Məhkəmə qərarları › İş №1(101)-1560/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1560/2023

10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1560/2023 10.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X5 (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəşirli Leyla Elşad qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 İsgəndər oğlunun iştirakları ilə xx xxxx 1981-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edərək üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 2,302 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin əldə edib üstündə saxlamaqla daşımış, 12 fevral 2023-cü il tarixdə, saat 00:30 dəqiqədə ünvan 2 ünvanın qarşısında piyada qismində olarkən Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbənin inzibati binasına gətirilmiş, inzibati binada onun üstünə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan boz rəngli idman şalvarın sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 2,302 qram olan ağ rəgli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus olan “Kia Rio” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Gündəlik qazancı 25-30 manat arası olmuşdur. Təxminən 1 ildən artıqdır ki, “patı” kimi tanınan metamfetamini çəkmək yolu ilə istifadə edir. “Patı”dan istifadə etməsindən ailə üzvlərinin məlumatı olmamışdır. Həmin maddəni müxtəlif yerlərdən, müxtəlif qiymətlərə, müxtəlif çəkilərdə almış, aldığı maddənin çəkisi şəraitdən asılı olaraq bəzən tərəzi vasitəsi ilə çəkilmiş, bəzən isə çəkilmədən ona verilmişdir. Aldığı psixotrop maddəni bəzən 1 dəfəyə, bəzən də hissə-hissə istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə, təxminən günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi kişidən 50 manata bir ədəd şəffaf sellofana bükülmüş, 1 qram çəkidə psixotrop maddə olan “patı” kimi tanınan metamfetamini şəxsi istifadəsi üçün almışdır. Aldığı həmin maddə tərəzidə çəkilməsə də 50 manata adətən 1 qram “patı” almışdır. “Patı”nı aldıqdan sonra istifadə etməmiş, gecə vaxtı işləyəcəyindən istirahət etmək üçün yaşadığı evə getmiş, avtomobilini yaşadığı evin yaxınlığında küçədə saxlayıb aldığı psixotrop maddəni və mobil telefonunu avtomobilin içərisində gizlətmişdir. Psixotrop maddəni avtomobilin içərisində gizlətməyinin səbəbi hər bir ehtimala qarşı polis əməkdaşları tərəfindən saxlanılsa, üzərində heç nə aşkar edilməsin deyə olmuşdur. Telefonunu avtomobildə saxlamaq məqsədi isə evdə rahat istirahət etməsi olmuşdur. İstirahət edib yuxudan oyandıqdan sonra o, gecə saat təxminən 00:00 və ya 01:00 radələrində hava almaq məqsədilə və aldığı «patı»nı, yəni metamfetamini avtomobildən götürmək üçün yaşadığı evdən çıxıb avtomobilinin istiqamətinə getmiş, avtomobilə yaxınlaşıb əyləşmiş və mobil telefonuna zənglərin gəlib gəlməməsinə baxmışdır, həmin vaxt kiməsə zəng edib etmədiyi tam olaraq yadında deyildir. Telefonu avtomobilə qoyduqdan sonra gizlətdiyi maddəni götürərək istifadə etmək üçün cibinə qoymuş və avtomobildən düşüb evə tərəf getmiş, telefonunu isə avtomobildə qalmışdır. Yaşadığı evin, yəni Yasamal rayonu, 15-ci Nərimanov döngəsi, dalan 1, ev 4 ünvanının qarşısında olan zaman, təxminən saat 00:30 radələrində iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib onu saxlamışlar və ona üzərində qanunsuz olaraq narkotik vasitə saxladığını bildirib onu bölməyə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 26-cı Polis Bölməsinə gəlmiş, orada üzərinə axtarış keçirilərək günorta saatlarında aldığı “patı”nı polis əməkdaşları götürərək digər otağa keçmişlər. 20 dəqiqə sonra gələrək ona telefonla çəkiliş ediləcəyini demişlər. Ondan götürdükləri “patı”nı təkrarən ona verərək çəkiliş etmişlər. O, üzərindən aşkar edilmiş maddənin dəqiq çəkisini bilməmişdir. Amma 50 manata 1 qram “patı” alımışdır. 12 fevral 2023-cü il tarixdə müvəqqəti saxlama yerinə təhvil verilmiş, 13 fevral 2023-cü il tarixdə axşam saatlarında saxlama yerindən buraxılmış, yenidən polis əməkdaşları tərəfindən saxlanılaraq 26-cı Polis Bölməsinə gətirilmişdir. Burada ona üzərindən aşkar edilmiş “patı”nın miqdarını dedikdə etiraz əlaməti olaraq özü alını stola və divara vuraraq özünə xəsarət yetirmişdir. Özünə xəsarət yetirməkdə məqsədi bu hərəkətindən polis əməkdaşlarının qorxaraq onu buraxa biləcəklərini güman etməsi olmuşdur. Polis əməkdaşları tərəfindən ona hər hansı formada təzyiq olmamışdır. Onun aldığı və üzərində olan psixotrop maddənin çəkisi ekspertiza rəyində göstərilən çəkidən fərqlidir. Psixotrop maddə istifadə etdiyinə görə peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanınmamış, onunla heç bir qohumluğu və ədavəti yoxdur. 2020-ci ildən Yasamal rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Onun vəzifə səlahiyyətlərinə törədilmiş cinayətlərin qarşısını almaq, cinayətlərin açılmasını təmin etmək, axtarışda olan şəxslərin tutulub istintaq şöbəsinə təhvil verilməsini təmin etmək və sair daxildir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı ona məxfi və mötəbər mənbədən məlumat daxil olduğundan xx.xx.2023-cü il tarixdə, saat 00:00 radələrində bölmə rəisinin əmri əsasında onun tərəfindən əməliyyat qrupunun təşkili və əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı zəruri sənədləşmələri etdikdən sonra Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1lə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün 12 fevral 2023-cü il tarixdə, saat təxminən 00:10 radələrindən saat 00:30 radələrinədək ünvan 2 ünvanının qarşısında Təqsirləndirilən şəxs barəsində soraqlaşma əməliyyat tədbirini həyata keçirmişlər. Həmin gün saat təxminən 00:30-da ünvan 2 ünvanının qarşısında əməliyyat məlumatı əsasında xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək sonuncuya hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra onu Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onların təklifi ilə razılaşaraq heç bir müqavimət göstərmədən onlarla birlikdə bölməyə gəlmişdir. Bölmədə xidməti otaqların birində təhqiqatçı Ramil Qafarov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan, hüquq və vəzifələri izah edildikdən sonra video çəkiliş aparılmaqla onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs isə əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf polietilen bükümü çıxararaq təhqiqatçıya təqdim etmişdir. Onların və müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən həmin büküm açılmış və içərisində ağ rəngli kristal şəkilli, spesifik qoxuya malik psixotrop maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlənin metamfetamin olmasını və şəxsi istifadəsi üçün 11 fevral 2023-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə narkotik satışı ilə məşğul olan üzdən tanıdığı, lakin kimliyini bilmədiyi şəxsdən 50 (əlli) manat müqabilində aldığını bildirmişdir. Daha sonra isə sonuncunun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman heç bir əşya aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilən həmin maddə zərfə qoyularaq möhürlənmişdir. Bununla bağlı protokol tərtib edilmiş, bütün iştirakçılar, həmçinin onun tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman, həmçinin bölmədə olan zaman ona qarşı heç bir fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin onlar tərəfindən dəyişdirilməsi, çəkisinin artırılması və sair qanunazidd hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş maddənin çəkisi onlara məlum olmamışdır. Belə ki, çəki ekspertiza zamanı müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 da Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı Şəhər Baş Polis İdarəsinin Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin təhqiqatçısı X6 tərəfindən tərtib olunmuş, həmin bölmənin baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid1, şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən imzalanmış “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 fevral 2023-cü il tarixli protokoldan görünür ki, 12 fevral 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 00:30da ünvan 4 ünvanının qarşısında saxlanılaraq Bakı şəhər Yasamal rayon Polis İdarəsinin Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu, bu maddəni 2023-cü ilin fevral ayının 11-də saat 21:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən 50 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini, habelə xx.xx.2023-cü il tarixdə, saat 00:30-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş bükümdə ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik psixotrop vasitə metamfetaminə bənzər maddə olması aşkar edildi. Aşkar olunmuş bir ədəd şəffaf sellofana bükülmüş metamfetaminə bənzər psixotrop maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 170 sayl möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə nalik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şəxsi axtarış və götürmə xidməti iş otağında, süni işıqlandırma şəraitində “İphone” markalı mobil telefonun video kamerası vasitəsilə çəkiliş etməklə aparılmış, saat 02:10-da başlanmış, saat 02:35-də qurtarmışdır (cild 1, i/v 38-39). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş və maddi sübut kimi tanınmış videogörüntüləri özündə əks etdirən DVD-R modelli diskə baxış keçirilmiş və baxış zamanı 12 fevral 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2023-cü il tarixli, 6/866 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №170» dairəvi möhür əksləri olan, “ZƏRF-içərisində metamfetaminə bənzər psixotrop maddə.. Şübhəli şəxs – Təqsirləndirilən şəxs(imza)...” sözləri, soyad və imzalara qeyd edilmiş bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,302 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Metanfetaminin təmiz çəkisi – 2,302 qram olmuş, 0,05 qram tədqiqata sərf edilmiş, 2,252 qram qalıq qalmışdır (cild 1, i/v 48-52). - “Maddi sübut kimi tanınma haqqında” 13 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə üzərində heç bir yazı həkk olunmayan bir ədəd DVD-R modelli disk və bir ədəd şəffaf polietilen bükümdə götürülmüş 2,302 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, maddi sübut kimi tanınmış üzərində heş bir yazı həkk olmunmayan bir ədəd DVD-R modellei diskin cinayət işinə əlavə edilməsi, iş üzrə tədqiqat keçirildikdən sonra cəmi çəkisi 2,252 qram olan bir ədəd şəffaf polietilen bükümdə psixotrop maddə metamfetaminin saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır (cild 1, i/v 89). - “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 15 may 2023-cü il tarixli qərardan görünür ki, 13 fevral 2023-cü il tarixli qərara əsasən xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd DVD-R markalı diskin maddi sübut kimi tanınması nəzərə alınmış, 13 fevral 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,302 qram psixotrop maddə metanfetaminin maddi sübut kimi tanınması, tədqiqatdan sonrakı qalıq çəkisi 2,252 qramının saxlanca verilməsi nəzərə alınmış, iş üzrə "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, 8252 nömrəli məktubu ilə daxil olmuş üzərində “6537” yazısı olan 1 ədəd CD disk maddi sübut kimi tanınmışdır (cild 1, i/v 233-243). - Maddi sübut kimi tanınmış, üzərində “6537” yazısı olan 1 ədəd CD disk üzrə məlumatlara baxış keçirilməsi haqqında 13 aprel 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “518410505” nömrəli mobil nömrə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixənədək olan zəng və sms məlumatları əks edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:42-dən saat 23:41-dək Yasamal rayonu ərazisində olmuşdur (cild 1, i/v 164-165). - 12 fevral 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, “Müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 13 fevarl 2023cü il tarixli qərardan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(004)-138/2023 nömrəli və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 4(004)-430/2023 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 fevarl 2023-cü il tarixdə 48 saat ərzində tutma müddəti başa çatdığı üçün saxlanıldığı Yasamal rayon Pİ-nin MSY-dən azad edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(004)-138/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin qərarı ilə sonuncunun həbsdə saxlanılma müddəti 02 iyul 2023-cü il tarixədək uzadılmışdır (cild 1, i/v 25, 26, 92-93, 96-97, 298-300). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 2126 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 202-203). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1704 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri aşkar edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl arəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməli törədərkən hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, i/v 205-207). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli tələbnamədən, “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2010-cu il tarixli 811 nömrəli sərəncamından görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur (cild 1, i/v 117-118, 119-121). - Bakı şəhəri, Xətai rayonu, VVADQ Şöbəsi tərəfindən verilmiş 17 mart 2006-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 arasında 17 mart 2006-cı il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 285 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qurbanov, arvada Qurbanova soyadı verilmişdir. - AZE 11472684 nömrəli, xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, atası Təqsirləndirilən şəxs, anası Qurbanova Elnarə olan Qurbanova Nigar xx.xx.2013-cü il tarixdə Salyan rayonu, Parça Xələc kəndində doğulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetamin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni təmiz çəkisi 2,302 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi olmadan əldə edib saxlaması özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə icraatında verdiyi ifadəsini özünü müdafiə xarakterli və cəzadan yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, ondan 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş ümumilikdə qalıq çəkisi 2,252 qram miqdarında psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair videogörüntüləri əks etdirən 1 ədəd DVD-R modelli disk və "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, 8252 nömrəli məktubu ilə daxil olmuş üzərində “6537” yazısı olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 12 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş ümumilikdə qalıq çəkisi 2,252 qram miqdarında psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair videogörüntüləri əks etdirən 1 ədəd DVD-R modelli disk və "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, 8252 nömrəli məktubu ilə daxil olmuş üzərində “6537” yazısı olan 1 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar