Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1536/2024 27.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxs X6, təqsirləndirilən şəxs X11 və müdafiəçi - Bakı şəhəri, 17 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, 08 dekabr 2001-ci il tarixdə Bakı şəhərində doğulmuş (FİN: 7HLQUP4), Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Quşçuluq sovxozu, fərdi evdə yaşayan, 08 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 09 dekabr 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 22 yanvar 2024-cü il tarixli qərarına əsasən həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli qərarı ilə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmuş və barəsində axtarış elan edilmiş, 08 noyabr 2024-cü il tarixdə tutulmuş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X11 06 dekabr 2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Nar bağları» adlanan ərazidə bir müddət əvvəl X1 münasibətlərində olduğu X2 «Tik- Tok» sosial şəbəkəsində mesaj yazması səbəbindən Kamal Həsənovun təşəbbüsü ilə onunla aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı, sonuncunun məlum olmayan beysbol çubuğu ilə qəsdən bir neçə dəfə zərbə vuraraq ona sol almacıq sümüyünün sınığı, sol göz ətrafı yumşaq toxumalarının və sol yanaq nahiyəsinin hematoması və əzilmiş yarası, həmin gözün ağlı qişasına qansızma, burun nahiyəsinin sıyrıqlan, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməsindən sonra, Nurlan Tapdıqov hadisə yerinə gəldiyi avtomobilin salonunda saxladığı məlum olmayan bıçağı götürüb həmin bıçaqla qəsdən bir neçə dəfə zərbə vuraraq Kamal Həsənova sağ böyrəyin, qaraciyərin və enən çənbər bağırsağın zədələnməsi ilə müşaiyət olunan hər iki bel nahiyəsinin daxilə nüfuz edən cəmi 2 ədəd deşilmiş-kəsilmiş yarası və hemotoraksla müşaiyət olunan sağ qoltuqaltı nahiyənin daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan hər biri ayrı-ayrılıqda və ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, habelə bel nahiyəsinin, sağ bazunun, sol budun, sol sağrının daxilə nüfuz etməyən 5 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə zərərçəkmiş şəxs Kamal Həsənovun sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X11 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Kamalla əvvəllər dost olmuşlar. Sonradan qıza görə onların arasında narazılıq yaranmışdır. Belə ki, hadisə baş verən gün Kamal ona zəng edib görüşmək istədiyini bildirmiş, görüşün səbəbini soruşduqda, Kamal görüşəndə söyləyəcəyini bildirmişdir. Kamal ona «WhatsApp” vasitəsilə olduğu məkanı göndərib həmin yerə gəlməsini demişdir. O, Kamalın göndərdiyi məkana, yəni Hövsan qəsəbəsində “Nar bağları” deyilən yerə getmişdir. Həmin yerə çatanda Kamalın onu gözlədiyini görmüş, Kamal ona yaxınlaşanda əlindəki beysbol taxtası ilə onu vurmuşdur. O, bir az arxaya çəkilsə də, Kamal yenidən onun üstünə gəlib onu yenidən əlində olan taxta ilə vurmağa davam etmişdir. Bundan sonra o, qaçıb avtomobildə olan bıçağı götürmüş və həmin bıçaqla Kamalı vurmuşdur. Kamalı vurduqdan sonra sonuncu ondan aralaşmış və maşına minərək hadisə yerindən getmişdir. Bundan sonra o da, öz maşınına minərək həmin yerdən uzaqlaşmışdır. Proses iştirakçılarının suallarını cavablandıran təqsirləndirilən şəxs X7 «burax» deyəndən sonra ayıldığını, bu zaman hadisənin baş verdiyini və bıçaqla Kamalı vurduğunu bildiyini, hadisədən sonra hər ikisinin gəldiyi maşınlara minib hadisə yerindən uzaqlaşdıqlarını, Kamalın onu beysbol taxtası ilə vurduğunu, hadisə baş verən vaxt artıq havanın qaranlıq olduğunu, maşının işığı düşdüyü üçün Kamalın əlində beysbol taxtası olduğunu gördüyünü, İstintaq Təcridxanasında olanda onun «Diaqnoz» tibb mərkəzinə aparıldığını, hadisədən əvvəl bir dəfə Kamalla görüşən zaman Kamalın ona qıza yazmamasını bildirdiyini, o da, bundan sonra həmin qızla bir daha yazışmadığını, özünün hərbi xidmətdə olmadığını, 2 saylı kliniki psixatriya xəstəxanasında qeydiyyatda olduğunu, ibtidai istintaq zamanı barəsində psixiatrik və psixoloji ekspertizanın keçirilmədiyini, hadisə vaxtı özünü idarə edə bilmədiyindən belə bir əməli törətdiyini, zərərçəkmiş şəxslə ibtidai istintaq zamanı barışdığını, Kamalla aralarında hazırda hər hansı problemi qalmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və həmin ifadənin məhkəmədə verilmiş ifadə kimi qəbul olunmasına etiraz etmədiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X12 ifadəsində və proses iştirakçılarının suallarına cavab olaraq göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Həmin ifadənin məhkəmədə verilmiş ifadə kimi qəbul olunmasına etiraz etmir. Hadisə təqsirləndirilən şəxsin danışdığı kimi baş vermişdir. Belə ki, o, həmin gün Nurlana zəng vurub dediyi yerə çağırmışdır. Nurlan gələndə əvvəlcə o, Nurlanı əlində olan beysbol taxtası ilə vurmuş, daha sonra Nurlan maşından götürdüyü bıçaqla onu vurmuşdur. Hadisənin baş verdiyi yer onun evinə yaxın yerdə yerləşmişdir. O, hadisə yerindən çıxandan sonra evə getmiş, daha sonra atası ilə birlikdə poliklinikaya getmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və iddia tələbi yoxdur. Zərərçəkmiş şəxs X12 təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını, onunla barışdığını bildirərək, bu barədə xx.xx.2024-cü il tarixli yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, Nurlan Tapdıqov onun dostudur və onunla bir neçə ildir ki, dostluq edirlər. Hadisə günü saat 22 radələrində Nurlan ona zəng edib Hövsan qəsəbəsinə «Quşçuluq» adlanan yerə çağırmış, ona dalaşdığını deyərək həmin yerə gəlməyini xahiş etmişdir. O, özünə məxsus avtomobillə Nurlanın qardaşı Orxanla birlikdə həmin yerə getmişdir. Oraya çatdıqda Nurlanın üzündən qan gəldiyini və paltarlarının qana bulaşdığını görmüşdür. Onlar nə baş verdiyini soruşduqda, Nurlan dalaşdığını demiş, lakin kiminlə və nə üçün dalaşdığını deməmişdir. Onlar Nurlanı maşına mindirib hərəkətə başlamış, təxminən 300 metr yol qət etdikdən sonra Nurlan evə getmək istədiyini deyərək avtomobildən düşmüş və çıxıb getmişdir. Sonra o da, Orxanı evlərinin yaxınlığında düşürüb getmişdir. Sonradan hadisə ilə maraqlandıqda, polis işçilərinin Nurlanın dalınca yaşadığı evə getdiklərini, Nurlanın Kamal adlı tanışı ilə dalaşdığını öyrənmişdir. Daha 2-3 gün sonra eşitmişdir ki, Nurlan polis əməkdaşları tərəfindən tutulmuşdur. X18 arasında mübahisənin və hadisənin özünün hansı səbəbdən baş verməsini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində təqsirləndirilən şəxs Nurlan Tapdıqovun qardaşı olduğunu, X6 onlarla eyni qəsəbədə yaşadığını, 06 dekabr 2023-cü il tarixdə Nurlanın Samirə zəngindən sonra Hövsan qəsəbəsinə «Quşçuluq» adlanan yerə gedərək Nurlanla görüşdüklərini, Nurlanın üzündən qan gəldiyini və üzərində olan paltarların qan içərisində olduğunu gördüyünü bildirərək, şahid Samir Hümbətovun məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, ifadənin yerində yoxlanılması barədə xx.xx.2024-cü il tarixli protokola əsasən, təqsirləndirilən şəxs X11 cinayətin baş verməsi hallarını hadisə yerində ətraflı şəkildə göstərməklə təsdiq etmiş və bu barədə müvafiq fotoşəkillər protokola əlavə olunmuşdur (cild 1, iş vərəqi 122- 126). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 46 saylı rəyindən görünür ki, vətəndaş K.A.Həsənovun bədən səthində aşağıdakı xəsarətlər aşkar edildi: sağ böyrəyin, qaraciyərin və enən çənbər bağırsağın zədələnməsi ilə müşaiyət olunan hər iki bel nahiyəsinin daxilə nüfuz edən cəmi 2 ədəd deşilmiş-kəsilmiş yarası və hemotoraksla müşaiyət olunan sağ qoltuqaltı nahiyənin daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, bel nahiyəsinin, sağ bazunun, sol budun, sol sağrının daxilə nüfiız etməyən 5 ədəd deşilmiş-kəsilmiş yarası. Qeyd edilən xəsarətlər deşici-kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə daxilə nüfuz edən 3 ədəd deşilmiş-kəsilmiş yara hər biri ayrı- ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Digər daxilə nüfiız etməyən 5 ədəd deşilmiş-kəsilmiş yara hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 1, iş vərəqi 127- 129). Məhkəmə tibbi-kriminalistik ekspertizasının 16 fevral 2024-cü il tarixli 54-MTKŞ/2024 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş köynəyin sağ qolunda 2 ədəd, ön səthində 1 ədəd, arxa səthində 3 ədəd, maykanın ön səthində 2 ədəd, arxa səthində 3 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən törənmişdir (cild 1, iş vərəqi 134-136). Məhkəmə tibbi-bioloji ekspertizasının 20 fevral 2024-cü il tarixli 76/2024-MTKŞ saylı rəyinə əsasən, X6 ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ) /şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/. Ekspertizaya təqdim edilmiş bir ədəd uzunqol köynək və bir ədəd qolsuz mayka üzərində insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalniz “B” antigeni, həmçinin qolsuz mayka üzərində alfa aqqliyinini də alındı. Bu qan ləkələri Balfa/(İİİ) qruplu şəxsə, o cümlədən X9 məxsus ola bilər (cild 1, iş vərəqi 139-142). İbtidai istintaq orqanının 20 fevral 2024-cü il tarixli qərarı ilə hadisə zamanı zərərçəkmiş şəxs X6 əynində olmuş üzərində cinayətin izləri olan 1 ədəd mayka və 1 ədəd uzunqol köynək iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 144-152). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında təqsirləndirilən şəxs X5 məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 106-107). Məhkəmə iclasında təqsirləndirilən şəxs X11 elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, törətdiyi cinayət əməlini etiraf etmiş, əməlindən peşman olduğunu bildirərək öz müdafiəsi üçün dəlillər gətirməmişdir. Yuxarıda qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxs X5 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs X8 qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs X8 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi təqsirləndirilən şəxs X5 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması, həmçinin cəzanı ağırlaşdıran halların olmaması təqsirləndirilən şəxs X11 barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X19 təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əsasən X11 08 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 09 dekabr 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 22 yanvar 2024-cü il tarixli qərarına əsasən həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmədən yayındığına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli qərarı ilə Nurlan Tapdıqovun barəsində qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmuş və axtarış elan edilmişdir. 08 noyabr 2024-cü il tarixdə o, tutulmuş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəalara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxs Nurlan Tapdıqovun 08 dekabr 2023-cü il tarixdən 22 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) ay 14 (on dörd) gün, 22 yanvar 2024-cü il tarixdən hökmün çıxarıldığı 30 oktyabr 2024-cü il tarixədək ev dustaqlığında olduğu 9 (doqquz) ay 8 (səkkiz) gün, ümumilikdə 10 (on) ay 22 (iyirmi iki) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılmalı və ona qəti cəza təyin edilməlidir. X8 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, X11 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.7-ci maddəsinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən dəyəri olmayan əşyalar məhv edilməlidir. Qeyd olunan müddəaya əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə dəyərini itirmiş maddi sübutlar - Bakı şəhəri, Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilməklə zərərçəkmiş şəxs X9 məxsus 1 ədəd mayka və 1 ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Nurlan Tapdıqovun 08 dekabr 2023-cü il tarixdən 22 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) ay 24 (iyirmi dörd) gün, 22 yanvar 2024-cü il tarixdən 30 oktyabr 2024-cü il tarixədək ev dustaqlığında olduğu 9 (doqquz) ay 8 (səkkiz) gün, ümumilikdə 10 (on) ay 22 (iyirmi iki) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və X8 qəti olaraq 3 (üç) il 1 (bir) ay 8 (səkkiz) gün azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X8 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 noyabr 2024-cü il tarixdən hesablansın. X11 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə dəyərini itirmiş maddi sübutlar - Bakı şəhəri, Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilməklə zərərçəkmiş şəxs X9 məxsus 1 ədəd mayka və 1 ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, X8 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1536/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1536/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver