Məhkəmə qərarları › İş №1(101)-1533/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1533/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1533/2023 21.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X8 ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X2 qeydiyyatda olub, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edərək, üzərində saxlamaqla daşımışdır. Belə ki, ittiham aktına əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 40 manat pul müqabilində külli miqdarda, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İ) daxil olan 3,945 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə daşımış, xx.xx.2023-cü il tarixdə saat 13:50də Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X2 yaşadığı evin yaxınlığında saxlanılıb, Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin gün saat 15:10-dan 15-30-a kimi olan müddət ərzində onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sağ cibindən həmin 01 ədəd şəffaf rəngli sellofana bükülmüş 3,945 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əməliyyatçılar onu evinin qarşısında saxlayıb bölməyə aparmış, orada ona təzyiq göstərmişlər. Onu döyüb, narkotik vasitəni öz üzərinə götürməsini istəmişlər. Həmin döymə nəticəsində müxtəlif xəsarətləri olmuş, həmin xəsarətləri saxlanıldığı istintaq təcridxanasında da qeyd olunmuşdur. O, təzyiqlərə məruz qaldığına görə narkotik vasitənin ona aid olduğunu qəbul etmişdir. Əks halda, polis əməkdaşları onun şərəf və ləyaqətini alçaldacaqlarını demişlər. Həmin qeyd edilmiş maddə ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, ona polis bölməsində narkotik vasitənin ona məxsus olduğunu boynuna almalı olduğunu demişlər. O da narkotik vasitələrin istifadəçisi olmadığını bildirmiş və onu tibbi yoxlamaya aparmağı təklif etmişdir. Narkotik vasitəni İntiqam adlı əməliyyatçı dəhlizdə gedərkən cibinə qoymuş, o, həmin narkotik vasitəni tullamaq istəyəndə, polis əməkdaşları əgər cibinə qoyduqları bükümü tullasa, ona yenidən işgəncə verəcəklərini demişlər. Polis əməkdaşlarının onu döyməsi nəticəsində xəsarətləri yaranmış, dodağına yumruq vurmuşlar, dodağında xəsarəti olmuş, başqa nahiyəsində xəsarət olmamışdır. O, heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Narkotik vasitələrdən ümumiyyətlə heç bir anlayışı yoxdur. Müvafiq ekspertizadan da keçmiş, narkotik vasitələrdən istifadə etməyi ilə bağlı heç nə aşkar edilməmişdir. Polis əməkdaşları onu əgər narkotik vasitələrin ona məxsus olduğunu deməsə, narkotik vasitəni evinə aparacaqları ilə hədəmişlər, o da evində ailəsi olduğu üçün bunu özünə sığışdıra bilməmişdir. O, video çəkilişdən sonrakı gün dindirilmişdir. Saxlanılarkən anası yanında olmuş, saat təxminən 10-11 radələri olmuşdur. Onu saxlamağa 4-5 nəfər gəlmiş, o, Bakıxanovda yerləşən iş yerindən gəlmiş, üzərində heç nə olmamışdır. İntiqam adlı polis əməkdaşı onun qulağından vurmuş, qulağı qızarmış, onun cibinə psixotrop maddəni də İntiqam adlı polis əməkdaşı qoymuşdur. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 3-cü PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq qəbulu, gəzdirməsi və üzərində saxlaması ilə bağlı bölməyə məlumat daxil olmuş, daxil olan məlumat əsasında Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. 03 aprel 2023-cü il tarixdə günorta saat 15 radələrində şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, narkotik vasitələrin saxlanması, daşınması və istifadəsində şübhəli şəxs olduğunu bildirərək onlarla birlikdə gəlməsi üçün bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs da bölməyə gəlməkdən imtina etməmiş, bölmədə inzibati otaqların birində təhqiqatçı Vüsal Nəsirzadə tərəfindən onların və vəkilin iştirakı ilə şəxsin üzərinə axtarış keçirilmiş və Təqsirləndirilən şəxs əynindəki boz şalvarının cibindən şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs soruşduqda həmin psixotrop maddəni 40 manata şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmiş, həmin maddə təhqiqatçı tərəfindən qablaşdırılmış və aidiyyəti üzrə ekspertizaya göndərilmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuş, əməliyyat qrupuna o və Şahid2 daxil olmuşdur. Təqsirləndirilən şəxsi Binə qəsəbəsində, “Ekskluziv” market deyilən yerin yaxınlığında saxlamışlar. Şəxs saxlanılarkən yanında heç kim olmamış, təqsirləndirilən şəxsi bölməyə dəvət etdikdə o, yayınmağa çalışmamışdır. O, təsirləndirilən şəxsə qarşı heç bir təzyiq göstərməmiş, təqsirləndirilən şəxsi vurmamış, onun üzərinə psixotrop maddə qoyan olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ 3-cü PŞ-nin sahə rəisi Şahid2 Şahid1 ifadəsindəki xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə şahid ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 03 aprel 2023-cü il tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə olunmaqla keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Tədqiq edilən protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün içərisində psixotrop maddə metamfemin olduğunu, həmin maddəni xx.xx.2023cü il tarixdə Suraxanı rayonu Suraxanı qəsəbəsində 40 manat müqabilində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir (i/v: 29-30). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «Diskə baxış keçirilməsi haqqında» 18 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman onun əynində olan boz rəngli şalvarın sağ cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində psixotrop maddə metamfetamini təqdim edərək, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 40 manat müqabilində aldığını bildirmişdir (i/v: 110) Cinayət işinin materiallarına əlavə edilmiş CD disk məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, qeyd olunan videogörüntü «şəxsi axtarış və götürmə aparılması haqqında» 03 aprel 2023-cü il tarixli və «Diskə baxış keçirilməsi haqqında» 18 may 2023-cü il tarixli protokolla eynilik təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 aprel 2023-cü il tarixli 6/1947 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 244» dairəvi möhür əksi olan, «Saxlanılan şəxs Eyvazov» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi- 3,945 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr» in siyahısına (Siyahı İ) daxildir.(i/v: 35-39) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X1 üzrə xx.xx.2023-cü il tarixli 2983 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub, lakin halhazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i/v: 95-96) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X5 Şəxsin xx.xx.2023-cü il tarixli 6672 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır. (i/v 76) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan maddi sübut kimi tanıma haqqında 12 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3,945 qram psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış, həmin psixotrop maddənin ekspertiza tədqiqatından sonra 3,895 qram qalıq qalmış hissəsi saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (i/v: 84-85) İbtidai istintaq orqanının işdə olan «sübutların qiymətləndirilməsi haqqında» 23 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüləri olan 1 ədəd DVD disk iş üzrə maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i/v: 118- 124) Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetamin psixotrop maddəsinin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddə metamfetaminin çəkisi 3,945 qram təşkil etməklə «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş metamfetamin psixotrop maddəsinin külli miqdar həddində olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində heç bir narkotik vasitənin olmaması, polis əməkdaşları tərəfindən döyülərək təzyiqlərə məruz qalması ilə əlaqədar polis əməkdaşlarının təklifi ilə razılaşaraq onların verdiyi narkotik vasitəni boynuna götürməsi ilə bağlı ifadəsinə qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd edilən məzmundakı ifadələri məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlarla tam təkzib olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hal-hazırda faktiki olaraq heç bir yerdə işləmir. O, ümumilikdə 2-3 dəfə psixotrop maddə olan metamfetamin qəbul etmişdir. Sonuncu dəfə metamfetamindən 6-7 ay əvvəl istifadə etmişdir. Metamfetamini maddi çətinliklərini ona unutmaqda köməklik etdiyi üçün asılılıq yaratmamaq şərti ilə ara-sıra istifadə etmək fikrində olmuşdur. xx.xx.2023-cü il tarixdə günorta saatlarında şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsinə getmişdir. Həmin vaxt bir nəfər şəxs ona yaxınlaşmış və “patı” olduğunu bildirmişdir. Əvvəlcə almaq istəməsə də sonra düşünmüşdür ki, alsın sıxıntısı olanda vaxtını keçirmək üçün istifadə edər. Həmin şəxsə 40 manat pul vermiş, o da üzərində olan şəffaf sellofanın içərisindəki psixotrop maddəni ona təqdim etmişdir. Həmin psixotrop maddəni üzərində saxlamışdır. Aldığı narkotik vasitəni üzərində daşısa da istifadə etməmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda olan zaman iki nəfər şəxs ona yaxınlaşmış, polis vəsiqələrini təqdim etdikdən sonra üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli olduğu üçün onlarla birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-nə getməli olduğunu bildirmişlər. O, da onlara etiraz etmədən həmin polis əməkdaşları ilə birlikdə 3-cü polis şöbəsinə gəlmişdir. Şöbənin xidməti otaqların birində hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşlarının və dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları üzərinə axtarış keçiriləcəyi, əgər üzərində saxlanılması qadağan olan əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. O, da əynində olan boz rəngli şalvarın sağ cibindən içərisində psixotrop maddə olan 1 ədəd şəffaf rəngli sellofan bükülünü təqdim etmişdir. Sonra üzərindən çıxan həmin bir ədəd psixotrop maddə polis əməkdaşları tərəfindən qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunduqdan sonra isə polis əməkdaşları ilə birgə zərfə imza etmişlər. Üzərində çıxan psixotrop maddədən əlavə heç yerdə narkotik vasitə saxlamır. Həmin narkotik maddədən heç kəsə satmamış, heç kimə hədiyyə etməmiş, maddi marağı olmamışdır. Polis Şöbəsində və Polis İdarəsində olan zaman psixi və fiziki zor tətbiq olunmamış, onunla yaxşı rəftar olunmuşdur. Narkotik vasitə və psixotrop maddə aludəçisi deyil, bu günə kimi ümumilikdə 2-3 dəfə istifadə etmişdir. Bu səbəbdən üzərindən çıxan metamfetaminin ona məxsus olduğunu istintaq dövründə inkar etmişdir. Əslində isə həmin psixotrop maddə ona məxsus olub, nə vaxtsa istifadə etmək üçün üzərində saxlamışdır. Mütəmadi istifadə etmədiyinə görə adının pis çıxacağından ehtiyat etmiş, bu səbəbdən istintaq araşdırması dövründə inkar etmişdir. (i/v: 138-140). Cinayət işinin materiallarında olan həmin ifadə təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə alınmış və təqsirləndirilən şəxs öz əl yazısı ilə ifadəyə “təqsirli bilirəm” qeydi yazmış və ifadəni həm təqsirləndirilən şəxs, həm də müdafiəçisi imzalamışdır. Bundan başqa, məhkəmənin sorğusuna əsasən əldə edilərək, məhkəmə iclasında tədqiq edilib cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 20 oktyabr 2023-cü il tarixli məktubu və həmin məktuba əlavə edilmiş “Məhkumun tibbi kitabçası”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq tibbi müayinədən keçirilmiş, sorğu zamanı həbs edilmiş şəxs zədə almadığını bildirmiş və baxış zamanı bədən səthində xəsarət izləri aşkar edilməmişdir. Qeyd olunan məsələ ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs tibbi müayinə zamanı üzərində xəsarətlər aşkar olunduğunu və həmin xəsarətlərin qeydə alındığını bildirsə də, məhkəməyə təqdim olunmuş tibbi kitabçanın tədqiq edilməsi ilə müəyyən edilmişdir ki, müayinə zamanı onun üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülüb təzyiqlərə məruz qalması öz təsdiqini tapmamışdır. Həmçinin təqsirləndirilən şəxs ifadəsində cinayət işinin materiallarında qeyd olunduğundan fərqli saatda və şəraitdə saxlanıldığını bildirsə də, müdafiə tərəfi bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, eyni zamanda qeyd olunan halların araşdırılması məqsədi ilə məhkəməyə hər hansı bir vəsatətlə müraciət etməmişdir. Bununla da təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülüb təzyiqlərə məruz qalması, habelə üzərindən aşkar olunmuş psixotrop maddənin ona məxsus olmaması ilə bağlı ifadəsi öz təsdiqini tapmamışdır. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun hesab etmir, təqsirləndirilən şəxsin həmin ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq məqsədi daşıyır və öz ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə cinayət işinin materiallarına əlavə edilmiş sübutlarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin psixotrop maddə metamfetamin olduğu, çəkisinin isə 3,945 qram təşkil etdiyi tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda metamfetimin psixotrop maddəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i/v: 70) Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X4 adlı bir azyaşlı övladı var. (i/v: 82) Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Binə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə xoşagəlməz hallar haqqında heç bir məlumat daxil olmamış, yaşadığı ərazidə qonşuları tərəfindən müsbət səciyyələndirilir. Qəsəbənin ictimai işlərində köməklik göstərməyə çalışmışdır.( i.v: 80) Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərkən, onun üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin çəkisinin külli miqdar həcminin minimum həddinə yaxın həcmdə olmasını nəzərə alır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 03 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 03 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (i/v: 20), Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 03 aprel 2023-cü il tarixdən hesablanmışdır (i/v: 67-69). Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Xəzər RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,895 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 65 (altmış beş) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 03 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Xəzər RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,895 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, bir ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar