Məhkəmə qərarları › İş №1(101)-1526/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1526/2022

23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1526/2022 23.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada aşbaz işləyən, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə psixotrop maddə olan metamfetamini və külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,500 qram çəkidə narkotik vasitə olan heroini və 1,990 qram çəkidə psixotrop maddə hesab edilən metamfetamini əldə etdikdən sonra, narkotik vasitə heroini 9 büküm, psixotrop maddə metamfetamini isə 2 büküm halına gətirərək özündə saxlamış və daşımışdır. 14 aprel 2022-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 00:30-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon Polis idarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki, tünd boz rəngli cins şalvarının sağ yan cibindəki izolyasiya lenti ilə sarılmış kibrit qutusunun içərisindən 9 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,430 qram, 0,158 qram, 0,379 qram, 0,157 qram, 0,350 qram, 0,361 qram, 0,422 qram, 0,152 qram və 0,091 qram olmaqla ümumi təmiz çəkisi 2,500 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda eyni tərkibli həmin narkotik vasitə olan heroin və 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,902 qram, 1,088 qram olmaqla ümumi təmiz çəkisi 1.990 qram təşkil edən kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, 2 ildir narkotik vasitədən istifadə edir. Aylıq məvacib haqqı 1200 manat olmaqla gəmidə aşbaz işləyir. İşlədiyi gəmi Türkmənistan dövlətinə yük daşınması məqsədilə Bakı şəhəri, Xətai rayonu, Nargilə kafesinin yanından yola düşür. Gəmidə olma müddəti yüklərin onlara tez və ya gec verilməsindən asılı olaraq 15-30 gün, bəzən bir həftə çəkə bilir. Adəti üzrə gəmi Bakı şəhərinə qayıtdığı günlərdən birində, aprel ayının 12-dən 13-nə keçən gecə saat 4 radələrində işdən evə gəldikdən sonra, 2 ay olar ki, şəhərdə tanış olduğu, adını bilmədiyi, ona özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən, təqsirləndirilən şəxsə verdiyi nömrənin “İran nömrəsi” olduğunu gördüyünə görə, İran İslam Respublikasının vətəndaşı hesab etdiyi şəxslə +**********87 nömrəli “WhatsApp” şəbəkə vasitəsi ilə əlaqə yaratmış, sonuncunun kart hesabına 100 manat ödəmiş, həmin gün, yəni 13 aprel 2022-ci il tarixdə axşam saat 8 radələrində iranlı bildiyi həmin şəxsin əvvəlcədən şəklini ona göndərdiyi “Ulduz” metro stansiyası yaxınlığından narkotik vasitəni götürmüş və yenidən evinə qayıtmışdır. Həmin gün axşam çalışdığı gəmi yola düşəcəyindən yenidən işə getmək üçün evdən zəruri olan əşyaları, o cümlədən, qabaqcadan əldə etdiyi bütün bükümləri özü ilə aparmaq üçün toplamış və Kövkəb Səfərəliyeva küçəsi “Port Baku”nun yanına yollanmışdır. Bütün bükümləri özü ilə götürməsində məqsədi gəmi ilə yola düşəcəkləri, nə vaxt geri qayıdacaqları barədə dəqiq məlumatının olmaması, orada narkotik vasitə əldə etməsinin qeyri-mümkünlüyü ilə izah etmişdir. Gəmidə əvvəlcədən alıb qoyduğu iynələr vardır. Heroini iynə vasitəsilə istifadə edir. Gəmidə yoxlama olsa da üstündə daşıdığı narkotik vasitəni siqaret qutusuna qoymaqla keçirə bilir. Yaşadığı evdən birbaşa işə gedəcəyi təqdirdə 7 manat ödəməli olduğu halda daha az vəsait xərcləmək üçün məhlədəki maşınla Kövkəb Səfərəliyeva küçəsinə gəlmiş, oradan Hövsan tərəfə gedən taksilərə bir-iki manat verməklə iş yerinə getməyi planlaşdırmışdır. xx.xx.2022-ci il tarixində, təxmini saat 23:00-00:00 radələrində “Port Baku”- nun yanından Xətai rayonu Nargilə istiqamətində taksiyə minib iş yerinə(gəmiyə) getmək istəyərkən mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, təqsirləndirilən şəxsə narkotik vasitələrin saxlanmasında, istifadəsində şübhəli olduğunu bildirərək onlarla birgə Nəsimi rayon polis idarəsinə getməyi təklif etmişlər. Polis əməkdaşları tərəfindən Nəsimi rayon Polis İdarəsinə gətirildikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi, ona dövlət hesabına müdafiəçi dəvət ediləcəyi bildirilmişdir. Baxış zamanı üzərindən 01 ədəd “Honor 8’’ markalı mobil telefon, izolyasiya lenti ilə sarılmış 01 ədəd kibrit qutusu, həmin qutunun içərisində 09 ədəd polietilen selofana bükülmüş heroin və 02 ədəd polietilen selofana bükülmüş metamfetamin, 02 ədəd alışqan və 01 ədəd evin açarı aşkar edilmişdir. Üzərindən aşkar edilmiş 9 bükümdə ümumi təmiz çəkisi 2,500 qram təşkil edən narkotik vasitə olan heroin və 02 bükümdə ümumi təmiz çəkisi 1.990 qram olan metamfetamin ona məxsusdur. Həmin maddələri şəxsi istehlakı üçün əldə etmiş, daşımış və saxlamışdır. Heç vaxt narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmamış, başqa şəxsə pay, hədiyyə kimi verməmiş, verilməsində iştirak etməmişdir. Aylıq qazancı vardır, narkotik alqısatqısı ilə məşğul olsaydı aylarla gəmidə qalıb işləməzdi. Göstərdiyi səbəblərdən əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsini, gənc olmasını və yeni ailə qurmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə «Fuad» adlı şəxsin Nəsimi rayonu, K.Səfərəliyeva küçəsinə gəlməsi və burada narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadəsi ilə məşğul olması, üzərində daşıması, saxlaması və satışı barədə əvvəlcədən Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdu. Həmin məlumatı yoxlamaq məqsədi ilə rəhbərliyə raportla müraciət etmiş, daha sonra isə, “Fuad” adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmişdir. Rəhbərliyi altında Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili, polis baş serjantı X2 ibarət əməliyyat qrupu yaradılmış, daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 00:10 radələrində qeyd edilən ünvana X6 ilə birlikdə yollanmışlar. 14 aprel 2022-ci il tarixdə, saat 00:30-da sonradan şəxsiyyəti onlara məlum olan, Təqsirləndirilən şəxs tərəflərindən ünvan 5 ünvanın qarşısında saxlanmışdır. Özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirdikdən sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi rayon Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. Nəsimi rayon Polis İdarəsinin inzibati binasının xidməti otaqların birində Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilmişdir. Özünün, təhqiqatçı Saleh Salahzadənin və Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Fariz Hümbətovun eləcə də, təyin edilmiş mütəxəssisin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilərək Fuadın üzərindən 1 ədəd “Honor 8” markalı mobil telefon, alışqan və 01 ədəd açar, 1 ədəd izolyasiya lenti ilə sarılmış kibrit qutusu aşkar edilmişdir. Qutunun içərisində 09 ədəd polietilen sellofana bükülmüş tünd qəhvəyi rəngli bükümlər, 02 ədəd polietilen sellofana bükülmüş ağ rəngli bükümlər olmaqla, ümumilikdə 11 ədəd büküm var idi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kibrit qutusunda olan bükümlərə baxış keçirilən zaman Təqsirləndirilən şəxs, bu bükümlərin içərisində olan maddələrin “Heroin” və “Metamfetamin" adlı maddələr olmasını, həmin maddələri xx.xx.2022-ci il tarixdə adını bilmədiyi İran İslam Respublikası vətəndaşı olan şəxsdən sosial şəbəkə vasitəsilə sifariş etdiyini, daha sonra həmin şəxsin bank hesabına 100 manat ödəniş etməklə qeyd olunan maddələri "Ulduz” metro stansiyasının yanından götürdüyünü bildirmişdir. Bundan sonra həmin bükümlər zərfə qoyulmuş, zərf Nəsimi rayon Polis İdarəsinin zərflər üçün nəzərdə tutulmuş "186" nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili, X6 ifadəsində göstərmişdir ki, 13 aprel 2022-ci il tarixdə “Fuad” adlı şəxsin külli miqdarda narkotik vasitə əldə etməsi, daşıması və saxlaması, həmin gün gecə saat 00:00 radələrində Kövkəb Səfərəliyeva küçəsinə gələcəyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə daxil olmuş həmin məlumatın yoxlanması, “Fuad” adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edildikdən sonra Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə xx.xx.2022-ci il tarixdə, saat 00:10 radələrində Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsinə getmişlər. Əməliyyat məlumatı “Fuad” adlı şəxsin narkotik vasitəni kimə və harada satacağı barədə informasiyanı özündə əks etdirməsə də, təqsirləndirilən şəxs tərəfindən külli miqdarda narokotik vasitə əldə edilməsi, daşıması və saxlanması məzmunda olduğundan, təqsirləndirilən şəxsin məqsədinin “satış” olduğunu hesab etmişlər, lakin bir neçə dəqiqə müşaiyət etdikdən sonra sonuncunun dayanacaq tərəfə getdiyini görərək, satışı artıq həyata keçirdiyini, onun nəqliyyat vasitəsinə minərək uzaqlaşacağını düşündüklərindən 14 aprel 2022-ci il tarixdə, saat 00:30-da sonradan şəxsiyyəti onlara məlum olan, Təqsirləndirilən şəxs, tərəflərindən ünvan 6 ünvanın qarşısında saxlanılmışdır. Özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş, onu Nəsimi rayon Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. Nəsimi rayon Polis İdarəsinin inzibati binasının xidməti otaqların birində Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilmiş, onun özünün, təhqiqatçı Saleh Salahzadənin və Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 eləcə də, təyin edilmiş mütəxəssisin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış keçirilərkən 1 ədəd “Honor 8” markalı mobil telefon, alışqan və 01 ədəd açar, 1 ədəd izolyasiya lenti ilə sarılmış kibrit qutusu aşkar edilmişdir. Qutunun içərisində 09 ədəd polietilen sellofana bükülmüş tünd qəhvəyi rəngli bükümlər, 02 ədəd polietilen sellofana bükülmüş ağ rəngli bükümlər olmaqla, ümumilikdə 11 ədəd büküm var idi. Üzərindən aşkar edilən kibrit qutusunda olan bükümlərə baxış keçirilən zaman Təqsirləndirilən şəxs, bu bükümlərin içərisində olan maddələrin “Heroin” və “Metamfetamin" adlı maddələr olmasını, həmin maddələri xx.xx.2022-ci il tarixdə adını bilmədiyi İran İslam Respublikası vətəndaşı olan şəxsdən şəxsi istehlakı üçün sosial şəbəkə vasitəsilə sifariş etdiyini, daha sonra həmin şəxsin bank hesabına 100 manat ödəniş etməklə qeyd olunan maddələri "Ulduz” metro stansiyasının yanından götürdüyünü bildirmişdir. Bundan sonra həmin bükümlər zərfə qoyulmuş, zərf Nəsimi Rayon Polis İdarəsinin zərflər üçün nəzərdə tutulmuş möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 13 aprel 2022-ci il tarixli qərardan görünür ki, “Fuad” adlı şəxsin tam şəxsiyyətini, yaşadığı ünvanını, narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduğu yerləri və narkotik vasitələri əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədilə “X4 haqqında” Qanununa uyğun olaraq müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (Cild 1, iş vərəqə 4-5) . Şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi haqqında 14 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və axtrarış zamanı əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd “Honor 8” markalı mobil telefon, tünd boz rəngli cins şalvarının sağ yan cibindən içində 9 ədəd polietilen sellofana bükülmüş tünd qəhvəyi rəngli büküm və 2 ədəd polietilen sellofana bükülmüş ağ rəngli bükümlərin olduğu, izolyasiya lenti ilə sarılmış 1 ədəd kibrit qutusu, sol yan cibindən 02 ədəd alışqan, 1 ədəd açar aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni “Ulduz” metro stansiyası yaxınlığından tanımadığı İran İslam Respublikası vətəndaşından onlayn qaydada 100 manata alaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (Cild 1, iş vərəqə 47-50) 14 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2106 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “... Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,902 qr., 1,088 qr.. ümumi təmiz çəkisi 1,990 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, doqquz ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,430 qr., 0.158 qr., 0,379 qr., 0,157 qr., 0,350 qr., 0,361 qr., 0,422 qr., 0,152 qr., 0,091 qr., ümumi təmiz çəkisi 2,500 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 2,410 qram, metamfetaminin qalıq çəkisi 1,930 qram təşkil etmişdir (cild 1, iş vərəqə 60- 61) . 14 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Honor” markalı mobil telefona baxış keçirilmiş, mobil telefona baxış zamanı telefonun qalereyasından "21" ədəd narkotik vasitələrə, psixotrop maddələrə, elektron tərəziyə bənzər qurğu və şpris şəkilləri aşkar edilmişdir. Eləcə də, qeyd olunan mobil telefona baxış zamanı telefonun qalereyasından "17" ədəd bank kartı və ya bank hesablarının fotoları, həmçinin 12 ədəd müxtəlif ödəniş çeklərinin fotoları və "5” ədəd xüsusi işarələnmiş ünvanların fotoşəkilləri aşkar edilmişdir (cild 1, iş vərəqə 72-82) . 20 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 3362 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 191- 192). Məhkəmə psixiatrik ekspertizasının 04 iyul 2022-ci il tarixli, 1740 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 199-200). 21 iyul 2022-ci il tarixli sübutarın qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2,500 qram narkotik vasitə heroin, 1,999 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi, Təqsirləndirilən şəxs məxsus “Honor” markalı mobil telefon sübut növü kimi tanınmış, ekspertiza təqiqatından sonra qalıq çəkisi 2,410 qram təşkil edən narkotik vasitə heroinin, 1,930 qram təşkil edən psixotop maddə metamfetaminin, eləcə də “Honor” markalı mobil telefonun saxlanılması üçün gələcəkdə Nəsimi RPİ-nin növbətçi hissəsinə təhvil verilməsi müəyyənləşdirilmişdir. (cild 1, iş vərəqə 208-215) Maddi sübut qismində tanınaraq Bakı şəhəri Nəsimi RPİ-də saxlanılan “Honor” markalı mobil telefon 15 avqust 2022-ci il tarixli, 1(101)-1526/2022 saylı məktub əsasında 26 avqust 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 05 sentyabr 2022-ci il tarixli məhkəmə iclasında “Honor” markalı mobil telefonun şəkillər üçün nəzərdə tutulmuş qovluğunda aşkar edilmiş "17" ədəd bank kartı və ya bank hesablarının fotoları, həmçinin 12 ədəd müxtəlif ödəniş qəbzlərinin fotoları və "5” ədəd xüsusi işarələnmiş ünvanların fotoşəkilləri ilə əlaqədar cinayət prosesi iştirakçılarının iştirakı ilə həmin telefonun bilavasitə tədqiqi zamanı şəkillərin saxlanılması üçün nəzərdə tutulmuş qovluğunda aşkar edilərək əlavə sübut qismində qəbul edilmiş, 13 mart 2022-ci il tarixli təqsirləndirilən şəxsin “Elgün” adlı şəxslə “gəl düzələcəy, 15 m, ver verecey” mesajına “Elgün” adlı şəxsin “qaqa sənə qurban nə verəcək, 5 patı, nəyisə nə verər verər mən indi çıxıram evdən” cavabı, sonuncunun “mənə 5 tik patı 15 kolla saxla qaqa 100 % gelib götürəcəm” mesajına təqsirləndirilən şəxsin “xazırdı sən gəl” cavabı, təqsirləndirilən şəxsin “1 qr kola ne vaxta istəyir” sualına “Elgun” adlı şəxsin “bu günə” yazışmalarını əks etdirən 20 iyul 2022-ci il tarixdə ekranın çəkilməsi yolu ilə əldə edilən şəkillər tədqiq edilərək elan edilmişdir. 05 sentyabr 2022-ci il tarixli məhkəmə iclasında ibtidai araşdırma dövründə maddi sübut kimi tanınmış “Honor” markalı telefon tədqiq edilərkən “WhatsApp” bölməsində 13 aprel 2022-ci il tarixdə +7 705265 3605 mobil nömrənin sahibinin təqsirləndirilən şəxsə saat 21:30-21:33 radələrində “Fuad kimi gözdüyürsən?, xeberde gördüm biləsən gedmiyəsən kubinkaya Moyka tərəfdən 8 nəfər tutublar, Xanlar qalxan məhlədən 4 nəfər tutublar, məndən diməy qalanı özün bilərsən ” mesajına təqsirləndirilən şəxsin saat 22:33- 22:35 radələrində yazdığı “Mən kubinkaya getmirəm , vse day, desəm tanıyacaqsan”, “mal verməliyəm 4 qram kola, 2 qram patı” cavabını, +7 705265 3605 mobil nömrənin sahibinin saat 22:36 radələrində “satışı evdən edirsən ” sualına təqsirləndirilən şəxsin saat 22:37 radələrində yazdığı “yox colde gözdüyürdüm” cavabını əks etdirən yazışmalar müəyyən edilərək elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” 12 iyul 1988-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə və Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqının əvvəlində dindirilərkən narkotik vasitənin heç kimə pay, bəxşiş kimi verməməsi, verilməsində iştirak etməməsi, habelə satmaması məzmununda verdiyi ifadələr cinayət prosesi iştirakçılarının iştirakı ilə “Honor” markalı mobil telefonunun bilavasitə tədqiqi zamanı 20 iyul 2022-ci il tarixdə ekranın şəklinin çəkilməsi yolu ilə yaddaşda saxlanılan Təqsirləndirilən şəxs 13 mart 2022-ci il tarixli “Elgün” adlı şəxslə yazışmaları əks etdirən şəkillər ilə əlaqədar 5 sentyabr 2022-ci il tarixli məhkəmə baxış iclasında “hər ikimiz narkotik istifadəçisiyik, həmin şəxs yaxın dostumdur, narkotik vasitə lazım olduğu, lakin əldə edə bilmədiyi dövrdə öz əhatəmdən istifadə edərək ona narkotik vasitə təşkil etmişəm” məzmununda verdiyi ifadələrlə təkzib olunur. Bundan başqa məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxsin dindirilməsi zamanı tutularkən “Port Baku”nun ətarfında olması səbəbləri aydınlaşdırılarkən sonuncu İran İslam Respublikasının vətəndaşı hesab etdiyi şəxsdən narkotik vasitə aldıqdan sonra evə gedərək gecə gəmiyə yola düşmək məqsədilə “zəruri” əşyalarını toplayaraq Hövsan istiqamətində hərəkət edən “bir manatlıq” taksi ilə getməsini planlaşdırdığı üçün “Port Baku”nun yanına gəlməsi məzmununda ifadə versə də, istər bilavasitə məhkəmə iclasında görüntülənən təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilməsi barədə DVD diskdən, istərsə də məhkəmə istintaqı zamanı dindirilərkən şahidlərin və təqsirləndirilən şəxsin verdiyi ifadələrdən göründüyü kimi sonuncunun üzərindən yalnız iki ədəd alışqan, bir ədəd “Honor” markalı mobil telefon, bir ədəd açar və bir ədəd 1 ədəd izolyasiya lenti ilə sarılmış kibrit qutusu aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs evdən işə getmək üçün hansı “zəruri əşyaları” toplaması halının iş materialları ilə təsdiq edilməməsi onun “gəmiyə işə gedəcəyi, nə vaxt qayıdacağı bəlli olmadığından şəxsi istehlakı məqsədi ilə əldə etdiyi bütün bükümləri üzərində daşıması” barədə ifadələrini də təkzib edir. Təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, o cümlədən “Honor” markalı telefonun galereyasından aşkar edilmiş "17" ədəd bank kartı və ya bank hesablarının, həmçinin 12 ədəd müxtəlif ödəniş qəbzlərinin və "5” ədəd xüsusi işarələnmiş ünvanların fotoşəkilləri, Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olması barədə məumatları birbaşa özündə əks etdirən “WhatsApp” bölməsindəki +7 705265 3605 mobil nömrənin sahibi ilə aralarında olan, təqsirləndirilən şəxsin tutulmasından iki saat əvvələ təsadüf edən yazışmaların məzmunları ilə tam təkzib olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Bakı İstintaq Təcridxanasının 29 avqust 2022-ci il tarixli və 10 sentyabr 2022-ci il tarixli xasiyyatnamələrdən görünür ki, Təqsirləndirilən şəxs təcridxanada saxlanıldığı müddətdə daxili rejim qaydalarına əməl etməklə müsbət xarakterizə olunur. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs daxili rejim qaydalarına əməl etməklə müsbət xarakterizə edilməsini, gənc, ailəli olmasını, əməlindən səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3-1, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 04 il 06 ay azadlıqdan məhrum etmə cəza növü təyin edilmiş(cild 1, iş vərəqə 174-186), Bakı Apelyyasiya Məhkəməsinin 29 iyul 2016-cı il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmiş, ona verilmiş ittihamdan CM-nin 177.2.4-cü maddəsi xaric edilmiş, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 il 6 aydan 3 il 6 aya endirilmişdir. Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasını 20 oktyabr 2017-ci il tarixli Qanunun tətbiq edilərək, Bakı Apellyasiya Məhkəməsinin 29 iyul 2016-cı il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 2 il 7 aya endirilmişdir. (cild 1, iş vərəqə 188- 190).xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. (cild 1, iş vərəqə 158). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan iki il müddət keçdiyinə görə məhkumluğu olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, törətdiyi əməldən səmimi şəkildə peşman olmasını, üstündən aşkar edilərək götürülən narkotik vasitənin miqdarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 14 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 23- 24, 124-128). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 aprel 2022-ci il tarixdən hesablanmalıdır. 20 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 3362 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Nəsimi rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2, 410 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 1,930 qram təşkil edən psixotop maddə metamfetamin məhv edilməli, cinayət işinin materiallarında olan “Honor” markalı mobil telefon ailə üzvlərinə qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 81(səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 38,202). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq mərhələsində Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən, məhkəmə zamanı “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,410 qram təşkil edən heroin, qalıq çəkisi 1,930 qram təşkil edən metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus “Honor” markalı mobil telefon onun ailə üzvərinə qaytarılsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına vəkil X5 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar