Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1565/2024 09.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X2 ibarət tərkibdə, Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs– Zərərçəkmiş şəxs, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 14 noyabr 2023-cü il tarixdə saat 01 radələrində ünvan 2 ünvanın qarşısında olarkən Zərərçəkmiş şəxs ona yaxınlaşaraq qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etməsini cüzi səbəb kimi bəhanə gətirib sonuncunu ünvan 2 ünvanın qarşısına dəvət edərək orada üzərindəki zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, deşici-kəsici xassəyə malik olan, soyuq silah hesab edilməyən qatlanan tipli cib bıçağını çıxarıb xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs bədən nahiyəsindən qəsdən bir dəfə vuraraq ona qarnının ön divarında boşluğa nüfuz edən qaraciyərin, öd kisəsinin və köndələn çənbərbağırsağın seroz qişasının zədələnməsi kimi həyat üçün təhükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 noyabr 2023-cü il tarixdə rayondan Bakı şəhərinə gəlmiş, 20 Yanvar metrostansiyasının yaxınlığında telefonla danışan zaman iş üzrə zərərçəkmiş şəxs ona yaxınlaşmış və cinsi əlaqədə olma ilə müəyyən təkliflər etmiş, o, həmin şəxsə ondan uzaq durmasını, onun axtardığı şəxs olmadığını bildirmiş, lakin həmin şəxs ondan əl çəkmədiyi üçün o, əvvəldən üzərində gəzdirdiyi bıçaqla həmin şəxsə bir dəfə zərbə vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, 2-3 dəfə həmin şəxsə ondan uzaq olmasını bildirmiş, lakin həmin şəxsin onu anlamamış, daha sonra o, həmin şəxsin çantasından nə isə çıxardığını görmüş, onun əsəbləri ilə bağlı problemləri olduğundan, ətrafda insanlar çox olduğundan o, iş üzrə zərərçəkmiş şəxsi qaranlıq yerə aparıb onu vurmuşdur. Zərərçəkmiş şəxs ona əxlaqsız təklif etdiyindən və onu təhqir etdiyindən o, əsəbləşmişdir. Ətrafda insan kütləsi çox olduğuna görə o, həmin şəxsi qaranlıq yerə aparmış, orada vurmuş, daha sonra isə özü polisə təslim olmuşdur. Onun zərərçəkmiş şəxsi vurduğu yerdə heç kim olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsindən başqa, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi və digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisənin baş verdiyi gün o, işdən çıxıb metronun çıxışında dayanmış, təqsirləndirilən şəxsin əlində telefon olmuş, telefonla danışan zaman birbaşa ona baxmış, o da təqsirləndirilən şəxsə baxmışdır. Təqsirləndirilən şəxs əlində telefonla onu başı ilə yanına çağırmış, o da sonuncuya yaxınlaşmışdır. O, Təqsirləndirilən şəxsla salamlaşmış və onu özünün çağırdığı halda telefonla danışmağa davam etməsi ilə bağlı ona narazılıq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs telefonu aşağı salmış, o da Təqsirləndirilən şəxs nə istədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs ona əlaqədə olmağı təklif etmiş və evinin olub-olmadığını soruşmuşdur. O da evin bura nə dəxlisi olduğunu soruşmuş, onun bu sözündən sonra təqsirləndirilən şəxs acıqlı şəkildə ondan uzaqlaşıb getmiş, o da 2 dəqiqə orada qalıb, daha sonra üzü yuxarı, evə doğru hərəkət etmiş, bu zaman təqsirləndirilən şəxsin əks istiqamətdən ona doğru gəldiyini görmüşdür. Təqsirləndirilən şəxs ona ara küçəyə keçməyi təklif etmiş, onlar birlikdə hərəkət etməyə başlamış, onlar tam ünvana çatanda Təqsirləndirilən şəxs sağa və sola baxmış, daha sonra isə üzünü ona tərəf çevirib bıçaqla ona zərbə vurmuşdur. O, əvvəlcə bıçaqla vurulduğunu anlamamış, daha sonra köynəyini qaldıranda qan axdığını görmüşdür. Təqsirləndirilən şəxs onu vurandan sonra qaçmış, o da yaralı vəziyyətdə dayanacaq tərəfə getmiş, Təqsirləndirilən şəxs qarşı tərəfdən ona baxdığını görmüşdür. Təqsirləndirilən şəxs qaçdıqdan sonra o, taksiyə əyləşərək xəstəxanaya getmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxs onu tamamilə səbəbsiz yerə vurmuş, o, həmin şəxsin əlində heç bir predmet görməmişdir. Ara küçə ilə gedən zaman aralarında heç bir mübahisə olmamış, əlaqədə olmaqla bağlı təklifi ilk olaraq təqsirləndirilən şəxs özü etmiş, o isə heç bir cavab verməmişdir. Yol gedən zaman aralarında müəyyən danışıq olmuş, lakin nə haqqında danışdıqlarını xatırlamır. O, bıçaqlanmasının səbəbini hələ də bilmir. Bundan əlavə zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PB-nin rəisinə ünvanlanmış 14 noyabr 2023-cü il tarixli 2-5967 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 01.41-də DİN-nin 102 xidmətindən məlumat daxil olaraq, vətəndaş Təqsirləndirilən şəxs bir nəfər şəxsin ona yaxınlaşaraq narahat etməsi, o, uzaqlaşsa da həmin şəxsin dalınca gəlməsi barədə məlumat vermişdir. (cild İ, i/v: 3) - Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PB-nin rəisinə ünvanlanmış 14 noyabr 2023-cü il tarixli 2-3471 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 06.04-də DİN-nin 102 xidmətindən məlumat daxil olaraq, həkim Əliquliyeva Zərərçəkmiş şəxs tanımadığı bir şəxs tərəfindən bıçaqlanması barədə məlumat vermişdir. (cild İ, i/v: 12) - “Hadisə yerini baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri Nəsimi rayonu, Moskva prospekti 66 ünvanına baxış keçirilmiş, baxış zamanı hadisə yerindən bir ədəd bıçaq və qan izləri aşkar edilmiş, bıçaq və qan izlərindən nümunələr götürülmüş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (i/v: 13-19) - “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd bıçağa baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin bıçaq qatlanan tiplidir, ümumi uzunluğu 158 mm-dir. Bıçaq işçi vəziyyətdə, yəni dəstəyi müayinə edənə tərəf, tiyənin iti kənarı aşağı, küt kənarı yuxarı istiqamətdədir. Bıçağın tiyəsi bozumtul-gümüşü rəngli metal materialdan hazırlanmışdır, üzəri qara rəngli boya ilə boyanmışdır, orta xətt oxu üzrə uzunluğu 68 mm, eni əsasında 20 mm-dir. Tiyənin aşağı kənarı (ülgücü) itilənmiş, yuxarı kənarı (küpü) isə itilənməmişdir. Bıçağın dəstəyi metal materialdan hazırlanmış 02 (iki) ədəd lövhədən ibarətdir, üzəri qara rəngli boya ilə boyanmışdır, orta xətt oxu üzrə uzunluğu 90 mm, eni əsasında və sərbəst kənarında 25 mm, ortada 19 mm, qalınlığı isə 11 mm-dən 17 mm-ə qədərdir. Üzərində müxtəlif təsvirlər həkk olunmuş və tefelon materialından hazırlanmış lövhələr bərkidilmişdir. Dəstəyin üzərində istismar izləri müşahidə olunur. Bıçağın üzərində qanabənzər ləkələr müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs qeyd olunan bıçağın ona məxsus olduğunu, məhz həmin bıçaqla zərərçəkmiş şəxsə xəsarət yetirdiyini və hadisə yerində qoyaraq getdiyini bildirmişdir. (i/v: 48) - “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yeri olan ünvan 2 ünvanın qarşısında əyani göstərmiş və hadisə yerində ifadəsini bir daha təsdiq etmişdir. (i/v: 51-53) - “Götürmə və baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus və hadisə vaxtı əynində olan paltarlara baxış keçirilmiş, baxış zamanı tünd göy rəngli cins şalvarın, qara rəngli idman tipli şalvarının, bir cüt qara rəngli corabın, qara rəngli yun qarışıq materialdan olan jaketin üzərində heç bir zədə aşkar olunmamış, lakin qara-tünd boz rəngli yun qarışıq materialdan olan sviterin üzərində ön səthinin sağ yarısının orta hissəsində, 01 ədəd zədə, qara rəngli qarışıq materialdan olan qolsuz maykanın üzərində ön səthinin sağ yarısının orta hissəsində 01 ədəd zədə aşkar olunmuşdur. (i/v: 82) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik Hüquqi şəxsin məhkəmə-tibbi ekspertizası üzrə 06 dekabr 2023-cü il tarixli, 1662 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarnının ön divarında boşluğa nüfuz edən qaraciyərin, öd kisəsinin və köndələn çənbərbağırsağın seroz qişasının zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası aşkar edildi. Qeyd olunan xəsarət deşici-kəsici alətin (əşyanın) ola bilsin ekspertizaya təqdim edilmiş maddi sübut-bıçağın təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (i/v: 132-134) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik Hüquqi şəxsin məhkəmə-bioloji ekspertizası üzrə 27 dekabr 2023-cü il tarixli, 815/2023-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qrup göstəricisi: B(lll) (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurəti.) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus cins şalvar, mayka, kofta, jaket, idman şalvarı və hadisə yerindən götürülmüş 01 ədəd çubuqlu pambıq topası üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq edildikdə yalnız “B” antigeni alındı. Belə olan halda bu qan ləkələri B(lll) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq üzərində zəif intensivlikdə qan ləkələri aşkar olundu. Həmin ləkələrdə zülal aşkar olunmadığı üçün qanın növünü təyin etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 cüt corab üzərində qan aşkar olunmadı. (i/v: 109- 115) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik Hüquqi şəxsin məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizası üzrə 28 dekabr 2023-cü il tarixli, 605-2023/MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus sviterin və maykanın ön səthinin sağ yarısının orta hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici- kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus sviter və maykanın üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçaqların tiyəsinin təsirindən törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş iki ədəd şalvar, bir cüt corab və bir ədəd jaketin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Zərərçəkmiş şəxs aşkar olunmuş qarının ön divarında boşluğa nüfuz edən qaraciyərin, öd kisəsinin və köndələn çənbər bağırsağın serroz qişasının zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmişkəsilmiş yarası aşkar edildi. Bu xəsarətin yerləşmə nahiyəsinə görə demək olar ki, xəsarət əlçatan nahiyədə yerləşməsinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, deşici-kəsici xassəyə malik olan qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. (i/v: 116-125) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik Hüquqi Şəxsin ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə 25 dekabr 2023-cü il tarixli 3593 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs əvvəllər özünə xəsarət yetirmə halları qeyd olunub. Onda qeyd olunan “emosional davamsız şəxsiyyət pozuntusunun” dekompensasiya vəziyyətinə keçdiyi təqdirdə onun özünə və ətrafdakılara xəsarət yetirməsi inkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs “emosional davamsız şəxsiyyət pozuntusunun” kompensasiya vəziyyətində olduğundan özü və ətrafdakılar üçün təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs aşkar edilənm “emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi durumuna görə istintaq hərəkətlərində iştirak edə bilər.(i/v: 126-130) - İstintaq orqanının 22 fevral 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, hadisə vaxtı zərərçəkmiş şəxsin əynində olmuş 02 ədəd şalvar, 01 ədəd jaket, 01 ədəd sviter, 01 ədəd mayka, hadisə yerindən aşkar olunmuş 01 ədəd bıçaq və 01 ədəd çubuqlu pambıq topası maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin saxlanc otağına təhvil verilmişdir (i/v: 155-161) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Cinayət əməlinin tövsifi ilə bağlı məhkəmənin mövqeyi, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlməlidir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, hadisəni xuliqanlıq niyyəti ilə törətməmiş, zərərçəkmiş şəxs ona yaxınlaşaraq cinsi əlaqədə olmağı təklif etdiyindən, o da zərərçəkmiş şəxsdən ondan uzaq durmasını tələb etdiyi halda zərərçəkmiş şəxs ondan əl çəkmədiyindən əsəbləşdiyi üçün bir dəfə ona zərbə vuraraq xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında dindirilmiş tərəflərin ifadələri və cinayət işinin materialları ilə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında heç bir münaqişə və dava-dalaşın almaması, yalnız cinsi əlaqədə olma ilə bağlı təkliflə əlaqədar təqsirləndirilən şəxsin əsəbləşərək zərərçəkmiş şəxsə xəsarət yetirməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hal şəxsi münasibətlər zəminində törədilmiş cinayət kimi qəbul edilə bilməz və təqsirləndirilən şəxsin cüzi səbəbləri bəhanə etməklə zərərçəkmiş şəxsə xəsarət yetirməsi xuliqanlıq niyyəti ilə törədilmiş cinayət hesab edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsinin tərkib əlamətlərinin olması məhkəmə iclasında dindirilmiş şəxslərin ifadələri, o cümlədən tədqiq edilmiş cinayət işinin materialları- hadisə yerinə baxış protokolları, ifadənin yerində yoxlanılması protokolları, dindirmə protokolları, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin dispozisiyasında qəsdən sağlamlığa ağır zərər vurma cinayəti “qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma” kimi təsbit edilmişdir. Həmin Məcəllənin 126.1-ci maddəsində qeyd edilən hərəkətlər ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə törədildikdə Cinayət Məcəllənin 126.2.4-cü maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Belə ki, məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, lakin həmin məhkumluqları götürülmüş və ödənilmişdir. (i/v: 137-139). Məhkəmə bu hissədə qeyd edir ki, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə məhkum olunduğu qeyd olunsa da, cinayət işinin materiallarında olan Lerik Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli 1(048)-38/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə, yəni böyük ictimai təhlükə törətməyən əməl üzrə təqsirli bilinərək məhkum edilmişdir. (i/v: 137-139; 178-180). Bununla da məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Bundan başqa Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmamışdır və ondan şikayətçidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna almasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan 14 noyabr 2023-cü il tarixli “könüllü gəlmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü şəkildə Nəsimi RPİ-nin 19-cu PŞ-yə gələrək həmin tarixdə təxminən saat 01.00 radələrində Nəsimi rayonu, Moskva Prospekti 66 ünvanında baş vermiş mübahisə zamanı tanımadığı şəxsi bıçaqlaması barədə məlumat vermişdir. (i/v:4) Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetmiş və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulduğu, şəxsiyyətinə uyğun, residivə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər dəfələrlə məhkum olunmasını, buna baxmayaraq yenidən cinayət törətməklə islah olmağa meyilli olmayan şəxs kimi xarakterizə olunmasını, həmçinin zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməməsini, buna heç bir cəhd etməməsini, əməlindən peşman olmasını nümayiş etdirməməsini də nəzərə alır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, hesab edir ki, o, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (i/v:37), Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. (i/v: 74-78) Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut qismində tanınaraq Nəsimi RPİ-nin saxlanc otağında saxlanılan zərərçəkmiş şəxsə məxsus 02 ədəd şalvar, 01 ədəd jaket, 01 ədəd sviter,01 ədəd mayka, hadisə yerindən götürülmüş 01 ədəd bıçaq cə bir ədəd çubuqlu pambıq topası hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 6 (ay) müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar- Nəsimi RPİ-nin saxlanc otağında saxlanılan zərərçəkmiş şəxsə məxsus 02 ədəd şalvar, 01 ədəd jaket, 01 ədəd sviter, 01 ədəd mayka, habelə hadisə yerindən götürülmüş 01 ədəd bıçaq və 01 ədəd çubuqlu pambıq topası hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərdiy hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-1565/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1565/2024
09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver