Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1522/2022 31.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Xəzər Konsaltinq” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamış və daşımışdır. Belə k, o, 2022-ci ilin mart ayının əvəllərində naməlum mənbədən satış məqsədilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda 773,29 qram qurudulmuş marixuananı əldə etdikdən sonra xx.xx.2022-ci ildə 3 ədəd şəffaf sellofan kəsiyindən hazırlanmış kiçik bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 3,405 qram, 5,653 qram və 3,440 qram, ümumi təmiz çəkiləri şəxsi istehlak miqdarından artıq olan 12,498 qram marixuananı Nərimanov rayonu ərazisində «Dostlar» kafesində tanışı Şahid1 pay vermiş, qalan külli miqdarda 760,792 qram marixuananı yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Daş karxanası 626 ünvanında yerləşən evinə daşıyıb saxlamış və 13 aprel 2022-ci ildə saat 17 radələrində həmin qurudulmuş marixuanadan hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 5,625 qram, 4,907 qram və 5.260 qram cəmi 15,792 qramı 3 ədəd sellofandan kiçik bağlamalarda götürüb satış məqsədilə özu ilə daşımış və evinin qarşısında Şahid1lə görüşərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 17:45-də həmin ünvanda hər ikisi saxlanılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, saat 19:50-də şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli üst geyiminin sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 5,625 qram, 4,907 qram və 5.260 qram olmaqla 3 ədəd sellofandan kiçik bağlamalarda cəmi 15,792 qram, yaşadığı evə baxış keçirilərkən dolabın içərisində bir ədəd plastik qabda 745 qram Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində götərmişdir ki, o, narkotik vasitə olan marixuanadan istifadə edir. O, 2022-ci ilin mart ayının 10-da Nərimanov rayonu ərazisində yerləşən «Araz» marketdə fəhlə vəzifəsində işləməyə başlamışdır. Həmin ayın 11-də marketin yaxınlığında olan məişət tullantıları qablarına marketin tullantılarını atarkən qabda idman çantası olduğunu görmüşdür. O, həmin çantanı oradan götürüb açanda içərisində bitki mənşəli kütlə olduğunu görmüşdür. O, narkotik vasitələrdən marixuana istifadə etdiyi üçün həmin kütlənin marxiuana olmasını başa düşmüşdür. Çantada olan narkotiki işlədiyi «Araz» marketə apara bilmədiyindən yoldan keçən tanışı, həmin ərazidə kafedə ofisiant işləyən Şahid1 görüb onu yanına çağırmış və çantanı Cəsarətə verərək şəxsi əşyaları olduğunu və marketə çanta ilə buraxmadıqlarını bildirib Cəsarətdən iş yerinə aparıb saxlamağını, işdən sonra ondan götürəcəyini xahiş etmişdir. Cəsarət razılaşmış və çantada nə olmasını bilmədən çantanı iş yerinə aparmışdır. Səhərsi gün o, Cəsarətin işlədiyi, həm də qaldığı kafeyə gəlmiş və çantanı götürəndə açıb oradan 4 ədəd sellofan bağlamalarda olan marixuananı Cəsarətə pay kimi vermişdir. Cəsarət istifadə etmədiyi üçün götürmək istəmədiyini bildirsə də, o, 4 bükümü Cəsarətə vermişdir. Marixuana ilə olan çantanı evinə gətirmiş və çanta pis qoxu verdiyindən marixuananı plastikdən düyü qabına qablaşdırıb hissə-hissə istifadə etmək üçün özüylə götürmüşdür. Çantanın içində marixuana həm açıq vəziyyətdə, həm də sellofan bağlamalarda olmuşdur. xx.xx.2022-ci il tarixdə evdən çıxanda 3 polietilendən olan bağlamada marixuananı özü üçün istifadə etmək məqsədilə götürmüş və evdən çıxmışdır. Evin yaxınlığında təsadüfən Cəsarəti görmüş və söhbət edərkən ona tanımadığı şəxslər yaxınlaşaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Ona və Cəsarətə özlərini təqdim etmələrini bildirmişlər. Cəsarətlə o, özünü təqdim etdikdən sonra, onlara narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dair məlumat daxil olması ilə bağlı Baş Narkotiklərlə Mübarizə idarəsinə getməli olduqlarını bildirmişlər. Onlar etiraz etməyib onlarla polis idarəsinə getmişlər. Orada təhqiqatçı vəkil dəvət etmiş və hər ikisinin üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı təhqiqatçının təklifi ilə şalvarının sağ yan cibindən 140 manatı, 2 ədəd tibbi maskanı, evin açarlarını, 3 sellofandan olan bağlamaları, 1 ədəd alışqanı çıxarıb təqdim etmişdir. Öz üzərindən aşkar olunmuş bağlamalar açılmış və hər birində tapdığı narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotiki haradan əldə etdiyi soruşulduqda, o, məişət tullantıları qabından tapdığını, bir hissəsini evdə öz istifadəsi üçün saxladığını, 3 bükümü özüylə istifadə etmək üçün götürdüyünü, bir hissəsini isə Cəsarətə verdiyini bildirmişdir. Bundan sonra Cəsarətin üstündə şəxsi axtarış aparılmış və Cəsarət də üzərində olan 3 ədəd bağlamadakı narkotik vasitələri təqdim etmişdir. Ondan və Cəsarətdən aşkar olunmuş narkotik vasitələr zərflərə qablaşdıdılmış, zərflər möhürlənmiş və onlar da imzalamışlar. Bundan sonra yaşadığı evə baxış keçirilmiş və evdə də dolabda plastik qabda saxladığı narkotik vasitəni polis əməkdaşlarına təhvil vermişdir. Həmin narkotik vasitə qablaşdırılmış, tərəzidə çəkilmiş və möhürlənmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız bir dəfə Cəsarətə bir neçə bağlama marixuana pay vermişdir. Əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, işlədiy marketin tullantılarını atarkən zibil qabında çanta olduğunu görmüş, həmin çanta təzə olduğu üçün ona maraqlı gəlmiş, götürüb açanda içərisində narkotik vasitə marixuana oldğunu görmüşdür. O, narkotik vasitəni Cəsarətə pay vermiş, satmamışdır. Sonradan o, İstintaq Təcridxanasında eşitmişdir ki, narkotik vasitəni kimsə harasa qoyur və alıcıya həmin yerin şəklini göndərir. Belə başa düşmüşdür ki, həmin çantanı kimsə gəlib götürməli imiş, o, götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin BNMİ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci ildə Şahid1 Təqsirləndirilən şəxs ilə əlbir olaraq narkotik vasitələri satış niyyəti ilə əldə edib saxlamalarına dair məlumat daxil olmuşdur. Həmin məlumatla əlaqədar göstərilən şəxslərin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə alınmış və Baş İdarə rəisinin əmri ilə əməliyyyat qrupu yaradılmış, əməliyyat qrupunun rəhbəri o, olmuşdur. Əməliyyat qrupuna əməliyyat müvəkkilləri Şahid4 və Şahid3 daxil olmuşlar. Həmin gün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərara əsasən tədbirlərə başlanılmışdır. Saat 17:45 dəqiqədə Şahid1 və Təqsirləndirilən şəxs Nərimanov rayonu, Daş karxansı 626 nömrəli evin yaxınlığında saxlanılmışlar. Onlar özünü Elnurgilə təqdim etdikdən sonra, onlara da özlərini təqdim etmələri təklif olunmuşdur. Onlardan biri Şahid1, digəri isə Təqsirləndirilən şəxs olmalarını bildirmişlər. Onlara barələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dair daxil olmuş məlumatla əlaqədar, BNMİ-nə getməli olduqlarını bildirmişlər. Elnur və Cəsarət etiraz etməyib onlarla BNMİ-nə gəlmişlər. Orada Şahid1 və Təqsirləndirilən şəxs saxlanılması barədə məlumat verilmiş və araşdırmanın aparılması Təhqiqat qrupunun təhqiqatçısı Vüsal Həsənquliyevə tapşırılmışdır. Onların müdafiə hüquqlarının təmin olunması üçün müdafiəçi dəvət olunmuş, hüquqları izah edilib və prosessual sənədlər tərtib edildikdən sonra üstlərində videoçəkilişlə şəxsi axtarış aparılacağı barədə məlumat verilmişdir. İlk növbədə Şahid1 üzərində qanunla qadağan olunmuş əşyalar, narkotik vasitələr və digər əşyalar varsa təqdim olunması təklif edilmişdir. Şahid1 şalvarının sol yan cibindən 1 ədəd «Redmi» markalı mobil telefon, sağ arxa cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, sağ yan cibindən 2 ədəd və gödəkçəsinin sol iç cibindən 1 ədəd cəmi 3 ədəd sellofandan hazırlanmış kiçik bağlamaları masanın üzərinə qoymuşdur. Bundan sonra üstündə əlavə şəxsi axtarış aparılmış, lakin C. Şahgəldiyevin təqdim etdiyi əşyalardan başqa heç bir əşya aşkar olunmamışdır. Şahid1 təqdim etdiyi sellofandan hazırlanmış bağlamalar açılanda onların hər birində bitki mənşəli, spesifik iyli narkotikə oxşar kütlənin olması məlum olmuşdur. Bağlamalar elektron tərəzidə çəkilmiş və çəkisi cəmi 15 qram olmuşdur. Bağlamalar zərfə qablaşdırılmış, zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 aşkar olunmuş narkotikə oxşar bitki mənşəli kütlə ilə əlaqədar suallara cavab verərkən 3 ədəd sellofan bağlamalarda marixuana olmasını, həmin marixuananı mart ayının əvvəllərində Təqsirləndirilən şəxs ona verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlayanda, Elnur əynindəki qara rəngli şalvarının sağ yan cibindən 140 manatı, sol yan cibindən 2 ədəd tibbi maskanı, 1 ədəd kağız parçasını, qıfıl açarlarını, üst paltarının sağ yan cibindən isə 3 ədəd sellofandan hazırlanmış bağlamaları təqdim etmişdir. Əlavə axtarış zamanı təqdim etdiyi əşyalardan başqa əlavə əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofandan 3 ədəd bağlamalar açılmış və hər birində bitki mənşəli narkotikə oxşar kütlə aşkar olunmuşdur. Həmin bağlamalar zərfə qablaşdırılmış, zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra narkotikə oxşar bitki mənşəli kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 18 qram olması müəyyən edilmişdir. Qalan əşyalar Təqsirləndirilən şəxs qaytarılmışdır. Şahid1 aşkar olunmuş şəxsiyyət vəsiqəsi, mobil telefon iş üçün əhəmiyyətli ola biləcəyi nəzərə alınmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs da üstündəki 3 ədəd sellofan bağlamalarda olan bitki mənşəli kütlənin marixuana olmasını, məişət tullantıları qabından tapdığını, bir hissəsini Şahid1 verməsini, bir hissəsini özündə, bir hissəsini isə yaşadığı evində öz istifadəsi üçün saxladığını və təqdim edə biləcəyini bildirib, yaşadığı evə baxış keçirilməsinə icazə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə getmiş və videoçəkilişlə baxış və götürmə hərəkəti keçirilmişdir. Təhqiqatçı Elnura evdə saxladığı narkotik vasitəni verməyi təklif edəndə, Elnur evdəki dolabı açmış və içərisində saxlanılan polietilen torbada olan plastik qabı təqdim etmişdir. Həmin qabda da bitki mənşəli narkotikə oxşar kütlə olmuşdur. Evdən aşkar olunmuş bitki mənşəli kütlə ilə olan qab qablaşdırılmış və möhürlənmiş, tərəzidə çəkilərkən miqdarının 940 qram olması müəyyən edilmişdir. Bundan sonra İdarəyə qayıdaraq evə baxış barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid3 ifadələrindən görünür ki, sonuncular eyni məzmunlu ifadə verərək şahid Miryusif Seyidovun dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, o, 2022-ci ilin mart ayının 10-da mən işlədiyi kafedə olarkən kafedə olan müştərilərdən biri onun üçün araq almağını xahiş etdiyindən kafedən çıxıb yaxınlıqdakı «Araz» marketə getmişdir. «Araz» marketə çatmamış məişət tullantıları qablarının qarşısında marketdə işləyən Təqsirləndirilən şəxs görmüşdür. Elnur onu görüb yanına çağırmış, əlində olan idman çantasını göstərərək şəxsi əşyaları olduğunu, marketə aparmağa icazə vermədiklərini bildirmiş və xahiş etmişdir ki, aparıb işlədiyi kafedə saxlasın, işdən sonra və ya səhər gəlib aparacaq. O, razı olmuşdur. Araq almalı olduğu üçün Elnur onu məişət tullantıları qablarının yanında gözləmişdir. O, «Araz» marketdən müştəri üçün araq alıb Elnurun yanına qayıtmış, Elnurdan çantanı götürüb kafeyə aparmış və kafedə paltardəyişmə otağında saxlamış, lakin çantanın içinə baxmamışdır. Səhəri gün Elnur günorta saatlarında kafeyə gəlmişdir. O, çantanı Elnura verəndə, Elnur çantadan içərisində ot kütləsi olan 4 bükümü ona vermişdir. O, nə olduğunu soruşanda Elnur nəşə olduğunu bildirmişdir. Həmin vaxt o, bilmişdir ki, çantada narkotik olmuşdur. O, istifadə etmədiyini, ona lazım olmadığını bildirsə də Elnur bildirmişdir ki, qoy qalsın bəlkə dadına baxar. O, Elnurun verdiyi narkotiki özündə saxlamışdır. 2022-ci ilin mart ayının 12-də ad günüylə əlaqədar onu təbrik etmək üçün əmisi oğlu Mərifət onun işlədiyi kafeyə gəlmişdir. Mərifətin narkotik istifadəçisi olmasını bildiyi üçün Elnurun verdiyi marixuananı Mərifətə vermək qərarına gəlmişdir. Ad günündə Mərifətə tanışı Elnurun ona narkotik verdiyini bildirəndə Mərifət onun istifadə edən olmadığını bildirib narkotiki ona verməyini bildirmişdir. O da Elnurun verdiyi həmin narkotiki Mərifətə vermiş, lakin Mərifət 4 bükümü görüb hamısını apara bilməyəcəyini, tutulmasından qorxduğunu bildirib bir büküm götürmüş və istifadə edib, yaxşı olsa gəlib qalanını da aparacağını demişdir. Ona görə də 3 büküm onda qalmışdır. xx.xx.2022-ci ildə Daş karxanasına müştəriyə sifariş aparmış və qayıdanda Elnuru təsadüfən görmüşdür. Elnurla dayanıb söhbət edərkən 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək, onları BNMİ-yə dəvət etmişlər. Onlar polislərlə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişlər. Orada onun və Elnurun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Müdafiəçinin iştirakı ilə onların üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etmək təklif olunmuşdur. Bundan sonra, o, əynində olan şalvarının sağ yan cibindən 2 bükümdə, sol iç cibindən isə 1 bükümdə narkotik vasitə olan marixuananı, üzərində olan şəxsiyyət vəsiqəsini, «Redmi» markalı telefonu da təqdim etmişdir. Təqdim etdiyi bükümlərə baxış keçirilən zaman içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Həmin sellofan bükümlərdə aşkar edilmiş marixuana elektron tərəzi ilə çəkilmiş və çəkisinin 15 qram olması müəyyən edilmişdir. Həmin bükümlər zərfə qoyularaq qablaşdırılmışdır. Sorğu zamanı o üzərindən aşkar edilmiş bükümlərdə olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni Təqsirləndirilən şəxs mart ayının əvvəllərində dost-tanışa pay vermək üçün götürdüyünü, götürdüyü maddənin bir hissəsini əmisi oğlu Mərifətə çəkmək üçün pay verdiyini bildirmişdir. Sonra Elnurun üzərinə də şəxsi axtarış keçirilmişdir. Elnurdan da həmçinin 3 bükümdə narkotik vasitə aşkar olunmuşdur. Həm də Elnurun yaşadığı evə baxış keçirilərkən evdən 1 ədəd plastik qabda qurudulmuş marixuana aşkar edilmişdir. Narkotik vasitəyə görə o Elnura pul verməmiş, Elnur ona pay vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Miryusif Seyidovun 13 aprel 2022-ci il tarixli raportundan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs qabacaqdan əlbir olub razılaşmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general mayoru İslam Hümbətovun 13 aprel 2022-ci il tarixli, Ə127008-22 saylı Əmrindən görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs qabacaqdan əlbir olub razılaşmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Miryusif Seyidovun 13 aprel 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs qabacaqdan əlbir olub razılaşmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 92-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin əməliyyat-axtarış tədbirlərinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair 15 aprel 2022-ci il tarixli, 5(005)-481/2022 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Miryusif Seyidov tərəfindən qəbul edilmiş və Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general mayoru İslam Hümbətov tərəfindən təsdiq edilmiş 13 aprel 2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. Cinayət işinin 21-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Şahid1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 141-149-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 4(005)- 433/2022 saylı qərarına əsasən Şahid1 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 49-52-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı Şahid1 əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd «Redmi» markalı mobil telefonu, sağ arxa cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, sağ yan cibindən 2 ədəd sellofan bükümü və əynində olan qara rəngli dəri gödəkçənin sol iç cibindən 1 ədəd sellofan büküm təqdim etmişdir, həmin bükümlərə baxış keçirildikdə, 3 ədəd sellofan bükümün içərisində yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş bir ədəd telefon, bir ədəd şəxsiyyət vəsiqəsi və 03 ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Cəsarət Şahgəliyev təqdim etdiyi maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs mart ayının əvvəllərində əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Şahid1 üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl sonuncuya paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 140 manat pulu, 2 ədəd tibbi maskanı, 1 ədəd kağız parçasını, 2 ədəd yaşadığı evin açarlarını, əynindəki qara rəngli üst geyiminin sağ yan cibindən 3 ədəd sellofan bükümü və 1 ədəd alışqanı təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim edilmiş 3 ədəd sellofan bükümlərə baxış keçirildikdə, 3 ədəd sellofan bükümün içərisində yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. 140 manat pulu, 2 ədəd tibbi maskanı, 1 ədəd kağız parçasını, 2 ədəd yaşadığı evin açarları Təqsirləndirilən şəxs qaytarılmış, aşkar edilmiş bükümlər qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs Cəsarət Şahgəliyevin dediklərini təsdiq edərək, təqdim etdiyi maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddələri həm öz istifadəsi, həm də dost-tanışı istəyərsə pay kimi vermək niyyəti ilə saxladığını, həmin maddələri Nərimanov rayonu ərazisində yerləşən zibil qutusunun yaxınlığından mart ayının əvvəllərində götürdüyünü, götürdüyü narkotik maddənin bir hissəsini Şahid1 verdiyini, qalan hissəsini isə evində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı “SONY” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 53-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 13 aprel 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu kirayə yaşadığı ünvan 4 ünvanına baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 55-56-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 aprel 2022-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 4 ünvanına baxış keçirilən zaman, Təqsirləndirilən şəxs evə daxil olaraq otaqda yerləşən dolabın sol qapısını açaraq, orada olan 1 ədəd göy rəngli torbanı təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Baxış zamanı həmin torbanın içərisində 1 ədəd dəftər və 1 ədəd plastik qab olması müəyyən edilmişdir. Həmin dəftərdə iş üçün əhəmiyyət kəsb edən məlumat olmadığı üçün götürülməmişdir. Plastik qaba baxış keçirildikdə isə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə müəyyən edilmişdir. Aşkar edilmiş plastik qab qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddələri həm öz istifadəsi, həm də dost-tanışı istəyərsə pay kimi vermək niyyəti ilə saxladığını, həmin maddələri Nərimanov rayonu ərazisində yerləşən zibil utusunun yaxınlığından mart ayının əvvəllərində tapdığını, yarısını Şahid1 verdiyini bildirmişdir. Baxış zamanı evdən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 66-69-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2022-ci il tarixli, 7/363 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazı və imzalar olan zərfdə 3 ədəd şəffaf sellofan kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 5,625 qr, 4,907 qr, 5,260 qram olmaqla, ümumi çəkisi 15,792 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Üzərində “Şahid1 üzərindən aşkar edilmiş...” yazı və imzalar olan zərfdə 3 ədəd şəffaf sellofan kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,405 qr, 5,653 qr, 3,440 qram olmaqla, ümumi çəkisi 12,498 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” yazılan polietilen torbada 1 ədəd plastik qabın içərisində təmiz çəkisi 745,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Cinayət işinin 88-90-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 aprel 2022-ci il tarixli şəxsi axtarış prosesinin görüntülərinə baxış keçirilməsi barədə protokoldan görünür ki, 13 aprel 2022-ci il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, ilk olaraq Şahid1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı Şahid1 könüllü olaraq əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd mobil telefonu, sağ arxa cibindən şəxsiyyət vəsiqəsini, sağ yan cibindən 2 ədəd sellofan bükümü və əynində olan qara rəngli dəri gödəkçənin sol iç cibindən 1 ədəd sellofan büküm təqdim etmiş, həmin bükümlərə baxış keçirildikdə, 3 ədəd sellofan bükümün içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş bir ədəd telefon, bir ədəd şəxsiyyət vəsiqəsi və 03 ədəd büküm qablaşdırılaraq götürülmüş, şifahi sorğu zamanı Cəsarət Şahgəliyev təqdim etdiyi maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs mart ayının əvvəllərində əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli şalvarının sağ yan cibindən 140 manat pulu, 2 ədəd tibbi maskanı, 1 ədəd kağız parçasını, 2 ədəd açarları, əynindəki qara rəngli üst geyiminin sağ yan cibindən 3 ədəd sellofan bükümü və 1 ədəd alışqanı təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim edilmiş 3 ədəd sellofan bükümlərə baxış keçirildikdə, 3 ədəd sellofan bükümün içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. 140 manat pulu, 2 ədəd tibbi maskanı, 1 ədəd kağız parçasını, 2 ədəd açar Təqsirləndirilən şəxs qaytarılmış, aşkar edilmiş bükümlər qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs Cəsarət Şahgəliyevin dediklərini bir daha təsdiq edərək, təqdim etdiyi maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddələri həm öz istifadəsi. Həm də dost-tanışı istəyərsə pay kimi vermək niyyəti ilə saxladığını, həmin maddələri Nərimanov rayonu ərazisində yerləşən zibil utusunun yaxınlığından mart ayının əvvəllərində götürdüyünü, götürdüyü narkotik maddənin bir hissəsini Şahid1 verdiyini, qalan hissəsini isə evində saxladığını bildirmişdir. Cinayət işinin 207-208-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 iyun 2022-ci il tarixli mənzilə baxış prosesinin görüntülərinə baxış keçirilməsi barədə protokoldan görünür ki, 13 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 4 ünvanına baxış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs evə daxil olaraq otaqda yerləşən dolabın sol qapısını açaraq, orada olan 1 ədəd göy rəngli torbanı təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Baxış zamanı həmin torbanın içərisində 1 ədəd dəftər və 1 ədəd plastik qab olması müəyyən edilmişdir. Həmin dəftərdə iş üçün əhəmiyyət kəsb edən məlumat olmamışdır. Plastik qaba baxış keçirildikdə isə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olmaı müəyyən edilmişdir. Aşkar edilmiş plastik qab qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddələri həm öz istifadəsi, həm də dost-tanışı istəyərsə pay kimi vermək niyyəti ilə saxladığını, həmin maddələri Nərimanov rayonu ərazisində yerləşən zibil qutusunun yaxınlığından mart ayının əvvəllərində tapdığını, yarısını Şahid1 verdiyini bildirmişdir. Cinayət işinin 210-212-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 iyun 2022-ci il tarixli telefon məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatlarına baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 237-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsindən daxil olmuş 20 iyun 2022-ci il tarixli, 008-7030-1222 saylı məktubdan görünür ki, Elnur Quliyevin üzərindən aşkar edilmiş narkotik maddələri satış məqsədilə əldə etdiyi barədə məlumatlar əldə edilmişdir. Cinayət işinin 240-254-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Samir Ağayevin 24 iyun 2022-ci il tarixli sübutların təhlili, bir-birləri ilə müqayisə edilməsi, qiymətləndirilməsi, əməlin tövsif olunması, cinayət təqibinə hissəvi xitam verilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 234.4.1-ci maddələrinin tərkibi olmadığından barələrində həmin hissədə cinayət təqibinə xitam verilmişdir. Cinayət işinin 272-273-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Samir Ağayevin 27 iyun 2022-ci il tarixli Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi ayrəlaraq icraata qəbul edilmişdir. Cinayət işinin 275-276-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Samir Ağayevin 27 iyun 2022-ci il tarixli Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən narkotik maddənin mənbəyinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, narkotik vasitənin istifadəçisi olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, onda olan narkotik vasitədən yalnız dörd bükümü Şahid1 pay verdiyini, satmadığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanununun 1.0.9cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən narkotik vasitə qurudulmuş “marixuana” nın 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 163-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 15 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 167-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 26 aprel 2022-ci il tarixli, 3596 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 213-214-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin 16 aprel 2022-ci il tarixli 1861 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə ermə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs əvvəllər narkotikdən istifadə etmə hallarını nəzərə alaraq hesab edir ki, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 13 aprel 2022ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 39-cu vərəqəsində olan 13 aprel 2022ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 130-135-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 4(005)-434/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13 aprel 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 15,642 qram və 744,95 qram marixuana məhv edilməli, 2 ədəd DVD diskin cinayət işinə əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 15,642 qram və 744,95 qram marixuana məhv edilsin. 2 ədəd DVD diskin cinayət işinə əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1522/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1522/2022
31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver