Məhkəmə qərarları › İş №1(101)-1524/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1524/2023

02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1524/2023 02.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X5 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 84-də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Nəsmi rayonu, Ağadadaş Qurbanov küçəsi, dalan 2, ev 3-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3,198 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 4,517 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixində, saat 12:00-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə gətirilmiş və orada barəsində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın cibindən 10 (on) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 2,973 qram, 0,025 qram, 0,027 qram, 0,023 qram, 0,020 qram, 0,031 qram, 0,026 qram, 0,024 qram, 0,025 qram, 0,024 qram olmaqla, ümumi təmiz çəkisi 3,198 qram təşkil edən xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponetlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 12 (on iki) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 4,143 qram, 0,034 qram, 0,032 qram, 0,031 qram, 0,036 qram, 0,033 qram, 0,030 qram, 0,031 qram, 0,036 qram, 0,034 qram, 0,037 qram, 0,040 qram olmaqla, ümumi təmiz çəkisi 4,517 qram təşkil edən xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponetlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixində Bakı şəhərinin “Kubinka” adlanan ərazisində “Qaraçı Ceyhun” adlı şəxsdən ümumi çəkisi 8 (səkkiz) qram olan psixotrop maddə metamfetamin almışdır. O, narkomaniya xəstəliyindən əziyyət çəkir və ona görə də ümumi çəkisi 8 (səkkiz) qram olan metamfetamini şəxsi istifadəsi üçün almışdır. O, “Qaraçı Ceyhundan” ümumi çəkisi 8 (səkkiz) qram olan metamfetamini alan zaman “Qaraçı Ceyhun” uzaqdan yaxınlaşan Post- Patrul Xidmətinin avtomobilini görmüş və əlində olan digər narkotik vasitə tərkibli bükümləri onun üzərinə ataraq ərazidən qaçmaqla uzaqlaşmışdır. Həmin vaxt o da həmin ərazidən qaçaraq uzaqlaşmışdır. “Qaraçı Ceyhun” milliyətcə kürddür və həmin şəxs həmişə Post-Patrul Xidmətinin avtomobillərini görən kimi qaçır. xx.xx.2023-cü il tarixində o, yenə “Kubinka” adlanan əraziyə “Qaraçı Ceyhunla” görüşməyə getmək istəmişdir ki, Qaraçı Ceyhunun onun üzərinə atmış olduğu və onun boynunda qalmış olan narkotik vasitə tərkibli bükümləri “Qaraçı Ceyhunun” özünə qaytarsın. xx.xx.2023-cü il tarixində o, “Qaraçı Ceyhunla” görüşmək üçün evindən çıxan zaman Nəsimi rayon Polis İdarəsinin polis əməkdaşları onu saxlamışlar. Nəsimi rayon Polis İdarəsinin polis əməkdaşları onu saxladıqdan sonra onu Nəsimi rayon Polis İdarəsinin inzibati binasına aparmışlar. Nəsimi rayon Polis İdarəsinin polis əməkdaşları nə onu saxlayanda, nə də ki, Nəsimi rayon Polis İdarəsinin inzibati binasında olan zaman ona qarşı hər hansı bir formada fiziki və mənəvi təzyiq göstərməmişlər. O, Nəsimi rayon Polis İdarəsinin inzibati binasında olanda üzərinə keçirilən şəxsi axtarışla bağlı videoçəkiliş aparılmışdır. Nəsimi rayon Polis İdarəsinin inzibati binasında onun üzərinə şəxsi axtarışla bağlı keçirilən videoçəkiliş zamanı o, hər şeyi olduğu kimi danışmışdır. Videoçəkiliş zamanı o, bildirmişdir ki, onun üzərində ümumi çəkisi 8 (səkkiz) qram olan metamfetamin olmuş və həmin metamfetamini şəxsi istifadəsi üçün almışdır. Onun həmin narkotik vasitələri satmaq kimi məqsədi olmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, ümumi çəkisi 8 (səkkiz) qram olan psixotrop maddə metamfetaminə görə “Qaraçı Ceyhun” adlı şəxsə 100 manat pul verməli olmuş, amma Ceyhuna 80 manat vermiş, 20 manat isə borclu qalmışdır. O, ümumi çəkisi 8 (səkkiz) qram olan psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün almışdır. Həmin 8 (səkkiz) qramın 4 (dörd) qramı “patı” olmuş, digər 4 (dörd) qramı isə “kakos” olmuşdur. Polis əməkdaşları onu yaşadığı evdən çıxan zaman saxlamışlar. Həmin vaxt o, evdən “Qaraçı Ceyhun” adlı şəxsin onun üzərinə atmış olduğu və ona aid olmayan narkotik maddə tərkibli bükümləri Ceyhunun özünə qaytarmağa getmişdir. Polis əməkdaşları onu saxlayan zaman “Qaraçı Ceyhun” adlı şəxsin onun üzərinə atmış olduğu və ona aid olmayan narkotik tərkibli bükümlər onun üzərində olmuşdur. O, heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. O, ancaq narkotik vasitələrdən istifadə etmişdir. O, 3 ildir ki, narkotik vasitələrdən istifadə edir. O, əvvəllər də “Qaraçı Ceyhun” adlı şəxsdən narkotik vasitələr almışdır. Polis əməkdaşları onu saxlayanda onun üzərindən 22 büküm narkotik vasitə çıxmışdır. Onun üzərindən çıxan 22 büküm narkotik vasitənin 20-si ona aid olmamış, ona cəmi 2 (iki) büküm aid olmuşdur. O, narkotik vasitədən hər gün istifadə etmiş, eləcə də “patı” ilə “kakosu” qarışdırıb istifadə etmişdir. “Qaraçı Ceyhun” adlı şəxs əlindəki narkotik vasitələri onun üzərinə atıb qaçsa da, o, həmin narkotik vasitələri tullamamış, çünki düşünmüşdür ki, bu bükümləri tullamaqdansa, ya istifadə edər, ya da ki, “Qaraçı Ceyhun” adlı şəxsin özünə qaytarar. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman, həmçinin Polis İdarəsində olduğu zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq və təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci mddəsinə tövsif edilməsini və həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi, onun üzərindən 10 (on) ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 3,198 qram narkotik vasitə heroin və 12 (on iki) ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 4,517 qram təşkil edən psixotrop maddə metamfetaminin aşkar edilməsinə baxmayaraq, həmin narkotik vasitələri və psixotrop maddələri şəxsi istifadəsi üçün əldə etməsini, onun satış məqsədi ilə həmin vasitə və maddələri əldə edib üzərində saxlamaqla daşımaması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyrisəmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs öz müdafiəsi ilə əlaqədar iddia etdiyi halların həqiqət olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman o, Nəsimi rayon Polis İdarəsinin İstintaq-Təhqiqat şöbəsinin Yetkinlik yaşına çatmayanlar üzrə PİTBdə inspektor vəzifəsində işləmişdir. O, hazırda da həmin vəzifədə işləyir. Nəsimi rayon Polis İdarəsinin İstintaq-Təhqiqat şöbəsinin Yetkinlik yaşına çatmayanlar üzrə PİTB-də xidmət edən xanım polis əməkdaşları şəxslərin saxlanılma tədbirlərində iştirak etmirlər. Saxlanılma tədbirlərində kişi polis əməkdaşları iştirak edirlər. Nəsimi rayon Polis İdarəsinin İstintaq-Təhqiqat şöbəsinin Yetkinlik yaşına çatmayanlar üzrə PİTB-də xidmət edən xanım polis əməkdaşları yalnız saxlanılmış xanımlara nisbətdə şəxsi axtarışda iştirak edirlər. Bu səbəbdən də Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirində saxlanıldıqdan və Nəsimi rayon Polis İdarəsinin inzibati binasına gətirildikdən sonra o, Elnarənin üzərinə keçirilən şəxsi axtarışda iştirak etmişdir. Elnarənin üzərinə keçirilən şəxsi axtarış tam təfərrüatı ilə onun yadında qalmamışdır. Çünki onun yaddaşı keçirdiyi müəyyən stresli hadisələrdən dolayı zəifləmişdir. Həm də 90 faiz hallarda Nəsimi rayon Polis İdarəsində üzərinə şəxsi axtarış keçirilən xanımların şəxsi axtarışlarında məhz o, özü iştirak edir. Bu səbəbdən də o, hər bir şəxsi axtarışla bağlı bütün halları dəqiqliklə xatırlamır. Lakin o, xatırlayır ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman o, həmin şəxsi axtarışda iştirak etmiş və həmin vaxt Elnarənin üzərindən çoxlu sayda bükümdə narkotik vasitələr aşkar edilmişdir. Həmin bükümlər ölçü baxımından xırda bükümlərdə olmuşlar. Elnarə üzərində olan həmin bükümləri polis əməkdaşlarına könüllü şəkildə özü təqdim etmişdir. O, Elnarəyə həmin bükümlərin mənşəyi barədə sual vermişdir. Elnarə isə öz növbəsində həmin bükümləri kimdənsə aldığını bildirmişdir. Lakin o, Elnarənin kimdən narkotik vasitə aldığını xatırlarmır. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, o, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Şəxsi axtarış zamanı o, Elnarəyə üzərindən çıxmış narkotik vasitələri hansı məqsədlə öz üzərində gəzdirdiyi soruşmuşdur. Elnarə isə həmin narkotik vasitələri “Kubinka” adlanan ərazidə bir nəfərdən əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Nəsimi rayon Polis İdarəsinin İstintaq-Təhqiqat şöbəsinin Yetkinlik yaşına çatmayanlar üzrə PİTB-də 3 (üç) nəfər xanım polis əməkdaşı var. Həmin üç nəfər xanım polis əməkdaşından biri o, digəri isə Şahid2dir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı Yeganə həyata keçirmişdir. O isə Yeganənin yanında dayanmışdır. Hər bir detal tam olaraq onun yadında deyil, yəni o, Elnarənin harasından nə çıxdığını xatırlamır. Amma Elnarənin üzərindən içində narkotik vasitə olan bükümlərin çıxması onun yadındadır. Həmin bükümlərin sayı çox olmuşdur. Elnarənin üzərinə keçirilən şəxsi axtarışdan sonra o, Elnarəyə həmin bükümlərin içində nə olması barədə sual vermişdir. Elnarə isə həmin bükümlərin içində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, dalan 2, ev 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edərək üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş, eləcə də əməliiyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna onun yanaşı, həmçinin Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid4 da daxil olmuşdur. Bundan sonra onlar əməliyyat keçirmişlər və xx.xx.2023-cü il tarixində, təxminən saat 12:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi, dalan 2, ev 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlayaraq Nəsimi rayon Polis İdarəsinə aparmışlar. Orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs üzərindən ümumilikdə 22 ədəd bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar edilərək götürülmüşdür. Sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 oxşar məzmunlu ifadə verməklə dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 03) görünür ki, “Elnarə” adlı şəxsin ünvan 4 ünvanının qarşısında narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat orqanına əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 04) görünür ki, “Elnarə” adlı şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 08) görünür ki, “Elnarə” adlı şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nə gətirilmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması barədə qərardan (cild 1, iş vərəqə 19) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması barədə protokoldan (cild 1, iş vərəqə 22) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə qərardan (cild 1, iş vərəqə 41) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə prorokoldan (cild 1, iş vərəqə 45-50) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 1 (bir) qutu prima markalı siqaret, 1 (bir) ədəd alışqan, şalvarının sağ yan cibindən 1 (bir) ədəd qırmızı rəngli dəri üzlüklü dairəvi şəkildə ağzı zəncirbəndlə bağlanan pul kisəsi, həmin pul kisəsinin içərisindən ümumilikdə 22 (iyirmi iki) ədəd bükümdə narkotik vasitə heroinə və psixotrop maddə metamfetmainə oxşar vasitələr aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1111 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 54-58) görünür ki, 01 (bir) ədəd kağız zərfdə 10 (on) ədəd bükümdə təmiz çəkiləri - 2,973 qram, 0,025 qram, 0,027 qram, 0,023 qram, 0,020 qram, 0,031 qram, 0,026 qram, 0,024 qram, 0,025 qram, 0,024 qram, ümumi təmiz çəkisi -3,198 qram olan qəhvəyi rəngli toz şəkili maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik maddə heroindir, 12 (on iki) ədəd bükümdə təmiz çəkiləri - 4,143 qram, 0,034 qram, 0,032 qram, 0,031 qram, 0,036 qram, 0,033 qram, 0,030 qram, 0,031 qram, 0,036 qram, 0,034 qram, 0,037 qram, 0,040 qram, ümumi təmiz çəkisi - 4,517 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi barədə qərardan (cild 1, iş vərəqə 76) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan (cild 1, iş vərəqə ) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda ititham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-115/2023 saylı qərarından (cild 1, iş vərəqə 95-98) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma barədə qərardan (cild 1, iş vərəqə 104) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,008 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 4,307 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 117) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin 2709 nömrəli məhkəmə-narkoloji ekspertiza rəyindən (cild 1, iş vərəqə 122-123) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 126-128) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3.4-cü maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,198 qram təşkil edən narkotik vasitə olan heroin və qalıq çəkisi 4,307 qram təşkil edən psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilməsinin nəzərə alınması, 1 (bir) ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi və aşkarlanmış külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetaminin əldə etmə mənbəyinə görə ayrıca icraatda cinayət işinin ayarılması qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Bununla da məhkəmə iclaslarında təqsirləndirilən şəxsin müdafiə hüququ tam şəkildə təmin olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində, saat 12:00-da əməliyyat-axtarış tədbirləri keçirilmiş və nəticədə Təqsirləndirilən şəxs ünvan 1 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparılmışdır. Orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun üzərindən 10 (on) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 2,973 qram, 0,025 qram, 0,027 qram, 0,023 qram, 0,020 qram, 0,031 qram, 0,026 qram, 0,024 qram, 0,025 qram, 0,024 qram olmaqla, ümumi təmiz çəkisi 3,198 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin və 12 (on iki) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 4,143 qram, 0,034 qram, 0,032 qram, 0,031 qram, 0,036 qram, 0,033 qram, 0,030 qram, 0,031 qram, 0,036 qram, 0,034 qram, 0,037 qram, 0,040 qram olmaqla, ümumi təmiz çəkisi 4,517 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Belə ki, təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində xx.xx.2023-cü il tarixində polis əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparıldığını, saxlanılarkən üzərində 10 (on) bükümdə ümumi təmiz çəkisi 3,198 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin və 12 (on iki) bükümdə ümumi təmiz çəkisi 4,517 qram təşkil edən psixotrop maddə metamfetaminin olduğunu dəfələrlə təsdiq etmişdir. Həmçinin qeyd edilən hallar məhkəmə istintaqında dindirilmiş şahid ifadələri ilə də təsdiq olunmuşdur. Ona görə də göstərilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs Elnarə Əliyevə polis əməkdaşları tərəfindən saxlanılarkən və Nəsimi rayon Polis İdarəsində üzərində şəxsi axtarış keçirilərkən üzərində 10 (on) bükümdə külli miqdarda narkotik vasitə heroin və 12 (on iki) bükümdə külli miqdarda psixotrop maddə metamfetamin olduğunu təsdiq etsə də, ümumilikdə 22 (iyirmi iki) ədəd bükümdən ona cəmi 1 (bir) ədəd bükümdə narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə psixotrop maddə metamfetaminin ona aid olduğunu, qalan 20 (iyirmi) ədəd bükümdə olan narkotik vasitələrin və psixotrop maddələrin ona aid olmadığını, qeyd edilən bükümlərin ona narkotik vasitə satan şəxsə aid olduğunu iddia etmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən məzmunda ifadə versə də, istinad etdiyi hallarla bağlı ağlabatan mövqe sərgiləməmişdir. Belə ki, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin bu və ya digər şəkildə narkotik vasitə və psixotrop maddə əldə etdikdən sonra həmin narkotik vasitə və psixotrop maddələri istifadə etmədən, əksinə olaraq həmin vasitə və maddələri göstərilən vasitə və maddəni vermiş şəxsə qaytarmaq məqsədi ilə evdən çıxması dəlili ağlabatan olmamaqla yanaşı, həmçinin inandırıcı deyil. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 10 (on) bükümdə ümumi təmiz çəkisi 3,198 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin və 12 (on iki) bükümdə ümumi təmiz çəkisi 4,517 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin onun özünə məxsus olmuşdur. Habelə o, göstərilən çoxlu sayda bükümdə olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qanunsuz şəkildə əldə edib üzərində saxladığı və daşıdığı vaxt məqsədi məhz həmin vasitə və maddələri satmaqla qazanc əldə etmək olmuşdur. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs yuxarıda sadalan və izahı verilən əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozitiv şərtləri ilə əhatə olunduğundan, məhkəmə belə nəticəyə gəlir ki, onun əməlində həqiqətən də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin bütün zəruri tərkib əlamətləri vardır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı qismən etirafedici ifadə verməsini və qadın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 23 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlanc otağına saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,198 qram təşkil edən narkotik vasitə olan heroin və qalıq çəkisi 4,307 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 23 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlanc otağına saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,198 qram təşkil edən narkotik vasitə olan heroin və qalıq çəkisi 4,307 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar