Məhkəmə qərarları › İş №1(101)-1564/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1564/2021

10.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1564/2021 10.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 14 saylı hüquq bürosunun vəkilləri Müdafiəçi və X2 iştirakları ilə xx xxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni külli miqdarda narkotik vasitə əldə edib, daşıyaraq özündə saxlamışdır. Belə ki, o, 13 mart 2021-ei il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq Bakı şəhəri. Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən 20 manat pul müqabilində külli miqdarda narkotik vasitə heroin alaraq əldə edib, üzərində saxlayıb, daşımış və Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitənin olmasını etiraf etməsi səbəbindən 13 mart 2021ci il tarixdə saat 19:30 dəqiqədə Bakı şəhəri. Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən 196 saylı məktəbin yaxınlığından ünvan 2 ünvanda yerləşən Suraxanı RPİ-nin 30-eıı PŞ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynindəki pencəyinin sağ cibindən bir ədəd siqaretin gümüşü kağız bükümündən təmiz çəkisi 3,084 qram külli miqdarda qəhvəyi rəngli, lozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək, götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, özü narkotik vasitələrdən 4-5 ildir ki istifadə edir. 2020-ci ilin dekabr ayında o, Hövsan qəsəbəsində Vidadi adlı qonşusunun evindən Zaman Zamanov adlı tanışı ilə birlikdə televizor və transformator oğurlamışlar. Həmin oğurluq işi ilə bağlı Suraxanı Rayon Polis İdarəsində onun barəsində CM-nin 177.2.1 və s. maddələri ilə cinayət işi başlanmışdır. Suraxanı Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçmədiyindən o, istintaqın gedişi zamanı evdə olmuşdur. Hal-hazırda Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun icraatında onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkəmə araşdırılması aparılır. Həmin cinayət işinin araşdırılması ilə bağlı Suraxanı Rayon Polis İdarəsinə çağırılsa da, o, Polis İdarəsinə getməkdən yayınmışdır. Buna görə də 13 mart 2021-ci il tarixdə günorta saatlarında o, evdə olarkən əməliyyat müvəkkili Şahid1 və daha 2 nəfər tanımadığı polis əməkdaşları yaşadığı evə gələrək onu Polis İdarəsinə aparmışlar. Orada ona bir neçə oğurluq işlərini də boynuna almağını tələb etmişlər. Lakin, o, etmədiyi oğurluqları boynuna almamışdır. Bundan sonra ona bildirmişlər ki, onda az miqdarda narkotik vasitə olmasını etiraf etməlidir. O, əvvəlcə razılaşmasa da, ona bildirmişlər ki, az miqdarda narkotik vasitənin olasını etiraf etsə, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcək və o, bu maddə ilə az cəza alacaq. O, fikirləşmişdir ki, onsuzda oğurluğa görə onu məhkəmə məhkum edəcək və narkotik vasitənin istifadəsinə görə ona elə də çox cəza verilməyəcək və bu səbəbdən o, polis əməkdaşları ilə razılaşmışdır. O da məcbur olub videoçəkilişlə üzərinə baxış keçirilərkən ona verdikləri təxminən 1 çetə yaxın narkotik vasitəni təqdim etmişdir. Narkotik vasitələrin istifadəçisi olsa da, lakin heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Əslində ona verilən ittihamda göstərildiyi kimi onda 3,084 qram heroin olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, videoçəkiliş zamanı o, narkotik vasitəni təqdim etmişdir. O, həmin narkotikin ona məxsus olması barədə əməliyyatçılara bildirmiş və bunu çəkiliş zamanı etiraf etmişdir. Onda narkotik vasitə olmamışdır. O, ona görə özünü qismən təqsirli bilir ki, o, narkotik vasitə istifadəçisidir. Onunla birlikdə oğurluq edən Zaman Zamanov axtarışda olmuşdur. Sonradan o həbs olunduğundan hazırda oğurluqla bağlı onlаrın işi Suraxanı Rayon Məhkəməsində davam edir. Onunla söhbət edən və narkotik vasitəni ona verən polis əməkdaşının adını bilmir, görsə onu tanıya bilməz. Cinayət işinin 25-26-cı vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması barədə protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş protokolu nəzərdən keçirib, bildirir ki, həqiqətən imza ona məxsusdur. Polis əməkdaşları ona bildirmişlər ki, az miqdarda narkotik vasitənin onda olmasını boynuna alsa, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcək və həmin maddə ilə ona az cəza veriləcəkdir. O, fikirləşmişdir ki, onsuzda oğurluğa görə onu məhkəmə məhkum edəcək və narkotik vasitənin istifadəsinə görə ona elə də çox cəza verilməyəcək və bu səbəbdən o, polis əməkdaşları ilə razılaşmış və protokolu imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan edilmiş, izahatın və ifadənin sonunda olan imza və əlyazma ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 27-28-ci vərəqələrində olan izahatında, 44-46 və 56-58-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «... Sonuncu dəfə 13.03.2021-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Zığ qəsəbəsində tanımadığım şəxsdən öz şəxsi istifadəm üçün 20 (iyirmi) manat nəğd pul ödəyərək siqaretin gümüşü rəngli kağızından ibarət 1 büküm heroin kimi tanıdığım narkotik maddəni aldım, həmin gün bir qismini istifadə etdim qalан hissəsini sonra istifadə etmək üçün üzərimdə saxlamaqla daşıdım. 13.03.2021-ci il tarixdə təxminən saat səhv etmirəmsə 19:30 dəqiqədə Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən 196 saylı məktəbin yaxınlığında olan zaman bir nəfər mülki geyimli şəxs mənə yaxınlaşıb özünü təqdim etdi və onun polis əməkdaşı olduğunu bildim. Həmin vaxt mənim üzərimdə nаrkotik vasitə olduğu üçün mən həyəcanlandım və polis əməkdaşı məndən şübhələnərək mənimlə sorğu sual etməyə başladı. Həmin vaxt mən özümü şübhəli aparmağımın səbəbini üzərimdə özümə məxsus öz şəxsi istifadəm üçün saxlamaqla daşıdığım narkotik maddə olduğunu bildirdim. Bundan sonra polis əməkdaşı məni yaxınlıqda olan PŞ-nə gətirərək təhvil verdi. ...Baxış zamanı mənə üzərimdə hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verildi. Məndə üzərimdə saxlamaqla daşıdığım özümə məxsus içərisində heroin kimi tanıdığım narkotik maddə olan 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızından ibarət bükümü təqdim etdim. Polis əməkdaşı tərəfindən bükümə baxış keçirilən zaman, yəni büküm açıldı və içərisində qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən edildi. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş izahatı və ifadələrini təsdiq etmir. Ona təqdim olunmuş imzalar onun imzasıdır, izahatı və ifadələri oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 30-cu PŞ-nin Cinayət Axtarış üzrə əməliyyat-müvəkkili vəzifəsində işləyir. Təqsirlndirilən şəxsi əvvəllər tanımamışdır. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsi onun xidməti ərazisinə daxildir. Xidməti ərazisində C. Xanməmmədov küçəsində 196 saylı məktəb yerləşir. 13 mart 2021-ci il tarixdə axşam saatlarında ərazidə xidmət aparmışdır. Belə ki, Polis Şöbəsinin inzibati ərazisinə daxil olan yerlərdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar tədbirlər keçirmişdir. Həmin gün saat 19:30 radələrində 196 saylı məktəbin yaxınlığından keçən zaman bir nəfər şəxsin özünü şübhəli aparmasını görmüş və həmin şəxsə yaxınlaşmışdır. Həmin şəxsə xidməti vəsiqəsini göstərib özünü təqdim etmiş və ondan özünü təqdim etməsini bildirmişdir. Həmin şəxs Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs ilə sorğu-sual edən zaman Toğrulun həyəcanlandığını görüb ondan şübhələnmişdir. Təqsirləndirilən şəxs nə səbəbə görə həyəcanlanmasını soruşduqda, Toğrul üzərində narkotik vasitə olduğundan həyəcanlandığını bildirmişdir. Təqsirləndirilən şəxs işlədiyi 30-cu Polis Şöbəsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs razılaşaraq onunla Polis Şöbəsinə gəlmişdir. O, bu barədə polis şöbəsinin rəis müavininə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs öz avtomobilində polis şöbəsinin növbətçi hissəsinə gətirib təhvil vermişdir. Onun, əməliyyat müvəkkili Şahid2 və vəkil Fərhad Kərimovun iştirakı ilə, saxlanılan Təqsirləndirilən şəxs könüllü olaraq üzərində qeyri-qanuni əşyaların olubolmaması və olduğu halda həmin əşaların təqdim edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq həmin əşyanın onda olduğunu və özü əynində olan tünd göy rəngli idman pencəyinin sağ cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızından ibarət bükümü təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində heroindir. Həmin maddə onlar tərəfindən qablaşdırılaraq, möhürlənmişdir. Onu da qeyd etmək istəyir ki, o, təqsirləndirilən şəxsi saxlayarkən Təqsirləndirilən şəxs koronavirus xəstəsi olmuşdur. Təqsirləndirilən şəxs ona da xəstəlik keçmişdir. O da həmin xəstəliyi evdə ailə üzvlərinə keçirmişdir. Bu səbəbdən hətta atası xəstəliyi ağır keçirərək vəfat etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, işlədiyi polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satış məqsədilə dövriyyəsi ilə məşqul olması barədə heç bir məlumatları olmamışdır, Toğrulu yalnız özünü şübhəli aparıldığından saxlamışdır, şəxsi axtarış və götürmə aparılması zamanı o da iştirak etmiş, lakin, təhqiqatçı Emin Məmmədov nədənsə onun adını protokola qeyd etməmişdir. Təqsirləndirilən şəxs evindən aparılmamışdır. O, tək xidməti ərazisində olarkən Toğrulu saxlamışdır. Təqsirləndirilən şəxsə heç bir təzyiq və təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 30-cu PŞ-nin CAÜ əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 13 mart 2021-ci il tarixli raportundan görünür ki, Suraxanı rayonu ərazisində baş vermiş oğurluq hadisələri ilə əlaqədar xidmət aparan zaman bir nəfər şəxsin C.Xanməmmədov küçəsi, 196 saylı məktəb istiqamətində hərəkətdə olduğunu görüb ona yaxınlaşdıqda, həmin şəxs özünü şübhəli apardığından, onunla sorğu-sual edərkən onda özünə məxsus öz şəxsi istifadəsi üçün saxlamaqla daşıdığı narkotik vasitənin olmasını bildirmişdir. Həmin şəxs xx xxx 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olmuşdur. Cinayət işinin 25-26-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 mart 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 13 mart 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən 196 saylı məktəbin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-eu PŞ-nin gətirilmiş X3 üzərinə baxış keçirilən zaman ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə soruşulmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli pencəyinin sağ cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızından ibarət bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə heroin kimi tanıdığı maddə olduğunu bildirmişdir. Həmin büküm açıldıqda, içərisindən toz şəkilli, maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni 13.03.2021-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Zığ qəsəbəsində tanımadığı şəxsdən 20 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, bir qismini istifadə etdiyini, qalan hissəsini isə sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş 1 ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 33-37-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2021-ci il tarixli 6/1040 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №194" dairəvi möhür əksi olan, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd kağız bükümdə təmiz çəkisi 3.084 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitlər' in siyahısına (Siyahı 1) daxildir. Cinayət işinin 82-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsindən daxil olmuş 28 may 2021-ci il tarixli, 098-45001- 1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 89-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 iyun 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı она üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilmiş, sonuncu heç bir etiraz etməyərək özü könüllü olaraq əynində olan tünd göy rəngli pencəyinin sağ cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim etmiş və bildirmişdir ki, bükümün içərisində narkotik vasitə heroin vardır. Həmin büküm açılmış və içərisində qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddəni 13.03.2021-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Zığ qəsəbəsində tanımadığı şəxsdən 20 manat müqabilində öz şəxsi istifadəsi üçün alıb üzərində saxlamasını və bir qismini istifadə etməsini bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Cinayət işinin 99-100-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X5 04 iyun 2021-ci il tarixli cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbəni müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi ayrılmışdır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs oğluna qarşı ibtidai istintaq orqanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə əldə olunmuş sübutlar məcmusuna müqayisəli şəkildə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham məhkəmə istintaqında tam sübuta yetirilməmiş, istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham məhkəmədə araşdırılmış sübutlar məcmusu ilə kifayət qədər təsdiq olunmamış və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsində istintaq orqanının gəldiyi nəticələri ilə razılaşmır. Belə ki, cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhdləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-nin 223-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu göstərilmişdir. Həmin Məcəllənin 223.3.2-ci maddəsində şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində: cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər, ittihamın mahiyyəti göstərilir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 353.2.1-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir: cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlunun həqiqətən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni külli miqdarda narkotik vasitə əldə etməsi, daşıması və özündə saxlaması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Bununla belə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni külli miqdarda narkotik vasitə əldə etməsi, daşıması və özündə saxlaması öz təsdiqini tapmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarını və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-ci maddəsinə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Belə ki, istintaq orqanı məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs oğlunun məhz satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni külli miqdarda narkotik vasitə əldə etməsi və daşımasını təsdiq edən hər hansı bir mötəbər dəlil və ya sübut müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş narkotik vasitənin «satış məqsədi» daşıyıb-daşımaması ilə bağlıdır. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında dindirilmiş polis əməkdaşı Şahid1 şahid ifadəsindən görünür ki, 13 mart 2021-ci il tarixdə saat 19:30 radələrində 196 saylı məktəbin yaxınlığından keçən zaman bir nəfər şəxsin özünü şübhəli aparmasını görmüş və həmin şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etmişdir. Təqsirləndirilən şəxs ilə sorğu-sual edən zaman Toğrulun həyəcanlandığını görüb ondan şübhələnmişdir. Təqsirləndirilən şəxs nə səbəbə görə həyəcanlanmasını soruşduqda, Toğrul üzərində narkotik vasitə olduğundan həyəcanlandığını bildirmiş və yalnız bundan sonra onu polis şöbəsinə gətirmiş və xidməti iş otağında vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılaraq, üzərindən narkotik vasitə aşkar olunmuşdur. Digər polis əməkdaşı Şahid2 göstərmişdir ki, o, polis şöbəsində yalnız Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən iştirak etmişdir. Həm Şahid1, həm də Şahid2 bildirmişlər ki, işlədikləri polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satış məqsədilə dövriyyəsi ilə məşğul olması barədə heç bir ямялиййат məlumatları olmamışdır, Təqsirləndirilən şəxs yalnız özünü şübhəli apardığından saxlamışlar. Cinayət işinin 25-26-cı vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu şəxsi axtarış zamanı ondan götürülmüş narkotik vasitənin onun özünə məxsus olmasını, 13 mart 2021-ci il tarixdə üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən özünün istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərək ifadəsində bildirmişdir ki, onda aşkar olunaraq götürülmüş narkotik vasitəni özü istifadəsi üçün tanımadığı şəxsdən əldə etmiş və heç kimə satmaq niyyəti olmamışdır. (i.v.44-46;56-58). Göründüyü kimi, Təqsirləndirilən şəxs oğlu ibtidai araşdırma dövründə qeyd edilən narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və üzərində daşıması barədə ifadə verməmişdir. Təqsirləndirilənin bu ifadəsini təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Məhkəməyədək icraat zamanı cinayət işinin 74-ci vərəqəsinə əlavə olunmuş istintaq orqanı tərəfindən təhqiqat orqanına göndərilmiş əməliyyat tapşırığına 28 may 2021-ci il tarixli, 098-45001-1221 nömrəli istintaq tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğlunun narkotik maddəni nə vaxt əldə etməsini, narkotik vasitələrin kim tərəfindən əldə etməsi, psixotrop maddəni hansı məqsədlə əldə etməsini, psixotrop maddəni hansı şəraitdə, nə vaxt və harada almasını müəyyən etmək məqsədilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində məlumat əldə etmək mümkün olmamışdır. Habelə cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin Ambulator məcburinarkoloji tibbi yoxlaması ekspertizasının 03 iyun 2021-ci il tarixli 1724 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui istifadə edilməsi nəticəsində aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür.( i.v.84- 86) İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlunun «təqsirsizlik prezumpsiyası»nın tələblərinin pozulması ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunmuşdur. Belə ki, ibtidai istintaq orqanının 02 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarının təsviri hissəsində heç bir mötəbər sübut növü olmadan, əsaslı bir səbəb göstərilmədən şübhəli hallara qiymət verilmədən, ehtimallara əsaslanmaqla təqsirləndirilənin əməli daha ağır maddəyə tövsif edilmiş və nəticədə onun üzərinə «özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsi» qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən «hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir». Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsi də Azərbaycan Respublikası Konstitusiyasının qeyd olunan maddəsi ilə üst-üstə düşür, əlavə olaraq Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilənin xeyrinə həll edilməsi, eyni ilə cinayət və cinayət prosessual qanunların tətbiqində aradan qaldırılmış şübhələrin də onun xeyrinə həll olunması, ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsinin ittiham tərəfinin üzərinə düşməsi göstərilir. İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın «ədalətli məhkəmə araşdırması hüququ» ndan və «qanunsuz cəzalandırılmamaq»dan bəhs edən müddəalarına əsasən «cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir». (mad. 6) «Heç kəsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz». (mad.7) «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Həmin qərarın 10-cu bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, CM-nin 234.3-cü maddəsinin dispozisiyasına əsasən , prekusorları hazırlama, əldə etmə, saxlama, göndərmə və daşıma və ya satma hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında həmin prekusorların istifadə edilməsi məqsədi ilə törədilsin. Bu səbəbdən də həmin hərəkətləri etmiş şəxsin məqsədi dəqiq müəyyən edilməlidir. Şəxsin yuxarıda göstərilən hərəkətləri digər məqsədlə etməsi müəyyən olunduqda və ya həmin maddədə göstərilən məqsədin olduğu sübuta yetirilmədikdə CM-nin 234.3-cü maddəsi ilə məsuliyyət yaratmır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «heroin» olan maddə 0,15 qramı və ondan artıq olan hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərindən çıxan narkotik vasitənin miqdarının həmin narkotik vasitə üçün külli miqdar hesab edilməsi, hələ onun satış üçün əldə olunması və satış məqsədi ilə daşınması demək deyildir və yalnız bu əsasla şəxsin əməlinin satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi və daşınması əməli kimi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi düzgün deyildir. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış narkotik vasitə ilə bağlı çəki tərəzisi, alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. Göründüyü kimi, iş üzrə mövcud olan heç bir mötəbər sübut növü Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni məhz satış məqsədilə əldə etdiyini və üzərində daşıdığını təsdiq etmir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şəksizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, ibtidai və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin «əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi» barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. Narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini, saxlanılmasını və daşımasını iddia edən və bunu ittihamda göstərən ittiham tərəfi ittiham aktında nəticəsinin əsaslandırmaq üçün bir dəlilə də olsun istinad etməmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ilkin ifadələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində özünü təqsirli bilsə də istintaq orqanının tərtib etmiş olduğu protokollarına imza etməkdən imtina etmişdir.. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 126.6-cı maddəsində göstərilir ki, «təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütun sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər». Azərbaycan Respublikası CPM-nin 349.5.1 maddəsinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 338.1.2 maddəsinin tələblərinə əsasən hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibdtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində qeyd olunmuşdur ki, İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 8-ci bədində göstərilmişdir ki, məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır. Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsif olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əlamətləri olmasın və faktiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə- satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamaya tövsif edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs о наркоман олса да, онун цзяриндя наркотик васитяляр олмамышдыр. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrindən fərqli ifadələr verib ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğu, ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və Təqsirləndirilən şəxs məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır və o, həmin əməli törətməkdə təqsirlidir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 83-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 31 may 2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin 84-85-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 iyun 2021-ci il tarixli, 1724 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 13 mart 2021ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 16-cı vərəqəsində olan materialardan görünür ki, şübhəli şəxsin tutulması haqqında protokol 13 mart 2021-ci il tarixdə tərtib edilmişdir. Həmçinin cinayət işinin 68-70-ci vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13 mart 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan 3,034 qram heroin məhv edilməli, 01 ədəd DVD diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs oğluna məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsində saxlanılan 3,034 qram heroin məhv edilsin. 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar