Məhkəmə qərarları › İş №1(101)-152/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-152/2021

09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-152/2021 09.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi1 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 1986-cı il dekabrın 28-də Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məcburi köçkün, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, Füzuli rayonunun Musabəyli kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, «Yaşıl Dərə» yeni yaşayış massivi, məhəllə 2 «a» ünvanındakı fərdi yaşayış evində yaşayan, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1., 218.2.-ci və 12.1., 279.1.-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının digər vətəndaşları ilə birlikdə ümumi cinayətkar niyyətlər əsasında birləşməklə Suriya Ərəb Respublikasının ərazisində yaradılmış «İŞİD» (X16 Dövləti) adlı cinayətkar birliyin (təşkilatın) tərkibindəki həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə 2013-cü il dekabrın 03-də Gəncə-İstanbul aviareysi ilə Türkiyə Respublikasının İstanbul şəhərinə, oradan isə şəxsiyyəti istintaqa məlum olmayan «Ammar» ləqəbli şəxsin köməkliyi ilə Suriya Ərəb Respublikasının Atma vilayətinə getmiş, 2013-cü il dekabrın əvvəllərindən etibarən Azərbaycan Respublikasının hüdudlarından kənarda, Suriya Ərəb Respublikasının ərazisində «Xalid dayı» ləqəbli Azərbaycan Respublikasının vətəndaşı X7 yaratdığı və rəhbərlik etdiyi qanunsuz silahlı birləşmənin tərkibinə daxil olaraq sonuncunun tapşırığı ilə ona təhkim olunmuş «Kalaşnikov» markalı avtomatdan istifadə edib qanunsuz silahlı birləşmənin yerləşdiyi ərazidə silahlı mühafizəni yerinə yetirməklə qeyd olunan cinayətkar birliyin (təşkilatın) fəaliyyətində qəsdən iştirak etmiş, 2014-cü il fevralın əvvəllərində qanunsuz silahlı birləşməni tərk edərək 2014-cü il fevralın 20-də «Şıxlı» sərhəd-nəzarət buraxılış məntəqəsindən keçib Azərbaycan Respublikasına geri qayıtmış, Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan göstərilən əməllərə görə xarici dövlətlərdə məhkum olunmamışdır. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 12.1., 218.2.-ci və 12.1., 279.1.-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməklə ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhərindəki «Yaşıl Dərə» yeni yaşayış massivində yaşayır. Suriya Ərəb Respublikasına bir həftə, on günlük getmiş, orada vuruşmamışdır. Suriyada döyüş getdiyini eşitsə də bilavasitə şahidi olmamış, müsəlmanların imdadına çatmaq üçün getmişdir. Onun silahı olmamış, silahlı birləşmələrdə və mühafizədə iştirak etməmiş, Türkiyə Respublikasının İstanbul şəhərində 1-2 gün qalmışdır. Onu ərəblə türk tanış etmişdir, İstanbul şəhərindən getdiyi Hatay şəhərində 3-4 gün olduqdan sonra həmin şəxslə piyada şəkildə Suriya Ərəb Respublikasına keçərək Atma şəhərindəki sonuncunun ailəsi ilə yaşadığı evdə qalmışlar. O, daha heç yerə getməmiş, ərəb onunla başqa cür danışdığı üçün sonuncunun cibindən 100 ABŞ dolları pul götürüb gəldiyi yolla İstanbul şəhərinə çatmış, 10-12 gün ötmüş, yəni 2014-cü il fevralın 20-də Bakıya qayıtmışdır. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, onun böyük övladı Təqsirləndirilən şəxs 2012-ci ildən islam dininin əhli-sünnə təriqəti üzrə ibadət etməyə başlamışdır. 2013-cü il dekabr ayının əvvəllərində Elçin ona sürücü işləmək üçün Rusiya Federasiyasına gedəcəyini demiş, sonradan dost-tanış arasında gəzdiyi söz-söhbətdən X15 Respublikasına getməklə orada qanunsuz silahlı birləşməyə qoşulmasını eşitmişdir. Bu xəbər ona çox pis təsir etmiş, Elçinlə getdikdən sonra ilk dəfə 2014-ci il fevral ayının ortalarında telefonla danışmış, sonuncu ona artıq Türkiyədə olduğunu, yaxın vaxtlarda geri dönəcəyini bildirmişdir. İş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhərinin sakini kimi birgə məşq etdikləri idman zalında tanımış, üzüzə gələndə salamlaşmış və bundan başqa heç bir münasibətləri olmamışdır. O, 2013-cü ilin axırlarnda – 2014-cü ilin əvvəllərində dörd ay ərzində Türkiyə yolu ilə qanunsuz şəkildə keçdiyi Suriya Ərəb Respublikasının müxtəlif şəhərlərində olmuş, onun kimi müsəlmanlara kömək edən əmisi oğlunu görmək üçün yolüstü Haritan şəhərinə getmiş, döyüşlərdə iştirak etməmiş, Elçini Suriyada görməmişdir. İş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində tibb bacısı köməkçisi vəzifəsində işləyərkən tanımış, sonuncunun islam dininin əhli-sünnə təriqəti üzrə dinə etiqad etdiyini bilmiş, əvvəllər münasibətləri yaxşı olsa da sonralar əlaqələri itmişdir. Söhbət əsnasında Elçin ona 2013cü ilin sonlarında – 2014-cü ilin əvvəllərində Suriya Ərəb Respublikası ərazisində olduğunu demiş, o, sonuncudan nə üçün getdiyini və orada nə işlə məşğul olduğunu soruşmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmada verdiyi ilkin izahatda, şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən Azərbaycan Respublikasının CM-nin 12.1., 218.2.-ci və 12.1., 279.1.-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib 2012-ci ildən islam dininin əhli-sünnə təriqəti üzrə ibadət etməyə başladığını, Suriyada baş verən prosesləri müntəzəm izlədiyi «Youtube» portalındakı video çarxlarda Bəşər Əsədin tərəfdarları tərəfindən İslam Dövləti üzvlərinin incidildiyini gördüyünü, bu hadisələrdən təsirlənməklə «Odnoklassniki.ru» saytından «Xalid dayı» ləqəbli X8 müraciət edərək sonuncuya Suriyaya gedib müsəlmanlara haqsızlıq edənlərə qarşı cihad etmək fikrində olduğunu bildirdikdə Rövşənin ona «Ammar» və «Abu Sabr» dini ləqəbli şəxslərin mobil nömrələrini verməklə Türkiyənin İstanbul şəhərinə getməyi tapşırdığını, 2013-cü il dekabrın əvvəllərində Gəncə şəhərindən İstanbula uçaraq «Ammar» ləqəbli şəxslə əlaqə saxladığını, iki gün sonuncunun evində qalıb əlaqə yaratdığı «Abu Sabr» ilə bərabər Türkiyənin Hatay şəhərinə getdiyini, onları milliyyətcə türk olan qaçaqçının qarşılamaqla Suriyanın Atma şəhərinə keçirdiyini, onları adını bilmədiyi bir nəfər ərəb milliyyətli şəxsin qarşılayaraq özünün idarə etdiyi avtomobillə Suriyanın Haritan şəhərinə apardığını, orada «Xalid dayı»nın rəhbərlik etdiyi camaatın olduğu yerə gəldiyini, sonuncunun onu qarşılayıb gətirdiyi evdə onunla 10-15 nəfər azərbaycanlının, o cümlədən Sumqayıt şəhərindən tanıdığı, dini ləqəbi «Abdurrahman» olan Rəhman adlı bir şəxsin qaldıqlarını, yerləşdikdən sonra «Xalid dayı»nın verdiyi sualları cavablandırmaqla hərbi xidməti milli orduda keçərək silahdan istifadə edə bildiyini söylədiyini, sonuncunun tapşırığı ilə ona «Kalaşnikov» markalı avtomat təhkim olunduğunu, evin qarşısına hər gün 2-3 dəfə iki saatlıq silahlı mühafizəyə çıxdığını, təxminən 45 gün göstərilən yerdə yaşayıb «Xalid dayı»ya Türkiyəyə getməli olduğunu dediyini, bunun üçün sonuncunun ona 200 ABŞ dolları verdiyini, qayıdacağına söz versə də əslində məqsədinin oranı tərk etmək olduğunu, Haritan şəhərindəki «Azəri Camaatı»ndan olan silahlı birləşmədə əsl islamın yaşanmadığını, üzvü olduğu camaatın tabe olduğu «İŞİD»in qəddar işlər gördüyünün şahidi olduğunu, Atma şəhərinə gəlməklə «Azəri Camaatı»nın kompakt yaşadığı yerdə qalmağa başladığını, 10 gün ötmüş qaçaq yolla Türkiyəyə keçərək İstanbul şəhərində təqribən 20 gün qaldığını, iş tapa bilmədiyindən avtobusla Gürcüstanın ərazisindən keçib ölkəyə qayıtdığını göstərmişdir (1ci cild, iş vərəqi 10-11, 32-34 və 54-56). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid1 şahid qismində dindirilərkən övladı Təqsirləndirilən şəxs təxminən 2014-cü ilin sonlarına yaxın evə geri qayıtdığını, təfərrüatlı danışmasalar da oğlu Azərbaycanda olmadığı müddətdə Türkiyəyə gedərək oradan Suriyaya daxil olub qanunsuz silahlı birləşməyə qoşulduğunu, lakin sonradan peşman olmaqla geri döndüyünü bildirmişdir (1-ci cild, iş vərəqi 66-67). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid2 şahid qismində dindirilərkən Suriya Ərəb Respublikasındakı «Abu Yahya» dini ləqəbli Nicat Aşurovun rəhbərlik etdiyi camaatında olduğu zaman «Xalid dayı» dini ləqəbli X7 camaatına qonaq qismində gedəndə Təqsirləndirilən şəxs həmin camaatının üzvü olduğunu bildiyini, X12 şəhərində cəmi bir dəfə hərbi geyimdə, sonuncuya «Kalaşnikov» markalı avtomat təhkim olunmuş halda gördüyünü, Elçinin döyüşlərdə iştirak edib-etməməsi barədə məlumatı olmasa da sonuncunun postlarda, silahlı mühafizədə iştirak etdiyini göstərmişdir (1-ci cild, iş vərəqi 41-42). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin tərtib etdiyi 2019-cu il 08 oktyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00-da Azərbaycan Respublikasının CM-nin 12.1., 218.2.-ci və 12.1., 279.1.-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 26). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin 2019-cu il 09 oktyabr tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 12.1., 218.2.-ci və 12.1., 279.1.-ci maddələri ilə Təqsirləndirilən şəxs göstərilən maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 46- 47). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2019-cu il 09 oktyabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 12.1., 218.2.-ci və 12.1., 279.1.-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2019-cu il oktyabrın 08-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1ci cild, iş vərəqi 64-65). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2019-cu il oktyabrın 10-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 73). İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixatriya Xəstəxanasının 2019-cu il 16 oktyabr tarixli 7359 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmamışdır (1-ci cild, iş vərəqi 89). İş materiallarındakı Təqsirləndirilən şəxs 2019-cu il 22 oktyabr tarixli ərizəsindən və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin tərtib etdiyi 2019-cu il 23 oktyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılığı ilə keçirilən Sumqayıt şəhəri, «Yaşıl Dərə» massivi, fərdi yaşayış evində axtarış zamanı iş üçün əhəmiyyətli hər hansı əşya və sənəd aşkar olunmamış, sonuncunun təqdim etdiyi bir ədəd «HTC» markalı mobil telefon götürülmüşdür (1-ci cild, iş vərəqi 99 və 101-104). İş materiallarındakı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin tərtib etdiyi 2019-cu il 23 oktyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsindəki bir ədəd həssas təzyiqlə (sensorlu) çalışmaqla «Android» əməliyyat sistemi ilə təchiz edilən, sınmış vəziyyətdə olan «HTC» markalı, «Desire 601» modelli, «**********81226» imei kodlu mobil telefona baxış keçirilərkən iş üçün əhəmiyyətli hər hansı məlumat aşkar edilməmişdir (1-ci cild, iş vərəqi 105). İş materiallarındakı Sumqayıt Bələdiyyəsi Yeni yaşayış massivi 2 «a» məhəllə üzrə 1 saylı Məhəllə Komitəsinin tərtib etdiyi 2019-cu il 21 oktyabr tarixli 80 nömrəli və 2019-cu il 21 oktyabr tarixli 81 nömrəli arayışlardan, habelə xasiyyətnamədən görünür ki, Sumqayıt şəhəri, «Yaşıl Dərə» yeni yaşayış yassivi 2 «a» ünvanında ailə üzvləri ilə birlikdə yaşayan Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 120- 122). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin tərtib etdiyi 2019-cu il 30 oktyabr tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilən fotoşəkillərdəki şəxslərdən heç birinin ifadəsində göstərdiyi «Ceyhun» və «Rəhman» adlı şəxslər olmadıqlarını bildirmiş, fotocədvəllərin kserosurətləri protokollara əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 174-176 və 178-180). İş materiallarındakı «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2019-cu il 06 noyabr tarixli 30466 nömrəli məktubundan və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin tərtib etdiyi 2019-cu il 07 noyabr tarixli protokoldan, eləcə də «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2019-cu il 15 noyabr tarixli BKC/LCL-21254/19 nömrəli məktubundan və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin tərtib etdiyi 2019-cu il 21 noyabr tarixli protokoldan müvafiq qaydada görünür ki, Təqsirləndirilən şəxs «Azercell» və mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrəsi, «Bakcell» mobil operatoruna məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri ilə 2017-ci il yanvarın 01-dən 2019-cu il oktyabrın 08-dək müddət ərzində müxtəlif nömrələr arasında daxil və xaric olan zənglərin əks olunduğu materiallara baxış vaxtı iş üçün əhəmiyyətli hər hansı məlumat aşkar olunmamışdır (1-ci cild, iş vərəqi 194-196 və 205-207). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair 2019-cu il 28 oktyabr tarixli 628 nömrəli ekspert rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir (1-ci cild, iş vərəqi 198-199). İş materiallarındakı Respublika Narkoloji Mərkəzinin tərtib etdiyi 2019-cu il 06 noyabr tarixli xx/xx-10664 nömrəli istehsalat xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 2019-cu il yanvarın 05-dən 2019-cu il sentyabrın 10-dək mərkəzdə İ şöbənin xəstələrə qulluq edən kiçik tibb qardaşı vəzifəsində işlədiyi müddətdə nizam-intizam qaydalarına riayət etmiş, öz işinə tələbkarlıqla yanaşmış, xəstələrlə nəzakətlə davranmış, intizam pozuntularına yol vermədiyindən müdiriyyət tərəfindən xəbərdarlıq və töhmət almamışdır (1-ci cild, iş vərəqi 202). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 ambulator məhkəmə-psixiatrik ekspertizasına dair 2019-cu il 22 oktyabr tarixli 2115 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməməklə ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild, iş vərəqi 209-210). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kompüter-texniki ekspertizasına dair 2019-cu il 27 noyabr tarixli 27673 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunan həssas təzyiqlə (sensorlu) çalışmaqla «Android» əməliyyat sistemi ilə təchiz olunan, «HTC» markalı, «Desire 601» modelli, «**********81226» imei kodlu mobil telefon işlək vəziyyətdə deyildir; ekspertiza tədqiqatının dəyəri 59 manat 94 qəpikdir (1-ci cild, iş vərəqi 229-231). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin sübutların qiymətləndirilməsi haqqında 2020-ci il 06 mart tarixli, habelə 2020-ci il 07 mart tarixli və 2020-ci il 10 mart tarixli qərarlarından görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 12.1., 218.2.-ci və 12.1., 279.1.-ci maddələri ilə yenidən ittiham elan olunmuş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 12.3. ,214.2.1.-ci, 12.3., 214.2.3.-cü və 12.3., 214-3.-cü maddələri ilə aparılan cinayət təqibinə xitam verilmiş, cinayət işindən Azərbaycan Respublikasının vətəndaşları «Xalid» dini ləqəbli X10, «Abdurrahman» dini ləqəbli X4, həmçinin X5, eləcə də şəxsiyyətləri istintaqa «Ammar» və «Abu Sabr» dini ləqəbli şəxslər kimi məlum olan şəxslər barəsində Azərbaycan Respublikasının CM-nin 12.1., 218.2.-ci və 12.1., 279.1.-ci maddələri ilə cinayət işi ayrılmışdır (1-ci cild, iş vərəqi 254-262, 265-266 və 275-276). İş materillarında olan 2020-ci il 11 mart və 2021-ci il 09 aprel tarixli hesabatlardan görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaqı zamanı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri X6 və X13 tərəfindən müvafiq qaydada 90 saat və 100 saat, məhkəmədə Bakı şəhəri «Verdiktum» vəkil bürosunun saylı vəkili Müdafiəçi1 tərəfindən 72 iş saatı müddətində həyata keçirilmişdir (1-ci cild, iş vərəqi 286-287 və 2-ci cild, sair iş vərəqi). Məhkəməyə təqdim olunan Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin AA seriyalı 340282 №-li məcburi köçkün vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkündür. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 12.1., 218.2.-ci və 12.1., 279.1.-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 12.1., 218.2.-ci və 12.1., 279.1.-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, özünün ibtidai araşdırmada verdiyi ilkin izahat, şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən tam etirafedici ifadələr, verdiyi istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, habelə iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs ilk məhkumluğunu, məcburi köçkün olmasını, yaşayış və iş yerləri üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 59 manat 94 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılan bir ədəd həssas təzyiqlə (sensorlu) çalışmaqla «Android» əməliyyat sistemi ilə təchiz olunan, sınmış vəziyyətdə olan «HTC» markalı, «Desire 601» modelli, «**********81226» imei kodlu mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X3 və X11 vəkil işlədikləri Bakı şəhəri 12 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) müvafiq qaydada 540 manat və 600 manat, Müdafiəçi1 vəkil işlədiyi «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 432 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2019-cu il oktyabrın 08-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 12.1., 218.2.-ci maddəsi ilə təsirli bilinib 08 (səkkiz) il, Azərbaycan Respublikasının CM-nin 12.1., 279.1.-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 2019-cu il oktyabrın 08-dən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 59 manat 94 Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X3 və X11 vəkil işlədikləri Bakı şəhəri 12 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) müvafiq qaydada 540 manat və 600 manat, Müdafiəçi1 vəkil işlədiyi «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 432 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılan bir ədəd həssas təzyiqlə (sensorlu) çalışmaqla «Android» əməliyyat sistemi ilə təchiz olunan, sınmış vəziyyətdə olan «HTC» markalı, «Desire 601» modelli, «**********81226» imei kodlu mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar