Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1559/2021 11.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx xxxxxxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 25 mart 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 44,488 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib Şahid2 idarə etdiyi " Daewoo Gentra” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşərək üzərində saxlayaraq daşımış, 25 mart 2021-ci il tarixdə saat 04:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X11 əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” bazarın qarşısında saxlanılaraq Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış aparılarkən gödəkçəsinin sağ cibindən qara rəngli sellofan torbaya bükülmüş 44,488 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, bir müddət əvvəldən başlayaraq narkotik vasitələrdən istifadə edir və narkotik vasitələri əsasən müxtəlif yerlərdən üzdən tanıdığı, adını bilmədiyi şəxslərdən almışdır. Belə şəxslərdən biri də sosial şəbəkə vasitəsilə tanış olduğu və iranlı kimi bildiyi Abbas adlı şəxs olmuşdur. Abbas ona bildirmişdir ki, pul müqabilində istədiyi çəkidə heroin verə bilər. Bu şəxsi heç vaxt üzbəüz görməmiş, ancaq telefonla danışmışdır. Abbas adlı şəxsin göndərdiyi hesab nömrələrinə pul qoyduqdan sonra narkotik vasitəni götürəcəyi ünvanı ona “WhatsApp” vasitəsi ilə göndərəcəyi barədə razılaşmışlar. Bir neçə dəfə bu qaydada heroin əldə edib istifadə etmişdir. Abbas +**********18 saylı mobil nömrədən istifadə etmişdir. Sonuncu dəfə Abbasla danışıb 24 mart 2021-ci il tarixdə axşam saatlarında heroin üçün “Milliön” ödəniş terminalı vasitəsi ilə ‘"Kapital bank”a aid hesab nömrəsinə pul göndərmiş, çeki də “WhatsApp”la ona atmış və heroinin qoyulacağı yerin koordinatlarını göndərməsini gözləmişdir. Abbas narkotik vasitəni Yeni Suraxanı qəsəbəsindəki məscidin yanında daşın altından götürə biləcəyini demişdir. Həmin gün təxminən saat 23 radələrində Abbasın göndərdiyi yerdən bir büküm olan heroini götürmüş, Abbas qalan narkotik vasitəni Lökbatan qəsəbəsi tərəfdə Qobu yolu yaxınlığında su sayğacının altından götürə biləcəyini bildirmişdir. O, qalan heroini götürməyə getmək üçün Suraxanıda taksi kimi fəaliyyət göstərən Sahib adlı şəxsə zəng vurub evin qarşısına çağırmışdır. Yolda tanışı Abdulrza ilə də rastlaşmış, Abdulrzaya da onlarla birlikdə şəhərə getməyi təklif etmişdir. Maşında gedərkən Abbasdan əldə etdiyi narkotik vasitə üstündə olmuşdur. Yolda gedərkən telefonla Abbasla əlaqə saxlamış, Abbas heroini ona “WhatsApp”la göndərilən ünvandan götürə biləcəyini demişdir. 25 mart 2021-ci il tarixdə saat 04 radələrində “Meyvəli” bazarının qarşısında avtomobildə heroinin dəqiq yerləşdiyi yerin koordinatlarım gözləyən zaman mülki geyimli 2 nəfər şəxs onlara yaxınlaşmış, polis əməkdaşları olduqlarını demiş, narkotik vasitələrdən istifadə etməklərindən şübhələnib onları 10-cu Polis Bölməsinə aparmışlar. Orada videoçəkiliş aparılmaqla axtarış keçirilmiş, qara rəngli sellofan torbadakı bükümü özü çıxarıb masanın üzərinə qoymuş, həmin büküm zərfə qoyularaq möhürlənmişdir. Elə orada polislərin yazdığı protokolu da imzalamışdır. Onun heç bir halda heroini satmaq niyyəti olmamış, yalnız öz istifadəsi üçün əldə etmişdir. Ona görə də məhkəmədən bütün bu halların və cavan olmasının nəzərə alınmasını, barəsində düzgün qərar verilməsini, peşman olduğu üçün bağışlanmasını xahiş edir. İbtidai istinaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə edir. Öz istifadəsi üçün narkotik vasitələri müxtəlif yerlərdən üzdən tanıdığı, adını bilmədiyi şəxslərdən alır. O, narkotik vasitə olan heroini inyeksiya yolu ilə qəbul edir. O, rahat qazanc əldə etmək üçün narkotik vasitələrin satışı ilə məşğul olmaq qərarına gəlmişdir. Həmin vaxtı sosial şəbəkə vasitəsi ilə İran İslam Respublikasında yaşayan Abbas adlı şəxs ilə tanış olmuşdur. O, ona bildirmişdir ki, pul müqabilində ona narkotik vasitə olan heroin verə bilər. Ona bildirmişdir ki, onun göndərdiyi hesab nömrələrinə o, pul qoyduqdan sonra narkotik vasitəni götürəcəyi ünvanı ona “Whatsapp” vasitəsi ilə göndərəcəkmiş. Abbasın istifadəsində olan +**********18 saylı mobil nömrəsi ilə “Whatsapp” üzərindən əlaqə saxlayırmış. Abbasla əlaqə saxlayan zaman o, ona bildirmişdir ki, Milliön ödəniş terminalı vasitəsi ilə “Kapital bank”a aid **********434814 hesab nömrəsinə 400 manat pul köçürmüşdür. Abbas ona kartın şəklini göndərmişdir. Abbas bildirmişdir ki, pulu hesaba köçürüb çeki ona atsın. Ancaq bundan sonra ona narkotik vasitə olan heroinin yerləşdiyi koordinatları göndərəcəkmiş. Abbasla yalnız telefonla danışmış, heç vaxt görüşü olmamışdır. 24.03.2021-ci il tarixdə axşam saat 21 radələrində narkotik vasitə olan heroin almaq məqsədi ilə Abbas adlı şəxsin ona göndərdiyi hesaba 400 manat pulu onlayn köçürmüş və çeki ona atmışdır. Abbas ona ödədiyi pulun qarşılığında alacağı narkotik vasitəni Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən məscidin yanında daşın altından götürə biləcəyini demişdir. 24 mart 2021-ci il tarixdə təxminən saat 23 radələrində Abbasın ona göndərdiyi yerdən bir bükümdə olan narkotik vasitə olan heroini götürmüşdür. Abbasla əlaqə saxlayan zaman o, ona bildirmişdir ki, qalan narkotik vasitəni Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu yolu adlanan ərazidə yerləşən su sayğacının altında götürə biləcəyini bildirmişdir. O, yerdə qalan narkotik vasitəni götürmək üçün Suraxanı qəsəbəsində taksi kimi fəaliyyət göstərən Sahib adlı şəxsə zəng vurmuş və evin qarşısına çağırmışdır. O, evdən bayıra çıxarkən yolda tanışı Abdulrza ilə rastlaşmışdır. O, ondan siqaret istəmişdir. Daha sonra Sahib adlı sürücü çağırdığı yerə gəlmişdir. O, Abdulrzaya onlarla birlikdə şəhərə getməyi bildirmiş, Abdulrza onunla taksiyə əyləşmişdir. Həmin vaxtı Abbasdan əldə etdiyi narkotik vasitə üzərində olmuşdur. Yolda o, narkotik vasitəni aldığı şəxslə telefon vasitəsi ilə əlaqə saxlamışdır. Abbas adlı həmin şəxs narkotik vasitə olan heroini ona “Whatsapp” üzərindən göndərilən ünvandan götürəcəyini bildirmişdir. 25.03.2021-ci il tarixdə saat 04 radələrində “Meyvəli bazarı”nın qarşısında Sahibin idarə etdiyi avtomobildə narkotik vasitə olan heroinin dəqiq yerləşdiyi yerin koordinatlarını gözləyən zaman mülki geyimli 2 nəfər şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişdilər. Onların narkotik vasitələrdən istifadə etməklərindən şübhələnib onları Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə dəvət etmişdilər. Onlar etiraz etməyib polis əməkdaşları ilə birlikdə Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə getmişdir. Orada polis əməkdaşları ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda və satışında şübhəli bilindiyi üçün Polis bölməsinə gətirilmişdir. Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin inzibati binasında yerləşən xidməti otaqlardan birində ona dövlət hesabına təyin edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə baş təhqiqatçı Əlizamin Ağayev üzərində şəxsi axtarış keçirməyə başlamışdır. Üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl ona hüquq və vəzifələrini izah edib üzərində qeyriqanuni əşya varsa təqdim etməyini bildirmişdir. Bundan sonra o, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən, qara rəngli sellofan torbaya bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı o, baş verənləri olduğu kimi danışmışdır.Bundan başqa üzərindən bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd alışqan aşkar olunmuşdur. Bundan sonra üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd qara rəngli sellofan torbaya bükülümüş büküm zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. O, narkotik vasitə olan heroini satmaq məqsədi ilə almışdır. Abbasın ancaq adını bildiyini, başqa heç nə bilmədiyini qeyd etmişdir. Abbasa özünün narkotik vasitə istifadəçisi olduğunu və narkotik vasitə heroini özü üçün aldığını bildirmişdir. “Daewoo Gentra” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şahid2 onun üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır. Onun üzərində olan narkotik vasitə ilə Şahid2 heç bir əlaqəsi olmamışdır. Şahid1 onun üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır. Onun üzərində olan narkotik vasitə ilə Şahid1 heç bir əlaqəsi olmamışdır. Eyni zamanda Şahid1 üzərindən aşkar olunmuş narkotik vasitə ilə onun heç bir əlaqəsi olmamışdır. Heç bir xəstəlikdən əziyyət çəkmədiyini və özünü yaxşı hiss etdiyini bildirmişdir (cild 1, iş vərəqə 111-114). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı hazırkı halda məhkəmədə qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir.Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, narkotik vasitə aludəçisidir və narkotik vasitə istifadə etdiyinə görə əvvəllər məhkum olunmuşdur. 25 mart 2021-ci il tarixdə gecə saatlarında yaşadığı evin yaxınlığında dayanarkən tanışı Nurlanla rastlaşmış və ondan siqaret istəmişdir. Həmin vaxt tanıdığı Sahib adlı taksi sürücüsü onların yanına gələrək avtomobili saxlamışdır. Bundan sonra Nurlan onunla şəhərə getməyini xahiş etmiş, o da işi olmadığı üçün razılaşmışdır. Həmin vaxt özünün üstündə şəxsi istifadəsi üçün saxladığı bir bükümdə narkotik vasitə də olmuşdur. Onlar metronun “20 Yanvar” stansiyasının yanına gəlmişlər. Daha sonra Nurlan Lökbatan qəsəbəsinə gedəcəklərini bildirmişdir. Amma metronun “20 Yanvar” stansiyasının yanına niyə getdiklərini və sonradan hansı səbəbdən Lökbatana yollanmalarının səbəbini bilməmişdir. Lökbatan tərəfdə ticarət mərkəzinin yanına çatmışlar və Sahib avtomobilini orada saxlamış və gözləməyə başlamışlar. Yenə nəyi və ya kimi gözlədiklərini bilməmişdir. Avtomobilin içərisində olarkən polis əməkdaşları yaxınlaşaraq onları sorğu-sual etmiş, nədənsə şübhələndikləri üçün onları 10-cu Polis Bölməsinə aparmışlar. Bölmədə vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və üzərində qeyri-qanuni əşya varsa təqdim etməyini bildirmişlər. O, gödəkçəsinin sol iç cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilmiş heroini 24 mart 2021-ci il tarixdə Yasamal rayonu ərazisində yerləşən “Yasamal bazarı” adlanan yerdə Natiq adlı şəxsdən 15 manata aldığını etiraf etmişdir. Həmin büküm zərfə qoyularaq möhürlənmiş, protokol yazılmış, o da həmin sənədlə tanış olaraq imzalamışdır. Nurlanda külli miqdarda narkotik vasitə olmasından məlumatsız olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 25 mart 2021-ci il tarixdə tanışı Nurlanı və Abdulrzanı idarə etdiyi “Daewoo Gentra” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ilk öncə “20 Yanvar” ərazisinə, daha sonra onları Lökbatan tərəfdəki “Meyvəli bazarı” yaxınlığına aparmışdır. Gecə saat təxminən 04:00 radələrində “Meyvəli bazarı”nın qarşısında dayandıqları vaxt avtomobilin içərisində olarkən polis əməkdaşları onlara yaxınlaşaraq sorğu-sual etmiş və onları 10-cu Polis Bölməsinə aparmışlar. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üstünə şəxsi axtarış keçirilməzdən əvvəl qeyri-qanuni əşya varsa təqdim etməyini bildirmişlər. O da üstündə qanunsuz heç bir əşya olmadığını bildirmiş, bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Həmçinin avtomobilində axtarış və götürmə aparılarkən qanunsuz heç nə aşkar olunmamışdır. Nurlanda narkotik vasitə olması ilə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X11 polis nəfəri Şahid3 göstərdi ki, 25 mart 2021-ci il tarixdə saat 04:00 radələrində Əlahiddə X11 polis nəfərləri Şahid4 və Şahid5 ilə birlikdə xidmətdə olan zaman Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” bazarının qarşısında dayanmış “Daewoo Gentra” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı taksidən düşən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Bu zaman həmin şəxsin narkotik vasitələrin təsiri altında olduğundan şübhələnmişlər. Həmin avtomobildə sürücü və daha bir sərnişin də olmuşdur. Həmin şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarından şübhələnib onları Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə gətirib növbətçi hissəyə rəsmi qaydada təhvil vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X11 digər əməkdaşları Şahid4 və Şahid5 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid6 göstərdi ki, 25 mart 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Əlahiddə X11 əməkdaşları Qaradağ rayonu, Lökbatan qəsəbəsində inzibati ərazidə xidmətdə olduqları zaman “Meyvəli” bazarının qarşısında dayanmış “Daewoo Gentra” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş şəxsin narkotik sərxoşluq vəziyyətində olduğundan şübhələnib saat 04:00 radələrində həmin şəxsi saxlayıb 10-cu Polis Bölməsinə gətirmişlər. Bölmədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla keçirilən şəxsi axtarış zamanı ona könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üzərinə qoyması təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq gödəkçəsinin sağ yan cibindən, qara qəngli sellofan torbaya bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açılarkən içərisində qəhvəyi rəngli, iysiz, narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan "kakos” olduğunu, 25 mart 2021-ci il tarixdə pul kartı vasitəsi ilə ödəniş edərək tanımadığı İran İslam Respublikası vətəndaşından 400 manata aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd alışqan aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd qara rəngli sellofan torbaya bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid7 Şahid6 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Məhkəmə-kimyəvi ekspertizasının 25 mart 2021-cı il tarixli 6/1175 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd zərfdə təmiz çəkisi 44,488 qram qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 44,438 qram təşkil etmişdir (cild 1, iş vərəqə 80-85). Məhkəmə-kimyəvi ekspertizasının 21 may 2021-cı il tarixli 6/1785 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası X6 №75” dairəvi möhür əksi olan zərflərdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 44,388 qram heroin ilə Şahid1 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,281 qram heroin xarici görünüşünə və spektoqramda alınan piklərə əsasən fərqli kimyəvi tərkibə malikdir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 44,388 qram təşkil etmişdir (cild 1, iş vərəqə 182-186). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 09 iyun 2021-ci il tarixli 1810 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur (cild 1, iş vərəqə 193-194). Ambulator-psixiatrik ekspertizasının 07 iyul 2021-ci il tarixli 1462 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21ci maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqə 241-242). Şəxsi axtarış və götürmə aparılması barədə 25 mart 2021-ci il tarixli protokoldan və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan diskə baxış keçirilməsi barədə 25 mart 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq gödəkçəsinin sağ yan cibindən, qara qəngli sellofan torbaya bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açılarkən içərisində qəhvəyi rəngli, iysiz, narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən "kakos” olduğunu, 25 mart 2021-ci il tarixdə pul kartı vasitəsi ilə ödəniş edərək tanımadığı İran İslam Respublikası vətəndaşından 400 manata aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd alışqan aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd qara rəngli sellofan torbaya bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 24, 99). Mobil telefon cihazına baxış keçirilməsi haqqında 26 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş “Samsung” markalı mobil telefonun içərisinə baxış keçirilmiş və baxış zamanı telefonun içərisində “Kapital bank”-a aid **********434814 saylı hesab nömrəli bank kartının fotoşəkli, 24 mart 2021-ci il tarixdə saat 21:58 radələrində ünvan 2 ünvanında yerləşən “Ballı” marketdən X3 adına olan “Kapital bank”a aid **********434814 saylı hesab nömrəsinə 400 manat onlayn pul köçürülməsini təsdiq edə biləcək bir ədəd qəbz fotoşəkli aşkar edilmişdir (cild 1, iş vərəqə 117). Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbə müəyyən edilmədiyinə görə ibtidai istintaq orqanının 09 iyun 2021-ci il tarixli qərarı ilə X3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 195-197). Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 175). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 178). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının İ Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan heroini şəxsi istehlak məqsədilə əldə etməsinə dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş, külli miqdarda narkotik vasitəni məhz satış məqsədilə əldə etməsinə dair səmimi etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə tam təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs gənc olmasını, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 mart 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 25 mart 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 21, 149-151). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 mart 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatlarından sonra qalıq çəkisi 44,388 qram təşkil edən narkotik vasitə olan heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd disk, "Kapital bank”a aid **********434814 saylı hesab nömrəli bank kartının və ödəniş qəbzinin surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 177 (bir yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 81,183,274). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq mərhələsində göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı X5 vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir (cild 1, iş vərəqə 265). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatlarından sonra qalıq çəkisi 44,388 qram təşkil edən narkotik vasitə olan heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd disk, "Kapital bank”a aid **********34814 saylı hesab nömrəli bank kartının və ödəniş qəbzinin surətləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 177 (bir yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına X7 üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1559/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1559/2021
11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver