Məhkəmə qərarları › İş №1(101)-1568/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1568/2023

27.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1568/2023 27.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X2, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 03 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 mart 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham olunur ondan ötrü ki, o, satış məqsədilə külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və mənbədən satış məqsədi ilə təmiz çəkisi 189,4 qram külli miqdarda narkotik vasitə hesab edilən heroini və təmiz çəkisi 35,760 qram külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımaqla Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İ.Aslanov küçəsi, nömrəsiz fərdi evin qarşısında özünü şübhəli apardığına görə 03 mart 2023-cü il tarixdə, saat 07:00 radələrində Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmiş və polis şöbəsində videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən iki büküm ayrı ayrılıqda təmiz çəkiləri 41,860 qram və 147,540 qram - ümumi təmiz çəkisi 189,4 qram külli miqdarda qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və bir büküm təmiz çəkisi 35,760 qram olan külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2017-ci ildə narkotik vasitə metadondan istifadə ilə əlaqədar məhkum olunmuşdur. Özü vulkanizasiyada təkərçi işləmiş, məvacibi gündəlik 15-20 manat olmuşdur. Polislər tərəfindən saxlanılmazdan bir müddət əvvəl narkotik vasitə heroindən istifadə etməyə başlamış, gündəlik 0,5-1 qram heroin istifadə etmişdir. Narkotik vasitəni 2 dəfə “Whatsapp” proqramı ilə əlaqə saxladığı Tahir adlı şəxsdən sifariş vermiş, birinci dəfə 10 qram, ikinci dəfə isə 41 qram heroin sifariş vermişdir. 10 qramı aldıqdan təxminən 10 gün sonra 41 qramı sifariş vermiş, 41 qramı 800 manata razılaşmışlar. Əvvəlcə aldığı 10 qramın əvəzində isə 200 manat pul vermişdir. Tahir telefona “konum” göndərmiş, o, həmin ünvandan, Sabunçudan heroini götürməyə getmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, polis əməkdaşları tərəfindən mart ayının 2-si Sabunçuda saxlanılsa da, ittiham aktında səhər saxlanıldığı qeyd edilmişdir. Ona verilən ittihamda üzərindən çıxması qeyd edilən narkotikin 41 qramı ona məxsus olmuş, qalan 2 büküm – 147 qram heroin və metamfetamin ona aid olmamış, bölmədə gətirib qarşısına qoymuşlar. Digər narkotik vasitələrin də ona aid olduğunu, həmçinin ona veriləcək maddənin 234.1-ci maddə olduğunu demişlər. Narkotik vasitələri cibinə qoymasını, videoçəkiliş zamanı çıxarıb stolun üstünə qoymasını istəmişlər. O, 2 ədəd sellofanda olan digər narkotik vasitələri heç görməmiş, ona görə də videoçəkiliş zamanı cibindən çıxarıb açdıqdan sonra da həmin narkotik vasitələrin onun olmadığını demiş, bu səbəbdən çəkilişi saxlayıb, yeni çəkiliş aparmışlar. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 234.1 və 234.1-1-ci maddələrin fərqini bilmədiyi üçün polislərin dediklərini qəbul etmiş, belə ki, istintaq zamanı da bu cür ifadə vermişdir. İstintaq zamanı vəkillə təmin edilmiş, məhkəmədə dediklərini vəkilə də bildirmişdir. Təhqiqatçı tərəfindən ona heç bir təzyiq olunmamışdır. Ümumiyyətlə özü istifadəçi olsa da narkotik vasitəyə heç kəsi qonaq belə etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, müəyyən müddətdir ki narkotik vasitələrin qəbulu ilə məşğul olurmuş. xx.xx.2023-cü il tarixdə tanımadığı İran İslam Respublikası vətəndaşı ilə Whatsapp ani mesajlaşma vasitəsi ilə danışmış, sonuncuya şəxsi istifadəsi üçün narkotik vasitə və psixotrop maddə almaq istədiyini bildirmişdir. Daha sonra həmin iranlının ona atdığı kart hesabına 800 manat pul göndərmiş və sonuncu da ona yerini və vaxtını deyəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə, saat 06 radələrində iranlı ona konum atmış və o da ona deyilən yerə - Sabunçu rayonu, Sabunçu qəsəbəsinə getmiş və göstərilən yerdən 2 büküm heroin və bir büküm metamfetamini götürüb əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. Bir qədər aralaşmışdır ki, saat 07 radələrində iki nəfər polis geyim formasında ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxslər Sabunçu RPİ-nin post patrul xidmətinin əməkdaşları imişlər. Polis əməkdaşları ondan şəxsiyyət vəsiqəsini soruşmuş, lakin onda sənəd olmamışdır. Bundan başqa o, ifşa olunmaqdan qorxmuş və ona görə də yayınmaq istəmişdir. Daha sonra polis əməkdaşları onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirmişlər və xidməti otaqların birində vəkil dəvət edilmiş və barəsində tutma protokolu tərtib edilmişdir. Hüquq və vəzifələri izah edildikdən üzərində şəxsi axtarış və götürmə aparılması barədə qərar qəbul edilmişdir. Həmin vaxt o, vəkilin iştirak etməməsi barədə müraciət etmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ona üzərində qanunla daşınması və saxlanması qadağan edilmiş əşyanın olubolmaması soruşulmuş və əgər varsa təqdim etməsi təklif edilmişdir. O, əynində olan olan qara rəngli gödəkçənin sağ yan cibindən 2 büküm heroini və bir büküm metamfetamini və istifadə etidiyi Samssung markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Daha sonra ondan aşkar edilən maddələr zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. O, həm zərfi, həm protokolu oxuyub tanış olduqdan sonra imzalamışdır (iş vərəqə: səh. 110-112). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Təqsirləndirilən şəxs narkotik vasitənin bir bükümünün ona məxsus olduğunu, digərinin ona məxsus olmadığını, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, hadisənin məhkəmə zamanı necə ifadə veribsə elə də olduğunu, ibtidai istintaq zamanı 12-ci Polis Bölməsində polislər ona nə deyiblərsə onu imzaladığını, gecə saat 12:00-01:00 radələrində tutulduğunu, üzərində heç nə olmamış, polsilərin özlərinin narkotik vasitəni verdiklərini, İran vətəndaşı ilə danışdığını, narkotik vasitə almaq üçün sonuncuya pul göndərdiyini, narkotik vasitəni götürməyə getdiyini, ancaq malı görə bilmədiyini, narkotiki polislərin götürdüyünü, hardan və necə götürdükləri barədə məlumatının olmadığını, iranlıya 55 qramın pulunu atdığını, ona göndərilməli olan malın qramının 41 deyil, 55 qram olmalı olduğunu, 147 qram heroin və metamfetaminin ona aid olmadığını, polislərin onu döymədiyini, hədə-qorxu gəldiklərini, lakin xəsarət yetirmədiklərini, Kürdəxanıda tibbi müayinə edildiyini, onda hər-hansı xəsarət aşkar olunmadığını, prokurorluğa hər hansı bir qanunsuzluqla bağlı şikayətinin olmadığını bildirdi. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi və külli miqdarda metamfetamin psixotrop maddəsi əldə edərək saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sabunçu RPİ, PPXB-nin polis nəfəri Şahid2 ifadəsində göstədi ki, Sabunçu RPİ-nin PPXBnin polis nəfəridir, xidməti ərazisi Sabunçu rayonu, Sabunçu qəsəbəsinin ərazisi olmuşdur. xx.xx.2023-cü il tarixdə xidmət yoldaşı Şahid1 ilə birlikdə Sabunçu rayonu, Sabunçu qəsəbəsində xidmət apararkən saat 07:00 radələrində İ.Aslanov küçəsində nömrəsiz fərdi evin qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb sonuncuya yaxınlaşmışlar və sənədlərini təqdim etməsini tələb etmişlər. Lakin həmin şəxs üzərində heç bir sənədinin olmadığını bildirərək onlardan yayınmağa çalışmışdır. Ona görə də həmin şəxsi Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs barəsində tutma protokolu tərtib edilmiş, vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilmişdir, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılan zaman vəkilin iştirak etməməsi barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra videoçəkilişlə onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla daşınması qadağan edilən əşyanın və ya maddənin olub-olmaması və əgər varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 3 büküm çıxardıb təqdim etmiş, 2 bükümdə olan maddələrin heroin olduğunu, digər bir bükümdə olan maddənin isə metamfetamin olduğunu bildirmişdir. Daha sonra bir ədəd Samsung markalı mobil telefon aşkar edilmişdir. Aqil heroin və metamfetamini öz şəxsi istifadəsi üçün sosial şəbəkədə tanış olduğu İİR vətəndaşı kimi bildiyi şəxsdən 800 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirilərkən və polis şöbəsində olarkən daim müşayiət altında olduğu üçün sonuncunun üzərində saxladığı narkotik vasitəni və psixotrop maddəni atmaq imkanı olmamışdır. Təqdim etdiyi bükümlərə baxış keçirilmiş və spesifik iyə malik olan, toz şəklində maddə və kristall şəkilli maddələr aşkar edilmişdir. Daha sonra həmin bükümlər zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sabunçu RPİ, PPXB-nin polis nəfəri Şahid1 Şahid2 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 03 mart 2023-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 12-ci PŞ-də xidməti otaqda şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə zamanı onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 3 büküm və bir ədəd Samsung markalı mobil telefon aşkar edilmiş və bükümlərə baxış keçirildikdən sonra zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və imzalanmışdır (iş vərəqə: səh. 28-29). Məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və ondan narkotik vasitəyə şübhəli maddənin və s. götürülməsi prosesinin videogörüntülərinin yerləşdirildiyi bir ədəd CD formatlı diskə baxış keçirilməsi haqqında 04 mart 2023-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 12-cü PŞ-də xidməti otaqda vətəndaş Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarını iştirakları ilə şəxsi axtarış və götürmə aparılmış, bundan əvvəl ona hüqnuq vəzifələri izah edilir, üzərində qanunla daşınması və qadağan edilmiş əşyanın olub olmamasını əgər varsa qəqdim etməsi təklif edilmiş o özü əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 3 ədəd büküm çıxardıb təqdim edir və bir ədəd mobil telefon təqdim edir həmin bükümlərin ikisində heroin digərində isə metamfetamindir və o şəxsi istifadəsi üçün almışdır.Daha sonra aşkar edilmiş maddələr zərfə qoyularaq möhürlənir və imzalanır (iş vərəqə: səh. 86). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəməkimyəvi ekspertizasının 03 mart 2023-cü il tarixli, 6/1301 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «…vət.Təqsirləndirilən şəxs üzərindən…» sözləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 35,760 qram ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 41,860 qram, 147,540 oqram, ümumi təmiz təmiz çəkisi 189,4 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir, Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: səh. 35-40). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 10 aprel 2023-cü il tarixli, 2035 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabiodlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 93-94). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan diskə baxış keçirilməsi haqqında 04 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə çox saylı nömrələr arasında yazışmaları olmuş və bu yazışmalardan onun açıq aydın satış məqsədilə narkotik vasitələri və psixotrop maddələri əldə etməsi müəyyən edilmişdir (iş vərəqə: səh. 87). İbtidai istintaq orqanının “Sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi, cinayət işindən başqa bir cinayət işinin ayrılması və maddi sübut hesab edilməsi haqqında” 08 iyun 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış nəticəsində aşkar edilib götürülmüş 189,4 qram heroin narkotik vasitəsi, həmçinin 35,760 qram metamfetamin psixotrop maddəsi və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və ondan narkotik vasitə və psixotrop maddələrə şübhəli maddələrin və s. götürülməsi prosesinin videogörüntülərinin yerləşdirildiyi bir ədəd CD formatlı, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər, eyni zamanda sms mətinlərinə dair "xxxx" MMC-dən əldə edilmiş məlumatların yerləşdirildiyi bir ədəd “CD” formatlı - cəmi iki ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış müvafiq olaraq 189,3 qram heroin narkotik vasitəsi və 35,660 qram metamfetamin psixotrop maddəsi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, iki ədəd CD disk isə cinayət işi materiallarına əlavə edilmişdir (iş vərəqə: səh.95-100). Baxılan cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitənin və psixotrop maddənin mənbəyi müəyyənləşdirilmədiyindən onun barəsində istintaq olunmuş cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı başqa bir cinayət işi ayrılmışdır (iş vərəqə: səh. 95-100). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metafetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 189,4 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisi isə 35,760 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisinin 189,4 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin isə 35,760 qram olmaqla külli miqdar təşkil etməsi, aşkar edilib götürülmüş vasitə və maddələrin müxtəlif növlərdə olması, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil əlaqələr və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm heroin narkotik vasitəsini və həm də metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini külli miqdarda əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini, onun əldə etməklə saxlayıb daşıdığı külli miqdarda heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsini satış məqsədi ilə deyil, öz istifadəsi üçün nəzərdə tutması ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs baxılan cinayət işi üzrə hadisənin baş verdiyi 03 mart 2023-cü il tarixə məhkumluğu olmamışdır (iş vərəqə: səh. 73-74). Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 10 aprel 2023-cü il tarixli, 2035 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 03 mart 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 03 mart 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 04 mart 2023-cü il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 03 mart 2023-cü il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 03 mart 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Sabunçu RPİ-nin saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 189,3 qram narkotik vasitə heroin, 35,660 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli; - 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 81,00 (səksən bir) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 03 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan, məhkum Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 189,3 qram narkotik vasitə heroin, 35,660 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin; - 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 81,00 (səksən bir) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar