Məhkəmə qərarları › İş №1(101)-154/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-154/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-154/2025 29.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X4 və X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 2000-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yardımlı rayonu, Mişkireyn kəndində qeydiyyatında olmaqla faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan “Məhəmməd” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən 11 sentyabr 2023-cü il tarixdə 18:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsinə gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətkar qrupunun üzvü tərəfindən naməlum şəraitdə gizlədilmiş həmin küçəsdə olan mişar daşların altından satış məqsədi ilə qanusuz olaraq külli miqdarda 1035,2 qram çəkidə narkotik vasitə heroini əldə edib, daşımaqla üzərində saxlamış, həmin tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, saat 18:50-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində nömrəsiz evin qarşısında saxlanılaraq ünvan 1 ünvanda yerləşən Binəqədi RPİ-nin 6-cı Polis bölməsinə gətirilmiş, orada saat 20:15-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı ona məxsus bel çantasının içərisində üzərinə “Levis” yazılan mavi rəngli sellofan torbanın içərisindən şəffaf sellofana bükülmüş təmiz çəkisi 1035,2 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 11 sentyabr 2024-cü il tarixdə saat 17:30 radələrində xalasıoğlunun evinə gedən zaman Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yolda polis əməkdaşları ona yaxınlaşaraq polis bölməsinə getmək lazım olduğunu bildirmişlər. O, polislərin maşınına oturub Bakı şəhəri, Binəqədi rayonu, 6-cı PB-nə getmişdir. Bölməyə daxil olan zaman polislər onu KPZ-yə saldılar. Təxminən yarım saatdan sonra onu otağa salıb özü ilə gəzdirdiyi çantadan narkotik vasitə çıxdığını ona demişlər. O, həmin narkotik vasitənin özünə məxsus olmadığını onlara bildirmişdir. Bu zaman əməliyyatçı Fəzli Kərimov və digər əməliyyatçılar həmin narkotik vasitənin onun olduğunu bildirmişlər. O, polislərə həmin çantada yalnız ona məxsus olan paltar və əşyaların olduğunu demiş, bu zaman polis əməkdaşları onu döyməyə başlamışlar. Polislər bədəninin müxtəlif yerlərinə vurmuşlar. O, həmin zərbələrə dözməyib polislərlə razılaşmışdır. Onlar keçiriləcək şəxsi axtarış zamanı nə deyəcəyini öncədən ona demişlər. Videoçəkilişdən qabaq vəkil tələb etsə də, polis əməkdaşları vəkilin növbəti gün gələcəyini bildirmişlər. Videoçəkiliş zamanı o, heç bir sənədə qol çəkməmişdir. Videoçəkilişdən sonra onu yenidən KPZ-yə salmışlar. Bu zaman o, sənədlərə izma etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq bildirmişdir ki, o, saxlanılan zaman hava işıqlı olmuşdur. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, narkotik vasitə satan şəxslərlə heç vaxt əlaqəsi olmamışdır. Cinayət işində gösərilən narkotik vasitə ona məxsus deyil. Aşkar olunmuş çanta ona məxsusdur. Çantanın içində ona məxsus paltarlar olmuşdur, həmin paltarları xalası oğlunun evinə yuduzdurmaq üçün aparmışdır. Tutulmamışdan əvvəl heç kimdən narkotik vasitə istəməmişdir. Onun dinlə əlaqəsi olmamışdır. Nəyə görə tutulduğunu bilmir. Onu 3 nəfər polis əməkdaşı saxlamışdır. O, xalasıgilə qonaq kimi getmişdir. Döyülməyi ilə bağlı izahat almaq üçün Binəqədi rayon prokurorluğundan gəlmişdilər. Videoçəkiliş zamanı müdafiəçi iştirak etməmişdir. O, yaşadığı Buzovna qəsəbəsindən taksi ilə Biləcəri qəsəbəsinə getmiş, orada mağazanın yaxınlığında saxlanılmışdır. İfadəsini oxumadan imzalamışdır. Müstəntiqə döyüldüyünü bildirməmişdir. Məhəmməd adlı şəxsi tanımır, onunla heç bir yazışması olmamışdır. İbtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmişdir. Onu saxlayan və döyən şəxslərdən biri də Şahid1 olmuşdur. Bədəninin müxtəlif nahiyyələrində, gözünün altında və bel nahiyyəsində polislərin döyməsi nəticəsində xəsarətlər yaranmışdır. Təcridxanaya daxil olan zaman bədəninə baxış keçirilmişdir. Ona mesaj gələn gün tutulmuşdur. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən Müdafiə Sənayesi Nazirliyinin nəzdində olan Buzovna qəsəbəsində yerləşən "xxxx" MMCdə operator işləmiş və Buzovna qəsəbəsində fərdi evdə kirayədə yaşamışdır. Tutulmamışdan təxminən iki ay bundan əvvəl “İnstagram” sosial şəbəkədə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Məhəmməd adlı şəxslə tanış olmuş, Məhəmmədlə münasibəti yaranandan sonra sonuncu ona Bakı şəhərində narkotik satışı ilə məşğul olmaq istəyini təklif etmiş və onun göndərdiyi narkotik vasitələri müəyyən yerlərə qoyub məkanı göndərəcəyini, həmin yerdən narkotik vasitəni götürüb deyəcəyi yerə qoyacağını, etdiyi kuryerlik müqabilinə görə ona 200 manat pul verəyini demiş, bununla bağlı əlaqə saxlamaq üçün Məhəmməd +98-***-***-**-** mobil nömrəsini ona vermişdir. Özü zavodda işlədiyindən Məhəmmədin adını telefonun əlaqələr bölməsində “Dəzgah Satan 2” kimi yazaraq, istifadəsində olan ***-***-**-** mobil nömrəni ona vermişdir. Bundan sonra Məhəmməd onunla “Whatsapp” vasitəsi ilə əlaqə saxlamışdır. Maddi problemləri yarandığından Məhəmmədlə razılaşmış, onunla əlaqə saxlayaraq ondan narkotik vasitə göndərməyi istəmişdir. 11 sentyabr 2023-cü il tarixdə Məhəmməd “Whatsapp” vasitəsi ilə əlaqə saxlayıb Biləcəri qəsəbəsinə onun tapşırığı ilə bir bükümdə narkotik vasitə heroin qoyulduğunu, məkanı ona göndərdiyini, gedib malı odaran götürməyi, sonra hara qoymaq lazım olacağını əlavə deyəcəyini bildirmiş, o da saat 18 radələrində Məhəmmədin “Whatsapp” vasitəsi ilə göndərdiyi məkana gedib, hasarın dibində köhnə mişar daşlarının arasına qoyulmuş bir ədəd üzərinə “Levis” yazılan mavi rəngli sellofan torbanın içərisində şəffaf selofana bükülmüş bükülünü götürüb özü ilə gətirdiyi məktəbli çantasına qoymuş, sellofan torbanı götürdükdən sonra Məhəmmədlə olan “Whatsapp” yazışmalarımı silmiş, lakin yadından çıxdığından Məhəmmədin narkotik vasitənin qoyulduğu yeri əks etdirən göndərdiyi şəkilləri telefonun qalereya bölümündə qalmışdır. Narkotik vasitə heroini gütürüb oradan bir qədər uzaqlaşdıqdan sonra mülki geyimli şəxslər onu saxlayıb Binəqədi RPİ-nin 6-cı Polis bölməsinin əməkdaşları olduqlarını, onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu Binəqədi RPİ-nin 6-cı Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində onun hüquqlarını müdafiə edilməsi üçün vəkil dəvət edilərək hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmiş, müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılması üçün etiraz etmədiyi ilə bağlı ərizə yazmışdır. Şəxsi axtarış zamanı polis əməkdaşları üzərində qanunla qadağan olan hər hansı əşyaları təqdim etməyi təklif etdikdən sonra o, əynində olan məktəbli çantasını açaraq özünə məxsus bir ədəd qara rəngli uzunqol köynəyi, bir ədəd boz rəngli qısaqol köynəyi, üç cüt corabı və bir ədəd üzərinə “Levis” yazılan mavi rəngli sellofan torbanın içərisində olan şəffaf sellofana bükülmüş narkotik vasitə heroini, həmçinin əynindəki boz rəngli şalvarın sağ cibində olan “Samsung” markalı mobil telefonu masanın üstünə qoymuşdur. Sonra üzərində şəxsi axtarış aparılsa da qanunsuz hər hansı bir əşya, maddə aşkar edilməmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni qeyd etdiyi kimi 11 yanvar 2023-cü il tarixdə İİR-nm vətəndaşı Məhəmmədin dediyi ünvandan götürdüyünü, onun deyəcəyi ünvana qoyacağını bildirmişdir. Ondan götürülmüş narkotik vasitə heroini polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkdikdə 1 kq 200 qram olduğu müəyyən edilmişdir. Bütün bunlar barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, daha sonra həmin narkotik vasitə heroin qablaşdırılmaqla götürülmüş və DİN-in 175 saylı möhürü ilə möhürlənmişir. Protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqə 73-76). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 6-cı PB-də əməliyyat müvəkkili vəzifəsində çalışır. 11 sentyabr 2023-cü il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-yə xx xxxx 2000-ci il tarixdə Yardımlı rayonunda doğulmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Yardımlı rayonu, Mişkireyn kəndində pasport qeydiyyatında olan, faktiki Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə daxil olmuş məlumat raportla Polis bölməsinin adına məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsinə dair razılıq əldə edildikdən sonra, yaradılmış əməliyyat qrupu tərkibində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 11 sentyabr 2023-cü il tarixdə, saat 18:30 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində nömrəsiz evin qarşısında xarici əlamətləri Təqsirləndirilən şəxs adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşaraq özümüzü təqdim edib polis əməkdaşları olduğumuzu bildirdikdən sonra, həmin şəxsə özünü təqdim etməsi təklif olunmuşdur. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 6-cı PB-yə dəvət edərkən sonuncu qaçmaq istəyərkən ayağı büdrəyərək yıxılıb alın nahiyyəsindən xəsarət almışdır. Sonra onu PB-yə dəvət etmişlər. Polis bölməsində onun hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuşdur. Polis bölməsində bununla bağlı rəhbərliyə raportla müraciət edilmiş, Binəqədi RPİ-nin 6-cı PB-nin baş təhqiqatçısı polis kapitanı Məmmədhüseyn Əliyev qanunvericiyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra onun və Şahid2 iştirakı ilə videoçəklişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarının cibində, əşyalarında və bədənində ola biləcək qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetlərin təqdim olunması təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qəhvəyi rəngli çantanın içərisində üzərində “Levis” yazısı olan mavi rəngli sellofanı, bir ədəd qara rəngli uzun qol köynək, bir ədəd qısa qol boz rəngli köynək, üç cüt corabı, bir ədəd açıq boz rəngli xətli şalvarının sağ cibindən “Samsung” markalı telefonu və özünə məxsus olan şəxsiyyət vəsiqəsini masanın üzərinə qoymuşdur. Həmin corab və köynəklərə, eləcə də çantaya baxış keçirilmiş, üzərində “Levis” yazısı olan sellofanın içərisindən şəffaf sellfona bükülmüş kütlə aşkar edilmişdir. Həmin şəffaf sellofan kəsildikdə içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin heroin olmasını bildirərək onu sosial şəbəkədə tanış olduğu özünü “Məhəmməd” kimi təqdim edən İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, 11 senyabr 2023-cü il tarixdə “Məhəmməd” adlı şəxs “Whatsapp” vasitəsi ilə göndərdiyi məkandan narkotik vasitə heroini götürmək üçün Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində fərdi yaşayış evinin qarşısına gələrək “Məhəmməd” adlı şəxs tərəfindən gizlədilmiş mişar daşların altından bir ədəd üzərinə “Levis” yazılan mavi rəngli sellofan torbanı götürüb sonra “Məhəmməd”lə əlaqə saxlayıb həmin narkotik vasitəni onun deyiləcəyi şəxsə çatdıracağını bildirmişdir. Həmin bükülü elektron tərəziyə qoyulub çəkildikdə 1 kq 120 qram olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik maddəyə bənzər kütlə kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 175 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayan zaman 2 nəfər olmuşlar. Ondan başqa əməliyyat qrupuna Şahid2 də daxil edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman saat 18:00-19:00 radələri olmuşdur. Sultanı saxlayan zaman çanta onun əlində idi. Təqsirləndirilən şəxs onu saxlayan zaman qaçmağa çalışmış, ancaq ayağı büdrəyib yıxılmışdır. Əməliyyat nəlumatı narkotik vasitənin alışı və satışı ilə bağlı idi. Onun xidmət etdiyi yer ilə 6-cı polis bölməsi arasında 150-200 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxs ona bildirilmiş məlumata əsasən həmin əraziyə gəlmişdir. Sonuncunun həmin narkotik vasitəni kimdən əldə etməsini bilmir. Təqsirləndirilən şəxs narkotik vasitəni götürən zaman saxlamışlar. Onlar şəxsi axtarışı polis bölməsində keçirmişlər. Şəxsi axtarışda o da iştirak etmişdir. Şəxsi axtarış zamanı müdafiəçinin iştirak edib-etməməsini xatırlamır. Təqsirləndirilən şəxs 11 sentyabr 2023-cü il tarixdə tutmuşlar. Sonuncunun gəldiyi məkanın ona kim tərəfindən göndərildiyini bilmir. Narkotik vasitə çantanın içində olmuş, çantada narkotik vasitədən başqa paltarlar da olmuşdur. Narkotik vasitə tərəzidə çəkilmiş, miqdarı 1 kiloqramdan artıq olmuşdur. Təqsirləndirilən şəxs Yahya Hüseynov küçəsində saxlamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Sonuncu əsgərlikdən gəldikdən sonra Müdafiə Sənayesi Nazirliyinin zavodunda işə düzəlmişdir. Qardaşı polislər tərəfindən tutulduqdan sonra o, Sultanın yanına Bakı İstintaq Təcridxanasına getmişdir. Orada Sultanın başında və gözünün altında xəsarətlər olduğunu görmüş, Sultan polislər tərəfindən döyüldüyünü bildirmişdir. Şahid X7 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Sultanın tutulması barədə müstəntiq zəng edib ona demişdir. Sultanı tutulmasından 15 gün sonra Bakı İstintaq Təcridxanasında görmüşdür. Müstəntiq Sultanın nəyə görə tutulduğunu deməmişdir. O, balaca qardaşı Səlimi Sultanın yanına polis idarəsinə yollamışdır. Sultanın nəyə görə tutulmasını bilmir. Sultanla görüşən zaman sonuncu polislər tərəfindən döyüldüyünü bildirmişdir. Sultan tutulmazdan 2 ay əvvəl balaca qardaşı Səlimə İran vətəndaşı tərəfindən İnstagramdan narkotik vasitə ilə bağlı mesaj gəlmiş, həmin mesaj ilə bağlı Abşeron Rayon Polis İdarəsinin Qobu şöbəsinə müraciət olunmuşdur. Həmin müraciət ilə bağlı araşdırma aparılmış, ancaq hər hansı bir nəticə əldə olunmamışdır. Qardaşının hüquqlarını müdafiə etməsi üçün vəkil Pərviz Məmmədovla müqavilə bağlamışlar. Pərviz Məmmədov qardaşı Təqsirləndirilən şəxs ilə noyabr ayına qədər 4 dəfə görüşmüşdür. Pərviz Məmmədov cinayət işi üzrə istintaq tamamlanmamışdan 2 gün əvvəl rəsmi şəkildə işə qoşulmuşdur. Bununla bağlı Pərviz Məmmədova narazılığını bildirmişdir. Sonuncu işə gec qoşulması ilə bağlı ona heç nə deməmişdir. Sultanın narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı heç nə bilmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 14 sentyabr 2023-cü il tarixdə qardaşının telefonundan ona zəng gəlmiş, zəngə cavab verəndə telefonda danışan şəxs polis əməkdaşı olduğunu, qardaşının tutulduğunu və Binəqədi RPİ-nin 6-cı Polis bölməsində saxlanıldığını bildirmişdir. O, işdən icazə alıb həmin bölməyə getmişdir. Bölmədə müstəntiq ona qardaşı ilə bağlı hadisəni izah etmişdir. O, qardaşı ilə görüşmək istədikdə müstəntiq həmin günü qardaşı ilə görüşünün mümkün olmayacağını bildirmişdir. Növbəti gün 15 sentyabr 2023-cü il tarixdə o, qardaşını məhkəmədə görmüşdür. Qardaşı Sultanın başının sol tərəfi əzilmiş, qollarında göyərtilər və qançır izlərinin olmuş, gözləri qızarmışdır. Bu barədə qardaşına dövlət tərəfindən təyin olunmuş vəkilə və sonra həmçinin hakimə bildirilmişdir. Məhkəmədən sonra 15 sentyabr 2023-cü il tarixdə o, qardaşı üçün vəkil Pərviz Məmmədovla müqavilə bağlamış, buna baxmayaraq 23 noyabr 2023-cü il tarixdə işə baxılanadək vəkil tərəfindən müdafiə məqsədi ilə qardaşının aldığı xəsarətlərlə bağlı hər hansı tədbirlər görülməmiş və ya hər hansı orqana müraciət olunmamışdır. 2023-cü ilin yanvar ayında onlar vəkil Müdafiəçilə müqavilə bağlamışlar. Şahid X8 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirmişdir ki, 2023-cü ilin iyul ayında “İnstagram” sosial şəbəkəsinin vasitəsi ilə ona mesaj gəlmiş və eyni qaydada ona narkotik vasitənin əldə edilməsi ilə bağlı təklif olunmuşdur. O, rəhbər şəxslərə bu barədə məlumat vermiş və onların məsləhəti ilə 102 xidmətinə müraciət olunmuşdur. Yaşadığı ərazi üzrə Abşeron RPİ-yə bu barədə məlumat vermiş və nəticədə həmin yazışmalar polis idarəsində qeydiyyata alınmışdır. Bu hadisədən 2 ay sonra qardaşı oxşar hadisə ilə qarşılaşmışdır. Polis bölməsinə getdiyi ilk gün qardaşı ilə görüşməyə icazə verməmişlər. Növbəti gün məhkəmədə görüşmüşlər. Qardaşının başının sol tərəfi əzilmiş, alnında, qollarında göyərti və qançır izləri olmuş, həmçinin gözləri qızarmışdır. Xəsarətlərlə bağlı müraciət etmək üçün vəkillə müqavilə bağlamışlar, ancaq vəkil tərəfindən hər hansı müdafiə xarakterli tədbirlər görülməmişdir. Vəkil ilə 14 sentyabr 2023cü il tarixdə müqavilə bağlamışdır. Vəkilin dediyinə görə bir neçə dəfə qarmaşı ilə görüşmüş və onunla hadisəni müzakirə edərək suallar vermişdir. Ancaq sualların heç biri müdafiənin mahiyyətinə uyğun olmamışdır. Onlar ailədə 5 qardaş və 2 bacıdırlar. 5 qardaşın 4-ü dövlət orqanlarında işləyir və həmçinin hər biri dövlətçilik tərbiyəsi ilə böyümüşlər. Bu səbəbdən qardaşının narkotik vasitələrə meyli olmadığından əmindir və bununla bağlı hər hansı şübhəsi yoxdur. Qardaşı saxlanılmamışdan qabaq Müdafiə Sənayesi Nazirliyinin nəzdində olan Buzovna qəsəbəsində yerləşən "xxxx" MMC-də operator işləmişdir. Artıq saxlanılandan sonra işdən çıxarılmışdır. Ona yazılan mesajda “nəşə” əldə edilməsi ilə bağlı təklif olunmuşdur. Qardaşına ona gələn mesaja oxşar mesaj gəlmişdir. Bu barədə ona və ya rəhəbər şəxslərə məlumat verməmişdir. Sadəcə olaraq özü məlumat yığaraq gələcəkdə aidiyyatı orqanlara məlumat vermək məqsədi olmuşdur. Məlumat toplamağının səbəbi vətəndaşlıq borcudur. Ona gələn mesajdan sonra rəhbər şəxslərə və sonra onların məsləhəti ilə 102 xidmətinə məlumat vemişdir. Qardaşını şərlədikləri üçün həmin hadisə baş vermişdir. Məhkəmə şahid X1 və X2 məhkəmə istintaqı zamanı verdiyi ifadələrini iş materiallarına uyğun olmayan, qardaşları Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək mötəbər hesab etmir. Cinayət işinin materiallarında olan 11 sentyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” və 13 sentyabr 2023-cü il tarixli “videogörüntülərə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, X3 üzərində olan əşyaları könüllü təqdim etmək təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qəhvəyi rəngli çantanın içərisində üzərində “Levis” yazısı olan mavi rəngli sellofan və 1 ədəd qara rəngli uzunqol köynək, 1 ədəd qısa qol boz rəngli köynək, 3 cüt corabı, açıq boz rəngli xətli şalvarının sağ cibindən Samsung markalı telefonu və özünə məxsus olan şəxsiyyət vəsiqəsini masanın üzərinə qoymuşdur. Həmin corab və köynəklərə, eləcə də çantaya baxış keçirilmiş, lakin heç bir sübut əhəmiyyətli predmet aşkar edilməmişdir. Bundan sonra “Levis” yazısı olan sellofanın içərisinə baxan zaman şəffaf rəngli sellfona bükülmüş içərisində kütlə aşkar edilmişdir. Həmin sellofon kəsilmiş və içərisində qəhvəyi rəngli spesifik iyə malik olan nakrotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin heroin olmasını və xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində fərdi yaşayış evinin qarşısında İran İslam Respublikasının vətəndaşı olan anket məlumatlarını bilmədiyi şəxsdən ona “WhatsApp” sosial şəbəkəsi vasitəsilə atdığı məkandan götürdüyünü, həmin heroini ona gələcəkdə deyiləcək şəxsə çatdıracağını bildirmişdir. Həmin bükülü elektron tərəziyə qoyulmuş və çəkisi 1 kq 120 qram gəlmişdir. Üzərində aşkar edilmiş narkotik maddəyə bənzər kütlə tərəfindən kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 175 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Sifətində olan xəsarətlə bağlı sual verildikdə bildirmişdir ki, polis əməkdaşları onu saxlamaq istədikdə qaçmağa cəhd göstərdiyindən yıxılmışdır (cild 1, iş vərəqə 34-35 və 77). Cinayət işinin materiallarında olan 13 sentyabr 2023-cü il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi X5 iştirakı ilə Təqsirləndirilən şəxs götürülmüş üzərində ***-***-**-** mobil nömrəsi olan “Samsung” markalı mobil telefona baxış keçirilmiş, “Whatsapp” proqramın baxdıqda özünü Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Məhəmməd adlı şəxsin adını o, “Dəzgah Satan 2” kimi yazdığını qeyd etmiş, həmin ad altında qeydə alınmış mobil nömrənin +98-***-***-**-** olduğu məlum olmuşdur. Lakin həmin mobil nömrə ilə olan SMS yazışmaları olmadığından, həmin yazışmaları sildiyini bildirmişdir. Odur ki, hər hansı SMS yazışmaları və digər görüntülər müəyyən edilməmiş, lakin telefonun qalereya hissəsində Məhəmməd adlı şəxsin narkotik vasitəni qoyduğu məkanın işarələnərək göndərdiyi 4 ədəd fotoşəkil olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 78- 79). Cinayət işinin materiallarında olan 17 noyabr 2023-cü il tarixli “mobil telefon məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə çoxsaylı daxil olan və çıxan zənglər olmasına baxmayaraq cinayət işi üzrə əhəmiyyət kəsb edəcək heç bir yazı, SMS aşkar edilməməklə yanaşı, 11 sentyabr 2023-cü il tarixdə anten dairəsi qeydə alınmamışdır (cild 1, iş vərəqi 121). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 sentyabr 2023-cü il tarixli, 3-16-16/2- 6/4838 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi-1035,2 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasım Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümümi təmiz çəkisi 1035,2 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 1035,1 qram, cild 1, iş vərəqə 42-43). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 18 sentyabr 2023-cü il tarixli 5966 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 115-116). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi Şəxsinin 25 sentyabr 2023-cü il tarixli 2717 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə ifadə vermək və baş verənləri, düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 118-119). Cinayət işinin materiallarında olan 12 noyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir polis əməkdaşı tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasına dair toplanmış material üzrə cinayət işinin başlanması əməldə cinayət tərkibinin olmaması əsası ilə rədd edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs izahatında o, saxlanılan və inzibati binada olan zaman heç bir polis əməkdaşı tərəfindən döyülmədiyini, şikayəti və tələbi olmadığını, göstərilən xəsarətləri tutulmazdan əvvəl yıxılan zaman aldığını bildirmiş, həmçinin məhkəmə-tibbi ekspertizasının 1992 saylı 26 oktyabr 2023-cü il tarixli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxananın tibbi-sanitar hissəsində aparılmış 14 sentyabr 2023-cü il tarixli müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş və adına tərtib olunmuş tibbi sənəddə xəsarət kimi göstərilmiş - “alının sol tərəfində 2-3 sm ölçüdə çapılmış qərtməkli yaranın, sağ qalça nahiyəsinin yumşaq toxumalarının əziyinin, sağ diz oynağının ön səthində köhnə çapıqlar”ın xarakterik xüsusiyyətləri (“çapılmış” yaranın kənarları, ucları, üzərindəki qartmağın rəngi, səthinin ətraf sağlam dəridən aşağı səviyyəli, dəri səviyyəsində və ya sağlam dəridən qabarıq olması, qartmağın ətrafının və kənarlarının vəziyyəti, həmçinin “yumşaq toxumaların əziyi”nin özünü hansı halda göstərməsi (qançır, dərialtı hematoma, sıyrıq, yara, qansızma, şişkinlik və s.,), həmçinin onun rəngi, eləcə də “köhnə çapıqlar”-ın xüsusiyyətləri təsvir olunmadığından xəsarətlərin xarakteri, törənmə müddəti və sağlamlığına zərərvurmanın dərəcəsi barədə hal-hazırda hər hansı bir fikir söyləmək mümkün deyildir (cild 1, iş vərəqə 122). Cinayət işinin materiallarında olan 21 noyabr 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 1035,1 qram olan narkotik vasitə heroin, ona məxsus 1 ədəd “Samsung” markalı mobil telefon və şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış, narkotik vasitə və mobil telefon Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 124-137). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 107). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 28). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 91-95). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 14 noyabr 2024-cü il tarixli məktub və ona əlavə edilmiş məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2024-cü il tarixdə təcridxanaya yerləşdirilmiş və ilkin tibbi müayinələrdən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı Təqsirləndirilən şəxs zədə aldığını bildirmiş, baxış zamanı alnının sol səthində 2-3 sm ölçüdə çapılmış qərtməkli yara, sağ qalça nahiyəsinin yumşaq toxumalarının əziyi və sağ diz oynağının ön səthində köhnə çapıqlar aşkar edilmişdir (cild 2). Təqsirləndirilən şəxs məhkəmədə polis əməkdaşları tərəfindən döyüldüyünü, aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını və üzərinə zorla qoyulduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi bu xüsusatlar məhkəmədə araşdırılaraq cinayət işinin materialları ilə təkzib olunmuşdur. Belə ki, o, ibtidai istintaq zamanı üzərində şəxsi axtarış və götürmə aparılarkən, müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən törətdiyi cinayəti etiraf etmiş, polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmadığını, saxlanılarkən polis əməkdaşlarından yayınmağa çalışarkən yıxıldığından xəsarət aldığını bildirmişdir. Bundan başqa Binəqədi Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilərkən polis əməkdaşları tərəfindən döyülməsi və narkotik vasitənin üzərinə zorla qoyulması barədə heç bir məlumat verməmişdir. Buna baxmayaraq Bakı İstintaq Təcridxanasından təqsirləndirilən şəxsin saxlanılarkən xəsarət alması barədə verilən məlumat əsasında Binəqədi rayon prokurorluğunda 546-C-23 nömrəli material üzrə araşdırma aparılmış, araşdırma zamanı təqsirləndirilən şəxs izahatında özünü təqsirli bildiyini, polis əməkdaşları tərəfindən döyülmədiyini, xəsarətləri tutulmazdan əvvəl və saxlanılarkən yıxıldığına görə aldığını, heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Araşdırma zamanı təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasından da keçirilmiş və onun polis əməkdaşları tərəfindən döyülməsi öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs tutulduğu 11 sentyabr 2023-cü il tarixdən etibarən barəsində olan cinayət işinin məhkəməyə verildiyi 30 noyabr 2023-cü il tarixdək olan ibtidai istintaq müddəti ərzində döyülməsi barədə həm özü, həm də vəkili vasitəsilə nə müstəntiqə, nə prokurorluğa, nə də digər dövlət orqanlarına şikayət etməmiş, bu barədə iddiaları yalnız məhkəmədə ifadə verərkən göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsin ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, iş üzrə toplanmış çoxsaylı protokollar, sənədlər və işin digər faktiki halları ilə təkzib olunduğundan, məhkəmə həmin ifadəyə tənqidi yanaşır, cinayət məsulliyəti və cəzadan yayınmaq məqsədi daşıyan uydurulmuş ifadə kimi qiymətləndirərək sübut hesab etmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 11 sentyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 1035,1 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon onun qohumlarına qaytarılmalı, -şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 1035,1 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, -şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar