Məhkəmə qərarları › İş №1(101)-1536/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1536/2022

30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1536/2022 30.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, himayəsində 2 azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ona görə ki, o istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, eyni zamanda 1 ədəd soyuq silah hesab edilən ov bıçağını əldə edib üzərində gəzdirmiş, 26 aprel 2022-ci il tarixdə saat 00:45-də Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Mədəniyyət evinin arxasında Qaradağ RPİ-nin PPXB-nin polis əməkdaşları tərəfindən saxlanılaraq, Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-yə gətirilmiş, üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın sağ kəmər hissəsindən qara rəngli parça qabın içərisində 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, soyuq silah hesab edilən ov bıçağı və həmin şalvarın sağ yan cibindən 0,250 qram və 3,170 qram olmaqla 2 ədəd göy rəngli kağıza bükülmüş vəziyyətdə təmiz çəkisi cəmi 3,420 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 0,182 qram və 0,833 qram olmaqla 1 ədəd ağ rəngli sellofana və 1 ədəd gümüşü rəngli kağıza bükülmüş ümumi təmiz çəkiləri 1,015 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsində fəhlə işləmiş və hər gün evə axşam saat 23 radələrində getmişdir. Evə qayıdan zaman hava qaranlıq olduğu üçün yolda küçə itləri hərdən insanlara hücum etmişdir. Buna görə 2022-ci ilin fevral ayının sonlarında şəxsi işləri ilə əlaqədar “20 Yanvar” metrostansiyasının yaxınlığında olarkən, metronun çıxışında çoxlu sayda bıçaq satıldığını görmüş və həmin bıçaqlardan birini 10 manata almış və özünü küçə itlərindən qorumaq üçün üzərində gəzdirmişdir. Uzun müddət narkotik vasitə istifadəçisi kimi “kakos” adlanan narkotik vasitə heroini və “şüşə” adlanan psixotrop maddə metamfetamini tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. Narkotik vasitə və psixotrop maddə qəbul etməyə başlayanda “instagram” sosial şəbəkəsi vasitəsi ilə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Şəhram” adlı şəxslə tanış olmuşdur. Sonuncu istifadə etdiyi xarici nömrə ilə ona bank hesabını atmış və həmin hesaba pulu köçürdükdən sonra Şəhram narkotik vasitə və ya psixotrop maddəni qoyduğu yer barədə ona məlumat verdikdən sonra həmin yerə gedib narkotik vasitəni götürmüşdür. 24 aprel 2022-ci il tarixdə saat 18 radələrində Şəhrama mesaj yazıb sonuncunun bank kartına 80 manat pul göndərmişdir. Bir müddət sonra Şəhram ona “instagram” vasitəsi ilə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qoyduğu yerin şəklini atmışdır. Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksinin yanında “Bravo” marketin yaxınlığına gedib işıq dirəyinin altında olan 4 bükümü götürmüşdür. Həmin bükümün içərisində 2 ədəd göy rəngli kağıza bükülmüş “kokos” deyilən narkotik vasitə heroin və 1 ədəd ağ rəngli sellofana və 1 ədəd gümüşü rəngli kağıza bükülmüş “şüşə” deyilən psixotrop maddə metamfetamin olmuşdur. Həmin bükümlər əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. 26 aprel 2022-ci il tarixdə saat 00:45-də Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Mədəniyyət evinin arxası ilə gedən zaman 3 nəfər polis əməkdaşının ona yaxınılaşdığını görüb üzərində narkotik vasitə olduğundan qaçmağa başlamışdır. Lakin polis əməkdaşları tərəfindən saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-yə gətirilmişdir. Səhər saat 09 radələrində ona hüquq və vəzifələri izah olunaraq müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bundan sonra əynində olan boz rəngli şalvarın sağ tərəfində saxladığı bıçağı və sağ yan cibində saxladığı 2 ədəd göy rəngli kağıza bükülmüş “kokos” deyilən narkotik vasitə heroini və 1 ədəd ağ rəngli sellofana və 1 ədəd gümüşü rəngli kağıza bükülmüş “şüşə” deyilən psixotrop maddə metamfetamini təqdim etmiş və həmin bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən bükülülərə baxış keçirilmiş və içərisində 1 ədəd göy rəngli kağıza bükülmüş bükümdə qəhvəyi rəngli toz şəkilli maddə, 1 ədəd ağ rəngli sellofana və 1 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə isə ağ rəngli kristal şəkilli maddə olmuşdur. Polis əməkdaşlarına heroini və metamfetamini öz istifadəsi üçün İran İslam Respublikası vətəndaşı kimi tanıdığı “Şəhram” adlı şəxsdən 80 manata aldığını, pulu sonuncunun kartına köçürdüyünü və Abşeron rayonu, Masazır qəsəbəsindən gedib narkotik vasitələri götürdüyünü demişdir. Üzərindən aşkar olunmuş bıçağı isə özünü müdafiə etmək məqsədilə aldığını bildirmişdir. Bundan sonra həmin maddə və bıçaq zərfə qoyularaq möhürlənmiş, zərfin və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Törətdiyi cinayət əməllərindən səmimi peşmandır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Qaradağ RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində polis serjantı rütbəsində xidmət edir. 26 aprel 2022-ci il tarixdə təyin olunmuş marşrut üzrə AP 466 çağırışlı avtopatrulla Qaradağ RPİ-nin PPXB-nin polis nəfərləri ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu, Qızıldaş qəsəbəsində xidmətdə olarkən, saat 00:45 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən mədəniyyət evinin arxasında özünü şübhəli apardığı üçün saxlanılmış və portal vasitəsi ilə şəxsiyyəti müəyyən olunmuş Təqsirləndirilən şəxs barəsində Qaradağ RPİ-də 27 sentyabr 20221-ci il tarixli axtarış işi açıldığı məlum olmuşdur. Buna görə Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 38-ci PB-yə gətirilmiş və polis bölməsində kamera altında saxlanılaraq, səhər saat 09 radələrində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlanılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qeyriqanuni maddə və ya əşya olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs boz rəngli cins şalvarının sağ kəmər hissəsinə keçirilmiş qara rəngli qabın içərisində olan 1 ədəd bıçağı, həmin şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli sellofana, 1 ədəd gümüşü rəngli kağıza, 2 ədəd göy rəngli kağıza bükülmüşü bükümləri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd bıçağı işə gedən zaman yol qaranlıq olduğundan küçə itlərindən özünü müdafiə etmək məqsədi ilə alıb üzərində saxladığını, 1 ədəd ağ rəngli sellofana və 1 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümlərdə olan maddənin psixotrop maddə metamfetamin, 2 ədəd göy rəngli kağız bükümün içərisində isə narkotik vasitə heroin olduğunu, həmin maddələri 80 manata şəxsi istifadəsi üçün aldığını və 24 aprel 2022-ci il tarixdə saat 14:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən hər hansı fiziki və ya psixi təziqə məruz qalmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 işin faktiki hallarına və Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 26 aprel 2022-ci il tarixli 6/2398 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,250 qr., 3,170 qr., ümumi təmiz çəkisi 3,420 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,182 qr., 0,833 qr., ümumi təmiz çəkisi 1,015 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir (1-ci cild iş vərəqi 32-38). İşdə olan məhkəmə-trasaloji ekspertizası üzrə 31 may 2022-ci il tarixli 3/585 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən 1 (bir) predmet zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində hər hansı əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilir (1-ci cild iş vərəqi 117-120). İşdə olan sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 19 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 2 ədəd bükümdə ilkin təmiz çəkisi 3,420 qram olan narkotik vasitə heroin və 2 ədəd bükümdə ilkin təmiz çəkisi 1,015 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 3,320 qram çəkidə narkotik vasitə heroin və 0,915 qram çəkidə psixotrop maddə metamfetamin saxlanması üçün Qaradağ RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (1-ci cild iş vərəqi 127-138). İşdə olan İşdə olan sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 19 iyul 2022-ci il tarixli qərardan və 22 iyul 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd soyuq silah hesab edilən bıçaq maddi sübut kimi tanınmış və saxlanması üçün Qaradağ RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (1-ci cild iş vərəqi 127-138, 172). İşdə olan İşdə olan sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 19 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 1 ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 127-138). İdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 2 iyul 2022-ci il tarixli 3600 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 121-122). İşdə olan CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 26 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 1 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ cibindən 1 ədəd ağ sellofana və 1 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümlərdə narkotik vasitə herion, 2 ədəd göy rəngli kağız bükümdə psixotrop maddə metamfetamin və əynində olan boz rəngli cins şalvarın sağ yan kəmər hissəsindən 1 ədəd qara rəngli parça qabın içərisindən soyuq silah hesab edilən bıçaq aşkar edilərək götürülmüşdür (1-ci cild iş vərəqi 51). Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 10 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 101-102). İşdə olan şübhəli şəxsin tutulması haqqında 26 aprel 2022-ci il tarixdən görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 15-16). İşdə olan Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 52-53, 80-82) İşdə olan 013677 və 708510 №-li doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı (12 fevral 2016-cı il tarixdə anadan olmuş X5 və 23 sentyabr 2017-ci il tarixdə anadan olmuş X3) vardır (1-ci cild iş vərəqi 108-109). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə kollegiyası məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən qeyd edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə düzgün, həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə isə düzgün olmayaraq tövsif edilmişdir. Belə ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,250 qram və 3,170 qram olmaqla 2 ədəd göy rəngli kağıza bükülmüş təmiz çəkisi cəmi 3,420 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini, 0,182 qram və 0,833 qram olmaqla 1 ədəd ağ rəngli sellofana və 1 ədəd gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə ümumi təmiz çəkiləri 1,015 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edib saxlamasına və daşımasına dair istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi təsdiq edilmədiyindən onun əməli həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul omlası barədə polis əməkdaşlarında məlumat olmamış, bu barədə təqsirləndirilən şəxsin barəsində əməliyyat məlumatı olması barədə raportla müraciət olunmamış, Təqsirləndirilən şəxs təsadüfən Qaradağ RPİ-nin PPXB-nün əməkdaşları əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, həmçinin ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə bildirməmiş, narkotik vasitə istifadəçisi olması, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini öz istifadəsi üçün əldə etdiyini, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, narkomaniya xəstəliyindən əziyyət çəkməsini göstərmiş, üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin hazırlanması, bölünməsi, çəkisinin müəyən edilməsi və satışa hazırlanması üçün istifadə edilən hər hansı bir əşya, predmet (o cümlədən miqdarın ölçülüb bölünməsi üçün tərəzi) aşkar edilməmiş, cinayət işi üzrə təyin edilmiş 02 iyul 2022 il tarixli 3600 saylı ekspert rəyində Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu göstərilmiş, həmin tibbi yoxlamanın anamnezində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə etirafı göstərilməmiş, narkotik vasiətələr, qarşı abstinensiya əlamətləri və patoloji meyl formalaşıb, narkotik vasitələrin qəbulundan psixi və Fiziki asılılığı vardır, Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmiş, məhkəmə zamanı dindirilən şahidlər tərəfindən Təqsirləndirilən şəxs üzərindən akşar edilmiş narkotik vasitənin satılması ilə bağlı heç bir ifadə verilməmiş, əksinə polis əməkdaşları Təqsirləndirilən şəxs psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatlarının olmaması, onun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, o cümlədən Təqsirləndirilən şəxs istifadə etdiyi SMS məlumatlarının yoxlanılması və digər əməliyyat və istintaq tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik və psixotrop vasitələrin satışı ilə məşgul olması təsdiqini tapmamış, bu barədə heç bir məlumat müəyyən olunmamışdır; aşkar edilmiş narkotik vasitə heroin cəmi 2 bükümdə olmaqla 3,420 qram, psixotrop maddə metamfetamin 2 bükümdə olmaqla 1,015 qram olmuş, istintaq orqanı tərəfindən və məhkəmə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr almış şəxs yəni istehlakçı müəyyən edilməməmiş, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, hansı miqdarda psixotrop maddə və narkotik vasitə satması, hansı qiymətə satması müəyyən edilməmiş, onunla əlbir olaraq narkotik vasitələri satış məqsədi ilə ədə etmiş və satmış şəxslər də müəyyən edilməmiş, məhkəmə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir məlumat, sübut müəyyən edilməmişdir. Qeyd edilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etdiyini təsdiq etmir. Bu səbəbdən Təqsirləndirilən şəxs əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması cinayətini nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş cəmi 2 bükümdə olmaqla 3,420 qram naroktik vasitə heroini və 1 bükümdə olmaqla 1,015 qram cəmi 2 bükümdə olmaqla 3,420 qram, 1 bükümdə olmaqla 1,015 qram psixotrop maddə metamfetamin özünün istifadə etməsi üçün götürmüş, üzərində saxlayaraq daşımışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayətini nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ifadəsini cinayət işinin materialları ilə əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, onun 3,420 qram narkotik vasitə heroini və 1,015 qram psixotrop maddə metamfetamini mənfəət əldə etmək məqsədi olmadan (əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi olmadan) əldə etməsi, həmin narkotik vasitənin və psixotrop maddənin satılması kimi ehtiva edilməsinə əsas vermir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edən hər hansı bir xüsusat müəyyən edilməmiş və bu halda məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş heroini və psixotrop maddəni satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmir və ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsilə verilmiş ittiham isə yalnız ehtimallara əsaslanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir: belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istfiadəsi üçün şəxsi istehlak miqdarından artıq olan 3,420 qram narkotik vasitə heroini və 1,015 qram psixotrop maddə metamfetamini əldə edərək saxlayıb daşımış, 26 aprel 2022-ci il tarixdə saat 00:45-də Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən Mədəniyyət evinin arxasında Qaradağ RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən saxlanılaraq, Bakı şəhəri, Qaradağ rayonu, M.Seyidov küçəsi 1-də yerləşən Qaradağ RPİnin 38-ci PB-yə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın sağ kəmər hissəsindən qara rəngli parça qabın içərisində 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, soyuq silah hesab edilən ov bıçağəynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 0,250 qram və 3,170 qram olmaqla 2 ədəd göy rəngli kağıza bükülmüş vəziyyətdə təmiz çəkisi cəmi 3,420 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 0,182 qram və 0,833 qram olmaqla 1 ədəd ağ rəngli sellofana və 1 ədəd gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə ümumi təmiz çəkiləri 1,015 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qərarda qeyd olunan 3 amildən heç biri hazırki cinayət işi ilə bağlı araşdırılan fakt üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Vüsal Manafova narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamasına dair ittiham elan edilmiş, həmin ittihamda narkotik vasitənin əvəzli verilməsinin, qazanc eldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olması qeyd edilməmiş və təsdiqini tapmamışdir. Bundan əlavə «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci və 2-ci siyahı, narkotik vasitələr və psixotrop maddələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, heroinin ümumi təmiz çəkisi külli miqdar təşkil edən 3,420 qram və psixotrop maddə metamfetamini ümumi təmiz çəkisi külli miqdar təşkil edən 1,015 qram olsa da, qeyd edilən tövsiyyələrə və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsaslanan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdar hesab edilməsi üçün ən aşağı həddən çox heroinin və metamfetaminin yalnız miqdarı, onun narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir və əsas vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qararda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törtməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Bununla da məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinəyətin tərkibi vardır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsinin sanksiyasında isə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi isə az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar isə müəyyən etmir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növü və həddi müəyyən edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailələsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki Təqsirləndirilən şəxs həbs müddətinin başlanğıcı 26 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 26 aprel 2022-ci il tarixdən hesablanmasını və Cinayət Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 93.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinin tələbinə əsasən, iş üzrə maddi sübutlar – Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 3,320 qram narkotik vasitə heroin, 0,915 qram psixotrop maddə metamfetamin və 1 ədəd ov bıçağı məhv edilməli, şəxsi axtarış və götürmə hərəkətlərini özündə əks etdirən video görüntülərin köçürüldüyü 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri 145 (yüz qırx beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinin tələbinə əsasən, cinayət işi üzrə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 26 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Qaradağ RPİdə saxlanılan 3,320 qram narkotik vasitə heroin, 0,915 qram psixotrop maddə metamfetamin və 1 ədəd ov bıçağı məhv edilsin, şəxsi axtarış və götürmə hərəkətlərini özündə əks etdirən video görüntülərin köçürüldüyü 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri 145 (yüz qırx beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Məhəmməd Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar