Məhkəmə qərarları › İş №1(101)-1520/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1520/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1520/2024 21.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının və X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 09 noyabr 2023-cü il tarixdə saat 17 radələrində ünvan 2 ünvanında yerləşən yarımtikilidə tanışı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı üzərində olan istintaqla müəyyən edilməmiş bıçaqla sonuncunun sinə və qarın nahiyəsindən vuraraq, ona döş qəfəsi nahiyəsinin sağ yarısının daxilə - döş boşluğuna keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər, qarın nahiyəsinin ön divarının sol yarısından daxilə - qarın boşluğuna keçən, dalağın yaralanması, mədənin mənfəzinə keçən kəsilmiş-deşilmiş yarası, qastrokolikumun zədələnməsi və daxili qanaxma ilə qeyd olunan bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yarasından ibarət ümumilikdə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə birlikdə 5 il ərzində “Babək Plaza” adlanan ərazinin arxasında uçulmuş, sökülmüş yerlərdə qalıb birlikdə o ərazidə plastmas yığıb dolanırmışlar. Tofiq həm də orada maşın yuma məntqəsində işləmiş və ailəsi ilə birgə o ətrafda kirayədə qalmışdır. Oktyabr ayında Tofiqin həyat yoldaşının vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya aparılmış, o, Tofiqə borca 500 manat pul vermiş, hətta xəstəyə qan lazım olduğu üçün o, qan da vermişdir. Hadisə günü o, Tofiqdən pulunu tələb etməyə başlamışdır. Tofiq ona zəng vuraraq, nalayiq ifadələr işlətməklə təhqir etmiş və hədələyərək onu bıçaqlayıb dəlmə-deşik edəcəyini demişdir. Bundan sonra o, qaldığı yerə gələrək, özünü qorumaq üçün stolun üstündəki çörək bıçağını götürüb getmişdir. Həmin günü çoxlu içki qəbul etmiş və Tofiqin onun ünvanına işlətdiyi nalayiq ifadələr ona pis təsir etmişdir. Qarşılaşdığı zamanı yenə nalayiq ifadələrlə onu təhqir edərək əgər Tofiqi vurmasa sonuncunun onu vuracağını söyləmişdir. Yadında qalan odur ki, o, əlində olan bıçaqla Tofiqin qarın nahiyəsinə vurmuş və bıçaq əlindən düşmüşdür. Bu zaman Tofiq “mənə elə bu lazım idi, sənə olan borcumu qaytarmayacağam” demişdir. Dərhal sonra o, “Araz” marketin mühafizəçisinə təcili yardım çağırmasını demişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs özünün alkoqol aludəçisi olduğunu, buna gorə də bir neçə dəfə müalicə aldığını, Tofiqin işlətdiyi nalayiq ifadələrin onun ağlını başından aldığını, sonuncunu vurmaq niyyətində olmadığını, sadəcə özünü qorumaq üçün bıçağı götürdüyünü, zərərçəkmişlə barışdığını bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla münasibəti yaxşı olmuşdur. Hadisə Xətai rayonu ərazisində baş vermişdir. Ruslan içkili halda ona zəng etmiş və onunla sərt danışmış, nalayiq ifadələr, söyüşlər işlətmişdir. O, Ruslana bu cür danışmamasını, nalayiq ifadələr istifadə etməməsini demişdir. Hadisə vaxtı Ruslan onun üzərinə bıçaqla gəlmiş və ona iki yerdən bıçaq zərbəsi vurmuşdur. Daha sonra o, xəstəxanaya getmiş və orada əməliyyat olunmuşdur. Təxminən 2000 manatdan çox xərci çıxmışdır. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, onu bıçaqladıqdan sonra Ruslana “mənə də elə bu lazım idi” ifadəsi işlətmədiyini, Ruslana borcu olduğunu, həmin pulu xəstəxanada müalicəsinə verdiyini bildirdi. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını və ona vurulan ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ruslanla neçə ildir ki, bir-birilərini tanıyırlar. Hadisə günü o, evdə olarkən Tofiq ona zəng edərək Ruslanın onu bıçaqladığını, xəstəxanaya gəlməsini demişdir. O, inanmamış, Ruslana zəng etmiş, lakin sonuncu zəngə cavab verməmişdir. O, yolda olarkən Ruslan zəng zəng edərək Tofiqi bıçaqladığını demişdir. Ruslan Tofiqin ona nalayiq söyüş söydüyü səbəbindən bıçaqladığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, mühafizəçi işləyir, hadisə vaxtı da işdə olmuşdur. Bu vaxt Ruslan da onun iş yerinin yaxınlığında olmuşdur. Hadisədən sonra Ruslanın əlində daşla qaçdığını görmüşdür. Tofiq də qışqıraqışqıra qaçırmış. Sonradan Tofiqdən qan gəldiyini görmüşdür. Daha sonra təcili tibbi yardım gəlmişdir. Tofiqi Ruslan vurubmuş. Hadisənin səbəbi ilə maraqlanmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə DİN-nin 102 Xidmətinə daxil olmuş məlumatdan görünür ki, Xətai rayonunda yerləşən “Babək Plaza”nın arxasında Zərərçəkmiş şəxs Ruslan adlı şəxs tərəfindən bıçaqlanması bildirilir (cild 1, iş vərəqi 5). - sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müayinədən keçirilmiş və onda orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 7). - Xətai rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, həmin tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında qeydiyyatda olan, xx xxxxxx 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs müstəntiqə təqdim olunmuşdur (cild 1, iş vərəqi 10). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır (cild 1, iş vərəqi 34). - götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd mayka Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzindən götürülmüşdür (cild 1, iş vərəqi 43-44). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqi 45-46). - Xətai rayon Polis İdarəsinin 37-ci Polis bölməsinin xx.xx.2013-cü il tarixli məktubundan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi bıçağı aşkar etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 97). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1408 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - qarın nahiyəsinin ön divarının sol yarısından daxilə - qarın boşluğuna keçən, dalağın yaralanması, mədənin mənfəzinə keçən kəsilmiş-deşilmiş yarası, qastrokolikumun zədələnməsi və daxili qanaxma ilə qeyd olunan bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yara, döş qəfəsi nahiyəsinin sağ yarısından daxilə - döş boşluğuna keçməyən bir ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın (əşyaların) təsirində törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixinin kserosurətində qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən deşici-kəsici əşya (əşyalar), ola bilsin bıçaqla (bıçaqlarla) yetirilə bilərdilər, qeyd olunan xəsarətlərdən qarın nahiyəsinin ön divarının sol yarısından daxilə - qarın boşluğuna keçən dalağın yaralanması, mədənin mənfəzinə keçən kəsilmiş-deşilmiş yarası, qastrokolikumun zədələnməsi və daxili qanaxma ilə qeyd olunan bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, döş qəfəsi nahiyəsinin sağ yarısının daxilə - döş boşluğuna keçməyən bir ədəd deşilmiş-kəsilmiş yara isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 1, iş vərəqi 98-101). - məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 583/2023-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön hissəsində solda 01 (bir) ədəd, ön hissəsində ortada 01 (bir) ədəd deşilmişkəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgüclü və küpü olan yastı tiyə tipli deşici-kəsici alət (alətlərin) tiyəsinin təsirindən əmələ gəlmişlər (cild 1, iş vərəqi 105-108). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3236 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona istintad edilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqi 102-104). - təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yerinə çıxarılarkən Təqsirləndirilən şəxs törədilmiş cinayətin halları barədə istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisə yeri olan ünvan 2 ünvanında yerləşən yarımtikilini göstərib, hadisənin necə baş verməsini əyani təsvir etmişdir (cild 1, iş vərəqi 116-118). - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs bir daha istintaqa verdiyi ifadəsini təsdiqləyərək, Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs da, Zərərçəkmiş şəxs dediklərini qismən təsdiqləyərək, Zərərçəkmiş şəxs ona olan borcunu verməkdən imtina etdiyi üçün aralarında yaranmış mübahisə zamanı sonuncunu vuraraq xəsarət yetirdiyini bildirmiş, həmçinin Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs söydüyünü etiraf etmişdir (cild 1, iş vərəqi 119-120). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd mayka iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 121-128, 147). Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda göstərilən sübutları geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində qeyd edilən cinayət əməlini törətməsi cinayət işi üzə olan sübutların məcmusu, həmçinin işin faktiki halları ilə tam sübuta yetirilir, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli əfv sərəncamına əsasən cəzadan azad edilmişdir (cild 1, iş vərəqi 79-80, 81-87, 88-89). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəzadan azad edildiyi gündən altı ildən çox vaxt keçdiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan, məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 09 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 noyabr 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 21, 63-64). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı tutulduğu 09 noyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd mayka təyinatını itirdiyindən məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 09 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd mayka məhv edilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar