Məhkəmə qərarları › İş №1(101)-1541/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1541/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1541/2023 30.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1987-ci il tarixdə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 1(010)- 226/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəzis fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, naməlum vaxtda və mənbədən, satış məqsədilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi- 2,571 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla, daşımış və 07 fevral 2023-cü il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi evin qarşısında özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, 12-ci polis şöbəsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümün içərisində saxladığı külli miqdarda təmiz çəkisi- 2,571 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin heroin növündən istifadə edir. O, narkotik vasitədən falqa yolu ilə istifadə edir. 07 fevral 2023-cü il tarixdə saat 11-12 radələrində siqaret almaq üçün evdən çııxb marketə gedəndə polis əməkdaşları tərəfindən saxlanılmış, lakin həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Həmin narkotik vasitəni Sabunçu RPİ-nin 12-ci PŞ-də onun üzərinə polis əməkdaşları qoymuşlar. Sabunçu RPİ-nin 12-ci polis şöbəsində ona qarşı fiziki təzyiq olmuş, çəkiclə başından vurularaq qaşı qanadılmışdır. Bakı İstintaq Təcridxanasında onun döyülməyi ilə bağlı ekspertiza rəyi var. O, Sabunçu RPİ-nin 12-ci polis şöbəsində müavin, ya da əməliyyat müvəkkili işləyən Bəxtiyar və əməliyyat müvəkkili işləyən Məhəmməd adlı şəxs şəxslər tərəfindən döyülmüşdür. O, işgəncə ilə bağlı Sabunçu Rayon Prokurorluğuna müraciət etmiş, izahatı alınmış, xəsarətləri qeydiyyatdan keçmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə istifadəçisi olduğuna görə özünü təqsirli bilir, amma digər hallarla bağlı özünü təqsirli bilmir. O, saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Üzərində telefon, siqaret, zajkalka, 12 manat pul olmuşdur. O, siqaret alıb marketdən çıxan zaman saxlanılmış və üzərinə baxış keçirilmiş, üzərində narkotik vasitə aşkar olmamışdır. O, əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuşdur. Elan olunmuş cinayət işinin 29-30-cu vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza ona məxsusdur. O, təzyiq altında imza çəkmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadə ilə izahat arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan olunmuş, izahatın və ifadələrin sonunda olan imza təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 32-ci vərəqəsində olan izahatında, 46-49 və 61-64-cü vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... 2-3 ilə yaxındır ki, kakos kimi tanıdığı narkotik vasitə heroindən falqada çəkmə yolu istifadə edirmiş və istifadə etdiyi narkotik vasitəni Bakı şəhəri ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən alırmış. Sonuncu dəfə 07 fevral 2023-ci il tarixdə təxminən saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində üzdən tanıdığı, adını və soyadını bilmədiyi şəxsdən 20 manata istifadəsi üçün bir ədəd sellofan bükümdə narkotik vasitə heroin almış, həmin heroinin bir qismini istifadə etmiş, bir qismini isə həmin bükümdə əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoyaraq saxlamışdır ki, sonra istifadə etsin. Həmin gün təxminən saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində piyada gedərkən, iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməkdaşları olduqlarını bildirərək adını, soyadını soruşmuşlar. O, polis əməkdaşlarına özünü təqdim etdikdən sonra ondan şəxsiyyətini təsdiq edən sənədini istəmişlər. Həmin vaxt onun üzərində heç bir sənəd olmadığından, cibində narkotik vasitə heroin olduğundan o, tez bir zamanda oradan yayınmaq istəsə də, lakin polis əməkdaşları buna imkan verməmişlər, başa düşmüşdür ki, polis əməkdaşları onun üzərində narkotik vasitə heroinin olmasından məlumatları var, buna baxmayaraq o, özünü çox şübhəli aparmamışdır ki, bəlkə sərbəst buraxarlar. Lakin polis əməkdaşları onu sorğu sual etməyə başlamışlar, polis əməkdaşları ilə bir qədər söhbət etdikdən sonra narkotik vasitələrin istifadəsində ondan şübhələndiklərini deyib, onlarla birlikdə Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə getməsini təklif etmişlər. O da səs küy salmadan etiraz etməmiş və polis əməkdaşlarının təklifi əsasında onlarla birlikdə 12-ci polis şöbəsinə getmişdir. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində polis əməkdaşlarından biri ona saxlanması və daşınması qadağan edilmiş şübhəli bilinən əşya və pretmetlərin saxlanmasında və gəzdirməsində şübhəli bilindiyi üçün 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığını və polis şöbəsinə gətirildiyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı ona hüquqlarının müdafiə olunması üçün vəkil dəvət etmiş, vəkilin iştirakı ilə ona hüquq və vəzifələrini izah etmiş və videoçəkliş vasitəsilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirərək, müdafiəçinin iştirakı ilə və yaxud müdafiəçinin iştirakı olmadan videoçəkliş vasitəsilə üzərində şəxsi axtarış aparılmasına etirazının olubolmamasını soruşmuş, o da müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmasına etiraz etməmiş və bu barədə ərizə vermişdir, çünki üzərində narkotik vasitə heroin olduğundan istəmirmiş ki, müdafiəçi bunu özü gözü ilə görsün və gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. Bundan sonra videoçəkliş vasitəsilə üzərində şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı polis əməkdaşı ona üzərində qanunla saxlanılması, daşınması, istifadəsi qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş etmişdir. O, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan qara rəngli şalvarının sağ yan cibindən içərisində istifadəsi üçün saxladığı narkotik vasitə heroin olan bir ədəd sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm ona hüquq və vəzifələrini izah edən polis əməkdaşı tərəfindən açılqdıqa içərisindən istifadəsi üçün aldığı narkotik vasitə aşkar edilmişdir. Polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşanda, o, səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin narkotik vasitə olduğunu deyərək, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Sabunçu RPİ-nin 12-ci polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq göstərilməmişdir. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bidlirmişdir ki, imzalar ona məxsusdur. O, təzyiq altında imza çəkmişdir. Elan olunmuş cinayət işinin 65-66-cı vərəqələridə olan DVD disklərdə olan videogörüntüyə baxış keçirilməsi haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza ona məxsusdur. O, təzyiq altında imza çəkmişdir. Cinayət işinin 143-144-cü vərəqələrində olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokolda qeyd edilmiş -xx.xx.2022-ci il tarixdə, saat 21:46-da Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən, ***-***-**-** saylı mobil nömrəyə - “Emi kola yoxundusa halal xowun yoxsa beldeki istesende sene atqaz elmezdim bunu özunde vaxsi bilirsen bele etmeyin ne menası variydi sene verdiyim daşiydi bawaa weyde ola bilmez cunki 4 dene oxlan qabaxnan men duwen payi sene getirmiwem”; xx.xx.2022-ci il tarixdə, saat 20:42-də ***-***-**-** saylı mobil nömrədən, Təqsirləndirilən şəxs ***-***-**- ** saylı mobil nömrəsinə - “Mene limon duzu soxudu he oz ağlinla”; xx.xx.2023-cü il tarixdə, saat 18:44-də ***-***-**-** saylı mobil nömrədən, Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə - “70 manat var 2qr, daş yarı kola əlavə olarsa 70 i atım karta hə yox denəda” məzmununda sms mətnlərinə və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, onun 70 manatla bağlı smsdən məlumatı yoxdur, həmin şəxsin şəxsiyyəti məlum deyil. ***-***-**-** mobil nömrəsindən istifadə edir. Onun satış məqsədi olmamış, istifadə məqsədi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabunçu Rayon Polis İdarəsinin 12-ci PŞ-də Cinayət Axtarış üzrə əməliyyat müvəkkili işləyir. 07 fevral 2023-cü il tarixdə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə xidmətdə olarkən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində bir nəfər tanımadıqları şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşmışlar. Xidməti vəsiqələrini təqdim edib Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gəldikdən sonra ona hüquq və vəzifələri izah olunmuş və Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuşdur. Videoçəkiliş vasitəsilə aparılan şəxsi axtarış və götürmə zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməyi təklif olunmuşdur. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin narkotik vasitə olduğunu demişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmişdir. Videoçəkiliş vasitəsilə aparılan şəxsi axtarış və götürmə zamanı o da iştirak etmişdir. Onlar Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı yönləndirilən suallardan sonuncu yayınmağa çalışırmış, həmin hərəkətləri Təqsirləndirilən şəxs şübhələnmələrinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə olan heroinin qramını xatırlamır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə olan heroinin özünə məxsus olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs qarşı fiziki zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin 12ci PŞ-nin əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 07 fevral 2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxs şübhəli hərəkətlər etdiyindən, onu Sabunçu RPİ-nin 12-ci PŞnə dəvət etmişlər. Polis Şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Cinayət işinin 28-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, üzərinə şəxsi axtarış keçirilən zaman, müdafiəçinin iştirak etməməsini xahiş etmişdir. Cinayət işinin 29-30-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış aparılmasından əvvəl, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisinə baxış keçirilən zaman, içərisində tünd qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə kokos olduğunu, Sabunçu rayonu, Ramana qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata alaraq üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş bir ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması zamanı Panasonic markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 38-41-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 fevral 2023-cü il tarixli, 6/759 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "...Təqsirləndirilən şəxs üzərindən... ” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi- 2,571 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasınm Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir (İ siyahı). Cinayət işinin 65-66-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 fevral 2023-cü il tarixli DVD disklərdə olan videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisinə baxış keçirilən zaman, içərisində tünd qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Sorğu zamanı, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə kokos olduğunu, Sabunçu rayonu, Ramana qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata alaraq üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş bir ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 143-153-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 iyun 2023-cü il tarixli elektron məlumat daşıyıcısına baxışın keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş CD diskdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070-575-40- 42 saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatlarını özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskə keçirilmiş baxış zamanı aşağıdakı məzmunda SMS mətnləri müəyyən edilmişdir: -xx.xx.2022-ci il tarixdə, saat 21:46-da Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən, ***-***-**-** saylı mobil nömrəyə - “Emi kola yoxundusa halal xowun yoxsa beldeki istesende sene atqaz elmezdim bunu özunde vaxsi bilirsen bele etmeyin ne menası variydi sene verdiyim daşiydi bawaa weyde ola bilmez cunki 4 dene oxlan qabaxnan men duwen payi sene getirmiwem”; -xx.xx.2022-ci il tarixdə, saat 20:42-də ***-***-**-** saylı mobil nömrədən, Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə - “Mene limon duzu soxudu he oz ağlinla”; -xx.xx.2023-cü il tarixdə, saat 18:44-də ***-***-**-** saylı mobil nömrədən, Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə - “70 manat var 2qr, daş yarı kola əlavə olarsa 70 i atım karta hə yox denəda”. Cinayət işinin 125-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-dən daxil olmuş 24 fevral 2023-cü il tarixli, 1/2-4558 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 166-167-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı X1 01 iyun 2023-cü il tarixli cinayət işindən başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata götürülməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, narkotik vasitədən istifadə edir, saxlanılan zaman onun üzərində narkotik vasitə olmamış, narkotik vasitələrin satışı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən təzyiq olunduğu üçün fərqli ifadə vermişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin 12-ci PŞ-nin polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıbqalmamasını, saxlanıldığı istintaq Təcridxanasına daxil olan zaman bədəni üzərində xəsarətlərin olub-olmamasını müəyyən etmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri, Sabunçu rayon prokurorluğuna sorğu ilə müraciət edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasındn daxil olmuş 24 iyul 2023-cü il tarixli məktubdan və məktuba əlavə edilmiş tibb kitabçasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olan zaman, müayinə zamanı sonuncuda sol qaşda, sol dizaltı nahiyədə, sol ayaqarxası nahiyədə qərtməkli yaralar aşkar edilmişdir. Həmçinin, Bakı şəhəri, Sabunçu rayon prokurorluğundan 27 iyul 2023-cü il tarixli, 94-C/23 saylı məktubla daxil olmuş Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X3 17 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs bədənində xəsarətlər aşkar edilməsi ilə bağlı toplanmış 94/C-23 nömrəli materialda cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 2,571 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından 17,14 dəfə çox olmuşdur ki, qeyd olunan hal, onun telefon yazışmalarını əks etdirən SMS mətnləri da onun narkotik maddəni məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hallardan biridir. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs üzərində külli miqdarda, yəni təmiz çəkisi 2,571 qram olan narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımışdır. Bundan başqa, cinayət işinin 139-140-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 may 2023-ci il tarixli, 2888 №-li rəyidən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070-575-40- 42 saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatlarına baxış zamanı naməlum şəxslər tərəfindən üstü örtülü ondan 2 dəfə narkotik vasitə xahiş etmişlər. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olan və çıxan SMS mətnlərini, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrıayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qərarların tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 99-100-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 22 fevral 2023cü il tarixli tələbnamədən və cinayət işinin 101-121-ci vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 1(010)-226/2021 saylı hökmünün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 1(010)-226/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsində qeyd edilmişdir ki, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə residiv nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, lakin cinayətin residivini yaratmır. Bununla yanaşı, Təqsirləndirilən şəxs törətdiyi cinayəti azadlığın məhdudlaşdırılması növündə cəzasını çəkərkən törətdiyindən, onun Suraxanı Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə müvafiq olaraq hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" qərarında göstərilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş 17 avqust 2023-cü il tarixli, 21-1/3-19809-2 nömrəli məktubdan görünür ki, “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 1(010)-226/2021 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il azaldılmışdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının 07 (yeddi) ay 22 (iyirmi iki) gün hissəsini çəkməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının 07 (yeddi) ay 22 (iyirmi iki) günü çəkilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablandıqda 03 (üç) ay 26 (iyirmi altı) gün edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Suraxanı Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablanaraq 03 (üç) ay 26 (iyirmi altı) gün müddət Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə ona qəti cəza təyin edilməlidir. Cinayət işinin 154-156-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladı – xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X2 vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasının Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 07 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 17-ci vərəqəsində olan 07 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 76-81-ci vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli 4(008)-111/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 07 fevral 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,521 qram narkotik vasitə heroin məhv edilməli, 02 ədəd diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Suraxanı Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 07 (yeddi) ay 22 (iyirmi iki) gün hissəsi, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 03 (üç) ay 26 (iyirmi altı) gün müddət Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,521 qram narkotik vasitə heroin məhv edilsin. 02 ədəd diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar