Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1550/2024 24.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1990-ci ildə Rusiya Federasiyasının Tümen vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlayıb daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 5,343 qram narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 60,100 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 06 dekabr 2023cü il tarixdə saat 04:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məmmədyarov küçəsində Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PŞ-nə gətirilmiş, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki açıq rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə satış məqsədi olmadan əldə edib üzərində daşımaqla saxladığı külli miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 5,343 qram narkotik vasitə heroin və bir ədəd bükümdə bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 60,100 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ilkin ifadəsində qeyd etmişdir ki, Respublika Narkoloji Dispanserdə qeydiyyatda olmuş və dərman qəbul etmişdir. Rayona getməli olduğundan və günlük dozası bir qram olduğundan beş qram almışdır. Orada da bir günlük vermişlər, o, “beş günlük verin, ağırdı vəziyyət” demiş, lakin verməmişlər. Həmin anda anlaqsız olur, ya cinayət etməlidir, ya da ki, özünə qəsd etməlidir. O, heroin və nəşə almış, narkotik vasitəni tanımadığı şəxsdən öz istifadəsi üçün almış, 14-cü Polis Bölməsinin işçiləri alanda onu saxlamışlar. İttihamda göstərilən 60,100 qram düzdür. Yeddi yüz manata almış, heroini isə yüz manata almışdır. Birini vuraraq, birini isə çəkərək istifadə etmişdir. Bir qram “kakos” bir gün getmiş, o, beş günlük getdiyindən beş qram almışdır. Marixuananı bir həftə çəkir. Onu iki nəfər saxlamış, saxlanılarkən gecə vaxtı olmuş və onu döyən olmamışdır. Onu müdafiəçi ilə təmin etmişlər, şəxsi axtarış zamanı müdafiəçi olmamış, müdafiəçidən imtina etmiş, müdafiəçiyə ehtiyacı olmamış, narkotik vasitə özünün olmuşdur. 4.Məhkəmə iclasında Təqsirləndirilən şəxs daha sonra yenidən ifadə verərək saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, elan olunmuş ittihamda təqsirli olmadığını bildirmişdir.İfadəsində bildirmişdir ki, dörd nəfər evə gələrək guya nəşə əkdiyini demişlər, axtarıb tapa bilməmişlər, 60 qram nəşə tapmışlar və onu evdə tutmuşlar. Nəşənin yanına “kakos” da qoyaraq “beş qrama qol çək” demişlər. O, heroin qəbul edən deyil, narkolojinin xəstəsidir, narkolojidə də hər gün dərman içir. O, Maştağada xalasıoğlu ilə birlikdə yaşayır, qol çəkmədiyindən xalasıoğlunu tutmuşlar. Xalasıoğlu türmədən çıxmış, narkotik məhkumluğu olmuş və üç il həbsdə olmuşdur. Onun da bir əzizi xalasıoğlu olduğundan qol çəkmişdir. Çəkilişdə vəkil də olmamış, özünün vəkildən imtina etdiyini demişlər, lakin imtina etməmişdir. X1 ərazidə həmin əməliyyatçılar olduğundan əvvəlcə məhkəmədə o cür ifadə vermişdir. Adamı şantaj edirlər, o, nə isə desəydi gedib xalasıoğlunu tuta bilərdilər. Əməliyyatçılar və müstəntiq Kürdəxanıda onun ifadəsini yenidən almışlar. Sanksiya veriləndə də “nəşə mənimdir, kakos mənim deyil” demiş, orada çəkiliş də çəkilmişdir. Müstəntiq ona nə deməsini əzbərlətmiş, sonra da ona “234.1-1-lə razılaşıb gedərsən” demişdir. Onun narkotik vasitəni üzərinə götürməsinin yeganə səbəbi xalasıoğlunu qorumaq olmuş, əks təqdirdə onu döysələr də narkotik vasitəni üzərinə götürməzdi, onu döyməklə sındıra bilməzlər. 5.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, bir müddət olar ki, narkotik vasitə heroin qəbul edir. Hal-hazırda bədənində olan ağrıları yumşaltmaq üçün narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitə heroini qəbul etmək üçün tanımadığı şəxslərdən alır. 05 dekabr 2023-cü il tarixdən 06 dekabr 2023-ci il tarixə keçən gecədə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində olarkən əvvəllər tanımadığı, anket məlumatlarını və mobil telefonunu bilmədiyi özünü ona İran İslam Respublikasının vətəndaşı olaraq təqdim etmiş şəxsdən 700 manata özünün qəbul etməyi üçün bir bükümdə narkotik vasitə olan heroin və bir bükümdə narkotik vasitə qurudulmuş marixuana almışdır. Həmin bükümləri sonradan qəbul etmək üçün əynində olan gödəkçənin sol yan cibinə qoymuşdur. 06 dekabr 2023-cü il tarixdə saat 04:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Məmmədyarov küçəsi ilə piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənəd istəyib hərəkətlərindən şübhələnərək onu Sabunçu RPİ-nin 14-cü PŞ-nə dəvət etmişlər. PŞ-də olarkən ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmiş və ona vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi barədə izah edildikdə həmin vaxt üzərində narkotik vasitə heroin və qurudulmuş marixuana olduğundan üzərinə şəxsi axtarış aparılmazdan əvvəl vəkilin iştirak etməsindən imtina etmişdir ki, vəkil üzərindən narkotik vasitə heroinin və qurudulmuş marixuananın aşkar olunmasını özü gözü ilə görməsin ki, gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. Bununla bağlı olaraq vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına etiraz etməməyi ilə bağlı ərizə vermişdir. Sabunçu RPİnin 14-cü PŞ-nin xidməti otaqların birində polis əməkdaşları ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onlara təqdim etməsini təklif etdikdə artıq üzərində olan narkotik vasitə heroini polis əməkdaşlarından gizlədə bilməyəcəyini başa düşüb üzərində narkotik vasitə heroinin və qurudulmuş marixuananın olmasını polis əməkdaşlarına bildirmişdir. O üzərində saxladığı bir ədəd ağ rəngli sellofana bükülmüş narkotik vasitə heroini və bir ədəd ağ rəngli sellofan bükümdə qurudulmuş marixuananı təqdim edərək bildirmişdir ki, həmin bükümün birinin içərisində olan maddə narkotik vasitə heroin, digəri isə qurudulmuş marixuanadır. Həmin maddələri özü üçün qəbul etmək məqsədi ilə tanımadığı şəxsdən 700 manata əldə edərək sonradan qəbul etmək üçün üzərində saxlamışdır. Onun üzərindən aşkar olunmuş maddələr ekspertiza tədqiqatına təqdim olunması üçün polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla götürülüb qablaşdırılaraq möhürlənmişdir. Polis şöbəsinin xidməti otağında onun üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən tərtib olunmuş protokola etiraz etmədən və ona polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq göstərilmədən imza etmişdir (İ cild, səh. 73-77). 6.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, səhv etmirsə dəkabr ayının altısında ona qərəzsiz mənbədən şəxsin narkotik vasitəni qanunsuz əldə edərək üzərində daşıması barədə məlumat daxil olmuş, bu barədə şöbə rəisinə raportla məruzə etmişlər, Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Maştağa qəsəbəsi, Məmmədyarov küçəsində, gecə saat 3-4 radələrində şəxsə yaxınlaşaraq şübhəli şəxs qismində 14-cü Polis Şöbəsinə dəvət etmişlər. Əvvəlcədən məlumatları olduğundan nə isə atmamasına nəzarət etmişlər. Bölmə rəisinə məruzə etmişlər və icrası təhqiqatçının üzərinə yazılmışdır. Üzərinə videoçəkilişlə baxış keçirilən zaman gödəkcəsindən iki büküm aşkar edilmiş, birində heroin, digərində isə qurudulmuş marixuana olmuş, qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Narkotik vasitəni İran vətəndaşından götürdüyünü və xəstəsi olduğu üçün çəkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman, idarəyə gətirildikdən sonra ona qarşı heç bir zorakılıq və fiziki təsir olmamışdır. 7.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Onun ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün şöbə rəisinin adına 06 dekabr 2023-cü il tarixdə raport yazmışdır. Şöbə rəisininin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və saxlaması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə tərəfindən 06 dekabr 2023-cü il tarixdə qərar verilməklə şöbə əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin sənədlər əsasında həmkarı Şahid2 ilə birlikdə 06 dekabr 2023-cü il tarixdə saat 04:10 radələrində əməliyyataxtarış tədbiri keçirərkən ünvan 3 ünvanında narkotik vasitələrin saxlanılmasında və qəbulunda şübhəli olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Sabunçu RPİ-nin 14-cü polis şöbəsinə gətirilmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsi barədə raport tərtib olunmuşdur. Polis şöbəsinə tərəflərindən narkotik vasitələrin saxlanılmasında və qəbulunda şübhəli bilinən polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Tərəflərindən polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etmədən əynindəki açıq rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli polietilen torbanın içərisindən ağ rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngli maddəni və bir ədəd ağ rəngli sellofan bükümdə bitki kütləsini təqdim edərək bükümün birinin içərisində narkotik vasitə heroin, digərində qurudulmuş marixuananın olmasını və həmin maddələri özünün qəbul etməsi üçün saxlanılmamışdan əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olduğu özünü ona İran İslam Respublikasının vətəndaşı olaraq təqdim etmiş şəxsdən 700 manata əldə etməsini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş içərisində narkotik vasitə heroin və qurudulmuş marixuana olan iki ədəd sellofan büküm onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola o və şəxsi axtarışda iştirak etmiş Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişdir (İ cild, səh. 122-124). 8.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, səhv etmirsə Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında dekabr ayının əvəlləri, saat 4-5 radələrində şəxsi Məmmədyarov küçəsində saxlamışlar, əməliyyatda iki nəfər iştirak etmişlər. Şəxsi bölməyə gətirərək təhqiqatçının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş, üzərindən bir bükümdə marixuana və bir bükümdə heroin aşkar olunmuşdur. Səhv etmirsə 700 manat qarşılığında İran İslam Respublikasının vətəndaşından şəxsi istifadəçisi üçün aldığını bildirmişdir. Çəkisini bilmir, amma yeddi yüz manata şəxsi istifadəsi üçün aldığını demişdir. Təqsirləndirilən şəxs tabesizlik göstərməmiş, saxlanılan zaman, idarəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs heç bir zorakılıq və fiziki təsir olmamışdır. Üzərindən çox keçdiyindən dəqiq xatırlamır, istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. 9.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 125-127). 10.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, noyabr-dekabr ayında evdə olarkən gecə 12-01 radələrində dörd nəfər polis evlərinə girmiş, əllərində tok verən silah olmuşdur. Gələnlərdən biri Elçin, Bilgəhin sahə rəisi, biri də yaşlı olmuşdur. Onunla Şəhriyarı saxlayaraq evi axtarmışlar. Şəhriyarı apararkən “doğrayaram özümü” demişdir. Sonra onlar “tapdıq, qara bir şey idi” deyərək çıxıb getmişlər, gedəndə onu da aparmışlar. Həmin vaxt Şəhriyar “onu niyə aparırsınız, o hər şeydən uzaqdır” demiş, Şəhriyara “birinci söhbətimiz qaydasındadırsa bunu buraxıram” demişlər, Şəhriyar da razı olduğunu bildirmişdir. Anası işdən gəldikdə Şəhriyarı bölməyə apardıqlarını demiş, anası Bilgəhin sahə rəisinə “niyə aparmısınız yetim uşaqdır” demişdir. Polislər altmış qram nəşə çıxdığını bildirmiş, anası da gələrək ona ot göstərdiklərini demişdir. Evdə o, anası, qardaşı və Şəhriyar yaşamışdır. Anası dünyasını dəyişəndən Şəhriyar onlarla yaşamışdır. O, evdən tapıldığı deyilən nəşəni daha əvvəl evdə görməmişdir. Şəhriyarda 50 qram nəşə olmuşdur. Şəhriyar metadon suyu içdiyindən artıq narkotik qəbul etməmişdir. Deyəsən Şəhriyarın ayağına təpiklə vurduqları üçün ayağı partlamışdır. Olanlarla bağlı harasa şikayət etməmiş, oxuması yazması yoxdur. 11.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2023-cü il tarixli 3-16-16/2-6/6288 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, “..Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş maddi sübut..” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 5,343 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”- in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 41-44). 12.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2023-cü il tarixli 3-16-16/2-7/1653 nömrəli ekspert rəyindən görünür ki, , tədqiqata təqdim edilmiş üzərində, “..Şübhəli şəxs Təqsirləndirilən şəxs..” yazı və imzalar olan zərfdə 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 60,100 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (İ cild, səh. 46-48). 13.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin Ambulator X3 barədə 08 yanvar 2024-cü il tarixli, 56 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 138-139). 14.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 06 dekabr 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl üzərində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki açıq rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli polietilen torbanın içərisindən ağ rəngli sellofan bükümdə tünd qəhvəyi rəngli maddəni və bir ədəd ağ rəngli sellofan bükümdə içərisində yaşıl rəngdə ot şəkilli kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddələrin narkotik vasitə hesab edilən marixuana və heroin olduğunu, həmin maddələri 700 manata şəxsi istifadəsi üçün İran İslam Respublikasının vətəndaşından əldə edərək üzərində saxlamaqla daşıdığını bildirmişdir. Həmin maddələr qablaşdırılıb möhürlənərək götürülmüşdür (İ cild, səh. 29-30). 15.«Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında» 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 5,343 qram narkotik vasitə heroin və 60,100 qram narkotik vasitə qurudulumuş marixuana maddi sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,293 qram narkotik vasitə hesab olunan heroin, 60,00 qram narkotik vasitə qurudulumuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (İ cild, səh. 161). 16.«Sübutların qiymətləndirilməsi haqqında» 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın keçirilməsinin görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (İ cild, səh. 151-110). 17.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sol diz nahiyyəsində 5-6 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yara, hər iki saidin ön səthində çoxsaylı köhnə çapıq toxuması, hər iki qasıq büküşündə postinyeksion döyənəklər aşkar edilmişdir. 18.«Cinayət işi başlanmasının rədd edilməsi haqqında» 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tibbi müayinəsi zamanı sol diz nahiyyəsində qərtməkli yara xəsarəti aşkar olunması ilə bağlı polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə daxil olmuş məlumat əsasında toplanmış 40C24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir (İ cild, səh. 120- 121). 19.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 16). 20.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 4(008)- 889/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 06 dekabr 2023cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 88-90). 21.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 1(003)-383/2020 nömrəli hökmündən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 7(003)-670/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər: 1.Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 29 mart 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 200 saat ictimai işlər cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 iyun 2010-cu il tarixli qərarı ilə 200 saat ictimai işlər cəzası 16 gün azadlıqdan məhrum etmə cəzası ilə dəyişdirilmiş, 03 iyul 2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 2.Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 noyabr 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 3.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 yanvar 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 4.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 83 gün müddət bir günə iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 2 il 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 7(003)-670/2022 nömrəli qərarı ilə “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasınınn Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il azaldılmışdır (İ cild, səh. 101-103, 107-116). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
22. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 23.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 24.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 25.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 26.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 27.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 28.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 29.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 30.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 31.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Həmin siyahının 109.1-ci bəndinə əsasən yuxarı həddi 500 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. 32.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlaması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 33.Məhkəmə, təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 34.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi xalasıoğlunu qorumaq üçün narkotik vasitəni üzərinə götürməsi barədə ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs xalasıoğlu Sərxan Əlizadə ümumiyyətlə polis bölməsinə aparılmamışdır. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edildiyi, məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmündə də eyni məzmunlu ifadə vermişdir. 35.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 36.Belə ki, «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tibbi müayinəsi zamanı sol diz nahiyyəsində qərtməkli yara xəsarəti aşkar olunması ilə bağlı polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə daxil olmuş məlumat əsasında toplanmış 40C24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 37.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X6rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 38.Məhkəmə təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olmaması məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 39.Məhkəmə həmçinin müdafiəçinin vəsatətinə əsasən dinidirilmiş şahid X5 ifadəsinə münasibətdə qeyd edir ki, onun təqsirləndirilən şəxsin qohumu olmaqla xeyrinə ifadə verməsi istisna olunmur. 40.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 41.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 42.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 43.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 44.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 45.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 46.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 47.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 48.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 49.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 50.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 51.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 52.Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 29 mart 2010-cu il tarixli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2011-ci il tarixli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli və 01 dekabr 2020-ci il tarixli hökmləri ilə məhkum edildiyi cinayət əməllərinə münasibətdə məhkumluğu ödənilmişdir. 53.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və qanunvericiliyin residivə görə cəza təyini ilə bağlı tələblərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 54.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 55.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 56.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 57.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 58.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 06 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. 59.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 60.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 61.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 62.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,293 qram çəkidə narkotik vasitə heroinin və 60,00 qram çəkidə narkotik vasitə qurudulumuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 63.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 64.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 65.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 158 (yüz əlli səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 66.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 67.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 68.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun hesabına ödənilməlidir. 69.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 06 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 158 (yüz əlli səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 5,293 qram narkotik vasitə heroin və 60,00 qram narkotik vasitə qurudulumuş marixuana məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Siyavuş Hacıyev
3. Vüqar Quliyev