Məhkəmə qərarları › İş №1(101)-1527/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1527/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1527/2023 19.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 01 avqust 1968-ci il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qəzvinoba kəndində qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, naməlum vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,144 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış, 27 fevral 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi 108 ünvanının qarşısında özünü şübhəli apardığı üçün Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin inzibati binasına gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2,144 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etsə də, 15 ildən çoxdur ki, narkotik vasitədən istifadə etmir. O, xx.xx.2023-cü il tarixdə işdən evə qayıdarkən 14:00 radələrində Nəsimi rayonu, Xan Şuşinski küçəsində işiqforun yanında piyada keçidində polis əməkdaşları maşını saxlayaraq onu tutub Nərimanov RPİ-nə gətirmişlər. Onun şalvarının cibində narkotik vasitə olmamışdır. O, təzyiq altında olduğundan videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu demişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər həmin polis əməkdaşları və qonşuları ilə münaqişəli vəziyyəti olmamışdır. O, narkotik vasitədən Azərbaycanda olarkən istifadə etməmişdir. Saxlanılarkən heç kim onu görməmiş, tək olmuşdur. O, PB-nə aparılarkən maşında polis formasında bir nəfər arxada əyləşmiş, bir nəfər maşını sürürmüş, PB-nə az qalmış bir nəfəri də maşına mindirmişlər. Narkotik vasitəni şalvarının yox, kurtkanın cibindən çıxarmışlar. Narkotik vasitəni cibinə qoyan polis əməkdaşının adını bilmir, amma üzdən görsə tanıyacaq. Xəsarət izi yoxdur. Polis əməkdaşları böyrəklərinə təpiklə vurmuşlar. O, İstintaq Təcridxanasına daxil olarkən xəsarət aldığını deməmişdir. Elan olunmuş cinayət işinin 27-28-ci vərəqlərində olan şübhəli şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokola və porotokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, təzyiq altında və oxumadan protokolu imzalamışdır. Elan olunmuş cinayət işinin 50-ci vərəqəsində olan diskə baxış keçirilməsi barədə protokola əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, təzyiq altında və oxumadan protokolu imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadə ilə izahat arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan olunmuş, izahatın və ifadələrin sonunda olan imza təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 30-32-ci vərəqələrində olan izahatında, 51-52 və 63-64-cü vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitəni hər dəfə tanımadığı şəxslərdən əldə etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə səhər saatlarında narkotik vasitə əldə etmək üçün Bakı şəhərində “Papanin” adlanan əraziyə getmiş, həmin yerdə üzdən tanıdığı, adını, soyadını və ünvanını bilmədiyi şəxsdən 10 manat müqabilində bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroin almışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Nərimanov rayonu, F.Xoyski küçəsi 108 ünvanının qarşısında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və xidməti vəsiqələrini göstərərək şəxsiyyəti təsdiq edən sənəd istəmişlər. Üzərində olan şəxsiyyət vəsiqəsini təqdim etmiş, lakin üzərində narkotik vasitə olduğu üçün onlardan yayınmağa çalışmış və özünü şübhəli aparmışdır. Polis əməkdaşları ondan şübhələnmiş və onu Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarının müşayiəti ilə polis şöbəsinə gəlmiş, 18-ci PŞ-də ona üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilmiş, ona görə də təhqiqatçı tərəfindən ona hüquqları izah olunduqdan sonra hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət edilmişdir. ... Axtarış zamanı üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuş, bu səbəbdən ifşa olunduğunu düşünüb əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü və əynindəki göy rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini və bir ədəd bank kartını çıxarıb təqdim etmişdir. Təqdim etdiyi sellofan bükümün içərisinə baxış zamanı içərisindən qəhvəyi rəngli, toz halında maddə olması aşkar olunmuşdur. ...Üzərində şəxsi axtarış və götürmə aparılması videoçəkiliş vasitəsilə keçirilmiş, ona saxlanıldığı zaman polis əməkdaşları tərəfindən heç bir təzyiq və zorakı hərəkətlər olunmamışdır. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. O, təzyiq altında və oxumadan izahatı və protokolları imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 fevral 2023-cü il tarixdə saat 20 raadələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə rəisi, polis mayoru Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən, ünvan 4 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini təqdim edib şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini bildirmişlər. Həmin şəxs şəxsiyyət vəsiqəsini təqdim etmiş və Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs şübhəli hərəkətlərlə onlardan yayınaraq getmək istədiyindən, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olmasından şübhələnib üzərində şəxsi axtarış aparılması üçün Nərimanov RPİnin 18-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin olunmuş və o şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən içərisində qəhvəyi rəngli, toz halında maddə olan bir ədəd sellofan bükümü və əynindəki göy rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini və bir ədəd bank kartını çıxarıb masanın üzərinə qoymuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümdə olan maddənin "kakos" kimi tanıdığı narkotik vasitə olduğunu, özü istifadə etmək məqsədilə "Papanin" adlanan ərazidə tanımadığı şəxsdən 10 manata əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olmamışdır. Onlar 3-4 nəfər tutmamışlar. Onlar həmin gün Təqsirləndirilən şəxs saxlayıb onu Nərimanov RPİ-nin 18-ci PŞ-nə dəvət etmişlər, həmin vaxt başqa şəxs saxlamamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 2-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 27 fevral 2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 20:00 radələrində inzibati ərazidə xidmətdə olan zaman, Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi 108 ünvanının qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, həmin şəxs verilən suallardan yayındığından, onun narkotik vasitədən istifadə etməsindən şübhələnib Nərimanov RPİnin 18-ci PŞ-nə dəvət etmişlər. PŞ-də həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Cinayət işinin 27-28-ci vərəqələrində olan 27 fevral 2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları və ya maddəni könüllü təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü, əynindəki göy rəngli gödəkcənin sol yan cibindən bir ədəd şəxsiyyət vəsiqəsini və bir ədəd bank kartını çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu sellofan büküm açılarkən içərisindən qəhvəyi rəngli, tozşəkilli maddə olması aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs sellofan bükümdə olan maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata əldə etdiyini bildirmişdir. Aşkar edilmiş büküm qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 38-41-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2023-cü il tarixli, 6/1203 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,144 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 50-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 fevral 2023-cü il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 1 ədəd CD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində olan əşaları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü, əynindəki göy rəngli gödəkcənin sol yan cibindən bir ədəd şəxsiyyət vəsiqəsini və bir ədəd bank kartını çıxarıb masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu sellofan büküm açılarkən içərisindən qəhvəyi rəngli, tozşəkilli maddə olması aşkar olunur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs sellofan bükümdə olan maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata əldə etdiyini bildirir. Cinayət işinin 94-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin VMAS operatoru, polis serjantı Aslanlı Raminin 04 aprel 2023-cü il tarixli raportundan görünür ki, yoxlanış zamanı Təqsirləndirilən şəxs adına mobil nömrə aşkar edilməmişdir. Cinayət işinin 88-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin 18-ci PŞ-dən daxil olmuş 15 mart 2023-cü il tarixli, 642 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 108-114-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X2 03 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək istintaqı aparılan cinayət işindən material ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, onda narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən ona təzyiqlər olduğu üçün narkotik vasitəni boynuna götürmüşdür. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən işgəncəyə məruz qalıbqalmamasını, saxlanıldığı istintaq Təcridxanasına daxil olan zaman bədəni üzərində xəsarətlərin olub-olmamasını müəyyən etmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına 05 iyul 2023-cü il tarixli sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 15 iyul 2023-cü il tarixli, 20-12/413 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olan zaman keçirilmiş sorğu zamanı xəsarət almadığını bildirmiş, baxış zamanı bədən səthində yeni xəsarət izləri aşkar edilməmişdir. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadələr verib ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onun məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 92-93-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 29 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Əliyev X1 Şəhəri Ostankino Rayon Məhkəməsinin 27 fevral 2001-ci il tarixli hökmü ilə Rusiya Federasiyaının 228.1, 97.1, 99.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs barəsində olan Moskva Şəhəri Ostankino Rayon Məhkəməsinin 27 fevral 2001-ci il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 522-ci maddəsində göstərilən tələblərə uyğun olaraq Azərbaycan Respubikası ərazisində tanınması barədə hər hansı məlumat olmadğından, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Cinayət işinin 91-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 28 mart 2023-cü il tarixli, 3832 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 95-96-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin 12 aprel 2023-cü il tarixli 2101 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Cinayət işinin 98-100-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza X4 şəxsinin 12 aprel 2023-cü il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və ya 22ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran hallrı müəyyən etmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 27 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 14-15-ci vərəqələrində olan 27 fevral 2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 72-76-cı vərəqələrində olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 4(005)-275/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 fevral 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, aparılmış ekspertiza tədqiqatdan sonra qalıq qalmış 2,094 qram çəkidə qalan narkotik vasitə heroin məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, aparılmış ekspertiza tədqiqatdan sonra qalıq qalmış 2,094 qram çəkidə qalan narkotik vasitə heroin məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar