Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1539/2023 03.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məcidov X1 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olub, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Qəzənfər Musabəyov küçəsi nömrəsiz fərdi tikilmiş evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, ittiham aktına görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 4053,947 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Qəzənfər Musabəyov küçəsində yerləşən fərdi tikilmiş evində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 17:40 radələrində Sabunçu RPİ-nin 15-ci PB-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Miracle” restoranın yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasına aparılmış, polis bölməsində xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisində ümumi təmiz çəkisi 3,947 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və əməliyyat tədbiri davam etdirilərək xx.xx.2023-cü il tarixdə baxış zamanı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Qəzənfər Musabəyov küçəsi, fərdi tikilmiş evin qonaq otağında olan divanın arxa hissəsində sarı rəngli sellofan paketin içərisindən ümumi təmiz çəkisi 4050 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ona pul verməli olan bir nəfər şəxs gecə saatlarında zəng vurub onu «Miracle» restoranına çağırmış, o da həmin ünvana getmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, zəng edən şəxslər polis əməkdaşları olmuşdur. O, çağırıldığı yerə getdikdən sonra polis əməkdaşları onu tutub bölməyə aparmış və ona məxsus olmayan narkotik vasitəyə görə ona qarşı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar olunmuş narkotik vasitələr ona məxsus olmamış, polis əməkdaşları hər şeyi etiraf etməsi üçün ona təzyiqlər göstərmiş, polis əməkdaşları onu aldadaraq müvəqqəti saxlama yerindən buraxılacağını demiş, həmçinin baxış keçirilən mənzil də onun yaşadığı mənzil olmamış, onun tanışının evi olmuş, o, həmin evdə arabir qalmışdır. Baxış keçirilməmişdən əvvəl polis əməkdaşları ona əlini uzadaraq narkotik vasitənin qoyulduğu yeri göstərməsini bildirmiş, o da polis əməkdaşlarının dediyi kimi hərəkət etmişdir. Polis əməkdaşları ona təzyiq göstərib onu döymüş, hətta dişlərini sındırmışlar. Üzərində başqa xəsarət olmamışdır. Qulağından qan gəlmiş, beyin insultu keçirmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Cavanlıqda marixuana istifadə etmiş, son vaxtlar isə istifadə etməmişdir. İbtidai istintaq zamanı ifadələrini oxumadan imzalamış, video-çəkiliş zamanı yanında vəkil olmamışdır. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 19 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitənin üzərində daşıması, satışı, dövriyyəsi və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında o və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, Pirşağı qəsəbəsində «Miracle» restoranın yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onlarla birlikdə bölməyə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs bölməyə gəlməkdən imtina etməmiş, bölmədə inzibati otaqların birində təhqiqatçı tərəfindən o, digər polis əməkdaşı Şahid2 və vəkilin iştirakı ilə şəxsin üzərinə axtarış keçirilmiş və üzərindən narkotik vasitə olan marixuanaya bənzər maddə aşkar edilmişdir. Həmin maddə zərfə qoyularaq möhürlənmişdir. Şəxsi axtarış zamanı təqsirləndirilən şəxs evində də narkotik vasitə olduğunu bildirmiş, əməliyyat tədbirinin davamı olaraq onun yaşadığı mənzilə baxış keçirilən zaman evindən də qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsi Pirşağı qəsəbəsində saxlamışlar, Təqsirləndirilən şəxs əməliyyat tədbirinə çıxanda tanımışlar, əvvəlcədən onu tanımamışlar. Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyənləşdirdikdən sonra bölməyə dəvət etmişlər, ona qarşı heç bir zor tətbiq etməmişlər. Evə baxış keçirilərkən o da iştirak etmiş, baxışda iştirak edən vəkilin adını xatırlamır, mənzildən təxminən 1 kiloqram narkotik vasitə aşkarlanmışdır. Aşkar olunan narkotik vasitəni sellofan paketin içində tapmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və onun məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsi ilə oxşar məzmunda ifadə verməsi müəyyən edilmişdir (i/v: cild İ, səh 89-90). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsaslı olmaqla yanaşı, onun həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Sabunçu RPİ-nin 15-ci PB-nin rəisinə ünvanlanmış 19 fevral 2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1976-cı il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan və Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Qəzənfər Musabəyov küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və Pirşağı qəsəbəsi ərazisində üzərində gəzdirməsi, alqı-satqısı ilə məşğul olması bildirilmişdir. (i/v: cild İ, səh. 2). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 19 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmiş və bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən kibrit qutusunun içərisində olan marixuanaya bənzər qurudulmuş otu çıxardaraq təqdim etmişdir. Tədqiq edilən həmin protokolla həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin maddənin qurudulmuş marixuana olduğunu və həmin maddəni bir həftə əvvəl Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yaşadığı ünvanın yaxınlığında «Qədim Bakı» restoranının arxasından olan zibil qutularının yanından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir sübut əhəmiyyəti kəsb edən əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm bir ədəd zərfə qoyulub qablaşdırılmış, zərflərin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənib götürülmüşdür. (i/v: cild İ, səh. 26-27). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında» 19 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmiş və mənzilin qonaq otağındakı divanın arxa tərəfində sarı rəngli sellofan aşkar edilmiş, həmin sellofanın içərisinə baxış keçirildikdə isə spesifik iyə malik, marixuanaya bənzər qurudulmuş ot kütləsi aşkar edilmiş və aşkar edilmiş həmin kütlə qablaşdırılaraq götürülmüşdür. (i/v: cild İ, səh. 29-30). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və evə baxış prosesinin video görüntülərinə baxış keçirilməsi haqqında» 03 iyun 2023-cü il tarixli protokoldan görünür ki, 2 ədəd DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən onun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən kibrit qutusunun içərisində olan marixuanaya bənzər qurudulmuş ot aşkar edilir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmiş və mənzilin qonaq otağındakı divanın arxasından bir bükümdə açıq yaşıl rəngli maddə aşkar edilir, götürülür, sənədləşdirilib qablaşdırılır. (i/v: cild İ, səh. 147). Cinayət işinin materiallarında olan 03 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin videogörüntüləri əks etdirən DVD disklər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i/v: cild İ, səh. 149). Cinayət işinin materiallarına əlavə edilmiş DVD disklərdə olan video görüntülər məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin video görüntülər «şəxsi axtarış və götürmə aparılması haqqında» və «baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında» 19 fevral 2023-cü il tarixli protokolla və « şəxsi axtarış və evə baxış prosesinin video görüntülərinə baxış keçirilməsi haqqında» 03 iyun 2023-cü il tarixli protokolun məzmunu ilə eynilik təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş «telefon məlumatlarına baxış keçirilməsi haqqında» 03 iyun 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** GSM nömrəsinə aid məlumatlara baxış keçirilmiş və müəyyən edilmişdir ki, 27.09.22 tarixdə ********** nömrəsindən «dayıcan imkan varsa menede birdamei qoyda ozme qret ele», 10.10.22 tarixdə ********** nömrəsindən «usaq 1 saata qapida olacaq ver ona birde bele hormetsizlik eleme tema yox oulu ver,ora 2 defe masin surduy bunu da unutma», 29.10.22 tarixdə ********** nömrəsindən «taleh imkan olsa torpağı 3 dene ele menem canpolad», 05 noyabr 2022 tarixdə ********** nömrəsindən «yarı kola var yuzfaiz 5 deyqeye çatıram patida lazımdı amma catib diecem», xx.xx.2022 tarixdə ***-***-**-** nömrəsindən «talex vezyetim cox pisdi bogazim sisib ne sozun qulluqun olsa mirzəyə de birdeki mirzə ne verə bilersan ver kola cox elel 15 20 dene meni tani rauf», 10.12.22 tarixdə ********** nömrəsindən «men hec kimden hecne gizletmirem patini vermirsiz» kimi mesajlar daxil olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş CD diskdəki telefon məlumatları və sms yazışmalarına dair çıxarışlar məhkəmə iclasında bilavasitə tədqiq edilmiş və müəyyən edilmişdir ki, «telefon məlumatlarına baxış keçirilməsi haqqında» 03 iyun 2023-cü il tarixli protokolda göstərilənlərdən əlavə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** GSM nömrəsinə xx.xx.2022-ci il tarixdə ********** nömrəsindən «adam bele wey elemez zeyif mali vermisen mene (söyüş ifadə) kime verdim ustume qatiti vuran vurub bir qelib ustumeki zetifdi pulumu ver 10 verib 5 qaytarmiwam bele elemezler (söyüş ifadə) denen zeyifdi ka6fi yoxdu saxliyir..... », xx.xx.2022-ci il tarixdə ********** nömrəsindən «Taley 500 azn vurdum karta», xx.xx.2022-ci il tarixdə ********** nömrəsindən «İmkan varsa nəqədər tema götrürəm bir damcda mene alimir ki», xx.xx.2022-ci il tarixdə ********** nömrəsindən «iranlı Mehdi deyir whatsappa gir mənnən sivyaza cix» məzmununda sms-lərin daxil olduğu müəyyən edilmişdir. (i/v: cild İ, səh. 99-144,151-153) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 20 fevral 2023-cü il tarixli, 7/255 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən..» yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi – 3,947 qram və ağ kağız üzərində «saxlanılan şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan» yazısı və imzalar olan sarı rəngli sellofan bağlamadakı 01 (bir) ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 4050 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 4053,947 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. (i/v: cild İ, səh. 40-44). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 aprel 2023-cü il tarixli, 2087 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i/v: cild İ, səh. 96-97). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs 19 fevral 2023-cü il tarixli izahatından görünür ki, Təqsirləndirilən şəxs izahatında könüllü olaraq bildirmişdir ki, həmin tarixdə Qədim Bakı restoranının yanında itini gəzdirən zaman zibil qabının yanından sarı rəngli paket tapmış və həmin paketi götürüb yaşadığı evinə aparmış, evdə paketə baxan zaman içərisində qurudulmuş marixana olduğunu görmüş, həmin tarixdə saat 13:00 radələrində kibrit qutusuna paketdə olan qurudulmuş marixanadan doldurub Qızıl Qum çimərliyinə getmiş, axşam saat 17.40-da piyada geri qayıdarkən «Miracle» restoranının yaxınlığında 2 nəfər onu saxlayıb, özlərini təqdim edərək onu 15-ci PB-nə dəvət etmişlər, polis bölməsində baxış zamanı üzərində olan kibrit qutusundakı qurudulmuş marixananı polis əməkdaşlarına təhvil vermiş, sonra isə evində saxladığı sarı rəngli paketdə olan maddəni polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir (i/v: cild İ, səh. 33-34). Cinayət işinin materiallarına əlavə edilmiş şübhəli şəxsin dindirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilkin izahatında etirafedici ifadəsini tam təsdiq etmiş və sonda verilmiş suallara cavab olaraq ona qarşı polis əməkdaşları tərəfindən heç bir psixi və ya fiziki zor-təzyiq göstərilmədiyini narkotik vasitəni satış məqsədi ilə deyil şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ümumilikdə təmiz çəkisi 4053,947 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar həddindən artıq miqdarda olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək daşıyıb saxlaması, onun istifadəsində olan mobil telefon nömrəsinə müxtəlif növlü narkotik vasitələrin satılması ilə bağlı müxtəlif vaxtlarda, müxtəlif telefon nömrələrindən smslərin daxil olmasını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları, aşkar olunmuş narkotik vasitənin çəkisi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmaması, habelə polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması məzmunundakı ifadələrinə qiymət verərək, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qaldığını bildirsə də, onun 19 fevral 2023-cü il tarixli şübhəli şəxsin dindirmə protokolundan görünür ki, müstəntiqin verdiyi suallara cavab olaraq polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər olmadığını, üzərində hər hansı bir xəsarətinin olmadığını və üzərindən aşkar olunmuş narkotik vasitələtin ona məxsus olduğunu bildirmişdir. Həmçinin təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində də heç bir fiziki təzyiqə məruz qalmadığını bildirmişdir. Bundan əlavə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsinin araşdırılması məqsədi ilə məhkəmə tərəfindən sorğu verilərək Bakı İstintaq Təcridxanasından onun adına açılmış şəxsi işin və tibbi kitabçanın surəti götürülmüş, həmin sənədlər məhkəmə iclasında tədqiq edilməklə Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olan zaman üzərində hər hansı bir xəsarətin olmadığı, həmçinin həbs olunmadan əvvəl heç bir zədə almadığını bildirdiyi müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmaması ilə əlaqədar ifadəsinə münasibətdə isə onu qeyd edir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin çəkisi, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrəsinə daxil olan və çıxan zənglərə, sms mətnlərinə dair "xxxx" Telecom MMC-dən daxil olmuş diskə keçirilmiş baxış zamanı narkotik vasitə və psixotrop maddə satışı ilə bağlı kifayət qədər aydın sms yazışmalarının olması Təqsirləndirilən şəxs həmin narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ***-***-**-** GSM nömrəsinin ona məxsus olmadığını, həmin nömrəyə daxil olan sms mətnlərinin ona ünvanlanmadığını bildirsə də, qeyd olunan sms-lərin məzmunundan görünür ki, sms-lərdə ona bilavasitə «Taleh» adı ilə müraciət edilir. Bundan əlavə təqsirləndirilən şəxs yuxarıda qeyd olunan mobil nömrənin başqa bir «Taleh» adlı şəxsə məxsus olması, smslərin də ona ünvanlanmasına əsaslansa da, məhkəmə iclasında qeyd olunan mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər siyahısında təqsirləndirilən şəxsin atası Yusif Haşımova məxsus GSM nömrəsinin də olduğu müəyyən edilmişdir. Bununla da təqsirləndirilən şəxsin ***-***-**-** GSM nömrəsinin ona məxsus olmaması ilə bağlı ifadəsi öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, onun üzərində narkotik vasitə olmadığını, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasını bildirməkdə, o, yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadələrində qeyd etdiyi xüsusatları səmimi qəbul etmir, onu özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası DİN BƏSİİ-nin əməliyyat-sorğu arayışından müəyyən edildi ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməmiş və məhkum olunmamışdır. (i/v: cild İ, səh. 81-82). Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşını, həmçinin onun «Şəkərli diabet İİ tip» və «Arterial hiperteniya» xəstəliklərindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. (Məhkəmə bu hissədə Bakı İstintaq Təcridxanasından götürülmüş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsində Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçadakı qeydlərə istinad etmişdir). Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məcburi ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2087 saylı rəyi əsas götürülməli, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməli, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Odur ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 19 fevral 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (i/v: cild İ, səh.16), Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 19 fevral 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (i/v: cild İ, səh. 71-75). Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 19 fevral 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 19 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 4053,697 qram narkotik vasitə qurudulmuş marixana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı iş üzrə məhkəmə məsrəfləri olaraq 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci müəyyən edilmiş, qeyd olunan məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. (i/v: cild İ, səh. 41). «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.- ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 35 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 210 (iki yüz on) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 19 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 4053,697 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 210 (iki yüz on) manat pul ödənilsin. İş üzrə məhkəmə məsrəfləri – 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Azad Məcidov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1539/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1539/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver