Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1568/2021 02.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İş № 1(101) - 1568/2021 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM 02 noyabr 2021-ci il Bakı şəhərində BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçilər: Fides Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam-orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 3,486 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib 03 ədəd bükümə bölərək üzərində saxlamaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən “Heydər Əliyev adına park”ın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 04 may 2021-ci il tarixdə, saat 19:00-da qeyd edilən ünvanda saxlanılaraq İdarəyə dəvət edilmiş və orada həmin tarixdə, üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarın cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 03 ədəd sellofan bükümündə ayrı-ayrılıqda çəkiləri 1,085 qram, 1,169 qram və 1,232 qram olmaqla, ümumilikdə külli miqdarda təmiz çəkisi 3,486 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitələrdən istifadə etsə də, satışı ilə məşğul olmamışdır. Hadisə ilə bağlı bildirir ki, 04 may 2021-ci il, saat 19:00-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində yerləşən Heydər Əliyev adına parkın qarşısında dostu ilə birlikdə olduğu zaman 4 nəfər polis əməkdaşı yaxınlaşaraq onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib tutmamaqlarının qarşılığında ondan pul tələb etmişlər. O, pul verməyi qəbul etmədiyi üçün onu qardaşının maşınında polis bölməsinə aparmışlar. Avtomobildə olan zaman ona təzyiqlər olmuş, ayın 4-u tutulsa da, üzərinə baxış ayın 6-da həyata keçirilmişdir. İdarədə video çəkiliş ilə üzərinə axtarış keçirilməmişdən qabaq polis əməkdaşları onların verdiyi narkotik vasitəni cibinə qoymağa məcbur etmişlər. Orada da indiki kimi ifadə versə də onlar video çəkilişləri bir neçə dəfə silmişlər. Daha sonra onu döydüklərinə görə o da məcbur olaraq onların dediyi kimi ifadə vermişdir. Məhkəmədə həbs qətimkan tədbiri seçilərkən də bu təzyiqlər barədə məhkəmədə ifadə vermişdir. Daha sonra bununla bağlı təcridxanaya prokurorluq əməkdaşları sorğu-suala gəlmişdir. ***-***-**-** və ***-***-**-** nömrələri ona məxsusdur. Həmin nömrələri “Xiaomi” markalı mobil telefonda istifadə etmişdir. Həmin telefonu hərdənbir ondan başqa qohumu da istifadə edib. Həmin telefonu ustaya aparmışdı ki, indi o da rəhmətə gedib. Özü heç zaman narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamış, yalnız istifadəsi ilə məşğul olmuşdur.. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 may 2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilərək bu qərarın icrası ilə bağlı onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkili Şahid2 da daxil edilmişdir. 04 may 2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində yerləşən Heydər Əliyev adına parkda olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 19:00-da həmin parkın qarşısında Təqsirləndirilən şəxs müəyyən edib özlərini təqdim etmişlər və ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış edib onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O da onlarla Baş İdarəyə gəlmişdir. Baş İdarədə dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışda videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirib əynindəki cins şalvarın cibində olan üç ədəd sellofan bükümü, kibrit qutusu və «winchester» markalı siqaret qutusunu, “Xiaomi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərdəki psixotrop maddə olan metamfetamini yaşadığı ünvana yaxın ərazidə yerləşən zibilxananın kənarında yerdən tapdığını və şəxsi istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş üç ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr qablaşdırılıb möhürlənmiş, «winchester» markalı siqaret qutusu və kibrit qutusu Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Xiaomi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərməmiş və onlara heç bir xəsarət yetirməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 may 2021-ci il tarixdə saat 19 radələrində işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 idarəyə Təqsirləndirilən şəxs adında bir nəfər şəxs gətirib həmin şəxsin narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirmişlər. Dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edildikdən sonra onun tərəfindən videoçəkiliş aparılmaqla İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs təklif edilmişdiri ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan üç ədəd sellofan bükümü, əynində olan şalvarın cibindən kibrit qutusu və «winchester» markalı siqaret qutusunu, “Xiaomi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş və bükümlərin içində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bükümlərdə olan psixotrop maddə olan metamfetamini yaşadığı ünvana yaxın ərazidə yerləşən zibilxananın kənarında yerdən taparaq şəxsi istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşımışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş üç ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr qablaşdırılıb möhürlənmiş, «winchester» markalı siqaret qutusu və kibrit qutusu Təqsirləndirilən şəxs özünə qaytarılmış, “Xiaomi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 şahidlər Şahid1 və Şahid3 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha daha təsdiq etdi. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, barəsində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələrin istifadəsi ilə bağlı hazırda ibtidai istintaq aparıldığından istintaq təcridxanasında saxlanılır. Qurban təmir etdirmək üçün maşınını gətirmişdi. Maşını təmir etdirdikdən sonra evə qayıdanda onları BMCMİ-nin işçiləri saxlayaraq onları idarəyə aparmışlar. Onu buraxsalar da Qurbanı saxlamışlar. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, **********794 mobil telefon nömrəsi ona məxsusdur, hazırda da həmin nömrədən istifadə edir. Telefon arada qohumu Ramində də olmuşdur ki, hazırda da qohumu tutulub. Ramin də, özü də Təqsirləndirilən şəxs tanımış, həmçinin sonuncunun telefon nömrələrini bilmişlər. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, **********598 mobil nömrəsi onun olub, həyat yoldaşı ilə onun istifadəsindədir. Gündüzlər həyat yoldaşı, axşamlar isə o, həmin telefondan istifadə edir. Təqsirləndirilən şəxs qoşusu kimi özü də, həyat yoldaşı da tanıyır, lakin özü ona mesaj yazmamışdır. Qurban dispanserdə yatanda bilmişdir ki, o, narkotikdən istifadə edir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Qurbanla bir kənddən olduğuna görə onu tanıyır. **********03 mobil nömrəsi ona məxsusdur. Bu nömrədən Qurbana SMS yazılıb, amma kimlərin yazdığını bilmir. Telefonu kim istəyirdisə ona verirdi. Cinayət işinin 26-27-ci vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 may 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 19:00-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində yerləşən Heydər Əliyev adına parkın qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 03 ədəd sellofan bükümü, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən kibrit qutusu və «Winchester» markalı siqaret qutusunu, əynində olan göy rəngli cins şalvarının sol arxa yan cibindən “Xiaomi” markalı mobil telefonu təqdim etmişdir. Təqdim edilmiş 03 ədəd sellofan büküm və “Xiaomi” markalı mobil telefon götürülmüş, kibrit qutusu və «Winchester» markalı siqaret qutusu Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 04 may 2021 -ci il tarixdə saat 21:16-da başlamış və həmin tarixdə saat 21:36-da bitmişdir. Cinayət işinin 38-43-cü vərəqlərində olan 05 may 2021-ci il tarixli, 6/1826 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş ...” yazısı olan paketdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,085 qram, 1,169 qram və 1,232 qram, ümumi təmiz çəkisi 3,486 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetaminin ümumi təmiz çəkisi - 3,486 qram, tədqiqata sərf edildi ümumi 0,15 qram (hər maddədən 0,05 qram), qalıq - 3,336 qram. Cinayət işinin 161-163-cü vərəqlərində olan ambulator məhkəmə-psixatrik ekspertizasının 23.06.2021ci il tarixli, 1352 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də, xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək qabiliyyətində olduğundan onun əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tədbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin 164-165-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 12 iyul 2021-ci il tarixli, 2285 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 132-ci vərəqində olan protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş CD diskdə olan məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** mobil telefon nömrəsinə fərqli mobil nömrələrdən aşağıdakı məzmunda SMS mətnlər daxil olmuşdur: **********82 - Bele olurda mende olanda fermayaycan götürürdüm sen salamda vermirsen dosdum yarl kola tapda mene puluynan kiwisende; **********37 - Ay qurban ekı bilərsən neysı başqa tema zad var yox sən öl mənə sən lazımsan biraz köməyliy elə düzəlişim çıxmışam qurban heçnı yoxumdu heç yerdende edə bilmirəm kəndə xarabadı aləm deyib bir birinə; **********37 - Qaqaş mənəm orxan vəziyət xyobudu mənə ya pul ya pat qardaşımsan; **********24 - Gagaş bərk axrıyıram bilirəm səndə başuvı xarab eləmişəm sənöl gedirəm səhər müalicəyə birdənə əl tut buqün çıxım vəziyətdən; **********06 - Qaqa ziyad kol var Kakos; **********37 - Qirban qatdawimsan olurem lomkadan gel meni gotur evden 5.6. Tusduluy kolie. At bir yeere goturum Qurban qardawimsan atqaz eleme isdiyirsen gedey baga sen qardawi in qebrine and verirem varindisa komey ele qebrine qurban gor ne veziyyetdiki and verirem. Cinayət işinin 133-136-cı vərəqlərində olan "xxxx" MMC-dən daxil olmuş CD diskdə olan məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə fərqli mobil nömrələrdən aşağıdakı məzmunda SMS mətnlər daxil olmuşdur: **********44 - Deyirdim ki 5 manatım var kola duzalar brat; **********44 - Gurban ushaglar kola istiyir; **********98 - Qaqas bidenede 5 diy p babekcunde qoyda; **********98 - Babek 5 diy pati menede 1 dene qram ver uzaqi 17 si pulunu vericiyem babekin adaptirida qalib orda; **********10 - iki kola yari pati pewi gildeyem ona gore daniwa bilmədim; **********95 - Qaqasim alinmirsa mana cavab Di qardasimsan bəla kanddayam hara lazimdi gedim goturum; **********03 - Pati varundi? 1,2tusu cekek? İmkan var??? Duwub bawima,cvb didə menə bidene; **********10 - orxanin dukanin yanindayam bidene yarmlitr kola ver ged ora gelirem mende; **********10 - tez gel qaplarna tema getrib gelir tut onu; **********90 - Gagas 2g kola lazim 50m; **********70 - X9; **********94 - Qurban ne olar yarini ver obirini de aliram aqriyiram ne olar verde; **********50 - Qaqas 3dene neqd kola; **********28 - ay qaqas 2 qram kola gelim goturumde 60 manat varda. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən fərqli mobil nömrələrə aşağıdakı məzmunda SMS mətnlərin göndərildiyi müəyyən olundu: **********86 - Qurban deyir hele atmayin deyir temani aparsin zapravkanin yaninda156 plakatinin altina atsin; **********90 - Gagas 2g kola lazim; **********28 - ay qaqas 2 qram kola. Bu yazışmaların məzmunu ilə müəyyən olunur ki, yazıların məzmunu narkotik vasitələr və psixotrop maddələrlə əlaqədar olmaqla göndərən şəxslər həmin maddəlardən və vasitələrdaən almaq istəyirlər. Təqsirləndirilən şəxsin istifadəsində olan telefon nömrələrinə qeyd edilən yazışmaların göndərildiyi telefonların sahibləri əlavə şahid qismində dindirilərkən bildirdilər ki, qeyd edilənləri şəxsən özləri yazmamışlar, hərdənbir dost-tanışları istədikdə telefonlarını başqalarına vermişlər, ola bilsin ki, həmin yazıları onlar yazmışlar. Lakin, hamı bilmişdir ki, ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri Təqsirləndirilən şəxs məxsusdur. Müxtəlif mobol telefon istifadəçilərindən təqsirləndirilən çəxsin istifadəsində olan telefona narkotik vasitə və ya psixotrop maddələri almaq istəmələri ilə bağlı məzmunda SMS mətnlərinin göndərilməsi faktı bir daha sübut edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasaydı, şəxsən özünün istifadəsində olan qeyd edilən telefon nömrələrinə bu məzmunda SMS mətnləri də göndərilməzdi. Təqsirləndirilən şəxs ifadəsində bildirir ki, onun mobil telefonundan hərdənbir qohumu da istifadə edib. Həmin telefonu ustaya aparmışdı ki, indi o da rəhmətə gedib. Narkotik vasitə və psixotrop maddələri almaq istəmələri ilə bağlı məzmunda SMS mətnlərini göndərən şəxslər təqsirləndirilən şəxsin öz telefonunu nə vaxt ustaya apardığını və ya nə vaxt qohumuna verdiyini bilə bilməzdilər. Onlar ***- ***-**-** və ***-***-**-** mobil telefon nömrələrinin Təqsirləndirilən şəxs məxsus olduğunu bildiklərindən sonuncunun istifadəsində olan telefona narkotik vasitə və ya psixotrop maddələri almaq istəmələri ilə bağlı məzmunda SMS mətnləri göndərmişlər. Qeyd edilənlərlə bir daha müəyyən olunur ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətundən yaxa qurtarmaq üçün yalan ifadə verir. Odur ki, məhkəmə onun bu ifadəsini ittihamı təkzib edən sübut qismində qəbul etmir. Cinayət işinin 190-194-cü vərəqlərində olan Bakı Şəhəri Nərimanov Rayon Prokurorluğunun 04 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs BMCMİ-də olan zaman polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması və sərbəst buraxılması müqabilində ondan pul tələb edilməsi barədə göstərdiyi xüsusatlar yoxlanılmış, təsdiqini tapmadığından bununla bağlı “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Cinayət işinin 195-208-ci vərəqlərində olan qərardan görünür ki, şəxsi axtarış və götürmə videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 3,336 qram olan psixotrop maddə metamfetaminin maddi sübut hesab edilərək saxlanması üçün BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş siyahıya görə 2 qram psixotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Təqsirləndirilən şəxsin psixatrop maddə metamfetaminin satışı ilə məşğul olmaması barədə məhkəmədəki ifadəsində göstərdiyi xüsusatlar onun videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinə dair protokol, şahid ifadələri, mobil telefonunda olan SMS mətnləri və hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan sübutların məcmusu ilə təkzib olunduğundan məhkəmə onun bu ifadəsini ittihamı təkzib edən sübut qismində qəbul etmir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 18 və 93-97-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 120-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 127-128-ci vərəqlərində olan xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla atası, anası və qardaşı ilə birlikdə yaşamış, yaşdığı müddətdə onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Əvvəllər məhkum olunmaması CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 04 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. məhkəmə-narkoloji ekspertizasının 12 iyul 2021-ci il tarixli, 2285 nömrəli rəyinə müvafiq olaraq CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniydan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 3,336 qram olan psixotrop maddə metamfetamin CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" və "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD disklər CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarına saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351- 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 04 may 2021-ci il tarixdən hesablansın, ona narkomaniydan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfi 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 3,336 qram olan psixotrop maddə metamfetamin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" və "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD disklər cinayət işinin materiallarına saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov Əsli ilə düzdür Hakim Əfqan Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-1568/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1568/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver