Məhkəmə qərarları › İş №1(101)-1570/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1570/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1570/2022 28.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1970-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs 13 may 2022-ci il tarixdə axşam saatlarında şəxsiyyəti istintaqa məlum olmayan «Emin» adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 70,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini əldə edərək üzərində saxlayaraq daşımış, 14 may 2022-ci il tarixdə saat 16:30 dəqiqədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov küçəsi, 18 saylı evin qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmiş və inzibati binada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli qısa qol gödəkçənin sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 70,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda heroin aşkar edilərək götürülmüş, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, sonuncu dəfə 2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş, həbsdən azad olduqdan sonra yenə də narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə etməyə başlamışdır. 14 may 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yaşadığı evə polis əməkdaşları gələrək, ondan özündə olan narkotik vasitəni onlara təqdim etməsini tələb etmişlər, o da soyuducuda plastik qabda saxladığı 3 qram heroini gətirib polis əməkdaşlarına təqdim etmiş, bundan sonra polis əməkdaşları onu Yasamal Rayon Polis İdarəsinə aparmışlar. Polis əməkdaşları onu evdən çıxaran zaman qonşuları da buna şahid olmuş, bir həyətdə yaşadığı qonşuları və evi ilə üzbəüz yerləşən marketdə işləyən qadın onu 5-6 nəfər polis əməkdaşının tutub apardığını görmüşdür. Lakin cinayət işinin materiallarında onun guya evinin yaxınlığında tutulduğu qeyd olunmuşdur. İttiham aktında yazılan 70 qram heroin ona məxsus olmamış, onun üzərindən qeyd olunan çəkidə narkotik vasitə aşkar olunmamışdır. O, istintaq zamanı əvvəl yalan ifadə verərək narkotik vasitəni guya İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirsə də, sonradan ifadəsini dəyişmiş, «Emin» adlı şəxsin adını vermişdir. Lakin cinayət işinin materiallarında guya onun narkotik vasitəni Emindən aldığı qeyd olunsa da, o, istintaqa həmin məzmunda ifadə verməmişdir. O, istintaq orqanına bildirmişdir ki, illərdir narkotik vasitədən istifadə edir, başqa narkotik vasitə satan şəxsləri də tanımasına baxmayaraq, həmin şəxslər heroinin qramını 30 manata, yəni baha satdıqları üçün sonuncu dəfə qeyd olunan şəxslərdən narkotik vasitə almamışdır. May ayının 12-i axşam saatlarında tanışı Eminlə zəngləşmiş, Emin ona bir nəfər şəxs tanıdığını, həmin şəxsin heroinin qramını 20 manata satdığını demişdir. Bu da ona sərf etdiyi üçün Eminlə razılaşmış, sonuncunun dediyi karta 160 manat pul köçürmüşdür. O, Eminin narkotik vasitəni kimdən aldığını bilmir, həmin şəxsləri tanımır. Həmin şəxslər Eminin telefonuna «malı» götürəcəkləri yer barədə məlumatları göndərmiş, o da Eminlə birlikdə tanış taksi ilə, Eminə göndərilmiş ünvan üzrə Hövsana gedərək orada körpünün altından «malı» götürmüşlər. Götürdükləri «mal» əvvəlcədən aralarında razılaşdırılmış çəkidən iki qram əksik olmuş, Eminin üzərində tərəzi olmasa da, necəsə malın əskik olduğunu anlamışdır. Qiymət onun nəzərdə tutduğundan aşağı olduğu üçün «malın» az olması ona sərf etmişdir. Bu qeyd etdiklərinin hamısını istintaq zamanı da bildirmiş, lakin müstəntiq həmin xüsusatların heç birini onun ifadəsinə daxil etməmişdir. O, üzərində aşkar olunan heroinin 10 qramını 160 manat pul verərək şəxsi istifadəsi üçün almış, aldığı gündən də çoxunu istifadə etmiş, sadəcə 3 qram heroin qalmışdır. O, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, nə tutulan zaman polis bölməsində, nə də istintaqın gedişində onu döyən və təzyiq göstərən olmamışdır. Onun narazılığının səbəbi müstəntiqin onun ifadəsini düzgün yazmamasıdır, müstəntiq onun dediklərinin hamısını ifadəsinə daxil etməmişdir. Onun 70 qram heroindən xəbəri yoxdur, həmin narkotik vasitə ona məxsus deyil, bütün bunlar hamısı qurmadır, onda cəmi 3 qram heroin olmuşdur. Özündə qalan heroinin çəkisini istifadə etmək məqsədi ilə ölçmüşdür, buna görə də çəkisinin 3 qram olduğunu dəqiq bilir. Polis bölməsində ona təklif etmişlər ki, ya narkotik satıcısının adını versin, ya da 10 min manat məbləğində pul versin. Polis əməkdaşları onun həbsdən yeni azadlığa çıxdığını, onda pul olmadığını bilmişlər, niyə ondan pul istədiklərini özü də bilmir. O, heç kimə narkotik vasitə satmamışdır. Cinayət işinin materialları ilə tanış olmuş, iş materiallarında olan sms mətnləri ona təqdim olunmuş, ***-***-**-** saylı mobil nömrədən gələn sms ona ünvanlanmışdır. O, həmin şəxsdən 100 manat pul alıb aldatmış, pulunu qaytarmamışdır. Həmin şəxs də pulunun qarşılığında ondan narkotik vasitə istəmişdir. O da həmin smslərə cavab yazmamış, qeyd olunan şəxsə heç bir narkotik vasitə verməmişdir. Digər yazışmalarda ondan narkotik vasitə istəyən şəxslər hamısı narkoman xəstələrdir, onlar ehtiyac olanda bir-birilərindən narkotik vasitə istəyirlər. O, özünü yalnız narkotik vasitələrin istifadəçisi kimi təqsirli bilir. Narkotik vasitəni Emin adlı şəxsdən deyil, onun vasitəsi ilə almışdır. Narkotik vasitəni aldıqdan sonra ayın 12-i, 13-ü, 14-ü istifadə etmiş, tutulan zaman onda cəmi 3 qram heroin qalmışdır. Aləlidir, 3 uşağı var, oğlu Türkiyədə Hərbi Dəniz Akademiyasında təhsil alır, tələbədir, digər övladı İ dərəcəli əlildir, sonuncu övladı isə azyaşlıdır. Bundan başqa Təqsirləndirilən şəxs məhkəməyə yazılı vəsatət təqdim edərək, ifadəsində göstərdiyi xüsusatları bir daha təkrar etmiş və əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmiş və istintaq orqanı tərəfindən ona qarşı edilmiş haqsızlığa etiraz olaraq sol qulağını kəsdiyini bildirmişdir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühim işlər üzrə baş əməliyyat müvəkkilidir, polis polkovnik-leytenantı rütbəsi daşıyır. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuş, o, daxil olmuş məlumatın yoxlanılması və müvafiq tədbirlərin görülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması barədə İdarənin rəhbərliyinə raportla müraciət etmiş, bundan sonra əməliyyat qrupu yaradılmış və iş yoldaşı baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ilə birlikdə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 14 may 2022-ci il tarixdə, saat 16:30-da ünvan 2 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlanılmışdır. Özlərini Təqsirləndirilən şəxs təqdim edərək polis əməkdaşı olduqlarını bildirib narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında saxlandığını izah edib, hava, əməliyyat şəraiti, insanların və avtomobillərin vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq onu Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs Yasamal RPİnin 29-cu Polis şöbəsinin inzibati binasına gətirildikdən sonra onun üzərinə video çəklişlə şəxsi axtarış və götürmə aparılmasına başlanılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısa gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd büküm təqdim edərək masanın üzərinə qoymuşdur. Bükümün içərisindən qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, iş üçün əhəmiyyətli olmayan şəxsi əşyalar və 30 manat məbləğində pul aşkar edilmişdir. Daha sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. İş üzrə əhəmiyyət kəsb etmədiyindən şəxsi əşyaları və 30 manat məbləğində pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, həmin heroinin özünə məxsus olduğunu, İran İslam Respublikası vətəndaşı «Rza» adlı şəxs tərəfindən Nəsimi rayonunda gizlədilən yerdən istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə» 14 may 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynindəki qara rəngli qısa gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd bükümü çıxararaq təqdim etmiş, həmin bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu, 1 (bir) ədəd alışqan, 1 (bir) ədəd açar, sağ yan cibindən 30 (otuz) manat pul və həmçinin digər qadağan olunmuş hər hansı bir maddə və ya predmet aşkar edilməmiş, daha sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 72 (yetmiş iki) qram olması müəyyən edilmiş, içərisində kütlə olan büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və üzəri şübhəli şəxs və müdafiəçisi tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etmədiyi üçün içərisində siqaret dənələri olan siqaret qutusu, 1 (bir) ədəd alışqan, 1 (bir) ədəd açar, 30 (otuz) manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Protokol iki nəfər polis əməkdaşı, Təqsirləndirilən şəxs özü və vəkili tərəfindən imzalanmışdır. Həmçinin, göstərilən şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişdən istifadə edilərək aparılmış video görüntülər elektron maqnit daşıyıcısına köçürülərək protokola əlavə edilmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, təhqiqatçı tərəfindən verilmiş müvafiq suala cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni Nəsimi rayonunda gizlədilən yerdən İran İslam Respublikasının vətəndaşı «Rza» adlı şəxsin vasitəsi ilə istifadə etmək üçün əldə etdiyini, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. (iş vərəqə: cild İ, səh. 39-41). Məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, həmin protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair tərtib olunan «Şəxsi axtarış aparılması və götürmə haqqında» 14 may 2022-ci il tarixli protokolun məzmununa uyğundur. Tədqiq olunan protokoldan görünür ki, həmin CD diskdə 9 dəqiqəlik videogörüntü əks olunmuşdur. Təqsirləndirilən şəxs üstünə sonuncunun hüquqlarını müdafiə edən vəkil X4, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis baş leytenantı X1 Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin inzibati binasına xidməti otaqların birində 14 may 2022-ci il tarixdə saat 17:45-də özünü təqdim edərək Azərbaycan Respublikası CPM-nin 51, 86, 246.2.1 və 246.4-cü maddələrini rəhbər tutaraq DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 iştirakı ilə şəxsi axtarış və götürmə aparılmasını, şəxsi axtarış və götürmə zamanı video görüntünün DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis polkovnik leytenantı Şahid2 tərəfindən həyata keçirilməsi qeyd edilir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 14 may 2022-ci il tarixdə, saat 16:30 dəqiqədə ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin inzibati binasına gətirilməsi, şübhəli şəxs qismində tutularaq müdafiə hüququnun təmin edilməsi məqsədi ilə müdafiəçinin dəvət edilməsi və hüququ vəzifələrinin izah olunması, «Şəxsi axtarış və götürmə aparılması haqqında» 14 may 2022-ci il tarixli qərara əsasən üzərində şəxsi axtarış aparılması elan edilir. Həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilir. Eyni zamanda izah edilir ki, Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısa qol gödəkçənin sol yan cibindən 1 (bir) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni təqdim etməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən içində siqaret dənərləri olan siqaret qutusu, 1 (bir) ədəd alışqan, 1 (bir) ədəd açar, sağ yan cibindən 30 (otuz) manat pul aşkar olunması, daha sonra heroinə bənzər kütlənin elektron tərəzidə çəkilməsi və qablaşdırma ilə birlikdə çəkisinin 72 (yetmiş iki) qram olması, həmin kütlənin qablaşdırılması, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Kərim Bağırov, baş təhqiqatçı Nəcəf Aburşu tərəfindən imzalanaraq götürülməsi, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün içində siqaret dənərləri olan siqaret qutusu, 1 (bir) ədəd alışqan, 1 (bir) ədəd açar və 30 (otuz) manat pul Təqsirləndirilən şəxs geri qaytarılması müşahidə olunur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitəni Nəsimi rayonunda gizlədilən yerdən İran İslam Respublikası vətəndaşı «Rza» adlı şəxsin vasitəsi ilə istifadə etmək üçün əldə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, ***-***-**-** mobil telefon nömrəsini işlətdiyini, hal-hazırda mobil telefonu nasaz olduğu üçün üzərində gəzdirmədiyini, polis əməkdaşları tərəfindən ona zor tədbiq olunmadığını, başqa hardasa narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü bildirməsi müşahidə olunur. (İş vərəqə: cild İ, səh. 119-120). Tədqiq olunan protokoldan görünür ki, diskə baxış keçirilməsi prosesində prosessual pozuntulara yol verilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 15 may 2022-ci il tarixli 6/2785 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..» yazısı olan soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 70,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanuni ilə tədiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına ( Siyahı 1) daxildir. (iş vərəqə: cild İ, səh. 49-53). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1864 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək imkanında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir (iş vərəqə: cild İ, səh. 156-157) İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3612 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə: cild İ, səh. 149-150). İbtidai istintaq orqanının işdə olan və məhkəmədə tədqiq edilmiş «sübutların qiymətləndirilməsi haqqında» 26 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən aşkar olunmuş narkotik maddə təhqiqat zamanı elektron tərəzidə çəkilərkən qablaşdırma ilə birlikdə çəkisi 72 qram olması müəyyən edilsə də, keçirilmiş məhkəmə kimyəvi ekspertizasının rəyində həmin maddənin təmiz çəkisinin 70,0 qram, tədqiqat zamanı 0,05 qram sərf edildikdən sonra qalıq 69,95 qram çəkidə qalması təsbit edilmişdir. Məhkəmə kimyəvi ekspertizasının tədqiqat zamanı sərf edilən çəkidə olan fərq Təqsirləndirilən şəxs elan edilmiş ittihamın mahiyyətini dəyişmədiyindən və ekspert rəyi sübut kimi qəbul olunduğuna görə, ekspert rəyinə əsasən narkotik vasitənin çəkisi 70,0 qram götürülmüşdür. (iş vərəqə: cild İ, səh. 165-178). Bundan başqa, həmin qərara əsasən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş sonuncuya məxsus bir ədəd bükümdə təmiz çəkisi 70,0 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddəsi xx.xx.2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və ekspertizaya sərf edildikdən sonra qalıq qalmış bir bükümdə 69,95 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmişdir. (iş vərəqə: cild İ, səh. 165-178). Məhkəmə baxışı zamanı tədqiq olunan, «CD diskə baxış keçirilməsi» haqqında 09 iyun 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən diskdə 4 ədəd «**********27.txt», «**********27,SMS.txt», «antena.xlsx», «abunechiler.xls» adlı faylların olduğu, «**********27.txt» adlı faylda Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsindən xx.xx.2022-ci il saat 00.13.06-dan xx.xx.2022-ci il saat 17.08.14-dək olan müddət ərzində çıxan və daxil olan zənglərin siyahısının göstərildiyi, «**********27,SMS.txt» adlıq faylda yuxarıda qeyd olunan nömrəyə qeyd olunan tarixlərdə daxil olan və çıxan sms mətnlərinin qeydə alındığı, «antena.xlsx» adlı faylda ********** nömrəsindən ********* nömrəsi arasında çıxan və daxil olan telefon danışıqları zamanı qeydə alınan anten dairələrinin, «abunechiler.xls» adlı faylda isə sim kart nömrələrinin abunəçiləri haqqında məlumatın göstərildiyi müəyyən edilmişdir. Tədqiq olunan protokolda həmçinin qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 12:10:32-də ********** nömrəsindən «Cavansir iwə gedmeliyem, malim zadim yoxdu o pula mal, pati duzelt menimcun, cixim gedim, Cavanwir ayın axri məhkəməmdi, o vaxda pul duzeltmeliyem, neyniye bilersen?»; xx.xx.2022-ci il tarixdə saat 11:47:26-da həmin telefon nömrəsindən «Cavanwir gel, birbirmize duşmen keslmyek de dosdum agryram o p.., p..den ver mene cixim gedim işme, gucme o da elden cxacag gedmesem ay insan evladi.»; xx.xx.2022-ci il tarixdə saat 22:09:04-də ********** mobil telefon nömrəsindən «Cavanşir emi, zemlakdı olem, rasdvordan bir şey yoxdu, olem olem, emi titredirəm», həmin gün saat 22:10:37-də «Emi zemlaktı olurem uşudurem rastvorda olar», həmin gün saat 23:09:59-da «Cavan emi bir xever yoxdu zemlakdı»; xx.xx.2022-ci il tarixdə saat 23:51-də «Emi duzelmirse umud olmuyum»; xx.xx.2022-ci il tarixdə saat 06:53:58-da «Nese qelmedi» məzmunlu SMS mətnləri daxil olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəyə qeyd edilmiş nömrələrdən göndərilmiş SMS-lər daxil olarkən anten əhatə dairələrinin Bakı şəhəri, 2-ci Alatava qəsəbəsi ünvanı göstərilmişdir (iş vərəqə: cild İ, səh. 115-118) Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyini müəyyənləşdirmək məqsədilə cinayət işindən «Emin» adlı şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işi ayrılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin çəkisi 70 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin miqdarı külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək 01 ədəd bükümdə daşıyıb saxlaması, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil əlaqələri, qeyd olunan məzmunda sms yazışmaları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində özünü təqsirli bilməyib, onun polis əməkdaşları tərəfindən evində saxlanılması, saxlanılan zaman evindən cəmi 3 qram narkotik vasitə heroin aşkar olunması, həmin narkotik vasitədən heç kimə satmaması, öz istifadəsi üçün əldə etməsi, polis əməkdaşlarının ondan pul tələb etməsi məzmunundakı ifadələrinə də qiymət verərək, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs dəfələrlə ifadəsində qeyd etdiyi halların şahidlərinin olduğunu desə də, ona həmin şahidlərin məhkəməyə dəvət olunması üçün dəfələrlə şərait yaradılmasına baxmayaraq o, məhkəməyə istintaq tərəfindən təqdim olunmuş sübutları təkzib edə biləcək hər hansı bir şahid və sübut təqdim etməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə videomüşahidə altında şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan qara rəngli qısa qol gödəkçənin sol yan cibindən 1 (bir) bükümdə aşkar olunmuş maddə qanunvericiliyə uyğun şəkildə qablaşdırılaraq müvafiq olaraq ekspertizaya göndərilmiş və ekspertiza rəyinə əsasən həmin maddənin narkotik vasitə heroin olduğu, çəkisinin isə 70 qram təşkil etdiyi qeyd olunmuşdur. Bundan əlavə o, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı ona qarşı heç bir zor tətbiq edilmədiyini, narkotik vasitənin çəkisini mübahisələndirmədiyini bildirmişdir. Başqa sözlə, məhkəmə təqsirləndirilən şəxsin onun üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisinin 3 qram olması və polis əməkdaşlarının ondan pul tələb etməsi ilə bağlı ifadəsini həqiqətə uyğun hesab etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhz saxlanılan zaman üzərindən aşkar edilmiş heroini özünün istifadə etməsi məqsədi ilə əldə etməsi, heç kimə satmaması ilə əlaqədar ifadəsinə münasibətdə isə onu qeyd edir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə heroinin çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** sim nömrəsinə daxil olan və çıxan zənglərə, sms mətnlərinə dair "xxxx" Telecom MMC-dən daxil olmuş diskə keçirilmiş baxış protokollarında narkotik vasitə və psixotrop maddə satışı ilə bağlı şübhəli yazışmaların olması, eyni zamanda Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop madddələrin satışı ilə məşğul olmasına dair qərəzsiz və mötəbər mənbələrdən əldə olunmuş əməliyyat məlumatının olması qeyd olunan narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etdiyi tam sübuta yetirir. Bu səbəbdən Təqsirləndirilən şəxs göstərdiyi həmin xüsusatlar onun daha ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər kimi qiymətləndirilməlidir. Bundan başqa məhkəmə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən ona qarşı edilmiş haqsızlığa etiraz olaraq sol qulağını kəsməsi və əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etməsi ilə bağlı mövqeyi ilə əlaqədar qeyd edir ki, cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1864 saylı rəyinin təsviri hissəsində Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində narkotik vasitənin olmadığını bildirmiş, əvvəllər də məhkumluq dövründə öz-özünə xəsarət yetirməsi barədə məlumatlar vermişdir. Eyni zamanda həmin rəyin nəticə hissəsində Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinin müəyyən edildiyi qeyd olunmuşdur. Habelə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əvvəlcə əldə etdiyi narkotik vasitənin mənbəyi kimi İran İslam Respublikasının vətəndaşı olan «Rza» adlı şəxsi göstərsə də, sonradan ifadəsini dəyişərək «Emin» adlı şəxsin adını vermişdir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadələrini və vəsatətdə qeyd etdiyi xüsusatları səmimi qəbul etmir, onu özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünə xəsarət yetirməklə məhkəməyə təsir göstərib əməlinin daha yüngül maddəyə- Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsinə nail olmağa çalışır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası DİN BƏSİİ-nin əməliyyat-sorğu arayışı və müvafiq məhkəmə hökmləri ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş və müvafiq qaydada məhkumluqları ödənilmişdir. Bununla belə o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən 05 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuş və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli arayışına əsasən cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli hökmündən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2021-ci il tarixli 7(101)-8/2021 nömrəli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs məhkumluğunun götürülməsi ilə bağlı ərizəsi təmin olunmamış, bu səbəbdən də həmin hökmlə onun əməli cinayətlərin sadə residivi kimi qiymətləndirilmişdir. Məhkəmənin sorğusuna əsasən Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsindən daxil olmuş və məhkəmə iclasında elan olunmuş məktubun məzmunundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndi tətbiq edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edilmiş və həmin qərar qanuni qüvvəyə mindikdən sonra 16 dekabr 2021-ci il tarixdə müəssisədən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinin tələblərinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə ona təyin olunmuş cəzanı çəkib qurtardığı gündən altı il keçməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Ona görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunmalı və onun hərəkətləri cinayətin təhlükəli residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur və bu hal cəza təyin edilərkən nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, evli olmaqla himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatsa da İ dərəcəli əlil övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 03 saylı Bakı «Asan Xidmət» Mərkəzi tərəfindən verilmiş AZE seriyalı 18110859 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Bakı şəhərində doğulmuş 25 iyun 2011-ci il təvəllüdlü Zəhra Məmmədovanın atası- Təqsirləndirilən şəxs, anası- Südabə Məmmədovadır. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 11 aprel 1997-ci il təvəllüdlü X3 adlı İ dərəcəli əlil övladı var. Bununla bağlı müdafiə tərəfi məhkəməyə müvafiq sənədi təqdim edə bilməsə də, qeyd olunan fakt cinayət işinin materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 02 aprel 2021ci il tarixli hökmündə öz təsbitini tapmışdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, cinayətlərin təhlükəli residivinə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələblərinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 04 iyul 2022-ci il tarixli 3612 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini, əməlinin cinayətlərin təhlükəli residivini yaratması, yeni cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 14 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 14 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 may 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 14 may 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 14 may 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Yasamal RPİ-nin məsul saxlancında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 69,95 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, "xxxx" Telecom MMC-nin xx.xx.2022-ci il tarixli 9647 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd «CD» disk və habelə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 65 (altmış beş) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.- ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 14 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut -Yasamal RPİ-nin məsul saxlancında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 69,95 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - "xxxx" Telecom MMC-nin xx.xx.2022-ci il tarixli 9647 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd CD disk və Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar