Azərbaycan Respublikası adından QİYABİ HÖKM Bakı şəhəri İş № 1(101)-1532/2025 25.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X9 (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və Kamranov Hafiz Eldar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla 24 may 2018-ci il tarixədək həmin ünvanda, daha sonra Fransa Respublikasında yaşamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilməklə, həmin məhkəmənin 31 may 2025-ci il tarixli qərarı ilə qiyabi icraat açılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qiyabi icraat qaydasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin aprel ayından başlayaraq 2021-ci ilin may ayınadək olan müddət ərzində vahid niyyətlə müxtəlif vaxtlarda qeyri-məhdud sayda şəxslərin sərbəst daxil olub izləyə, məlumatları köçürə və paylaşmaqla yaya biləcəyi “Youtube.com” internet videopaylaşma sistemində 15 aprel 2019-cu il tarixdə “Xalq TV” adlı kanalı təsis etməklə həmin kanalda, eləcə də eyni sosial şəbəkədə yayımlanan “Osmanqızı TV”, “İnqilab.tv” kanallarındakı videomüraciətlərində və çıxışlarında istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Konstitusiyasının 2-ci maddəsinin “Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir”, 58-ci maddəsinin 4-cü bəndinin “Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır” kimi tələblərinə zidd olaraq insanların təfəkküründə aşkar surətdə çaşqınlıq yaratmaqla Azərbaycan Respublikasında mövcud hakimiyyətə və konstitusiya quruluşuna nifrət yaradan, onları hakimiyyət əleyhinə qiyama çağıran, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamağa, onlara qarşı açıq itaətsizliyə yönəldən, o cümlədən “əgər susacaqsınızsa”, "Sizin konstitusion haqlarınızı alandan sonra heç nə edə bilməyəcəksiniz”, “Kimi gözləyirsiz? Bu günə kimi Avropa heç bir xalqı gəlib xilas etməyib”, “O (Avropa) bütün diktatorlar oturduğu kreslodan getməlidir, deyəndə, sən ayağa qalxmalısan", “Heç kimi ordan qamçılayıb qovmayacaqlar, bunu anlamalısan”, “Bu əsgər heç vaxt sənə silah qaldırmaz”, “Hazırlaşın”, “Hələ indi beləsiz, görün gələcəkdə necə olacaq, sizin balalarınız nə çəkəcək”, “ay yazıq xalq”, “niyə sən Azərbaycanda qonaq kimi yaşayırsan?”, “(əsgər haqqında) niyə demirsən mənim balamı çörəyə, suya həsrət qoyursan?, “bizi məhv edirlər e, buna dözmək olmaz”, “Sən xalqsan, sən hər şeyə qadirsən, sən hər şey edə bilərsən”, “Mübarizə aparın”, “Mənim xalqım hər yerdə sözün deyib, deyəcək də”, “Yaxınlarda Azərbaycanı kütləvi aksiyalar bürüyəcək, balaca yox, dözümlü olun” məzmunlu materialları canlı və sonradan izlənilməsi mümkün olan şəkildə yayımlayaraq qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etməklə bu cür məzmunlu materialları internet resurslarında yaymışdır. İş materiallarında olan 30 yanvar 2021-ci il tarixli cinayət işindən başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, (cild 1, iş vərəqə 1-5) 30 yanvar 2021-ci il tarixdə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1, 233-1.2.1 və 28,281.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ibtidai istintaqı aparılaraq baxılması üçün məhkəməyə göndərilmiş, ********* №-li cinayət işindən Təqsirləndirilən şəxs tərəfindən dövlət əleyhinə yönələn açıq çağırışlar edilməsi və cinayət xarakterli digər bütün xüsusatlarla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 213.2.2, 28,214.2.1, 28,214.2.2, 28,214.2.3, 214- 1, 214-2 və 234.2-ci maddələri ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 211.2.6-cı maddəsinə əsasən ayrıca icraatda ayrılmış və icraata qəbul edilmişdir. 17 dekabr 2019-cu il tarixli məhkəmə-linqvistik ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29401 nömrəli rəyindən görünür ki, (cild 1, iş vərəqə 27-31) “Youtube” internet portalında “Xalq TV” adlı kanalda həmin kanalın rəhbəri Təqsirləndirilən şəxs 30 iyun 2019-cu il tarixdə yayımladığı canlı efirində X7 videomüraciətinin: - 19 dəqiqə 50-ci saniyəsindən 27 dəqiqə 48-ci saniyəsinə qədər olan hissədə “Deməli dünən mən Milli Şuranın aparıcı bloqqer vasitəsilə aparıcı siyasi fəallar vasitəsilə rəhbərliyə çatdırmağa çalışdım ki, biz noyabr ayının 17-si “Dirçəliş Günü” və yaxud noyabr ayının 30-u, noyabrın axırı da çox vaxt hallandırıb deyirdik bu inqilaba başlamalıyıq. Deməli dünən xəbər göndərdim ki, yəni Milli Şura ola bilər onlar 17-si deməsin məsələn, desinlər ki, 20-si olsun, yəni biz dəyişə bilərik. Yetər ki, hamımızın sözü üst-üstə düşsün. Bundan sonra mən “azerfreedom”, bilirsiniz ki, Qurban müəllim də çağırış edir. Qurban bəy də daxil olmaqla digər liderlərlə, digər bloqqerlə əlaqə saxladım ki, 17-20-si? Qurban müəllim də bildirdi ki, 17-si daha məqbul gündür, “Dirçəliş Günü”dür. Deməli, dünən Qurban müəllim gələcək. Lazım olsa, dəyişə bilirik. Amma noyabr çərçivəsindən kənara çıxmamaq şərtilə. Amma mənə elə gəlir ki, 17 noyabr hamı tərəfindən məqbul görünür. Əsas xalqdır. Xalq 17 noyabr deyirsə, biz kimik ki? İmkan olan kimi, mitinq ayağa qalxan kimi biz gömrük qapılarında olacağıq. İçəri girmək üçün, meydana girmək üçün. Bir də onu deyim ki, Tural Sadıqlı dəstək verəcək, amma bəzi insanlar var ki, deyir mən olmadığım yerə gedə bilmərəm, mən orda yoxamsa, o azadlıq hərəkatına, inqilaba dəstək verə bilmərəm. Məsələn, Orduxanı ölkəyə buraxmayacaqlar, mən buna əminəm. Bundan əlavə, Rəfail Piriyev getmək istəyib, müraciət edibdir. Mən müraciət etməmişəm, edəcəyəm onsuz da. Rəfail Piriyevə deyiblər ki, ölkədən çıxışın qadağandı, çıxsan, sənin üçün cinayət olar, sən ora getsən, hansısa təxribatı səninlə əlaqələndirərlər, buna bizim ölkə olaraq ixtiyarımız yoxdur. Rəfail Piriyevə icazə verməyiblər. Mən də indi müraciət edəcəm ki, inqilab günü, ən azı inqilab günü gömrük məntəqəsindən keçim. Avqust ayından, indidən insanlar getməyə başlayıblar Azərbaycana. Get-gedə də bu gediş sürətlənir. Biz bunu media vasitəsilə istiqamətləndirəcəyik. Bu o demək deyil ki, 17-si “inqilab” olacaq. Hələ ki 17-ni məqbul görmüşük. Ola bilər, 30-na dəyişərlər. Heç bir bloqqerin inqilabdan bir ay qabaq gedib orada tutulması ziyandan başqa xalqımıza xeyir gətirməyəcək. İnqilab günü getmək lazımdır ki, millət, milyonlar ayaqdadır. O zaman gömrük, polisin yarısı, ordunun 80%-i hamısı xalqa tərəf olacaq. O zaman bloqqerlər ölkəyə girə bilərlər. Hər nazirin 50, 100, 150 nəfərdən ibarət silahlı dəstəsi var, xüsusilə güc nazirlərinin. Onlar mübarizə aparacaq. Bunun üçün də bizim ən zəifi Yunis Səfərov kimi olan 2000 nəfər qrupumuzda insan gəlir”; - 1 saat 33 dəqiqə 11-ci saniyədən 1 saat 34 dəqiqə 45-ci saniyəyədək “Ə.-ləri rədd eləmək, Azərbaycanı azad eləmək 5 dəfə Qarabağı azad eləməyə bərabərdir, əziz həmvətənlərim! Elə hesab edin ki, real vəziyyəti deyirəm, Aprel döyüşləri millətimizi qırdırmaq məqsədilə aparıldı. Aprel döyüşlərində bütün hərbi hissələr ayağa qalxmağa hazır idi. Bax, indi təsəvvür edin ki, ermənilər hücum edib, 1, 2, 5 rayonu, minlərlə insanı, ana-bacılarımızı ələ keçirib, biz bütün dünya azərbaycanlılarını, bütün oğuzsoylu insanları köməyə çağırırıq! O ana-bacılarımızı xilas eləməyə çağırırıq! Bax eynən o vəziyyətdədir. 2-3 rayonu erməni işğal eləməyib, bütün Azərbaycanı işğal edib, hakimiyyəti ələ alıblar. İstədiyi kimi bayrağımızı da tapdalayıb təhqir edirlər, namusumuzu da tapdalayır, təhqir edirlər, hər bir milli-mənəvi dəyərlərimizi tapdalayır, əzirlər. Ona görə Ana Vətən göz yaşları axıdır, Ana Vətən sizləri çağırır!”; - 1 saat 37 dəqiqə 27-ci saniyədən 1 saat 37 dəqiqə 27-ci saniyəyədək “İndi bu vəziyyətdir ki, indi görürsünüz, bəzi dövlətlərdə inqilab olur. Bəzi ölkələrdə xarici inqilaba görə dəstək verilir, sonra lider gəlir, meydanlara çıxır. O normal haldır. İnsan nə deyir ki? Deyir ki, demokratik insanlarıq, sizin öz fikriniz ola bilər, mənim öz fikrim ola bilər, hər kəs bir adamı lider görə bilər. Son sözü xalq deyəcək. Elə bil ki, bizim yanımızda anamızbacımıza sataşıblar, biz deməməliyik ki, bizim qarnımız acdır, yerində cavabını verməliyik. Biz deməməliyik ki, gedib qarnımızı doyurmalıyıq! Yox, mənim pulum olsun, mən onun cavabını verəcəm! Yəni pul bizə harada lazımdır? Pul bizə, ancaq meydanlarda olan insanlara yemək üçün lazımdır və Rusiyadan oğlanlarımızın qayıtması üçün lazımdır.”; - 1 saat 40 dəqiqə 58-ci saniyədən 1 saat 42 dəqiqə 00-cı saniyəyədək “Burada bir qayda var: Deməli, Əli Kərimli, ya kimsə, fərq eləmir, əgər 1 ay qabaq ərizə vermirsə, məsələn, icazə versəniz də, verməsəniz də, noyabrın 17-si mitinqdir, çağırış edə bilməz. Mən bildiyim qədər və bilən insanlardan soruşmuşam, qanunla bu olmamalıdır.”; - 1 saat 43 dəqiqə 30-cu saniyədən 1 saat 44 dəqiqə 00-cı saniyəyədək “Xalq meydana çıxanda onda o qədər xalqın sevimliləri çıxacaq. Biz dövləti devirənə kimi, biz prezident seçmirik! Prezidenti biz keçid dövründə 3 ay ərzində seçəcəyik. Kim xalqın önündə özünü göstərəcəksə, kim indiyə kimi satılmayıb, mübarizə aparıbsa, o da xalqın lideri, sevimlisi olacaq!” kimi çıxışlarda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətməyə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələməyə açıq çağırışlar etmə və bu cür məzmunlu materialları yaymanın əlamətləri vardır. 22 may 2021-ci il tarixli cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması haqqında qərardan görünür ki, (cild 1, iş vərəqə 38-40) 22 may 2021-ci il tarixdə iş üzrə ibtidai istintaq müddəti 4 (dörd) ay, yəni 30 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. Məhkəmə-linqvistik ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 may 2021-ci il tarixli m-35-4/454 nömrəli ekspert arayışından görünür ki, (cild 1, iş vərəqə 41-42) Təqsirləndirilən şəxs tərəfindən “Youtube” internet portalında “Xalq TV” və “Osmanqızı TV” adlı kanallarda yayımlanmış çıxışlarda iğtişaşlar törədilməsinə, hakimiyyətin zorla dəyişdirilməsinə, dövlət əleyhinə çağırışlar, habelə bu cür məzmunlu materialların yayılmasına yönələn hərəkətlərin mövcud olduğu müəyyən edilmişdir. 27 may 2021-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, (cild 1, iş vərəqə 43-44) həmin cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 213.2.2, 28,214.2.1, 28,214.2.2, 28,214.2.3, 214-1, 214-2 və 234.2-ci maddələrindən həmin Məcəllənin 178.2.2, 178.2.4, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 213.2.2, 28,214.2.1, 28,214.2.2, 28,214.2.3, 214-1, 214-2, 234.2 və 12.1,281.2-ci maddələrinə tövsif edilmişdir. 27 may 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında və axtarış elan etmə haqqında qərarlardan görünür ki, (cild 1, iş vərəqə 49-52) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamı elan etmək mümkün olmamış və barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 278.2-ci maddəsinə əsasən axtarış elan edilmişdir. 27 may 2021-ci il tarixli iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, (cild 1, iş vərəqə 54-56) Təqsirləndirilən şəxs xx xxxxxxx 1985-ci il tarixdə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuşdur, subaydır, ünvan 1 ünvanında qeydiyyatdadır (FİN: xxxxxxx). Təqsirləndirilən şəxs 27 may 2021-ci il tarixli sərhədkeçmə məlumatlarından görünür ki, o, 24 may 2018-ci il tarixdə saat 11:32-də “P5172481” nömrəli pasportla “Samur” sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının hüdudlarını tərk etmişdir. 27 may 2021-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-505/2021 nömrəli qərarından görünür ki, (cild 1, iş vərəqə 62-66) törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs barəsində əvvəli icra edildiyi andan hesablanmaqla 4 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. 29 may 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, (cild1 iş vərəqə 71-72) internet informasiya ehtiyatı hesab edilən “Youtube” videopaylaşım portalında təsis edilmiş “Xalq TV” kanalında Təqsirləndirilən şəxs tərəfindən 13 iyul 2020ci il tarixdə yayımlanmış “Xalq ayaqlandı” başlıqlı videomüraciətə, 04 yanvar 2021-ci il tarixdə yayımlanmış “20 yanvar mitinqi Müxalifət ilə Müxalifitlərin fərqi nədir?” başlıqlı və 21 may 2021-ci il tarixdə yayımlanmış “Hakimiyyəti durdurun!” başlıqlı videomateriallara baxış keçirilmiş, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 1- “Xalq ayaqlandı” başlıqlı videomüraciətdə Ermənistanın Tovuz rayonu istiqamətində təxribatları ilə bağlı Bakıda keçirilən aksiyanın canlı nümayişi təşkil edilməklə öz haqqını, torpağını, vətənini tələb etmək üçün insanlar bu yürüşə qoşulmağa çağırılır. Tovuzda baş verənlərin müharibəyə daxil olmadığı, hakimiyyətin mövqeyini bərkitmək məqsədilə bu hadisələrin baş verdiyi bildirilir. Tovuzda şəhid olanların sabah başqa insanların da başına gələ biləcəyi, xalqın qanı üstündə hakimiyyətə gələnlərə, millətə zülm edənlərə, həyatlarını söndürənlərə etiraz etmək üçün küçələrə axışmaq təkidlə tələb edilir. Tovuzlular kimi qarabağlıların da küçələrə çıxmaları, Rusiyada yaşayan həmvətənlərin sərhədi yarıb keçməsi, Bakıdan, Qazaxdan, Tovuzdan Qarabağa yürüş edilməsi təşviq olunur. “Azadlıq”, “İstefa” şüarları səsləndirilir. Hakimiyyət nümayəndələrinin ünvanına təhqiramiz, kobud ifadələr işlədilir. Yürüş iştirakçıları polisləri tutub ayaqlarının altına almağa sövq edilir (dəqiqə 17:20). Videomüraciətin məzmunundan görünür ki, insanlar hakimiyyətin istefası tələbi ilə etiraz yürüşünə, polislə zorakı rəftar etməyə, onları ayaq altına almağa dair açıq çağırışlar edilir. 2- “20 yanvar mitinqi Müxalifət ilə Müxalifitlərin fərqi nədir?” başlıqlı videomaterialda Təqsirləndirilən şəxs müxalifətin heç bir zaman birləşə bilməyəcəyini, vətən uğrunda savaşdıqlarını, hansısa bir müxalifət liderini hakimiyyətə gətirmək üçün çalışmadıqlarını, əsas niyyətlərinin ölkədəki vəziyyəti dəyişmək olduğunu bildirir. Onun fikirlərinə görə, siyasi proseslərin dinc yolla həll olunması mümkün deyil. Çünki diktatura olan ölkələrdə bütün dəyişikliklər yalnız küçələrdən keçir. Demokratik yolla dəyişiklik, hakimiyyəti seçkiyə, islahatlara məcbur etmək insanları aldatmaq üçün manevrlərdir. Diktatura olan ölkələr həmişə inqilabla dəyişir. İnqilabın necə olması qərarını xalq verir. Xalqla bu günə qədər necə davranılıbsa, xalq da bu hakimiyyət, bu rejim ilə elə davranmalıdır. Daha sonra videomaterialda bildirilir ki, ölkədəki müxalifət ilə yol getmək olmaz. Onlar hakimiyyətin birbaşa və yaxud dolayısı yolla əlinə oynayırlar. Çoxu satılıb, buna bilməyərəkdən gedirlər, çoxu qorxaraq gedirlər. Bəzi müxalifətçilər siyasi oyun apardıqlarını, yalanlar danışaraq xalqı doladıqlarını, aldatdıqlarını deyir. Təqsirləndirilən şəxs ölkədəki diktaturanın ayaqda qalmasının yeganə səbəbinin müxalifət olduğunu söyləyir. Azərbaycan xalqına heç bir müxalifət liderinin gələcəklə bağlı hər hansı bir siyasi yol xəritəsinin təqdim etmədiyini deyən Təqsirləndirilən şəxs onların hamısının yalançı olduğunu və Azərbaycanda müxalifətin olmadığını, azadlığını xalqın özünün qazanmalı olduğunu bildirir. 3- “Hakimiyyəti durdurun!” başlıqlı videomaterialda baş verən hadisələrin Azərbaycanı uçuruma apardığı, hakimiyyətin ölkəni satdığı, məhv etdiyi bildirilir. Balaları ölməsin deyə xalq, siyasi partiyalar, ziyalılar – bütün cəmiyyət hakimiyyəti durdurmağa çağırılır. Mitinqdə iştirak etməyən insanlar qınanır, ölkədə inqilab etmək üçün kifayət qədər siyasi partiyaların fəaliyyət göstərdiyi deyilir. Ermənistan rəhbərliyinə təzyiq etmək məqsədilə hakimiyyətdən sui-istifadə edildiyi, Azərbaycanın əli ilə bu ölkədə keçiriləcək seçkilərə siyasi müdaxilənin yolverilməz olduğu qeyd edilir. Sosial çətinliklər ucbatından onsuz da ailə üzvlərinin sayı az olan xalq balalarının ölməməsi üçün hakimiyyətin qarşısını almağa çağırılır. Bunun “Vətən savaşı” olmadığı, torpaqların azad edilmədiyi deyilir. Polis orqanlarının əməkdaşları xalqa qarşı pis münasibətdə olduğu söylənilir. Ölkədəki 56 müxalifət partiyası fəaliyyətsizlikdə ittiham edilir. 29 may 2021-ci il tarixli məhkəmə-linqvistik ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/692 nömrəli rəydən görünür ki, (cild 1, iş vərəqə 76-79) 29 may 2021-ci il tarixli baxış protokoluna əlavə edilmiş 3 ədəd “CD”-də olan “Xalq ayaqlandı”, “20 Yanvar mitinqi Müxalifət ilə Müxalifitlərin fərqi nədir?”, “Hakimiyyəti durdurun!” başlıqlı videolarda Təqsirləndirilən şəxs səsləndirmiş olduğu ifadələrdə hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlət hakimiyyəti əleyhinə yönələn açıq çağırış xarakterli hərəkətlər mövcuddur. Videomüraciətin məzmunundan görünür ki, insanları hakimiyyətin istefası tələbi ilə etiraz yürüşünə, polislə zorakı rəftar etməyə, onları ayaq altına almağa açıq çağırışlar edilir. Azərbaycan dilinin izahlı lüğətində “ayaq altına almaq” ifadəsi fiziki güc tətbiq etməklə qarşısındakını məğlub etmək, tamamilə özünə tabe etmək mənalarını kəsb edir. 29 may 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, (cild 1, iş vərəqə 80-81) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 281.2.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 01 sentyabr 2021-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, (cild 1, iş vərəqə 94-95) cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3 və 53.1.4-cü maddələrinə əsasən dayandırılmışdır. 03 aprel 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, (cild 1, iş vərəqə 100-101) cinayət işi üzrə icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir. 03 aprel 2024-cü il tarixli çağırış vərəqəsindən görünür ki, (cild 1, iş vərəqə 102-110) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinə dəvət olunması barədə çağırış vərəqəsi və həmin tarixli Fransa Respublikasının səlahiyyətli orqanlarına beynəlxalq hüquqi yardım göstərilməsinə dair tapşırıq tərtib olunmuşdur. Çağırış vərəqəsində Təqsirləndirilən şəxs bildirilmişdir ki, Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılan ********* №-li cinayət işi üzrə 27 may 2021-ci il tarixdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş, həmin tarixdə ona ittiham elan edilməsi məqsədi ilə barəsində axtarış elan edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Habelə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələbinə əsasən Təqsirləndirilən şəxs xəbərdarlıq edilmişdir ki, həmin Məcəllə ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla bilər və bu barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər. Həmçinin Təqsirləndirilən şəxs izah edilmişdir ki, özünün seçimi əsasında müdafiəçi vasitəsilə təmsil olunmaq hüququ var. Müdafiəçidən istifadə etmək istədiyi halda, müdafiəçi barədə məlumatları cinayət prosesini həyata keçirən orqana göndərməlidir. Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə Baş Prokurorluğun İstintaq idarəsinə dəvət olunması barədə 03 aprel 2024-cü il tarixli çağırış vərəqəsi beynəlxalq hüquqi yardım göstərilməsinə dair həmin tarixli tapşırıqla onun yaşadığı Fransa Respublikasının səlahiyyətli orqanlarına göndərilmişdir. 03 aprel 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, (cild 1, iş vərəqə 111-112) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3 və 53.1.4-cü maddələrinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. 28 yanvar 2025-ci il tarixli xidməti məktubdan görünür ki, (cild 1, iş vərəqə123-142) istintaqdan qaçıb gizlənən Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün onun tutulması, axtarışı və eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada verilməsi (ekstradisiyası) ilə əlaqədar tədbirlərin görülməsi üçün 28 yanvar 2025-ci il tarixdə Fransa Respublikasının səlahiyyətli orqanlarına müraciət olunmuşdur. 10 aprel 2025-ci il tarixli Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən tərtib olunmuş rəsmi bildirişdən görünür ki, (cild 1, iş vərəqə 149) Azərbaycan Respublikasının İctimai Televiziyası və Radiosu vasitəsilə yayımlanmış və həmin tarixdə televiziyanın rəsmi internet səhifəsində (itv.az/news), habelə ictimai televiziyanın “Youtube” internet kanalında (HTTPS://youtu.be/ergYzY_Q1B4?si=PbenvuNRW5bLrlNJ) dərc edilməklə Təqsirləndirilən şəxs 05 may 2025-ci il tarixdə istintaqa dəvət olunmuşdur. 05 may 2025-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, (cild 1, iş vərəqə 151-152) cinayət işi üzrə icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir. 14 iyun 2025-ci il tarixli cinayət işinin materiallarəndan başqa cinatət işinin ayrılması və icraata qıbul edilməsi haqqında qərardan görünür ki, (cild 1, iş vərəqə 174-176) cinayət xarakterli digər bütün xüsusatlarla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 213.2.2 və 234.2-ci maddələri ilə ayrıca icraatda ********* №-li cinayət işi ayrılmış və icraata qəbul edilmiş, beləliklə, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi ********* №-li cinayət işində davam etdirilmişdir. 14 iyun 2025-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, (cild 1, iş vərəqə 206-208) cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 28,214.2.1, 28,214.2.2, 28,214.2.3, 214-1, 214-2, 234.2, 12.1,281.2 və digər maddələrindən həmin Məcəllənin 281.2-ci maddəsinə tövsif edilmişdir. X1 Sistemindən əldə edilmiş məhkumluq məlumatından görünür ki, (cild 1, iş vərəqə 209) Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olunmamışdır. 14 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, (cild 1, iş vərəqə 221-225) Təqsirləndirilən şəxs 27 may 2021-ci il və 29 may 2021-ci il tarixlərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,281.2-ci maddəsi ilə verilmiş ittihama əlavə və dəyişikliklər edilərək o, həmin Məcəllənin 281.2-ci maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, lakin Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamı elan etmək mümkün olmamışdır. 31 may 2025-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-407/2025 nömrəli qərarından görünür ki, (cild 1, iş vərəqə 230-236) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 281.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində qiyabi icraat açılmışdır. İş materiallarında olan Tovuz Rayon İcra Hakimiyyəti başçısının Qovlar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 iyun 2025-ci il tarixli 824 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, (cild 1, iş vərəqə 242-243)Tovuz rayonu Qovlar şəhər sakini Təqsirləndirilən şəxs ailəsi 1963-cü il təvəllüdlü anası X2 və 1989-cu il təvəllüdlü qardaşı X3 ibarətdir. Təqsirləndirilən şəxs Tovuz rayonu Qovlar şəhərində yaşadığı müddət ərzində əhali arasında özünü yaxşı aparmamış, cəmiyyətdə mənfi xarakterizə olunmuş, uzun illər əvvəl xarici ölkəyə getdikdən sonra həmin ölkədə sığınacaq alaraq sosial şəbəkələrdə hakimiyyət əleyhinə çıxışlar etmiş, hakimiyyət nümayəndələrini tənqid və təhqir edərək qərəzli müraciətlər etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə yuxarıda qeyd edilənlərə, həmçinin toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 281.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngüllşədirən hal müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsinə əsasən “Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə toplanmış sübutlar, yəni baxış keçirilməsi protokolu, "Youtube" videopaylaşım portalında Təqsirləndirilən şəxs ilə bağlı 13 iyul 2020ci il tarixdə yayımlanmış "Xalq ayaqlandı" başlıqlı videomüraciət, 04 yanvar 2021-ci il tarixdə yayımlanmış "20 yanvar mitinqi Müxalifət ilə Müxalifitlərin fərqi nədir?" başlıqlı va 21 may 2021-ci il tarixdə yayımlanmış Hakimiyyəti durdurun!" başlıqlı videomaterialların əlavə edildiyi 3 (üç) ədəd kompakt disk, ekspertiza rəyi tədqiq edilmiş və şəxsin təqsirləndirildiyi cinayət hadisəsinə aidiyyəti öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs CM-nin 281.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 281.2 maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir Azərbaycan Respublikası CPM-nin 467-17.1-ci maddəsinə əsasən barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs qiyabi hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindikdən sonra könüllü gəldikdə və ya cəzanı icra edən orqanın sərəncamına verildikdə cəzanı icra edən orqan dərhal qiyabi hökm və ya digər yekun qərarı çıxarmış məhkəməyə qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə məsələlərə baxılması üçün təqdimat verir. Həmin məcəllənin 467-17.2-ci maddəsinə əsasən təqdimatın daxil olduğu vaxtdan 10 gün müddətində məhkəmə hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında iclas təyin edir. Məhkəmənin iclasında barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs, müdafiəçi və prokurorun iştirakı məcburidir. Məcəllənin 467-17.3-cü maddəsinə əsasən məhkəmə barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxsə qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə ərizə vermək hüququnu izah edir, bunu məhkəmə iclasının protokoluna daxil edir, barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxsə və onun müdafiəçisinə 10 gün müddətində cinayət işinin materialları ilə tanış olmaq üçün şərait yaradır. Məcəllənin 467-17.4-cü maddəsinə əsasən cinayət işinin materialları ilə tanışlıq başa çatdığı vaxtdan 48 saat ərzində barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs və ya onun müdafiəçisi qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə ərizə verməzsə, hakim qiyabi hökmün və ya digər yekun qərarın icrası barədə göstəriş verir və qiyabi hökm və ya digər yekun qərar ümumi qaydada icra olunur. Məcəllənin 467-17.5-ci maddəsinə əsasən barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs və ya onun müdafiəçisi qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə ərizə verdikdə, həmin qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi barədə qərar qəbul edilir və yeni məhkəmə baxışının keçirilməsi məqsədilə bu Məcəllənin 298 – 307-ci maddələrində nəzərdə tutulmuş tədbirlər görülür. İş materiallarında olan 3 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 saylı Qərarına əsasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 281.2-ci maddəsi ilə 7 (yeddi) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hazırki hökmün icrası qaydasında faktiki tutulduğu və ya könüllü olaraq özünü cəzanı icra edən orqana təqdim etdiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri qismində cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Maddi sübut olan 03 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs hazırki hökm qanuni qüvvəyə mindikdən sonra könüllü gəldikdə və ya cəzanı icra edən orqanın sərəncamına verildikdə, qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə təqdimatla Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etmək vəzifəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müvafiq cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs və onun müdafiəçisinə izah edilsin ki, Təqsirləndirilən şəxs könüllü gəldikdə və ya cəzanı icra edən orqanın sərəncamına verildikdə, qiyabi hökmün ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə ərizə vermək və 10 gün müddətində cinayət işinin materialları ilə tanış olmaq hüququ vardır. “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 18 saata görə 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq “Pro Bono” Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli Hakimlər Hafiz Kamranov Babək Pənahov
Məhkəmə qərarları › İş №1(101)-1532/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Qiyabi hökm — İş №1(101)-1532/2025
25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver