Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1559/2025 17.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X6 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 7 sentyabr 1981-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2013-cü il tarixli, 1(101)-658/2013 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 181.2.2 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin məcəllənin 66.3-cü maddəsinə əsasən qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 oktyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 1(001)-551/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 8 dekabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin hər iki iş üzrə məhkumluqları ödənilməmiş və ya üzərindən qanunla müəyyən edilmiş qaydada götürülməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 17 oktyabr 2025-ci il tarixdə, saat 17:05-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 30 mart 2025-ci il tarixdə, saat 06:49-da ünvan 3 ünvanından “Yango” taksi şirkətinə məxsus mobil tətbiq vasitəsilə taksi sifarişi edib, sifariş əsasında oraya yaxınlaşan Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet Cobalt” markalı, 77-YS- 831 dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşərək həmin gün saat 06:58-də Bakı şəhəri Nəsimi rayonu X2 küçəsi 4 saylı ünvanın qarşısına çatdıqda Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək əynindəki köynəyinin sol üst cibindən 165 manat və avtomobilin salonundan 5 manat olmaqla ümumilikdə 170 manat pulu ələ keçirib hadisə yerindən qaçıb uzaqlaşmaqla Zərərçəkmiş şəxs maddi ziyan vuraraq quldurluq etmişdir. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 30 mart 2025-ci il tarixdə səhər saatlarında mobil telefonundakı tətbiqdən gedəcəyi ünvana taksi sifariş vermiş və sifarişə taksi avtomobili ilə Zərərçəkmiş şəxs gəlmişdir. Taksi avtomobilinə əyləşib gedəcəyi ünvana doğru yola düşmüş, birinci ünvanda düşərkən xırda məbləğdə pulu olmadığından Elvindən 10 manat pul alıb xırdalamaq üçün getmişdir. Lakin gec qayıtdığından geri gələndə Zərərçəkmiş şəxs həmin yerdən getdiyini görmüşdür. Elvinin mobil telefonuna zəng etmiş, lakin Elvin zənginə cavab verməmişdir. O, ümumiyyətlə hər hansı quldurluq və ya soyğunçuluq etməmişdir. Zərərçəkmiş şəxs iki dəfə mobil telefonla zəng etmiş, lakin Elvin hər iki zənginə cavab verməmişdir. Onun avtomobildən pulu xırdalamaq üçün düşüb geri qayıtmağı təxminən 15 dəqiqə çəkmişdir. Elvindən 10 manat pulu xırdalamaq üçün almışdır. Hətta hadisədən sonra Elvinə bank kartının nömrəsini göndərərək pulu qaytarmaq istədiyini də bildirmişdir.
3. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək həmin ifadələrdə göstərmişdir ki, ünvan 2vanında təkbaşına kirayədə yaşayır, heç bir daimi və dövlət işində işləmədiyi üçün müxtəlif inşaat işlərində usta və fəhlə kimi işləyərək qazanc əldə edir. 30 mart 2025-ci il tarixdə, saat 06:45-də ünvan 5 ünvanından Bakı şəhəri Nəsimi rayonu “Nəsimi bazarı” X2 küçəsinə “Yango” taksi proqramı vasitəsilə sifariş vermiş, təqribən 2-3 dəqiqə sonra “Chevrolet Cobalt” markalı, ağ rəngli taksi onun yanına yaxınlaşmış və o, avtomobilin nömrəsindən həmin taksinin onun sifariş verdiyi taksi olduğunu tanımışdır. Bundan sonra həmin taksiyə əyləşmiş və 10-15 dəqiqə sonra Mirəsədulla Mirqasımov küçəsinə çatmışlar. Orada taksi sürücüsü avtomobili saxlamış və özü avtomobildən enən zaman sonradan adının Elvin olduğunu öyrəndiyi taksi sürücüsünə yalandan üzərində xırda pulu olmadığını, ona 10 manat verməsini, ikinci sifarişin sonuncu dayanacağında isə 20 manat pul qaytaracağını bildirmişdir. Elvin adlı sürücü isə 10 manatının olmadığını deyərək sürətlər qutusunun yanındakı açıq şəkildə olan bardakı 8 ədəd 1 manatlıq pul əskinasını çıxarıb ona vermiş və beləliklə gedişhaqqını ödəmədən həmin sürücüdən 8 manat pulu alıb qaytaracağını deyərək taksidən düşüb yolu keçərək qarşıdakı binanın blokuna daxil olaraq arxa tərəfdən çıxıb getmiş və geri qayıtmamışdır. Həmin hadisədən 2-3 saat keçdikdən sonra həmin taksi sürücüsü onun mobil telefonuna zəng vurub mesaj yazaraq ona verdiyi pulunu qaytarmağını, qaytarmadığı halda onu polisə şikayət edəcəyini bildirmişdir. O isə verəcəyini deyərək başqa nəsə yazmamışdır. Bundan iki gün sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin taksini sifariş verməkdə məqsədi ustasından pul götürüb rayona getmək olmuş, lakin birinci sifariş verdiyi yerdə - Mirəsədulla Mirqasımov küçəsində taksidən enən zaman üzərində 20 manat olmasına baxmayaraq, həmin pulu sürücüyə verməmiş və yalandan xırdası olmadığını deyərək sürücüdən 10 manat istəmişdir. Taksi sürücüsü isə 8 manatının olduğunu deyib həmin məbləği ona vermişdir. Özü isə 8 manatı sürücüdən alıb ikinci sifarişin sonuncu dayanacağına çatan yerdə ona (sürücüyə) 20 manat verəcəyini deyərək hadisə yerində onu (Təqsirləndirilən şəxs) gözləməsini bildirmişdir. Taksi sürücüsü orada gözləyən zaman yolu keçib binaların arasından keçərək oradan uzaqlaşmış və bir daha geri qayıtmamışdır. Taksi sürücüsündən aldığı 8 manat pulu şəxsi ehtiyacları üçün xərcləmiş və geri qaytarmamışdır. Həmin vaxt taksi sürücüsündən 8 manat pulu alanda da geri gələcəyini və ona 20 manat qaytaracağını deyən zaman yalan demiş, həmin vaxt geri qaytarmaq fikri olmamış və buna görə də ondan 8 manat pulu alıb oradan uzaqlaşmışdır.Taksi sürücüsü Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili taksi kimi sifariş verərək müştəri qismində onun taksisinə əyləşdikdən sonra sifariş verdiyi ünvana çatdıqda taksidən enən zaman sürücü Zərərçəkmiş şəxs böyrünə bıçaq dayayaraq ondan pul tələb etməmiş və həmin sürücünün köynəyinin cibində olan 165 manat pulla avtomobilinin barında olan 5 manat pulu aşkar şəkildə iradəsinə zidd olaraq ondan alıb ələ keçirməklə taksidən düşüb hadisə yerindən uzaqlaşmamış, hadisə sürücünün dediyi formada baş verməmişdir. O, taksidən enən zaman sürücüyə üzərində xırda pul olmadığını bildirərək sonuncudan 10 manat istəyib 8 manat alaraq gözləməsini və qayıdıb ikinci ünvan başında sürücüyə 20 manat verəcəyini deyərək aldadıb oradan uzaqlaşaraq geri qayıtmamış və həmin 8 manatı şəxsi ehtiyacları üçün xərcləmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 67-69; 83-85; 161-163;).
4. Məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edildikdən sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, həmin ifadələri təsdiq etmir. Cinayət işi materiallarında olan protokollardakı onun adına olan imzalar özünə məxsus deyildir. O, ibtidai istintaq zamanı pulu qaytarmayacağı kimi ifadə verməmişdir. Həmçinin ibtidai istintaq zamanı qaçması ilə bağlı da ifadə işlətməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələrin müəyyən hissəsi doğru olsa da, yuxarıda qeyd etdiyi digər hissələr yanlışdır. Zərərçəkmiş şəxs aldığı 8 manat pulu yol pulu ilə birlikdə qaytarmağı nəzərdə tutmuş, lakin Elvin onu gözləməyərək avtomobili idarə edərək uzaqlaşmışdır. Barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə məhkəmədə baxılarkən məhkəmə iclasında onun adından qeyd edilmiş ifadələri bildirməmişdir. Hadisə məhz məhkəmədə ifadəsində göstərdiyi kimi baş vermişdir. Anası Ağsu rayonunda yaşamaqla hər hansı pensiya və ya təqaüd almır və xəstəliyi ilə əlaqədar onun himayəsində yaşamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hər hansı cinayət əməli törətmədiyini, yaşlı və xəstə anasının onun himayəsində olduğunu bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etdi.
5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
7. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, “Yango” taksi şirkətində taksi sürücüsü işləyir. 30 mart 2025-ci il tarixdə səhər saatlarında ona taksi sifarişi daxil olmuş, sifarişdə birinci ünvan 1 saylı “Şəhər Klinik Xəstəxanası” olmaqla ümumilikdə gedilməli iki ünvan qeyd olunmuşdur. Taksini sifariş verən, sonradan ad və soyadını bildiyi şəxs Təqsirləndirilən şəxs avtomobildə olarkən türk dilində danışmış, sifarişdə qeyd olunan ünvana çatmamış yarı yolda avtomobili saxlamağını bildirmişdir. O, avtomobili saxlayarkən qəfildən Təqsirləndirilən şəxs bir əli ilə onun qolundan tutmuş, digər əlində isə görmədiyi bir şeyi böyrünə söykəyərək pul istəmişdir. O, Təqsirləndirilən şəxs iki sutka fasiləsiz işlədiyini, növbəti günün bayram günü olmasını, belə hərəkət etməməsini demişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs ondan pul verməsini tələb etmiş, o, cibindəki 165 manat pulu Təqsirləndirilən şəxs verdikdən sonra sonuncu avtomobilin sürətlər qutusunun yanında olan 5 manat pulu da götürüb qaçmışdır. Hadisənin təsirindən şok vəziyyətində olduğundan özünü çox pis hiss etmiş, bir müddət olduğu yerdə gözlədikdən sonra avtomobildən düşüb Təqsirləndirilən şəxs getdiyi istiqamətə baxmış, lakin sonuncunu görməmiş, habelə Təqsirləndirilən şəxs 1-2 dəfə zəng etməsinə baxmayaraq sonuncu zənglərinə də cavab verməmişdir. Daha sonra nə edəcəyini bilməyərək yaşadığı Abşeron rayonu Masazır qəsəbəsinə getmiş, hadisə barədə taksi şirkətinə məlumat verdikdən sonra “102 Zəng xidməti”nə də zəng edərək hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs onun böyrünə konkret olaraq nə dayadığını, həmin predmetin alət və ya bıçaq olub-olmamasını, eləcə də haradan çıxarmasını görməmiş, yalnız predmetin quru olmasını hiss etmiş və sonuncuya yalnız ondan istədiyi pulu vermişdir.
8. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi yuxarıda qeyd edilən ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs həmin ifadələrində göstərmişdir ki, təxminən 5 aydır ailəsilə birlikdə Abşeron rayonu Masazır qəsəbəsinə köçmüş, həmin vaxtdan qeyd etdiyi ünvanda kirayədə yaşayır, eyni zamanda həmin vaxtdan Bakı şəhərində fəaliyyət göstərən “Yango” taksi şirkətinə sürücü kimi qəbul olunmaqla həmin şirkətə məxsus olan “Chevrolet Cobalt” markalı, ** YS *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi sürücüsü kimi fəaliyyət göstərir. Həftənin 1-ci günləri istirahət günü olmaqla, həftənin digər günləri saat 07:00-dan 22:00-dək işdə olur. Sifariş qəbul edərək müştəriləri gedəcəkləri ünvana çatdırıb şirkətin müvafiq faizini ödədikdən sonra qalan gəlirlə özünün və ailəsinin şəxsi və digər ehtiyaclarını qarşılayır. Belə ki, 3-4 gün və ya bir həftədən bir işlədiyi sifarişləri ofisə yaxınlaşaraq şirkətdə hesabatını çıxarıb həmin məbləğin 35 faizini özünə götürməklə qalan məbləği şirkətə təhvil verir. 30 mart 2025-ci il tarixdə bayram günü olduğundan, həm də gəliri az olduğundan bir az artıq işləyib qazanc əldə etmək məqsədilə saat 00:00-dan saat 06:45-dək bir neçə dəfə əlavə sifariş götürərək proqramda qeyd edilən müxtəlif məbləğlər qarşılığında müştəriləri ünvanına çatdırıb müəyyən qədər qazanc əldə etmişdir. Həmçinin, sonuncu dəfə həftənin 2-ci günü həftəlik qazancı şirkətə vermiş və həmin vaxtdan keçən 5 gün ərzində işlədiyi pulların bir hissəsini şəxsi ehtiyacları üçün xərcləmiş və üzərində, yəni köynəyinin sol yan cibində sonuncu işlədiyi məbləğlərlə birlikdə 165 manat pul olmuş, həmçinin avtomobildə ötürücü mexanizmin yanındakı barda açıq şəkildə əlavə olaraq 5 manat pulu olmuşdur. 30 mart 2025-ci il tarixdə, saat 06:46-da eyni müştəridən ünvan 5 ünvanından “Bakı şəhəri Nəsimi rayonu Nəsimi bazarı X2 küçəsinə” və oradan da “X14 Bakı, Nərimanov rayonuna” sifariş qəbul etmiş və təqribən saat 06:49-da qeyd edilən ünvandan bir nəfər kişi cinsindən olan tanımadığı şəxsi götürərək sifariş verilən ünvana doğru hərəkət etməyə başlamışdır. Həmin şəxs ön tərəfdə sürücü oturacağının yanında sağ oturacaqda əyləşmişdir. Sifariş verilən ünvana yollar boş olduğu üçün təqribən 10-11 dəqiqə ərzində çatmış və həmin müştərinin avtomobildən enməsi üçün idarə etdiyi avtomobili yolun sağına çəkib saxladıqdan sonra ön sağ oturacaqda əyləşmiş tanımadığı sərnişin onun sağ biləyindən tutub saxlayaraq əlindəki bıçağı onun sağ böyür nahiyəsinə dayayaraq nə qədər pulu varsa ona verməyini tələb etmişdir. Həmin vaxt həyəcan və qorxuyla yerindən tərpənməmiş və ona bildirmişdir ki, bayram günüdür, əziz gündür, belə etməyinə ehtiyac yoxdur, səhərə kimi işləyib 5-3 manat pul qazanmışdır və həmin şəxsdən xahiş etmişdir ki, onu buraxsın, həmin pulu da balalarına aparmağına icazə versin, pullarını almasın. Lakin həmin şəxs onun dediklərinə fikir verməmiş və bıçağı onun böyür nahiyəsində saxlayaraq yenidən nə pulu varsa verməyini tələb etmişdir. Həmin tanımadığı şəxsin ona xəsarət yetirəcəyindən qorxduğu üçün köynəyinin sol döş cibində olan 165 manatı çıxarıb ona vermişdir. Əlavə olaraq sürətlər qutusunun yanındakı barda açıq vəziyyətdə olan 5 ədəd 1 manatlıq pul əskinasını da həmin şəxs götürmüş və bundan sonra tərpənməməsini deyərək qapını açıb onun taksi kimi idarə etdiyi avtomobilindən enərək qaçıb yolun qarşı tərəfinə keçib binanın blokuna daxil olaraq gözdən itmişdir. Bundan sonra bir az özünü toparlayıb 10-15 dəqiqə sonra hadisə yerindən çıxıb yaşadığı ünvana getmişdir. Evə çatdıqdan sonra bir az özünə gəlib hadisə baş verdikdən təqribən 1 saat sonra, yəni saat 07:45-də həmin şəxsin taksi sifarişi verdiyi +**********23 mobil nömrəsinə 1-2 dəfə zəng vurmuş və o, telefonlarını açmayaraq onun mobil nömrəsini əngəlləmişdir. Evə çatdıqdan sonra bir az özünə gəlib, daha sonra həmin gün saat 10:55 radələrində işlədiyi şirkətə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermiş, həmin şirkətdən ona hadisə barədə 102 xidmətinə məlumat verməyi bildirilmişdir. Həmin gün saat 11:00-da isə “102 xidməti zəng mərkəzinə” zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Həmçinin 30 mart 2025-ci il tarixdə, saat 12:10 radələrində işlədiyi “Yango” taksi şirkətinin texniki dəstək mərkəzinə sms vasitəsilə müraciət edərək müştərinin ona qarşı soyğunçuluq edib 170 manat məbləğində pulunu üstünə bıçaq çıxardaraq ondan aldığını və hadisə yerindən qaçdığını bildirmişdir. Daha sonra polis əməkdaşları onu hadisə yerinə çağırmış, avtomobilinə və hadisə yerinə iştirakı ilə baxış keçirilmiş, daha sonra isə izahat verməyi üçün onu polis idarəsinə dəvət etmişlər. Bundan başqa ona qarşı soyğunçuluq əməlini törətmiş həmin şəxsi əvvəllər görməmiş, tanımamış və həmin şəxsi ilk dəfə görmüş, buna görə də onunla aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Baş vermiş soyğunçuluq hadisəsi nəticəsində ona ümumilikdə 170 manat maddi ziyan vurulmuşdur. Əvvəllər bu cür hadisələrlə qarşılaşmamış, ona qarşı belə bir hal ilk dəfə baş vermişdir. Hadisə zamanı üzərində olan və tanımadığı həmin şəxs tərəfindən üzərindən, yəni köynəyinin cibindən götürülmüş 165 manat pul əskinasları 20, 10, 5 və 1 manatlıq pul əskinaslarından ibarət olmuşdur. Avtomobilin barında açıqda olan 5 manat pulu isə 1 manatlıq pul əskinaslarından ibarət olmuşdur. Hadisədən sonra çox qorxduğundan, həyəcanlı və stresli olduğundan həmin vaxt ilk ağlına gələn yaşadığı evə getmək olmuşdur. Evə çatıb bir az özünə gəldikdən sonra isə əvvəlcə işlədiyi şirkətə və daha sonra isə polisə baş vermiş hadisə barədə zəng vuraraq məlumat vermişdir. Avtomobilinin ön sağ oturacağına müştəri qismində minib sonradan cinayət yolu ilə iradəsinin ziddinə ümumilikdə 170 manat pulunu talayan şəxs təqribən 30-35 yaşlarında olmaqla arıq, qarabuğdayı, qara saçlı, seyrək saqqallı, təqribən 160-165 sm boylarında kişi cinsindən olan şəxs olmuşdur. Həmin şəxs onunla daha çox türk dilində danışmış, onun böyrünə dayayaraq hədələdiyi bıçağı haradan çıxardığını dəqiq görməmiş və fikir verməmiş, lakin avtomobilə minəndə onun əllərində bıçaq və ya başqa hər hansı bir əşya olmamışdır. Həmin bıçağın tutacaq hissəsinin az bir yerini görmüş və həmin hissənin açıq qəhvəyi rəngdə olduğunu müşahidə etmişdir. Bıçağın kəsici hissəsi isə düz formada olmaqla təqribən 10-15 sm olmuşdur. Lakin bıçağın tutacaq hissəsi onun əlində olduğundan bıçağı tam olaraq deyil, qeyd etdiyi kimi bir hissəsini görə bilmişdir. Hadisə baş verən zaman avtomobilində və yaxınlıqda başqa şəxslər olmadığı üçün bildiyi qədəri ilə hadisəni görən başqa şəxslər olmamışdır. Həmin şəxs ona qarşı fiziki və ya başqa şəkildə əlavə güc tətbiq etməmiş və xəsarət yetirməmişdir. Sadəcə böyrünə bıçaq dayayaraq tərpənməməsini demiş və 170 manat məbləğində pulunu götürdükdən sonra onun avtomobilindən düşüb qaçmışdır. İlk öncə DİN-in 102 XZM-nə zəng vuran zaman iki nəfərin idarə etdiyi taksidə ona qarşı quldurluq etdiyini və bıçağı boğazına dayayıb hədələməklə 170 manat pul vəsaitini götürüb qaçdıqlarını bildirmişdir. Lakin bunu hadisənin şoku, qorxu və keçirdiyi həyəcanın təsiri ilə etmişdir. Həm də polisə zəng vuran zaman düşünmüşdür ki, bir nəfərin onun pulunu quldurluq yolu ilə alıb qaçdığını bildirsə inandırıcı olmaz, polis əməkdaşları onun 1 nəfərə güc gələ bilmədiyini düşünər və işə məsuliyyətlə yanaşıb həmin şəxsin tapılması istiqamətində ciddi tədbir görməzlər. Bu düşüncə ilə idarə etdiyi taksidə 2 nəfərin onu bıçaqla hədələyib 170 manat pulunu ələ keçirdiklərini bildirmişdir. Lakin reallıqda taksidə müştəri qismində 1 nəfər olmuş, qeyd etdiyi kimi o, ön sağ oturacaqda əyləşmiş və sifariş verdiyi ünvan olan Nəsimi rayonu M.Mirqasımov küçəsinə çatanda avtomobili saxlamaq üçün yolun sağına çəkən zaman cibindən çıxardığı bıçağı onun sağ böyür nahiyəsinə dayayıb onu hədələyərək ümumilikdə 170 manat pul vəsaitini götürüb avtomobilindən düşüb qaçmışdır. Hadisə baş verdikdən sonra həmin şəxs onun 170 manat pulunu götürərək avtomobilindən enib qaçdıqdan sonra ona pulunu geri qaytarması ilə bağlı sms göndərməmiş, sadəcə hadisə yerində bir az özünü toparladıqdan sonra evinə gedərək onun taksi proqramında sifariş verdiyi +**********23 saylı mobil nömrəsinə pulunu geri qaytarmasını, yoxsa onu polisə şikayət edəcəyini bildirmək üçün zəng vursa da, xatırladığı qədərilə həmin şəxs onun zənginə cavab verməmiş və nömrəsini bloka atmış, buna görə xatırladığı qədərilə avtomobilində 170 manat pulunu götürüb qaçdıqdan sonra onunla telefonla da danışıb sözünü deyə bilməmiş və qeyd etdiyi kimi həmin gün işləməyərək hadisənin həyəcan, qorxusu ilə narahat olduğundan hadisədən sonra özünü toparlamaq məqsədilə yaşadığı ünvana qayıtmışdır (Cild 1, i.v. 11-13; 20-25;).
9. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri, eləcə də iş materialında olan digər sənədlər elan edilərək tədqiq edildikdən sonra ona verilmiş suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs böyür nahiyəsinə dayadığı predmetin nə olduğunu görməmiş, hadisədən əvvəlki iki gün bütövlükdə fasiləsiz işlədiyinə görə ola bilsin ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində guya təqsirləndirilən şəxsin bıçağı ona dayamasını bildirmiş, halbuki həmin predmetin bıçaq olduğunu görməmiş, yalnız elə olduğunu düşünüb zənn etmişdir. Təqsirləndirilən şəxs ondan yalnız pulu çıxarıb verməsini tələb etmiş, o da müvafiq olaraq üzərində olan pulu çıxarıb ona vermiş, bu zaman “pulu çıxar ver” sözündən əlavə söz deməmişdir. Təqsirləndirilən şəxs əlində açıq-qəhvəyi rəngli predmet görsə də, həmin predmetin nə olduğunu bilməmiş, o cümlədən ibtidai istintaq zamanı bıçağın forması barədə hər hansı bir söz deməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində avtomobilində iki nəfər şəxsin olması, habelə Təqsirləndirilən şəxs ona bıçaqla hücum etməsinə dair göstərdiyi xüsusatlar istisna olmaqla digər hissələri təsdiq edir. Təqsirləndirilən şəxs onu döyməmiş, lakin sonuncunun qəfil ondan pul tələb edib böyür nahiyəsinə dayadığı alətin bıçaq olmasını, tələb etdiyi pulu verməyəcəyi halda vurulacağını (bıçaqlanacağını) düşünərək üzərindəki pulu ona vermişdir. Təqsirləndirilən şəxs sonradan ona zəng etməmiş, kart nömrəsini göndərməklə pulu qaytarmaq istəməsi barədə hər hansı söz deməmişdir. O, təqsirləndirilən şəxsin əlində bıçaq görməmiş, lakin sonuncunun əlində bıçaq olduğunu düşünmüşdür. Ola bilsin təqsirləndirilən şəxsin əlini böyrünə dirəməsini bıçaq kimi hiss etmiş və buna görə də ibtidai istintaq dövründə bıçaq olduğunu demişdir. Lakin ucu iti olan ona nəsə toxunmamışdır. Belə ki, o, hadisə baş verəndən sonra hadisənin təsirindən özündə olmadığından hadisədən 2 saat sonra məlumat vermişdir. Hətta hadisə yerində təxminən 2 saata yaxın gözləmiş və təqsirləndirilən şəxs pulu geri qaytarmamışdır. Onun bədəni üzərində hər hansı xəsarət olmamışdır. Ona vurulmuş ziyan ödənilməmiş və ziyanın ödənilməsi ilə bağlı heç kim onunla əlaqə saxlamamışdır. Sonda Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın ödənilmədiyini, buna baxmayaraq hazırda Təqsirləndirilən şəxs bağışlamaqla onunla barışdığını, ona qarşı hər hansı şikayət və ya tələbi olmadığını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi.
10. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
11. “Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” 30 mart 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə, saat 07:00 radələrində Lənkəran rayonunda qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan və “Yango” taksi şirkətində taksi sürücüsü kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs idarə etdiyi taksiyə müştəri qismində əyləşmiş naməlum şəxs tərəfindən Bakı şəhəri Nəsimi rayonu X2 küçəsində soyğunçuluğa məruz qalaraq iradəsinə zidd şəkildə həmin naməlum şəxs tərəfindən 170 manat pulunun açıq şəkildə talanması faktına görə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin (bundan sonra mətndə - Nəsimi RPİ-nin İŞ) müstəntiqi polis kapitanı X9 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə fakta görə ********* saylı cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır (Cild 1, i.v. 1;).
12. Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin təhqiqatçısı polis mayoru Rasim Əliyevin 1 aprel 2025-ci il tarixli raportundan və raporta əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməliyyat məlumatları sistemindən əldə edilmiş məlumatlardan görünür ki, 30 mart 2025-ci il tarixdə, saat 11:12 radələrində Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 Xidməti Zəng mərkəzinə” müraciət edərək 30 mart 2025-ci il tarixdə, saat 6:30 radələrində idarə etdiyi “Chevrolet Cobalt” markalı ** VS *** dövlət nömrə nişanlı avtomobilinə müştəri qismində əyləşən şəxslərin ünvan 12 ünvanında avtomobilin daxilində onun boğazına bıçaq dirəyərək üzərində olan 170 manat pulunu iradəsinə zidd olaraq götürüb hadisə yerindən qaçmaları barədə bildirmişdir. (Cild 1, i.v. 4-6;).
13. “Baxış keçirilməsi haqqında” 30 mart 2025-ci il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə iş üzrə Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı hadisənin baş verdiyi yerin Bakı şəhəri Nəsimi rayonu X2 4 ünvanı olması müəyyən edilmiş, hadisə yerindən hər hansı əşya və ya sənəd götürülməmişdir. Hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs 30 mart 2025-ci il tarixdə, saat 06:45 radələrində tanımadığı kişi cinsindən olan 40-45 yaşlı bir nəfər şəxsi idarə etdiyi “Yango” taksi şirkətinə məxsus iş avtomobilinə müştəri qismində götürdüyünü, həmin şəxsin ön sağ oturacaqda əyləşdiyini, sifariş verilmiş ünvan 14 ünvanına çatdıqda avtomobili yolun sağına çəkib saxlamaq istəyərkən həmin şəxsin cibindən çıxardığı bıçağı onun sağ böyür nahiyəsinə dirəyib hədələyərək onun ümumilikdə 170 manat pul vəsaitini götürüb tərpənməməsini deyərək avtomobilin qapısını açıb düşüb qaçaraq yolun sol tərəfinə keçməklə gözdən itdiyini və geri qayıtmadığını bildirmişdir. Baxış zamanı “Honor X 9B” markalı mobil telefonla fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (Cild 1, i.v. 7- 10;).
14. Zərərçəkmiş şəxs Qurban oğlunun Nəsimi RPİ-nin İstintaq Şöbəsinə ünvanladığı 30 mart 2025-ci il tarixli ərizəsindən görünür ki, həmin tarixdə, saat 06:50 radələrində “Yango” taksi şirkətinə məxsus olmaqla idarə etdiyi “Chevrolet Cobalt” markalı ** YS *** dövlət qeydiyyat nişanlı avtomobilinə ünvan 5 ünvanından “Bakı şəhəri Nəsimi rayonu Nəsimi Bazarı X2 küçəsi” istiqamətində sərnişin qismində minmiş bir nəfər kişi cinsindən olan tanımadığı şəxs tərəfindən bıçaqla hədələnərək ümumilikdə 170 manat pul vəsaitinin ələ keçirildiyini bildirərək həmin şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməklə ona vurulmuş maddi ziyanın geri qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir (Cild 1, i.v.14;).
15. “Zərərçəkmiş şəxs kimi tanımaq barədə” 31 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 1, i.v. 15- 16;).
16. “Baxış keçirilməsi və götürmə haqqında” 31 mart 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi xx.xx.2025-ci il tarixdə ünvan 12 ünvanında baş vermiş hadisəyə dair məlumatları özündə əks etdirən və 04(dörd) ədəd A4 vərəqinə köçürülmüş məlumatlara həmin tarixdə qəbul edilmiş qərar əsasında müstəntiq Surət Hüseynzadə tərəfindən Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2025-ci il tarixdə, saat 06:49-da +**********23 mobil telefon nömrəsi ilə istifadə olunan mobil telefonun istifadəçisi (Zərərçəkmiş şəxs) tərəfindən “Yango” taksi proqramı vasitəsilə Nəsimi rayonu 20 Yanvar küçəsi 42 ünvanından taksi sifariş verildiyi, ümumi xidmət haqqının 3,6 manat müəyyən edildiyi, partnyorun komissiyası olan 0,83 manat çıxıldıqdan sonra yekun məbləğin 2,77 manat qaldığı, sifariş üzrə təyin edilmiş “Yango” taksi şirkətinə məxsus taksinin müştərini 20 Yanvar küçəsi 42 ünvanından götürəcəyi, dayanacaq yerinin “Nəsimi bazarı, Bakı, X2 küçəsi” olaraq və son çatma yerinin “X14, Bakı, Nərimanov rayonu” olaraq qeyd edildiyi, hadisə baş verdikdən sonra taksi sürücüsü Zərərçəkmiş şəxs tərəfindən onun idarə etdiyi taksidə sərnişin qismində olan və Mirəsədulla Mirqasımov küçəsində 170 manat pulunu ələ keçirərək taksidən enib qaçmış şəxsin “Yango” taksi proqramı vasitəsilə sifariş verdiyi +**********23 mobil nömrəsinə həmin tarixdə saat 07:45-də zəng vurulduğu və danışığın qeydə alınmadığı və xx.xx.2025ci il tarixdə, saat 12:10-da zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən “Yango” taksi şirkətinin “Texniki dəstək mərkəzinə” “Müştəri mənə qarşı soyğunçuluq edib 170 manat məbləğində pulumu üstümə bıçaq çıxardaraq məndən aldı” məzmunda sms mətninin göndərildiyi müəyyən edilmişdir (Cild 1, i.v. 30-31; 33-37;).
17. Nəsimi RPİ-nin 20-ci PŞ-nin rəisi Vüqar Abdullayev tərəfindən verilmiş 1 aprel 2025-ci il tarixli məktubdan görünür ki, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətmiş şəxsin 7 sentyabr 1981-ci il tarixdə ünvan 18 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında kirayədə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmaqla həmin şəxs tərəflərindən saxlanılmış, lakin hadisə 30 mart 2025-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu M.Mirqasımov küçəsində Zərərçəkmiş şəxs taksi kimi idarə etdiyi “Yango” taksi şirkətinə məxsus olan “Chevrolet Cobalt” markalı avtomobilin daxilində baş verdiyindən və həmin vaxt avtomobildə və ətrafında başqa şəxslər olmadığından hadisənin şahidi ola biləcək şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmamışdır (Cild 1, i.v. 41;).
18. “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 1 aprel 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ona tanınma üçün təqdim edilmiş 4 nəfər şəxsin içərisindən üçüncü sıra nömrəsində dayanmış Təqsirləndirilən şəxs tanıyaraq 30 mart 2025-ci il tarixdə avtomobildə ona qarşı quldurluq etmiş şəxsin həmin şəxs olduğunu bildirmişdir (Cild 1, i.v. 42-44;).
19. “Şübhəli şəxsin tutulması haqqında” 1 aprel 2025-ci il tarixli qərar və protokoldan görünür ki, müstəntiq Surət Hüseynzadə tərəfindən Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X7 iştirakı ilə həmin tarixdə, saat 20:00-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq ona ətraflı şəkildə hüquq və vəzifələri izah edilmiş və bu barədə anası X8 mobil telefon vasitəsi ilə məlumat verilmişdir (Cild 1, i.v. 57-58; 60-61;).
20. “Üzləşdirmə” 1 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti zamanı hər biri ifadələrində göstərdikləri xüsusatları bir daha bir-birlərinin üzünə qarşı deyərək təsdiq etmişlər (Cild 1, i.v. 70-71;).
21. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 3 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmaqla hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 74-75;).
22. “İfadənin yerində yoxlanılması haqqında” 3 aprel 2025-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə, saat 16:10-dan 16:30-dək Təqsirləndirilən şəxs 1 aprel 2025 və 3 aprel 2025-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi hadisə yerində, yəni “Bakı şəhəri Nəsimi rayonu Nəsimi bazarı X2 küçəsində” müdafiəçisinin iştirakı ilə yoxlanılarkən sonuncu həmin ifadəsini hadisə yerində bir daha əyani olaraq göstərməklə təsdiq etmiş və bu barədə “Honor X 9B” markalı mobil telefonla fotoşəkillər çəkilməklə protokola əlavə edilmişdir (Cild 1, i.v. 92- 93;).
23. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3 aprel 2025-ci il tarixli, 4(006)-204/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 1 aprel 2025-ci il tarixdən hesablanmaqla 30 iyun 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli hesab etmədiyini, Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri qismində əyləşdiyini, lakin sifarişin sonunda ödəniş etməyin mümkün olmadığını, buna görə də sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs “xırda” pulunun olmadığını, sonuncuya 10 manat pul verməsini istədiyini və pul verilərsə ikinci sifarişin sonunda müştəri kimi 20 manat ödəniş etmək niyyətində olduğunu bildirdiyini, həmin vaxt avtomobilin salonunda olan bir manatlıq əskinaslardan ibarət 8 manat pulun Elvin tərəfindən ona verildiyini, onun isə pulu götürərək yaxınlıqdakı binanın blokuna daxil olduğunu və həmin binanın arxa girişindən tərk edərək uzaqlaşdığını, sonradan Elvinin ona mesaj yazaraq pulu qaytarmasını, əks halda polisə müraciət edəcəyini bildirdiyini, onun isə pulun qaytarılacağını vəd etdiyini, lakin sonradan mesajlara cavab vermədiyini, istintaqın çağırışlarından yayınmayacağını bildirərək məhkəmədən vəsatətin təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyun 2025-ci il tarixli, 4(006)-417/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 iyul 2025-ci il tarixədək uzadılmışdır (Cild 1, i.v. 109-113; 216-219;).
24. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 14 aprel 2025-ci il tarixli cavabından və müvafiq hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 5 mart 2002-ci il tarixli hökmü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 3 sentyabr 2002-ci il tarixdə Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon Məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş 2 (iki) ay 26 (iyirmi altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2013-cü il tarixli, 1(101)-658/2013 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 181.2.2 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin məcəllənin 66.3-cü maddəsinə əsasən qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 oktyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Qeyd edilən hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs həmin iş üzrə də ümumilikdə 4(dörd) epizodda hazırkı iş üzrə eyni üsulla ayrı-ayrı taksi sürücülərinə qarşı quldurluq və soyğunçuluq cinayət əməlləri törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 1(001)-551/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 8 dekabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Qeyd edilən hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs həmin iş üzrə 1(bir) epizodda taksi sürücüsünə qarşı soyğunçuluq cinayət əməli törətmişdir. Təqsirləndirilən şəxs sonuncu iki iş üzrə məhkumluqları ödənilməmiş və ya üzərindən qanunla müəyyən edilmiş qaydada götürülməmişdir (Cild 1, i.v. 114-116; 125-146;).
25. “Diskə baxış keçirilməsi haqqında” 5 iyun 2025 və 7 iyun 2025-ci il tarixli protokollardan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətindən əldə edilmiş “TŞ 3-007” saylı Təhlükəsizlik şəhər kamerası tərəfindən 30 mart 2025-ci il tarixdə qeydə alınmış 1(bir) ədəd kompakt diskdə olan videogörüntülərə baxış keçirilmiş, baxış zamanı birinci “CD” diskdə “TŞ3-007 1-2025-03-30_06h56min00s000ms”, “TŞ3-007 2-2025-03-30_06h56min00s000ms”, “TŞ3- 007 3-2025-03-30_06h56min00s000ms”, “TŞ3-007 4-2025-03-30_06h56min00s000ms” adlı, hər biri 4 dəqiqədən ibarət 4 ədəd videogörüntünü əks etdirən faylın olması müəyyən edilmişdir. “TŞ3-007 1-2025-03- 30_06h56min00s000ms", “TŞ3-007 3-2025-03- 30_06h56min00s000ms”, “TŞ3-007 4-2025-03-30_06h56min00s000ms" adlı 3 ədəd videogörüntü fayllarında Nəsimi rayonu S.Vurğun küçəsi ilə M.Mirqasımov küçələrinin xx.xx.2025-ci il tarixdə, saat 06:56-dan 07:00-dək olan ümumi görüntüləri öz əksini tapmışdır. Baxış davam etdirilən zaman “TŞ3-007 2-2025-03- 30_06h56min00s000ms” adlı ikinci videogörüntü faylının 01:52-ci dəqiqəsində bir ədəd ağ rəngli, sedan modelli, üzərində “Yango” taksi şirkətinə aid olan qırmızı rəngli “Yango” yazısı yazılmış avtomobilin Mirəsədulla Mirqasımov küçəsi istiqamətində hərəkət edərək faylın 01:55-ci dəqiqəsində avtomobilin qəza işıq siqnallarının yandırıldığı və avtomobilin M.Miqasımov küçəsində yolun sağına doğru istiqamətləndiyi, 02:05-ci dəqiqədə avtomobilin həmin küçədə yolun kənarında dayandığı və 02:11-ci dəqiqədə, yəni xx.xx.2025-ci il tarixdə, saat 06:58:16-da 01 nəfər kişi cinsindən olan arıq, orta boylu şəxsin sağ ön tərəfdən avtomobildən enib qaçaraq avtomobil yolunun sol hissəsinə keçib gözdən itdiyi, həmin avtomobilin isə videogörüntü faylının sonuna qədər dayandığı yerdə qəza işıq siqnalları işlək vəziyyətdə qaldığı müşahidə edilir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə videogörüntülərə baxdıqdan sonra bildirdi ki, üzərində “Yango” yazısı olan həmin avtomobil onun xx.xx.2025-ci il tarixdə taksi kimi sifariş verdiyi və sonradan istintaqda adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi taksi sürücüsünün idarə etdiyi “Chevrolet Cobalt” markalı taksidir. Həmin taksini xx.xx.2025-ci il tarixdə, saat 06:45-də ünvan 19 ünvanından “Bakı şəhəri Nəsimi rayonu, Nəsimi Bazarı, X2 küçəsinə” sifariş vermişdir və həmin ünvanda görüntülərdəki taksidən enərək yolu iti addımlarla sağdan sola doğru keçən şəxs də özüdür. Taksi sifariş verdiyi ünvana çatanda taksi sürücü Zərərçəkmiş şəxs yalandan üzərində xırda pulunun olmadığını, ona 10 manat verməsini və ikinci sifarişin sonuncu dayanacağında ona 20 manat pul qaytaracağını deyib Elvin adlı sürücüdən 10 manatı olmadığından, 8 ədəd 1 manatlıq pul əskinasını alıb gedişhaqqını da ödəmədən qaytaracağını deyərək taksidən düşüb yolu keçərək qarşıdakı binanın blokuna daxil olub arxa tərəfdən çıxıb getmiş və geri qayıtmamışdır. Təqsirləndirilən şəxs avtomobil yolunu keçərkən başqa avtomobillərə və özünə təhlükə yaratmamaq üçün yolu qaçaraq deyil, iti addımlarla keçdiyini bildirmişdir. Həmçinin, baxışda iştirak edən Zərərçəkmiş şəxs videogörüntülərə baxdıqdan sonra bildirmişdir ki, görüntülərdəki üzərində “Yango” yazısı olan həmin avtomobil onun işlədiyi “Yango” taksi şirkətindən taksi kimi fəaliyyət göstərməsi üçün ona verilmiş “Chevrolet Cobalt” markalı, ** YS *** dövlət qeydiyyat nişanlı avtomobildir və həmin vaxt avtomobili özü idarə edir. Videogörüntülərdəki onun avtomobilindən ön sağ tərəfdən qapını açaraq yolu qaçıb sol tərəfə keçən şəxs isə istintaqda adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi və taksidə onun böyür nahiyəsinə bıçaq dayayıb hədələməklə ümumilikdə 170 manat pulunu götürən şəxsdir. Həmin Anar adlı şəxsin xx.xx.2025-ci il tarixdə “Yango” taksi şirkətindən "ünvan 5 ünvanından “Bakı şəhəri Nəsimi rayonu, Nəsimi Bazarı, X2 küçəsinə” sifariş verdiyini və özünün sifarişin verildiyi əraziyə yaxın olduğundan saat 06:45 radələrində Təqsirləndirilən şəxs yaxınlaşdığını və Anarın onun taksisində ön sağ oturacaqda sərnişin qismində əyləşib yolda onunla yarı türkcə, yarı azərbaycanca danışdığını və ünvana çatan zaman cibindən bıçaq çıxarıb onun sağ böyür nahiyəsinə dayayaraq nə qədər pulu varsa verməsini ondan tələb etdiyini, nə qədər etməməsini xahiş etsə də, Anar adlı şəxsin bıçağı daha sərt şəkildə onun böyrünə dayayıb pulları tələb etdiyini və özü, həmin şəxsin onun həyat və sağlamlığına zərər yetirəcəyindən qorxub çəkindiyi üçün köynəyinin cibindəki 165 manat pulu həmin şəxsə verdikdən sonra Anar adlı şəxsin sürətlər qutusunun yanındakı 5 manatı da götürüb onun avtomobilindən düşüb qaçaraq avtomobil yolunun sol hissəsinə keçib gözdən itdiyini, lakin həmin vaxtkı qorxu, həyəcan və stresslə Anar adlı şəxsin onun böyür nahiyəsinə dayadığı bıçağın ümumi görünüşünə qorxudan fikir vermədiyini və həmin bıçağın əlamətlərinin tam ağlında qalmadığını bildirmişdir (Cild 1, i.v. 117-121; 164-165;).
26. Azərbaycan Respublikası 2 nömrəli X1 9 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün həmin xəstəxanaya müraciət etməmişdir (Cild 1, i.v. 123;).
27. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 11 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə olan cinayət əməli həmin Məcəllənin 181.2.5-ci maddəsinə tövsif edilmişdir (Cild 1, i.v. 147-148;).
28. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 17 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə ittiham elan olunmuşdur (Cild 1, i.v. 153-154;).
29. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının” 4 aprel 2025-ci il tarixli 418 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (Cild 1, i.v. 167-169;).
30. “Sübutların qiymətləndirilməsi haqqında” 17 iyun 2025-ci il tarixli qərardan görünür ki, baş vermiş hadisəyə dair məlumatları özündə əks etdirməklə 4 (dörd) ədəd A4 vərəqinə köçürülmüş sənəd surətləri və “Təhlükəsiz şəhər kameraları” tərəfindən qeydə alınmış 1 (bir) ədəd disk cinayət işi üzrə maddi sübut növü hesab edilməklə iş materiallarına əlavə edilib saxlanılması qərara alınmışdır (Cild 1, i.v. 177-187;).
31. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq S.A.Hüseynzadə tərəfindən 24 iyun 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 28 iyun 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.201-209;).
32. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2025-cü il tarixli, 1(101)-1559/2025 saylı məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).
33. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 3(006)- 4141/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində (narkotik vasitələrdən istifadə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 30 (otuz) gün müddətə inzibati həbs seçilmişdir(Cild 2;).
34. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 3(006)- 212/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə tərtib edilmiş 10 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilmiş və o, məhkəmə iclas zalından azad edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs türk dilində danışaraq özünü əcnəbi vətəndaş kimi təqdim etmiş və xidmətindən istifadə etdiyi taksi sürücüsü X4 telefonunun arxasında olan 100 ABŞ dollarını oğurlamaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, lakin vurulmuş ziyanı tamamilə ödəməsi və zərərçəkmiş şəxslə barışması ilə əlaqədar icraata xitam verilmişdir (Cild 2;).
35. Zərərçəkmiş şəxs 17 oktyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayəti olmadığını göstərərək ona yüngül cəza verilməsini xahiş etmişdir (Cild 2;).
36. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 1961-ci il təvəllüdlü anası X5 ibarətdir (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
37. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
38. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
39. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
40. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Eyni zamanda müdafiə tərəfi məhkəmə istintaqında irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir.
41. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
43. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
44. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
45. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).
46. CM-in 181.1-ci maddəsinə görə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqına görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddənin sanksiyasında dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
47. CM-in 181.2.5-ci maddəsinə görə həmin Məcəllənin 181.1-ci maddəsində nəzərdə tutulmuş əməllər silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
48. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 181.2.5-ci maddəsi ilə düzgün tövsif edilməmişdir.
49. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 181.2.5-ci maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, silah qismində istifadə edilən əşya tətbiq edib özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs quldurluq cinayət əməlini silah qismində istifadə edilən əşya tətbiq etməklə törətməsi qənaətinə gələrkən yalnız iş materiallarında olan zərərçəkmiş şəxsin ifadələrinə və həmin ifadələrlə əsasən eyni məzmun təşkil edən digər istintaq hərəkətləri protokollarına istinad etmişdir ki, həmin hallar da məhkəmə istintaqı zamanı tədqiq edilmiş həm zərərçəkmiş şəxsin ifadəsi, həm də digər sübutlarla öz təsdiqini tapmamışdır.
50. Belə ki, məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı hökmün 27-28 və 30-cı bəndlərində göstərilmiş qərarlarda cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək Təqsirləndirilən şəxs quldurluq cinayət əməlini silah qismində istifadə edilən əşya tətbiq etməklə törətməsinin sübuta yetirilməsini göstərməyə çalışsa da, əksinə məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar, ibtidai istintaq orqanının istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin quldurluq cinayət əməlini “silah qismində istifadə edilən əşya tətbiq etməklə” törətməsinin sübuta yetirilməməsini təsdiq edir. Belə ki, müstəntiq hökmün 27-28 və 30-cu bəndlərində göstərilmiş qərarlarda təqsirləndirilən şəxsin quldurluq əməlini silah qismində istifadə olunan bıçaq tətbiq etməklə törədilməsi nəticəsinə gələrkən, yalnız zərərçəkmiş şəxsin hər hansı digər mötəbər sübutla öz təsdiqini tapmayan ifadələrinə (Təqsirləndirilən şəxs silah qismində bıçaqdan istifadə etməkə ona hücum etməsinə dair hissədə) istinad etmişdir. Halbuki ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etməsi iddia olunan alət və ya predmet müəyyən edilməmiş, ümumiyyətlə həmin predmet aşkar olunaraq maddi sübut qismində tanınmaqla tədqiq edilməmiş, habelə zərərçəkmiş şəxsin özü də məhkəməyədək icraat zamanı verdiyi ifadələrində təqsirləndirilən şəxsin ona hücum edərkən istifadə etdiyi ehtimal edilən predmetin bıçaq olmasından tam olaraq əmin olmamış, məhkəmə baxışı üzrə məhkəmə iclaslarında isə ümumiyyətlə təqsirləndirilən şəxsin əlində bıçaq, sair alət və ya vasitə görməsini inkar edərək sonuncunun onun bədəninə dayadığı “predmeti” nə zaman və hansı şəraitdə çıxarmasını görmədiyini dəfələrlə vurğulamışdır.
51. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək və qanunun “şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsinin zəruriliyi” tələbini əsas götürərək qeyd edir ki, məhkəmə baxışı üzrə məhkəmə iclaslarında zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrində və üzləşdirilmə zamanı Təqsirləndirilən şəxs ona bıçaqla hücum etməsini bütövlükdə inkar edərək sonuncunun yalnız avtomobili saxladıqdan sonra qəflətən ani hərəkətlə onun sağ qolundan tutub saxlayaraq ondan pul verməsini tələb etməsini, həmin vaxt həyəcanlanıb sonuncunun ona həyatı və sağlamlığı üçün təhlükə yaradan xəsarət yetirməsindən qorxaraq üzərində olan pul vəsaitinin hamısını ona verməsini, habelə təqsirləndirilən şəxsin sürətlər qutusunda olan 5 manat pulu da götürərək tərpənməməsini tapşırıb oradan sürətlə qaçıb gözdən itdiyini bildirmişdir. Bundan başqa, məhkəməyədək icraatın ilkin mərhələsində zərərçəkmiş şəxs hüquq-mühafizə orqanlarına məhz başına gəlmiş hadisənin düzgün araşdırılmamasından, o cümlədən təqsirləndirilən şəxsin tapılmamasından ehtiyat edərək hadisəni bir neçə hissədə təhrif edərək gah iki nəfər şəxsin ona hücum etməsini, gah bıçaqla boynuna xəsarət yetirilməsinə cəhd edilməsini, gah da bıçağın böyrünə dirənməsini bildirmiş, bununla belə həmin xüsusatları müxtəlif mərhələlərdə inkar edərək nəticədə məhkəmə iclasında həqiqətin tam şəkildə müəyyən edilməsinə köməklik etmişdir. Bununla belə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bıçaqla hücum etməsi faktı heç bir digər mötəbər sübutla öz təsdiqini tapmamaqla yanaşı, şübhəli vəziyyət yaratdığından və həmin şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadığından məhkəmə həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll olunmalı olması qənaətinə gəlir.
52. Belə ki, CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
53. CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
54. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
55. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
56. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.
57. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının müddəaları baxımından da əsaslı hesab edir.
58. Belə ki, “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.
59. X16 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X13rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.
60. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”.
61. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
62. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini tədqiq edib CPM-in 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-in 181.2.5-ci maddəsindən həmin Məcəllənin 181.1-ci maddəsinə tövsif edilməlidir.
63. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
64. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi CM-in 181.1-ci maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd və əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamanın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsddən ibarətdir. Cinayət qanunvericiliyi cinayətin törədilmə üsullarından asılı olaraq, talamanın oğurluq (CM-in 177-ci maddəsi), dələduzluq (CM-in 178-ci maddəsi), soyğunçuluq (CM-in 180-ci maddəsi) və quldurluq (CM-in 181-ci maddəsi) formalarını fərqləndirir. Qanunverici talamanın ayrı-ayrı formalarına görə cinayət məsuliyyətini məhz talamanın üsullarını nəzərə alaraq fərqləndirmişdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakının götürülməsindən və (və ya) özünün, yaxud başqa şəxsin xeyrinə keçirilməsindən ibarətdir. Özgənin əmlakını talama cinayətlərinin əksəriyyəti (yalnız kəsik tərkibli cinayət hesab edilən quldurluq istisna olmaqla) maddi tərkibli cinayət olduğundan, belə cinayətlərin daha bir obyektiv əlaməti ictimai təhlükəli nəticənin-əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Bu tərkiblərdə ziyanın miqdarı əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Talama cinayətləri törədildikdə zərərçəkmiş şəxsə dəymiş başqa ziyan (məsələn, əldən çıxmış fayda) təqsirkarın vurduğu real maddi ziyanın miqdarı müəyyən edilərkən nəzərə alınmır (lakin zərərçəkmiş talama cinayətləri nəticəsində əldən çıxmış fayda formasında maddi ziyanın da əvəzinin ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında tələb irəli sürə bilər).
65. CM-in 181.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhəti özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqında ifadə olunur. Quldurluğun mahiyyəti xüsusi məqsədlə və təhlil edilən maddənin dispozisiyasında göstərilən üsullarla törədilən basqından ibarətdir. Burada basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlsin. Hücuma məruz qalmış şəxsin həyat və ya sağlamlığı üçün təhlükəli zorakılıq dedikdə, həmçinin zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya yüngül zərər vurulmasından ibarət fiziki təsir başa düşülməlidir. Şərh edilən cinayət formal tərkibli olmaqla bu cinayət əmlakın ələ keçirilib-keçirilməməsindən asılı olmayaraq hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqının edildiyi andan başa çatmış hesab edilir. Bu cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilə bilər. Təqsirkar hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etdiyini dərk edir və özgənin əmlakını ələ keçirmə məqsədi ilə belə basqını törətməyi arzu edir. Quldurluqda tətbiq edilən zorakılıq və ya hədə məhz özgənin əmlakını ələ keçirmək (əmlakı götürmək və ya götürdükdən bilavasitə sonra əldə saxlamaq) məqsədi güdür.
66. Ali Məhkəmənin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarında göstərilmişdir ki, CM-in 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-in 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-in 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-in 127 və ya 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Belə halda, CM-in 181.2 və ya 181.3-cü maddələrində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar mövcud deyildirsə, əməl CM-in 181.1-ci maddəsi ilə tövsif edilməlidir. Quldurluq basqını zamanı özgə əmlakı ələ keçirilərkən, zərərçəkmişin sağlamlığına ağır zərər vurularsa və bu ehtiyatsızlıqdan onun ölümünə səbəb olarsa, əməl cinayətlərin məcmusu qaydasında CM-in 181.3.3 və 126.3-cü maddələri ilə tövsif edilməlidir. Özgə əmlakının ələ keçirilməsi qeyri-müəyyən xarakter daşıyan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə törədilərsə, şəxsin əməlinin soyğunçuluq və ya quldurluq olması məsələsi, işin bütün halları: cinayətin törədilmə yeri və vaxtı, basqın edənlərin sayı, zərərçəkmişin hədələndiyi predmetlərin xarakteri, basqın edənlərin fiziki hədə tətbiq etmək niyyətlərini təsdiq edən hər hansı nümayişkaranə hərəkətlərinin edilməsi və s. nəzərə alınmaqla həll edilməlidir. Özgə əmlakının talanması gedişində zərərçəkmişin zorakılıqla azadlığı məhdudlaşdırılarsa, şəxsin hərəkətində soyğunçuluq və ya quldurluq cinayətinin olması, zərərçəkmişin həyatı və ya sağlamlığı üçün bu hərəkətlərin xarakteri və təhlükəlilik dərəcəsi, həmçinin baş vermiş və ya baş verə biləcək nəticə (məsələn, əli-qolu bağlı zərərçəkmişin soyuq otaqda və ya kamerada saxlanılması, onun kömək üçün müraciət etmək imkanlarından məhrum edilməsi) nəzərə alınmaqla həll edilməlidir. Həmin qərarın 24-cü bəndində göstərilir ki, quldurluq basqını törətmiş şəxsin əməlində digər ağırlaşdırıcı hallar (məsələn, qabaqcadan əlbir olan bir qrup şəxs, yaşayış sahəsinə və s. yerlərə qanunsuz girmək, silah tətbiq etmək və s.) olarsa, quldurluğun bu obyektiv əlamətləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Qeyd edilən qərarın 26-cı bəndinə əsasən vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğlərdən az olubolmamasından asılı olmayaraq yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Bundan başqa, həmin qərarın 27-ci bəndində göstərilir ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Həmin qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin əməli CM-nin 181.2.5-ci maddəsi ilə tövsif edildikdə, məhkəmələr basqın zamanı tətbiq edilmiş predmetin canlı qüvvənin və ya digər hədəfin vurulması üçün yararlı silah olub-olmamasını ekspert rəyi əsasında müəyyən etməlidir. Qanunda göstərilən hallar mövcud olduqda, belə şəxsin əməli, əlavə olaraq AR CM-nin 228-ci maddəsi ilə də tövsif edilməlidir. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa, (məsələn, silah maketi, oyuncaq xəncəl və i.a.), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri CM-nin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir.
67. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin – Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir.
68. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 30 mart 2025-ci il tarixdə, saat 06:49-da ünvan 3 ünvanından “Yango” taksi şirkətinə məxsus mobil tətbiq vasitəsilə taksi sifarişi edib, sifariş əsasında oraya yaxınlaşan Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet Cobalt” markalı, 77-YS- 831 dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşərək həmin gün saat 06:58-də Bakı şəhəri Nəsimi rayonu X2 küçəsi 4 saylı ünvanın qarşısına çatdıqda Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək əynindəki köynəyinin sol üst cibindən 165 manat və avtomobilin salonundan 5 manat olmaqla ümumilikdə 170 manat pulu ələ keçirib hadisə yerindən qaçıb uzaqlaşmaqla Zərərçəkmiş şəxs maddi ziyan vuraraq quldurluq etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs heç gözləmədiyi anda sərnişin qismində maşınına mindirdiyi şəxs tərəfindən qəflətən baş verməklə məruz qaldığı hücum nəticəsində həyatı və sağlamlığı üçün təhlükəli olan hər hansı xəsarət ala biləcəyindən qorxaraq Təqsirləndirilən şəxs fasiləsiz işlədiyi müddətdə qazandığı pulu ondan almamasını, bayram günü olmaqla günah işlətməməsini bildirərək yalvarmasına baxmayaraq sonuncu zərərçəkmiş şəxsin sözlərinə heç bir əhəmiyyət vermədən pulu tələb etməyə davam etmiş və hər hansı hərəkət etməkdən çəkinməsini tələb edərək pulunu ələ keçirdikdən sonra hadisə yerindən dərhal uzaqlaşıb gözdən itmişdir.
69. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
70. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə icraatı dövründə Zərərçəkmiş şəxs qarşı hər hansı cinayət əməlini törətmədiyini, sonuncudan 170 manat deyil, guya cəmi 8-10 manat məbləğində pulu xırdalamaq üçün götürməsini, sonradan geri qayıtdıqda isə taksi sürücüsünün orada gözləməyərək çıxıb getdiyini, guya sonuncuya bir neçə dəfə zəng etməsinə baxmayaraq telefonuna cavab vermədiyini, habelə guya zərərçəkmiş şəxsdən plastik bank kartı nömrəsini istəyərək pulunu qaytarmaq istəməsini bildirdiyini göstərmişdir. Halbuki Zərərçəkmiş şəxs həm məhkəməyədək, həm də məhkəmə icraatı zamanı verdiyi ifadələrində baş vermiş hadisənin şoku ilə bir müddət hadisə yerində qaldığını, həmin müddət ərzində Təqsirləndirilən şəxs geri qayıtmadığını, habelə ona bir neçə dəfə zəng etməsinə baxmayaraq zənglərinə cavab verməyərək mobil telefon nömrəsini əngəlləyərək onu bloka atmasını, bundan sonra yaşadığı evə gedərək hadisənin təsirindən çıxdıqdan dərhal sonra işlədiyi şirkətə və hüquq-mühafizə orqanlarına müraciət etdiyini, Təqsirləndirilən şəxs ümumiyyətlə onunla əlaqə saxlamadığını, pulu qaytarmaq istəməsi ilə bağlı hər hansı bir söz demədiyini bildirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən ifadələrində göstərdiyi həmin xüsusatlar işin faktiki halları ilə öz təsdiqini tapmadığından məhkəmə həmin ifadələri Təqsirləndirilən şəxs ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir. Bundan başqa, məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmaqla oxşar xarakterli cinayət əməllərinin törədilməsində (quldurluq və soyğunçuluq, həmçinin narkotik vasitələrdən istifadə (habelə inzibati qaydada)) təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin öz hüquqazidd əməllərindən nəticə çıxarmayaraq kifayət qədər islah olunmadan eyni xarakterli ağır cinayət əməlini yenidən törətməklə zərərçəkmiş şəxsin hüquqlarına əhəmiyyət verməyərək öz hüquqazidd əqidəsini nümayiş etdirmişdir. Eyni zamanda məhkəmə icraatı zamanı onun törətdiyi əməldən peşmanlıq hissi çəkmədən zərərçəkmiş şəxsə vurduğu ziyanın ödənilməsinə cəhd göstərməməsi, əksinə həm məhkəməyədək, həm də məhkəmə icraatı zamanı həqiqətin müəyyən edilməsinə maneəçilik törətməsi, eləcə də davranışları onun şəxsiyyətinin yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olduğunu, onda davamlı və sabit cinayətkar meyillərin formalaşdığını göstərir.
71. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün və zərərçəkmiş şəxsin verdiyi ifadələri ilə yanaşı, üzləşdirmə, ifadənin yerində yoxlanılması, hadisə yerinə baxış keçirilməsi və təhlükəsiz şəhər kamera görüntülərinə baxış keçirilməsi protokolları, eləcə də ekspertiza rəyi və digər sənədlərlə kifayət qədər sübuta yetirilir.
72. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin özgənin əmlakını quldurluqla ələ keçirməsi tam sübuta yetirildiyindən onun əməli CM-in 181.1-ci maddəsi ilə tövsif edilməli və o həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.
73. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 181.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 181.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
74. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.
75. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
76. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 45-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.
77. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır.
78. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır və ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən müvafiq olaraq iki və altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.
79. Məhkəmə CM-in 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və sonuncunun ondan şikayət və tələbinin olmamasını, CM-in 59.2-ci maddəsinə əsasən 44 yaşında olmaqla himayəsində yaşlı anasının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
80. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (bax hökmün 24, 77-78-ci bəndləri). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz.
81. CM-in 60.1-ci maddəsinə əsasən 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
82. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 181.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin üçdə ikisindən az olmayan cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
83. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
84. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
85. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
86. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 1 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, müvafiq məhkəmənin qərarları ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
87. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 1 aprel 2025-ci il tarixdən hesablanmalıdır.
88. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
89. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla iş materiallarına əlavə edilmiş baş vermiş hadisəyə dair məlumatları özündə əks etdirməklə 4 (dörd) ədəd A4 vərəqinə köçürülmüş sənəd surətləri və 1 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır.
90. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
91. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və məhkəmə xərcləri yoxdur.
92. İş üzrə mülki iddia verilməmişdir.
93. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
94. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
95. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 1 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olmaqla iş materiallarına əlavə edilmiş baş vermiş hadisəyə dair məlumatları özündə əks etdirməklə 4 (dörd) ədəd A4 vərəqinə köçürülmüş sənəd surətləri və 1 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın, mülki iddianın və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.