Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1530/2024 14.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı3 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 12 avqust 1971-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.4 və 177.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qəti olaraq 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 fevral 2018-ci il tarixli qərarına əsasən ona qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 ilə endirilmiş, 24 may 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşamış, 09 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 noyabr 2023cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni 08 noyabr 2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ Saray” şadlıq sarayının yaxınlığnda şəxsiyyəti məlum olmayan şəxsdən 1 ədəd bükümdə, təmiz çəkisi 2,235 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 09 noyabr 2023-cü il tarixdə saat 00:45-də Binəqədi rayon Polis idarəsi 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Aşıq Şəmşir küçəsində saxlanılaraq, ünvan 3 ünvanında yerləşən 6-cı Polis bölməsinin inzibati binasına aparılmış, orada həmin tarixdə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 2,235 qram təşkil edən külli miqdarda ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs həmin əməli qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlama kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması faktı öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 08 noyabr 2023-cü il tarixdə evdə olduğu vaxt qapı döyülmüş, qapını açanda sahə müvəkkili Asimi və digər iki polis əməkdaşını görmüşdür. Polis işçiləri onu tutub 6-ci Polis bölməsinə aparmışlar. Orada onu incitmişlər, əllərini bağlayaraq, kimsə sağ yanına yüksək dozada nəsə vurmuşdur. Sonra ona çəkiliş olacağı, orada narkotiki şəxsi istifadə üçün aldığını demək lazım olacağı bildirilmişdir. O da, çəkiliş vaxtı polis işçilərinin dediklərini öz sözləri kimi demişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, sonuncu dəfə tutulmamışdan təxminən bir ay əvvəl narkotikdən istifadə etmişdir. Saxlanılan vaxt onda narkotik vasitə olmamışdır.O, tutulana qədər Biləcəridə tək yaşamışdır. Evdə tək olduğu vaxt 3 nəfər polis işçisi gəlib onu sürüyərək maşına mindirib aparmışlar. O, istintaqda ifadə verməmişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. O, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin bir çox maddələri ilə məhkum olunmuş, uzun müddət, narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. O, 08 noyabr 2023-cü il tarixdə saat təxminən 22:30 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Ağ Saray» şadlıq sarayının yaxınlığında tanımadığı şəxsdən 10 manat müqabilində birdəfəlik bir az artıq miqdarda psixotrop maddə metamfetamin əldə etmişdir ki, hissə-hissə istifadə etsin və əldə etdiyi psixotrop maddə metamfetamini əynində olmuş qara rəngli şalvarın sağ yan cibinə qoyub saxlamışdır. Bundan sonra 09 noyabr 2023-cü il tarixdə gecə saat təxminən 00:45 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Aşıq Şəmşir küçəsi ilə piyada hərəkət edən zaman ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş, onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün yaxınlıqda olan Binəqədi RPİ-nin 6-cı Polis bölməsinə dəvət etmişlər. O da, heç bir etiraz etmədən razılaşıb Polis bölməsinə getmişdir. Orada xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra öz xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 6-cı Polis bölməsinin inzibati binasında üzərinə müdafiəçinin iştirakı olmadan videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən üzərində qanunla qadağan edilmiş hər hansı narkotik vasitə, psixotrop maddə və ya digər qanunla qadağan olunmuş əşya olduğu təqdirdə, təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd kağız kəsiyinə bükülmüş psixotrop maddə metamfetamini təqdim etmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən üzərindən qanunla qadağan edilmiş başqa heç bir predmet, əşya və ya maddə aşkar edilməmişdir. Onun təqdim etdiyi metamfetaminə bənzər psixotrop maddə elektron tərəzidə çəkilmiş, çəkisinin 2,29 qram olduğu müəyyən edilmişdir. Sonra həmin maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. O, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün 08 noyabr 2023-cü il tarixdə axşam saatlarında Biləcəri qəsəbəsində 10 manat müqabilində tanımadığı şəxsdən almışdır (cild 1, iş vərəqi 169-171). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, lakin həmin ifadəni onun vermədiyini və protokolu oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ, 6-cı Polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 09 noyabr 2023-ci il tarixdə gecə xidmətdə olarkən Biləcəri qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri əldə edib üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış, 6-cı Polis bölməsinin əməliyyat müvəkkili Şahid2la birlikdə saat 00:45-də Biləcəri qəsəbəsi, Aşıq Şəmşir küçəsində yaşayış evinin qarşısında əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs yaxınlaşaraq saxlamışlar. Həmin şəxsi 6-cı Polis bölməsinə gətirərək rəhbərliyin tapşırığı ilə təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı tərəfindən onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirilmişdir. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd kağız bükülünü çıxarıb təqdim etmiş, içərisində metamfetamin olduğunu demişdir. Həmin bükümə baxış keçirilmiş, təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs həmin bükümdəki kütləni hardan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi soruşulduqda, Telman həmin bükümdəki metamfetamini Biləcəri qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ, 6-cı Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 09 noyabr 2023-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılması, 6-cı Polis bölməsinə gətirilərək üzərində şəxsi axtarış aparılması zamanı külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi tədbirində iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə barədə xx.xx.2023-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükümü təqdim etmiş, həmin büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilmiş, baxış zamanı bükümün içərisində ağ rəngli kristalşəkilli psixotrop maddəyə bənzər kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütləni 08 noyabr 2023-cü il tarixdə saat 22 radələrində Biləcəri qəsəbəsində tanımadığı şəxsdən 10 manat müqabilində aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm qablaşdırılmış və ekspertizanın keçirilməsi üçün götürülmüşdür (cild 1, iş vərəqi 37-38). Şəxsi axtarış əks etdirən videogörüntülərin əks olunduğu 1 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı videogörüntülərin şəxsi axtarış və götürmə barədə xx.xx.2023-cü il tarixli protokolla uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur (cild 1, iş vərəqi 141). "xxxx" MMC-dən götürülməklə Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********54 saylı mobil telefon nömrəsinə 01 noyabr 2023-cü il tarixdən 11 noyabr 2023-cü il tarixinədək olan müddət ərzində qeydə alınmış zənglərə, abunəçilərə, mesajlara və əhatə dairəsinə dair məlumatlar əks olunmuş CD diskə baxış keçirilmiş, baxış zamanı diskdə 3 ədəd faylların yerləşdirilməsi müəyyən edilmişdir. Diskə baxış zamanı birinci «SMS_Tarixcesi **********0357 7********.pdf» adlı fayldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş və "xxxx" MMC-yə aid +**********54 mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 17:31:34-də +**********27 mobil telefon nömrəsindən «**********831295 atb bank Tagıyev s» mövzuda ismarıc mətni daxil olmuşdur. Digər «SMS göndərmiş nomrenin_Mexsusluq_Tarixcesi 7********.pdf» adlı fayla baxış zamanı müəyyən edilmişdir ki, +**********27 mobil telefon nömrəsi xx.xx.1960-cı il təvəllüdlü ünvan 4 ünvanda qeydiyyatda olan «X2» adlı şəxsə məxsus nömrə sim kartı olmuşdur. Zenglerin_Detallasmasi **********0352 707615354_ 916.pdf» adlı fayla baxış zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş və "xxxx" MMC-yə aid +**********54 mobil telefon nömrəsi 01 noyabr 2023-cü il tarixdən 11 noyabr 2023-cü il tarixədək müxtəlif ünvanlarda, o cümlədən 08 noyabr 2023-cü il tarixdə ünvan 5 ünvanda quraşdırılmış "xxxx" MMC-yə aid «UBBK2363A/UBBK2363» adlı və həmin tarixdə saat 22 radələrində Bakı şəhəri ünvan 6 ünvanda quraşdırılmış “UBBK2349E/UBBK2349 Yeni Bilajari 2” adlı, 09 noyabr 2023-cü il tarixdə gecə saatlarından etibarən isə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin inzibati binasının yerləşdiyi ünvan 7 ünvanda quraşdırılmış “UBBK2305F/UBBK2305 Bilajari Plofraktoriya” adlı anten dairələrinin əhatəsində istifadədə olmuşdur (cild 1, iş vərəq 130-132). Məhkəmə-kimyəvi ekspertizasının 09 noyabr 2023-cü il tarixli 3-16-16/2-6/5959 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 175» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,235 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 43-47). Məhkəmə-narkoloji ekspertizasının 26 dekabr 2023-cü il tarixli 8449 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamamsını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 138-139). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 fevral 2024-cü il tarixli 399 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, anamnezində kəllə-beyin travması müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmallığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Qərarda göstərilən cinayət əməlini törətdiyi zaman Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 142-143). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə müxtəlif cinayət əməllərini törətdiyinə görə məhkum edilmiş, sonuncu dəfə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 150.2.4 və 177.1-ci maddələri ilə təqsirli bilinərək, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli qərarı ilə göstərilən hökm dəyişdirilərək, CM-nin 177.1-ci maddəsinə xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 fevral 2018-ci il tarixli qərarı ilə Apellyasiya məhkəməsinin qərarı dəyişdirilərək cəzası 6 ilə endirilmiş, 24 may 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqi 87-90, 123-129). İbtidai istintaq orqanının 15 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2,235 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,185 qram çəkidə metamfetamin məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. Həmin tarixli qərarla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması hərəkətlərinin videogörüntülərinin əks olunduğu 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd SD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşlar (cild 1, iş vərəqi 39, 131, 145-152, 182). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, polis əməkdaşlarının onu evdə olduğu vaxt tutub polis bölməsinə apardıqlarını, orada onu incitdiklərini və əllərini bağlayaraq kiminsə sağ yanına yüksək dozada nəsə vurduqlarını, ona çəkiliş olacağını, həmin vaxt orada narkotiki şəxsi istifadəsi üçün aldığını demək lazım olduğunu bildirdiklərini, onun da çəkiliş vaxtı polis işçilərinin dediklərini öz sözləri kimi dediyini, saxlanılan vaxt onda narkotik vasitə olmadığını və istintaqda ifadə vermədiyini bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş psixotrop maddəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddənin özünə məxsus olduğunu, uzun müddətdir narkotik və psixotrop maddələrdən istifadə etdiyini, üzərindən aşkar olunmuş psixotrop maddəni 08 noyabr 2023-cü il tarixdə saat 22:30 radələrində Biləcəri qəsəbəsində tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən həmin psixotrop maddənin üzərində olduğunu və şəxsi axtarış zamanı özü çıxarıb təqdim etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrinə görə, polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiqlər göstərilməmişdir. Eyni zamanda, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 10 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə iclası zamanı verdiyi izahatında da verilmiş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri, məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, fiziki və psixoloji təzyiqlərə məruz qalması nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmədə tədqiq edilmiş bütün sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, Təqsirləndirilən şəxs 2,235 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı verilmiş ittiham məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. İşin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxsin istifadəsində olmuş 070 761-53-54 saylı mobil telefonun əhatə dairələri və telefon danışıqlarına dair məlumatlar əldə olunub təhlil edilmişdir. Lakin bu zaman narkotik vasitələrin satışı ilə bağlı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən edilməmiş, yalnız həmin mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 17:31:34də +**********27 mobil telefon nömrəsindən «**********831295 atb bank Tagıyev s» mövzuda ismarıc mətni daxil olduğu müəyyən edilmişdir ki, bu da, Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddəni satış məqsədilə əldə etməsini təsdiq edən sübut kimi hesab edilə bilməz. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən qərarının təfsirinə əsasən, şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Baxılan cinayət işi üzrə isə ittiham tərəfi bu cür halların mövcudluğunu müəyyən edib məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 2,235 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 351.2-ci və 351.3.4-cü maddəsilərə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilibyetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə tədqiq olunmuş mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin cinayət tərkibi olduğundan, şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin təhlükəli residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə müxtəlif cinayət əməllərini törətdiyinə görə məhkum edilmiş, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 150.2.4 və 177.1-ci maddələri ilə təqsirli bilinərək, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli qərarı ilə göstərilən hökm dəyişdirilərək, CMnin 177.1-ci maddəsinə xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 fevral 2018-ci il tarixli qərarı ilə Apellyasiya məhkəməsinin qərarı dəyişdirilərək Təqsirləndirilən şəxs cəzası 6 ilə endirilmiş, 24 may 2023-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinin tələbinə görə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə məhkum olunduqdan sonra cəzanın sonu ilə azad edilsə də, həmin cinayətə görə məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Həmin hal təqsirləndirilən şəxsə cəza təyin edilərkən nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələbinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 09 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Binəqədi RPİ, 6-cı Polis bölməsi tərəfindən şübhəli şəxs qismində saxlanılmış və hal-hazıra qədər həbsdədir. Həmçinin, Təqsirləndirilən şəxs 09 noyabr 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 8449 №-li rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunsa da, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından, onun barəsində tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri, Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,185 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli; - Təqsirləndirilən şəxs şəxsi axtarışı və götürmə zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk, həmçinin telefon danışıqlarına dair məlumatların olduğu 1 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 80 (səksən) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09 noyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Binəqədi RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,185 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı və götürmə zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk, həmçinin telefon danışıqlarına dair məlumatların olduğu 1 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1530/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1530/2024
14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver