Məhkəmə qərarları › İş №1(101)-1516/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1516/2021

01.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1516/2021 01.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı və həmin şöbənin prokuroru X1, müdafiəçi: Bakı şəhər 7 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1979-cu il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Salyan şəhəri, A.Ağabəyli küçəsi ev 37-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mirbəşir Qasımov küçəsi ev 26A-da yaşayan, barəsində həbs qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq ümumi çəkisi 3,229 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 25 dekabr 2020-ci il tarixdə, saat 10:00 radələrində Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən Bakı Şəhəri, Sabunçu Rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmiş, şöbədə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qolsuz gödəkcənin sağ cibindəki 01 ədəd kibrit qutusunun içərisində, 05 ədəd şəffaf rəngii seiiofan bükümdə hər birinin təmiz çəkisi 1,900 qram, 0,447 qram, 0,451 qram, 0,283 qram, 0,148 qram ümumi təmiz çəkisi 3,229 qram, külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, üç ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitələr heroin və marixuanadan ara-sıra istifadə etsə də, psixotrop maddə metamfetarnindən mutəmadi istifadə edir. Tutulmamışdan təqribən 10 gün əvvəl Salyan rayonuna getmiş, oradan gəlməmişdən əvvəl 100 manata Rafiq adlı şəxsdən beş büküm psixotrop maddə metamfetamin almışdır. Aldığı metamfetamini kibrit qutusunun içərisinə qoyaraq üzərində saxlamış və Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdən sonra həmin metamfetaminin az hissəsini istifadə etmiş, qalan hissəsini isə kibrit qutusunun içərisində üzərində saxlamışdır. 25.12.2020-ci il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsinin yaxınlığında olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Sabunçu RPİ-nin 15-ci PB-nə getməyi təklif etmiş və polis əməkdaşları ona narkotik vasitələri və psixotrop maddələri qanunsuz əldə etmə, saxlama və daşımada şübhəli olduğunu bildirmişlər. Bundan sonra o, polis əməkdaşları ilə razılaşaraq 15-ci PB-nə getmişdir. Bölmədə üzərinə baxış keçirilmiş və şəxsi axtarış başlamamışdan əvvəl üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmamasını soruşmuş və olduğu halda təqdim etməsini təklif etmişdir. O da əynindəki qolsuz gödəkçənin cibindən bir ədəd kibrit qutusunda olan 05 ədəd şəffaf bükümdəki psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları bükülülərin içərisinə baxış keçirmişlər və ondan həmin maddələrin nə olduğunu, haradan, kimdən, nə vaxt, neçəyə və nə məqsədlə aldığını soruşmuşlar. O, psixotrop maddə metamfetamini təqribən 10 gün əvvəl Salyan şəhərindən, tanımadığı şəxsdən, 100 manata, öz istifadəsi üçün aldığını bildirmişdir. Onun narkotik vasitəni satmaq niyyəti olmamış, heç vaxt narkotik vasitə satmamış, özü narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün mütəmadi narkotik vasitə alaraq qəbul edir. Hökmün təsviri hissəsində göstərilən cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 25.12.2020-ci il tarixdə Salyan şəhəri, A.Ağabəyli küçəsi ev 37-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mirbəşir Qasımov küçəsi ev 26A-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması, daşıması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sabunçu rayon Pİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin gün, saat 09:45 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Zabrat dairəsinin yaxınlığında olması barədə məlumat daxil olduqdan sonra saat 09:57 radələrində əməliyyat qrupu ilə birlikdə həmin ünvana yaxınlığına gələrək hazırda təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs dayandığını görüb yaxınlaşaraq sonuncunu saxlamış və özlərini təqdim edərək ondan özünü təqdim etməsini xahiş etmişlər. Bu zaman təqsirləndirilən şəxs özünü təqdim etmiş və onlar qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma, gəzdirmədə şübhəli bilindiyinə görə saxlanıldığını bildirib sonuncunu Sabunçu rayon Pİ-nin 15-ci PB-nə dəvət etdikdə, təqsirləndirilən şəxs etiraz etməyərək bölməyə getmişdir. Bölmədə təqsirləndirilən şəxsə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, sonuncu etirazının olmadığını bildirdikdən sonra videoçəkilişlə üzərində olan əşyaları qoyması xahiş edildi və bu zaman təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunu, bir qutu “West” markalı siqareti və 01 ədəd alışqanı masanın üzərində qoymuşdur. Bir ədəd kibrit qutusuna baxış keçirilən zaman içərisində 05 ədəd şəffaf rəngli sellofana bükülmüş maddələr olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs bükülülərin içərisində nə olduğu soruşulduqda sonuncu bükülünün içənsində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu demişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda sonuncu həmin maddələri tutulmamışdan təqribən 10 gün əvvəl Salyan şəhərindən Rafiq adlı şəxsdən 100 manata aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Hesab edir ki, Təqsirləndirilən şəxs onlara həqiqəti drmişdir. Belə ki, Təqsirləndirilən şəxs barəsində polis idarəsinə yanız qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması, daşıması barədə məlumat daxil olmuşdur. Onun qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmamış, sonradan da belə bir halın olması onlar tərəfindəbn müəyyən olunmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş şahid Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 cinayət işinin 87-89-cu vərəqlərində olan ifadəsinin məzmunundan görünür ki, o, da Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Cinayət işinin 40-44-cü vərəqlərində olan Məhkəmə Ekspertiza Mərkəzinin 25.12.2020-ci il tarixli, 6/2783 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs... Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd kibrit qutusunda 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,900 qram, 0,447 qram, 0, 451 qram, 0,283 qram, 0,148 qram ümumi təmiz çəkisi 3,229 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 05 bükümdəki maddələr tərkiblərinə görə eynilik təşkil edir. Cinayət işinin 111-112-cu vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 01.02.2021-ci il tarixli, 298 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 76-77-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3,229 qram çəkidə metamfetamin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntünü özündə əks etdirən bir ədəd disk maddi subut kimi tanınmış, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 3,129 qram olan metamfetamin məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, disk cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 121-130-cu vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd çəhrayı rəngli “Samsung A5” markalı mobil telefon aparatı maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 75-ci vərəqində protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntünü özündə əks etdirən bir ədəd diskə baxış keçirilmiş və bu zaman aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Sabunçu rayon Pİ-nin 15-ci PB-nin inzibati otaqlarından birində onun üzərinə şəxsi axtarış aparıimazaan əvvəi təhqiqatçı, polis baş ieytenantı Fərid Mayılov tərəfindən saxlanılan Təqsirləndirilən şəxs özünü təqdim etməsi bildirir. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ondan saxlanılmasının səbəblərinin ona aydın olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs isə psixotrop maddələri qanunsuz əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli oiauğu üçün saxlanılmasının ona aydın olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilir və bununla bağlı etirazının olub-olmaması soruşular. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olubolmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan əynində olan qara rəngli qolsuz gödəkçənin sağ cibindən bir ədəd kibrit qutusunu, bir qutu “West” markalı siqareti və bir ədəd alışqanı təqdim edir. Polis əməkdaşları kibrit qutusuna baxış keçirdikləri zamanı içərisində ag rəngli sellofana bükülmüş vəziyyətdə 05 ədəd bükülünün olduğunu aŞKaı edirlər. Təqsirləndirilən şəxs həmin bükümlərin nə olduğunu soruşduqda o, “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirdi. Bundan sonra aşkar edilmiş metamfetaminlər qablaşdırılaraq götürülür. Cinayət işinin 90-107-ci vərəqlərində protokoldan görünür ki, X2 məxsus çəhrayı rəngli “Samsung A5 2016” markalı mobil telefon aparatına baxış zamanı müəyyən edilmişdir ki, mobil telefonun çəhrayı rəngdə, ekran hissəsində qoruyucu şüşə və arxa hissəsində qara rəngli qoruyucu üzlük olan “Samsung A5 2016” markalıdır. Mobil telefon aparatının üzündə olan qoruyucu şüşənin kənar kiçik qırılmalar var. Eyni zamanda mobil telefonun üzərinə olan qara rəngli dəri üzlüyündə kənarlarının rənginin getdiyi, arxasının çəhrayı rəngli əsas korpusunun sınmış vəziyyətdə olduğu müşahidə edilir. Ümumən mobil telefon işlək vəziyyətdə olması baxış zamanı müəyyən edilmişdir. Həmçinin baxış zamanı “Samsung A40” markalı mobil telefon aparatının üzərində *** *** ** **. mobil telefon nömrəsinin istifadə edildiyi müəyyən edildi. Mobil telefonu ilkin olaraq işə saldıqdan sonra ekranın yuxarı sağ hissəsində saat görsənir. Həmçinin ana ekranda “Mesajlar”, ‘Telefon”, “Kontaktlar”, “Proqram.”, “Kamera”, “Google”, “Tiktok”, “Qalereya” və “Ok” adlı proqramlara keçidlərin olduğu görsənir. Telefondan sms yazmaq üçün lazım olan keçidin üzərinə basdıqda Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 *** ** ** mobil telefon nömrəsinə bir sıra şəxslərdən və qısa nömrələrdən smslərin gəldiyi, eyni zamanda Təqsirləndirilən şəxs bir sıra mobil telefon nömrələrinə smslər göndərildiyi müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 *** ** ** mobil telefon nömrəsinə 055 *** ** ** mobil telefon nömrəsindən 23 dekabr 2020-ci il tarixdə, saat 16.33-də “Bratka gəlmirsən”, saat 17:42-də isə “Ay brat torpaq olacey” məzmunlu smslər gəldiyi, lakin Təqsirləndirilən şəxs smslərə cavab vermədiyi müəyyən edildi. Bundan başqa 070 *** ** ** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs məxsus 070 *** ** ** mobil telefon nömrəsinə 23 dekabr 2020-ci il tarixdə, saat 20:43-də “məni yığma” məzmunlu sms gəldiyi, ancaq Təqsirləndirilən şəxs smsə cavab vermədiyi görsənir. Baxış zamanı “Asif elektrik” adı ilə qeydiyyata alınmış 055 *** ** ** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs məxsus 070 *** ** ** mobil telefon nömrəsinə 22 dekabr 2020-ci il tarixdə, saat 09:14-də “Spiş?”, saat 11:41 -də “Çıxmırsan qaaa” smslərinin gəldiyi. Təqsirləndirilən şəxs isə həmin smsə 'yarım saata çıx gəi. bayan ai. 2 qram 5 qram" məzmuniu sms gönaəriiaiyi müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus 070 *** ** ** mobil telefon nömrəsindən “Kanka” adı ilə qeydiyyata alınmış 050 *** ** ** mobil telefon nömrəsinə 21 dekabr 2020-ci il tarixdə, saat 20:33-də “Salam necəsen yaxşısız. mamanın ad günüdü? tebrik edirəm uzun ömür can sağlığı arzu edirəm öpürəm, özünüzdən muğayət olun” məzmunlu sms göndərildiyi müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus 070 *** ** ** mobil telefon nömrəsindən 050 *** ** ** mobil telefon nömrəsinə “hardasan sən” məzmunlu sms göndərildiyi, lakin smsinə cavab verilmədiyi müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus 077 321 26 22 mobil telefon nömrəsinə “oxudun məni yığ. sənə torpaq verim tez əhd. həmdə sözüm var” məzmunlu sms göndərildiyi, lakin smsinə cavab verilmədiyi müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus 070 *** ** ** mobil telefon nömrəsinə 070 *** ** ** mobil telefon nömrəsindən “yetim gəlirsən?” məzmunlu sms daxil olduğu, lakin smsə cavab yazılmadığı müəyyən edildi. Mobil telefonun ana ekranda olan “Telefon”, “Kontaktlar”, “Proqram.”, “Kamera”, “Google”, “Tiktok”, “Qalereya” və “Ok” adlı proqramlara, həmçinin ümumi olaraq mobil telefona baxış zamanı cinayət işi üzrə sübutu əhəmiyyət kəsb edəcək heç bir məlumat aşkar edilmədi. Həmçinin baxış zamanı mobil telefon aparatında “Watsapp” sosial şəbəkəsinin olmadığı müəyyən edildi. Cinayət işinin 113-114-cü vərəqlərində olan təqsirləndirilən şəxsi əlavə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung A5 2016” markalı mobil telefon aparatına baxış zamanı müəyyən edilmiş faktlarla bağlı onun əlavə ifadəsi alınmış və o, əlavə ifadəsi zamanı verilmiş suallara cavab olaraq əvvəllər verdiyi ifadəsini təsdiq etdiyini, həmin ifadəsinə əlavə və ya düzəlişinin olmadığını, artıq üç aya yaxındır ki, həbsdə olduğundan 055 *** ** ** mobil telefon nömrəsinin kimə məxsus olmasını bilmədiyini, smsdə yazılan “torpaq” sözü narkotik vasitə “heroin” mənasını verdiyini, özü narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu, narkotik vasitə və psixoirop maddə əldə etmək həm maddi cəhətdən çətin olduğundan, həm də bunun qanunsuz olması səbəbindən ətrafında olan narkotik vasitə və psixotrop maddə istifadəçiləri ilə daim əlaqədə olduğunu, narkotik vasitə və psixotrop maddə kimdə olsa birlikdə istifadə etdiklərini, yəni onda narkotik vasitə və psixotrop maddə olduqda digər narkotik vasitə və psixotrop maddə istifadəçilərinə verdiyini, onlarda olduqda isə istifadə etmək üçün ona verdiklərini, smsin də bu məqsədlə yazıldığını, ətrafında olan narkotik vasitə və psixotrop maddə istifadəçiləri ilə bir-birilərinə qeyd edilən maddələri pul qarşılığında vermədiklərini, sadəcə olaraq həm onlar, həm də o, narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğundan bir-birilərinə yalnız istifadə etmək üçün qeyd edilən maddələri verdiklərini, ona sms yazan Asif adli şəxsin narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu və onu Sabunçu qəsəbəsindən tanıdığını, Asifin ona sms yazdığı zaman onda narkotik vasitə olduğundan ona sms yazaraq birlikdə istifadə etmək üçün yaşadığı evin yaxınlığına çağırdığını və orada birlikdə həmin narkotik vasitəni istifadə etdiklərini, Asifdə narkotik vasitə olduğu zaman istifadə etmək üçün ona verdiyini, onda olduqda isə Asifə verdiyini, bir-birilərinə narkotik vasitələri pul qarşılığında vermədiklərini bildirmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə görə 2 qram psixotrop maddə olan metafetamin külli miqdar hesab edilmişdir. Məhkəmə, CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama apararaq belə nəticəyə gəlir ki, iş üzrə şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübut, eləcə də məhkəmə ekspertiza rəyləri ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, şərh olunan ifadələri, protokolları və ekspertiza rəylərini iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə, göstərilənlərə yanaşı, iş üzrə irəli sürülmüş sübutlara əsasən təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin psixotrop vasitəni əldə edərək saxlaması və daşıması düzgün olaraq müəyyən edilsə də, həmin psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlaması və daşıması sübuta yetirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin onun tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübutlar nə ibtidai istintaqda müəyyən olunmamış, nə də məhkəmə baxışı zamanı müəyyən olunmadı. Təqsirləndirilən şəxsə satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə etməsi, saxlama və daşıması barədə verilən ittihama baxmayaraq bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutlar təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olmasını təsdiq edən sübut aşkar olunmamışdır. İş üzrə şahid olan Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həmin ibtidai istintaqdakı, həm də məhkəmədəki ifadələri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması, daşıması barədə məlumat daxil olmuşdur. Göründüyü kimi hətta əməliyyat məlumatında da təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olması barədə hər hansı məlumat qeyd edilməmişdir. Bundan başqa, cinayət işinin 110-cu vərəqində olan iAzərdaycan Respublikası DİN Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin 03.03.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixatrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə bilən şəxsləri müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə psixotrop maddələnin yalnız külli miqdarda olması, şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixatrop maddəni qanunsuz əldə etməkdə və saxlamada təqsirli bilinməsinə əsas ola bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixatrop maddə olan metanfetaminin yalnız külli miqdarda – 3,229 qram olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Təqsirləndirilən şəxs üzərində aşkar edilən psixotrop maddəni qanunsuz olaraq əldə edərək saxlaması və daşıması onun özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadələri, baxış və götürmə barədə protokollar, əməliyyatı keçirmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Lakin onun psixatrop maddəni satış məqsədi ilə əldə etməsi, psixatrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq tərəfindən heç bir sübut əldə olunmamış, cinayət işi materiallarına Təqsirləndirilən şəxs psixatrop maddələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan psixatrop maddəni satmaq məqsədi ilə əldə etməsi, istehlakçı ilə əvvəlcədən hər-hansı razılığının olması barədə heç bir sübut irəli sürülməmişdir. Eyni zamanda, məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin tutulması zamanı bilavasitə iştirak etmiş polis əməkdaşı da ifadəsində göstərdi ki, onlarda təqsirləndirilən şəxsin psixatrop maddəni satması barədə məlumat təsdiqini tapmamışdır. Yuxarıda şərh olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs məsxus mobil telefon nömrəsinə baxış zamanı iş üçün əhəmiyyətli heç bir məlumat aşkar edilməmiş, mobil telefonda olan sms mətnlərinin mütləq əksəriyyəti ailə-məişət xarakterli olmaqla narkotik vasitələrinin, psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar olmamışdır. İstintaq orqanı təqsirləndirilən şəxsin mobil telefonunda aşkar olunmuş, narkotik vasitələrə aid olan yeganə sms-lə bağlı özü araşdırma apararaq müəyyən etsə də ki, həmin yazışma sırf psixotrop maddənin qəbul edilməsi ilə bağlıdır, buna baxmayaraq yenə də əsassız olaraq təqsirləndirilən şəxsə satış niyyətinin olması ilə bağlı ittiham irəli sürülmüşdür. Göründüyü kimi, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf psixatrop maddənin külli miqdarda olmasına əsaslanmış, həqiqiliyi təsdiq olunmayan şübhəyə istinad etmişdir. Halbuki iş materialları ilə, eləcə də ittiham tərəfinin irəli sürdüyü şahid ifadələri ilə də təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxsin psixatrop maddəni satması təsdiq edilməmişdir. Təqsirləndirilən şəxsin həmin psixatrop maddəni hansı məbləğə satacağı, həmin satışdan nə qədər mənfəət və ya gəlir əldə edəcəyi, satacağı şəxslərin dairəsi, satışın baş tutacağı yer, alıcının olduğu yer və ya təxmini kimliyi, satacağı şəxslərə hər hansı danışığı, mobil telefonunda hər hansı zəng və ya digər bu kimi əlamətlər müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir, ifadəsinə əsasən davamlı olaraq narkotik vasitədən istifadə edir. Həmin hal məhkəmə narkoloji ekspertizasının rəyi ilə də tam təsdiq olunur. Belə olan halda, yəni narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin üzərindən psixatrop maddənin aşkar edilməsi birmənalı olaraq həmin şəxsdə satış məqsədinin mövcudluğunu təsdiq edə bilməz. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. CPM-in 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. Qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin psixatrop maddəni satış məqsədi ilə əldə etməsi sübuta yetirilmədiyindən və təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq psixatrop maddəni əldə edib daşıdığına görə onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 10-13 və 63-70-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 dekabr 2020-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 79-cu vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 80-81-ci vərəqlərində olan şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağı var. Himayəsində 2 nəfər azyaşlı uşağın olması, əvvəllər məhkum olunmaması CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndiriyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 25 dekabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CMnin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01.02.2021-ci il tarixli, 298 saylı rəyinə müvafiq olaraq CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniydan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddəsində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 109 (bir yüz doqquz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsində saxlanılan- kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 3,129 qram olan metamfetamin CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə barədə görüntünü əks etdirən disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd çəhrayı rəngli “Samsung A5 2016” markalı mobil telefon aparatı CPM-nin 132.1.5-ci maddəsinə əsasən yaxın qohumlarına qaytarılmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə təyinatla Bakı şəhər 7 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Cinayət işinə əlavə olunmuş hesabatdan görünür ki, müdafiəçinin dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 25 (iyirmi beş) saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 150 (bir yüz əlli) manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 25 dekabr 2020-ci il tarixdən hesablansın, ona narkomaniydan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 109 (bir yüz doqquz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutl olaraq Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsində saxlanılan- kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 3,129 qram olan metamfetamin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə barədə görüntünü əks etdirən disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd çəhrayı rəngli “Samsung A5 2016” markalı mobil telefon aparatı yaxın qohumlarına qaytarılsın. Göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar