Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1561/2021 22.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin Bakı Ağır Cinayətlər məhkəməsi üzrə prokuroru X2, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi Yanardağ küçəsində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu Balaxanı qəsəbəsi 5-ci Mədən küçəsi nömrəsiz yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan 4,538 qram heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan 0,190 qram metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 14 aprel 2021 -ci il tarixdə saat 15-00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi H.Sultanov küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında şübhəli olduğuna görə Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ 12-ci PŞ-nə aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd üzərində «Rotmans» sözləri yazılmış siqaret qutusunun içərisindən satış məqsədi ilə əldə edib üzərində daşımaqla saxladığı külli miqdarda altı ədəd sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri - 2,018 qram, 0,553 qram, 0,724 qram, 0,317 qram, 0,372 qram və 0,554 qram olmaqla, ümumilikdə təmiz çəkisi 4,538 qram narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofana bükülmüş halda 0,190 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o narkotik vasitənin satışı ilə məşğul olmamış, 1,5 qram narkotik vasitə olan heroini tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün almışdı. Aldığı narkotik vasitəni satmaq məqsədi olmayıb. Heroini falqada yandırmaqla çəkərək istifadə edirdi. Təqribən 4-5 ay idi ki, heroin istifadə edirdi. Saxlanılmazdan əvvəl qəssab kimi işləyirdi. Saxlanıldığı gün yaşadığı evdən çıxıb əmisigilə gedirdi ki, müştəri gəlmişdi, ona ət satsın. Yolda polis əməkdaşları qəflətən qabağına çıxıb onu tutdular. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onlar ona təzyiq göstərdilər və dedilər ki, onların dediklərini etsə, məni azad buraxacaqlar. Hətta üzərinə əlavə olaraq narkotik vasitə yerləşdirdilər. Buna görə də onların verdikləri sənədlərin hamısını imzaladı və videoçəkiliş zamanı üzərinə yerləşdirdikləri narkotik vasitələrin ona məxsus olduğunu bildirdi. Üzərində 1,5 qram heroin var idi. Həmin narkotik maddəni özü istifadə etmək üçün almışdı, narkotik maddədən heç kimə satmamışdır. Narkotik istənilməsi barədə olan telefon yazışmaları ona məxsus deyil. Kirayə qaldığı evdə yaşayan digər bir tanışı telefonununu istədi, o da verdi. Həmin mesajları həmin şəxs yazıb. Etdiyi əməldən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci il aprel ayında həmkarım Habil ilə bərabər Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində inzibati ərazidə xidmətdə olduqları zaman bir nəfər əvvəllər tanımadığı şəxsin onları görərək, özünü itirib gözdən yayınmaq istədiyini gördülər. Həmin tanımadığı şəxsin hərəkətlərindən şübhələnərək, həmin şəxsə yaxınlaşıb şəxsiyyətni təsdiq edən sənədi təqdim etməsini istədilər. Həmin şəxs üzərində sənəd olmadığını bildirdikdə ondan harada yaşaması barədə soruşduqda həmin şəxs suallarından yayınaraq və suallara qeyri-dəqiq cavab verməklə onlarda onun narkotik təsir altında olmasına dair şübhə yarandığından onu polis şöbəsinə dəvət etdilər. Tərəflərindən saxlanılan şəxs sonradan anket məlumatları məlum olan Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsi barədə raport tərtib olundu. Polis şöbəsində narkotik vasitələrin qəbulunda və saxlanılmasında şübhəli bilinən, polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə onların iştirakı ilə təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirildi. Şəxsi axtarışın keçirilməsi zamanı Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının cibindən bir ədəd siqaret qutusunun içərisində altı ədəd şəffaf sellofana bükülmüş içərisində spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə olan bükümləri və bir ədəd şəffaf sellofana bükülmüş içərisində kristal formalı ağ rəngli maddə olan bükümü təqdim etdi. Təqsirləndirilən şəxs ondan aşkar olunmuş maddə barədə suallar verildikdə o, ondan aşkar olunan 6 bükümdə olan maddənin narkotik vasitə hesab edilən heroin, bir bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu dedi. Bundan əlavə o, bildirdi ki, həmin maddələri Balaxanı qəsəbəsində olarkən tanımadığı şəxsdən 130 manata alaraq sonradan qəbul etmək üçün üzərində saxlayıb. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr qablaşdırılmaqla möhürlənib götürüldü. Bütün bunlar barədə təhqiqatçı tərəfindən protokol tərtib olundu və o da həmin protokolu imzaladı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitənin satış məqsədi ilə əldə etməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 14 aprel 2021-ciu il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2021-ci il tarixli 6\476 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata üzərində “AzərbaycanRespublikası Daxili işlər Nazirliyi Zərflər üçün N° 159 dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən ... ” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,190 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Digər altı ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,018 qram, 0,553 qram, 0,724 qram, 0,317 qram, 0,372 qram və 0,554 qram ümumi təmiz çəkisi 4,538 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı l) daxildir. Metamfetamin 2005-ci ii 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 4,538 qram, tədqiqata sərf edildi 0,24 qram, qalıq 4,298 qram, metamfetaminin təmiz çəkisi 0,190 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,140 qram. Cinayət işində olan "xxxx" MMC-dən götürülmüş cinayət işi üzrə təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 01 fevral 2021-ci il tarixdən 30 mart 2021-ci il tarixədək daxil olan və çıxan SMS mətnlərinin çıxarışlarına dair məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, ***-***-**-** mobil telefon nömrəsinə 23.03.2021-ci il tarixdə saat 22:57:28-də ***-***-**-** saylı mobil telefon nömrəsindən «Gaga çinadı koku lazımdı 1 qram gelim» məzmununda iki dəfə SMS mətnləri və 31.03.2021-ci il tarixdə saat 17:24:49-də ***-***-**-** saylı mobil telefon nömrəsindən «Gaga kola var» məzmununda iki dəfə SMS mətnləri göndərilmişdir. Cinayət işində olan 14 aprel 2021-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın aparılması “Panasonic” markalı video kamera vasitəsi ilə videoçəkiliş aparılaq 1 ədəd DVD diskinə köçürülmüş görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntü açıldıqda otaqda xüsusi geyimində 1 nəfər şəxs və mülki geyimdə olan 3 nəfər şəxs görüntüyə gəlir. Polis baş leytenantı xüsusi geyimində olan şəxs özünü 12-ci PŞ-nin təhqiqatçısı Fərid Sofuyev kimi təqdim edir və PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanılmasında şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə 14 aprel 2021-ci il tarixdə şəxsi axtarış keçirilməsini bildirir. Bundan sonra otaqda olan və şəxsi axtarışda iştirak edən şəxslər özlərini təqdim etmələrindən məlum olur ki, şəxsi axtarışda Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları Şahid1, Şahid2 və saxlanılan Təqsirləndirilən şəxs iştirak edir. X3 polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaret qutusunun içərisində altı ədəd şəffaf sellofana bükülmüş içərisində spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə olan bükümləri və bir ədəd şəffaf sellofana bükülmüş içərisində kristal formalı ağ rəngli maddə olan bükümü təqdim edir. Təqsirləndirilən şəxs ondan aşkar olunmuş maddə barədə suallar verildikdə Təqsirləndirilən şəxs ondan aşkar olunan 6 bükümdə olan maddənin narkotik vasitə hesab edilən heroin, bir bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri 13 aprel 2021-ci il tarixdə Balaxanı qəsəbəsində olarkən tanımadığı şəxsdən 130 manata alaraq sonradan qəbul etmək üçün üzərində saxlamasını bildirir. Aşkar olunmuş maddələrin ekspertiza tədqiqatına təqdim olunması dair məlumat verilir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizasının 26.04.2021-ci il tarixli 1263 Ne-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui istifadə edilməsi nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 14 aprel 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qismən etiraf edib səmimi peşman olmasını cəzanı yüngülləşdirən hall kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Sabunçu RPİ-də saxlanılan ümumi təmiz çəkisi ekspertiza tədqiqatından sonrakı qalıq 4,298 qram heroin və 0,140 qram metanfetamin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın keçirilməsi görüntülərini əks etdirən 01 ədəd DVD disk və "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65 (atmış beş) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 14 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65 (atmış beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan Sabunçu RPİ-də saxlanılan ümumi təmiz çəkisi ekspertiza tədqiqatından sonrakı qalıq 4,298 qram heroin və 0,140 qram metanfetamin məhv edilsin, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın keçirilməsi görüntülərini əks etdirən 01 ədəd DVD disk və "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1561/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1561/2021
22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver