Məhkəmə qərarları › İş №1(101)-1517/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1517/2022

22.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1517/2022 22.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məsləhətçi Bağırova Arifə Arif qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Siqma» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Bakı şəhəri Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 127-də qeydiyyatda olub, ünvan 1-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Bəhnam» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Bəhnam» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Bəhnam» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda 4.716 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 835 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 1.040 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 42,8 qram olan 1.070 ədəd narkotik vasitə metadon həblərini və külli miqdarda 1.840 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə narkotik vasitələrin və psixotrop maddələrin qoyulduğu ünvandan «Bəhnam» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib daşımaqla satışını həyata keçirmək məqsədi ilə narkotik vasitə heroinin külli miqdarda 826 qram çəkidə hissəsini üzərində, qalan külli miqdarda 3.890 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 1.840 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 835 qram çəkidə narkotik vasitə tiryəki və külli miqdarda 1.040 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 42,8 qram olan 1.070 ədəd narkotik vasitə metadon həblərini yaşadığı ünvan 1 ünvanının həyətində anbar kimi istifadə olunan tikilidəki taxta dolabın altında bir ədəd ağ rəngli torbanın içərisində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 07 may 2022-ci il tarixdə saat 02:40-da ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli gödəkçəsinin sol yan iç cibində olan bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 826 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 07 may 2022-ci il tarixdə saat 05:30-dan etibarən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman həmin evin həyətindən sağ tərəfdə yerləşən anbar kimi istifadə olunan tikilidəki taxta dolabın altında gizlətdiyi bir ədəd ağ rəngli torbanın içərisindən bir ədəd bükümdə külli miqdarda 1.040 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, dörd ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qr, 950 qr, 1.000 qr və 940 qram olmaqla ümumi çəkisi 3890 qram olan həm öz aralarında, həm də üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda 835 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, iki ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qr və 840 qram olmaqla ümumi çəkisi 1.840 qram olan tərkiblərinə görə eynilik təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 42,8 qram olan 1.070 ədəd narkotik vasitə metadon həbləri və üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin oktyabr ayında hərbi xidmətə getmiş, 2021-ci iyul ayında isə ordu sıralarından təxris olunmuşdur. Vətən müharibəsi iştirakçısıdır, medallarla təltif olunmuşdur. Tutulanadək atası Şahid4lə birlikdə ünvan 1-də yaşamışdır. Təxminən bir ildir ki, narkotik vasitə marixuanadan çəkmək yolu ilə istifadə edir. 6 may 2022-ci il tarixdə saat 23:00 radələrində həyətdə qapının qarşısında telefonla danışırarkən dörd avtomobillə polis əməkdaşları gəlib, onu saxlamışlar. Həmin vaxt atası evdə yatmışdır. Bu müddət ərzində polis əməkdaşları özləri ilə gətirdikləri narkotik vasitələri evə qoymuş, onu atası ilə hədələyib, narkotik vasitələrin ona məxsus olduğunu etiraf etməyəcəyi halda, atasını da onunla birlikdə tutacaqlarını bildirmişlər. Odur ki, məcbur olub polislərin dedikləri ilə razılaşmışdır. Bundan sonra atasını oyatmışlar. Videoçəkiliş zamanı polis əməkdaşlarının diktəsi ilə sonuncuların dediklərini təkrarlamışdır. Daha sonra ifadə verərkən polis əməkdaşları onun tezliklə buraxılacağını bildirmiş, ona görə də adından yazılmış ifadəni imzalamışdır. İttiham aktında göstərilənlərlə razı deyildir. Saxlanılarkən üzərində siqaret qutusunda cəmi bir büküm marixuana olmuşdur. Həmin marixuananı əsgər yoldaşının ad gününü qeyd etmək üçün getdiyi Xaçmaz rayonunda tanımadığı şəxəsdən almışdır. Bəhmən adlı şəxsi tanımır. İttiham aktında göstərilən narkotik vasitələri polis əməkdaşları özləri ilə gətirib, onun yaşadığı evin anbarına qoymuşlar. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 6 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələri əldə etdiyi, saxladığı, daşıdığı və onların satışı ilə məşğul olduğu barədə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Nəticədə Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında olduğunu öyrənmişlər. 7 may 2021-ci il tarixdə saat 2:40-da əməliyyət qrupunun üzvləri ilə həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs orada saxlayıb BNMİ-nə dəvət etmişlər. Sonuncu onlarla birlikdə Baş idarəyə getmişdir. Orada Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs onların təklifi ilə əynində olan tünd göy rəngli gödəkçənin sol yan iç cibindən bir bükümdə heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindən «Samsung» markalı mobil telefon, bank kartı, şəxsiyyət vəsiqəsi, həmin şalvarın sağ yan cibindən iki ədəd açar və 25 manat pul aşkar olunmuşdur. Aşkar edilmiş heroinə bənzər kütlə elektron tərəzidə çəkilib qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon, bank kartı, şəxsiyyət vəsiqəsi götürülmüş, iki ədəd açar və 25 manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Sonuncu üzərindən aşkar olunmuş narkotik maddəni İran İslam Respublikası vətəndaşı «Bəhnam» adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən deyiləcək ünvanlara çatdırıb əvəzində pul əldə etmək üçün götürdüyünü, bir qismini üzərində saxladığını, qalan hissəsini isə yaşadığı Xəzər rayonu ərazisində yerləşən evdə gizlətdiyini demişdir. Bundan sonra şəxsi axtarış qurtarmış, protokol tərtib edilərək ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalamışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış keçirilməsinə etirazının olmadığı barədə ərizə təqdim etmişdir. Bundan sonra onlar birlikdə ünvan 1 ünvana yollanmışlar. Qapını Orxanın atası Şahid4 açmışdır. Sonuncu da evə baxış keçirilməsinə etiraz etməmişdir. 7 may 2022-ci il tarixdə saat 5:30-dan etibarən həmin ünvana videoçəkilişlə baxış keçirilməyə başlamışdır. Təqsirləndirilən şəxs təhqiqatçının təklifi ilə evin həyətindən sağ tərəfdə yerləşən anbar kimi istifadə olunan yerdəki taxta dolabın altında gizlətdiyi bir ədəd ağ rəngli torbanı təqdim etmişdir. Həmin torbanın içindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər, dörd ədəd bükümdə narkotik vasitə heroinə bənzər, bir ədəd bükümdə tiryəkə bənzər, iki ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 1070 ədəd «Metadon» həbinə bənzər kütlələr və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra həmin maddələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Evin digər hissələrinə baxış keçirilsə də, əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və tədbir nətcələrinə dair protokol tərtib edilmişdir. İştirakçılar protokolu imzaları ilə təsdiq etmişlər. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı təzyiq göstərilməmiş, sonuncu könüllü olaraq törətdiyi əməli etiraf edib, üzərində və yaşadığı evdə gizlətdiyi narkotik vasitələri təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Sonuncu 2019-cu ilin oktyabr ayında hərbi xidmətə getmişdir. O, həmin vaxt ünvan 1 ünvanında mühafizəçi işləməklə yaşamışdır. Orxan hərbi xidmətdə olduğu dövrdə Vətən müharibəsində iştirak etmiş və medallarla təltif edilmişdir. 2021-ci ildə oğlu hərbi xidmətini başa vurub qayıtmış və onun mühafizəçi işlədiyi və yaşadığı evə gəlib onunla birlikdə yaşamağa başlamışdır. 7 may 2022-ci il tarixdə saat 5:30 radələrində evdə olarkən qapı döyülmüşdür. Qapıya yaxınlaşanda Orxanın onu qapının arxasından çağırdığını eşitmiş, buna görə də qapını açmışdır. Bu vaxt Orxanın yanında 5 nəfər olmuş, onlardan dördü polis, biri isə vəkil olmuşdur. Polis əməkdaşları evə videoçəkiliş aparılmaqla baxış keçiriləcəyini bildirmiş, o, etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra evə videoçəkilişlə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı oğlu Orxan polis əməkdaşlarının təklifi ilə evin həyətindən sağ tərəfdə yerləşən anbar kimi istifadə olunan yerdəki taxta dolabın altında gizlətdiyi bir ədəd ağ rəngli torbanı çıxarıb təqdim etmişdir. Həmin torba açıldıqda içərisindən 8 büküm və dərman həblərinə bənzər kütlələr və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Polislər həmin bükümlərin içərisində narkotik vasitə heroinə, tiryəkə, qurudulmuş marixuanaya, psixotrop maddə metamfetaminə bənzər maddələrin olduğunu, dərman həblərinin isə narkotik vasitə metadona bənzədiyini bildirmişlər. Aşkar edilmiş bükümlər elekton tərəzidə çəkildikdən sonra qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Sonra mənzilin digər hissələrinə baxış keçirilmiş və əlavə heç nə aşkar edilməmişdir Orxan polis əməkdaşlarının suallarına cavab olaraq aşkar olumuş narkotik maddələri İİR-sı vətəndaşı «Bəhnam» adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən götürdüyünü, pul qazanmaq üçün ona deyiləcək ünvanlara çatdırmalı olduğunu bildirmişdir. Sonda tədbir nəticələrinə dair protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Onun yaşadığı evdə narkotik vasitələr saxlanılmasından xəbəri olmamış, Orxan ona bu barədə heç nə deməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşıdır. 6 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələri əldə etdiyi, saxladığı, daşıdığı və onların satışı ilə məşğul olduğu barədə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilmiş və Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında olduğu müəyyən edilmişdir. 7 may 2021-ci il tarixdə saat 2:40-da Təqsirləndirilən şəxs orada saxlanılmış və BNMİ-yə aparılmışdır. İdarədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, sonuncu onların təklifi ilə əynindəki tünd göy rəngli gödəkçənin sol yan iç cibindən bir bükümdə heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Aşkar edilmiş heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəni İİR-sı vətəndaşı «Bəhnam» adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən, deyiləcək ünvanlara çatdırıb əvəzində pul əldə etmək üçün götürdüyünü, bir bükümünü özü ilə götürdüyünü, əksər hissəsini isə Bakı şəhəri Xəzər rayonunda yerləşən evdə saxladığını bildirmişdir. Bundan sonra şəxsi axtarış qurtarmış və tədbir nəticələrinə dair protokol tərtib edilmişdir. Protokol tədbir iştirakçılarına oxunduqdan sonra, sonuncular tərəfindən imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına yollanmışlar. 7 may 2022-ci il tarixdə saat 5:30-dan etibarən həmin ünvana videoçəkilişlə baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs təhqiqatçının təklifi ilə evin həyətindən sağ tərəfdə yerləşən anbar kimi istifadə olunan yerdəki taxta dolabın altında gizlətdiyi bir ədəd ağ rəngli torbanı təqdim etmişdir. Həmin torbanın içindən bir bükümdə psixotrop maddə metamfetaminə bənzər, dörd bükümdə narkotik vasitə heroinə bənzər, bir bükümdə tiryəkə bənzər, iki bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 1070 ədəd «Metadon» həbinə bənzər kütlələr və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin maddələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Evin digər hissələrinə baxış keçirilsə də, əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və tədbirin nətcələrinə dair protokol tərtib edilmişdir. İştirakçılar protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə-bioloji ekspertizasının 7 may 2022-ci il tarixli, 7/449 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi...» yazılar və imzalar olan bir ədəd ağ rəngli sintetik torbadakı iki ədəd üzəri skoçla bağlanmış sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 1000,0 qram, 840,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi 1840,0 qramdır. Təqdim olunmuş iki ədəd bağlamada olan marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitə hissəcikləri yoxdur. Qeyd: Marixuanaların ümumi çəkisi - 1840,0 qram (1-2 N-li ob), tədqiqata istifadə olundu cəmi -0,1 qram (hər obyektdən 0,05 qram), qalıq - 1839,9 qram. Materialların məhkəmə ekspertizasının 7 may 2022-ci il tarixli, 6/2630 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..» və s. yazılar, imzalar olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 826 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs ...ünvandan...» və s. yazılar, imzalar olan torbada dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 950 qram, 1000 qram, 940 qram, ümumi təmiz çəkiləri 3890 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 835 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, bir ədəd bükümdə təmiz çəkisi 1040 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 1070 ədəd dərman tabletinin tərkibində ümumilikdə 42,8 qram metadon maddəsi müəyyən edildi. Bir ədəd gümüşü korpuslu elektron tərəzinin səthində metamfetaminin izləri müəyyən edildi. Tərəzinin səthində metamfetamin iz şəklində olduğundan təmiz çəkilərinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən yaşadığı ünvandan aşkar edilmiş heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 4716 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq - 4715,8 qram. Tiryəkin təmiz çəkisi - 835 qram, tədqiqata sərf edildi - 0,1 qr, qalıq - 834,9 qr. Metamfetaminin təmiz çəkisi - 1040 qr, tədqiqata sərf edildi - 0,1 qr, qalıq 1039,9 qr. Metadon tabletlərinin ümumi 1070 ədəd. Tədqiqata sərf edildi - 10 ədəd, qalıq - 1060 ədəd. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 iyun 2022-ci il tarixli 3368 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən periodik istifadə etmə halları olub. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşin 29-32, 36-39-cu vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması haqqında və evə baxış keçirilməsi və götürmə aparılması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 7 may 2022-ci il tarixdə saat 2:40-da ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nə dəvət olunub şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli gödəkçəsinin sol yan iç cibində olan bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 7 may 2022-ci il tarixdə saat 5:30-dan etibarən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə ünvan 1 ünvana baxış keçirilən zaman evin həyətindən sağ tərəfdə yerləşən anbar kimi istifadə olunan yerdəki dolabın altında gizlətdiyi bir ədəd ağ rəngli torbanın içərisindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər, dörd ədəd bükümdə narkotik vasitə heroinə bənzər, bir ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər, iki ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 1070 ədəd narkotik vasitə metadon həbinə bənzər və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin 190-192-ci vərəqlərindəki qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələrin mənbəyinin müəyyən edilməsi üçün ********* saylı cinayət işinin materiallarından 4 iyul 2022-ci il tarixdə ********* nömrəli cinayət işi ayrılmışdır. İşin 119-121-ci vərəqlərindəki qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 4715,8 qram çəkidə narkotik vasitə heroin, 834,9 qram çəkidə narkotik vasitə tiryək, 1039,9 qram çəkidə psixotrop maddə metamfetamin, 1839,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1060 ədəd metadon həbi və üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nə təhvl verilmişdir. İşin 178-188-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması və yaşadığı evə baxış keçirilməsi və götürmə aparılması zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 2 (iki) ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 174-175-ci vərəqələrindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 20-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 7 may 2022-ci il taridə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bildi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin faktiki halları ilə təkzib olunduğundan, məhkəmə ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməlləri Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Vətən Müharibəsi iştirakçısı olmaqla medallarla təltif edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CMnin 66.3-cü madəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 7 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 4715,8 qram narkotik vasitə heroin, 834,9 qram narkotik vasitə tiryək, 1039,9 qram psixotrop maddə metamfetamin, 1839,9 qram narkotik vasitə qurudulmuş marixuana, 1060 ədəd metadon həbi və üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 182 (yüz səksən iki) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, 234.4.1 və 234.4.3-cü maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 7 may 2022ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 4715,8 qram narkotik vasitə heroin, 834,9 qram narkotik vasitə tiryək, 1039,9 qram psixotrop maddə metamfetamin, 1839,9 qram narkotik vasitə qurudulmuş marixuana, 1060 ədəd metadon həbi və üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 182 (yüz səksən iki) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar