Məhkəmə qərarları › İş №1(101)-153/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-153/2020

09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-153/2020 09.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X14 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə 1990-cı il martın 16-da Cəlilabad rayonunun Zəhmətabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, fərdi əməklə məşğul olmuş, ünvan 1 mənzil 31 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazir-liyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni və Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən külli miqdarda psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmək, daşımaq, saxlamaq və satmaq barədə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə ümumi təmiz çəkiləri 1.517 qram narkotik vasitə heroini və 201,171 qram olan psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib yaşadığı ünvan 2 ünvanındakı yeni tikilinin mansard hissəsində 111 nömrəli boş mənzildə saxlamış və 2019-cu il aprelin 26-da saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 25 ünvanında yerləşən «Premium» klinikasına daşımış, bu barədə daxil olan məlumata əsasən Bakı Şəhər Baş X7 Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı qeyd edilən klinikanın yaxınlığında dörd ədəd şəffaf politelin torbadakı ayrı-ayrılıqda təmiz çəkisi 255 qram, 506 qram, 500 qram, 256 qram olmaqla ümumi təmiz çəkisi 1.517 qram olan narkotik vasitə heroini, iki ədəd şəffaf politelin torbadakı ayrı-ayrılıqda təmiz çəkiləri 100,989 qram və 100,182 qram olmaqla ümumi təmiz çəkisi 201,171 qram psixotrop maddə metamfetamini şərti alıcı Şahid10 satarkən saxlanaraq Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasının xidməti otağında üstünə baxış keçirildikdə Təqsirləndirilən şəxs göstərilən çəkidə həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şərti alıcı Şahid10 satmaq müqabilində aldığı, əvvəlcədən müvafiq qaydada qeydiyyata alınan 18.000 ABŞ dolları və 1.000 manat məbləğində pul əskinasları aşkar edilib götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ona elan edilən ittihamda özünü təqsirli bilməməklə ifadəsində göstərdi ki, o, rəsmi olaraq daimi heç bir yerdə işləməsə də stomatoloq kimi müxtəlif klinikalarda öz xəstələrinə həkim xidmətlərini göstərmişdir. Ürək xəstəliyindən əziyyət çəkən atası X5 müalicəsi üçün 2018-ci ilin dekabr ayında bankdan iki dəfə kredit götürüb 10.000 manat düzəltməklə sonuncu ilə birlikdə müayinədən keçməkdən ötrü İran İslam Respublikasının Ərdəbil şəhərinə getmiş, göstərilən vaxt İranın Biləsuvar şəhərində tanış olduğu Milad adlı şəxslə yaxşı münasibətləri yaranmış, 2019-cu ilin yanvar ayında atası ilə bərabər yenidən İranın Ərdəbil şəhərinə gələndə həmin şəxs onları qarşılayaraq canfəşanlıqla köməklik göstərmiş, əməliyyat üçün çatmayan, növbəti gedişində qaytardığı 2.000 manat borc vermişdir. 2019-cu il aprelin 22-də Milad «WhatsApp» proqramı ilə əlaqə saxlayıb Günel adlı qadınla İrandan yola saldığı iki yorğanı və ərzaq çantasını Bakı şəhərində qarşılamağı xahiş etdiyindən o, sonuncunun etdiyi yaxşılıqlara görə etiraz etməməklə İrandan gələn qadının yönləndirməsi ilə «20 Yanvar» metrostansiyasının yanında taksi sürücüsündən göndərilən əşyaları alaraq ağzı açıq vəziyyətdə olan sumkada müxtəlif şirniyyatlar olmasını görmüş, əlaqə saxladıqda Milad yorğanları ona hədiyyə verdiyini söyləyib çantanı deyəcəyi bir şəxsə çatdırmağını bildirmiş, 2019-cu il aprelin 26-da Milad «WhatsApp» vasitəsi ilə onunla əlaqə saxlamaqla malları əvvəllər tanımadığı Cavid adlı şəxsə verməyini xahiş etdiyindən çantanı saxladığı Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, 284 nömrəli evin 112-ci mənzili ilə qonşuluqdakı mansard hissədən götürərək Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 25 ünvanındakı xəstələri qəbul etdiyi «Premium» klinikasına daşımış, saat 14 radələrində yaxınlıqda sonuncu ilə görüşəndə göstərilən şəxs çantanı ondan alarkən gözləmədiyi halda ona manat və dollarlardan ibarət pul əskinaslarını uzatmış, o isə qəti şəkildə pulu götürməkdən imtina edib pulu küçəyə səpələmişdir. Qeyd edilən zaman onu özlərini polis əməkdaşı kimi təqdim edən mülki geyimli şəxslər saxlamaqla Bakı Şəhər Baş Polis İdarəsinə gətirmişlər, orada baxış keçirilərkən Cavidin verdiyi, yenidən ona ötürülən 18.000 ABŞ dolları və 1.000 manat məbləğində pul guya üzərində aşkar edilmiş, Cavid də ondan aldığı, içərisində dörd ədəd qəhvəyi rəngli maddələr və iki ədəd ağ kristal formalı şəffaf rəngli maddələr olan sellofan paketləri polisə təqdim etmişdir. Hesab edir ki, Milad adlı şəxs onunla tanışlığından sui-istifadə etmiş və onun xəbəri olmadan kuryer kimi qanunsuz işə cəlb etmişdir. Əməlindən çox peşmandır. İş üzrə şahid qismində dindirilən Şahid10 ifadəsində göstərdi ki, 2019-cu il aprel ayının axırlarından ortaq adamların vasitəsi ilə tanıdığı İran İslam Respublikasının vətəndaşı Milad adlı şəxsin Azərbaycan Respublikasına qaçaqmalçılıqla narkotik vasitələr gətizdirərək «həkim» ləqəbli, adını sonradan bildiyi Təqsirləndirilən şəxs köməyi ilə satışını təşkil etməsi barədə məlumat almışdır. Milad «WhatsApp» proqramı ilə əlaqə saxlayıb külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Azərbaycanda satmaq istədiyini bildirməklə ondan kömək istəmiş, o da sonuncunun cinayətkar fəaliyyətinin qarşısını almaqdan ötrü məlumat vermək qərarına gələrək Şahid5 adlı tanışı ilə birlikdə 2019-cu il aprelin 26-da Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etdikdə keçiriləcək əməliyyat-axtarış tədbirində şərti alıcı qismində iştirak etməyə etiraz etməmiş və ona davranış xətti izah olunmuşdur. Miladla telefon əlaqəsi saxlayıb 18.000 ABŞ dolları və 1.000 manat müqabilində təxminən 1,5 kiloqram heroini və 200 qram metamfetamini sonuncudan almağını, həmin narkotik vasitəni və psixotrop maddəni ona Araz adlı şəxsin verməsini razılaşdırmış, buna görə də əvvəlcədən nömrələri müvafiq qaydada qeydə alınan 18.000 ABŞ dolları və 1.000 manat məbləğində pul əskinasları ona təqdim edilmişdir. Daha sonra Milad Arazın telefon nömrəsini ona vermiş və sonuncu ilə zəngləşməklə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 25 ünvanında yerləşən «Premium» klinikasının yanında görüşəndə Araz heroinin və metamfetaminin tünd qəhvəyi rəngli çantada olduğunu bildirərək ona göstərdikdə o, 18.000 ABŞ dolları və 1.000 manat məbləğində pulu sonuncuya ötürmüş, Araz ayaqüstə pulu sayıb düz olduğunu demiş, çantanı uzadan vaxt o, əməliyyat qrupunun üzvlərinə işarə vermişdir. Əməliyyatçılar yaxınlaşıb özlərini təqdim etməklə Arazı Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etmişlər, vəkilin iştirakı ilə üzərinə baxış keçirilərkən sonuncu 18.000 ABŞ dolları və 1.000 manat pulu polis əməkdaşlarına təqdim etmiş, Araza məxsus çantaya baxış keçiriləndə içərisində dörd ədəd şəffaf polietilen torbada tünd qəhvəyi tozşəkilli narkotik vasitə heroinə, iki ədəd şəffaf polietilen torbada «şüşə» adlanan psixotrop maddə metamfetaminə bənzər maddələr müəyyən edilərək götürülmüşdür. Göstərilən zaman Araz bunların hamısının İran vətəndaşı Milada aid olmasını, satılması üçün Bakı şəhərinə göndərilməsini bildirmişdir. Hadisə ilə bağlı tərtib edilən protokol və aşkarlanan maddələrin qablaşdırılmasının üzəri digər iştirakçılarla yanaşı onun da tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilən Şahid1 Şahid10 ilə analoji ifadə verib əlavə olaraq göstərdi ki, polis polkovnik-leytenantı olmaqla Bakı Şəhər Baş X7 Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 2019-cu il aprelin 26-da Şahid10 və Şahid5 adlı şəxslərin ərizəsi ilə Milad adlı İran İslam Respublikasının vətəndaşının «həkim» ləqəbli, adını sonradan bildiyi Təqsirləndirilən şəxs vasitəsi ilə Bakı şəhərində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Həmin vətəndaşlar Miladın və Arazın ifşa olunmasında yaxından iştirak etmək istədiklərini bildirdikdə bununla əlaqədar müvafiq qaydada rəhbərliyə məruzə edildikdən sonra ondan, baş əməliyyat müvəkkili Şahid4 və Şahid3, əməliyyat müvəkilləri X13, X3, Şahid9 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır, vətəndaşlar Şahid10 şərti alıcı, Şahid5 iştirakçı, Şahid6 və Şahid11 hal şahidləri kimi tədbirə cəlb edilmişlər. Bundan sonra əməliyyat-axtarış tədbirində iştirak edən bütün şəxslərin davranış xətti və dəvət olunan hal şahidlərinə hüquq və vəzifələri izah edilmiş, əməliyyat qrupunun üzvlərinin və hal şahidlərinin iştirakı ilə şərti alıcı Şahid10 üzərinə baxış keçirilmiş və dövriyyəsi qadağan edilən hər hansı bir əşya aşkar olunmamış, əməliyyat tədbirində istifadə olunması üçün əvvəlcədən müvafiq qaydada qeydə alınan 18.000 ABŞ dolları və 1.000 manat məbləğində pul əskinasları sonuncuya təqdim edilmişdir. Onlar Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 25 ünvanında yerləşən «Premium» klinikasının yanına gedib öz mövqelərini tutmuş, saat 1435 radələrində Şahid10 Təqsirləndirilən şəxs ilə görüşdükdə birincisinin ikincisinə göstərilən pul əskinaslarının verərək əvəzində tünd qəhvəyi rəngli çantanı almaqla şərti işarəsindən sonra yaxınlaşıb özlərini təqdim edərək Araz adlı şəxsi saxlamaqla Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etmişlər, orada Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən sonuncu 18.000 ABŞ dolları və 1.000 manat məbləğində pulu təqdim edib həmin vəsaiti satdığı dörd ədəd sellofan torbadakı narkotik vasitə heroinin və iki büküm sellofan torbadakı psixotrop maddə metamfetaminin müqabilində Cavid adlı şəxsdən aldığını, narkotik vasitəni və psixotrop maddəni isə Milad adlı İran İslam Respublikasının vətəndaşının satması üçün göndərdiyini bildirmişdir. Tədbirlər keçirilən vaxt Təqsirləndirilən şəxs hər hansı bir fiziki və yaxud psixi zor tətbiq edilməmiş, protokol imzalanarkən heç bir narazılıq olmamışdır. Baxış zamanı video və fotoçəkilişdən istifadə edilmişdir. İş üzrə şahid qismində dindirilən Bakı Şəhər Baş X7 Mübarizə İdarəsinin baş əməliyyat müvəkkiləri polis polkovnik-leytenantı Şahid4 və polis mayoru Şahid3, əməliyyat müvəkkili polis baş leytenantı Şahid9 Şahid1 ilə oxşar ifadələr verdilər. İş üzrə şahid qismində dindirilən Şahid6 və Şahid11 2019-cu il aprelin 26-da saat 14 radələrində Təqsirləndirilən şəxs adlı şəxsin saxlanıb üzərinə baxış keçirilməsində hal şahidi qismində iştirak etdiklərini bildirərək Şahid1 ilə eyni məzmunlu ifadələr verdilər. İş üzrə şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, o, İran İslam Respublikasından müxtəlif qab-qacaq, ərzaq məhsulları almaqla üstünə bir qədər pul qoyub Azərbaycan Respublikasında sataraq ailəsini dolandırır, bəzi hallarda isə İrandan başqa şəxslərin göndərdiyi malları Azərbaycana keçirməklə qazanc əldə edir. Milad adlı İran vətəndaşını Elşən adlı şəxs vasitəsi ilə tanımışdır. 2019-cu il aprel ayının ortalarında Milad ona zəng vurub Bakı şəhərinə ərzaq və yorğan göndərmək istədiyini bildirəndə o, hər şeyi özünün dəqiqliklə yoxlayacağını və içərisində hər hansı bir qanunsuz mal olsa, onu qəbul etməyəcəyini deyərək sonuncu ilə razılaşmış, lakin övladının səhhəti pis olduğundan malları gömrükdən keçirtməyi Murad adlı şəxsdən xahiş etmişdir. Səhərisi gün Miladın verdiyi malları Bakıya yola salmış, bir müddət sonra tanımadığı şəxs ona səsli mesaj göndərməklə özünü Elşənin dostu kimi təqdim etmiş və o, «20 Yanvar» metrostansiyasının yaxınlığında malları sonuncuya taksi sürücüsü vasitəsi ilə çatdırmışdır. Miladın qanunsuz əşya göndərməsindən xəbəri olmamışdır. İş üzrə şahid qismində dindirilən Şahid8 ifadəsində göstərdi ki, o, ailəsini dolandırmaq məqsədi ilə İrandan kənar şəxslərin göndərdiyi malları Azərbaycana keçirib qazanc əldə edir. 2019-cu ilin yanvar ayından tanıdığı Şahid7 tələsdiyi üçün müştəridən qəbul etdiyi malı Azərbaycana keçirərək Biləsuvar rayonunun «təyyarə meydanı» adlanan ərazidəki onun özünün evinə qoymağını ondan xahiş etmişdir. O, sonuncu ilə razılaşmış, xidmət haqqını almaqla mallara diqqətlə baxmış və heç bir qanunsuz əşya aşkar etməmişdir. Günelin malları götürdükdən sonra nə etməsi barədə məlumatsızdır. İş üzrə əlavə şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 2009-cu ildən tələbə yoldaşı kimi tanyır. 2019-cu il aprelin 26-da günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 25 ünvanındakı «Premium» klinikasında işləyən tanışı ilə görüşmək üçün yaxınlaşarkən tünd metallik rəngli «Mercedes» markalı avtomobilin ətrafında səs-küy olmasının, avtomaşının arxa oturacağında əyləşən bir nəfər şəxsin mülki geyimli şəxslərlə mübahisə etməsinin və salonun pəncərəsindən küçəyə doğru çoxlu sayda dollar və manat səpələməsinin şahidi olmuş, avtomobildən düşmək istəyən adamın Araz olmasını görmüşdür. Özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər ətrafa səpələnən pulları yığıb Arazı da avtomaşına əyləşdirərək oradan uzaqlaşmışlar. İş üzrə əlavə şahid qismində dindirilən X19 ifadəsində göstərdi ki, bir neçə aydır «Aysberq» su şirkətində sürücü kimi işləyir. O, Təqsirləndirilən şəxs sonuncunun qardaşı X12 vasitəsi ilə tanıyır. 2019-cu il aprelin 27-də Muradla danışarkən sonuncu ona Arazın 2019-cu il aprelin 26-da «Premium» klinikasının qarşısında narkotik vasitə satmağa görə tutulduğunu bildirmişdir. Hadisə barədə ətraflı məlumatı yoxdur. Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ibtidai araşdırmadakı Təqsirləndirilən şəxs ilkin izahatından görünür ki, 2019-cu il aprelin 26-da «Premium» klinikasının qarşısında içərisində Milad adlı iranlıya məxsus narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan çantanı Cavid adlı şəxsə uzadarkən əvəzində sonuncudan 18.000 ABŞ dolları və 1.000 manat məbləğində pul almışdır (iş vərəqi 83). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmada şübhəli və təqsirləndirilən şəxslər qismində ifadə verərkən özünü təqsirli bilməsə də cinayət hadisəsini təfsilatı ilə izah etmiş, 2019-cu il aprelin 26-da Cavid adlı şəxslə görüşən zaman sonuncunun gəldiyi yaş asfalt rəngli «Mercedes» markalı avtomobildə əyləşdikdə bundan əvvəl ərzaq çantasındakı peçenye qabında Milad adlı iranlı şəxsin dediyi kimi dörd ədəd qəhvəyi rəngli və iki ədəd ağ kristal formalı şəffaf rəngli narkotik maddələr olan sellofan paketlərinin mövcudluğuna əmin olub malları yerləşdirdiyi, özünə məxsus çantanı Cavidə uzadarkən içərisindəki maddələri satmaq fikrində olmadığını, niyyətinin girişdiyi məsələdən canını qurtarmaq olmasını, buna görə də sonuncunun ona vermək istədiyi pulu avtomaşından küçəyə doğru səpələdiyini göstərmişdir (iş vərəqi 110-114, 128-128 «c», 162-166 və 278-282). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Bakı Şəhər Baş X7 Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 ibtidai araşdırma gedişində şahid qismində dindirilərkən Şahid1 istintaqdakı ilə oxşar ifadə vermişdir (iş vərəqi 183-185). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid5 ibtidai araşdırma vaxtı şahid qismində dindirilərkən ortaq tanışların vasitəsi ilə tanıdığı şərti alıcı olan Şahid10 istintaqdakı ilə eyni məzmunda ifadə vermişdir (iş vərəqi 154-155). İş materiallarında olan Bakı Şəhər Baş X7 Mübarizə İdarəsinin tərtib etdiyi 2019-cu il 26 aprel tarixli raportlardan, Bakı Şəhər Baş Polis İdarəsinin 2019-cu il 26 aprel tarixli Ə294-039-19 nömrəli əmrinin surətindən və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından görünür ki, Milad adlı İran İslam Respublikası vətəndaşının «həkim» ləqəbli Araz adlı şəxs vasitəsi ilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmışdır (iş vərəqi 6-9). İş materiallarındakı Bakı Şəhər Baş X7 Mübarizə İdarəsinin tərtib etdiyi 2019-cu il 26 aprel tarixli protokoldan və eyni tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə keçirilən baxış zamanı sonuncu 18.000 ABŞ dolları və 1.000 manat pul əskinaslarını təqdim edib bunları dörd ədəd sellofan torbadakı narkotik vasitə heroin və iki büküm sellofan torbadakı psixotrop maddə metamfetaminin müqabilində Cavid kimi tanıdığı şəxsdən, həmin narkotik vasitəni və psixotrop maddəni isə İran İslam Respublikasının vətəndaşı Milan adlı şəxsdən aldığını bildirmiş, Təqsirləndirilən şəxs üzərindən bir ədəd «Huawey» markalı mobil telefon, bir ədəd palıd rəngli əl çantası, bir ədəd pul kisəsi və dörd ədəd kart müəyyən edilməklə götürülmüş; Təqsirləndirilən şəxs şərti alıcıdan aldığı 18.000 ABŞ dolları və 1.000 manat pul əskinasları götürülərək Bakı Şəhər Baş X20-Plan Şöbəsinə qaytarılmışdır (iş vərəqi 61-82). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 26 aprel tarixli 11084 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «vətəndaş Təqsirləndirilən şəxs şərti alıcı Şahid10 satdığı narkotik və psixotrop maddələrə oxşar kütlə» yazısı olan polietilen paketdəki dörd ədəd şəffaf polietilen torbada, ayrı-ayrılıqda təmiz çəkiləri 255 qram, 506 qram, 500 qram və 256 qram, ümumi təmiz çəkisi 1.517 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin; iki ədəd şəffaf polietilen torbada, ayrı-ayrılıqda təmiz çəkiləri 100,989 qram və 100,182 qram, ümumi təmiz çəkisi 201,171 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; qalıqlar müvafiq qaydada 1.516,8 qram və 200,971 qram təşkil etməklə ekspertiza tədqiqatının dəyəri 114 manatdır (iş vərəqi 92-96). İş materiallarındakı Bakı Şəhər Baş X7 Mübarizə İdarəsinin tərtib etdiyi 2019-cu il 26 aprel tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 1600-da Azərbaycan Respublikasının CM-nin 234.2.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 97-98). İş materiallarında olan Bakı Şəhər Baş X16 və Təhqiqat X14in İstintaqı Şöbəsinin 2019-cu il 27 aprel tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan ittiham ona elan olunmuşdur (iş vərəqi 123-124). İş materiallarındakı Bakı Şəhər Baş X16 və Təhqiqat X14in İstintaqı Şöbəsinin tərtib etdiyi 2019-cu il 27 aprel tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, 284 nömrəli evin 112 saylı mənzilinə və 111 saylı mansard hissəsinə baxış keçirilərkən cinayət təqibi üçün əhəmiyyət kəsb edən hər hansı predmet aşkar olunmamışdır (iş vərəqi 136-138). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2019-cu il 27 aprel tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2019-cu il aprelin 26-dan hesablanmaqla 04 ay müddətində həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 146-147). İş materiallarındakı Bakı Şəhər Baş X16 və Təhqiqat X14in İstintaqı Şöbəsinin tərtib etdiyi 2019-cu il 01 avqust tarixli protokoldan görünür ki, istintaqa təqdim edilən Təqsirləndirilən şəxs məxsus «Huawey» markalı mobil telefona baxış keçirilərkən yaddaş kitabçasında «X25» kimi qeyd edilən şəxsin adına ********** telefon nömrəsi, «Milad» kimi qeyd edilən şəxsin adına +**********74 və +**********05 telefon nömrələri, «WhatsApp» və «WA Business» proqramları olmaqla ikinci proqramın aktiv olmaması müəyyən edilmiş, birinci proqramda isə cinayət təqibi üçün əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır (iş vərəqi 186). İş materiallarındakı Bakı Şəhər Baş X16 və Təhqiqat X14in İstintaqı Şöbəsinin tərtib etdiyi 2019-cu il 22 avqust tarixli protokoldan görünür ki, iş üzrə Şahid7 istintaqa təqdim etdiyi istifadəsindəki mobil telefonun ********** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********25 mobil nömrəsi arasındakı «WhatsApp» proqramına baxış keçirilərkən 2019-cu il aprelin 22-də üç ədəd AUD-20190914-WA0002, AUD-20190914- WA0003 və AUD-20190914-WA0004 adlı səs yazısının olması, 16 saniyəlik birinci səs yazısında Təqsirləndirilən şəxs Şahid7 «salam məleykim bacı, necəsiz. Bu, Əlidir, Elşənin dostu, bu tərəfdən, bacı yenə pradukt gəlib e mənə, bir də ədyal, onları necə götürə bilərəm, siz nə vaxt göndərə bilərsiz onları mənə» deyə bildirməsi; 05 saniyəlik ikinci səs yazısında Şahid7 Təqsirləndirilən şəxs «salam qardaş, siz mallarınızı götürdüz? Bir dənə praduktdu, iki dənə də ədyal» deyə cavab verməsi, 02 saniyəlik üçüncü səs yazısında isə Təqsirləndirilən şəxs Şahid7 «hə, bacı götürdük, çox sağol» deməsi müəyyən edilərək səs yazıları diskə köçürülməklə cinayət işinə əlavə olunmuşdur (iş vərəqi 210). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin 2019-cu il sentyabrın 07-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqi 223-224). İş materiallarındakı Bakı Şəhər Baş X16 İdarəsinin tərtib etdiyi 2019-cu il 14 sentyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxslə Şahid10 arasında üzləşdirmə aparılarkən ikincisi ifadəsini təsdiq etmiş, birincisi isə onun dedikləri ilə qismən razılaşaraq heç zaman narkotik vasitə satmadığını, narkotik vasitəni çatdırmaqda vasitəçi olduğunu, Şahid10lə pul barədə danışmadıqlarını və sonuncunun ona uzatdığı pulu küçəyə səpələdiyini bildirmişdir (iş vərəqi 232-235). İş materiallarındakı Bakı Şəhər Baş X16 İdarəsinin tərtib etdiyi 2019-cu il 14 sentyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxslə Şahid2 arasında üzləşdirmə aparılarkən ikincisi ifadəsini təsdiqləmiş, birincisi isə onun dediklərini təkzib etmişdir (iş vərəqi 236-239). İş materiallarındakı Bakı Şəhər Baş X16 İdarəsinin tərtib etdiyi 2019-cu il 16 sentyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxslə Şahid6 arasında üzləşdirmə aparılarkən ikincisi ifadəsini təsdiq etmiş, birincisi isə onun dedikləri ilə qismən razılaşaraq Şahid6 Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasında gördüyünü, sonuncunun əməliyyat-axtarış tədbirinin keçirildiyi «Premium» klinikasının yaxınlığındakı yerdə olmamasına görə onun üzərindən guya götürülən pulu görməsinin mümkün olmadığını, inzibati binada üzərinə baxış keçirilərkən heç bir pul aşkarlanmadığını bildirmişdir (iş vərəqi 244-246). İş materiallarındakı Bakı Şəhər Baş X16 İdarəsinin tərtib etdiyi 2019-cu il 16 sentyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxslə Şahid8 arasında üzləşdirmə aparılarkən ikincisi ifadəsini təsdiq etmiş, birincisi isə onu tanımadığından dediklərinə münasibət bildirməməklə üzərindən aşkar edilən narkotik vasitənin və psixotrop maddənin yerləşdirildiyi qutunun Günel adlı qadın tərəfindən göndərildiyini və həmin kütlələrin qutuya necə qoyulmasını bilmədiyini göstərmişdir (iş vərəqi 247-253). İş materiallarındakı Bakı Şəhər Baş X16 və Təhqiqat X14in İstintaqı Şöbəsinin tərtib etdiyi 2019-cu il 16 sentyabr tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 25 ünvanında yerləşən «Premium» klinikasının yaxınlığındakı yeri göstərərək ifadəsini təsdiq etmiş, fotocədvəl protokola əlavə olunmuşdur (iş vərəqi 256-258). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2019-cu il 12 iyun tarixli 1312 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 259-260). İş materiallarında olan Bakı Şəhər Baş X16 və Təhqiqat X14in İstintaqı Şöbəsinin 2019-cu il 19 sentyabr tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (iş vərəqi 271-273). İş materiallarında olan Bakı Şəhər Baş X16 və Təhqiqat X14in İstintaqı Şöbəsinin 2019-cu il 19 sentyabr tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə elan olunan ittiham qüvvəsində saxlanılmış, sonuncudan aşkar edilib ekspertiza tədqiqatından sonrakı 1.516,8 qram çəkidə heroinin və 200,971 qram çəkidə metamfetaminin qalıqları saxlanılması üçün Bakı Şəhər Baş X18 Şöbəsinə təhvil verilmiş, keçirilən əməliyyat-axtarış tədbiri zamanı istifadə edilən 18.000 ABŞ dolları və 1.000 manat pul əskinaslarının cinayət işi üzrə maddi sübut kimi hesab edilərək Bakı Şəhər Baş X20 Şöbəsinə qaytarılması nəzərə alınmış, Şahid7 ilə Təqsirləndirilən şəxs arasındakı «WhatsApp» proqramı ilə qeydə alınan səs yazılarının müəyyən edildiyi bir ədəd disk və sonuncunun üzərinə baxış və götürmə istintaq hərəkəti keçirilərkən foto və videogörüntülərin qeydə alındığı bir ədəd disk iş üzrə maddi sübut kimi hesab edilərək cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs aşkar edilən külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi ilə əlaqədar Milad adlı İran İslam Respublikasının vətəndaşı və digərləri barəsində Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır (iş vərəqi 283-304 və 306-307). İş materiallarında olan Bakı Şəhər Prokurorluğunun 2019-cu il 27 sentyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitə və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə cinayət əməlinin törədilməsində təqsirli olmasını təsdiq edən sübutlar olmadığından ona verilən ittihamdan Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci maddəsi xaric edilmişdir (iş vərəqi 347- 353). Məhkəməyə təqdim edilən AZ-İİ seriyalı 003769 №-li nikah haqqında və AZ-İİİ seriyalı 644115 №-li doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Araz Cabir oğlu X1 ilə 2014-cü il noyabrın 11-də bağlanmış nikahından 2015-ci il 29 sentyabr təvəllüdlü X15 adlı övladı vardır. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfitamini satmaq niyyətinin olmaması, onları çatdırmaqda yalnız vasitəçilik etməsi barədə dediklərinə, bununla da özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri özünümüdafiə xarakteri daşımaqla seçmiş olduğu bu cür taktika tərəfindən heç də kifayət qədər əsaslandırılmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törət-məsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin və əlavə şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmadakı ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxslər qismində, digər şahidlərin ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlama rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, cavanlığını, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəza-çəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəy-yən edilmədi-yin-dən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı Şəhər Baş X18 Şöbəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülüb ekspertiza tədqiqatından sonrakı 1.516,8 qram çəkidə heroinin və 200,971 qram çəkidə metamfetaminin qalıqları məhv edilməli, keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı istifadə edilən 18.000 ABŞ dolları və 1.000 manat pul əskinaslarının Bakı Şəhər Baş X20 Şöbəsinə qaytarılması, Şahid7 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxslə «WhatsApp» proqramı ilə qeydə alınmış səs yazılarının müəyyən edildiyi bir ədəd diskin və sonuncunun üzərinə baxış və götürmə istintaq hərəkəti keçirilərkən foto və videogörüntülərin qeydə alındığı bir ədəd diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hüquqlarının müdafiəsi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən 64 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 384 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2019-cu il aprelin 26-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2019-cu il aprelin 26-dan hesablansın. 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 384 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhər Baş X18 Şöbəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülüb ekspertiza tədqiqatından sonrakı 1.516,8 qram çəkidə heroinin və 200,971 qram çəkidə metamfetaminin qalığı məhv edilsin, keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı istifadə edilən 18.000 ABŞ dolları və 1.000 manat pul əskinaslarının Bakı Şəhər Baş X20 Şöbəsinə qaytarılması, Şahid7 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxslə «WhatsApp» proqramı ilə qeydə alınmış səs yazılarının müəyyən edildiyi bir ədəd diskin və sonuncunun üzərinə baxış və götürmə istintaq hərəkəti keçirilərkən foto və videogörüntülərin qeydə alındığı bir ədəd diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar