Məhkəmə qərarları › İş №1(101)-1524/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1524/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1524/2022 20.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Arbitrum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Şirvan Apellyasiya Məhkəməsinin 05 mart 2019-cu il tarixli qərarına əsasən əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilərək qəti olaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qərarı ilə cəzası 03 il 06 ay müddətinə endirilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2021ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 08 ay 04 günündən vaxtından əvvəl şərti azad olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,351 qram, 0,406 qram, 0,408 qram, 0,381 qram, 0,442 qram, 0,448 qram, 0,404 qram, 17,160 qram, 28,880 qram, 27,560 qram təşkil edən, 01 ədəd bükümdə təmiz çəkisi 9,510 qram olmaqla, külli miqdar - ümumi təmiz çəkisi 85,95 qram təşkil edən narkotik vasitə olan heroini və 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,290 qram və 0,807 qram olmaqla, külli miqdar - ümumi təmiz çəkisi 2,097 qram təşkil edən psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq ünvan 3 ünvana daşımış, 29 mart 2022-ci il tarixdə saat 12:15-də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən qara rəngli çantasının içərisindəki sarı rəngli parça materialdan olan pul kisəsinin içərisindən öz aralarında eynilik təşkil edən və kimyəvi tərkiblərinə görə eyni olan 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,351 qram, 0,406 qram, 0,408 qram, 3,381 qram, 0,442 qram, 0,448 qram, 0,404 qram, 17,160 qram, 28,880 qram, 27,560 qram olan kustar üsulla hazırlanmış heroin, 01 ədəd sarı rəngli plastik qabdakı 01 bükümdə təmiz çəkisi 9,510 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar - 85,95 qram təşkil edən narkotik vasitə olan heroin, öz aralarında eynilik təşkil edən və kimyəvi tərkiblərinə görə eyni olan 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,290 qram və 0,807 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar - 2,097 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və üzərində heroin izləri olan “CAX CUX 420H” markalı 01 ədəd gümüşü korpuslu elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, özü narkotik vasitə istifadəçisidir. Əvvəllər də narkotiklərlə bağlı həbs olunub və cəza çəkib. Narkomaniya xəstəliyindən əziyyət çəkir. Nə qədər cəhd etsə də bu xəstəlikdən xilas ola bilməmiş, məcbur olub müxtəlif şəxslərdən əldə edib qəbul etmişdir. Anası və bacısı da narkotiklərə görə məhkum olunublar. 29 mart 2022-ci il tarixdə Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaşadığı evdə saxlanılmışdır. Saxlanılan zaman üstündə şəxsi istifadəsi üçün cəmi 1,8 qram heroin olmuşdur. Onu tutandan sonra evinə baxış keçirilmiş, amma heç nə tapmamışlar. Daha sonra onu Polis İdarəsinə aparmışlar. O, saxlanılan zaman üstündə şəxsi istifadəsi üçün 1,8 qram heroin olmuşdur. İdarədə ona qarşı təsirlər göstərilərək ona aid olmayan, üstündən çıxan miqdardan artıq çəkidə narkotik vasitənin ona məxsus olmasını üzərinə götürməyə və sənədlərə imza etməyə təhrik etmişlər. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul omamışdır. Narkotik vasitə istifadəçisi olduğuna və bu məqsədlə narkotik vasitə əldə etdiyinə görə çox peşmandır. Məhkəmədən bütün bu halların, ailə vəziyyətinin, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasının nəzərə alınıb istifadəçi kimi cəzalandırılmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 4 ildir ki, heroin və metamfetamin kimi tanıdığı narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Həmin narkotik vasitələri ümumilikdə üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxslərdən alaraq istifadə etmişdir. X9 Respublikasının vətəndaşı olan Seyid adlı şəxsdən 1 qramını 18 manat müqabilində əldə edərək öz tələbatını ödədiyini bildirmişdir. Bununla yanaşı olaraq 10 ədəd bükümdə narkotik vasitə olan heroini və 02 ədəd psixotrop maddə olan metamfetamini İran İslam Respublikasının vətəndaşı Seyid adlı şəxsdən əldə edib üzərində saxlayaraq daşımışdır. Nəhayət 29 mart 2022-ci il tarixdə saat 12:15-də yaşadığı ünvan 6 ünvanın qarşısında olan zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onu yaxınlıqda olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə gətirmişlər. İdarədə özü barədə məlumat verdikdən sonra ona inzibati otaqların birində polis əməkdaşları Şahid2 və Şahid3 iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olması bildirilmişdir. O da həmin videoçəkilişə etiraz etməmişdir. Bundan sonra ona hüquq və vəzifələri təhqiqatçı X5 tərəfindən izah olunmuş, daha sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, qara rəngli çantasının içərisində sarı rəngli parça materialdan olan pul kisəsinin içərisindən 10 ədəd bükümdə narkotik vasitə olan heroin və 02 ədəd psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzini təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümü açmış və içərisindən heroin və metamfetamin kimi tanıdığı narkotik maddələri aşkar etmişlər. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə heroin və metamfetamin kimi tanıdığı narkotik maddələrdir. Aşkar edilmiş narkotik maddəni İran İslam Respublikasının vətəndaşı olan Seyid adlı şəxsdən 1 qramını 18 manat müqabilində əldə edərək öz tələbatı üçün əldə etmişdir. Bundan sonra aşkar edilmiş narkotik və psixotrop maddələr polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 45 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Bununla yanaşı olaraq o bildirmişdir ki, əvvəlcədən onun özü bilmişdir ki, onun üzərində olan narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamindir. Ona görə ki, o, uzun illərdir ki, narkotikadan istifadə edir. Hazırda əməlindən peşmandır. Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir psixi və ya zorakılıq göstərilməmişdir (cild 1, iş vərəqə 93-95). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir.Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması, göndərməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə raportla rəhbərliyə məruzə edilmiş, əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 qrupun rəhbəri olmaqla, Bölmənin əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar tərəfindən daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə 29 mart 2022-ci il tarixdə saat 12:15-də ünvan 4 ünvanın qarşısında Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri keçirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olaraq onu müəyyən edib sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmişlər və şəxsiyyəti barədə onlara məlumat verməsini bildirmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra sonuncuya qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması, göndərməsi və satması ilə bağlı onlarla birlikdə Polis İdarəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs da polis əməkdaşlarının qanuni tələbinə əməl edərək, heç bir etiraz etmədən, könüllü olaraq onlarla getməyə razılıq vermişdir. Bölmədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması haqqında protokol tərtib edilmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs istəyi və razılığı ilə 9 saylı Vəkil Bürosundan müdafiəçi X4 dəvət edilərək ona təqdim edilmiş, həmçinin təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs özünün qara rəngli çantasının içərisindəki sarı rəngli parça materialdan olan pul kisəsinin içərisindən 10 ədəd bükümdə qəhvəyi rəngli maddə kütlələrini, bir ədəd sarı rəngli plastik qutunun içərisindən 01 ədəd şəffaf sellofan bükümü, ağ rəngli plastik qutunun içərisindən 02 ədəd şəffaf sellofan büküm və 01 ədəd “CAX CUX 420H” markalı gümüşü korpuslu elektron tərəzini çıxarıb masa üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, amma hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələrin 1 qramını 18 manat müqabilində onlayn qaydada İran İslam Respublikasının vətəndaşından əldə etdiyini və üzərində saxlayaraq daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər və 01 ədəd elektron tərəzi zərfə qoyularaq Suraxanı rayon Polis İdarəsinin zərflər üçün nəzərdə tutulmuş 45 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Təqsirləndirilən şəxs həm özü, həm də anası və bacısı onlara narkotik vasitələrin aktiv satışı ilə məşğul olan şəxslər kimi məlumdurlar. Onun anası və bacısı da bu əmələ görə hazırda məhkum olunmuşlar. Bildiyinə görə bacısının barəsindəki azadlıqdan məhrum etmə cəzasının icrası himayəsində azyaşlı uşaqlarının olması ilə bağlı təxirə salınmışdır. Təqsirləndirilən şəxs satışla bərabər həm də narkotik vasitələrdən müntəzəm istifadə etdiyindən saxlandığı vaxtda fiziki cəhətdən çox düşkün vəziyyətdə olmuşdur. Hazırda məhkəmədə gördüyü vəziyyəti ilə əvvəlki vaxtları araında kəskin fərq vardır. Saxlandığı andan etibarən də Təqsirləndirilən şəxs qarşı qanuna müvafiq davranılmış, həm də qadın olmasını nəzərə alaraq daha diqqətli olmuş və onun narahat olmaması üçün mümkün tədbirlər görmüş, ehtiyacları barədə soruşulmuş, o da özünü kifayət qədər təmkinli aparmış, ona kömək göstərilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin digər əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin təhqiqatçısı X5 göstərdi ki, şəxsi axtarışı zamanı Təqsirləndirilən şəxs könüllü olaraq qara rəngli çantasının içərisindəki sarı rəngli parça materialdan olan pul kisəsinin içərisindən 10 ədəd bükümdə qəhvəyi rəngli maddə kütlələrini, bir ədəd sarı rəngli plastik qutunun içərisindən 01 ədəd şəffaf sellofan bükümü, ağ rəngli plastik qutunun içərisindən 02 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir psixi və ya fiziki təyziq, zorakılıq göstərilməmiş, qadın olması nəzərə alınaraq maksimum dərəcədə ona qarşı həssas yanaşılmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 29 mart 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarışın başlanğıcında Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan qara rəngli çantanın içərisindəki sarı rəngli parça materialdan olan pul kisəsinin içərisindən 10 ədəd şəffaf sellofan büküm, 01 ədəd sarı rəngli plastik qutunun içərisindən 01 ədəd şəffaf sellofan büküm, ağ rəngli plastik qutunun içərisindən 02 ədəd şəffaf sellofan büküm və həmin çantanın içərisindən 01 ədəd elektron tərəzi götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə “kakos” və “şüşə” adlandırılan maddələr olduğunu, onları 1 qramını 18 manat müqabilində onlayn yolla İran İslam Respublikasının vətəndaşı olan Seyid adlı şəxsdən əldə edib üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 34-36,166-167). Məhkəmə-kimyəvi ekspertizasının 30 mart 2022-ci il tarixli 6/1695 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün №...möhür əksi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan 02 ədəd kağız paketdən birindəki 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,351 qram; 0,406 qram; 0,408 qram; 0,381 qram; 0,442 qram, 0,448 qram; 0,404 qram, 17,160 qram, 28,880 qram, 27,560 qram və 01 ədəd sarı rəngli plastik qabdakı 01 bükümdəki təmiz çəkiləri 9,510 qram, ümumi təmiz çəkiləri 85,95 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 11 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, linza qabına yerləşdirilmiş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,290 qram, 0,807 qram olmaqla ümumi təmiz çəkiləri 2,097 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 02 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, digər paketdəki elektron tərəzinin üzərində heroinin izləri müəyyən edildi. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (Siyahı İ). Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 85,74 qram, metamfetaminin qalıq çəkisi 1,997 qram təşkil etmişdir (cild 1, iş vərəqə 49-53). Diskə baxış keçirilməsi haqqında 30 aprel 2022-ci il tarixli və 07 may 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrə baxış keçirilərkən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə aidiyyətini bilavasitə təsdiq edən SMS yazışmaları müəyyən edilmişdir (cild 1, iş vərəqə 192-250, cild 2, iş vərəqə 1-28). Ambulator məhkəmə psixiatrik ekspertizasının 19 iyul 2022-ci il tarixli 1889 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. O, hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 2, iş vərəqə 65-66). X3 Tibbi Yoxlamanın 19 iyul 2022-ci il tarixli 3926 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 2, iş vərəqə 67-68). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 19 aprel 2022-ci il tarixli 3351 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 188). İbtidai istintaq orqanının 19 iyul 2022-ci il tarixli qərarı ilə istintaqa məlum olmayan şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 100-102). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Başkaya X2 Ağır Cinayətlər Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 05 mart 2019-cu il tarixli qərarına əsasən onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilərək qəti olaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qərarı ilə cəzası 03 il 06 ay müddətinə endirilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 08 ay 04 günündən vaxtından əvvəl şərti azad olunmuş, 21 yanvar 2022-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqə 168-169, 170-174, 178-181). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan iki il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X6 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı külli miqdar təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitənin çıxmaması və narkotik vasitənin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 29 mart 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 23, 120-122). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar – Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertizadan sonra qalıq çəkisi 85,74 qram təşkil edən heroin, qalıq çəkisi 1,997 qram təşkil edən metamfetamin, “CAX CUX 420H” markalı 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd ədəd disk, “Azercell Telekom” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim olunmuş 02 ədəd ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 50). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində “Arbitrum” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Arbitrum” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 29 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertizadan sonra qalıq çəkisi 85,74 qram təşkil edən heroin, qalıq çəkisi 1,997 qram təşkil edən metamfetamin və “CAX CUX 420H” markalı 01 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd ədəd disk, “Azercell Telekom” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim olunmuş 02 ədəd ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Arbitrum” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar