Məhkəmə qərarları › İş №1(101)-1558/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1558/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1558/2024 08.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı, Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 38 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 07 dekabr 2023-cü il tarixdə saat 00:10 radələrində eyni evdə başqa otaqlarda yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Fərhad Ağazadə (əvvəlki adı ilə Həmid Sultanov) küçəsi, ev 3 ünvanında, onu yaşadıqları evdən çıxararaq həmin evi öz mülkiyyətinə keçirtmək istəyən əvvəl də dəfələrlə bu məqsədlə münaqişə yaratdığı spirtli içkilərin aludəçisi olan qardaşı Zərərçəkmiş şəxs spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə növbəti dəfə onun yaşadığı otağın qapısı önündə durub ünvanına küçə söyüşləri məzmunlu təhqiramiz sözlər işlətdiyindən o, sonuncuya oradan uzaqlaşmasını deyərək əlinin içi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmaqla itələdikdə, sonuncu daha da azğınlaşaraq ona kəllə zərbəsi vurub savaşarkən o, Zərərçəkmiş şəxs itələməklə yıxdıqdan sonra sonuncunun iri cüssəsli olmasını və gücü çatmayacağını düşündüyü üçün həmin otağın pəncərəsinin qarşısındakı dəstəyi qara rəngli plastik materialdan olan soyuq silah hesab olunmayan qatlanmayan mətbəx bıçağını götürüb evdən həyətyanı sahəyə doğru qaçsa da, sakitləşməyərək söyüş söyərək arxasınca gələn Zərərçəkmiş şəxs yenə də ona yumruq-kəllə zərbələri vurub alın nahiyəsinin və üst dodağın selikli qişasının əzilmiş yaralarından ibarət həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərər vurmaya aid, sağ mil-bilək oynağı, sol dirsək oynağı və sağ said nahiyəsinin sıyrıqları yaralarından ibrarət həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan bədən xəsarətləri yetirməsi nəticəsində artıq qardaşı Zərərçəkmiş şəxs dəfələrlə təkrarlanan eyni xarakterli bu hərəkətlərinə dözə bilməyib şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə sonuncu ilə savaşaraq otaqdan götürdüyü və sağ əlində tutduğu mətbəx bıçağı ilə sifət nahiyəsinə və sol qarın nahiyəsinə, əli ilə isə bədəninin müxtəlif nahiyyələrinə ardıcıl zərbələr vuraraq Zərərçəkmiş şəxs qarın nahiyəsinin sol yarısının ön səthinin daxilə nüfuz edərək qarın aortasını, dalağın və yoğun bağırsağın zədələnməsi ilə müşayiət olunan və kəskin qanitirmə ilə nəticələnərək ölümünə səbəb olan yetirilmə anında həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malik deşilmiş-kəsilmiş yarası, sağ yanaq və alın nahiyəsinin sağ və sol yarısının, burun belinin, burun əsasının sağ və sol yarısının, burun qanadının, alt dodağın dərisinin, sağ çənə bucağı nahiyəsinin, qarın nahiyəsinin həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərinə malik kəsilmiş yaraları, alın nahiyəsinin, burun əsasının, sol almacıq nahiyəsinin, burun qanadının, sol yanaq nahiyəsinin həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilməyən sıyrıqlarından ibarət bədən xəsarətləri yetirib cinayətin aləti olan bıçağı evin həyətyanı sahəsinə doğru ataraq küçəyə çıxmış, bir neçə dəqiqə sonra yenidən həyətə qayıtdıqda Zərərçəkmiş şəxs vurduğu yerdə görməyib pəncərədən birgə yaşadıqları evin içərisinə doğru baxaraq Zərərçəkmiş şəxs otağında döşəmədə hərəkətsiz uzandığını görüb cinayətkar məqsədinə nail olaraq, Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun doğma qardaşı imiş. O, subaydır. Qardaşı Vasif də subay imiş. Vasif yaşca ondan böyük imiş. Onların Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində bir evləri var və evin həyətində bir-birinə bitişik üç yaşayış evi var, evin həyətyanı sahəsinə daxil olduqda sol tərəfdən birinci evdə mərhum qardaşı Nazimin arvadı Şahid2, övladı Şahid1 yaşayırlar. Həyətyanı sahəyə daxil olan kimi darvaza ilə üzbəüz yerləşən evdə digər qardaşı Xosrov Fətəliyev tək yaşayır. Həyətyanı sahəyə daxil olan kimi soldan ikinci evdə isə o, mərhum Zərərçəkmiş şəxs və bacısı Nabatxanım Fətəliyeva yaşayır. Qardaşı Vasif spirtli içki qəbul edən biri imiş, o onun narkotik vasitə istifadəçisi olub-olmadığını dəqiq bilmir. Vasif içən və söyüş söyən biri olduğuna görə o Vasiflə çox ünsiyyət qurmurmuş. 07 dekabr 2023-cü il tarixdə Vasif içkili halda onun otağına daxil olub söyüş söymüş və otağın işığını yandırmışdır. O, Vasifə getməyini desə də, Vasif getməmişdir. O da əli ilə Vasifin üzündən vurub onu itələmişdir. Vasif də onu iki əli ilə vurmuşdur. O da Vasifi yerə yıxıb qaçmışdır. Vasif də onun arxasıyca qaçmışdır. Vasif onu bir dəfə yox, bir neçə dəfə vurmuşdur. O, Vasifin onu vurmağını görüb mətbəx bıçağı ilə Vasifə bir dəfə vurmuş, lakin o dəqiqliklə Vasifin qarın nahiyəsindən, yoxsa ürəyindən vurduğunu xatırlamır. O, Vasifi bıçaqlayandan sonra həyətə çıxmış və bir qədər fırlanıb evə gəlmiş və görmüşdür ki, Vasif keçinmişdir. O, Vasifin bıçaqlanandan dərhal sonra yoxsa bir qədər sonra keçindiyini bilməmişdir. Sonra o təcili tibbi yardım çağırmışdır. O, Vasifi bıçaqlayanda məqsədi onu öldürmək deyilmiş. Sadəcə Vasif onu vururmuş, o özünü qorumaq üçün Vasifin ondan əl çəkməsi üçün onu bıçaqlamışdır. Vasif çox vaxt söyüş söyürmüş, məsələn, onların böyüklərinin ünvanına söyüş söyürmüş. Vasif onu söyürmüş və öldümrək istəyirmiş. 20-30 il əvvəl Vasif onu bıçaqla vurduğuna görə məhkum olunmuşdur. O, əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, mərhum Zərərçəkmiş şəxs onun qardaşlarıdır. Təqsirləndirilən şəxs onun kiçik qardaşıdır, Vasif isə yaşca ondan böyük imiş. Onlar ünvan 1 ünvanında bir həyətdə yaşayır. Onların valideynləri də rəhmətə getmişdir. Qardaşı Vasif spirtli içki içən imiş. Bayram isə içki içən insan deyil. Vasiflə Bayram yola getmirmişlər, onların aralarında mübahisə dəfələrlə olurmuş. 07 dekabr 2023cü il tarixdə Vasiflə Bayram arasında mübahisə olarkən o öz evində imiş və hadisəni görməmişdir. Sonra bilmişdir ki, Bayram Vasifi bıçağla vuraraq öldürmüşdür. O, Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun əmisidir, mərhum Zərərçəkmiş şəxs də onun əmisi imiş. Onlar ünvan 1 ünvanında bir həyətdə yaşayırlar. 07 dekabr 2023-cü il tarixdə hadisə baş verən gün o evdə deyilmiş, işdə imiş. Lakin, ona məlumdur ki, əmisi Zərərçəkmiş şəxs içki içən imiş və hər dəfə içki içib əmisi Təqsirləndirilən şəxs üstünə düşürmüş, onunla mübahisə edirmiş. Onlar da hər dəfə onları bir-birindən ayırırmış. O, hadisəni görməmişdir. Əmiləri Vasif və Təqsirləndirilən şəxs hər ikisinin də övladları yoxdur. Əvvəllər Zərərçəkmiş şəxs əmisi Xosrov Fətəliyevi vurmağa görə həbs olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun qaynıdır, zərərçəkmiş şəxsin hüquqi varisi də onun qaynıdır. Vasif həmişə içki içib hamı ilə dalaşırmış. Vasif vaxtı ilə onun həyat yoldaşı ilə də dalaşırmış, həyat yoldaşı Nazimin ürəyi dözməmiş və 2018-ci ildə vəfat etmişdir. Yoldaşı öləndən sonra da Vasif Bayramla dalaşmağa başlamışdır. 06 dekabr 2023-cü il tarixdə o evdə yatmış, o hər hansı səs-küy eşitməmişdir. Bayram oğlu Fətəlini çağıranda səsə yuxudan oyanmış və Bayrama Fətəlinin evdə olmadığını demişdir. Bayram isə Vasifi bıçaqladığını demişdir. O, qorxub evdən qaçaraq baldızıgilin evinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi onun qardaşlarıdır. Rəhmətə gedən qardaşı Vasif yaxşı insan deyilmiş. O, digər qardaşı Nazimdən xahiş etmişdir ki, Vasifi onun evinə göndərməsin. Çünki hər dəfə Vasif onlara gələndə dava salırmış və həyat yoldaşı Vasifin evlərinə gəlməyini istəmirmiş. O, illər imiş ki, qardaşı Vasiflə danışmırmış. Vasif ailələri üçün qara bir yara imiş. 06 dekabr 2023-cü il tarixdə o evində imiş. Həmin gün axşam gəlinləri Reyhan onlara gələrək qorxduğunu, Vasiflə Bayramın dalaşma səs-küylərini eşitdiyini demişdir. Vasif və Bayram tez-tez mübahisə etdiklərinə görə ona bu adi hal kimi gəlmişdir. Lakin sonradan öyrənmişdir ki, Bayram Vasifi bıçaqlamışdır. Bayram günahsızdır, xahiş edir qardaşı Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilsin. Məhkəmə iclasında dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, köhnə adı Həmid Sultanov olan Fərhad Ağazadə küçəsi, ev 3 ünvanında yaşayır. Yaşadığı ünvanda o, qardaşı və anası ilə birlikdə yaşayır. Yaşadığı evin həyatyanı sahəsində 3 ev var. Bir evdə o, qardaşı Fərid, anası Reyhan, digər evdə əmiləri Bayram və Vasif, bibisi Nubatxanım, digər evdə isə əmisi Xosrov tək yaşayırlar. Əmisi Bəndəli ölmüşdür. Bibiləri Nonna, Gülər, Güləbatın evlidirlər. Bibisi Nubatxanımın əqli çatışmazlığı var, onun özünü dərk edə bilməməsi əvvəldən olmuş, yaşla əlaqədar olmamışdır. Əmisi Vasif spirtli içki aludəçisi olmuş, əmisi Bayram isə nə içki içir, nə dəki siqaret çəkirmiş. Vasif «Azərsu» sukanal idarəsində çilingər vəzifəsində işləyirmiş, Bayram isə işsiz olmuşdur. Vasif və Bayram mütəmadi olaraq mübahisə edirmişlər, buna səbəb isə Vasifin spirtli içki qəbul etməsi olmuşdur. Vasif spirtli içki qəbul etmədiyi halda Bayramla dalaşmazmış, Vasifi özündən çıxaran spirtli içki içməsi olmuşdur. O, evdə olduğu müddətdə əmilərindən səs-küy eşidəndə onları aralaşdırmağa çalışırmış. Vasifin məhkumluğu olmuşdur. Vasifin məhkum olunmasının səbəbi babasına qarşı zorakılıq etməsi olmuşdur. Belə ki, Vasif bıçağı götürərək babasını öldürməklə hədələmiş, əmisi Xosrov onun qarşısını almaq istəyən vaxt Vasif, spirtli içkinin təsiri altında olduğundan onu kürək nahiyəsindən bıçaqlamışdır. O, təxminən 5 yaşından Vasiflə ünsiyyət saxlamamış, buna səbəb isə Vasifin sağlığında mərhum atası ilə mübahisə etməsi, digər ailə üzvləri ilə kobud danışması olmuşdur. Hadisə baş verən gün o, həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2024-cü il tarixdə evə qayıtdıqdan sonra ona Bayramın Vasifi öldürdüyünü bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Vasif, Bayram, Xosrov, o cümlədən Fətəli və Fərid ilə qonşuluq münasibəti olmuşdur. O, özü diabet xəstəsi olduğundan, insulini qalxdığı üçün 07 dekabr 2023-cü il tarixdə dəqiq saatı bilməmiş, lakin gecə olmuş, 00:00 radələrini keçmiş imiş. Həmin vaxt o Xocasən qəsəbəsində yerləşən “Abidə” adlanan yerdə hava almaq məqsədilə oturmuşdur. Onun orda oturmağından təxminən 10-15 dəqiqə keçdikdən sonra qonşusu Bayram ona yaxınlaşaraq, TTY xidməti çağırmasını istəmişdir. O da öz şəxsi istifadəsində olan ***-***- **-** sim kart ilə 103 çağrı mərkəzini yığmış, təcili tibbi yardım lazım olduğunu, Xocasən qəsəbəsi məscidinin yanına gəlməklərini bildirmişdir. Bayram əmi ona Vasif üçün həkim lazım olduğunu, yerdə uzanıb qanaxması olduğunu söyləmişdir. O da TTY-xidmətinə dediklərini çatdırmışdır. Təcili tibbi yardımı çağırdıqdan sonra Bayram əmi yanından uzaqlaşaraq məscid tərəfə yəni yaşadığı ev tərəfə getmişdir. Bayram əminin əlində bıçaq və ya hər hansı əşya yox imiş. Qaranlıq olduğundan üzərində hər hansı qan ləkəsi olduğunu görə bilməmişdir. Təxminən 15-20 dəqiqə sonra TTY-xidməti gəlmiş, “abidənin” yanından keçərək, məscid tərəfə getmişlər. Ona da maraqlı olduğu üçün məscid tərəfə getmişdir. Orada olan zaman TTY-xidməti Vasif əminin öldüyünü deməsini eşitmişdir, bundan sonra da evə getmişdir. Bundan sonra məlum olmuşdur ki, Bayram əmi Vasif əmini bıçaqlayaraq öldürmüşdür. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış iş üzrə Şahid7 ifadəsindən görünür ki, o, ünvan 1 ünvanında yaşayır. Həmin küçənin köhnə adı Həmid Sultanov olmuşdur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qardaşlarıdır. O, uzun illərdir ki, evdən çölə çıxmırmış. Onun yaşadığı evdə həmçinin Bayram və Vasif də yaşamışdır. Vasif spirtli içki içdikdən sonra bir-biriləri ilə mübahisə edərmiş. O, xəstə olduğundan onların mübahisəsinə müdaxilə edə bilmirmiş. Dəqiq tarixi xatırlamadığı günlərdən birində axşam vaxtlarında həmişəki kimi o evdə olmuşdur. Birdən yenə Vasif ilə Bayram dalaşmağa başlamışlar. Vasif ilə Bayram mübahisə edib evin həyətyanı sahəsinə çıxmış o da öz otağına gedib yatmışdır. Oyananda isə görmüşdür ki, Vasif uzanmış vəziyyətdə olub, qarın nahiyəsində və sifətində qan izi vardır. Sonra isə evə başqa şəxslər gəlmiş o isə nə olduğunu başa düşə bilməmişdir. O , sonradan başa düşmüşdür ki, Vasif vəfat etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış iş üzrə Şahid4 ifadəsindən görünür ki, o, ünvan 1 ünvanında yaşayır. O, Bayram və Vasifin o, cümlədən Xosrov, onların digər rəhmətə gedən qardaşı Nazimin qonşusu olmuşdur. Uzun illərdir ki, onun onlarla qonşuluq münasibəti olmuşdur. Bayram sakit təbiətli, heç kimi incitmiyən fağır biri olmuşdur. Bayramın heç vaxt dalaşıdığını görməmişdir. Vasif isə mütəmadi olaraq spirtli içki içirmiş. Vasif içkili olmayanda sakit təbiətli biri olmuşdur. Lakin içkili olduqda Bayramı incidərmiş. Mübahisəni Vasifin özü başladırdı. Onun şahidi olduğu mübahisələr bu cür olmuşdur. Həmçinin Bayramgilin həyətində onların qardaşı Nazimin ailəsi və psixi problemləri olan, psixi gərginlik keçirən bir bacısı olduğunu onun adının Nubatxanım olduğunu bilmişdir. Onun yaşadığı evə Bayramgilin evindən səs-küy gəlirmiş. Vasif ilə Bayram mübahisə etdikdə səs-küyə görə bir neçə dəfə küçəyə çıxmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış iş üzrə Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi Şahid4 ifadəsinə uyğun olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi Rayon prokurorluğunun müstəntiqi Əli İbrahimovun 07 dekabr 2023cü il tarixli təqririndən görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-dən Zərərçəkmiş şəxs bədənində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 4-22-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, ünvan 3 ünvanıdır. Hadisə baş verən ev Xocasən məscidinin yanında yerləşir. Həyətyanı sahəyə daxil olduqda giriş darvazası ilə üzbəüzdə yerləşən fərdi evin qarşındakı pilləkənlərlə həmin çıxıntının üzərinə qalxan kimi sol tərəfdə yerdə qanabənzər ləkələr vardır. Həmin qanabənzər ləkələrdən 01 ədəd tampon nümunə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Evin içərisinə daxil olduqda giriş qapısı ilə üzbəüzdəki otaqda döşəmədə bir nəfər kişi cinsli meyit olduğu görünür. Hadisə yerinə baxışda iştirak edən X4 həmin meyitin qardaşı Zərərçəkmiş şəxs meyiti olduğunu və digər qardaşı Təqsirləndirilən şəxs hadisədən sonra Zərərçəkmiş şəxs həyətyanı sahədə, qanabənzər ləkələrin olduğu yerdə bıçaqla vurduğunu ona dediyini bildirmişdir. Meyitin sol qarın nahiyəsində bir ədəd kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarət izi vardır. Həmçinin sifət nahiyəsində də qanabənzər ləkələr müşahidə olunmuşdur. Meyitin ətrafında döşəmədə də qanabənzər ləkələr vardır. Həmin qanabənzər ləkələrdən 01 ədəd tampon nümunə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Evin həyətyanı sahəsinə daxil olan kimi üzbəüzdə, evlərin qarşısında olan çıxıntıdan sağda yerin torpaq örtüyünün üzərində bir ədəd bıçaq aşkar olunmuşdur. Bıçağın dəstəyi qara rəngli plastik materialdan, tiyəsi isə gümüşü rəngli metal materialdandır həmin bıçaq müvafiq qaydada qablaşdıraraq götürülmüşdür. Cinayət işinin 1-ci cild 66-71-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 dekabr 2023-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, meyit kişi cinslidir. Meyitin bədən səthində qarının sol yarısının ön səthində ucu iti olan kənarları hamar yara vardır. Sağ yanaq nahiyəsində, alın nahiyəsinin sol yarısının ön səthindən başlayaraq burun belini, burun əsasını və burun qanadını, alt dodağın dərisinin sağ yarısını və sağ çənə bucağı nahiyəsini əhatə edən iti kənarları hamar yaralar vardır. Alın nahiyəsinin sağ yarısının ön səthində, sol almacıq nahiyəsində, burun qanadında solda, sol yanaq nahiyəsində qırmızımtıl rəngli sıyrıqlar vardır. Meyitin bədən səthində digər xəsarət aşkar olunmamışdır. Cinayət işinin 1-ci cild 208-216-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X5” X9 05 yanvar 2024-cü il tarixli 253 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: -qarın nahiyəsinin sol yarısının ön səthinin daxilə nüfuz edərək qarın aortasını, dalağı və yoğun bağırsağı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası (2,2xl,0sm ölçüdə). Yara kanalının dərinliyi 10,0 sm, istiqaməti öndən-arxaya, soldan-sağa və bir qədər aşağıdan-yuxarıya doğrudur. -Sağ yanaq nahiyəsinin, alın nahiyəsinin sağ və sol yarısının, burun belinin, burun əsasının sağ və sol yarısının, burun qanadının, alt dodağın dərisinin, sağ çənə bucağı nahiyəsinin, qarın nahiyəsinin kəsilmiş yaraları; -alın nahiyəsinin, burun əsasının, sol almacıq nahiyəsinin, burun qanadının, sol yanaq nahiyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidirlər və Zərərçəkmiş şəxs ölümündən az əvvəl əmələ gəlmişdirlər. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən qarın nahiyəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdir, -sağ yanaq nahiyəsinin, alın nahiyəsinin sağ və sol yarısının, burun belinin, burun əsasının sağ və sol yarısının, burun qanadının, alt dodağın dərisinin, sağ çənə bucağı nahiyəsinin, qarın nahiyəsinin kəsilmiş yaraları dərəcəsinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər, - alın nahiyəsinin, burun əsasının, sol almacıq nahiyəsinin, burun qanadının, sol yanaq nahiyəsinin sıyrıqları isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən qarın nahiyəsinin sol yarısının ön səthinin deşilmiş-kəsilmiş və kəsilmiş yaraları deşici-kəsici alətin (əşyanın) təsirindən, alın nahiyəsinin, burun əsasının, sol almacıq nahiyəsinin, burun qanadının, sol yanaq nahiyəsinin sıyrıqları isə bərk küt əşyaların (əşyanın) təsirindən əmələ gəlmişdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb qarın aortasının, dalağın və yoğun bağırsağın zədələnməsi ilə müşaiyət olunan qarın nahiyəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarasının törətdiyi kəskin qanitirmə olmuşdur. Beləliklə, Zərərçəkmiş şəxs qarın nahiyəsinin sol yarısının ön səthinə yetirilən bıçaq xəsarəti ilə onun ölümü arasında səbəbli əlaqə vardır. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2023-cü il tarixdə, saat 08:25-də meyitin müayinəsi başlamışdır) 6-8 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş qarın nahiyəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarasının ölçüsünə və yara kanalının dərinliyinə əsasən demək olar ki, deşici-kəsici alətin tiyəsinin eni 1,7sm-dən, uzunluğu isə 9 sm-dən az olmamışdır. Beləliklə, Zərərçəkmiş şəxs meyitində aşkar olunan qarın nahiyəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarasının və sağ yanaq nahiyəsinin, alın nahiyəsinin sağ və sol yarısının, burun belinin, burun əsasının sağ və sol yarısının, burun qanadının, alt dodağın dərisinin, sağ çənə bucağı nahiyəsinin, qarın nahiyəsinin kəsilmiş yaralarının ekspertizaya təqdim edilmiş bıçaqla yetirilməsi istisna olunmur. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərin xarakterik xüsusiyyətlərini və lokalizasiyalarım nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən qarın nahiyəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası və sağ yanaq nahiyəsinin, alın nahiyəsinin sağ və sol yarısının, burun belinin, burun əsasının sağ və sol yarısının, burun qanadının, alt dodağın dərisinin, sağ çənə bucağı nahiyəsinin, qarın nahiyəsinin kəsilmiş yaraları bıçağın tiyəsinin deşicikəsici və kəsici təsirindən, alın nahiyəsinin, burun əsasının, sol almacıq nahiyəsinin, burun qanadının, sol yanaq nahiyəsinin sıyrıqları isə insan bədəninin hissələrinin (əl, əl barmaqlarının dırnaqları və s.) təsirindən əmələ gələ bilərdilər. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı qanda- 0,4 %-dir. Etil spirtinin qanda tapılmış qatılığı Zərərçəkmiş şəxs sağlığında cüzi alkoqol sərxoşluğu törədə bilərdi. Qanda narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 85-89-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 dekabr 2023-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisəni əyani surətdə göstərmişdir. Cinayət işinin 1-ci cild 72-73-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 dekabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, bıçağın ümumi uzunluğu 205 mm, tiyəsinin uzunluğu 100 mm, dəstəyin uzunluğu 105 mm-dir. Bıçağın tiyəsi gümüşü rəngli metal materialdan, dəstəyi qara rəngli plastik materialdandır. Bıçağın tiyəsinin üzərində qanabənzər ləkələr müşahidə olunmuşdur. Bıçağın tiyəsinin bir tərəfi kəsici, digər tərəfi küt olmalqa ucu şişdir. Bıçağın üzərində gözlə görünə bilən hər hansı digər əhəmiyyətli zədə müşahidə olunmamışdır. Cinayət işinin 1-ci cild 83-84-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 dekabr 2023-cü il tarixli əşyanın tanımaya təqdim edilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edilən əşyaları nəzərdən keçirib hadisə zamanı 2 nömrə ilə işarələnmiş bıçaqla, yəni hadisə yerinə baxış zamanı götürülmüş bıçaqla Zərərçəkmiş şəxs adlı şəxsi vurduğunu bildirmişdir. Cinayət işinin 1-ci cild 74-78-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 dekabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs üzərində olan paltarlara baxış zamanı aşğıdakılar müəyyən edilmişdir. -01 ədəd tünd göy rəngli uzunqol isti köynəyin sol qarın nahiyəsinə bərabər yerləşən hissədə kəsici-deşici alətlə yetirilməyə xarakterik zədə vardır. Köynəyin ön hissəsində qanabənzər ləkələr olması müşahidə olunmuşdr. -01 ədəd üzərində qara rəngli alt tumanında qanabənzər ləkələr vardır. -01 ədəd qara rəngli şalvarda sol ayağının ön hissəsində qanabənzər ləkələr vardır. -01 ədəd qara rəngli qolsuz maykanın sol qarın nahiyəsinə bərabər yerləşən hissədə kəsici-deşici alətlə yetirilməyə xarakterik zədə vardır. Maykanın ön hissəsində qanabənzər ləkələr olması müşahidə olunmuşdur. Cinayət işinin 1-ci cild 79-82-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 dekabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan paltarlara baxış zamanı paltarlar üzərində gözlə görünən hər hansı zədə və ya qanabənzər ləkələr müşahidə olunmamışdır. Cinayət işinin 1-ci cild 200-203-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X5” X9 20 dekabr 2023-cü il tarixli 2107 saylı rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - alın nahiyəsinin əzilmiş yaraları, üst dodağın selikli qişasının əzilmiş yarası, sağ mil-bilək oynağı nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, sağ said nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə əvvəl qədər əmələ gəlmişlər. Qeyd olunan xəsarətlərdən alın nahiyəsinin əzilmiş yaraları, üst dodağın selikli qişasının əzilmiş yarası həm ümumilikdə və həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər, sağ mil-bilək oynağı nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, sağ said nahiyəsinin sıyrıqları isə həm ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və zərərçəkənin təsvir etdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələri (əl, əl barmaqlarının dırnaqları, kəllə, yumruq və.s) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Sağ mil-bilək oynağı nahiyəsində olan sıyrığın həmin nahiyənin bərk küt əşyaya (ola bilsin dişə) toxunması nəticəsində əmələ gələ bilməsi istisna olunmur. Cinayət işinin 1-ci cild 204-207-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X5” X9 məhkəmə-kimyəvi ekspertizasının 22 dekabr 2023-cü i! tarixli 4499/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, piıazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 222-226-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2024-cü il tarixli 3/35, 3/36 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində düzəlişlər edilməmişdir. Tədqiqata təqdim edilmiş bağlamanın üzərində “Zərərçəkmiş şəxs məxsus...” yazı qeydləri olan bir ədəd maykanın və bir ədəd alt köynəyinin ön hissəsində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetinin təsiri nəticəsində yaranmağa xarakterikdirlər. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən maykanın və alt köynəyin səthində olan zədələrin təqdim edilmiş bir ədəd bıçağın da təsirindən yaranması mümkündür. Lakin, həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin hər hansı konkret bir bıçaqla, o cümlədən tədqiqata təqdim edilmiş bir ədəd bıçaq ilə təsir nəticəsində yaranıb-yaranmadığını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş maykanın və alt köynəyin səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin iti tərəfi zərərçəkmişə nisbətdə yuxarı istiqamətdə olmaqla yetirilmişdir. Təqdim edilmiş maykanın və alt köynəyin səthində olan zədələr müxtəlif şəraitlərdə yarana bilər. Tədqiqata təqdim edilmiş bağlamasının üzərində Zərərçəkmiş şəxs məxsus...” yazı qeydləri olan alt şalvarının, tumanın səthində zədə yoxdur. Tədqiqata təqdim edilmiş bağlamanın üzərində “Təqsirləndirilən şəxs məxsus” yazı qeydləri olan şalvarın, tumanın, sviterin köynəyin səthində zədə yoxdur. Cinayət işinin 1-ci cild 227-233-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2024-cü il tarixdə 3-16-16/2-6/52 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən alt geyim köynəyin və şalvarın (dəst) tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən alt geyim köynəyin səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin 2-ci cild 20-28-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 28 fevral 2024-cü ii tarixli 24/476R saylı rəyindən görünür ki, evin həyətyanı sahəsində olan qanabənzər ləkələrdən 01 (bir) ədəd tamponda nümunə, meyitin olduğu otağın döşəməsində olan qanabənzər ləkələrdən 01 (bir) ədəd tamponda nümunə, Zərərçəkmiş şəxs meyitinə baxış zamanı üzərində olmuş 01 (bir) ədəd qara rəngli tumanın manjet hissəsində, 01 (bir) ədəd qara rəngli qolsuz maykanın ön hissəsində, 01 (bir) ədəd tünd göy rəngli isti alt geyiminin sol ayağının ön hissəsində və 01 (bir) ədəd tünd göy rəngli uzunqol isti köynəyin ön hissəsində aşkar edilmiş qanabənzər ləkələr insana məxsus qan nümunəsidir; 01 (bir) ədəd dəstəyi qara rəngli qatlanmayan tipli bıçaq, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 (bir) ədəd qara rəngli şalvar, 01 (bir) ədəd üzəri yaşıl-qaragöy zolaqlı sviter, 01 (bir) ədəd üzəri naxışlı tünd göy rəngli uzunqol köynək və 01 (bir) ədəd göy-boz rəngli tuman üzərində insana məxsus qan nümunəsi aşkar edilməmişdir; evin həyətyanı sahəsində yerdən 01 (bir) ədəd tamponda götürülmüş qan nümunəsi, meyitin olduğu otağın döşəməsindən 01 (bir) ədəd tamponda götürülmüş qan nümunəsi, Zərərçəkmiş şəxs meyitinə baxış zamanı üzərində olmuş 01 (bir) ədəd qara rəngli tumanın manjet hissəsində, 01 (bir) ədəd qara rəngli qolsuz maykanın ön hissəsində, 01 (bir) ədəd tünd göy rəngli isti alt geyiminin sol ayağının ön hissəsində və 01 (bir) ədəd tünd göy rəngli uzunqol isti köynəyin ön hissəsində aşkar edilmiş qan ləkələri Zərərçəkmiş şəxs məxsusdur; Təqdim edilmiş 01 (bir) ədəd dəstəyi qara rəngli qatlanmayan bıçağın dəstəyi və tiyəsi üzərindən götürülmüş tədqiqat nümunələrində molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir və deqradasiya əlamətləri müşahidə edilir. Bu səbəbdən təqdim edilmiş 01 (bir) ədəd dəstəyi qara rəngli qatlanmayan bıçağın dəstəyi və tiyəsi üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun Zərərçəkmiş şəxs öldürmək fikri olmamış, Vasif onu vurduğu üçün ona bıçaqla xəsarət yetirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlləriinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının izah və tövsiyələrini də nəzərə alır. Belə ki, qərarda qeyd edilmişdir ki: “Qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu edilmə mərhələsi və şəraiti,həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı tədqiq olunmalıdır”. Belə ki, cinayət işinin 1-ci cild 175-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 02 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 172-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 daxil olmuş 26 dekabr 2023-cü il tarixli, 1/6584 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməmişlər. Cinayət işinin 1-ci cild 243-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X6 Şəxsindən daxil olmuş 30 dekabr 2023-cü il tarixli, 20369 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. Cinayət işinin 1-ci cild 173-cü vərəqəsində olan Binəqədi RİHB-nın Xocasən İƏD üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Cinayət işinin 1-ci cild 217-221-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X9 komisyon kompleks ambulator psixoloji və psixiatrik ekspertizasının 62 saylı 15 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməli cinayət əməlini törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda da hər hanı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci, 21.3-cü və 22-ci məddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırki psixi vəziyyəti onun istintaq və digər prosessual hərəkətlərdə iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməyə imkan verir. Təqsirləndirilən şəxs idrak prosesləri (yaddaş, diqqət, təfəkkür, qavrama və s.) normaya uyğundur. Özünə hörmət tələb etmək, hövsələsizlik, özünəməxsus mövqeyə və prinsipə malik olmaq və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Həmin halın yaranma səbəbləri situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli inkşafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 05 aprel 2024-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 07 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 39-cu vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2023-cü il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 129-133-cü vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 4(001)- 1194/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 07 dekabr 2023-cü il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd dəstəyi qara rəngli qatlanmayan tipli bıçaq, Zərərçəkmiş şəxs meyitinə baxış zamanı götürülmüş 01 ədəd qara rəngli alt tumanı, 01 ədəd qara rəngli qolsuz mayka, 01 ədəd tünd göy rəngli isti alt geyimi, 01 ədəd tünd göy rəngli uzunqol isti köynək, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli parçadan şalvar, 01 ədəd üzəri yaşıl-qara-göy zolaqlı sviter, 01 ədəd üzəri naxışlı tünd göy rəngli uzunqol köynək, 01 ədəd göy-boz rəngli alt tumanı məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 319 (üç yüz on doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli və “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd dəstəyi qara rəngli qatlanmayan tipli bıçaq, Zərərçəkmiş şəxs meyitinə baxış zamanı götürülmüş 01 ədəd qara rəngli alt tumanı, 01 ədəd qara rəngli qolsuz mayka, 01 ədəd tünd göy rəngli isti alt geyimi, 01 ədəd tünd göy rəngli uzunqol isti köynək, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli parçadan şalvar, 01 ədəd üzəri yaşıl-qara-göy zolaqlı sviter, 01 ədəd üzəri naxışlı tünd göy rəngli uzunqol köynək, 01 ədəd göy-boz rəngli alt tumanı məhv edilsin. İş üzrə ekspertiza xərci olan 319 (üç yüz on doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar