Məhkəmə qərarları › İş №1(101)-1517/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1517/2021

07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1517/2021 07.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Sabirabad rayonunun Aleksandrovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Sabirabad rayonunun Şəhriyar kəndində qeydiyyatda olmaqla, Şirvan şəhəri Xəqani küçəsi ev 635-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs nikahdan kənar faktiki olaraq birgə yaşadığı Zərərçəkmiş şəxs1 məxsus mobil telefonda sonuncunun keçmiş ərinin fotoşəkillərini aşkar etməsi, habelə arvadı Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 onların nikahdan kənar birgə yaşamalarına qarşı çıxması səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə ilə əlaqədar 28 aprel 2021-ci il tarixdə saat 21 radələrində onların yaşadığı Bakı şəhəri Xətai rayonu, Zığ yolu 36 saylı evin 39 nömrəli mənzilə gəldikdən sonra, özündə olan istintaqla müəyyən edilməyən bıçaqla ilk əvvəl qayın anası Zərərçəkmiş şəxs2 kürək nahiyəsindən bir dəfə qəsdən zərbə vurub ona - sağ bazunun yuxarı 1/3-nin arxa səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid, bundan sonra həmin bıçaqla arvadı Zərərçəkmiş şəxs1 döş qəfəsi nahiyəsindən bir dəfə qəsdən zərbə vurub ona - döş qəfəsinin sağ yarısının ön divarının sağ plevra boşluğuna və qarın boşluğuna nüfuz edən kəsilmiş deşilmiş yarası, sağ tərəfli hemopnevmotoraks, diafraqmanın, qaraciyərin sağ payının kəsilmiş deşilmiş yarası, sol əlin sıyrıqları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid bədən xəsarətləri yetirməklə, Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına yüngül, zərərçəkmiş Zərərçəkmiş şəxs1 isə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci ilin əvvəllərində təsadüf nəticəsində Həzi Aslanov qəsəbəsində yerləşən marketlərin birində satıcı işləmiş Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Onunla tanış olduqdan sonra birbirilərinin mobil telefon nömrələrini götürüb, əlaqə saxlamağa başlamış, Aysellə bir müddət ünsiyyət saxladıqdan sonra, münasibətləri yarandığından görüşməyə başlamışlar. Onlar görüşdükdən sonra aralarında sevgi münasibətləri yaranmış, belə olan halda Aysellə qarşılıqlı razılıq əsasında bir yerdə yaşamaq qərarına gəlmişlər. Bu minvalla 2019-cu ilin fevral ayında qarşılıqlı razılaşmaları əsasında Aysel yaşadığı Şirvan şəhərinə köçərək, onunla birgə yaşamağa başlamışdır. Aysel onunla nikahdan kənar birgə yaşamaq qərarını verdikdən dərhal sonra bu barədə ailə üzvlərini məlumatlandırmış, ailəsi buna narazılığını bildirsə də, Aysel əhəmiyyət verməmiş, Aysellə birgə yaşadıqları ilkin vaxtlarda xırda narazılıqları olmuş, lakin başqa heç bir mübahisələri olmamışdır. Onlar təxminən iki il ərzində Şirvanda birgə qaldıqdan sonra aralarındakı münasibətlər pozulmağa başlamış, münasibətlərin pozulmağına səbəb isə Ayselin istifadəsində olan mobil telefonda keçmiş sevgilisinin fotoşəkillərini tapması olmuşdur. Ayselin əvvəllər rəsmi nikahda olduğunu bilsə də, onun qeyrisi ilə nikahdan kənar münasibət saxlamasını bilməmiş, Ayseldən mobil telefonunda fotoşəkili olan şəxsin kimliyini soruşduqda, o, həmin şəxsin ikinci dəfə qeyri rəsmi ailə həyatı qurduğu şəxs olduğunu bildirmişdir. Bundan sonra bu hal ona pis təsir etmiş, şəkillərin hansı səbəbdən mobil telefonda saxlamasını soruşduqda isə o, həmin şəkillərin guya mobil telefonda köhnədən qaldığını bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı əlilə Ayselin bədəninin müxtəlif nahiyələrindən vuraraq onu döymüş, Aysel baş vermiş münaqişədən sonra bu barədə anası Arzuya məlumat vermiş, buna görə də Arzu yaşadığı Şirvan şəhərindəki evinə gələrək, Ayseli götürüb özü ilə Bakı şəhərinə gətirmişdir. Bundan bir neçə gün keçdikdən sonra Aysellə əlaqə saxlamış, Aysel münasibətlərə son qoyduğunu və onunla ünsiyyət saxlamaq istəmədiyini bildirsə də, Ayseli itirmək istəmədiyi üçün, barışıq əldə etmək məqsədi ilə ona zənglərini davam etdirmiş, bir neçə cəhdindən sonra onunla barışa bilmiş, Aysellə barışmasına baxmayaraq, anası Arzu birlikdə olmalarına qarşı çıxmışdır. Bir neçə dəfə Aysel ona zəng edərək Şirvan şəhərinə qayıdıb, onunla birgə yaşamaq istədiyini bildirsə də, hər dəfə Bakı şəhərinə gəlib Ayseli götürmək istədikdə, anası Arzu buna müdaxilə etmiş, bu minvalla aralarında mübahisə yaranmış, mübahisə zamanı Arzu onu nalayiq sözlərlə təhqir etmişdir. O da onun təhqirlərinə qarşılıqlı cavabı vermiş, Arzu ilə aralarında yaranmış bu kimi mübahisələrə görə, Aysellə də, münasibəti pozulmuşdur. Onların bu hərəkətlərindən artıq bezmiş, sonuncu dəfə Aysellə təxminən 2021-ci ilin fevral ayında danışmış, bundan sonrakı vaxtlarda isə Aysel ona edilən zənglərinə cavab verməmiş, əlaqəni tamamilə kəsmişdir. 28 aprel 2021-ci il tarixdə saat təxminən 21:00 Ayseli görmək məqsədi ilə onların yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 36 ünvanına getmiş, bu zaman Ayselin anası Arzu ilə rastlaşmış, Arzunu görüb ondan qabaq yaşadıqları mənzilin giriş qapısına yaxınlaşıb, kənarda durmuş, Arzu onu görüb salam vermədən qapını döymüş, qapını Aysel açmış, Arzu içəriyə daxil olduqda, onu nalayiq sözlərlə təhqir edərək getməsini tələb etmişdir. Arzu onu nalayıq söyüşlərlə təhqir etdikdən sonra o əsəblərini cilovlaya bilməyib, Arzunun kürəyindən itələyib, evə daxil olmuş, evə daxil olduqda, Ayselin əlində mətbəx bıçağı olduğunu görmüş, Arzu onu yenidən təhqir etdiyindən, Ayselin əlindən bıçağı alıb həmin bıçaqla Arzunun kürək nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Həmin vaxt Aysel yaxınlaşıb, münaqişəyə müdaxilə etdikdə, bıçaq Ayselə də dəymiş, onların hər ikisi aldıqları zərbələrdən müvazinətlərini itirərək yerə yıxılmış, bu zaman Aysel və Arzunun bədənlərindən qan gəldiyini gördükdə, özünü itirmiş, etdiyi əməldən peşmançılıq hissi keçirərək dərhal evdən çıxıb, piyada oradan uzaqlaşmışdır. Bundan sonra polisə gedib təslim olmaqla, törətdiyi cinayət əməlini səmimi otaraq etiraf etmişdir. Arzunu bıçaqla vurmasına səbəb onun mütəmadi olaraq onu təhqir etməsi, habelə onun Aysellə birgə olmasına qarşı çıxması olmuş, Arzunu bıçaqla vurmasına səbəb onun mütəmadi olaraq onu təhqir etməsi, habelə onun Aysellə birgə olmasına qarşı çıxması olmuş, Ayseli bıçaqla vurmasına səbəb isə, hadisədən bir qədər əvvəl onun mobil telefonunda ondan qabaq nikahdan kənar yaşadığı şəxsin fotoşəkillərini aşkar etməsi olmuş və bu hərəkətlərə görə onların hər ikisini cəzalandırmaq istəmişdir. Ayseli və Arzunu bıçaqla vurarkən onları öldürmək niyyəti olmamışdır. Həmçinin oraya getməmişdən əvvəl nə Arzu nə də Ayselə xəsarət yetirmək kimi bir niyyəti olmamış, belə ki, həmin vaxt onları öldürmək üçün kifayət qədər imkan və şəraiti olmuş, Aysel və Arzuya qarşı tətbiq etdiyi bıçağı elə hadisə günü Ayselin yaşadığı mənzildə olarkən onun əlində görərək əlindən almışdır. Arzu və Ayseli vurduqdan dərhal sonra törətdiyi əməldən peşmançılıq hissi keçirərək, özünü itirdiyindən onlara qarşı tətbiq etdiyi bıçaqla nə etməsini xatırlamamış, Aysel və Zərərçəkmiş şəxs2lara qarşı tətbiq etdiyi bıçaq mətbəx bıçağı olmaqla, dəstəyi qara rəngli plastmas materialdan, tiyəsi gümüşü rəngli metaldan olmuş, bıçağın ümumi uzunluğu təxminən 105-110 mm olmuşdur. Hadisə zamanı Aysel və Arzunu yalnız bıçaqla vurmuş, onlara başqa üsulla heç bir xəsarət yetirməmiş, Aysel və Arzu ilə aralarında baş vermiş münaqişə onların yaşadığı ünvan 2 ünvanda, mənzilin dəhliz hissəsində baş vermişdir. Hazırda əməlindən çox peşmandır, bir daha bu kimi əməllərə yol verməyəcəkdir. Zərərçəkmiş şəxslərlə barışmışdır, zərərçəkmiş şəxslərin ona qarşı şikayət, tələbləri yoxdur. Qardaşının Qarabağ qazisi, atasının Çernobl AES-də baş vermiş qəzada İİ dərəcəli əlil olmasını, zərərçəkmiş şəxslərlə barışmasının nəzərə alınmasını və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2013-cü ildə Elçin adlı şəxslə rəsmi nikaha daxil olmuş, lakin münsibətləri baş tutmadığından 2015-ci il tarixdə ondan boşanmış, Elçinlə birgə ailə həyatlarından övladları olmamışdır. 2019-cu ilin əvvəllərində H.Aslanov qəsəbəsində yerləşən marketlərin birində satıcı işlədiyi zaman, təsadüfən marketə müştəri qismində gəlmiş Təqsirləndirilən şəxs ilə tanış olmuş, tanışlıqdan sonra bir-birilərinin istifadələrində olan mobil nömrələri götürüb, əlaqə saxlamağa başlamışlar. Şahinlə bir müddət ünsiyyət saxladıqdan sonra, münasibətləri yarandığından görüşməyə başlamış, bu münasibətlər sonunda qarşılıqlı sevgiləri yaranmış, artıq bir-birilərinə qarşı istəkləri olmuşdur. Şahin yaşadığı Şirvan şəhərində yerləşən fərdi yaşayış evinə köçərək onunla birgə yaşamağı təklif etmiş, o da, etiraz etməmiş, 2019-cu ilin fevral ayında Şahinin yaşadığı həmin evə köçüb onunla nikahdan kənar birgə yaşamağa başlamışlar. Şahinlə birgə ailə həyatının ilkin vaxtlarında münasibətləri yaxşı olsa da, sonradan bu münasibətləri pozulmağa başlamış, Şahin tez-tez spirtli içki qəbul edərək evə gəlmiş, səbəbsiz yerə onunla mübahisə yaratmış, onun və valideynlərimin ünvanına nalayiq ifadələr işlətmiş, bununla belə o, Şahinin etdiklərinə dözmüş, ailəsini qoruyub saxlamağa çalışmışdır. Lakin 2020-ci ilin fevral ayında Şahinlə münasibətləri son həddə çatmış, həmin ərəfədə o, yaşadıqları evə gəldiyi zaman, mobil telefonunu götürüb, nəzər yetirməyə başlamış, mobil telefonunda əvvəlki həyat yoldaşının fotoşəkillərini gördükdə, qısqanclıq hissi keçirərək əsəbləşmişdir. Bundan sonra onun ünvanına nalayiq ifadələr İşlədərək təpik və yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrindən vurub ona xəsarət yetirmişdir. Bu hadisədən sonra o, əlacsız qalıb valideynlərinə zəng vuraraq, onu Şirvan şəhərindən götürməklə yaşadıqları mənzilə aparmalarını xahiş etmiş, lakin hadisə ilə bağlı polisə və ya hər hansı digər hüquq mühafizə orqanına müraciət etməmiş, həmin ərəfədə valideynləri Şirvan şəhərinə gələrək, onu oradan götürüb, yaşadıqları ünvan 3 ünvanına gətirmişlər. Bundan sonra o, Şahinlə əlaqə saxlamamış, ondan birdəfəlik ayrılmaq niyyətində olmuş, Şahin isə mütəmadi olaraq, gah özünə aid, gah da qeyri nömrələrdən ya onun ya da valideynlərinin istifadələrində olan mobil nömrələrə yığmaqla nalayiq sözlərlə təhqir etmişdir. Sonra Şahin onların yaşadıqları evin yaxınlığına gələrək onu izləmiş, geri qayıtmasını ondan tələb etmiş, o isə geri qayıtmaq istəmədiyi üçün Şahinin dediklərindən imtina etmişdir. O, Şahindən onu və valideynlərini narahat etməməsini xahiş etmiş, lakin 28 aprel 2021-ci il tarixdə saat təxminən 21 radələrində yaşadığı evdə olduğu zaman, qapının döyüldüyünü eşidib anası Arzunun işdən qayıtdığını fikirləşərək qapıya yaxınlaşmış, qapını açıb, anasını içəri buraxan zaman qəflətən Şahin anasının arxasından çıxıb, onu kürəyindən itələyərək içəri daxil olmuşdur. Şahin içəri daxil olan kimi anası Arzuya “sən mənim ailəmi dağıtmısan” deyib, əlində saxladığı dəstəyi qara rəngli, düymə vasitəsi ilə açılıb-qatlanan bıçaqla onun kürək nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Həmin vaxt o, Şahinin üstünə gedib, onu saxlamaq və anasına köməklik göstərmək istədikdə, Şahin əlində olan həmin bıçaqla onun döş qəfəsindən bir dəfə zərbə vurmuş, həmin vaxt o və anası Arzu aldıqları zərbələrdən müvazinətlərini itirib yerə yıxılmışlar. Bu vaxt Şahin əlindəki bıçaqla üzərilərinə gəlib, bıçağı anası Arzunun boğaz nahiyəsi istiqamətində tutaraq onu öldürəcəyi ilə hədələməyə başlamış, bu zaman o, habelə anası Arzu Şahinin bıçaq saxladığı əlindən tutub, yalvararaq, hərəkətlərinə son qoymasını xahiş etmişlər. Həmin ərəfədə qışqırıqlarına binanın blokundan səs gəldiyindən Şahin onlara xəsarət yetirdiyi bıçağı da özü ilə götürüb, qaçaraq mənzili tərk etmişdir. Bundan sonra anası ayağa qalxıb, mənzilin giriş qapısını bağlamış, sonra X15 stansiyasına zəng etmiş, bir neçə dəqiqə sonra, X15 stansiyasından həkim biriqadası gəlib, onlara ilkin tibbi yardım göstərərək 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. Hazırkı vaxtadək Şahinin onu, habelə anası Arzunu bıçaqla vurmasının konkret səbəbini bilməmiş, həmin münaqişə bilavasitə Şahinin özü tərəfindən konkret heç bir səbəb olmadan başlanmış, münaqişə yaşadıqları ünvan 3 ünvanında baş vermişdir. Hadisə vaxtı Şahin onlara bıçaqla yetirdiyi xəsarətdən başqa digər heç bir xəsarət yetirməmiş, lakin hadisə zamanı o, Şahinin bıçaq zərbəsindən özünü müdafiə etdiyi zaman əlinin hər hansı əşyaya dəyməsi nəticəsində o digər xəsarətlər də almış, hadisə zamanı mənzildə o və anası Arzudan başqa heç kim olmadığından, münaqişəni görə biləcək kənar şəxs olmamışdır. Təqsirləndirilən şəxslə barışdığını ona qarşı şikayətinin və tələbinin olmadığını bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun doğma qızıdır, Aysel 2013-cü ildə Elçin adlı şəxslə ailə həyatı qurmuş, lakin münasibətləri alınmadığından Elçinlə 2015-ci il tarixdə rəsmi olaraq boşanmışlar. Bundan sonra qızı Aysel ailə həyatı qurmamış, onlarla birgə ünvan 3 ünvanda yaşamış, 2019-cu ilin fevral ayında Aysel ona yaxınlaşaraq, satıcı işlədiyi H.Aslanov qəsəbəsində yerləşən marketdə təsadüfən Şahin adlı şəxslə tanış olduğunu, bir müddət onunla əlaqə saxladıqdan sonra münasibətlərinin yarandığını deyib, öz şəxsi həyatını yenidən qurmaq üçün Şahinin yaşadığı Şirvan şəhərinə köçərək onunla birgə yaşamaq istədiyini demişdir. Qızı Ayselin kifayət qədər yaşı və dünyagörüşü olduğu üçün, onun istəyinə qarşı getməyib onunla razılaşmış, bundan sonra qızı Aysel Şahininə aid Şirvan şəhərində yerləşən evinə köçüb onunla nikahdan kənar birgə yaşamağa başlamışlar. İlkin vaxtlarda qızının Şahinlə normal münasibətləri olsa da, sonradan bu münasibətləri pozulmağa başlamış, belə ki, hər dəfə qızı Aysellə danışdıqda o, Şahin tez-tez spirtli içki qəbul edərək evə gəlməsi, səbəbsiz yerə onunla mübahisə yaratması və hədsiz qısqanc olması ilə bağlı şikayətlənməyə başlamış, lakin o, qızının ailəsinə müdaxilə etməmiş, onu səbirli olmağa çağırmışdır. 2020-ci ilin fevral ayında qızı Aysel ona zəng vurub, Şahinin yenə də səbəbsiz yerə mübahisə yaradaraq onu döyməsi barədə məlumat verib, onu Şirvan şəhərindən götürməklə yaşadıqları evə gətirməsini xahiş etmişdir. Həmin ərəfədə onlar Şirvan şəhərinə getməklə, qızı Ayseli Şirvan şəhərindən götürüb, yaşadıqları ünvan 3 ünvanına gətirmişlər. Lakin qızı Ayselin döyülməsi ilə bağlı polisə və ya hər hansı digər hüquq mühafizə orqanına müraciət etməmiş, bundan sonrakı vaxtlarda qızı Aysel Şahinlə əlaqə saxlamamış, ondan birdəfəlik ayrılmaq niyyətində olmuşdur. Şahin isə mütəmadi olaraq, gah özünə aid, gah da qeyri nömrələrdən qızının ya da onun istifadəsində olan mobil nömrəyə yığmaqla onları nalayiq sözlərlə təhqir etmiş, ailələrinin dağılmasında onu günahlandıraraq, Ayseli geri qaytarmasını tələb etmişdir. Aysel isə geri qayıtmaq istəmədiyi üçün, ona bu barədə bildirmiş, onları narahat etməməsini xahiş etmiş, bununla belə 28 aprel 2021-ci il tarixdə saat təxminən 21 radələrində işdən çıxıb, yaşadığı evə gəlmiş, yaşadığı binanın blokuna daxil olub, pilləkən vasitəsi ilə 2-ci mərtəbədə yerləşən mənzilinə qalxıb, qapını döymüş, həmin vaxt ətrafda hər hansı kənar şəxsin olduğunu görməmişdir. Qızı Aysel qapını açdıqda, qəflətən kimsə onun kürək nahiyəsindən itələmiş, o, bir qədər qarşıya gedib, mənzilin dəhlizindəki güzgüyə dəymiş, nə baş verdiyini öyrənmək üçün geriyə döndüyündə, onu itələyən şəxsin Şahin olduğunu görmüşdür. Həmin vaxtı Şahin ona "sən mənim ailəmi dağıtmısan” deyib, üzərinə hücum edib əlində saxladığı dəstəyi qara rəngli, düymə vasitəsi açılıb-qatlanan bıçaqla onun kürək nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Bundan sonra qızı Aysel bunu görüb, ona köməklik etmək üçün müdaxilə etmək istədikdə, Şahin əlindəki bıçaqla Ayselin döş qəfəsindən bir dəfə zərbə vurmuş, onlar aldıqları zərbələrdən hər ikisi müvazinətlərini itirib yerə yıxılmış, bu vaxt Şahin əlindəki bıçaqla onun üzərinə gəlib, bıçağı onun boğaz nahiyəsi istiqamətində tutaraq onu öldürəcəyi ilə hədələməyə başlamışdır. Bu zaman onlar Şahinin bıçaq saxladığı əlindən tutub, ona yalvararaq, hərəkətlərinə son qoymasını xahiş etmiş, həmin ərəfədə onların qışqırıqlarına binanın blokundan səs gəldiyindən Şahin onlara xəsarət yetirdiyi bıçağı da özü ilə götürüb, qaçaraq mənzili tərk etmişdir. Bundan sonra o ayağa qalxıb, mənzilin giriş qapısını bağlamış, sonra isə X15 stansiyasına zəng etmiş, bir neçə dəqiqə sonra, X15 Stansiyasından həkim biriqadası gəlib, onlara ilkin tibbi yardım göstərərək 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Hazırda Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan məhkəmə-tibb ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və X9 rayon şöbəsinin 07.07.2021-ci il tarixli 615 nömrəli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs1 - döş qəfəsinin sağ yarısının ön divarının sağ plevra boşluğuna və qarın boşluğuna nüfuz edən kəsilmiş deşilmiş yarası, sağ tərəfli hemopnevmotoraks, diafraqmanın, qaraciyərin sağ payının kəsilmiş deşilmiş yarası, sol əlin sıyrıqları müəyyən edildi. Xəsarətlərdən döş qəfəsinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin bıçağın təsirindən, sol əlin sıyrığı isə bərk küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində qeyd olunan 28.04.2021-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərərvurmaya aid edilir. (iş vərəqə 100-101) Məhkəmə-tibb ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və X9 rayon şöbəsinin 07.07.2021-ci il tarixli 616 nömrəli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs2 - sağ bazunun yuxarı 1/3-nin arxa səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası, deşici-kəsici alətin, ola bilsin bıçağın təsirindən, sol əlin sıyrığı isə bərk küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində qeyd olunan 28.04.2021-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Vətəndaş Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətin xarakterinə və lokalizasiyasına görə həmin xəsarətin öz-özünə yetirməsinə xarakterik deyildir.(iş vərəqə 98-99) Məhkəmə tibbi-kriminalistik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 X14 verdiyi 09 iyul 2021-ci il tarixli 326- 2021/MTKŞ nömrəli rəydən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus qara rəngli qısaqol köynəyin sağ qolunun arxa səthi üzərində 01 (bir) ədəd və sağ rəngli qolsuz köynəyin ön səthinin sağ yarısının orta hissəsində 01 (bir) ədəd deşilmişkəsilmiş zədə aşkar olundu. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və özünü zəif dərəcədə biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Hər iki zədənin eyni bir predmetlə və ya oxşar konstruktiv xüsusiyyətli alətlə (alətlərlə) yetirilməsi istisna olunmur. (iş vərəqə 104-108) Məhkəmə tibbi-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 X14 verdiyi 17 iyul 2021-ci il tarixli 488/2021/MKTŞ nömrəli rəylərdən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu: O alfa, beta/l/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs1 məxsus 02 ədəd kofta üzərində Oalfa, beta/l/ qruplu insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə Zərərçəkmiş şəxs1 məxsus olması inkar olunmur. (iş vərəqə 109-112) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəyini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələri ilə düzgün tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.10.2021-ci il tarixli, 1(101)-1517/2021 saylı qərarından görünür ki, zərərçəkmiş şəxslə barışması ilə əlaqədar AR CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində AR CM-in 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməli, ona AR CM-in 126.1-ci maddəsi ilə cəza təyin edilməli, həmin Məcəllənin 128-ci maddəsi ilə zərərçəkmiş şəxslə barışması ilə bağlı AR CM-in 73.2-ci maddəsinə əsasən onun barəsində cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.10.2021-ci il tarixli, 1(101)-1517/2021 nömrəli qərarı nəzərə alınmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 26.08.2013-cü il tarixli hökmünə əsasən, AR CM-in 128-ci maddəsi ilə təqsirli bilinməklə, həmin Məcəllənin 73-cü maddəsi ilə barəsində cinayət işinin icraatına xitam verilmişdir. (iş vərəqə 115) Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan “şəxsin könüllü gəlməsi barədə” 28 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28.04.2021-ci il tarixdə saat 23:40-da könüllü olaraq polis bölməsinə gedərək törətdiyi əməli etiraf etmişdir. (iş vərəqə 7) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2012-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı halların şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir: cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda şəxsin könüllü gəlib təqsirini boynuna alması; cinayət, cinayət prosesini həyata keçirən orqanlara məlum olsa da, həmin cinayəti törətmiş şəxsin müəyyən olunmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; hüquqmühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin şəxsin özünün ifşa olunmasını bilmədən könüllü gəlib təqsirini boynuna alması; açıq-aşkar cinayət törətdikdən dərhal sonra şəxsin hüquq mühafizə orqanlarına və ya digər dövlət orqanına könüllü gəlib təqsirini boynuna alması (bu zaman cinayətin şahidləri olmuş şəxslərin təqsirkarın hüquq mühafizə orqanlarına gedib çatanadək onun barəsində xəbər vermələri, habelə xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilmiş zərər çəkmiş şəxs haqqında və ya onun sözlərindən cinayətin halları barədə həmin müəssisədən hüquq-mühafizə orqanlarına məlumat verilməsi qeyd olunan nəticəyə gəlməyə mane olmamalıdır); cinayət məsuliyyətinə alınmış şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri də törətdiyini bildirməsi. Qeyd edilən Plenum Qərarına əsasən, cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində “könüllü gəlib təqsirini boynuna alma” halı mövcud olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş 30.09.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı şikayətləri və tələbləri yoxdur. İş materiallarında olan A seriyalı 3288 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası, X1 “Çernobıl” qəzasında iştirakı ilə əlaqədar İİ qrup əlillik dərəcəsi verilmiş, X3 ll-ci qrup “Çernobıl” əlilidir. İş materiallarında olan AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının 13904 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs qardaşı, X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almış və ona “Barotravma nəticəsində sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli neyrosensor ağıreşitmə, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı veqetativ-damar davamsızlığı” diaqnozu qoyulmuşdur. İş materiallarında olan İ-3683 və İ-9720 nömrəli AR Medallarının vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X4 Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs oğlunun həmin Məcəllənin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını, hadisənin ailə münaqişəsi zəminində baş verməsini, qeyd olunan Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışmasını, qardaşının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almasını və “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilməsini, atasının “Çernobıl” qəzasında İİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR CM-in 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10 və 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olduğundan və ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən, təqsirləndirilən şəxsə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğundan ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəza şərti olaraq tətbiq edilməli və üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində hökmün icrası Şirvan şəhər İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İş materiallarında olan 29 aprel 2021-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29.04.2021-ci il tarixdə, saat 01:30-da şübhəli şəxs qismində tutulmuşdur. (iş vərəqə 22) İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli, 4(011)-171/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək həbs etmənin əvvəli 29 aprel 2021-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 59-61) Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalından azad olunmalı və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 29 aprel 2021-ci il tarixdən, hökm elan edildiyi vaxtadək, yəni 07 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 05 ay 08 gün ona təyin edilmiş qəti cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 məxsus 02 ədəd köynəyin ona qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X8 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə göstərilmiş 47 iş saatı həcmində hüquqi yardımla bağlı 282 manat məbləğində pul vəsaiti dövlət büdcəsinin hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X5 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 29 aprel 2021-ci il tarixdən, hökm elan edildiyi vaxtadək, yəni 07 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 05 ay 08 gün ona təyin edilmiş qəti cəzadan çıxılsın və üzərində qəti olaraq 02 il 06 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona qəti olaraq təyin edilmiş 02 il 06 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində hökmün icrası Şirvan şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.10.2021-ci il tarixli, 1(101)-1517/2021 nömrəli qərarı nəzərə alınsın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 məxsus 02 ədəd köynəyin ona qaytarılması nəzərə alınsın. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X8 təqsirləndirilən şəxsə göstərilmiş 47 iş saatı həcmində hüququ yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına 282 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X5 təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Azər Paşayev İradə Həsənzadə Düzdür

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar