Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1558/2022 27.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - “Kredo” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər məhkəməsinin 04 iyun 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Prezidentinin 24 may 2018-ci il tarixli 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensİar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 180.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədilə 23 may 2022-ci il tarixdə saat 16:00 radələrində ünvan 2 ünvanda yerləşən 281 saylı tam orta məktəbin yanında piyada hərəkət edən Zərərçəkmiş şəxs əlindən 50 manat dəyərində pul kisəsini içərisində 28 manat nağd pul, içərisində 5 manat balans olan metro kartı, digər mağaza kartları və 01 ədəd qara rəngli satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarlar olmayan və istifadədə olan 170 manat dəyərində “Samsung Galaxy J6+” markalı mobil telefonu üzərində 8 manat dəyərində olan (055) ***-**-** saylı mobil nömrəsi ilə birlikdə dartaraq alıb qaçmaqla Zərərçəkmiş şəxs 261 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,797 qram və 5,117 qram olmaqla, ümumi təmiz çəkisi 7,914 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib üzərində saxlamaqla daşımış və Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 25 may 2022-ci il tarixdə saat 12:00-da ünvan 3 ünvanda saxlanılaraq ərazi üzrə Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-yə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,797 qram və 5,117 qram, ümumi təmiz çəkisi 7,914 qram qəhvəyi rəngli maddə, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam, Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə isə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 may 2022-ci il tarixdə təxminən saat 16 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 281 saylı orta məktəbin yaxınlığında əlində alış-veriş sellofanları ilə piyada gedən və əlində pul kisəsi olan bir nəfər qadının əlindən pul kisəsini alaraq qaçmışdır. Pul kisəsinin içərisində 30 manat nağd pul və “Samsung” markalı mobil telefon olmuşdur. 30 manat pulu və mobil telefonu götürüb pul kisəsini yolun kənarına atmışdır. Mobil telefonun üzərində olan iki mobil nömrəni çıxarıb atmış və mobil telefonu Hövsan qəsəbəsində yerləşən tanımadığı telefon mağazalarından birinə 15 manata satmış və əldə etdiyi pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. 25 may 2022-ci il tarixdə Xətai rayonu, Əhmədli qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün hər biri 20 manat olmaqla cəmi 40 manata iki ədəd bükümdə narkotik vasitə heroin alıb üzərində saxlamışdır. Həmin gün təxminən saat 12 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 17 a saylı binanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, polis şöbəsində şəxsiyyəti müəyyən edildikdən sonra ona videoçəkiliş aparılmaqla üzərinə baxış keçiriləcəyi bildirmişdir. Hüquq və vəzifələri izah edilmiş, sonra xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirilərkən, polis əməkdaşlarının təklifi ilə könüllü olaraq üzərində saxladığı 02 ədəd şəffaf sellofona bükülmüş bükümləri təqdim etmiş və həmin bükümlərdə narkotik vasitə olduğunu bildirmişdir. Narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılaraq möhürlə möhürlənmiş və bu barədə tərtib edilmiş protokol iştirakçılar və onun tərəfindən imzalanmışdır. Narkotik maddələrin satışı ilə məşğul olmamış, yalnız öz istifadəsi üçün narkotik maddəni əldə etmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, sonuncunun əlindən pul kisəsini alaraq qaçmış və heç bir zor tətbiq etməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Törətdiyi cinayət əməllərindən səmimi peşmandır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 23 may 2022-ci il tarixdə təxminən saat 16 radələrində yaşadığı evin yaxınlığında olan “Araz” marketdə bazarlıq etdikdən sonra piyada hərəkət edərək 281 saylı orta məktəbin yanında olan zaman bir nəfər tanımadığı oğlan onunla üzbəüz gəlib ona diqqətlə baxıb yanından ötüb keçmiş və yanından keçdikdən bir neçə saniyə sonra arxadan onun sol əlində olan qara rəngli pul kisəsinin dartıldığını hiss etmiş və geriyə döndükdə yanından keçən həmin tanımadığı oğlanın onun sol əlində olan pul kisəsini dartdığını görmüşdür. Həmin oğlan əlindəki pul kisəsini dartıb alaraq qaçmış, qışqıraraq sonuncunun arxasınca qaçmış və pul kisəsinin içərisində olan telefonu qaytarmasını demiş, lakin həmin oğlan qaçaraq uzaqlaşmışdır. Ətrafda olan tanımadığı şəxslərə həmin oğlanı saxlamalarını desə də kömək edən olmamışdır. Hadisə barədə ailə üzvlərinə və DİN-in 102 xidmətinə məlumat vermişdir. 50 manat dəyərində qara rəngli pul kisəsinin içərisində 28 manat nağd pul, içərisində 5 manat balans olan metro kartı, digər mağaza kartları və iki il əvvəl 490 manata aldığı, hazırda isə 300 manat dəyərində olan və üzərində 8 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung Galaxy J6 Plus” markalı mobil telefon olmuşdur. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 391 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə zamanı ona heç bir xəsarət yetirilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində polis leytenantı rütbəsində xidmət edir. 23 may 2022-ci il tarixdə Hövsan qəsəbəsi, 281 saylı orta məktəbin yaxınlığında baş vermiş soyğunçuluq hadisəsində Təqsirləndirilən şəxs şübhəli olması barədə 25 may 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qurupu yaradılmışdır. Həmin gün saat 12:00-da ünvan 3 ünvanda binanın qarşısında Təqsirləndirilən şəxs əməliyyat qurupu tərəfindən saxlanılaraq 30-cu PŞ-yə gətirilmişdir. PŞ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif olunmuş və sonuncu qara rəngli cins şalvarının sol yan cibindən 02 ədəd bükümü çıxarıb təqdim etmiş və bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və 25 may 2022-ci il tarixdə Əhmədli qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin 02 ədəd büküm götürülərək qablaşdırılmış və keçirilmiş əməliyyat tədbirinə dair tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən hər hansı fiziki və ya psixi təsirə məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 işin faktiki hallarına və Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 3 aya yaxındır ki, Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasmm çıxışında olan “LC Vaikiki” paltar mağazasının arxasında yerləşən kiçik ölçülü mağazanın bir hissəsini icarəyə götürərək mobil telefon alış-satışı ilə məşğul olaraq dolanır. O, işlətdiyi mağazaya mobil telefon satmaq istəyən şəxsdən şəxsiyyət vəsiqəsini alıb özünə məxsus olduğuna əmin olduqdan sonra mobil telefonu yoxlayıb alır. 24 may 2022-ci il tarixdə təxminən saat 18 radələrində işdə olan zaman bir nəfər tanımadığı oğlan mağazaya daxil olaraq əlində bir “Samsung Galaxy J6 Plus” markalı mobil telefon olduğunu və özünə məxsus olduğunu bildirib ehtiyacı olduğu üçün onu satmaq istədiyini demişdir. O da həmin mobil telefonu alıb yoxlamış və üzərində mobil nömrə və ya yaddaş kartı olmadığını müəyyən etmişdir. Bundan sonra həmin oğlana bir daha həmin mobil telefonun özünə məxsus olubolmadığını soruşmuş və həmin şəxs də özünə məxsus olduğunu demişdir. Sonra ondan özünə məxsus şəxsiyyət vəsiqəsini istəmiş və həmin oğlan öz şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. O da həmin şəxsiyyət vəsiqəsinə baxıb özü olduğuna və şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitmədiyinə əmin olduqdan sonra bu mobil telefonu 15 manat pul verə biləcəyini demiş, həmin oğlan da razılaşdığı üçün ona 15 manat verib həmin mobil telefonu almışdır. Hazırda həmin mobil telefon və ona satan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinin onda olduğunu və onu istintaqa təqdim edə biləcəyini qeyd etmişdir. Həmin mobil telefonu ota satan şəxs mobil telefonun özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini demiş, o da inanıb həmin telefonu almışdır. Həmin mobil telefonun cinayət yolu ilə əldə edildiyini bildiyi halda, onu almayacağmı qeyd etmişdir (1-ci cild iş vərəqi 69-71). İşdə olan baxış keçirmə və götürmə haqqında 23 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qarşı törədlimiş soyğunçuluq hadisənin baş verdiyi ünvan 2 ünvanda yerləşən 281 saylı tam orta məktəbin yanına baxış keçirilmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (1-ci cild iş vərəqi 62-64). İşdə olan əşyanın könüllü təqdim edilməsi, baxış keçirilməsi və götürülməsi haqqında 26 may 2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 soyğunçuluq yolu ilə əldə edilərək ona satılmış bir ədəd “Samsung Galaxy A6+” markalı mobil telefonu istintaqa könüllü olaraq təqdim etmiş və həmin mobil telefona baxış keçirilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və fotoşəkil çəkilərək protokola əlavə olunmuşdur (1-ci cild iş vərəqi 72-73). İşdə olan əşyanın tanınması haqqında 26 may 2022-ci il tarixli protokoldan görünür ki, “Samsung Galaxy A6+” markalı mobil telefon zərərçəkmiş şəxsə tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs həmin mobil telefonu tanıyaraq ona məxsus olduğunu və hadisə zamanı açıq yolla talanmış pul kisəsinin içərisində olan mobil telefon olduğunu təsdiq etmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (1-ci cild iş vərəqi 83). İşdə olan 25 may 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 02 ədəd büküm aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (1-ci cild iş vərəqi 31-32) İşdə olan diskə baxış keçirilməsi haqqında 27 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 02 ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu və 25 may 2022-ci il tarixdə Əhmədli qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir (1ci cild iş vərəqi 103). İşdə olan diskə baxış keçirilməsi haqqında 25 may 2022-ci il və 27 may 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi (070) ***-**-** və (050) ***-**-** mobil nömrələri ilə bağlı "xxxx" MMC-dən və "xxxx" MMC-dən alınmış 02 ədəd CD diskə baxış keçirilmiş, bununla bağlı protokolar tərtib edilmiş və cinayət işin materiallarına əlavə olunmuşdur (1-ci cild iş vərəqi 162-167). İşdə olan məhkəmə fiziki-kimyəvi ekspertiza üzrə 6/2954 saylı 25 may 2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №194” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,797 qram və 5,117 qram olmaqla, ümumi təmiz çəkisi 7,914 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (1ci cild iş vərəqi 39-43). İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertiza üzrə 1508 saylı 11 iyun 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs isterik tipli şəxsiyyət pozuntusu qeyd olunur. Onda aşkar edilən “isterik tipli şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Onun törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməllər barəsində anlaqlı hesab edilməlidir, Hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-in 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun əməlləri Azərbaycan Respublikası CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 180- 183). İşdə olan ambulator məhkəmə-narkoloji ekspertiza üzrə 3800 saylı 14 iyul 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 184-185). İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 9/5401 saylı 01 avqust 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertzia tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli, “Samsung Galaxy J6+” markalı mobil telefonu satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla, 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 170.00 manat müəyyən olunur (1-ci cild iş vərəqi 186-188). İşdə olan toplanmış sübutların qiymətləndirilməsi haqqında 3 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və cəmi 7,914 qram narkotik vasitə iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 7,814 qram narkotik vasitə heroin saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, soyğunçuluq yolu ilə əldə edilmiş 01 ədəd “Samsung Galaxy J6+” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və məhkəmə-əmtəəşılnaslıq ekspertizası keçiridikdən sonra zərərçəkmiş şəxsə qaytarılmışdır (1-ci cild iş vərəqi 216- 229). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 28 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin 4 iyun 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Prezidentinin 24 may 2018-ci il tarixli 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (1-ci cild iş vərəqi 168-169). İşdə olan şübhəli şəxsin tutulması haqqında 25 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 10, 25-26). İşdə olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 27 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 128-132). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr)» əsasən narkotik vasitə heroinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; X2 qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, saxladığı və daşıdığı narkotik vasitə heroinin ayrı-ayrılıqda təmiz çəkiləri 2,797 qram və 5,117 qram olmaqla, ümumi təmiz çəkisi 7,914 qram olduğundan külli miqdar təşkil edir. Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında isə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi isə ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur.http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivi isə cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər məhkəməsinin 04 iyun 2013-cü il tarixli hökmünə münasibətdə məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı olaraq məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxslərə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır və ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 180.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə, həmin Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 25 may 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələri edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 180.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə, həmin Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və cəzanın çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 93.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinin tələbinə əsasən, iş üzrə maddi sübutlar - Bakı şəhəri Suraxanı RPİ-də saxlanılan 7,814 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmə hərəkətlərini özündə əks etdirən video görüntülərin köçürüldüyü 1 ədəd DVD disk və mobil telefon operatorlarından alınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi - ekspertiza tədqiqatının dəyəri 115 (yüz on beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinin tələbinə əsasən, cinayət işi üzrə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Suraxanı RPİnin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 7,814 qram narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarış və götürmə hərəkətlərini özündə əks etdirən video görüntüləriin köçürüldüyü 1 ədəd DVD disk və mobil teelfon operatorlarından alınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 115 (yüz on beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1558/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1558/2022
27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver