Məhkəmə qərarları › İş №1(101)-1536/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1536/2021

21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1536/2021 21.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla oğurluq etmiş, eyni zamanda qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 dekabr 2020-ci il tarixində, saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, döngə 2-də yerləşən 4 nömrəli evin plastik pəncərəsini sıxma yolu ilə açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan dəyəri 250 manat olan bir ədəd “Samsung” markalı televizoru, dəyəri 150 manat olan bir ədəd markası bilinməyən qaz sobasını, dəyəri 200 manat olan bir ədəd markası bilinməyən mikrodalğalı sobanı, dəyəri 250 manat olan bir ədəd taxta suvenir gəmini və bir ədədinin qiyməti 75 manat, ümumi dəyəri 150 manat olan iki ədəd divar rəsmlərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi çəkisi 11,090 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, 23 yanvar 2021-ci il tarixində, saat 01 radələrində Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, V.Vəliyev küçəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə gətirilmiş, şöbədə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd yaşıl rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd narıncı rəngli plastmas qabın içərisində ümumi təmiz çəkisi 11,090 qram, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin gödəkçənin sol iç cibindən isə üzərində narkotik maddə heroinin izləri olan bir ədəd boz rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə qismən təqsirli, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bildi və ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələrə olan ehtiyaclarını tanımadığı müxtəlif şəxslərdən alaraq ödəmişdir. O, ehtiyacı olduğuna görə xalası qızı Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, döngə 2-də yerləşən fərdi evində oğurluq etməyi planlaşdırmışdır. Öz planı barədə tanışı Pərvizə məlumat vermiş və birlikdə həmin evə daxil olaraq oğurluq etməyi təklif etmişdir. Dostu Pərviz etiraz etməmiş və planlarını həyata keçirmək məqsədi ilə Pərvizlə birlikdə 16 dekabr 2020-ci il tarixində, saat 22 radələrində xalası qızı Könülə məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, döngə 2-də yerləşən evin qarşısına gəlmişlər. Bir neçə dəqiqə dayanaraq ətrafda kiminsə olub-olmamasını yoxlamışlar. Heç kimin olmadığına əmin olduqdan sonra Pərvizlə birlikdə fərdi evin həyətinə daxil olmuşlar. Oradan evin plastik pəncərəsini sıxaraq açmış və içəri daxil olmuşlar. Pərvizlə evdə gəzdikdən sonra bir ədəd markası yadında qalmayan televizoru, bir ədəd qaz peçini, bir ədəd mikrodalğalı sobanı, bir ədəd taxtadan hazırlanmış böyük ölçülü suvenir gəmini və bir neçə ədəd divardan asılmış rəsmləri götürərərək fərdi evin həyətinə yığmışlar. Oradan isə həmin əşyaları çıxardaraq yaşadığı evə aparmışdır. Həmin günün səhəri Pərvizlə birlikdə xalası qızı Könülün evindən oğurladığı televizoru, qaz peçini, mikrodalğalı sobanı, bir neçə ədəd divardan asılmış rəsmləri “Rus bazarı” adlanan bazara aparmışlar. Orada həmin əşyaları tanımadıqları şəxslərə ümumilikdə 200 manata satmışlar. Əldə etdikləri gəliri Pərvizlə aralarında bölmüşlər və həmin pula narkotik vasitə almışdır. Taxta gəmini isə satmamışdır. Tutulandan sonra gəmini polisə təhvil vermişdir. O, narkotik vasitəni Keşlə qəsəbəsində tanımadığı şəxsdən almışdır. O, evinin yaxınlığında olduğu zaman iki nəfər şəxs ona yaxınlaşaraq özlərini Sabunçu Rayon Polis İdarəsinin 12ci Polis şöbəsinin əməkdaşları kimi təqdim etmişlər. Ona 12-ci Polis şöbəsinə getməyi təklif etmiş və ona narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və daşımada şübhəli olduğunu bildirmişlər. Bundan sonra o, həmi şəxslərlə birlikdə 12-ci Polis şöbəsinə gəlmiş, şöbədə polis işçiləri onun üzərinə baxış keçirmişlər və üzərindən narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, istifadə etmək məqsədilə hər dəfə 3-5 qram heroin almış, heroinin qramı üçün 20 manat ödəmişdir. Narkotik vasitəni heç kimə verməmiş və satmamışdır. Onun üzərində tərəzi olmamış, tərəzini şöbədə olarkən polislər onun cibinə qoymuşlar. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunan ifadəsndə Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini 22 yanvar 2021-ci il tarixində, saat 21 radələrində Heydər Əliyev adına X3 yaxınlığından, Pərviz adlı Ramana qəsəbə sakinindən 150 manata satmaq, eyni zamanda özü istifadə etmək üçün aldığını və üzərində saxladığını, lakin narkotik vasitə heroini yeni aldığı üçün onun satışını həyata keçirmədiyini, Pərviz adlı şəxsin anket məlumatlarının onda olmadığını, onun Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindən tanıdığını və orada yaşadığını bildiyini göstərmişdir (cild 1, iş vərəqi 288-290). Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, oğurluq hadisəsinin baş verdiyi evdə yaşamır. Qaynı ona zəng edib evinin pəncərəsinin açıq olduğunu bildirmişdir. Daha sonra o, evə gəldikdə evdə oğurluq hadisəsinin baş verdiyini anlamışdır. Baş vermiş hadisə nəticəsində ona 1000 manat civarında maddi ziyan dəymişdir. Belə ki, evindən 250 manat dəyərində bir ədəd “Samsung” markalı televizor, 150 manat dəyərində bir ədəd markasını bilmədiyi qaz sobası, 200 manat dəyərində bir ədəd markasını bilmədiyi mikrodalğalı soba, 250 manat dəyərində bir ədəd taxta suvenir gəmi, bir ədədinin qiyməti 75 manat olan, ümumi dəyəri 150 manat olan iki ədəd divar rəsmləri oğurlanmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, lakin o, zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək ona vurulmuş ziyanın ödənilmədiyini, lakin təqsirləndirilən şəxslə barışdığını, ona qarşı tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 yanvar 2021-ci il tarixində 12-ci Polis şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, daşıması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan və 12-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil etmişlər. Saat 00:50 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, V.Vəliyev küçəsində olması barədə məlumat daxil olmuş, məlumat əsasında saat 01:10 radələrində əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, V.Vəliyev küçəsinə gəlmişlər. Qeyd edilən ünvana çatdıqları zaman Təqsirləndirilən şəxs dayandığını görüb, Zaura yaxınlaşıb özlərini təqdim edərək Zaura qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma, gəzdirmədə şübhəli bilindiyinə görə saxlanıldığını bildirib Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyərək şöbəyə gəlmiş, şöbədə Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkilişlə üzərində olan əşyaları qoyması xahiş edilmiş, Təqsirləndirilən şəxs bu zaman əynində olan tünd yaşıl rəngli gödəkçənin cibindən 1 ədəd narıncı rəngli plastmas qabın içərisində olan maddəni masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs narıncı rəngli plastmas qabın içərisində olan maddənin nə olduğu soruşulduqda Zaur həmin maddənin narkotik vasitə “kakos” olduğunu, onu Heydər Əliyev adına X5 gedən yolun yaxınlığında Pərviz adlı şəxsdən satmaq məqsədilə 150 manata aldığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə tərəflərindən şəxsi axtarış keçirilmiş və bu zaman qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet aşkar edilməmişdir. Qeyd edilən hərəkətlərin aparılması ilə bağlı protokol tərtib olunmuş, onlara ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Şahid2 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunmuş ifadəsində eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etmişdir (cild 1, iş vərəqi 148-150). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 17.12.2020-ci il tarixli, HK- 1 5244 nömrəli raportun məzmunundan görünür ki, həmin tarixdə saat 10:15 radələrində vətəndaş Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək, pəncərədən daxil olma yolu ilə televizor, mikrodalğalı soba, qab-qacaqlar, suvenir və dəmir barmaqlıqlar oğurlanması barədə məlumat vermişdir (cild 1, iş vərəqi 5). İşdə olan məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi və götürmə haqqında 23.01.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında içəri otağa keçərək küncdə bir ədəd taxtadan olan suvenir gəmini təqdim etmişdir (cild 1, iş vərəqi 17-19). İşdə olan cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə 17.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barədə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü madələri ilə istintaq olunan ********* nömrəli cinayət işi və CM-in 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş, cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilmişdir (cild 1, iş vərəqi 41-42). İşdə olan 23.01.2021-ci il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1986-cı il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu, rayonu, Ramana qəsəbəsi, M.Qafarov küçəsi, ev 5-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, V.Vəliyev küçəsi ev 33-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması bildirilir (cild 1, iş vərəqi 48). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 23.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 49-50). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23.01.2021-ci il tarixli raportdan görünür ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1986-cı il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1-də qeydiyyatda olan və ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlaması və daşımasında şübhəli olduğu üçün Sabunçu rayon ərazisində saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə gətirilmişdir (cild 1, iş vərəqi 52). İşdə olan məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə haqqında 23.12.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd yaşıl rəngli gödəkçənin sol iç cibindən bir ədəd gümüşu rəngli tərəzini və həmin gödəkçənin sağ yan cibindən isə bir ədəd narıncı rəngli, dairəvi, qapaq hissəsi şəffaf sellofanla örtülmüş plastmas qabı masanın üzərinə qoymuş, bundan sonra narıncı rəngli, dairəvi, qapaq hissəsi şəffaf sellofanla örtülmüş plastmas qabın içərisinə baxış keçirilmiş və bu zaman içərisində qəhvəyi rəngli maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs narıncı rəngli qabın içərisindən aşkar edilmiş maddənin nə olması soruşululduqda o, plastmas qabin içərisində olan maddənin narkotik vasitə “kakos” olduğunu bildirmiş, narkotik vasitə “kakosu” Heydər Əliyev adına X5 gedən yolun yaxınlığından, Pərviz adlı şəxsdən, satmaq məqsədi ilə 150 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narıncı rəngli, dairəvi, qapaq hissəsi şəffaf sellofanla bağlanmış, içərisində qəhvəyi rəngli maddə olan qab və bir ədəd narıncı rəngli tərəzi qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqi 76-78). İşdə olan məhkəmə istintaqında tədqiq edilmiş CD diskə baxış keçirilməsi haqqında 24.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati otaqlarından birində onun üzərinə şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı, polis kapitani Elşən Abbasov tərəfindən saxlanılan Təqsirləndirilən şəxs özünü təqdim etməsi bildirilir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ondan saxlanılmasının səbəblərinin ona aydın olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılmasının ona aydın olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi, şəxsi axtarışin videoçəkilişlə həyata keçiriləcəyi bildirilir və bununla bağlı etirazının olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya ve predmetin olubolmaması soruşulur və olduğu halda təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd narıncı rəngli plastmas qabın içərisində olan maddəni, həmin gödəkçənin sağ yan cibindan isə bir ədəd boz rəngli tərəzini masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs narıncı rəngli plastmas qabın içərisində olan maddənin nə olduğu soruşulduqda o, maddənin narkotik vasitə "kakos" olduğunu, həmin narkotik vasitəni Heydər Əliyev adına X6 gedən yolun yaxınlığından, Pərviz adlı şəxsdən satmaq məqsədi ilə 150 manata aldığını bildirir (cild 1, iş vərəqi 122). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş CD diskə baxış keçirilməsi haqqında 12.07.2021-ci il tarixli protokoldan görünür ki, cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər, sms mətnləri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə "xxxx" MMC-dən götürülmüşdür. Məlumatlara baxış zamanı CD diskdə dörd ədəd ayrı-ayrı fayllar olduğu müəyyən edilmişdir. Faylların içərisinə baxış zamanı aşağıdakılar müəyyən edildi: a) “SMS_Tarixçəsi **********1422 773125777” - adlı fayla baxış zamanı faylın 4 səhifədən ibarət olduğu, faylda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə daxil olan sms mətnləri olduğu müəyyən edilmişdir. Baxış zamanı X4 mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən sms gəldiyi, sms mətnlərində narkotik vasitə istənildiyi qeyd edilmişdir. b) “SMS_Tarixçəsi_**********1426_773125777” - adlı fayla baxış zamanı faylın 3 səhifədən ibarət olduğu, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən çıxan sms mətnləri olduğu müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs ***-***-**-** mobii telefon nömrəsinə sms yazaraq Leyla adlı şəxsdən narkotik vasitə təşkil etməsini xahiş etdiyi müəyyən edilmişdir. Digər fayllara baxış zamanı işi üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar edilmədi (cild 1, iş vərəqi 233-246). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 23.01.2021-ci il tarixli, 6/298 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Zərflər üçün №159” dairəvi möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd narıncı rəngli plastik qabın içərisində təmiz çəkisi 11,090 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi, 85-88). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 19.04.2021-ci il tarixli, 1153 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək aikoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 152-153). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30.06.2021-ci il tarixli, 9/3760 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd, hündürlüyü 90 sm, uzunluğu 70 sm olan, taxta materialından, qəhvəyi rəngli suvenir gəminin istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 250 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (cild 1, iş vərəqi 229). İşdə olan 24 may 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 194-196). İşdə olan 27 iyul 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd hündürlüyü 90 sm, uzunluğu 70 sm olan, taxta materialından, qəhvəyi rəngli suvenir gəmi, "xxxx" MMC-dən götürülmüş məlumatları özündə əks etdirən bir ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və suvenir gəmi məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, disk iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 262-271). İşdə olan maddi sübut kimi tanıma haqqında 24.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 11,090 qram çəkidə heroin və bir ədəd boz rəngli elektron tərəzi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntünü özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq qalmış 11,040 qram çəkidə heroin və tərəzi məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, bir ədəd disk iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 123). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin 12.07.2021-ci il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ilə qrup halında oğurluq cinayətini törədən Pərviz adlı şəxsi müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 230). İşdə olan cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə 27.07.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən heroini əldə etdiyi, eyni zamanda birlikdə oğurluq etdiyi Pərviz adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayırılmışdır (cild 1, iş vərəqi 273-277). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 5 saylı X7 TSEK-ə göndərişindən görünür ki, Təqsirləndirilən şəxs 28.02.2003-cü il tarixdən İİ qrup əlildir. 25.01.2016-cı ildən 25.01.2021-ci il tarixədək ona təkrarən İİ qrup əlillik statusu verilmişdir. Xəstə həbsdə olarkən vərəmə yoluxuşmuş və 19.09.2008-ci ildən 19.02.2009-cu ilə kimi hər iki ağciyərin infiltuktiv vərəm üçün müalicə almışdır (cild 1, iş vərəqi 135-137). İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 19.07.2013-cü il tarixdə X2 ilə nikaha daxil olmuş, 20.01.2014-cü il təvəllüdlü X8 və 21.06.2018-ci il təvəllüdlü X9 adlı uşaqları vardır (cild 1, iş vərəqi 138-140). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının 1-ci, 7-ci, 19 və 20-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs, üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədilə deyil, şəxsi istehlakı üçün əldə etməsi, üzərində tərəzinin olmaması, tərəzini şöbədə olarkən polislərin onun cibinə qoyması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə cəhd etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları, o cümlədən təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədilə əldə etməsi, saxlaması və daşıması barədə ibtidai istintaq zamanı verdiyi ifadələrini sübut kimi qəbul edərək, müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla oğurluq etməsi, eyni zamanda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13.01.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22.06.2012-ci ildə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqi 133-134). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Lakin həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13.01.2010-cu il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki ildən çox vaxt keçdiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən onun törətdiyi əməl cinayətin residivi kimi qiymətləndiriilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır və ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində oğurluq cinayətinə nisbətdə Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 24 yanvar 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 yanvar 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 57, 115-117, 188- 189, 223-226). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 23 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 11,040 qram çəkidə heroin və elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd suvenir gəmi onun qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, "xxxx" MMC-dən götürülmüş məlumatları özündə əks etdirən bir ədəd CD disk və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması barədə məhkəmə-narkoloji ekspertizasının rəyi ilə əlaqədar aşağıdakıları bildirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Yuxarıda şərh olunan sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2021-ci il tarixədək İİ qrup əlil hesab edilmiş, 23 yanvar 2021-ci il tarixdə tutulmuş, o, həbsdə olarkən məhkəmə-narkoloji rəy verilmişdir. Onun əlilliyinin ləğv edilməsi və ya əlil olmamasını təsdiq edən hər hansı sənəd iş materiallarında yoxdur. Qeyd edilənləri, habelə məcburi müalicə nəticəsində gələcəkdə baş verə biləcək mümkün fəsadları nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin etməni məqsədəuyğun hesab etmir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 115 (yüz on beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 11,040 qram çəkidə heroin və elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs götürülmüş və Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan bir ədəd suvenir gəmi onun qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılsın; - "xxxx" MMC-dən götürülmüş məlumatları özündə əks etdirən bir ədəd CD disk və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 115 (yüz on beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar