Məhkəmə qərarları › İş №1(101)-1567/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1567/2022

15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1567/2022 15.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxx 1967-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən külli miqdarda - ümumi təmiz çəkisi 18,995 qram təşkil edən narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 aprel 2022-ci il tarixdə saat 12:10-da ünvan 1 ünvanının qarşısında saxlanılıb Polis İdarəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış və götürmə aparılarkən əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofanlara bükülmüş 05 ədəd bükümdə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 3,225 qram, 3,336 qram, 5,701 qram, 3,383 qram və 3,350 qram olmaqla ümumi təmiz çəkiləri külli miqdar - 18,995 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, əvvəllər narkotik vasitədən istifadə etmişdir. Təxminən 5-6 il olar ki, rəsmi şəkildə müalicə məqsədilə müntəzəm olaraq narkoloji dispanserə gedib dərman içir. Fəhləliklə məşğul olub ailəsini dolandırır. 08 aprel 2022-ci il tarixdə səhər saatlarında polislər yaşadığı evə girib hər yeri axtarmış, amma heç nə tapmamışlar. Evdən yalnız bir bükülüdə xına tapmışlar və bölmədə də xınanı narkotik kimi rəsmiləşdirmişlər. Bölmədə ona müəyyən təsirlər etmiş, gah dilə tutmuş, gah da aldatmış, nəhayət özlərinə lazım olan sənədləri imzalatdırmağa nail olmuş, həm də məhkəmədə azadlığa çıxacağına inandırmışlar. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə polislər heç bir sübut tapa bilməmişlər. Üstündə də heç nə olmamışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrində göstərmişdir ki, təxminən 3 ildir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə heroini almaq üçün 08 aprel 2022-ci il tarixdə səhər saatlarında internet vasitəsilə onlayn şəkildə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı adını bilmədiyi şəxsdən öz istifadəsi üçün beş ədəd bükümdə “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin almışdır. Bundan bir qədər sonra yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi, döngə 4, ev 2 ünvanının qarşısında olduğu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək onun narkotik vasitələrinin qanunsuz olaraq əldə edilməklə saxlanılmasında, istifadəsində şübhəli olduğunu deyib üzərində şəxsi axtarış aparılmasından ötrü onu Suraxanı rayon Polis İdarəsinə aparmışlar. Polis İdarəsində hüquq və vəzifələri izah olunduqdan sonra hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkillə təmin edilmişdir. Vəkilinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etirazı olmadığına dair ərizə verdikdən sonra polis əməkdaşların iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. O da əynindəki cins şalvarının sağ cibindən şəffaf sellofanlara bükülmüş 5 ədəd bükümləri və həmin cins şalvarının sol yan cibindən “Katel” markalı və “Nokia” markalı iki ədəd mobil telefonları çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Ondan həmin bükümlərin içərisində nə olması, nə vaxt kimdən əldə etməsi barədə soruşulduqda o, həmin bükümlərin içərisində narkotik vasitə “kakos” yəni, heroin olduğunu, onları həmin gün internet vasitəsilə onlayn şəkildə İran İslam Respublikası vətəndaşından öz istifadəsi üçün əldə etdiyini, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra üzərində axtarış davam etdirilsə də, qanunla saxlanılması və daşınması qadağan olunmuş başqa hər hansı bir əşya aşkar edilməmişdir. Təqdim etdiyi içərisində narkotik vasitə heroin olan beş ədəd bükümlər və mobil telefonlar götürülərək ayrı-ayrılıqda zərfə qoyulub qablaşdırılmış, zərflərin üzəriləri onun və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitədən satmamış, kimsəyə verməmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı üçün həmin narkotik vasitədən istifadə etməyə imkanı olmamışdır. Polis əməkdaşı tərəfindən saxlanılan və polis idarəsində olduğu zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir (cild 1, iş vərəqə 70-73). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində ondan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 08 aprel 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 12:10 radələrində ünvan 1 ünvanının qarşısında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra sonuncuya narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşımasında şübhəli olduğunu, üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirərək Polis İdarəsinə dəvət etmişlər. Polis İdarəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafə olunması üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sonra onun və Şahid2 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarın şağ yan cibindən 05 ədəd şəffaf sellofan bükümlərini, sol yan cibindən 1 ədəd “Katel” markalı və 1 ədəd “Nokia” markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və başqa əşya aşkar edilməmişdir. Ondan təqdim etdiyi 05 ədəd sellofan bükümlərdə nə olması, nə vaxt, kimdən, hansı yolla və nə məqsədlə əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs təqdim etdiyi 05 ədəd sellofan bükümlərdə “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin olduğunu, həmin gün onlayn şəkildə öz istifadəsi üçün İran İslam Respublikası vətəndaşından əldə edib üzərində saxladığını, ancaq hələ istifadə etməyə imkan tapa bilmədiyini demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər təhqiqatçı tərəfindən götürülərək bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış, həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Bu iş üzrə keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyənləşdirilmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdən bəri narkotik vasitələrin satışı ilə məşğul olur və narkotik vasitələri hələlik dəqiqləşdirilməkdə davam edən konkret mənbələrdən əldə edir. Hətta narkotik vasitələri satışa təqdim edən mənbələrlə Təqsirləndirilən şəxs arasında mübahisə yaranması, daha böyük çəkidə narkotik vasitələrin satışı ilə məşğul olan başqa narkotacirlərin təklif etdiyi narkotik vasitələrin də satışını həyata keçirmək təklifindən imtina etməsi səbəbindən Təqsirləndirilən şəxs qısa müddətə oğurlanması barədə əməliyyat məlumatları mövcuddur. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilməkdədir. Kifayət qədər ehtiyatlı adam olan Təqsirləndirilən şəxs narkomaniya xəstəsi kimi müntəzəm şəkildə narkoloji dispanserə gedib dərman içməsi ilə bağlı hal isə daha çox narkotik vasitələrin satışı ilə bağlı fəaliyyətini maksimum gizlətmək, pərdələmək, diqqətdən yayınmaq məqsədilə onun özü tərəfindən düşünülmüş şəkildə edilən hərəkətdir. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə əsasən oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 1, iş vərəqə 115-117). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 08 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofanın içərisində beş ədəd bükümü, sol yan cibindən bir ədəd “Katel” markalı və bir ədəd “Nokia” markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdəki kütlələrin “kakos” adlanan narkotik vasitə olan heroin olduğunu və həmin gün onlayn şəkildə İran İslam Respublikası vətəndaşı kimi bildiyi şəxsdən öz istifadəsi üçün aldığını, üzərində saxlamaqla daşıdığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 32-34,95). Məhkəmə-kimyəvi ekspertizasının 09 aprel 2022-ci il tarixli 6/1984 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən...” və sair yazılar, imzalar olan zərfdəki 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,225 qram, 3,336 qram, 5,701 qram, 3,383 qram, 3,350 qram olmaqla ümumi təmiz çəkiləri 18,995 qram təşkil edən qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 05 bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 18,845 qram təşkil etmişdir (cild 1, iş vərəqə 44-48). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 30 aprel 2022ci il tarixli 106 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona həmçinin ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur (cild 1, iş vərəqə 120-123). Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 23 iyun 2022-ci il tarixli 3449 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 124-125). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 05 may 2022-ci il tarixli 3889 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 119). Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə etdiyi mənbə ilə bağlı ibtidai istintaq orqanının 01 avqust 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 141-142). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 113-114). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin çıxmaması və narkotik vasitənin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, yaşını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 aprel 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 08 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 27, 81-82). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 18,845 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 45,156). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 18,845 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına vəkil X4 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar