Məhkəmə qərarları › İş №1(101)-1534/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1534/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1534/2024 02.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X8-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1, X3, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, X4, müdafiəçilər- Bakı şəhəri 32 saylı Vəkil bürosunun vəkili X13, “Femida” Vəkil Bürosunu vəkili Müdafiəçi1 və Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, 25 avqust 2002-ci ildə Yardımlı rayonu, Əngəvül kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Yardımlı rayonu, Əngəvül kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X.Aslanov küçəsi nömrəsiz fərdi evdə yaşamış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs naməlum mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda -5,394 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nəsimi rayonu, R.Cəfərov küçəsində yerləşən Respublika Velotrekinin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdə saat 16:30-da yuxarıda qeyd olunan ünvanda saxlanılaraq ünvan 1aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 17:55-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda-5,394 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, 13 yanvar 2024-cü il tarixdə “20 Yanvar” ərazisində polis əmədaşları tərəfindən saxlanılıb Şahid2la birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışlar. Telefon danışıqlarına əsasən onları həmin idarəyə aparmışdılar, orada fiziki təzyiqlərə məruz qalmışdırlar. İlk dəfə idi tutulmuşdu, polis əməkdaşları onları buraxacaqlarını desələr də, bir müddət sonra Kürdəxanıya, yəni Bakı İstintaq Təcridxanasına apardılar. Əvvəllər məhkum olunmamışdır. Narkotik vasitə istifadəçisi deyil. Polis əməkdaşlarınin təzyiqləri nəticəsində videoçəkilişdə üzərindən şüşə, yəni psixotrop maddə olan metamfetamin çıxdığını təsdiq etmişdir. Psixotrop maddə olan metamfetamin kiçik sellofanın içərisində idi, həmin maddənin çəkisinin 5 qram olduğunu məhkəmədə öyənmişdir. Videoçəkilişdə fiziki zor tətbiq edildiyinə görə psixotrop maddə olan metamfetaminin ona məxsus olduğunu qəbul etməli olmuşdur. Polis əməkdaşları Şahid2 telefon danışıqlarına əsasən onları saxlamışdılar. Şahid2 “Yetim Sabir” adlı biri ilə telefon danışıqları var idi, lakin həmin şəxsin kim olduğunu bilmir. Polis əməkdaşları “Yetim Sabir” adlı şəxs ilə bağlı silah söhbəti açdılar, silahın harada olduğunu soruşdular, daha sonra Şahid2 məxsus olan mobil nömrəni soruşduqda İlkin ona məxsus olduğunu təsdiq etdi. Lakin bir müddət sonra İlkini buraxdılar, liftdə onun cibinə psixotrop maddəni sol cibinə yerləşdirdilər. Cibinə psixotrop maddə olan metamfetamini yerləşdirən polis əməkdaşı hündür boy idi, onu saxlayan polis əməkdaşlarından deyildi. İlkinlə onun üzərindən mobil telefon və pul çıxmış, heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları videoçəkilişdə üzərindən şüşə, yəni psixotrop maddə olan metamfetamin çıxarmağını bildirmiş, əks halda yenidən fiziki zor tətbiq etməklə hədələmişlər. Bir daha qeyd edir ki, “Yetim Sabir” adlı şəxs ilə telefon danışıqlarına əsasən polis əməkdaşları tərəfindən saxlanılmış, lakin həmin şəxslə telefonla danışmamışdır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərmişdir ki, 2020-2023-cü illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra bir sıra işlərdə işləmişdir. Hazırda fərdi əməklə məşğul olur. Heç bir xəstəlikdən, o cümlədən psixi xəstəlikdən əziyyət çəkmir. Təxminən 03 gün bundan əvvəl yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X.Aslanov küçəsi ilə piyada hərəkət edib evə gedən zaman yolun kənarında balaca bir bükümün olduğunu görmüş və həmin büküm diqqətini çəkmişdir. Bükümün içərisinə nəzər salan zaman orada “şüşə” kimi tanıdığı metamfetamin olduğunu müəyyən etmişdir. Həmin bükümü cibinə qoymuşdur ki, gələcəkdə istifadə etsin. xx.xx.2024-cü il tarixdə saat 16:30-da Bakı şəhəri, Nəsimi rayonu, R.Cəfərov küçəsində yerləşən Respublika Velotrekinin qarşısında tanışı Şahid2 ilə birlikdə olduğu zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O, səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “şüşə” vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış, İlkinin üzərinə isə baxış keçirilmişdir. Ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o üzərində “şüşə” olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd sellofan bükümü, şalvarının sağ yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonunu və həmin cibində olan 24 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində psixotrop maddə kimi tanıdığı “şüşə” olduğunu bildirmişdir. 01 ədəd sellofan bükümə iştirakçıların şahidliyi ilə baxış keçirilərkən 01 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetamin aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetamin 01 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüş, 24 manat pul isə ona geri qaytarılmışdır. Daha sonra tanışı Şahid2 üzərinə baxış keçirilmişdir. İlk olaraq Şahid2 prosesin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, Şahid2 buna etiraz etmədiyini bildirdikdən sonra İlkinə paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan qara rəngli gödəkcənin cibindən “Samsung” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Həmin mobil telefon videoçəkiliş bitdikdən dərhal sonra Şahid2 özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı o üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini 02 gün əvvəl yaşadığı ərazidən yolun kənarından tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, heç kimə satmadığını, heç kimə hədiyyə etmədiyini və üzərindən aşkar edilmiş psixotrop maddədən tanışı Şahid2 məlumatının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Şahid2 onunla qonşu olduğunu, çay içmək üçün görüşdüklərini, üzərindən aşkar edilən maddədən məlumatının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış, baxış və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Verilən suallara cavab olaraq, aşkar edilmiş maddəni təsadüfən yerdən tapdığını və şəxsi istifadəsi üçün özündə saxladığını, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, bu işi gördüyündən heç kimin, eləcə də ailə üzvlərinin xəbəri olmadığını, başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamadığını, "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə etdiyini, üzərinə şəxsi axtarışın video çəkilişlə təhqiqatçı tərəfindən aparıldığını, başqa heç kimin onun üzərinə şəxsi axtarış keçirmədiyini, tanışı Şahid2 bu cinayətdən məlumatı olmadığını və bildiyinə görə İlkinin narkotik vasitə və psixotrop maddə istifadə etmədiyini, nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmadığını, saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərmədiyini, sağ əlinin ovuc hissəsinin kənarında kəsik izi olduğunu, həmin izin təxminən 10 il əvvəl evdə bıçaqla ehtiyatsız davrandığı üçün əmələ gəldiyini, eləcə də, sağ qolunun dirsəkdən biləyə qədər olan hissəsində yanıq izi olduğunu, həmin izin təxminən bir il bundan əvvəl hərbi xidmətdə olduğu zaman ehtiyatsızlıqdan sobaya toxunduğu üçün yarandığını bildirmişdir. Məhkəmədə elan olunmuş 15 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi qrarından görünür ki, o, onun barəsində həbs qətimkan tədbiri məsələsinə baxılarkən məhkəmədə çıxış edərək üzərindən aşkar olunmuş psixotrop maddəni yerdən tapdığını və onu şəxsi istifadəsi üçün daşıdığını göstərmişdir. Şahid2 ifadələrində göstərdi ki, Kaminlə onu “20 Yanvar” ərazisində saxlayıb Nərimanov rayonu ərazisinə aparıb müdirin gələcəyini, onun yanında onlarda “şüşə”, yəni psixotrop maddə olan metamfetamin olduğunu demələrini istəsələr də, onlar onlarda həmin maddənin olmadığını bildirmişlər. Daha sonra polis əməkdaşları tərəfindən onlara qarşı fiziki zor tətbiq edildi. Ailələri ilə əlaqə saxlamağa icazə verilmirdi, su istədikdə onları təhqir edirdilər. Daha sonra polis əməkdaşları Kaminin sol cibinə psixtrop maddə yerləşdirdilər və Kaminə videoçəkilişdə həmin maddənin ona məxsus olduğunu, Şahid2, yəni onun heç bir günahı olmadığını deməyini istəmişdilər. Bundan sonra onun özü polis əməkdaşları tərəfindən buraxılmışdır. Polis əməkdaşları Kamin də buraxacaqarını desələr də sonradan o, Kaminin təcridxanada olduğunu öyrənmişdir. Videoçəkilişdə o da iştirak etmişdir. “Yetim Sabir” adlı şəxsin videosunu qrupa atmışdır. “20 Yanvar” ərazisində Kaminlə iki nəfər polis əməkdaşı tərəfindən saxlanıldıqda eyni avtomobil ilə idarəyə aparılmışlar. Videoçəkilişdə polis əməkdaşları Kaminə üzərində olan əşyaları təqdim etməsini istədikdə Kamin psixotrop maddəni təqdim etmişdi, daha sonra polis əməkdaşları Kamindən həmin maddənin Şahid2la, yəni onunla əlaqəsinin olub-olmadığını soruşduqda Kamin onun psixotrop maddə ilə əlaqəsi olmadığını bildirdi. Videoçəkiliş zamanı o da orada olmuşdur, onlara polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilən zaman da Kaminin yanındadı olmuşdur. İbtidai istintaq zamanı vermiş olduğu ifadə ona məxsus deyil, lakin imzaları o çəkmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X.Aslanov küçəsində yerləşən nömrəsiz evdə anası ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs onun qonşusudur və Kaminlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2024-cü il tarixdə saat 16:30-da Bakı şəhəri, Nəsimi rayonu, R.Cəfərov küçəsində yerləşən Respublika Velotrekinin qarşısında tanışı Təqsirləndirilən şəxs ilə birlikdə olduğu zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə “şüşə” vardır. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs və onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə Kaminin üzərinə şəxsi axtarış, onun üzərinə isə baxış keçirilmişdir. İlk öncə Kaminə paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə “şüşə” olduğunu bildirib, əynində olan şalvarının ciblərindən 01 ədəd sellofan bükümü, 01 ədəd “Samsung” markalı mobil telefonu və 24 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd bükümə baxış keçirilən zaman içərisində psixotrop maddə aşkar edilmişdir. Daha sonra həmin büküm qablaşdırılıb möhürlənərək götürüldü. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüş və 24 manat pul Kaminə geri qaytarılmışdır. Daha sonra ona üzərində qanunsuz əşya varsa təqdim etməyi təklif edilmişdir. O üzərində qanunsuz əşya olmadığını bildirib üzərində olan “Samsung” markalı mobil telefonunu təqdim etmişdir. Daha sonra həmin mobil telefon videoçəkiliş bitdikdən dərhal sonra ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümü 02 gün əvvəl yaşadığı ərazidən yolun kənarından tapdığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş psixotrop maddədən onun məlumatının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı o Təqsirləndirilən şəxs ilə eyni ərazidə yaşadığını, qonşu olduğunu, lakin Kaminin üzərindən aşkar edilən maddədən məlumatının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış, baxış və götürmə barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olmasından məlumatı olmadığını, əgər məlumatı olsaydı, bu barədə polisə məlumat verəcəyini, narkotik vasitə və psixotrop maddə istifadə etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan şəxsi xidməti vəzifəsi ilə əlaqədar olaraq tanıyır. Təqsirləndirilən şəxs barəsində narkotik vasitə və psixotrop maddələrin daşınması və dövriyyəsi ilə bağlı əməliyat məlumatı daxil olmuşdu. Həmin məlumata əsasən əməliyyat qərarı qəbul edildi, daha sonra tərəflərindən Təqsirləndirilən şəxs barəsində tədbir görüldü və Nəsimi rayonu, “Velotrek”-in yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edib ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra Kamin və onun yanında olan İlkin adlı şəxsi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. İnzibati otaqda Kaminin üzərinə baxış keçirildi və üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilərək aidiyyatı üzrə təhvil veildi. Kaminin üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Əməliyyat tədbirinə rəhbərliyi o etmişdir. Əməliyyat tədbirində ondan başqa iki nəfər də polis əməkdaşı iştirak etmişdir, lakin polis məkdaşlarının kim olduğunu xatırlamır. Kamin könüllü şəkildə üzərində olan əşyaları təqdim etdi, heç bir müqavimət olmadı. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı xüsusi rütbəsini daşıyır. 13 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri X14 və X6 daxil edilmişdir. 13 yanvar 2024-cü il tarixdə saat 16-17 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, R.Cəfərov küçəsi ərazisində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 16:30-da Bakı şəhəri, Nəsimi rayonu, R.Cəfərov küçəsində yerləşən Respublika Velotrekinin qarşısında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs yanında bir nəfər şəxs də olmuşdur. Həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər və həmin şəxs özünü təqdim edərək Şahid2 olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və Təqsirləndirilən şəxs tanışı Şahid2la birlikdə BMCMl-nə dəvət etmişlər. Həmin şəxslər etiraz etmədən onlarla birlikdə Baş İdarəyə gəlmişlər. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı Fəan Süleymanov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirərək əynindəki şalvarın ciblərindən 01 ədəd sellofan bükümü, 24 manat pulu və 01 ədəd mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini iki gün öncə yaşadığı ünvanın yaxınlığında yolun kənarından tapdığını və öz şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Eyni zamanda aşkar edilmiş 24 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra Şahid2 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Şahid2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan gödəkcənin cibindən 01 ədəd mobil telefonu çıxardıb təqdim etmişdir. Videoçəkiliş bitdikdən sonra həmin mobil telefon Şahid2 qaytarılmışdır. Şəxsi axtarış və baxış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş və həmin protokolu imzalamışlar. Verilən suallara cavab olaraq, əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmadığını, Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədiyini və onlara heç bir xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış 13 yanvar 2024-cü il tarixli “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 yanvar 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 16:30-da Bakı şəhəri, Nəsimi rayonu, R.Cəfərov küçəsində yerləşən Respublika Velotrekinin qarşısında tanışı Şahid2 ilə birlikdə olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd şəffaf sellofan bükümə baxış zamanı içərisindən psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Təqdim edilmiş 01 ədəd şəffaf bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra prosesin digər iştirakçısı Şahid2 üzərinə baxış keçirilmiş, baxış zamanı Şahid2 narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənəd aşkar edilməmişdir. Şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti 13 yanvar 2024-cü il tarixdə saat 17:55-də başlamış və həmin tarixdə saat 18:14-də bitmişdir. Məhkəmədə elan olunub araşdırılmış “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasındakı xidməti otaqların birində müdafiəçi X5 iştirakı və videoçəkilişlə həyata keçirilmişdir. Axtarış aparılarkən ilk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sağ yan cibindən 24 manat pulu və 01 ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış keçirilmiş, lakin heç bir əşya aşkarlanmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman oradan psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin büküm bir ədəd içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini 02 gün əvvəl yaşadığı ərazidə yolun kənarından tapdığını və öz şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını, həmin maddələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, həmin maddələrin üstündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 14 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/215 nömrəli materialların məhkəmə ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir: Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N°6” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə; Təqsirləndirilən şəxs-imza, 6- imza, Tərtib etdi:Fəan Süleymanov -imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 5,394 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər Qeyd: Metamfetaminin təmiz çəkisi - 5,394 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-5,344 qram. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 5,344 qram qalmış psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMl-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmənin hüquqi dəyərləndirməsi: Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi həmin Məcəllənin «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər» fəslində nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, 234-cü maddənin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddəsi təkcə satma deyil, həm də bu maddəsi satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitlərin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avdanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Verilən ittiham üzrə Təqsirləndirilən şəxs istinad olunan əməllərdə onun təqsirliliyinin sübuta yetirilməsi üçün onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlamaqla daşıması sübut edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı fiziki zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində polis bölməsində polis əməkdaşlarının ona qarşı fiziki və psixi zorakılıq etdiyini, üzərindən aşkar olunan psixotrop maddənin ona aid olmadığını, narkotik vasitələrin həm istifadəsi, həm də satışı ilə məşğul olmadığını göstərmişdir. Məhkəmədə onun bu ifadələrini araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədiylə deyil, satış məqsədi olmadan əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımada təqsirli bilinməlidir. Məhkəmə gəldiyi bu nəticəni eyni zamanda onunla əsaslandırır ki, məhkəmədə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ittiham tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Məhkəmənin bu mövqeyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsi baxımından da əsaslıdır. Belə ki, həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi təsir göstərilməsi və üzərindən aşkarlanan psixotrop maddələrin ona aid olmaması ilə bağlı olan ifadələri araşdırılarkən öz təsdiqini tapmamış, faktiki əsası olmayan və öz müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirilmişdir. Çünkü ona fiziki və psixi zorakılıq göstərilməsi müəyyən olunmadı. Bundan başqa o, psixotrop maddənin ona məxsus olmasını yalnız ibtidai istintaq zamanı deyil, məhkəmədə barəsində qətimkan tədbiri məsələsinə baxılarkən təsdiq etmişdir. Onun bu ifadələri həm də ibtidai istintaq zamanı şahid qismində dindirilmiş onunla yaxın münasibətlərdə olduğu Şahid2 etirafedici ifadələri, onların ifadələrində göstərdikləri halları təsdiq edən iş üzrə dindirilmiş şahid ifadələri və işin faktiki halları ilə təsdiqini tapdı. Bu səbəbədən də məhkəmə,həmin psixotrop maddənin ona məxsus olması qənəaətinə gəlir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqlı vəziyyətdə qəsdən törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir və Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 92 (doxsan iki) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, ekspertizasının keçirilməsinə sərf edilmiş 92 (doxsan iki) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə dövlət büdcəsi hesabına Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X11 ödənilməsi üçün 54 (əlli dörd) manat vəsaitin Azərbaycan Respublikası Vəkillər X7 və Tədris Mərkəzinin hesabına ödənilməsini və Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün DİN BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 5,344 qram psixotrop maddə metamfetaminin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 yanvar 2023-cü il tarixdə o, təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi ibtidai istintaq zamanı cinayət əməli barədə ətraflı ifadələr verib cinayətin açılmasında iştirak etməsi müəyyən edildi. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 15 yanvar 2024-cü il tarixli 217 nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: Təqsirləndirilən şəxs opioidlərin istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X10 X18 daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının 29 yanvar 2024-cü il tarixli 290/K nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna adi olan Metamfetamin aşkar edildi. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamasını, lakin onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 13 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 92 (doxsan iki) vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X11 ödənilməsi 54 ( əlli dörd ) manat Azərbaycan Respublikası Vəkillər X7 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiə xərcindən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün DİN BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,344 qram qalmış psixotrop maddə metamfetamin məhv edilsin, 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar