Məhkəmə qərarları › İş №1(101)-1555/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1555/2024

31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1555/2024 31.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 1(010)-144/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-341/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qərarına əsasən, təyin edilmiş 01 il 07 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 (doqquz) ay 14 (on dörd) gün hissəsi 04 (dörd) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2si, 1-ci korpus, 6-cı bina, 36-cı giriş, 1 nömrəli mənzildə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəmnində insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 27 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs ilə telefonla danışarkən Zərərçəkmiş şəxs onun ünvanına söyüş söydüyü üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida yaşayış sahəsi, Mida yaşayış kompleksi 1-ci korpus 6 nömrəli binanın qarşısına onu kənara çəkib söhbət edərkən Zərərçəkmiş şəxs bir neçə dəfə yumruqla onu vurması səbəbindən aralarında şəxsi münasibətlər zəmnində yaranmış münaqişə zamanı üzərində olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən xüsusi təyinatlı cib bıçağı ilə qəsdən bir neçə dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs nazik bağırsağın və enən çənbər bağırsağın zədələnmələri ilə müşayiət olunan qarının sol ön divarının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, habelə ənsə nahiyəsinin kəsilmiş yarası, sol gözün ağlı qişasının qansızması ilə nəticələnən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, idmançıdır və ağır atletika üzrə çempiondur, o, İsveçrə, Malaziyada keçirilən yarışlarda iştirak edərək 1-ci yerə çıxmışdır. O, Zərərçəkmiş şəxs tanıyır. O, Mirzəyə telefon satmışdır. Telefonla bağlı Mirzə ona zəng edərək telefonun xarab olduğunu demiş, o, Mirzəyə telefonun xarab olmadığını demişdir. Onların arasında mübahisə yaranmış və Mirzə ona söyüş söymüşdür. 27 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Mirzə ilə telefonda yenə mübahisələri yaranmış və o Mirzəni görüşə çağırmışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Mirzə ilə görüşüb ona söyüş söydüyünə görə üzərində gəzdirdiyi bıçaqla Mirzənin qarnının sol hissəsindən vurmuşdur. O, əməlindən peşman deyil. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki,o, zərərçəkmiş şəxsə qarşı söyüş söyməmişdir. Məhkəmə iclasında iştirak etməsi üçün iş üzrə Zərərçəkmiş şəxs dəfələrlə məlumat verilmiş, şəxsin məhkəməyə gətirilməsi barədə müvafiq məcburi gətirmə haqqında qərar qəbul edilmişdir. Məhkəmə-elektron informasiya sistemindən sərhədkeçmə çıxarışından görünür ki, Zərərçəkmiş şəxs 17 aprel 2024-cü il tarixdə Respublika sərhədini Minvod istiqamətində çıxmış və ölkə ərazisinə qayıtmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, Ümidvar adlı şəxsi Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən tanıyır. Onunla aralarında Ümidvarın ona satdığı telefonla bağlı mübahisə olmuşdur. Ümidvar ona «Samsung» markalı telefon satmışdır. Telefon xarab olduğu üçün o Ümidvarla telefonda əlaqə saxlayıb danışarkən onun ünvanına söyüş söymüşdür. Buna görə aralarında sözlə mübahisə olmuşdur. 27 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Ümidvar ilə telefonla danışarkən aralarında sözlə mübahisə yaranmış və Ümidvara olduğu yerin ünvanını ona atmasını demişdir. Ümidvar ona məkan atıb həmin yerə gəlməsini bildirmişdir. O da məkana uyğun öz avtomobili ilə dostları Firuz və Əbdülrəhmanla birlikdə həmin yerə getmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Mida» yaşayış sahəsinə gəlmiş və avtomobildən düşüb Ümidvarla görüşmüşdür. Orada Ümidvardan başqa tanıdığı Sənan və Orxan olmuşdur. O və Ümidvar bir qədər kənara tənha bir yerə çəkilib orada söhbət etməyə başlamışlar. Digərləri isə onlardan təxminən 50-60 metr aralıda gözləmişlər. O Ümidvara ona satdığı telefonun xarab çıxdığını və onu aldatdığını demişdir. Ümidvar isə ona telefonu onun xarab etdiyini demişdir. Bu vaxt aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı Ümidvar onu yumruqla vurmaq istəmişdir. Lakin ondan qısa boylu olduğu üçün vurmağa imkan verməmişdir. Ona bir neçə dəfə yumruq və təpiklə bədəninin müxtəlif yerlərindən vurmuşdur. Ümidvar ona gücünün çatmadığını gördükdə cibindən çıxardığı bıçaqla onu qorxutmaq istəmişdir. Lakin onun qorxub geri çəkilmədiyini gördükdə bıçaqla bir dəfə qarnının sol hissəsindən vurmuşdur. Həmin vaxt bıçaq Ümidvarın sağ əlində olmuşdur. Ümidvar onu bıçaqla bir dəfə vurduqda ciddi ağrı hiss etməmiş, onunla davanı davam etdirmişdir. Bu vaxt Ümidvar onun başının sol yan hissəsindən bıçaqla vurmuşdur. Onların səs-küyünə kənarda gözləyən Firuz, Əbdülrəhman, Sənan və Orxan hadisə yerinə gəlib çıxmışlar. Həmçinin İntiqam səs küy eşidib həmin yerə gəlmişdir. İntiqam Ümidvarı, Firuz isə onu aralaşdırmışdır. Həmin vaxt hava qaranlıq olmuşdur. O İntiqam və Firuz onları aralaşdırdıqdan sonra Ümidvara onunla sonra danışacağını demiş və avtomobilinə əyləşib tək oradan uzaqlaşmışdır. Firuz və Əbdülrəhman orada qalmışlar. Avtomobildə olarkən üzərində qan ləkələrinin olduğunu və qarnından qan gəldiyini görmüşdür. O dərhal avtomobili Hövsan qəsəbəsində yolun kənarında saxlayıb tanımadığı bir şəxsdən onun üçün X9 avtomobili çağırmasını xahiş etmişdir. Qan itirdiyi üçün halsızlaşmış və yerdən oturmuşdur. X9 avtomobili gəlib onu 3 saylı şəhər klinik xəstəxanasına aparmışdır. Orada əməliyyat edilmişdir. Ayılıb özünə gəldikdə Ümidvar və İntiqamın polis tərəfindən saxanıldığını öyrənmişdir. Onu hadisə vaxtı bıçaqla Ümidvar vurmuşdur. İntiqam onunla dalaşmamış və onu vurmamışdır. O xəstəxanadan çıxdıqdan sonra Suraxanı rayon polis idarəsinə gəlmiş və işin istintaqını aparan Ramil adlı müstəntiqlə görüşmüşdür. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, dostudur. O, zərərçəkmiş şəxsi tanımır. O, Ümidvar və digər dostları axşam saatlarında görüşərək bir yerdə oturub yemək yeməyi planlaşdırmışlar. 27 sentyabr 2023-cü il tarixdə gecə saat 00:00-01:00 radələrində Ümidvar və Mirzə arasında qalmaqal baş vermiş, Ümidvar Mirzəni bıçaqlamış, lakin qaranlıq olduğundan o hadisəni aydın görməmişdir. Sonra Ümidvarla evə getmişlər və Ümidvara polisə gedərək təslim olmağını bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, onlar bir yerdə yemək yeyəcəkmiş. Sonra Ümidvar telefonda danışaraq Mirzə ilə mübahisə etmiş, sonra onlar Mirzə ilə görüşmüş və bu hadisə baş vermişdir. O, Ümidvarın Mirzəni vurma anını görməmişdir. O, Ümidvar və Mirzə arasında hansı məsələ ilə bağlı mübahisə olduğunu bilmir. Ümidvar telefonda mübahisə edəndən sonra onlar mübahisənin nə olduğunu deməmişdir. Onlar sadəcə Ümidvarın yanında Mirzə ilə görüşmüşlər. Mirzə idmançıdır və hər kəsə nümunə olan şəxsdir. O, narkotik vasitələrdən istifadə etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs tanıyır. Onlar ikisi də idmançıdır. 27 sentyabr 2023-cü il tarixdən 28 sentyabr 2023-cü il tarixə keçən gecə Ümidvar ona zəng edərək harda olduğunu soruşmuşdur. O, Ümidvara evdə olduğunu demişdir. Ümidvar onların evə gələcəyini demişdir. Ümidvar evə gəlmişdir. Ümidvar telefonda kiminləsə danışaraq qarşılıqlı söyüş ifadələr işlətdərək liftə minib getmişdir. O, hadisəni görməmişdir. O, Ümidvarın arxasınca gedib çatana kimi artıq hadisə baş vermişdir. O, narkotik vasitələrdən istifadə etmir. Ümidvarın əlində bıçaq olduğu yadında deyil. Şahid3 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza və əlyazma ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 58-60-cı vərəqələrində olan ifadəsində Şahid3 aşağıdakıları göstərmişdir: «...Telefon mübahisəsindən 5 dəqiqə sonra Ümidvar evi tərk etmişdir. Ümidvar evi tərk etməzdən əvvəl Mirzə ilə danışdığını və onunla görüşəcəyini bilmişdir. O Ümidvardan təxminən 5-7 dəqiqə sonra evi tərk etmiş, aşağı düşmüş, Mirzənin Ümidvarla əlbəyaxa olduğunu, Ümidvarın isə artıq Mirzəni bıçaqla yaraladığını görmüşdür. Ətrafda Mirzə ilə gələn dostları Firuz və Əbdülrəhman, eləcə də Ümidvarın dostları Sənan və Orxan olmuşdur. Həmin şəxslər yalnız onları aralamaqla baş vermiş hadisəyə müdaxilə etmiş, onlar başqa heç bir hərəkət etməmişlər. O Ümidvarın əlində bıçağı görmüş, cəld Ümidvarın qabağına çıxıb onu sakitləşdirmiş, hadisənin daha da dərinləşməsinə imkan verməmişdir. ...O Ümidvar, Orxan və Sənan onun evinə qalxmışlar. Orada Ümidvar üzərində olan 2 ədəd bıçağı yataq otağındakı yumrulanmış xalçanın içinə ataraq gizlətmiş və qana bulaşmış üst başını təmizləməyə başlamışdır. Mənzildə Ümidvarın anlatdıqlarından başa düşmüşdür ki, onun Mirzə ilə xeyli vaxtdır ki, intriqası yaranıb və bu intriqa xeyli vaxtdır ki, davam edir. Mirzə Ümidvarı nəlayiq söyüşlərlə təhqir etdiyinə görə, Ümidvar onu cəzalandırmış və bıçaqla vurmuşdur. Onların aralarındakı intriqanın səbəbi isə hansısa «mobil telefonla» bağlı olmuşdur. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, imza onun imzasıdır. O, oxumadan protokolu imzalamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 ifadəsindən görünür ki, o İİ Qarabağ müharibəsi zamanı Tərtər və Ağdərə istiqamətində gedən döyüşlərdə əsgər kimi iştirak etmişdir. Mirzəni 2020-ci ildə əsgərlikdə olduğu zaman tanımış və onunla aralarında dostluq münasibəti olmuşdur. Ümidvar və İntiqamı təxminən 6 ilə yaxındır ki, tanıyır və onlarla aralarında bu hadisəyə kimi həmişə normal münasibət olmuşdur. Əbdülrəhmanı uşaqlıqdan tanıyır, onunla uşaqlıqdan dostluq edirlər. Orxan və Sənanı isə qiyabi olaraq tanıyır və üzdən tanısa da, aralarında heç bir münasibət olmamışdır. Təxminən bir ay bundan əvvəl Mirzə ilə birlikdə Yeni Suraxanı qəsəbəsində yerləşən Məscidin qarşısında dayanıb söhbət edən zaman Ümidvar onlara yaxınlaşmış və salamlaşdıqdan sonra bir ədəd “Samsung A54” markalı və bir ədəd “Samsung A4” markalı mobil telefonu göstərib ailə üzvlərinə məxsus olduğunu, hazırda ailəsinin maddi ehtiyacı yarandığı üçün həmin mobil telefonları satmaq istədiyini, lakin şəxsiyyət vəsiqəsi olmadığı üçün sata bilmədiyini bildirmiş və ondan öz şəxsiyyət vəsiqəsi ilə mobil telefonları satmağını xahiş etmişdir. Mirzə isə onunla razılaşmış və telefonu ondan almışdır. Lakin sonradan Mirzə ona Ümidvarın ona satdığı telefonun xarab çıxdığını demişdir. Bu hadisədən təxminən bir ay keçdikdən sonra 27 sentyabr 2023-cü il tarixdə gecə Mirzə və Əbdülrəhman ilə birlikdə Yeni Suraxanı qəsəbəsində olan zaman Mirzə Ümidvara zəng edərək onunla danışmışdır. Onlar telefonda danışan zaman bir-birinin ünvanına nalayiq ifadələr işlətmişlər. Bu vaxt Mirzə Ümidvardan harada olmasını soruşmuşdur və yerini ona deməsini bildirmişdir. O Mirzə və Əbdülrəhman Mirzənin “Kia Rio” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ümidvarın dediyi kimi Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Sosial evlər”in arxasına getmişlər. Həmin yerə çatanda Ümidvarın yanında Orxan və Sənanın olduğunu görmüşlər. Onlara yaxınlaşmış və görüşmüşlər. Bundan sonra Ümidvar Mirzənin qolundan tutub kənara çəkərək söhbət etməyə başlamışdır. Onlar isə kənarda gözləmişlər. Söhbət zamanı qəflətən Ümidvar və Mirzə bir-biri ilə əlbəyaxa olmuş və dalaşmağa başlamışlar. Bunu gördükdə o, Əbdülrəhman, Sənan və Orxan qaçıb onlara yaxınlaşmış və onları aralaşdırmaq istəmişlər. Bu vaxt İntiqam səsə həmin yerə gəlib çıxmışdır. İntiqam Ümidvarı aralaşdırıb kənara çəkmişdir. O Mirzənin qarnından qan gəldiyini görmüşdür. Mirzə avtomobilinə əyləşib tək şəkildə oradan uzaqlaşmışdır. Daha sonra o Ümidvarın dava zamanı Mirzəni bıçaqla vuraraq ona xəsarət yetirdiyini bilmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid4 ifadəsindən görünür ki, Şahid3 onun oğludur. 27 sentyabr 2023-cü il tarixdə təxminən saat 23 radələrində yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida yaşayış kompleksindəki evində olarkən oğlu İntiqam ona tanışı Ümidvarın onlara gələcəyini demiş, o isə buna etiraz etməmişdir. Bu söhbətdən təxminən 30 dəqiqə sonra Ümidvar onlara gəlmişdir. Ümidvar həmin vaxt telefonla danışmış və telefonda kiminləsə mübahisə etmişdir. Ümidvar evə gəldikdən 1-2 dəqiqə sonra, yəni telefonla danışa-danışa çölə çıxmışdır. Təxminən 5-6 dəqiqədən sonra oğlu İntiqam da çölə çıxmışdır. Çox keçməmiş İntiqam və Ümidvar evə gəlmişlər. Ümidvarın əli və paltarı qanlı olmuşdur. O həmin vaxt qorxmuş və nə baş verdiyini soruşduqda Ümidvar Mirzə adlı tanışını 2 dəfə bıçaqla vurduğunu demişdir. Bundan sonra Ümidvar hamama keçmiş və əlini yumuşdur. Bundan sonra o Ümidvara polisə təslim olmasını demişdir. Ümidvar da ona polisə təslim olmağa getdiyini demişdir. Bundan sonra Ümidvar və İntiqam küçəyə çıxıb 30-cu polis şöbəsinə getmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılaraq İntiqamı və Ümidvarı 30-cu polis şöbəsinə aparmışlar. O polis əməkdaşlarından İntiqamı hansı səbəbə görə şöbəyə apardıqlarını soruşduqda onlar İntiqam və dostu Ümidvarın bir nəfər şəxsi, yəni Mirzəyə bıçaqla xəsarət yetirdiklərini bildirmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 30-cu PŞ-nin məsul növbətçisi, polis mayoru Rövşən Rəhimlinin 28 sentyabr 2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü ildə saat 00:15-də «Mida» yaşayış kompleksində bir qrup şəxsin münaqişə etməsi, Zərərçəkmiş şəxs bıçaqlanması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 5-9-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Mida» yaşayış sahəsi, «Mida» yaşayış kompleksi 1-dəki 6 nömrəli binanın qarşısıdır. Hadisə yerindən qanabənzər ləkələrdən 03 ədəd nümunə götürülmüşdür. Baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 23-27-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid3 faktiki yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Mida» yaşayış sahəsi, «Mida» yaşayış kompleksində yerləşən mənzilə baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcəyindən evdən aşkar edilmiş 02 ədəd qatlanan bıçaq götürülmüşdür. Cinayət işinin 1-ci cild 213-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 30-cu PŞ-nin 28 sentyabr 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 245-246-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd şəffaf sellofanda narkotik vasitəyə bənzər büküm aşkar edilmiş və götürülmüşdür. Cinayət işinin 2-ci cild 4-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5121 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №194 dairəvi möhür əksləri, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,861 qram olan kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Cinayət işinin 2-ci cild 64-65-ci vərəqələrində olan Bakı şəhəri Suraxanı RPİ-nin İŞnin baş müstəntiqi, polis mayoru X3 02 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.1 və 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cild 191-193-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Patoloji Anatomiya birliyi Publik Hüquqi şəxsinin 16 oktyabr 2023-cü il tarixli 948 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: nazik bağırsağın və enən çənbər bağırsağın zədələnmələri ilə müşayiət olunan qarının sol ön divarının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası və ənsə nahiyəsinin kəsilmiş yarası, sol gözün ağlı qişasının qansızması. Qeyd olunan qansızma bərk küt əşyanın, digər xəsarətlər deşici-kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023- cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə qarının daxili orqanların zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir; ənsə nahiyəsinin kəsilmiş yarası və sol gözün ağlı qişasının qansızması hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Cinayət işinin 3-cü cild 82-85-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Patoloji Anatomiya birliyi Publik Hüquqi şəxsinin məhkəmə kriminalistik ekspertizasının 22 fevral 2024-cü il tarixli 53/2024- MTKŞ saylı rəyindən görünür ki, təqdim olunmuş iki ədəd bıçaq zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. Cinayət işinin 2-ci cild 215-217-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 yanvar 2024-cü il atrixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs hadisə vaxtı Təqsirləndirilən şəxs bıçaqla onu vurduğunu bildirərək, sonuncunu ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 3-cü cild 73-80-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 fevral 2024-cü il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisəni əyani surətdə göstərmişdir. Cinayət işinin 3-cü cild 86-99-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 22 fevral 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət təqibi üzrə icraata hissəvi xitam verilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1 və 126.2.1-ci maddələrindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilmiş; Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 126.2.1-ci maddələri ilə başlanılmış cinayət təqibinə xitam verilmişdir. Cinayət işinin 3-cü cild 101-103-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 22 fevral 2024-cü il tarixli qərarından görünür ki, hazırki cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək, zərərçəkmiş şəxsi vurduğunu etiraf etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünün etirafını, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 131-132-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 15 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Lakin, cinayət işinin 3-cü cild 29-42-ci vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 1(010)-144/2022 nömrəli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1ci maddələri ilə təqsirli bilinərək, qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş 21 may 2024-cü il tarixli, 217325/21-1/17 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-341/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 07 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 (doqquz) ay 14 (on dörd) gün hissəsi 04 (dörd) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-341/2023 nömrəli, 27 iyul 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 07 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 (doqquz) ay 14 (on dörd) gün hissəsi 04 (dörd) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-341/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qərarı ilə təyin edilmiş 04 (dörd) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə müvafiq olaraq hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" qərarında göstərilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci il tarixli plenum qərarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.2-ci maddəsinin mənasına görə, davam edən cinayətin birinci epizodunun şəxs tərəfindən başqa cinayət üzrə hökm çıxarılmazdan əvvəl törədildiyi və həmin hökm qanuni qüvvəyə mindikdən sonra davam edərək başa çatdırıldığı halda, cinayət hökm qanuni qüvvəyə mindikdən sonra törədilmiş hesab edilməli və cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-341/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 04 (dörd) ay 22 (iyirmi iki) gün müddəti Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-ci maddəsində qeyd edilmişdir ki, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə residiv nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, lakin, cinayətin residivini yaratmır. Cinayət işinin 2-ci cild 200-203-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi şəxsinin kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 02 dekabr 2023-cü il tarixli 3351 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Kinlilik, inadkarlıq, emosionallıq, təhqirə qarşı həssaslıq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar olunmamış, lakin özünü psixoloji müdafiə etmək məqsədilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Cinayət işinin 3-cü cild 24-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Suraxanı RİHB-nın Yeni Suraxanı qəsəbə İƏD üzrə nümayəndəliyindən daxil olmuş 24 yanvar 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Həmçinin məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müddətinin əvvəli 28 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 226-cı vərəqəsində olan 28 sentyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 44-45-ci vərəqələrində olan Bakı şəhəri Suraxanı RPİ-nin İŞnin müstəntiqi, polis leytenantı X1 30 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 69-70-ci vərəqələrində olan 30 sentyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 93-97-ci vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 4(010)-380/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 sentyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut qismində tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 1 ədəd bıçaq məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-341/2023 nömrəli, 27 iyul 2023cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 04 (dörd) ay 22 (iyirmi iki) gün müddəti Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut qismində tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 1 ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar