Məhkəmə qərarları › İş №1(101)-1562/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1562/2021

28.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1562/2021 28.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4 və X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları Dövlət ittihamçısı və X5, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1986-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 17 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 10 aprel 2021-ci il tarixdə şəxsiyyəti məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 2,976 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1,113 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 70 manata əldə edərək üstündə saxlayıb daşıyarkən, 17 aprel 2021-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Binəqədi RPİ 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən 126 saylı evinin yaxınlığında saxlanılaraq, Binqəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Binəqədi RPİ-nin 40-cı Polis bölməsinə gətirilmiş və Polis bölməsinin inzibati binasında üzərində şəxsi axtarış keçirilərkən sağ əlindəki plastik materialdan hazırlanmış üzərində “DERBY” yazısı həkk olunmuş qara rəngli qutudan cəmi 8 bükümdə - onlardan 5 ədəd şəffaf selofana, 3 ədədi isə qara rəngli kağıza bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,930 qr., 0,360 qr., 0,340 qr., 0,873 qr., 0,366 qr., 0,035 qr., 0,037 qr., 0,035 qr., olan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 2,976 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 7 bükümdə-onlardan 2 ədədi selofan bükümdə, 5 ədədi isə ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,459 qr., 0,367 qr., 0,048 qr., 0,052 qr., 0,062 qr., 0.058 qr., 0.067 qr. ağ rəngli kristalik hissəciklərdən ibarət olan kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 1,113 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı isə Təqsirləndirilən şəxs həmin əməlini satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirmiş, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması faktı öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildi. Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, o, narkotik vasitə istifadəçisidir, aşkar olunmuş narkotik vasitələri öz istifadəsi üçün əldə etmişdir. Onun narkotik vasitələri satmaq məqsədi olmamış, əvvəllər də heç vaxt bui şlə məşğul olmamışdır. Polis əməkdaşları onu yaşadığı ünvandan təxminən 600-700 metr aralıda saxlamışlar. Narkotik vasitəni aldığı şəxsi o, tanımamış, həmin şəxsin nömrəsini internetdən götürmüş, onun təklifi ilə Əhmədliyə getmişdir. Narkotiki aldığı şəxs eynəkdə olmuş, bütün narkotiklərə görə 70 manat pul vermişdir. Narkotiki götürərkən neçə büküm olduğuna fikir verməmiş, neçə büküm almışdısa da, onların hamısı üzərində olmuşdur. Ağrıları olan zaman narkotik vasitədən istifadə etmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, tutulduğu gün də narkotikin təsiri altında olmuş, polis bölməsinə necə aralmasını və üzərində şəxsi axtarışın necə keçirilməsini xatırlamır. Atası onun narkotik aludəçisi olduğunu bilmiş, buna görə müalicəyə göndərmək üçün onu Polis bölməsinə aparmışdır. Əvvəllər də polis işçiləri bir dəfə komendat saatı ərəfəsində onu tutub bölməyə aparmış, lakin guya ona hörmət edərək buraxmışlar. Həmin vaxt onu tutan Ceyhun adlı polis əməkdaşı onlara işləməyi ona təklif etmiş,o isə, razı olmayaraq oradan köçmüşdür. Ceyhun adlı əməliyyat müvəkkili ona qarşı qərəzli olmuş, Ceyhun işdən çıxdıqdan sonra o, yenidən əvvəlki ünvana qayıtmış, lakin Ceyhunun gözü artıq onu götürməmişdir. Atasının dediyinə görə, o, tutulan zaman Ceyhun da polis işçilərinin arasında olmuş, amma Ceyhunun adı polislərin siyahısına salınmamışdır. Tutulduğu gün istifadə etdiyi narkotiki aldığı bükümlərin içindən götürmüşdür. Həmin bükümləri açıb özünə lazım olan qədər götürüb çəkmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə, məhkəmədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində təqsirləndirilən şəxs göstərmişdir ki, o, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuşdur. Təxminən 2 ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddələr qəbul etmişdir. 10 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu «Əhmədli» metrosunun yanında tanımadığı ilk dəfə gördüyü təxminən 25-30 yaşlarında bir cavan oğlandan şəxsi istifadəsi üçün 70 manat dəyərində 8 ədəd ayrı-ayrı bükümdə 3 qrama yaxın narkotik vasitə heroin və 7 ədəd bükümdə isə 1 qramdan bir qədər çox psixotrop maddə metamfetamin almışdır. Həmin şəxsin sifətində tibbi maska və gözlərində qara eynək, boyu təxminən 150 sm olmuşdur. Həmin narkotik vasitədən və psixotrop maddədən o, gündəlik istifadə etmişdir. 17 aprel 2021-ci il tarixdə saal 19:30 radələrində yaşadığı Xocasən qəsəbəsi 126 saylı evin yaxınlığında olan zaman 3 nəfər əvvəllər tanımadığı şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı olaraq təqdim etmiş, onun qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhəli bildikləri üçün polis bölməsinə dəvət etmişlər. Ona hüquq və vəzifələri izah etmişlər. Onlar birlikdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə gəlmişlər. Polis bölməsində ona hüquq və vəzifələri izah edilmiş, üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilməsinə dair qərarla tanış edilmişdir. O, üzərinə müdafiəçinin iştirakı olmadan videoçəklişlə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş, hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına onun xahişi ilə müdafiəçi təyin olunmuş və ondan üzərində ola biləcək qanunsuz əşyanın təqdim edilməsi təklif olunmuş və o, könüllü olaraq sağ əlində saxladığı “DERBY’' yazısı həkk olunmuş qara rəngli qutunu polis əməkdaşlarına təqdim edərək içərisində narkotik vasitələr və psixotrop maddələr olduğunu göstərmişdir. Qutudan cəmi 8 ədəd bükümdə, onlardan 5 ədəd şəffaf selofana, 3 ədədi isə qara rəngli kağız bükümə bükülmüş ayrı-ayrılıqda müxtəlif çəkilərdə narkotik vasitə heroin və 7 ədəd bükümdə, onlardan 2-si selofan bükümdə, 5 ədədi isə ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda müxtəlif çəkilərdə ağ rəngli kristalik hissəciklərdən ibarət olan kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 1,113 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və həmin psixotrop maddələrin və narkotik vasitələrin özünə məxsus olduğunu bildirmişdir. Üzərindən başqa heç nə aşkar edilməmişdir. Həmin narkotik və psixotrop maddələri tanımadığı şəxsdən göstərilən bükümlər halında almış və onları özü büküm halına salmamışdır. Həmin narkotik vasitələr və psixotrop maddələri çəkiliş zamanı təhqiqat orqanına təqdim etmiş və zərf möhürlənmiş və şəxsi axtarışda iştirak edən hər bir iştirakçı tərəfindən və onun tərəfindən həmin zərfin üzəri imzalanmışdır. O, özü narkotik vasitə və psixotrop maddə metamfetamin istifadəçisi olmuş və şəxsi istifadəsi üçün həmin narkotik və psixotrop maddələri almışdır. Buna səbəb onun əvvəllər sol qolundan avtomobil qəzasında xəsarət alması və hazırda dəmir alətlə bağlandığından dözülməz ağrıları olmuşdur. Bu səbəbdən narkotiki və psixotrop maddələri istifadə etmək üçün almış, ağrılara dözə bilməmişdir. Əvvəllər narkotik və psixotrop maddəni kimlərdən aldığını xatırlamır. O, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini falqada və yaxud bir əşya üzərində yandırıb tüstüsünü nəfəsinə çəkmiş və bundan sonra ağrıları sakitləşmiş və yaxud azalmışdır. Narkotik vasitələri və psixotrop maddələri çox bükümlərdə almaqda məqsədi onlardan mütəmadi olaraq özü üçün istifadə etməsi olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir təzyiq və zor işlədilməmişdir (cild 1, iş vərəqi 70-71, 164-166). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadəni qismən təsdiq etdiyini, polis işçilərinin ona qarşı qərəzli olduqlarını, saxlanılarkən narkotik vasitənin təsiri altında olduğunu, tutularkən onun üzərindən 2 qrama yaxın heroin və 1 qram metamfetamin çıxdığını, 40-cı Polis bölməsində ona fiziki təsir və təzyiq göstərildiyini, buna görə də məcbur qalıb bir neçə bükümü gödəkçəsinin cibinə qoyaraq özünə məxsus olması kimi təqdim etdiyini, əslində isə heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, müstəntiqin onun barəsində olan cinayət işini CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə göndərəcəyini dediyini, buna görə də inanıb, ona təqdim olunmuş bütün sənədləri oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bİnəqədİ RPİ 40-cı Polis bölməsinin Cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 Əli oğlu ifadəsində göstərdi ki, 17 aprel 2021-ci il tarixdə 40-cı Polis bölməsində xidmətdə olduğu zaman qərəzsiz mənbədən daxil olmuş məlumatda ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroin saxlaması və gəzdirməsi bildirilmişdir. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi zərurəti yaranmış, bölmənin rəhbərliyinə məruzə edildikdən sonra bu barədə qərar qəbul edilmiş və əməliyyat qrupu təşkil olunmuşdur. Həmin qrupa ondan əlavə 40-cı Polis bölməsinin Cinayət axtarış üzrə əməliyyat müvəkilləri Şahid2 və Şahid1 daxil edilmişlər. Həmin tarixdə saat 19-30 radələrində onlar Xocasən qəsəbəsi, Yeni Yol küçəsi 126 ünvanının qarşısına gəlmiş, həmin ərazidə Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar. Polis əməkdaşları olduqlarını bildirdikdən sonra ona üzərində qanunsuz narkotik vasitə saxlamasında şübhələndiklərini demişlər və birlikdə 40-cı Polis bölməsinə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs onların təklifini qəbul etmiş və birlikdə polis bölməsinə gəlmişlər. Həmin faktın araşdırılması bölmənin baş təhqiqatçı Ruslan Əsgərova həvalə olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış başlanılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verdikdən sonra baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs sağ əlindəki plastik materialdan olan qara rəngli qutunu təqdim etmişdir. Qutunun qapağını açıb içərisində olan 5 ədəd şəffaf selofana bükülmüş tünd rəngli maddələri, 2 ədəd şəffaf selofana bükülmüş ağ rəngli maddəni, 5 ədəd siqaretin ağ rəngli kağızına bükülmüş bükümləri və 3 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümləri təqdim etmişdir. Saxlanılan şəxs həmin maddələrin «kokos» adlanan narkotik vasitə heroin və «şüşə» adlanan metafetamin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümləri təxminən bir həftə əvvəl Xətai rayonu ərazisində «Əhmədli» metrosunun yaxınlığında tanımadığı şəxsdən 70 manata alıb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin maddələr sübut əhəmiyyətinə malik olduğundan möhürlənərək götürülmüşdür. Təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və hamı tərəfindən imzalanmışdır. Şahid3 ifadəsinə görə, şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs barəsində əməliyyyat məlumatı şəxsin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə edib saxlaması və gəzdirməsi barədə daxil olmuş, həmin məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib saxlaması barədə heç nə deyilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bİnəqədİ RPİ 40-cı Polis bölməsinin Cinayət axtarış üzrə əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması və Polis bölməsində üzərinə şəxsi axtarış keçirilməsi zamanı əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid3 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Təqsirləndirilən şəxs atası X1 müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, oğlunun narkotik aludəçisi olması barədə onun məlumatı olmuş və bu onu bir ata kimi çox narahat etmişdir. Ona görə də, yaşadığı ərazidə narkotik satanlar barədə polisi məlumatlandırmışdır. Sonradan bilmişdir ki, onun bu hərəkəti polislərin xoşuna gəlməmiş və Ceyhun adlı polis əməkdaşı onun oğlu Raufun narkotik aludəçisi olduğunu bildiyinə görə oğluna «torba» tikmək qərarına gəlmişdir. Rauf tutulduğu gün o, oğlunu müalicəyə göndərmək niyyəti ilə 40-cı Polis bölməsinə aparmışdır. Bölmədə onun yanında oğlunun üzərində axtarış aparılmamış, polis işçiləri ona oğlunun müalicəyə göndəriləcəyini bildirmişlər. Sonradan bölmə rəisi Ramin Cəbiyev onu yanına çağırmış və siyirmədəki narkotikləri göstərərək oğlu Raufa məxsus olduğunu bildirmişdir. Oğlunun narkotikdən istifadə etdiyini bilsə də, heç vaxt onun narkotik vasitələri satmasını eşitməmiş, Rauf imkansız vəziyyətdə yaşamış, oğlunu və onun ailəsini maddi cəhətdən həmişə özü təmin etmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş 17 aprel 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə Bİnəqədİ RPİ 40-cı Polis bölməsinin inzibati binasında bölmənin baş təhqiqatçısı Ruslan Əsgərov tərəfindən əməliyyat qrupunun üzvləri ilə birlikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, bu zaman üzərində “DERBY” yazısı həkk olunmuş qara rəngli qutunun içərisindən 5 ədəd şəffaf selofana bükülmüş tünd rəngli maddələr, 2 ədəd şəffaf selofana bükülmüş ağ rəngli maddə, 5 ədəd siqaretin ağ rəngli kağızına bükülmüş və 3 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümlərin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin «kokos» adlanan narkotik vasitə heroin və «şüşə» adlanan metafetamin olduğunu, onları təxminən bir həftə əvvəl Xətai rayonu ərazisində «Əhmədli» metrosunun yaxınlığında tanımadığı şəxsdən 70 manata alıb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Videoçəkilişin qeyd olunduğu 1 ədəd disk iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 33-36). İş materiallarında olan 19 aprel 2021-ci il tarixli baxış protokolundan görünür ki, videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən diskə baxış keçirilmiş, həmin baxışla şəxsi axtarış və götürmə aparılması haqqında protokolda əks olunanlar bir daha öz təsdiqini tapmışdır. İbtidai istintaq orqanının 23.07.2021-ci il tarixli qərarı ilə həmin disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqi 90-91, 275). Binəqədi rayon məhkəməsinin 18 aprel 2021-ci il tarixli qərarına əsasən, Binəqədi rayon Polis İdarəsi 40-cı Polis bölməsinin Cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən qəbul edilmiş 17 aprel 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 53-55). Məhkəmə-kimyəvi ekspertizasının 18 aprel 2021-ci il tarixli 6/1521 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndiirlən şəxs : (imza) Nağıyev..." sözləri olan zərfdəki 8 ədəd bükümdə (5 ədəd selofan + 3 ədəd qara rəngli kağız büküm) ayrı-ayrılıqda təmiz çəkiləri 0,930 qr., 0,360 qr., 0,340 qr., 0.873 qr., 0.366 qr., 0.035 qr., 0,037 qr., 0,035 qr., ümumi təmiz çəkisi 2,976 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 7 ədəd bükümdə (2 ədəd selofan büküm + 5 ədəd ağ rəngli kağız büküm) ayrı-ayrılıqda təmiz çəkiləri 0,459 qr., 0,367 qr., 0,048 qr., 0,052 qr., 0,062 qr., 0,058 qr., 0,067 qr., ümumi təmiz çəkisi 1,113 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 45-52). Məhkəmə-kimyəvi ekspertizasının 03 iyun 2021-ci il tarixli 6/1828 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs : (imza) Nağıyev...” sözləri olan zərfdəki 8 ədəd bükümdə ümumi təmiz çəkisi 2,896 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər, 7 ədəd bükümdə ümumi təmiz çəkisi 1.043 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfertaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər (cild 1, iş vərəqi 149-157). İbtidai istintaq orqanının 23.07.2021-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş plastik materialdan hazırlanmış üzərində "DERBY" yazısı həkk olunmuş qara rəngli qutudan cəmi 8 ədəd bükümdə - onlardan 5 ədəd şəffaf selofana, 3 ədədi isə qara rəngli kağız bükümə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,930 qr., 0,360 qr., 0,340 qr., 0,873 qr., 0,366 qr., 0,035 qr., 0,035 qr., ümumi təmiz çəkisi 2,976 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 7 ədəd bükümdə - onlardan 2-si selofan bükümdə, 5 ədədi isə ağ rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,459 qr., 0,367 qr., 0,048 qr., 0,052 qr., 0,062 qr., 0,058 qr., 0,067 qr., ağ rəngli kristallik hissəciklərdən ibarət olan kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 1,113 qram olan psixotrop maddə metamfetamin cinayət iş üzrə maddi sübut kimi tanınmışdır. Həmin 8 ədəd bükümdə heroinin ekspertiza tədqiqatlarından sonra qalan ümumi qalığı 2,896 qram və 7 ədəd bükümdə psixotrop maddənin 1,043 qram qalığı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 167-178). Məhkəmə-narkoloji ekspertizasının 29 aprel 2021-ci il tarixli 1335 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 158-159). Ambulator məhkəmə psixiatrik eksperizasının 07 may 2021-ci il tarixli 1017 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 142- 144). Cinayət işinə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 31.07.2009-cu il təvəllüdlü Dilbər, 02.12.2014-cüil təvəllüdlü Ruqiyyə və 23.09.2018-ci il təvəllüdlü Nargilə adlı üç azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş xəstəlik tarixçəsindən (epikriz) görünür ki, 03.10.2014-cü il tarixdə xəstə Təqsirləndirilən şəxs ümumi narkoz altında sol dirsək sümüyünün yuxarı 1/3-nin proyeksiyası boyunca kəsik aparılmış və qırıq əldə olunmuş, fraqmentlərin ucları birləşdirici toxumalardan təmizlənmiş, dəmir lövhə ilə fiksə edilmişdir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 28.04.2021ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır (cild 1, iş vərəqi 126-127). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi dəlillər gətirərək, üzərindən 2 qrama yaxın heroin və 1 qram metamfetamin çıxdığını, 40-cı Polis bölməsində ona fiziki təsir və təzyiq göstərildiyini, buna görə də məcbur qalıb bir neçə bükümü gödəkçəsinin cibinə qoyaraq özünə məxsus olması kimi təqdim etdiyini, əslində narkotik vasitələrin satışı ilə məşğul olmadığını, müstəntiqin onun barəsində olan cinayət işini CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə göndərəcəyini dediyini, buna görə də inanıb, ona təqdim olunmuş bütün sənədləri oxumadan imzaladığını bildirdi. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs 2,976 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1,113 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadı. Belə ki, cinayət işinə əlavə edilmiş təhqiqat materiallarının heç birində, yəni 17.04.2021-ci il tarixdə tərtib olunmuş raportda, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarda, əməliyyat qrupunun təşkil edilməsi haqqında protokolda, eləcə də şübhəli şəxs qismində saxlanıldıqdan sonra tərtib olunmuş raportda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə əldə etmə, saxlama və daşıma cinayətlərinin törədilməsində şübhəli bilindiyi qeyd olunmamış, əksinə həmin sənədlərdə şəxsin satış məqsədi olmadan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olması göstərilmişdir. Eyni zamanda, həm ibtidai istintaq zamanı dindirilərkən, həm də məhkəmə iclasında şahid qismində verdikləri ifadələrində polis əməkdaşları Şahid3, Şahid1 və Şahid2 bildirmişlər ki, şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs barəsində əməliyyyat məlumatı şəxsin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə edib saxlaması və gəzdirməsi barədə daxil olmuş, həmin məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib saxlaması barədə heç nə deyilməmişdir. Bundan başqa, iş materiallarında olan 25 iyul 2021-ci il tarixli baxış protokolundan da görünür ki, "xxxx" MMC-dən daxil olmuş SD diskində Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 607-94-04 və 051 502-89-40 saylı mobil telefon nömrələrlə aparılmış telefon danışıqlarında iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında 17 aprel 2021-ci il tarixdə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilərkən müəyyən olundu ki, həmin əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs güclü narkotik təsiri altında olmaqla, ona verilən sualları çətinliklə cavablandırır. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 2,976 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1,113 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 351.2-ci və 351.3.4-cü maddəsilərə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, CPM-in 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə, ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunan mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin cinayət tərkibi olduğundan, əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Göstərilənləri ümumiləşdirən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə himayəsində üç nəfər azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 17 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Binəqədi RPİ 40cı Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 17 aprel 2021-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş cinayət işi üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş plastik materialdan hazırlanmış üzərində "DERBY" yazısı həkk olunmuş qara rəngli qutuda olan cəmi 8 ədəd bükümdə - onlardan 5 ədəd şəffaf selofana, 3 ədədi isə qara rəngli kağız bükümə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,930 qr., 0,360 qr., 0,340 qr., 0,873 qr., 0,366 qr., 0,035 qr., 0,035 qr., ümumi təmiz çəkisi 2,976 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 7 ədəd bükümdə - onlardan 2-si selofan bükümdə, 5 ədədi isə ağ rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,459 qr., 0,367 qr., 0,048 qr., 0,052 qr., 0,062 qr., 0,058 qr., 0,067 qr., ağ rəngli kristallik hissəciklərdən ibarət olan kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 1,113 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 8 ədəd bükümdə 2,896 qram hissəsi və 7 ədəd bükümdə psixotrop maddənin 1,043 qram qalıq hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin, Təqsirləndirilən şəxs üzərində Binəqədi RPİ-nin 40-cı Polis bölməsində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 253 (iki yüz əlli üç) manat 64 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 253 (iki yüz əlli üç) manat 64 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 29 aprel 2021-ci il tarixli 1335 saylı rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və məcburi muailicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə Binəqədi rayon Polis idarəsinin saxlanc anbarına təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan kustar üsulla hazırlanmış 8 ədəd bükümdə 2,896 qram narkotik vasitə heroin və 7 ədəd bükümdə 1,043 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində Binəqədi RPİ-nin 40-cı Polis bölməsində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 253 (iki yüz əlli üç) manat 64 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar