Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1557/2023 23.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X10 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, üzərində ödənilməmiş məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 4, mənzil 90-da qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda təmiz çəkisi 6,340 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib üzərində saxlamaqla daşımış və xx.xx.2023-cü il tarixdə, saat 17:30-da Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilərək orada videoçəkiliş aparılmaqla, üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarının arxa sağ cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,340 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü ildə yaşadığı evdə təmizlik işləri apardıqdan sonra antena kabellərini zibil qutusuna atmaq üçün evdən çıxmışdır. O, yaşadığı binanın blokundan çıxdıqdan sonra həyətdə bir nəfərin ona doğru yaxınlaşması ilə bağlı əl hərəkətləri etdiyini görmüşdür. Bu zaman o, anlamışdır ki, həmin şəxs onun arxasınca gəlmişlər. Həmin vaxt o, tanıdığı bəzi dindar insanların tutulduğunu eşitdiyi üçün özünün də tutulacağını əvvəlcədən yəqin etmişdir. Bir nəfər şəxs ona yaxınlaşaraq “rəis səni görmək istəyir” demişdir. O da heç bir problem olmadığını bildirərək həmin şəxslə birlikdə Polis bölməsinə getməyə razılıq vermişdir. O, yaxınlaşan şəxsdən əynini dəyişmək üçün icazə istəsə də, həmin şəxs Polis bölməsində onun sorğu-sual edildikdən sonra buraxılacağını bildirmiş və ona görə də əynini dəyişmək üçün yaşadığı evə getməsinə icazə verməmişdir. Həmin vaxt o, artıq kabelləri zibil qutusuna atmışdır. Sonra o, polis maşınına oturaraq həmin şəxslə Nərimanov RPİ-nin 17-ci Polis bölməsinə getmişdir. Həmin bölməyə çatdıqdan sonra polis əməkdaşları onu Nərimanov RPİ-nin 17-ci Polis bölməsinin rəisinin otağına aparmışlar. 17-ci Polis bölməsinin rəisi ona əvvəllər məhkum olunub-olunmaması ilə bağlı sual vermişdir. O da hicab aksiyasında iştirak etdiyi üçün əvvəllər bir dəfə məhkum olunduğunu bildirmişdir. Daha sonra rəis ona “artıq yuxarıdan tapşırıblar, sən yenidən içəri getməlisən” deyə bildirmişdir. Sonra polis əməkdaşları onu Nərimanov RPİ-nin 17-ci Polis bölməsinin rəisinin otağından çıxararaq aşağı mərtəbələrdəki otaqların birinə aparmışlar. Həmin otaqda o, narkotik vasitələri boynuna götürməkdən imtina etmiş və polis əməkdaşlarına “ondansa silah və ya dövriyyəsi qanunla qadağan olunmuş başqa əşyalar verin, onların mənə məxsus olduğunu boynuma götürüm” demişdir. Nərimanov RPİ-nin 17-ci Polis bölməsində 3 fərqli vəkildən sonra, artıq 4-cü vəkilin iştirakı ilə saat 21:00 radələrində keçirilən videoçəkilişdə o, 01 qram narkotik vasitənin ona məxsus olduğunu boynuna almışdır. Daha sonra məhkəməyə getdikdən sonra ona məlum olmuşdur ki, Nərimanov RPİ-nin 17-ci Polis bölməsində onun boynuna götürdüyü narkotik vasitə 06 qramdan çox olmuşdur. O, bu barədə dövlət hesabına təmin olunduğu vəkilə demişdir ki, onun boynuna götürdüyü narkotik vasitənin miqdarı əslində 01 qram olmuş, lakin polislər onun boynuna daha artıq miqdarda narkotik vasitə qoymuşlar. O, boynuna götürdüyü narkotik vasitənin 06 qramdan çox olduğunu öyrəndikdən sonra ibtidai istintaq zamanı heç bir sənədə qol çəkməmişdir. Videoçəkiliş zamanı o, boynuna götürəcəyi narkotik vasitənin miqdarının 01 qram olduğu üçün bununla razılaşmışdır. Onun başına gələn hadisələrin səbəbi onun dindar olmasıdır. O, heç bir narkotik vasitə almamış və satmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinin sahə inspektoru Şahid2 ilə birlikdə Nərimanov rayonu ərazisində xidməti vəzifələrini icra edərkən həmin ərazidə Təqsirləndirilən şəxs görmüşdür. Təqsirləndirilən şəxs hərəkətləri şübhəli olduğu üçün onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və bundan sonra həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Onların xahişinə əsasən həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qaçmağa meyilli hərəkətlər etdiyindən onlar Təqsirləndirilən şəxs qolundan tutaraq şöbəyə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs də heç bir etiraz etməyərək onlarla birlikdə Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinə getməyə razılıq vermişdir. Nərimanov RPİ-nin 17-ci Polis şöbəsində Təqsirləndirilən şəxs şəxsiyyəti dəqiqləşdirildikdən sonra müəyyən edilmişdir ki, həmin şəxs həqiqətən də Təqsirləndirilən şəxsdur. Daha sonra Nərimanov RPİ-nin 17-ci Polis şöbəsində təhqiqatçının iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroini çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni zibil atmağa gedərkən cibinə qoyduğunu və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini onlara bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il raportdan (cild 1, iş vərəqə 3) görünür ki, həmin gün saat 17:30-da Təqsirləndirilən şəxs Böyükkağa oğlu ünvan 4 ünvanının qarşısında özünü şübhəli apardığına görə polis əməkdaşları tərəfindən Polis şöbəsinə dəvət edilmiş, lakin Təqsirləndirilən şəxs qaçmağa cəhd etmiş və ona görə də saxlanılaraq 17-ci Polis şöbəsinə aparılmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 14) görünür ki, Təqsirləndirilən şəxs Böyükkağa oğlunun şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 21) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Böyükkağa oğlu şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 23) görünür ki, Təqsirləndirilən şəxs Böyükkağa oğlunun üzərinə şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 25-26) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Böyükkağa oğlunun üzərində şəxsi axtarış keçirilmiş və o, əynində olan tünd göy rəngli cins şalvarının arxa sağ cibindən 1 (bir) ədəd şəffaf rəngli bükümdə qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə heroinə oxşar kütləni çıxararaq təqdim etmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2058 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 33-35) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 219” dairəvi möhür əksi olan, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş vəziyyətdə 1 (bir) ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,340 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 46-47) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-498/2023 saylı qərarından (cild 1, iş vərəqə 74-77) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Həmçinin məhkəmə nəzarəti qaydasında həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə məhkəmədə baxılarkən Təqsirləndirilən şəxs vəsatətə münasibət bildirərək üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarı ilə razılaşmamış və aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini qeyd etməklə barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin Ambulator X1 2100 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 97-98) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin istifadə etmə hallan olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 976 saylı məhkəmə-psixiatrik ekspertiza rəyindən (cild 1, iş vərəqə 100-101) görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhliikəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyacı yoxdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 89-90) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233 və 315.2-ci maddələri ilə təqsirli bilinməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2014-cü ildə cəzasının sonu ilə cəzad edilmişdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 108-116) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi, qeyd edilən maddə ilə ona yeni məzmunda ittiham elan edilməsi, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 206.3.2-ci maddələri ilə cinayət təqibinin başlanmasının Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, maddi sübut kimi tanınaraq saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc otağına təhvil verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,290 qram təşkil edən narkotik vasitə heroinin maddi sübut kimi tanınmasının nəzərə alınması, aşkar edilmiş narkotik vasitə heroinin əldə edilməsi mənbəyinə görə ayrıca icraatda cinayət işinin başlanması, 1 (bir) ədəd diskin maddi sbüut kimi tanınaraq cinayət işinə əlavə edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 122-123) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin o, ittihamla razılaşmayaraq həmin qərarı imzalamaqdan imtina etmişdir. xx.xx.2021-ci il tarixli Bərdə rayon İcra hakimiyyəti tərəfindən verilmiş fəxri fərmanın surətindən (cild 1, iş vərəqə 214) görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan “Vətən Müharibəsi” dövründə arxa cəbhədə göstərdiyi xidmətlərə görə Təqsirləndirilən şəxs fəxri fərmanla təltif edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi tərəfindən verilmiş fəxri fərmanın surətindən (cild 1, iş vərəqə 213) görünür ki, Təqsirləndirilən şəxs yüksək vətənpərvəliyinə, 44 Günlük Vətən savaşı zamanı arxa cəbhədəki fədakarlığına, şəhid olmuş hərbçilərin ailə üzvlərinə göstərdiyi qayğı və mənəvi dəstəyə görə fəxri fərmanla təltif edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar vermiş, vəsatətlər vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmartan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmartan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmartan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham üzrə təqsirli olub-olmaması, olduğu halda onun əməlinə hüquqi qiymət verilməsi və əməlinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə onun tutulmasından əvvəl baş vermiş halların aydınlaşdırılmasının zəruri olmasını vacib hesab edir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılanadək əməliyyat orqanına onun narkotik vasitələri əldə etməsi, üzərində saxlaması, gəzdirməsi və satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məsələ ondan ibarətdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanının qarşısında olarkən həmin vaxt orada xidmət aparan polis əməkdaşlarının diqqətini cəlb etmiş, bunun əsasında polis əməkdaşları ona yaxınlaşmışlar və həmin vaxt o, qaçmağa cəhd etdiyinə görə saxlanılaraq 17-ci Polis şöbəsinə aparılmışdır. Başqa sözlə, onun xx.xx.2023-cü il tarixdə saxlanılmasına səbəb özünü şübhəli aparması və polis əməkdaşlarından yayınmaq məqsədi ilə qaçmağa cəhd etməsi olmuşdur. Təqsirləndirilən şəxs nə ibtidai araşdırma zamanı, nə də ki, işə məhkəmədə baxılarkən polis əməkdaşları tərəfindən saxlanıldığı zaman fiziki və sair formada təzyiqə məruz qaldığını bildirməmişdir. Bu hallar isə onun sonrakı hərəkətlərinin təhlilində və həmin hərəkətlərə hüquqi qiymət verilməsində vacib rol oynayır. Məsələ ondan ibarətdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan və 17-ci Polis şöbəsinə aparıldıqdan sonra orada üzərində şəxsi axtarış keçirilərkən əynində olan cins şalvarının cibindən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroini çıxararaq təqdim etmiş və həmin prosessual hərəkət zamanı aşkar edilmiş narkotik vasitə heroinin çəkisini mübahisələndirməmişdir. Əksinə həmin ərəfədə ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərkən o, özünü həmin maddə ilə təqsirli bilməklə etirafedici ifadə vermişdir. Daha sonra onun əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilərkən də o, həmin maddə ilə özünü təqsirli bilərək yenidən etirafedici ifadə vermişdir. Hətta məhkəmə nəzarəti qaydasında Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiq tərəfindən verilmiş vəsatətə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən o, şəxsi axtarış zamanı üzərində narkotik vasitə olmadığını, eləcə də cibindən çıxardığı kütlənin ona aid olmadığını bildirməmiş, əksinə üzərindən aşkar edilmiş narkotik vasitə heroinin çəkisi ilə razılaşmayaraq aşkar edilmiş vasitənin çəkisinin az olduğunu bildirməklə yanaşı, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Faktiki olaraq Təqsirləndirilən şəxs buna imkanı olduğu halda məhkəmə nəzarəti qaydasında həbs məsələsinə baxılarkən polis əməkdaşları tərəfindən saxlanılarkən və şəxsi axtarış keçirilərkən üzərində narkotik vasitə heroinin olmasını inkar etməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, o, cibindən 1 (bir) ədəd bükümü çıxararaq masanın üstünə qoymuş, həmin vaxt təhqiqatçı tərəfindən həmin bükümlə bağlı verilmiş suala cavab olaraq bildirmişdir ki, “deyilənə görə narkotik vasitə heroindir”. Təqsirləndirilən şəxs göstərilən diskdə əks olunmuş video qeydə məhkəmədə baxış keçirilərkən həmin video qeydə istinad edərək üzərində olan narkotik vasitə heroinin ona məxsus olmadığını bildirmiş, bunun əsası kimi isə həmin vaxt “deyilənə görə narkotik vasitə heroindir” kimi məzmunda işlətdiyi sözləri göstərmişdir. Bu hissədə qeyd edilməlidir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin vaxt əynində olmuş cins şalvarının cibindən 1 (bir) ədəd bümükdə narkotik vasitə heroini çıxararaq masanın üstünə qoyması cinayət işinin mübahisəsiz halıdır. Eyni zamanda Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı “deyilənə görə narkotik vasitə heroindir” kimi məzmunda fikrini bildirməsi həmin vasitənin ona məxsus olmaması mənasına gələ bilməz. Əksinə məhkəmə belə nəticəyə gəlir ki, o, üzərindən aşkar edilmiş narkotik vasitə heroini əldə edərkən həmin vasitəni narkotik vasitə heroin adı ilə əldə etmiş və həmin narkotik vasitəni istifadə etməyə macal tapmadan polis əməkdaşları tərəfindən saxlanıldığından üzərinə şəxsi axtarış keçirilən zaman yuxarıda göstərilən məzmunda fikrini bildirmişdir. Ən əsas məsələ isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs ittihamı ancaq ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə ititham elan edildikdən sonra mübahisələndirməyə başlamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə nisbətdə daha yüngül cəza nəzərdə tutan maddələr ilə ittiham olunduğu halda irəli sürülmüş ittihamla razılaşaraq etirafedici ifadə vermiş və yalnız Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona ititham elan edildikdən sonra ittihamı mübahisələndirməklə öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib inkaredici ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Məhkəmə belə nəticəyə gələrkən həmçinin ona istinad etmişdir ki, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiq tərəfindən verilmiş vəsatətə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən o, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə heroinin aşkar edilməməsini bildirməmiş, bunun əksinə olaraq, üzərindən aşkar edilmiş narkotik vasitə heroinin çəkisi ilə razılaşmayaraq aşkar edilmiş vasitənin çəkisinin az olduğunu bildirməklə yanaşı, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini də bildirmişdir. Bundan sonra həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra dəfələrlə etirafedici ifadələr vermişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:30-da Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında özünü şübhəli apardığına və polis əməkdaşlarından qaçmağa cəhd etdiyinə görə saxlanılması, sonra ünvan 2 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci PŞ-nə aparılması, orada videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilməsi, şəxsi axtarış zamanı onun əynində olan tünd göy rəngli cins şalvarın arxa sağ cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,340 qram narkotik vasitə heroinin aşkar edilərək götürülməsi məhkəmə araşdırması zamanı tam şəkildə təsdiq olunmuşdur. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə külli miqdarda narkotik vasitə heroin ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqında onun haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda narkotik vasitə heroini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə heç bir araşdırma aparılmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və həmin vaxt onun üzərindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,340 qram narkotik vasitə heroinin aşkar edilməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroinin ona aid olmamasını, ümumiyyətlə həmin vasitədən istifadə etməməsini, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən ona verilməsini iddia etsə də, bununla bağlı inandırıcı məlumat verməmişdir. Yəni həmin narkotik vasitə heroinin kimin tərəfindən, hansı şəraitdə və nə vaxt ona verilməsini açıqlamamış, eləcə də qeyd edilən hissədə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən həqiqətən də onun üzərindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,340 qram olan narkotik vasitə heroinin aşkar edilərək götürülmüşdür. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsini əks etdirən videodiskə baxış keçirilərkən açıq-aşkar məlum olmuşdur ki, o, əynində olan şalvarının cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,340 qram olan narkotik vasitə heroini çıxararaq masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs aid olmayan və əldə edilməsi, saxlanılması və sair hərəkətlər edilməsi cinayət məsuliyyəti yaradan halda həmin vasitəni könüllü şəkildə cibindən çıxarıb masanın üstünə qoymasının heç bir məntiqli və ağlabatan cavabı yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən həqiqətən də 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 6,340 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur. Cinayət işinin materiallarında olan raportdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılmasına səbəb onun polis əməkdaşlarından yayınması və qaçmağa cəhd etməsi olmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulanadək onun narkotik vasitələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə satması, narkotik vasitələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitə əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni əməliyyat orqanı onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv və dəqiq məlumata sahib olmamışdır. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində və verilən suallara cavab olaraq bildirmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamış, habelə sonradan əməliyyat yolu onun kiməsə narkotik vasitələr satması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri əldə etməsi, qeyd edilən vasitələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən 1 (bir) ədəd bükümdə külli miqdarda narkotik vasitə heroinin aşkar edilməsi özü-özlüyündə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, yəni “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə etməsi, üzərində saxlayaraq daşıması, xx.xx.2023cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun üzərindən külli miqdarda, ümumi təmiz çəkisi 6,340 qram olan narkotik vasitə heroinin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin vasitəni məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini satmaq məqsədi ilə deyil, əksinə istehlak etmək üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Göstərilənlər nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən çəkidə narkotik vasitə heroini istehlak məqsədi ilə əldə etməsi daha ağlabatan və inandırıcıdır. Hazırkı cinayət işi üzrə şahid ifadələri kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etməsini və onun həmin vasitələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Təəssüf ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplayıb cinayət işinə əlavə etmədən ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitə heorinin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmartan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs 44 X7 zamanı arxa cəbhədə vətənpərvərlik istiqamətində göstərdiyi fəaliyyətini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal/hallar müəyyən edilmədi. Belə ki, o, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, qanunla müəyyən edilmiş müddət keçdiyindən üzərində ödənilməmiş məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirinin tam sübuta yetirilməsinə dair məhkəmə belə hesab edir ki, ona təqsirli bilindiyi maddə üzrə cəza kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 08 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin istifadə etmə hallan olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Nərimanov rayon Polis İdarəsinin saxlanc otağına saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,290 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 08 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Nərimanov rayon Polis İdarəsinin saxlanc otağına saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,290 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-1557/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1557/2023
23.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver