Məhkəmə qərarları › İş №1(101)-1563/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1563/2022

25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1563/2022 25.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, nömrəsiz ünvanda yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,855 qram, 0.981 qram. 1.193 qram və 1.515 qram olmaqla, ümumi təmiz çəkiri 4,544 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 29 aprel 2022-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, nömrəsiz ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sağ cibindən 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,855 qram, 0,981 qram, 1,193 qram və 1,515 qram olmaqla, ümumi təmiz çəkisi 4,544 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirili bilməyərək ifadəsində göstərdi ki, o, moykada işləmiş, gündə təxminən 25-30 AZN pul qazanmış, narkotik vasitə istifadəçisi olmuş və gün ərzində yarım qram narkotik vasitə heroin istifadə etmişdir. O, tutulduğu zaman üzərindən narkotik vasitə aşkar olunmamışdır. Bu barədə cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanlar həqiqəti əks etdirmir. O, narkotik vasitə istifadəçisi olsa da, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona verilmiş ittiham tamamilə əsassızdır. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, səkkiz ildir ki, Bakı şəhərində müxtəlif ərazilərdə tanımadığı şəxslərdən kakos kimi tanıdığı narkotik vasitə heroin alaraq ineksiya yolu ilə istifadə edir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 30 (otuz) manat ödəməklə 4 (dörd) ədəd şəffaf sellofan kəsiyi bükümlərində kakos kimi tanıdığı narkotik vasitə heroin almış, özü istifadə etməsi üçün üzərində saxlamaqla daşımışdır. xx.xx.2022-ci il tarixdə, saat 19:30 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşadığı evinin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək onu yaxınlıqdakı polis şöbəsinə aparmışlar. Polis şöbəsində şəxsiyyəti müəyyən edildikdən sonra ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı barədə qərar elan edilmiş, şəxsi axtarışa başlanmamışdan əvvəl üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilməsi saxlanması və daşınması qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunmuşdur. Əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı dörd ədəd şəffaf sellofan kəsiyi bükümündə olan kakos kimi tanıdığı narkotik vasitə heroini cibindən çıxarıb polisə təqdim etmişdir. Üzərindən aşkar edilib götürülmüş dörd bükümdə olan narkotik vasitə heroin polis əməkdaşa lari tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olaraq protokolu və möhürlənmiş zərfin üzərini imzalamışdır. Bundan sonra öz razılığı ilə müdafiəçisinin və öz iştirakı ilə yaşadığı Bakı şəhəri, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, nömrəsiz evdə axtarış aparılmış, yaşadığı evdən heç bir narkotik vasitə aşkar edilməmişdir. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Şahid qismində dindirilmiş X6 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə 30-cu PŞ-nə etimad doğuran, qərəzsiz mənbədən ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı barədə dərhal şöbə rəhbərliyinə raportla məruzə etmiş, Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul etmişdir. Şöbə rəisinin əmri ilə əməliyyat qrupu yaradıldıqdan sonra sahə inspektoru Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlayaraq xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında olduğunu müəyyən edib saat 19:30 dəqiqədə sonuncunu həmin yerdə saxlayaraq özlərini Təqsirləndirilən şəxs təqdim edib polis əməkdaşı olduqları, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda, daşımaqda və qəbul etməkdə şübhəli olduğunu bildirib, sonuncunu Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. PŞ-nə gəldikdən sonra PŞ-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, onun hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilmiş, videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən dörd ədəd şəffaf sellofan kəsiklərinə bükülmüş bükümləri çıxarıb təqdim etmiş, təqdim etdiyi dörd bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu heroini xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 30 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxlayaraq danışdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, amma sonuncunun üzərindən dörd bükümdən başqa heç nə aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açıldıqda sonuncunun təqdim etdiyi bükümlərin içərisində narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmiş, həmin dörd büküm bir ədəd zərfə qoyularaq zərf möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu və möhürlənmiş zərfin üzərini imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkanarı küçəsi, nömrəsiz evdə axtarış aparılmış, lakin sonuncunun yaşadığı evdən iş üçün əhəmiyyət kəsb edəcək heç bir əşya və vasitə aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində şahid X6 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiqləmişdir. Cinayət işinin 29-30-cu vərəqlərində olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və bu zaman o, əynindəki qara rəngli şalvarının sağ yan cibindən 4 (dörd) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümləri çıxarıb təqdim edərək həmin bükümlərin içərisində kakos kimi tanıdığı narkotik vasitə olduğunu, təqdim etdiyi narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu. Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 30 manata alaraq özü istifadə etməsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmiş, aşkar olunmuş 4 (dörd) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, bu barədə protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 45-49-cu vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 6/2511 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, «Azərbaycan Respublikası DİN Zərflər üçün №194» dairəvi möhür əksi olan, «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,855 qram, 0,981 qram, 1,193 qram 1,515 qram, ümumi təmiz çəkisi 4,544 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni tərkibli olub, kustar üsulla hazırlanmış, narkotik vasitə-heroindir. Heroinin ümumi təmiz çəkisi - 4,544 qram, tədqiqata sərf edildi cəmi 0,2 qram, qalıq - 4,344 qram. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikaqsının Qanuni ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahi İ) daxildir. Cinayət işinin 114-115-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzi X10 Ambulator X1 xx.xx.2022-ci il tarixli, 3425 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 91-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası" X7 xx.xx.2022-ci il tarixli, 4349 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin 92-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 xx.xx.2022-ci il tarixli, 1/1136 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin 119-127-ci vərəqlərində olan protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 4.544 qram narkotik vasitə heroin maddi sübut qismində tanınmış, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 4,344 qram qalığı zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd «DVD» disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11 -ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 N-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 N-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 26-cı vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 83-84-cü vərəqlərində olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablamaqla 04 ay müddətinə “həbs" qismində qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 105-106-cı vərəqlərində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-in 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-in 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Bakı şəhəri Suraxanı RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 4,344 qram narkotik vasitə heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfi - 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Bakı şəhəri Suraxanı RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 4,344 qram narkotik vasitə heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar