Məhkəmə qərarları › İş №1(101)-1515/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1515/2021

07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1515/2021 07.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X13 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 8 aprel 1982-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Dəmirçin kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, K.Seyidov küçəsi, ev 9, mənzil 9-da qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi ev 17-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasnın vətəndaşı “Hadi” adlı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan rol bölgüsünə əsasən şəxsiyyəti istintaqla araşdırılan şəxsin istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı ünvan 1 ünvana daşıyıb zibil qabının altında gizlətdiyi 1 ədəd sellofan torbanın içərisində 1.376,211 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 21,990 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini, üzərində “Methadone 40” yazı olan 32 ədəd konvalyutdakı 318 ədəd ümumi miqdarı 12,72 qram təşkil edən külli miqdarda narkotik vasitə metadon tərkibli dərman preparatını və 1 ədəd sellofan torbada təmiz çəkisi 1.220 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 3 aprel 2021-ci ildə saat 1 radələrində satış məqsədi ilə qanunsuz olaraq əldə edib pul müqabilində “Hadi” adlı şəxsin “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə ona göndərəcəyi ünvana çatdırma məqsədi ilə üzərində saxlamaqla ünvan 2 ünvanda yerlşən “Lalə” uşaq bağçasına daşımaqla otaqların birində saxlamış, 5 aprel 2021-ci il tarixdə saat 19:15-da ünvan 2 ünvanın yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə dəvət olunaraq üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz əldə edərək saxladığı və daşıdığı 1 ədəd bükümdə təmiz çəkisi 4,378 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin tarixdə saat 21:45-də Təqsirləndirilən şəxs dəvəti, icazəsi və iştirakı ilə müvəqqəti yaşadığı ünvan 2 ünvanda yerləşən “Lalə” uşaq bağçasına baxış keçirilərkən satış məqsədi ilə əldə edərək saxladığı 1 ədəd göy rəngli sellofan torabının içərisində gizlətdiyi 4 ədəd polietilen bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 920 qram, 78,228 qram, 53,605 qram və 320 qram olmaqla kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 1.371,833 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 21,990 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, üzərində “Methadone 40” yazı olan 32 ədəd konvalyutdakı 318 ədəd ümumi miqdarı 12,72 qram külli miqdarda narkotik vasitə metadon tərkibli dərman preparatı və 1 ədəd sellofan torbada təmiz çəkisi 1.220 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, səthində narkotik vasitə heroinə məxsus izlər olan 1 ədəd “5kq x 1g” markalı və 1 ədəd “200g x 0,01g” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci ildən qurudulmuş marixuananı siqaretə doldurub çəkərək qəbul etməyə başlamışdır. 2020-ci ilin dekabr ayından isə heroin və metafetamini tanımadığı şəxsdən alıb çəkmək yolu ilə qəbul etməyə başlamışdır. 2020-ci ilin dekabr ayının sonları “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı “Hadi” adlı şəxslə tanış olmuş və Hadi ona mobil telefon nömrəsini verdikdən sonra onunla “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlamağa başlamışdır. Hadi ilə bir müddət danışdıqdan sonra ondan ona heroin, metafetamin və marixuana təşkil edə bilib-bilməyəcəyini soruşmuşdur. Hadi də ondan bunları nə üçün istədiyini soruşduqda ona qəbul etmək üçün istədiyini bildirmişdir. 2021-ci ilin fevral ayında Hadi “WhatsApp” proqramı vasitəsi ilə ona zəng edib Abşeron rayonu, Xırdalan şəhərində narkotik vasitə və psixotrop maddəni yerləşdirdiyi yerin şəklini göndərəcəyini demiş, daha sonra Hadi ona Abşeron rayonu, Xırdalan şəhərində bir marketin arxasında olan zibil qabının şəklini göndərib həmin yerə 1 büküm 5 qram heroin, 1 büküm 5 qram metafetamin və 5 qram qurudulmuş marixuana qoydurduğunu demişdir. O da gecə saat 1 radələrində həmin yerə gedib qeyd olunan heroin, metafetamin və marixuananı götürüb heç kimə bir söz demədən həmin maddələrdən yavaş-yavaş istifadə etməyə başlamışdır. Bundan sonra Hadi ilə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlamağa davam etmişdir. 2021-ci ilin mart ayında ünvan 3 ünvanda yerləşən “Lalə” uşaq baxçasında fərdi qaydada döşəməni və divarların rənglənməsi işini görmüş və iş çox olanda gecələr orada qalmışdır. 1 aprel 2021-ci ildə Hadi ilə əlaqə saxlayan zaman ona göndərdiyi heroin, qurudulmuş marixuana və metafetaminin qutardığını bildirib birinci dəfə ona pulsuz göndərdiyi üçün sağol demiş və ona bu dəfə pul müqabilində həmin maddələri göndərə bilib-bilməyəcəyini soruşmuşdur. Hadi də göndərə biləcəyini dedikdə ona narkotik vasitələrdən çox göndərməsini, əvəzində pul göndərəcəyini demişdir. Bundan sonra Hadi 1,5 kiloqram heroin, 25 qram metafetamin, 1,5 kiloqram marixuana, hər birində 10 ədəd həb olan 32 list metadon və hər birində 10 ədəd həb olan 18 list metelin göndərəcəyini demişdir. Hadi ilə göndərəcəyi maddələr üçün 1.000 manata razılaşmışdır. 2 aprel 2021-ci ildə Hadi ona “WhatsApp” proqramı vasitəsi ilə zəng edib yenə Abşeron rayonu, Xırdalan şəhərində bir yerin şəklini göndərəcəyini, malları gedib oradan götürməyini demişdir. Hadidən malların pulunu necə göndərəcəyini soruşduqda o, Azərbaycandan bank kartı aldırıb şəklini ona göndərəcəyini, həmin karta pulu göndərməyini bildirmişdir. O da razılaşmış və həmin gün Hadi ona Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Abşeron rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında olan zibil qabının şəklini göndərib malların zibil qabının altında olduğunu demişdir. 3 aprel 2021-ci ildə saat 1 radələrində *2121” taksi şirkətinin göndərdiyi “Ravon” markalı avtomobillə Abşeron rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığına gəlmişdir. Bundan sonra şəkildə olan zibil qabının altına baxan zaman göy rəngli sellofan torbanı görüb götürmüş və oradan başqa taksi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə “Lalə” uşaq bağçasına gəlmişdir. Hadinin ona göndərdiyi malları uşaq bağçasında olan otaqların birində gizlətmiş və gecəni orada qalmışdır. Yavaş-yavaş həmin mallardan istifadə etməyə başlamış və bu barədə heç kimə heç bir söz deməmişdir. Bundan sonra 2 ədəd elektron tərəzi almış, həmin elektron tərəzi ilə heroini və metafetamini çəkmişdir ki, qəbul etdiyi doza artıq olmasın. Heroin bükümündən 5-6 qram götürüb bükümə qoyub əynində olan cins şalvarının sağ yan cibinə qoymuş və üzərində olan bükümdən istifadə etməyə başlamışdır. Hadi ilə əlaqə saxlayan zaman o, kartın hazırlandığını, ona kartın şəklini göndərəcəyini demişdir. 5 aprel 2021-ci ildə saat 19 radələrində ünvan 4 ünvanın qarşısında piyada gedən zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşub onu Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətirmişlər. Polis bölməsində xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməyini təklif etmişlər. O da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirən zaman əynində olan şalvarının sağ yan cibindən 187 manat 30 qəpik pul, 1 ədəd ona məxsus şəxsiyyət vəsiqəsi, 5 ədəd açar, həmin şalvarın sol arxa cibindən isə ona məxsus 2 ədəd “Samsung” markalı mobil telefon aşkar etmişlər. Polis əməkdaşları ondan 1 ədəd bükümdə nə olduğunu soruşduqda həmin bükümdə heroin olduğunu bildirmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılıb möhürlə möhürlənmişdir. Möhürlənmiş zərfin üzəri və tərtib olunmuş protokol o və iştirakçılar tərəfindən imzalanmışdır. 2 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd şəxsiyyət vəsiqəsi polis əməkdaşları tərəfindən götürülmüş, 187 manat 30 qəpik pul isə özünə qaytarılmışdır. Şifahi sorğu zamanı polis əməkdaşlarına təqdim etdiyi heroini İran İslam Respublikasının vətəndaşı “Hadi” adlı şəxsdən aldığını, digər aldığı heroin, metafetamin, qurudulmuş marixuana və dərmanları isə ünvan 4 ünvanda yerləşən “Lalə” uşaq baxçasında olan otaqda gizlətdiyini, həmin ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və buna dair razılıq ərizəsi yazmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə “Lalə” uşaq bağçasına gəlmişdir. Baxış keçirilməzdən əvvəl polis əməkdaşları uşaq bağçasında qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməyini təklif etmişlər. O da bağçanın giriş hissəsindən sağ tərəfdə yerləşən otaqda olan kreslonun arxasına gizlətdiyi 1 ədəd göy rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbanın içindən 4 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroin, 1 ədəd bükümdə ağ rəngli psixotrop maddə metafetamin, 1 ədəd sellofan torbada qurudulmuş marixuana, 318 ədəd üzərində “Metadon M40”, 177 ədəd üzərində “Metelin 500” yazıları olan həblər və 2 ədəd elektron tərəzi aşkar olunmuşdur. Şifahi sorğu zamanı polis əməkdaşlarına təqdim etdiyi heroin, metafetamin, qurudulmuş marixuana və dərmanları öz istifadəsi üçün İran İslam Respublikasının vətəndaşı “Hadi” adlı şəxsdən aldığını bildirmişdir. Hadi haqqında yalnız atasının adının Məmməd olduğunu və İran İslam Respublikasının Aslandüz şəhərində yaşadığını bilmişdir. Həmin bükümlər polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilərək qablaşdırılıb möhürlənmiş, möhürlənmiş zərfin üzəri və tərtib olunmuş protokol o və iştirakçılar tərəfindən imzalanmışdır. Hadinin mobil telefon nömrəsi +98-***-***-**-**, Hadinin atası Məmmədin nömrəsi isə +98-***-***-**-**, onun istifadəsində olan nömrələr isə ***-***-**-**, ***-***-**-**, ***-***-**-** olmuşdur. Hadinin narkotik vasitə və psixotrop maddəni haradan, necə alıb gətirməsini və ona kimin vasitəsi ilə göndərdiyini bilmir. Heroini, metafetamini və marixuananı bədənində ağrılar olan zaman çəkmək yolu ilə qəbul etmişdir. Hər gün qəbul etdiyi üçün narkotik vasitə və psixotrop maddələri çox almış, çünki hər dəfə narkotik vasitə və ya psixotrop maddə almaq asan olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Bir gündə 1-2 qram narkotik vasitə və ya psixotrop maddə qəbul etmişdir. Hadiyə 1.000 manatı “Lalə” uşaq bağçasında usta işləməyinin qarşılığı kimi alacağı 3.000 manatla ödəməyi düşünmüşdür. Hadiyə razılaşdığı pulu tutulduğu üçün göndərə bilməmişdir. Üzərinə şəxsi axtarış və yaşadığı evə baxış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Yazdığı məsajların məzmununu xatırlamır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisinin müavini vəzifəsində işləyir. 5 aprel 2021-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi 17 saylı evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə həmin gün o, Baş İdarənin baş əməliyyat müvəkkili Şahid2 və Baş İdarənin əməliyyat müvəkkili X2 ibarət əməliyyat qrupu yaradılmışdır. 5 aprel 2021-ci ildə saat 19:15-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olan şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra onu Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə dəvət etmişlər. Bundan sonra Polis bölməsinin xidməti otaqlarının birində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı X7 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və vəkil dəvət olunmuşdur. Videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmış və ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümdə nə olduğu soruşulduqda o, həmin bükümdə narkotik vasitə heroin olduğunu və şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin büküm açıldıqda içərisindən qəhvəyi rəngli, tozşəkilli maddə aşkar olunmuşdur. Bundan sonra təhqiqatçı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və göy rəngli cins şalvarının sağ yan cibindən 30 qəpik, şalvarının sol yan cibindən 187 manat pul, Təqsirləndirilən şəxs aid 1 ədəd şəxsiyyət vəsiqəsi, 5 ədəd açar və şalvarının sol arxa cibindən 2 ədəd qara rəngli “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 7 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 1 ədəd şəxsiyyət vəsiqəsi və 2 ədəd “Samsung” markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətli olduğundan götürülmüşdür. 1 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış və zərfin kənarlarına möhürlü kağız yapşıdırılıb üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 30 qəpik və 187 manat pul isə özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs həmin maddəni kimdən və nə məqsədlə aldığı soruşulduqda o həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Hadi” adlı şəxsin vasitəsi ilə 2 gün əvvəl Abşeron rayonu, Xırdalan şəhərindən şəxsi istifadəsi üçün götürdüyünü, ünvan 2 ünvanda təmir işləri ilə məşğul olduğu və müvəqqəti yaşadığı “Lalə” uşaq bağçasında bundan başqa maddələr də saxladığını, həmin maddələri təqdim edə biləcəyini və həmin ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi ilə əlaqədar protokol tərtib edildikdən sonra ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs iştirakı ilə təmir işləri gördüyü və müvəqqəti yaşadığı ünvan 2 ünvanda yerləşən “Lalə” uşaq bağçasına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs də uşaq bağçasının giriş qapısından sağ tərəfdə yerləşən otaqdakı kreslonun arxasında saxladığı 1 ədəd göy rəngli sellofan torbanı təqdim etmişdir. Təqdim olunmuş 1 ədəd göy rəngli sellofan torbadan 4 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, 1 ədəd bükümdə içərisində ağ rəngli metafetaminə bənzər maddə, 1 ədəd sellofan torbada içərisində qurudulmuş narkotik vasitə marixuanaya bənzər maddə, 318 ədəd üzərində “Metadon M40” və 177 ədəd üzərində “Metelin 500” yazısı olan həblər və 2 ədəd elektron tərəzi aşkar olunmuşdur. Aşkar olunmuş həmin maddələr elektron tərəzidə çəkilən zaman narkotik vasitə heroinə bənzər maddə qablaşdırma ilə birlikdə 1 kq 390 qram, qurudulmuş narkotik vasitə marixuanaya bənzər kütlə qablaşdırma ilə birlikdə 1 kq 260 qram, psixotrop maddə metafetaminə bənzər maddə qablaşdırma ilə birlikdə 28 qram olmuşdur. Bundan sonra aşkar olunmuş predmetlər həmin 1 ədəd göy rəngli sellofan torbaya qoyulub qablaşdırılıb möhürlənmiş və imzalanmışdır. Həmin otağın digər hisslərinə baxış keçirildikdə isə iş üzrə əhəmiyyət kəsb edən başqa əşya aşkar olunmamışdır. Sorğu zaman Təqsirləndirilən şəxs üzərindən və uşaq bağçasından aşkar olunmuş maddələri İran İslam Respublikasının vətəndaşı “Hadi” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin maddələri “Hadi” adlı şəxsin deyəcəyi ünvana çatdırıb əvəzində pul alacağını, uşaq bağçasında təmir işləri ilə məşğul olmaqla işləri tez bir zamanda bitirmək üçün müvəqqəti yaşadığını, ona görə də uşaq bağçasının açarlarının onda olduğunu bildirmişdir. Sonra “Lalə” uşaq bağçasında qeyd olunan maddələrin aşkar olunma və götürülməsi ilə əlaqədar protokol tərtib edilib ucadan oxunmuş və düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış və baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid X3 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 142-144). Cinayət işinin materiallarında olan 5 aprel 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroini və 5 aprel 2021-ci ildə saat 21:45-də Təqsirləndirilən şəxs təqdim etdiyi uşaq bağçasından aşkar olunmuş psixotrop maddə və narkotik vasitələri təqdim etməsi zamanı videoçəkiliş aparılmış və həmin videogörüntü olan 2 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 29-31, 34-36). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6 aprel 2021-ci il tarixli 7/320 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs ...” yazıları və imzalar olan 1 ədəd göy rəngli polietilen bağlamadakı təmiz çəkisi 1.220 qram (1 kq 220 qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2 ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur (Qeyd: Marixuananın təmiz çəkisi 1.220 qram, tədqiqata sərf olundu 0,2 qram, qalıq 1.219,8 qram, cild 1, iş vərəqə 44-45). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6 aprel 2021-ci il tarixli 6/1359 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş....” yazısı olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 4,378 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi uşaq bağçasında aşkar olunmuş...” yazısı olan bağlamadakı 4 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 920 qram, 78,228 qram, 53,605 qram və 320 qram, ümumi təmiz çəkisi 1.371,833 qram qəhvəyi rəngli tozşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasirə heroindir. 1 ədəd bükümdə təmiz çəkisi 21,990 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Üzərində “Methadone 40” yazısı olan 32 ədəd konvalyutdaki ümumi 318 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 318 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 12,72 qramdır (konvalyutların üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Həblər tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eynidir. Üzərində “Metelin 500” yazısı olan 18 ədəd konvalyutda ümumilikdə 177 ədəd ağ rəngli dairəvi formalı həblər metformin hydrochlorid tərkibli dərman preparatıdır. 2 ədəd “5Kg X 1g” markalı və “200g X 0,01g” markalı elektron tərəzilərin üzərində heroin izləri vardır. Təqsirləndirilən şəxs üzərindən və təqdim etdiyi uşaq bağçasından aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1.376,211 qram (1 kq 376,211 qram) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Tərəzilərin üzərindəki heroin iz şəklində olduğu üçün heroin çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in, metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in İİ siyahısına daxildir. Tədqiqata təqdim edilmiş “Metilin 500” (metformin hydrochlorid) adlı dərman preparatı 28 iyun 2005-ci tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlar”ın və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxil deyildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 1.376,211 qram, tədqiqata sərf edildi 0,3 qram, qalıq 1.375,911 qram, metafetaminin ümumi təmiz çəkisi 21,990 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 21,890 qram, 318 ədəd metadon həblərdən 8 ədəd həb tədqiqata sərf edildi, qalıq 310 ədəd həb, 177 ədəd metformil həblərdən 2 ədəd həb tədqiqata sərf edildi, qalıq 175 ədəd həb, cild 1, iş vərəqə 48-52). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 2 iyun 2021-ci il tarixli 1156 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əzab çəkməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşməmişdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 157-158). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyun 2021-ci il tarixli 5/549 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 1 ədəd sensor ekranlı “Android 9” əməliyyat sistemi ilə təhciz olunmuş “SAMSUNG Galaxy J3” markalı “SM-J330F” modelli “**********52518, **********52516” imei kodlu mobil smartfon və 1 ədəd sensor ekran və “Android 6.0.1” əməliyyat sistemi ilə təhciz olunmuş “SAMSUNG Galaxy J5” markalı “SM-J500H” modelli “**********220007, **********20005” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Samsung Galaxy J3” markalı “SM-J330F” modelli və “SAMSUNG Galaxy J5” markalı “SM-J500H” modelli mobil smartfonların yaddaşlarında toplanmış mövcud olan və pozulmuş məlumatlar müəyyən olunmuşdur (cild 1, iş vərəqə 160-163). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 13 iyul 2021-ci il tarixli 2319 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 167-168). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********37 nömrəli mobil telefon danışıqları məlumatlarına baxış keçirilərkən +**********18 nömrədən daxil olan mesajdan görünür ki, “Brat camat evin icinde oturub. Tema gozleyir, pulunu verib. Mene qardawliq elemisen axira kimi etde, men senen balacayam”, +**********87 nömrədən daxil olan mesajdan görünür ki, “Lomkadayam yeke oglansan bele eleme”, +**********87 nömrədən daxil olan mesajdan görünür ki, “Brat qadanalim uwag cox telesir. Menim hay huylarimi ver … gedimde. Pulda mendedi . Karta vurum yada hara deyirsen qoyun. Tez cv verde bawiva donum” və sair bu kimi narkotik vasitələri alğı-satqısına dair mesajlar aşkar olunmuşdur (cild 1, iş vərəqə 147-149). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və təqdim etdiyi uşaq bağçasından aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1.376,211 qram, tədqiqata sərf edildi 0,3 qram, qalıq 1.375,911 qram, metafetaminin ümumi təmiz çəkisi 21,990 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 21,890 qram, 318 ədəd metadon həblərdən 8 ədəd həb tədqiqata sərf edildi, qalıq 310 ədəd həb, 177 ədəd metformil həblərdən 2 ədəd həb tədqiqata sərf edildi, qalıq 175 ədəd həb, marixuananın təmiz çəkisi 1.220 qram, tədqiqata istifadə olundu 0,2 qram, qalıq 1.219,8 qram, 1 ədəd “Samsung Galaxy J3” markalı “SM-J330F” modelli və 1 ədəd “Samsung Galaxy J5” markalı “SM- J500H” modelli mobil telefon cihazları maddi sübut hesab edilərək saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir (cild 1, iş vərəqə 112-113, 188). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 125). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 2 azyaşlı uşağı vardır (209-210). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 5 aprel 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 20). İş materiallarında olan Sabunçu rayon məhkəməsinin 7 aprel 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 5 aprel 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 107-110). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 5 aprel 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 246,47 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1.375,911 qram narkotik vasitə heroin, 21,890 qram psixotrop maddə metafetamin, 310 ədəd metadon həbi, 175 ədəd psixotrop maddə metformil həbi və 1219,8 qram narkotik vasitə olan marixuana Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin əsasən məhv edilməli, 1 ədəd “Samsung Galaxy J3” markalı “SM-J330F” modelli və 1 ədəd “Samsung Galaxy J5” markalı “SM-J500H” modelli mobil telefon cihazları Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini özündə əks etdirən və “mənzilə baxış və götürmə” istintaq hərəkətinin gedişatını əks etdirən videogörüntülər olan DVD disklər, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş və texniki məlumatları özündə əks etdirən DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 5 aprel 2021-ci il tarixdən hesablansın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 246,47 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1.375,911 qram narkotik vasitə heroin, 21,890 qram psixotrop maddə metafetamin, 310 ədəd metadon həbi, 175 ədəd psixotrop maddə metformil həbi və 1219,8 qram narkotik vasitə olan marixuana Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin əsasən məhv edilsin, 1 ədəd “Samsung Galaxy J3” markalı “SM-J330F” modelli və 1 ədəd “Samsung Galaxy J5” markalı “SM-J500H” modelli mobil telefon cihazları Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini özündə əks etdirən və “mənzilə baxış və götürmə” istintaq hərəkətinin gedişatını əks etdirən videogörüntülər olan DVD disklər, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş və texniki məlumatları özündə əks etdirən DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar