Məhkəmə qərarları › İş №1(101)-155/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-155/2022

13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-155/2022 13.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1983-cü il noyabrın 16-da Ermənistan SSR-in Vedi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşaqları olan, məhkumluğu olmayan, fərdi qaydada avtomobil ustası işləmiş, Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, ev 140, mənzil 3 «a» ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci il mayın 01-də saat 15:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, 458 ünvanındakı avtomobil yuyucu sexində işləyən tanışı Zərərçəkmiş şəxs ilə zarafat edərkən sonuncunun ətrafda olan şəxslərin yanında onunla zarafat etməməsini tələb etməsi səbəbindən aralarında yaranan münaqişə zamanı Zərərçəkmiş şəxs həmin haqlı tələbini bəhanə edib heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini sonuncunun və ətrafda olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoyaraq zərər çəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlətməklə davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul edilən birgəyaşayış qaydalarını kobud surətdə pozub idarə etdiyi «BMW 523i» minik markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürdüyü, zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə yuyucu sexində qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə vuraraq sonuncuya ağır dərəcəli hemorragik və travmatik şokla müşayiət olunan, döş qəfəsinin ön səthinin sol yarısında Xİİİ qabırğa arası sahədə olan, döş boşluğuna nüfuz edən, diafraqmanı zədələyərək qarın boşluğuna nüfuz edən və mədəni yaralayan bir ədəd deşilmiş-kəsilmiş yara kimi insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, 2006-cı ildə X4 ilə bağladığı qeyri-rəsmi nikahdan 2007ci il 24 avqust təvəllüdlü Qönçə, 2017-ci il 26 yanvar təvəllüdlü Aysel və Aysu adlı əkiz övladları vardır. 2020-ci il martın 31-də ailəvi tanışı Şahid3 ilə şərikli «BMW 523i» minik markalı **-HC-*** dövlət nömrə nişanlı avtomobil alaraq maşını təmir etdikdən sonra satmaqla gəlir əldə etmək istəmiş və 2021-ci il aprel ayının əvvəllərindən etibarən göstərilən avtomaşını təmir etməyə başlamışlar. 2021-ci il mayın 01-də saat 15 radələrində yaşadığı binanın arxasındakı avtoyuyucuya getmiş, həmin vaxt orada Zərərçəkmiş şəxs ilə yanaşı Şahid4, X8 və Şahid5 da olmuşlar. Həmişə Əziz ilə zarafat etdiyinə görə bu dəfə də sonuncu ilə zarafatlaşanda Əziz ona cavab qaytarıb zarafat etməməyini bildirmiş, aralarında yaranan mübahisə zamanı İbrahim onu sexin yanına aparmış, Əziz isə sexdən bayıra çıxaraq onun ünvanına nalayiq söyüşlər söydüyündən yenidən sexə qayıtmağa qərar verməklə maşından götürdüyü sarı qulplu bıçaqla Əzizi qorxutmaq istəmişdir, uşaqlar bıçağı görüb kənarlaşmışlar və o, Əzizin üzərinə gedərək sonuncu ilə əlbəyaxa olmuş, əlindəki bıçaqla Əzizin qarın nahiyyəsinə qəsdən bir zərbə vurmuşdur. 2021-ci il mayın 03-də Bakı şəhəri Sabunçu rayonunun Zabrat qəsəbəsində olarkən Bakı şəhəri Yasamal Rayon İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanmışdır. O, özünü Azərbaycan Respublikasının CM-nin 127.1.-ci maddəsi ilə təqsirli bilir. Əməlindən çox peşmandır. Zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, 458 ünvanında yerləşən Təhmuraz adlı şəxsə məxsus avtomobillərin yuyucu sexində yuyucu işləyir. Şahid6 göstərilən şəxsin qohumunun sürücüsü olmaqla sexdə nəzarəti həyata keçirir. Təqsirləndirilən şəxsla aralarında normal münasibətlər vardır. 2021-ci il mayın 01-də saat 15:30 radələrində Oqtay sexə gəlib idarə etdiyi avtomaşını yuduzdurmaq istədiyini bildirmiş, sonuncunun şit zarafatlarına hirslənərək onunla zarafat etməməsini tələb etmiş və aralarında söz-söhbət yaranmışdır. Oqtay onun üstünə getdikdə orada olan Şahid4, X8 və Şahid5 onları ayırmaqla Oqtayı kənara çəksələr də sonuncu sexin çölündən onun ünvanına əxlaqsız söyüşlər söydüyünə görə münaqişə davam etmiş, maşından nəsə götürüb üzərinə gələndə sonuncunun əlində bıçaq olduğunu görmüş, Oqtay bıçaqla bir dəfə qəsdən onun qarın nahiyəsinə zərbə vuraraq sexdən çıxmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il mayın 01-də saat 16 radələrində övladı Təqsirləndirilən şəxs yaşadıqları binanın arxasında yerləşən avtoyuyucu sexinin daxilində orada işləyən Zərərçəkmiş şəxs adlı şəxslə mübahisə etməklə bıçaqla sonuncunu vurub xəsarət yetirdiyini eşitmişdir. 2021-ci il mayın 03-də Bakı şəhəri Yasamal Rayon İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları Oqtayı yaxalamışlar. İş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, 7-8 ildir tanıdığı Şahid1la normal münasibətlər vardır. 2020-ci il martın 31-də sonuncunun övladı Təqsirləndirilən şəxs ilə şərikli «BMW 523i» minik markalı **-HC-*** dövlət nömrə nişanlı avtomobil əldə edərək maşını təmir etdikdən sonra satışa çıxarmaqla gəlir əldə etməyi arzulamış və 2021-ci il aprel ayının əvvəllərindən etibarən göstərilən avtomaşını təmir etməyə başlamışlar. 2021-ci il mayın 01-də axşam saatlarında Ağa ilə telefonla danışarkən sonuncu Oqtayın onun aldığı avtomobili evin arxasındakı yuyucu sexinə yuduzdurmağa gətirib orada yuyucu işləyən Zərərçəkmiş şəxs ilə aralarında yaranan münaqişə vaxtı sonuncunu bıçaqladığını demişdir. Bundan sonra o, gələrək öz avtomobilini Ağadan təhvil almışdır. İş üzrə şahid qismində dindirilən Şahid5 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə oxşar ifadə verməklə yanaşı göstərdi ki, hadisədən sonra Təqsirləndirilən şəxs sexdən uzaqlaşmış, o, sonuncunun maşınını çölə çıxarıb Oqtayın yanına aparmış, sonuncu binanın tinində avtomobili idarə edərək oradan getmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4.-cü maddəsi ilə ittiham olunduğu əməli tam etiraf edərək təfsilatı ilə izah etmişdir (1-ci cild, iş vərəqi 209-212). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş X6 ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən 2021-ci il mayın 01-də saat 18 radələrində xəstəxanadan vurulan telefon zəngindən qardaşı Zərərçəkmiş şəxs bıçaqlanmasını öyrəndiyini, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, hadisə zamanı orada olmadığını göstərmişdir (1-ci cild, iş vərəqi 99-101). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid4 ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən Şahid5 ilə analoji ifadə vermişdir (1-ci cild, iş vərəqi 137-139). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid6 ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən 2021-ci il mayın 01-də saat 15:30 radələrində ona telefonla sexə avtomaşın yuduzdurmağa gəlmiş Təqsirləndirilən şəxs adlı şəxsin Zərərçəkmiş şəxslə mübahisə etməklə sonuncuya bıçaqla bir zərbə vurub xəsarət yetirməsini bildirildiyini, hadisənin bilavasitə şahidi olmadığını göstərmişdir (1-ci cild, iş vərəqi 145-147). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 01 may tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, 458 ünvanındakı avtomobil yuyucu sexinə baxış zamanı sexin qarşı tərəfində yerləşən binanın müşahidə kamerasına baxış keçirilməklə «BMW» markalı avtomobili idarə edən naməlum şəxsin həmin gün saat 15:30-da sexə gəlməsi, bir neçə dəqiqədən sonra xəsarət almış Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranması, naməlum şəxsin sexin içərisində Zərərçəkmiş şəxs qarın nahiyəsinə xəsarət yetirməsi, sonuncunun qarnını tutub çölə çıxması, oradakı şəxslərdən birinin avtomobili idarə etməklə naməlum şəxsin avtomobilə əyləşib hadisə yerini tərk etməsi müəyyənləşdirilmiş, fotocədvəl və bir ədəd CD diski protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 5-8). İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 2021-ci il 02 may tarixli ərizəsindən görünür ki, sonuncunun Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur (1-ci cild, iş vərəqi 26). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 02 may tarixli protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd qara rəngli idman gödəkcəsinə baxış keçirilərkən gödəkcənin ön sol hissəsində bir ədəd təxminən 04 sm ölçüdə zədə olması aşkarlanmış, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 28-29). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 03 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 57-58). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 04 may tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan şübhəli şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, 458 ünvanındakı avtomobil yuyucu sexini göstərib ifadəsini təsdiqləmiş, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 76-78). İş materiallarında olan 2020-ci il 31 mart tarixli AZ seriyalı 774930 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, «BMW 523i» minik markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid3dır (1-ci cild, iş vərəqi 85). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 05 may tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM- nin 126.1.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunan Təqsirləndirilən şəxs göstərilən maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 86-87). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2021-ci il 05 may tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il mayın 03-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 111-115). İş materiallarındakı Yasamal Rayonu İcra Hakimiyyətinin MKTB-nin 32 saylı MKİSinin tərtib etdiyi 2021-ci il 06 may tarixli 207 №-li arayışdan və eyni tarixli xasiyyətnamədən, 2016-cı il 16 fevral tarixli AZ-İİİ seriyalı 703381 №-li doğum haqqında şəhadətnamənin, 2016-ci il 18 mart tarixli AZE seriyalı 12670005 №-li və 2017-ci il 04 mart tarixli AZE seriyalı 11474016 №-li şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, ev 140 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs ailəsi 2007-ci il 24 avqust təvəllüdlü övladı X2, 2016-cı il 26 yanvar təvəllüdlü övladları X3 və X5 ibarətdir, Təqsirləndirilən şəxs barəsində yazılı və şifahi şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 126-129). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il mayın 22-də tərtib etdiyi tələbnamədən görünür ki, yetkinlik çatmadığı dövrdə Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 2001-ci il 18 may tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.3.1.-ci maddəsi ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2006-cı il mayın 23-də cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2010-cu il 28 aprel tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 263.1.-ci və 264-cü maddələri ilə təqsirli bilinib 01 il 06 ay nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 02 il 11 ay 26 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2010-cu il 24 dekabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 228.4.-cü maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikasının CM-nin 67.1.-ci maddəsi tətbiq olunaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla Azərbaycan Respublikası Milli Məclisinin «28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 2013-cü il 07 may tarixli Qərarına əsasən 2013-cü il mayın 23-də cəzadan azad edilmiş, Şəmkir Rayon Məhkəməsinin 2017-ci il 14 iyul tarixli hökmü əsasında Azərbaycan Respublikasının CMnin 177.2.1.-ci, 177.2.3.-cü və 177.2.4.-cü maddələri ilə təqsirli bilinib 300 manat məbləğində cərimə cəzasına məhkum olunmaqla 2018-ci il iyunun 06-da cəriməni tam şəkildə ödəmiş, məhkumluğu ödənilmişdir (1-ci cild, iş vərəqi 148-151). İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 2021-ci il 22 may tarixli ərizəsindən görünür ki, sonuncu Təqsirləndirilən şəxs şikayətçidir (1-ci cild, iş vərəqi 154). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin 2021-ci il 27 may tarixli 1814 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan müəssisədə qeydiyyatda deyildir (1-ci cild, iş vərəqi 159). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X7» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 06 may tarixli 354 nömrəli rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarət – döş qəfəsinin qançırı küt əşyanın təsirindən əmələ gəlməklə müddəti 2021-ci il mayın 03-nə uyğundur, xəsarət əl çatan nahiyədə olduğundan özü-özünə yetirə bilməsi inkar olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (1-ci cild, iş vərəqi 163-164). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X7» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 27 may tarixli 394 nömrəli rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət – ağır dərəcəli hemorragik və travmatik şokla müşayiət edilməklə döş qəfəsinin ön səthinin sol yarısında Xİİİ qabırğa arası sahədə olan, döş boşluğuna nüfuz edən, diafraqmanı zədələyərək qarın boşluğuna nüfuz edən və mədəni yaralayan bir ədəd çapılmış yara çapıcı alətin təsirindən törənmişdir, müddəti 2021-ci il mayın 01-nə uyğun gəlir, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (1-ci cild, iş vərəqi 166-168). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasına dair 2021-ci il 25 may tarixli 1100 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərin törədildiyi dövrdə hər hansı psixi xəstəliyin, eləcə də psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri aşkar edilməməklə onda emosional davamsız şəxsiyyət pozuntusu aşkarlanmış, emosional-iradi sferasında hövsələsizlik, kobudluq, eqosentrizm, impulsivlik, qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik, emosional dayanıqsızlıq müşahidə olunmuş, Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmiş, sonuncu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edərək onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab olunmalıdır, sonuncunun məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild, iş vərəqi 170-173). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X7» publik hüquqi şəxsinin maddi sübutların ekspertizasına dair 2021ci il 14 iyun tarixli 3/859; 3/860 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı soyuq silah hesab edilməməklə üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər olunmamışdır, idman gödəkcəsinin səthindəki deşilmiş-kəsilmiş zədələr kəsici, ucu deşici xassəyə malik predmetin təsirindən yaranmaqla həmin zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən konkret olaraq tədqiqata təqdim edilən bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün olmamışdır, ekspertiza tədqiqatının dəyəri 150 manatdır (1-ci cild, iş vərəqi 174- 176). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 21 iyun tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsindən həmin Məcəllənin 126.2.4.-cü maddəsinə tövsif edilməklə ona qeyd olunan maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 29, 120.1.-ci, 221-ci və 228.4.-cü maddələri ilə, Zərərçəkmiş şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmiş, maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bir ədəd bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd qara rəngli idman gödəkcəsi idarənin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır (1-ci cild, iş vərəqi 191-201 və 202-203). İş materiallarında olan 2021-ci il 26 iyun tarixli hesabatdan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda hüquqlarının müdafiəsi Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili X10 tərəfindən 45 iş saatı müddətində müdafiə olunmuşdur (1-ci cild, iş vərəqi 219). Məhkəməyə təqdim olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 2021-ci il 22 noyabr tarixli və notariat qaydasında təsdiq olunan 2021-ci il 26 noyabr tarixli ərizələrindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün qismən etirafedici, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunan ibtidai araşdırma zamanı özünün təqsirləndirilən şəxs qismindəki və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsinin, himayəsində iki azyaşlı uşağının olmasının işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib müəyyən müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bir ədəd bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd qara rəngli idman gödəkcəsi məhv edilməli, bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 150 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq «Məhkəmə-Tibbi Ekspertiza və X7» publik hüquqi şəxsinin hesabına ödənilməlidir. Məhkəmə eyni vaxtda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 55 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X9 vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» vəkil bürosunun nəfinə (VÖEN: **********) 270 manat, Müdafiəçi vəkil işlədiyi 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 330 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il mayın 03-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2021-ci il mayın 03-dən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bir ədəd bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd qara rəngli idman gödəkcəsi məhv edilsin, bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. 150 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq «Məhkəmə-Tibbi Ekspertiza və X7» publik hüquqi şəxsinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X9 vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» vəkil bürosunun nəfinə (VÖEN: **********) 270 manat, Müdafiəçi vəkil işlədiyi 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 330 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar