Məhkəmə qərarları › İş №1(101)-1566/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1566/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1566/2024 24.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri, 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X7 iştirakı ilə, xx xxxx 1996-cı ildə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 534-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 82-də yaşayan, 15 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarına əsasən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov adına parkın yaxınlığındakı ərazidən şəxsiyyəti məlum olmayan Cavid adlı şəxsdən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda - təmiz çəkisi 2,362 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini, təmiz çəkisi 0,313 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, üzərində «Methadone 40» yazısı olan konvalyutda 5 ədəd qəhvəyi rəngli, dairəvi formalı, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edən narkotik vasitə metadon həblərini, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, üzərində «Alyse 150» göstəricisi olan tərkibində güclü təsir edən maddə preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram təşkil edən 4 ədəd ağ rəngli kapsulları əldə edib üzərində saxlamaqla daşımış, 15 noyabr 2023-cü il tarixdə saat 16:40 radələrində Bakı şəhəri, Nərimanov rayon Polis idarəsi, 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nərimanov RPİ, 18-ci Polis şöbəsinin inzibati binasına gətirilib xidməti otaqda müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərində olan qara rəngli əl çantasının içərisindəki açıq çəhrayı rəngli pul qabının içərisində saxladığı təmiz çəkisi 2,362 qram olan qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, təmiz çəkisi 0,313 qram olan ağ rəngli, kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində «Methadone 40» yazısı olan konvalyutda 5 ədəd qəhvəyi rəngli, dairəvi formalı, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edən narkotik vasitə metadon həbləri, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan üzərində «Alyse 150» göstəricisi olan tərkibində güclü təsir edən maddə preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram təşkil edən 4 ədəd ağ rəngli kapsullar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, polis işçiləri tərəfindən saxlanılarkən üzərindən narkotik vasitələr aşkar olunmuşdur. Lakin o, narkotiklərdən olan asılılıqdan qurtulmaq istəmiş, buna görə də ona məsləhət görmüşlər ki, həmin dərmanlardan alıb istifadə etsin. O da, narkotikləri tərgitmək məqsədi ilə evindən çıxarkən dərmanları almış, daha sonra polis əməkdaşları ona yaxınlaşaraq polis şöbəsinə gətirmişlər. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, narkotik kimi heroin və metamfetamindən istifadə etdiyini, metadon və preqabalin dərmanını narkotiki tərgitmək üçün internet vasitəsi ilə tanıdığı Cavid adlı şəxsdən aldığını, amma özünün heç kimə narkotik satmadığını, ona qarşı sürülmüş ittihamda onun üzərindən aşkar olunmuş narkotik vasitələrin miqdarının artıq göstərildiyini, ibtidai istintaq zamanı hər hansı təsir və təzyiqlərə məruz qalmadığını, ailə problemləri yaşadığı üçün narkotikdən istifadə etdiyini, əməlindən peşman olduğunu, azyaşlı uşağı və anası X9 ilə eyni ünvanda yaşadığını məhkəməyə bildirdi. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsi ilə bağlı mövqeyi ilə əlaqədar məhkəmə iclasında həmin ifadə tədqiq edildi. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, 15 noyabr 2023-cü il tarixdə axşam saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 34 ünvanının yaxınlığında piyada hərəkət edərkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun üzərində narkotik vasitələr olduğu üçün onları görən zaman təşvişə düşərək uzaqlaşmaq üçün iri addımlarla qaçmaq istəmişdir. Həmin zaman polis əməkdaşları onu saxlayaraq 18-ci Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin və tərcüməçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə müdafiəçinin və tərcüməçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa, təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, üstündə olan qara rəngli əl çantasının içərisində olan açıq çəhrayı rəngli pul qabını çıxardaraq təqdim etmişdir. Həmin açıq çəhrayı rəngli pulqabıya polis əməkdaşları baxış keçirən zaman içərisindən 5 ədəd “Metadon 40” həbi, 4 ədəd “Alyse” həbi, 1 ədəd ağ rəngli kağıza bükümünə bükülmüş ağ rəngli, kristall şəkilli psixotrop maddə metamfetamin və 1 ədəd narkotik vasitə heroinə aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları ondan aşkar olunmuş həmin narkotik vasitəni və psixotrop maddə metamfetamini zərfə qoyub möhürləmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş heroini, metamfetamini, dərman həblərinin kimə məxsus olduğunu, haradan və nə məqsədlə əldə etdiyi barədə maraqlanılmış, o, bükümlərin və həblərin hamısının özünə məxsus olduğunu, həmin bükümləri və həbləri xx.xx.2023-cü il tarixdə adını Cavid kimi bildiyi şəxsdən Nərimanov rayonundakı «Nərimanov Parkı» yaxınlığından 50 manata aldığını, narkotik vasitə aludəçisi olduğunu bildirmişdir (cild 1, iş vərəqi 164-165). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ, Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, 2023-cü il noyabrın ortalarında dəqiq xatırlamadığı gün Nərimanov RPİ, 18-ci Polis şöbəsinin əməkdaşları zəng vuraraq onu şöbəyə çağırmışlar. O, şöbəyə çatdıqda, Təqsirləndirilən şəxs artıq orada olduğunu görmşdür və təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilərkən iştirak etmişdir. Verilən sualları cavablandıran Şahid3 istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, üzərinə şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini söylədiyini, bu zaman üzərində saxladığı qara rəngli çantanın içərisindən ağ və qəhvəyi rəngli, spesifik iyə malik maddələr çıxarıb təqdim etdiyini, həmin narkotik və psixotrop maddələrin özünə məxsus olduğunu etiraf etdiyini, polis şöbəsində olarkən təqsirləndirilən şəxsə qarşı hər hansı təsir və təzyiq göstərilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin sahə rəisi Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, onunla hər hansı ədavəti olmamışdır. Onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilib Qarabağ küçəsində saxlayaraq polis şöbəsinə dəvət etmişlər. Orada üzərinə şəxsi axtarış keçirilərkən heroin, metamfetamin və başqa narkotik, psixotrop maddələr aşkar olunaraq götürülmüşdür. Bundan əvvəllər də həmin şəxs barəsində qonşular tərəfindən şikayətər daxil olmuşdur. Verilən sualları cavablandıran Şahid1 göstərdi ki, təqsirləndirilən şəxs aşkar olunmuş narkotik və psixotrop maddələri öz şəxsi istifadəsi üçün aldığını, həmin maddələrin satışı ilə məşğul olmadığını bildirmiş, həmçinin şəxsə qarşı hər hansı təsir və təzyiq olunmamışdır. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, sonuncunun 15 noyabr 2023-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılması və Nərimanov RPİ, 18-ci Polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən külli miqdarda psixotrop maddə, narkotik vasitələr və güclü təsir edən maddələrin aşkar edilərək götürülməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyi, bununla bağlı həmkarı Şahid1la oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 99-101). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, 15 noyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən, o, üzərində olan qara rəngli əl çantasının içərisindəki açıq çəhrayı rəngli pul qabını çıxararaq təqdim etmiş, həmin pulqabıya polis əməkdaşları baxış keçirilən zaman içərisindən 5 ədəd “Metadon 40” həbləri, 4 ədəd “Alyse” həbləri, 1 ədəd ağ rəngli kağıza bükülmüş ağ rəngli, kristall şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 1 ədəd açıq sarı rəngli kağız bükümündə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir (cild 1, iş vərəqi 35-37). Cinayət işində olan 10 yanvar 2024-cü il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, diskə Təqsirləndirilən şəxs üzərinə 15 noyabr 2023-cü il tarixdə Nərimanov RPİ, 18-ci Polis şöbəsində şəxsi axtarış keçirilməsini əks etdirən videogörüntülər yazılmış və həmin görüntülərlə 15 noyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolda əks olunanlar uyğunluq təşkil edir (cild 1, iş vərəqi 106-107) İbtidai istintaq orqanının qərarı ilə 15 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə aparılan şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 1 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 144). Məhkəmə-kimyəvi ekspertizasının 16 noyabr 2023-cü il tarixli 3-16-16/2-6/6032 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 224» dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs...» sözləri, soyad və imzalar qeyd edilən bir ədəd kağız paketdə olan bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,362 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir bükümdə təmiz çəkisi 0,313 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim olunmuş ümumi sayı 5 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 0,2 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. - üzərində «Alyse 150» göstəricisi olan ümumilikdə 4 ədəd ağ rəngli kapsulun tərkibində preqabalinin üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 0,6 qram (bir ədəd həbdə preqabalinin təsir maddəsinin ümumi miqldarı 0,15 qramdır) olduğu müəyyən edildi. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Preqabalin 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na (1 nömrəli əlavə) daxildir (cild 1, iş vərəqi 43-47). Məhkəmə-narkoloji ekspertizasının 02 fevral 2024-cü il tarixli 678 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabionidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 112-113). Məhkəmə-psixiatrik ekspertizasının 22 fevral 2024-cü il tarixli 483 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin bövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 124-126) İbtidai istintaq orqanının 22 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş çəkisi 2,362 qram narkotik vasitə heroin, 0,313 qram psixotrop maddə metamfetamin, 5 ədəd metadon həbləri və 4 ədəd preqabalin kapsulları iş üzrə maddi sübüt kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,312 qram narkotik vasitə heroin, 0,263 qram psixotrop maddə metamfetamin, 4 ədəd metadon həbləri, 3 ədəd preqabalin kapsulası saxlanılması üçün Bakı şəhəri, Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 132-146). «Elektron məhkəmə» informasiya sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X4 adlı bir azyaşlı uşağı vardır. Həmçinin, «Elektron məhkəmə» informasiya sistemindən əldə olunmuş digər məlumata əsasən, Təqsirləndirilən şəxs ilə bir ünvanda - Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 534 ünvanında onun anası X9 yaşayır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur (cild 1, iş vərəqi 131). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, özünün narkotik vasitələrdən olan asılılığı olduğunu, bundan qurtulmaq istədiyini, ona həmin dərmanlardan istifadə etməyi məsləhət gördüklərini, narkotikləri tərgitmək məqsədi ilə evindən çıxarkən dərmanlar aldığını, daha sonra polis əməkdaşları ona yaxınlaşaraq polis şöbəsinə gətirdiklərini, narkotik kimi heroin və metamfetamindən istifadə etdiyini, metadon və preqabalin dərmanlarını isə narkotiklərdən asılılığını tərgitmək üçün internet vasitəsi ilə tanıdığı Cavid adlı şəxsdən aldığını, amma özünün heç kimə narkotik satmadığını, ona qarşı irəli sürülmüş ittihamda onun üzərindən aşkar olunmuş narkotik vasitələrin miqdarının artıq göstərildiyini bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası müdafiə tərəfinin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla şəxsi axtarışı zamanı özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri, psixotrop maddələri, güclü təsir edən maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. İlkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin və həblərin özünə məxsus olduğunu, onları xx.xx.2023-cü il tarixdə adını Cavid kimi bildiyi şəxsdən Nərimanov rayonundakı «Nərimanov Parkı» yaxınlığından aldığını, özünün narkotik vasitə aludəçisi olduğunu bildirmişdir. Həmçinin cinayət işinə əlavə edilmiş Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək, narkotik vasitəni yalnız özünün istifadəsi üçün əldə etdiyini və əməlindən peşman olduğunu bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə fərqli ifadə verməsini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə toplanmış çoxsaylı sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik, psixotrop və güclü təsir edən maddələrin özünə məxsus olduğunu səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş maddələrin həm narkotik vasitə heroin və metadon, həm psixotrop maddə metamfetamin, həm də güclü təsir edən maddə preqabalin olmaqla 4 ayrı-ayrı növlərdə olmasını, onların hər birinin çəkilib xırda bağlamalara bükülməsini, həmçinin aşkar olunmuş narkotik və psixotrop maddələrin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır, on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, məhkəmədə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və ona qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs 15 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 08 mart 2024-cü il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbirinin müddəti 04 aprel 2024-cü il tarixədək uzadılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2024-cü il tarixli qərarına əsasən ev dustaqlığı qətimkan tədbiri dəyişdilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq məhkəmə hökmü çıxarılana qədər fasiləsiz həbsdə və ev dustaqlığında olduğu bütün müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməli, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs həbsə alınması ilə əlaqədar onun himayəsində olan xx.xx.2019-cu il təvəllüdlü X2 taleyini müzakirə edərək hesab edir ki, həmin uşaq Təqsirləndirilən şəxs anası X6 himayəsinə verilməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 02 fevral 2024-cü il tarixli 678 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabionidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,312 qram çəkidə narkotik vasitə heroin, 0,263 qram çəkidə psixotrop maddə metamfetamin, 4 ədəd metadon həbləri və 3 ədəd preqabalin kapsulası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun şəxsi axtarışı zamanı çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatları 65 (altmış beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsini təyinat əsasında Bakı şəhəri, 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmiş, müdafiəçi bununla bağlı 20 saat vaxt sərf etmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına məhkəmə baxışında iştirak etmiş vəkil Rasim Daşdəmirova ödənilməli olan 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti qeyd olunan vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs fasiləsiz olaraq həbsdə və ev dustaqlığında olduğu bütün müddət təyin olunmuş cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 noyabr 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsə alınması ilə əlaqədar onun himayəsində olan xx.xx.2019-cu il təvəllüdlü X1 Əzizovanın anası X6 himayəsinə verilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,312 qram narkotik vasitə heroin, 0,263 qram psixotrop maddə metamfetamin, 4 ədəd metadon həbləri, 3 ədəd preqabalin kapsulası məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin əks olunduğu bir ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 65 (altımış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar