Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1533/2021 24.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X3, müdafiəçi: Bakı şəhər 5 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq müəyyən etdi: Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilir. Dövlət ittihamçısı vəsatətlə müraciət edərək bildirir ki, hazırlıq iclasından əvvəl iş materialları ilə tanışlıq zamanı müəyyən etmişdir ki, cinayət işinin materiallarına təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən mötəbər sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 155.6-cı maddəsinin tələbinə görə “təqsirləndirilən şəxs barəsində həbs, ev dustaqlığı və girov qətimkan tədbirləri seçildikdə ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur. Təqsirləndirilən və ya şübhəli şəxs barəsində digər qətimkan tədbiri seçildikdə, habelə bu Məcəllənin 155.5-ci maddəsində nəzərdə tutulmuş halda, cinayət təqibi üzrə materiallara şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin cinayət prosesini həyata keçirən orqanda təsdiq olunmuş surəti əlavə edilir.” Göründüyü kimi qanunverici orqan təqsirləndirilən şəxs barəsində həbs və ona alternativ qətimkan tədbiri seçildiyi halda şəxsiyyəti təsdiq edən sənədin materiallara əlavə edilməsini müəyyən etmişdir. Hazırkı cinayət işinə isə təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin nəinki əsli, hətta təsdiq edilmiş surəti belə əlavə edilməmişdir. Təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin cinayət işinin materiallarına əlavə edilməməsi məhkəmə tərəfindən cinayət işi üzrə istinad edilən cinayət əməlinin törədilməsində ittiham olunan şəxsin kimliyinin müəyyən edilməsini və şəxsiyyətin eyniləşdirilməsini mümkünsüz etmişdir. Cinayət işinin materiallarına təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin əlavə edilməməsi aradan qaldırılması mümkün olmayan kobud pozuntudur və bu hal yalnız əlavə ibtidai istintaq zamanı aradan qaldırıla bilər. CPM-nin 289.2.3-cü maddəsinə əsasən ittiham aktında barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat (cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, iş üzrə nə vaxt, kim tərəfindən və hansı əsasla icraatın dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi) göstərilir. Hazırkı cinayət işində isə ittihamın kimin barəsində irəli sürüldüyü, iş üzrə kimin təqsirləndirilən şəxs qismində cəlb olunduğu, kimin barəsində qətimkan tədbiri seçildiyi və digər bu kimi cinayət işinin mühüm elementini təşkil edən hallar məlum deyil. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyildir, məhkəməyədək icraat zamanı yol verilmiş qanun pozuntuları məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. CPM-nin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının CPM-nin 289cu maddəsinin tələblərinə uyğun olmaması, 303.3.1-ci maddəsinə əsasən, “təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün)” kobud qanun pozuntularıdır və bu qanun pozuntularına yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Göstərilənlərə əsasən, xahiş edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilsin və Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla onun müddəti uzadılsın. Məhkəmə hesab edir ki, dövlət ittihamçısının vəsatəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cinayət işinin materiallarına “Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə X4 Sənədi” adında notariat qaydasında təsiq edilməmiş, etibarlılıq müddəti 16 fevral 2021-ci il tarixdə bitmiş kserosurət olan sənəd əlavə edilmişdir ki, həmin sənəddə də Təqsirləndirilən şəxs adı ilə təqdim olunan şəxsin atasının adı göstərilməmişdir. Məlum deyil ki, istintaq orqanı nəyə-hansı sənədə əsasən Təqsirləndirilən şəxs atasının adının İlham olduğu qənaətinə gəlmişdir. CPM-in 303-cü maddəsinin 3-cü hissəsinin 6-cı bəndinə görə isə cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu kimi müəyyən edilmişdir. Məhkəmə, şərh olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyətinin müəyyən edilməməsi və bu halı təsdiq edəcək sənədin cinayət işinin materiallarına əlavə edilməməsi ittiham aktının tərtib olunmasının kobud pozuntusudur, buna görə də dölət ittihamçısının vəsatəti təmin edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 298-300 və 303.3.6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov İş № 1(101) –1533/2021 BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Həbs qətimkan tədbirinin uzadılmasına dair Qərar 24 avqust 2021-ci il Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X3, müdafiəçi: Bakı şəhər 5 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısı X2 vəsatətinə qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. CPM-in 306.2-ci maddəsinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada, eyni zamanda, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. İşdə iştirak edən dövlət ittihamçısı məhkəməyə vəsatətlə müraciət etmişdir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla onun müddəti uzadılsın. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 24 aprel 2021-ci il tarixli, 4(011)-162/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 aprel 2021-ci il tarixdən hesablanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 1(101)-1533/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. İş üzrə əlavə istintaq hərəkətləri aparılması zərurətini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174, 298-300 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə-24 sentyabr 2021-ci il tarixədək uzadılsın. Qərarın surəti icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1533/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1533/2021
24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver