Məhkəmə qərarları › İş №1(101)-1526/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1526/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1526/2023 12.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məcidov X5 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, X1 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən çəkilməmiş cəzası 06 ay azaldılmış, həmin hökm üzrə məhkumluğu ödənilməmiş və götürülməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ittihama əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda, təmiz çəkisi 2,052 qram olmaqla, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış, 27 fevral 2023-cü il tarixdə saat 18:30 radələrində ünvan 3 ünvanın qarşısında özünü şübhəli apardığı üçün Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 5 ünvanda yerləşən Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin inzibati binasına gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən 01 ədəd qara rəngli pul qabının içərisində 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2,052 qram narkotik vasitə olan heroin, üzərində heroinə məxsus izlər aşkar edilmiş 01 ədəd elektron tərəzi və 02 ədəd şpris aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, 27 fevral 2023-cü il tarixdə üzərində bir qram narkotik vasitə heroin olmuşdur. Həmin gün çayxanadan çıxarkən 2 nəfər mülki geyimdə olan 18-ci polis şöbəsinin əməkdaşları onu saxlayıb bölməyə aparmışlar. O, polis bölməsinə aparılan zaman bir qram narkotik vasitə heroin də onun üzərində olmuşdur. Polis idarəsində əvvəl ona bildirmişlər ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham veriləcəkdir. Polis bölməsində Qələndər adlı polis əməkdaşı üzərinə baxış zamanı video çəkilişdən əvvəl tərəzi və tibbi iynəni onun cibinə qoymuş və video çəkiliş zamanı heroin narkotik vasitəsinin satışı ilə məşğul olduğunu deməsini tələb etmişdir. Onu döydüklərinə görə o, məcbur olub polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Video çəkiliş zamanı üzərinə baxış keçirilərkən narkotik vasitə olan heroini 01 ədəd sellofan bükümdə təqdim etmiş, təhqiqatçı tərəfindən ondan narkotik vasitəni haradan aldığı soruşulduqda o, Həmid adlı İran vətəndaşından aldığını bildirmişdir. O, narkotik vasitələrin istifadəsi ilə məşğul olmuş, lakin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, saxlanılan zaman tək olmuş, üzərində bir qram narkotik vasitə olmuş, özü narkotik vasitələrdən istifadə edir, hər gün 01 qram narkotik vasitə olan və “kakos” adı ilə tanıdığı heroin qəbul edir. Narkotik vasitəni İran vətəndaşı olan Həmid adlı şəxsdən almışdır. Onunla “Whatsapp” mobil tətbiqi ilə mesaj vasitəsi ilə əlaqə saxlamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar olunan 02 ədəd tibbi iynə və tərəzi ona aid olmamışdır. Qələndər adlı polis əməkdaşı ondan heroin adlı narkotik vasitəni satmalı olduğunu deməsini istəmiş, tərəzi və tibbi iynəni də onun üzərinə həmin polis əməkdaşı qoymuşdur. Üzərinə baxış keçirilərkən narkotik vasitə olan heroini 01 ədəd sellofan bükümdə təqdim etmiş, saxlanılan zaman üzərində “Samsung” markalı telefonu olmuş, lakin həmin vaxt istifadə etdiyi mobil nömrəni xatırlamır. Qələndər adlı şəxs tərəfindən ona fiziki təzyiq olmuş, polis əməkdaşları onu gündüz saat 15-16 radələrində saxlamışlar, qollarında və ayağında xəsarət izləri də olmuşdur. O, adətən narkotik vasitənin 1 qramını 25 manata almışdır. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 27 fevral 2023-cü il tarixdə sahə müvəkkili ilə ərazidə xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görmüş, ona yaxınlaşaraq özlərini təqdim edərək şəxsin özünü təqdim etməsini xahiş etmişlər. Şəxs qaçmaq istədiyinə görə onu 18-ci polis şöbəsinə gətirmişlər. Şöbədə vəkilin və təhqiqatçının iştirakı ilə video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Şəxs şalvarın arxa cibindən bir ədəd əl çantası və telefon çıxararaq təqdim etmiş, əl çantasında 1 ədəd tərəzi, 2 ədəd şpris, bir ədəd “kakos” adlı narkotikə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni 50 manata tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxs saxlanılarkən qaçmaq istəmiş, onlar təqsirləndirilən şəxsi saxlamışlar. Şəxsi saxlayarkən ona qarşı heç bir fiziki təsir göstərilməmiş, 18-ci polis şöbəsində ona hər hansı təzyiq göstərilməmişdir. O, təqsirləndirilən şəxsi döyməmiş, şəxs özünü müdafiə məqsədilə qeyd olunan məzmunda ifadə vermişdir. O, təqsirləndirilən şəxsi tutduğu saatı xatırlamır, şəxs özünü şübhəli apardığına görə ona yaxınlaşmışlar. Şəxsin narkotik vasitələrin istifadəsi və ya satışı ilə məşğul olmasını müəyyən etmək onun deyil, müstəntiqin vəzifəsidir. Şəxsi saxlayıb təhqiqatçının otağına gətirmişlər, rəisə bu barədə məruzə olunmuş, vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə şəxsin üzərinə baxış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsinə uyğun məzmunda ifadə vermişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilən istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, maddi sübutlar və digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan cinayət işinin icraata qəbul edilməsi qərarından, Nərimanov RPİ-nin 18-ci polis Şöbəsinə ünvanlanmış raportdan görünür ki, Təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, polis şöbəsinə gətirildikdən sonra üzərindən narkotik vasitə olan heroin aşkar olunmuşdur (i/v: cild İ, səh. 1-2). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 27 fevral 2023-cü il tarixli protokoldan görünür ki, keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən bir ədəd qara rəngli əl çantasını və şalvarının sağ qabaq cibindən bir ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu əl çantası açılaraq içərisinə baxış keçirilərkən içərisindən bir ədəd sellofan büküm, bir ədəd elektron tərəzi, iki ədəd şpris və iki ədəd bank kartı aşkar olunmuş, həmçinin aşkar edilmiş bir ədəd sellofan bükümün içərisinə baxış zamanı içərisindən qəhvəyi rəngli, tozşəkilli maddə olması müəyyən edilmişdir. Tədqiq olunan həmin protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisindəki maddə narkotik vasitə heroindir, həmin narkotik vasitəni Həmid adlı şəxsdən 50 manata almışdır. (i/v: cild İ, səh.29-30). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «Diskə baxış keçirilməsi haqqında» 28 fevral 2023-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd qara rəngli əl çantasını və şalvarının sağ qabaq cibindən bir ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu əl çantası təhqiqatçı tərəfindən açılarkən içərisindən bir ədəd sellofan büküm, bir ədəd elektron tərəzi, iki ədəd şpris və iki ədəd bank kartı aşkar olunur. Həmçinin aşkar edilmiş bir ədəd sellofan bükümün içərisinə baxış zamanı içərisindən qəhvəyi rəngli, tozşəkilli maddə olması aşkar olunur. (i/v: cild İ, səh.51) Cinayət işinin materiallarına əlavə edilmiş CD disk məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, qeyd olunan videogörüntü «şəxsi axtarış və götürmə aparılması haqqında» 27 fevral 2023-cü il tarixli və «Diskə baxış keçirilməsi haqqında» 28 fevral 2023-cü il tarixli protokolla eynilik təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 28 fevral 2023-cü il tarixli, 6/1204 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 224” dairəvi möhür əksi olan, "Vət.Təqsirləndirilən şəxs üzərindən..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,052 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir. (i/v: cild İ, səh.38-42) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə fiziki-kimyəvi ekspertizasının 18 may 2023-cü il tarixli, 6/2407 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “elektron tərəzi və 02 ədəd tibbi şpris...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağıza bükülmüş içərisində üzərində "PCS ON/OFF UNİTS TARE LİGHT" qeyd edilmiş bir ədəd elektron tərəzinin üzərində və iki ədəd şprisdə heroinə məxsus izlər aşkar edildi. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və digər bükümdə olan maddə ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. (i/v: cild İ, səh.146-148) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 12 aprel 2023-cü il tarixli 2102 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i/v: cild İ, səh.140-141) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 12 aprel 2023cü il tarixli 986 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və ya 22ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. (i/v: cild İ, səh.142-145) Məhkəmə təqdim olunmuş sübutları qarşılıqlı şəkildə və məcmu halında, tam, obyektiv və qərəzsiz şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham qanuni və əsaslıdır. Məhkəmə bu nəticəyə gəlməklə yanaşı təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd olunan xüsusatların hər birinə ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsi, polis əməkdaşları tərəfindən döyülərək təzyiqlərə məruz qalması səbəbindən polis əməkdaşlarının təklifi ilə razılaşaraq onların verdiyi tibbi iynə və tərəzini boynuna götürməsi ilə bağlı ifadəsinə qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd edilən məzmundakı ifadələri məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlarla tam təkzib olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir aydır ki, narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitəni hər dəfə tanımadığı şəxslərdən əldə etmişdir. Bir neçə gün əvvəl “İnstagram” sosial şəbəkəsində özünü ona “Həmid” kimi təqdim edən şəxslə tanış olmuşdur. Lakin, həmin şəxsin soyadını, ata adını və ünvanını bilmir. Həmin şəxs özünü ona “Həmid” adlı şəxs kimi təqdim etmişdir. Söhbət zamanı “Həmid” onda narkotik vasitə olan heroin olduğunu və istədiyi vaxt onun hesabına pul köçürməklə onun qoyduğu yerdən narkotik vasitəni götürüb əldə edə biləcəyini bildirmişdir. Onunla razılaşdıqdan sonra “Həmid” adlı şəxs ona “Whatsapp” vasitəsilə əlaqə saxlamaq üçün +**********27 saylı mobil nömrə vermişdir. Həmin şəxsdən bir ay ərzində müxtəlif vaxtlarda təxminən 5 dəfə narkotik vasitə olan heroin alıb istifadə etmişdir. Sonuncu dəfə dəqiq tarix yadında deyil, Həmid adlı şəxslə yenə də qeyd olunan mobil nömrəsi ilə “Whatsapp” vasitəsilə əlaqə saxlamış və 5 qram narkotik vasitə olan heroin istədikdə, həmin narkotik vasitənin müqabilində Həmid adlı şəxsin istədiyi 50 manat pulu onun dediyi, hazırda yadında qalmayan bank hesabına terminal vasitəsilə göndərmişdir. Bundan sonra “Həmid” ona 20 yanvar metrostansiyasının yaxınlığında “Velotrek” adlanan yerin girişinin yaxınlığında bir fotoşəkil göndərmiş və ona narkotik vasitəni qoyduğu yeri başa salmışdır. Həmin yerdə pilləkanın alt hissəsindən narkotik vasitəni tapıb götürmüş, aldığı narkotik vasitənin bir qismini özü istifadə etmiş, bir qismini isə üzərində saxlamışdır ki, istədiyi zaman istifadə etsin. xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Nərimanov rayonu, Həsənoğlu küçəsi 14 ünvanın yaxınlığında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və xidməti vəsiqələrini göstərərək şəxsiyyəti təsdiq edən sənəd istədiklərində üzərində heç bir sənəd olmadığından və üzərində narkotik vasitə olduğu üçün onlardan yayınmağa çalışaraq özünü şübhəli aparmışdır. Polis əməkdaşları ondan şübhələnmiş və onu Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə dəvət etmişlər. Onların müşayiəti ilə polis şöbəsinə gəlmiş, 18-ci PŞ-də üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilmiş, ona görə də təhqiqatçı tərəfindən ona hüquqları izah olunduqdan sonra hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil təyin edilmişdir. Ona təqdim olunan vəkillərin siyahısından seçdiyi vəkil, İqbal Həsənov 18ci PŞ-nə gəldikdən sonra vəkilinin, həmçinin onu 18-ci PŞ-nə gətirmiş polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Axtarış zamanı üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu səbəbdən ifşa olunduğunu düşünüb əynindəki göy rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd qara rəngli pul qabını və şalvarının sağ qabaq cibindən bir ədəd “Samsung A21” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi pul qabının içərisinə baxış zamanı pul qabıdan bir ədəd sellofan büküm, bir ədəd elektron tərəzi, iki ədəd özünə məxsus bank kartı və iki ədəd şpris aşkar olunmuşdur. Həmçinin sellofan bükümün içərisindən qəhvəyi rəngli, toz halında maddə olması müəyyən edilmişdir. Başqa üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar edilən narkotik vasitə qablaşdırılmış, şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, özü və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Polis əməkdaşı təqdim etdiyi içərisində narkotik vasitə heroin olan 01 (bir) ədəd bükümü qablaşdırmış və möhürləyib götürərək bu barədə protokol tərtib etmişdir. Hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokola imza etmişlər. Üzərində şəxsi axtarış və götürmə aparılması video çəkiliş vasitəsi ilə keçirilmişdir. Ona saxlanıldığı zaman polis əməkdaşları tərəfindən heç bir təzyiq və zorakı hərəkətlər olmamışdır. Qeyd etdiyi kimi narkotik vasitəni özünü ona “Həmid” kimi təqdim etmiş şəxsdən onun dediyi yerdən gedib götürməklə özü istifadə etmək məqsədilə əldə etmişdir. Lakin, heç bir vaxt “Həmid”in üzünü görməmişdir. Üzərindən aşkar edilmiş elektron tərəzini üzərində gəzdirməkdə məqsədi narkotik vasitədən yeni istifadə etdiyi üçün tərəzidə çəkdikdən sonra bir qram istifadə etmək olmuşdur. Heç bir vaxt heç kəsə narkotik vasitə satmamışdır. (i/v: 79-81). Bundan başqa, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı ifadəsinin yoxlanılması məqsədi ilə təqsirləndirilən şəxsin saxlanıldığı İstintaq Təcridxanasından onun adına açılmış şəxsi iş və tibbi kitabça məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olan zaman tibbi müayinədən keçirilmiş və onun üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Bundan əlavə tədqiq edilmiş həmin şəxsi işdən görünür ki, təqsirləndirilən şəxs istintaq təcridxanasında daxili qaydaları bir neçə dəfə kobud surətdə pozması ilə əlaqədar barəsində tənbeh tədbiri görülmüşdür. Qeyd olunan məsələ ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs tibbi müayinə zamanı üzərində xəsarətlər aşkar olunduğunu və həmin xəsarətlərin qeydə alındığını bildirsə də, məhkəməyə təqdim olunmuş tibbi kitabçanın tədqiq edilməsi ilə müəyyən edilmişdir ki, müayinə zamanı onun üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülüb təzyiqlərə məruz qalması öz təsdiqini tapmamışdır. Həmçinin təqsirləndirilən şəxs ifadəsində cinayət işinin materiallarında qeyd olunduğundan fərqli saatda və şəraitdə saxlanıldığını bildirsə də, müdafiə tərəfi bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, eyni zamanda qeyd olunan halların araşdırılması məqsədi ilə müdafiəçi bir neçə dəfə məhkəməyə vəsatətlə müraciət etmiş, lakin təqsirləndirilən şəxs vəsatəti müdafiə etmədiyini və polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hansı mobil telefon nömrəsinin olduğunu xatırlamadığını bildirmişdir. Bununla da təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülüb təzyiqlərə məruz qalması, cinayət işinin materiallarında qeyd olunan vaxtdan fərqli saatda saxlanılması, habelə üzərindən aşkar olunmuş predmetlərin ona məxsus olmaması ilə bağlı ifadəsi öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə təqsirləndirilən şəxs X2 məhkəmədə vermiş olduğu ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, məhkəmədə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verərək, üzərində cəmi 1 qram narkotik vasitə heroin olduğunu, tibbi iynələrin və elektron tərəzinin ona məxsus olmadığını bildirməklə məhz əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif olunmasına nail olmaq məqsədi güdür. Məhkəmə bu nəticəyə gələrkən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Polis İdarəsində ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham veriləcəyinin bildirməsini xüsusi olaraq qeyd etməsini də diqqətə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən ümumi təmiz çəkisi 2,052 qram heroin aşkar edilməklə «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitənin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar həddində olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən hərəkətlərində (əməllərində) onun külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşımaqla saxlaması faktı öz təsdini tapmışdır. Bu səbəbdən də məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd edilən hərəkətləri, yəni külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edib daşımaqla saxlamasında niyyəti və məqsədinin nədən ibarət olmasını müəyyən etməkdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşıyıb saxlaması, üzərində narkotik vasitələri çəkib bükümlərə bölmək üçün üzərində saxladığı elektron tərəzinin olması, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallan nəzərə alınmalıdır. İstintaq materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs külli miqdarda təmiz çəkisi 2,052 qram narkotik vasitə olan heroin alıb üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi ilə birlikdə üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin miqdarı ilə yanaşı, elektron tərəzinin aşkar edilməsi və işin digər halları nəzərə alınmaqla, sonuncunun üzərindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək məqsədilə deyil, satış məqsədilə əldə edərək üzərində saxlamasına və daşımasına dəlalət edir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə və elektron tərəzi ilə yanaşı, 2 ədəd tibbi şprisin aşkar edilməsini də nəzərə alır. Belə ki, məhkəmə tibbi şprisin 2 ədəd olmasını, onun özünün istifadəsi ilə yanaşı, başqa bir şəxsin də istifadəsini təmin etməsinin göstəricisi kimi qiymətləndirir. Beləliklə, toplanmış şahid ifadələri, təqsirləndirilən şəxsin ifadəsi, şəxsi axtarış və götürmə protokolu, ekspert rəyləri və digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda, təmiz çəkisi 2,052 qram olmaqla, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış, 27 fevral 2023-cü il tarixdə saat 18:30 radələrində ünvan 3 ünvanın qarşısında özünü şübhəli apardığı üçün Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 5 ünvanda yerləşən Nərimanov Rayon Polis İdarəsinin 18ci Polis Şöbəsinin inzibati binasına gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən 01 ədəd qara rəngli pul qabının içərisində 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2,052 qram narkotik vasitə olan heroin, üzərində heroinə məxsus izlər aşkar edilmiş 01 ədəd elektron tərəzi və 02 ədəd şpris aşkar edilərək götürülmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkibi vardır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşımaqla, daha yüngül maddə üzrə cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmağa yönəlmişdir. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə bu hissədə tənqidi yanaşır və inandırıcı hesab etmir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən, habelə müvafiq məhkəmələrin hökmünün və qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən çəkilməmiş cəzası 06 ay azaldılmışdır. (i/v: cild İ, səh. 115-117). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədə göstərilmiş Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət işinin xx.xx.2020-ci il tarixdə Nərimanov rayon Məhkəməsinə göndərilməsi məsələsi aydınlaşdırılarkən Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həmin cinayət işi üzrə şahid qismində iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirli bilindiyi cinayət əməllərini törədərkən Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təqsirli bilindiyi az ağır cinayət əməlini törətməyə görə üzərində yaranmış məhkumluğu ödənilməmişdir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları əsas götürərərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Yuxarıda şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 fevral 2023-cü il tarixdən hesablanmalı, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 12 aprel 2023-cü il tarixli 2102 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilməli, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 2,002 qram təşkil edən narkotik vasitə olan heroin, 2 ədəd şpris və 1 ədəd elektron tərəzi məhv edilməlidir. Məhkəmə baxışı zamanı iş üzrə məhkəmə məsrəfləri olaraq 130 (bir yüz otuz) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Şərh olunanlara əsasən və və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 27 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 2,002 qram təşkil edən narkotik vasitə olan heroin, 2 ədəd şpris və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 130 (yüz otuz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Azad Məcidov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar