop maddənin qramına uyğun olaraq pullar yükləmiş, Nəbi isə Bakı şəhərində ayrı-ayrı yerlərə həmin maddələri qoydurduqdan sonra həmin yerin şəkillərini ona göndərmişdir. Lakin həmin maddələri ora kimin, hansı şəraitdə qoymasını görməmiş və Nəbi bu barədə ona məlumat verməmişdir. Nəbi ilə danışan zaman ona etibar etdiyini və Bakı şəhərinə çatacaq narkotik vasitənin olduğunu deyərək həmin maddələri Bakı şəhərinə çatdırmağını istəmiş, həmin maddələri Astara şəhərindən götürməli olmuş və bunun müqabilində ona karta köçürmə üsulu ilə 5.000 manat (beş min) pul verməli olmuşdur. İlk başlarda onunla razılaşmasa da, sonradan onunla razılaşmış və ondan cavab gözləməyə başlamışdır. Təxminən 03 gün əvvəl Nəbi onunla əlaqə saxlayaraq narkotik vasitəni və psixotrop maddələri Astara şəhərində əsas yolun kənarına qoydurduğunu, oraya çatan zaman ona zəng etməyini demiş, oraya tanımadığı yol taksisi ilə getmiş və dediyi yerdə düşmüşdür. Danışan zaman sözü gedən maddələri bir ədəd bükümdə götürüb yenə tanımadığı yol maşını ilə Bakı şəhərinə gəlib maddələri yaşadığı evə qoymuş və bu barədə Nəbiyə demiş, sonuncu ona cavab deyəcəyini bildirmişdir. Özü torbada olan maddələrdən istifadə etmək üçün onlardan birini açıb 01 ədəd bükümdə götürüb üzərində saxlamış, məqsədi ondan istifadə etmək olmuşdur. 07 mart 2023-cü il tarixdə saat 20:00-da yaşadığı evdən çıxıb bir qədər hərəkət etdikdən sonra bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq kim olduğunu soruşmuş, özünü təqdim etdikdən sonra həmin şəxslər də özlərini təqdim edib DİN-in BNMİ-nin əməkdaşları olduqlarını deyərək onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumat olduğunu deyərək onu Baş İdarəyə dəvət etmişlər. Vəziyyəti bilib onlara etiraz etməmiş və Baş İdarəyə gəlmişdir. Orada vəkillə təmin olunmuş və təhqiqatçı tərəfindən saxlanılmasının səbəbi ona izah edilmiş və vəkil gəldikdən sonra ona təqdim olunaraq üzərinə şəxsi axtarış aparılacağı izah edilmiş, buna etiraz etməmişdir. Bundan sonra videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış başlanılmış, bu zaman ilkin olaraq ona üzərində qanunsuz əşya varsa təqdim etməyi təklif edilmişdir. Bu zaman üzərində narkotik vasitə heroin olduğunu deyərək əynində olan göndəkçəsinin sağ yan cibindən bir ədəd bükümü təqdim etmiş, üzərinə şəxsi axtarış aparılan zaman isə 02 ədəd mobil telefonu, 01 ədəd yaşadığı evin açarı və pul aşkar edilmişdir. Sorğu zamanı üzərindən aşkar olunan maddələri İİR vətəndaşı Nəbi adlı şəxsin dediyi yerdən, Astara şəhərindən götürüb sonuncunun deyəcəyi yerə qoymağı müqabilində 5.000 manat (beş min) pul alacağını və yaşadığı evdə də həmin maddələrdən olduğunu, həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra büküm qablaşdırılaraq götürülmüş, mobil telefonları da götürülsə də, açar və pul özünə geri qaytarılmışdır. Bundan sonra videoçəkiliş dayandırılıb onunla bərabər digər iştirakçılara nümayiş etdirilmiş, sonda bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, protokol düz yazıldığı üçün hər bir şəxs tərəfindən imzalanmışdır. Bundan sonra ərizə yazaraq yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmişlər. Evin yolunu izah etmiş və oraya çatan zaman təhqiqatçı yenidən videoçəkiliş ediləcəyini və baxışın video çəkilişlə aparılacağını izah etmiş, buna etiraz etməmişdir. Bu zaman qardaşı Orxan Məmmədov da evdə olmuş və sonuncu baxışda iştirak edərək ərizə yazıb baxışın keçirilməsinə etiraz etmədiyini demişdir. Bundan sonra baxış keçirilmiş və evin qonaq otağında olan bir ədəd seffofanı təqdim etmişdir. Sellofan büküm açılan zaman oradan 03 ədəd bükümdə metamfetamin, 04 ədəd bükümdə heroin və 02 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin bükümlər və tərəzilər qablaşdırılaraq götürülmüş, sorğu zamanı ilkin şifahi izahatını təsdiq etmişdir. Bundan sonra videoçəkiliş dayandırılıb polis əməkdşaları ilə birlikdə Baş İdarəyə gəlmiş, orada videoçəkiliş nümayiş etdirildikdən sonra protokol tərtib olunaraq ucadan oxunmuş və protokol düz yazıldığı üçün digər iştirakçılarla birlikdə imza etmişdir. (cild İ, i/v: 77-79) Daha sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 may 2023-cü il tarixli ifadəsində isə ilkin ifadəsini qismən təsdiq edərək, özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, bir müddətdir adını «Nəbi» kimi bildiyi İİR-nın vətəndaşından şəxsi istifadəsi üçün narkotik vasitə və psixotrop maddəni online qaydada almış, sonuncu dəfə Astara rayonunda olan zaman Nəbi ilə danışmış və Astara rayonunda olduğunu deyərək ona narkotik vasitə və psixotrop maddə gətirməsini xahiş etmiş, bu zaman Nəbi ona narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni ona pulsuz verəcəyini, lakin özünə aid olan şəxsi əşyalarının olduğu bağlamanı Bakı şəhərinə aparıb orada özünün deyəcəyi qohumuna verməsini xahiş etmiş, o da bununla razılaşmışdır. Bundan bir qədər sonra Nəbi ona narkotik vasitələrin olduğu yerin şəklini göndərmiş və o da həmin şəkil üzrə gedib narkotik vasitəni və bir ədəd bağlamanı götürmüşdür. Həmin gün Astara rayonundan çıxıb Bakıya gəlmiş, narkotik vasitəni şəxsi istifadəsi üçün mütəmadi olaraq üzərində saxlamış, bağlamanı isə evə qoymuşdur. Lakin bağlamanın içərisində nə olmasından xəbəri olmamışdır. Saxlanılan zaman üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə aşkar edilmiş, lakin evində olan bağlamaların içəsində narkotik vasitə və psixotrop maddə olmasını sonradan bilmişdir. Ona görə də elan olunmuş ittihamla özünü qismən təqsirli bilir, belə ki, üzərindən aşkar olunmuş maddəni şəxsi istifadəsi üçün əldə etmiş, satmaq məqsədi olmamışdır. Sonradan yaşadığı evdən aşkar edilmiş bağlamaların içərisində qanunsuz əşya olmasını bilməmişdir. Ona görə də əməlinin CM-nin 234.1-ci və 307-ci maddələrinə tövsif olunmasını xahiş edir. (cild İ, i/v: 166-167) Göründüyü kimi təqsirləndirilən şəxs ilkin ifadəsində cinayətin törədilməsi üsulu və mexanizmini geniş izah etmiş, narkotik vasitəni və psixotrop maddəni əldə etmə yeri, vaxtı və mənbəsi barədə məntiqi ardıcıllığı olan ifadə vermiş, lakin artıq sonradan ifadəsini dəyişərək guya bağlamalarda nə olmasını bilməməsinə dair əsası olmayan və bir-birinə zidd ifadələr vermişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində isə əvvəlki iki ifadəsindən tamamilə fərqli məzmunda ifadə verərək, saxlanılan zaman üzərində cəmi 0,5 qram narkotik vasitə olduğunu, evindən aşkar edilmiş maddələrin ona məxsus olmadığını bildirmiş, həmçinin qeyd etmişdir ki, polis əməkdaşları üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisini artıraraq 13 qram kimi qeyd etmiş, o da buna heç bir etiraz etməmişdir. Məhkəmə qeyd edir ki, həm cinayət işinin materialları, həm də cinayət işinin materiallarına əlavə edilmiş video görüntü ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmiş və onun üzərindən aşkar edilmiş büküm qanuna müvafiq şəkildə qablaşdırılaraq götürülmüş, daha sonra müvafiq ekspert rəyi ilə onun üzərindən aşkar edilmiş bükümün içərisində təmiz çəkisi 13,783 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxsin onun üzərindən 0,5 qram narkotik vasitə aşkar edilməsi ilə bağlı ifadəsi cinayət işinin materialları ilə tam təkzib olunmuşdur. Bundan başqa, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində mənzilindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmadığını, həmin bağlamaları onun mənzilinə polis əməkdaşlarının yerləşdirdiyini bildirsə də, cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə onun mənzilindən aşkar edilmiş heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. Belə olan halda təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi kimi onun üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olması, lakin mənzilindən aşkar edilmiş narkotik vasitənin isə ona məxsus olmaması ilə bağlı ifadəsi tam təkzib olunmuşdur. Bundan başqa təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixi və fiziki təzyiq göstərilmədiyini bildirmiş, belə olan halda onun hansı səbəbdən ibtidai istintaq zamanı etirafedici ifadələr verməsi məhkəmə üçün aydın olmamışdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində 05 mart 2023-cü il tarixdə həqiqətən də Astara rayonuna getməsi, lakin onun Astara rayonuna narkotik vasitə ilə bağlı deyil, istirahət etmək məqsədi ilə getməsinə dair arqument gətirməsinə qiymət verərək qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş CD disk məhkəmə iclasında tədqiq olunan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi 05 mart 2023-cü il tarixdə saat 21:43:44-də Salyan rayonu, Şorsulu, saat 22:29:26-da Masallı rayonu Xıl, saat 23:39:48-də Astara rayonunda, daha sonra isə artıq 06 mart 2023-cü il tarixdə saat 00:46:59-da yenidən Salyan rayonu, Sarvan, saat 00:47:59-da Salyan rayonu, Şorsulu, saat 02:32:50-də Xəzər rayonu, Binə qəsəbəsi, sahə 151H, Binə Bravo store ünvanında anten dairəsində olmuşdur. Beləliklə də, Təqsirləndirilən şəxs 05 mart 2023-cü il tarixdə gecə saatlarında Astara rayonuna getməsi və dərhal geriyə, yəni Bakı şəhərinə qayıtması öz təsdiqini tapmış, bununla da onun istirahət etmək məqsədi ilə Astara rayonuna getməsi halı istisna olunmuşdur. Bundan başqa, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin təqsirləndirilən şəxsin istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsini 2023-cü ilin yanvar ayında satın almasını, həmin nömrəyə qeyd olunan vaxtadək daxil olmuş narkotik vasitələrin satışına dair sms yazışmalarının nömrənin əvvəlki sahibi «Elmir» adlı şəxsə aid olması ilə bağlı mövqeyi ilə əlaqədar məhkəmə qeyd edir ki, məhkəmə iclasında cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş CD disk məhkəmə iclasında tədqiq olunan zaman xx.xx.2022-ci il tarixdə (təqsirləndirilən şəxsin həmin mobil nömrəni satın aldığını bildirdiyi vaxtdan təxminən 6 ay əvvəl) qeyd olunan mobil nömrədən ***-***-**-** mobil telefon nömrəsinə «mənəm Muraddi» məzmunlu sms göndərildiyi müəyyən edilmişdir. Belə olan halda, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını «Elmir» adından istifadə etməklə həyata keçirməsi də istisna edilən hal deyildir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşımaqla, məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır və inandırıcı hesab etmir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilib götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 4008,783 qram, metamfetamin psixotrop maddəsinin ümumi təmiz çəkisi 3010 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin miqdarı külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəlcədən İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlamaqla Astara rayonundan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edərək daşıyıb, Bakı şəhərində yerləşən evində saxlaması, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil əlaqələri, qeyd olunan məzmunda sms yazışmaları, narkotik vasitə və psixotrop maddə ilə yanaşı mənzilindən iki ədəd elektron tərəzinin də aşkar edilməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini, metamfetamin psixotrop maddəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamə və müvafiq məhkəmə hökmü ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, 28.072026-cı il tarixdə Azərbnaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Aminisita qərarına əsəsn cəzadən azad edilmişdir. (cild 1, i/v: 116-117; 128-134) Məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını onun barəsində Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bundan əlavə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı himayəsində iki azyaşlı uşağının olmasını bildirsə də, müdafiə tərəfi bununla bağlı məhkəməyə heç bir sənəd təqdim etməmiş, həmçinin elektron məhkəmə informasiya sistemində sorğu verilərək Təqsirləndirilən şəxs qohumluq əlaqələrinə baxış keçirilmiş və onun himayəsində uşağının olması müəyyən edilməmişdir. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sosial ədalətin bərpası və təqsirləndirilən şəxsin islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan ambulator məcburi-narkoloji yoxlama üzrə 22 may 2023-cü il tarixli, 3107 nömrəli rəy əsas götürülməli, narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin tibbi rəyin tövsiyələrinə uyğun olaraq o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxs statusunda olmasını nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 07 mart 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 07 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild İ, i/v: 21), Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərarı ilə barəsində «həbs» qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 07 mart 2023-cü il tarixdən hesablanmışdır (cild İ, i/v:91-95). Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 07 mart 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 4008,583 qram təşkil edən narkotik vasitə heroin və 3009,9 qram təşkil edən psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd «İphone» markalı və 01 ədəd «Xiaomi» markalı mobil telefonlar təqsirləndirilən şəxsin yaxın qohumlarına təhvil verilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və evinə baxış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 2 ədəd CD disk, habelə "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 81 (səksən bir) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs göstərdiyi 70 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 420 (dörd yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 07 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 4008,583 qram təşkil edən narkotik vasitə heroin və 3009,9 qram təşkil edən psixotrop maddə metamfetamin, habelə 02 ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd «İphone» markalı və 01 ədəd «Xiaomi» markalı mobil telefonlar təqsirləndirilən şəxsin yaxın qohumlarına təhvil verilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və evinə baxış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 2 ədəd CD disk, habelə "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə iclasında Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 420 (dörd yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-1514/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1514/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver