Məhkəmə qərarları › İş №1(101)-1570/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1570/2025

10.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1570/2025 10.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X6 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. 2.Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 1445 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib saxlamış, Suraxanı RPİ-nin 32-ci polis bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 27 fevral 2025-ci il tarixdə saat 19:32-də həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbaliyev küçəsində yerləşən uşaq parkında saxlanılaraq videoçəkiliş aparılmaqla üzəri yoxlanılan zaman əlində olan göy rəngli sellofan torbada olan qara rəngli polietilen bağlamadakı 01 (bir) ədəd polietilen torbada təmiz çəkisi 1445 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, əvvəllər narkotik vasitədən istifadə etmiş, bununla bağlı məhkumluğu olmuş, lakin uzun müddət narkotik vasitə istifadə etməmişdir. Narkotik vasitə ona aid olmamış, həmçinin üzərində narkotik olmamış, beş nəfər polis əməkdaşları onu Qaraçuxur ərazisində yerləşən uşaq parkında dayandığı yerdə saxlayıb döyərək narkotiki üzərinə qoymuşlar. Polislər onu parkın içində narkotiki üzərinə götürməsi üçün döymüşlər və döyülməyi təxminən 40 dəqiqə davam etmişdir. Çəkiliş parkın içində olmuş və çəkilişdən sonra bölməyə aparılmışdır. Videogörüntülər polislərin qurduğu ssenari üzrə çəkilmişdir. Onu saxlayan polis əməkdaşlarını tanımamışdır. Polis əməkdaşları ondan vəkil istəyibistəmədiyini soruşduqda istədiyini demiş, lakin onu döyərək istəmədiyini deməsini bildirmişlər. Onu Rəşad və ya Rəşid adlı polis əməkdaşı döymüşdür. Daha əvvəl məhkəmədə olmadığından əvvəlki iclasda özünü təqsirli bildiyini demişdir. İbtidai istintaq dövründə verdiyi ifadəsində göstərilən Aslan adlı şəxsi tanımamış və həmin ifadəni ona zorla yazdırmışlar. Aslan şübhəli şəxs kimi tutularaq daha sonra buraxılmış və Aslanın ona aidiyyəti olmamışdır. Polislər onun telefonuna baxandan sonra Aslanı gətirmişlər. Aslanla onun arasında heç bir yazışma olmamışdır. Aslan polislərin “işverəni” olmuş və onun haqqında polisə Aslan məlumat vermişdir. O, istintaq dövründə birinci ifadəni düz vermiş, müstəntiq onu yalançı çıxarmış, onu “yandıran” Aslan olmuşdur. O, bir qram “nəşə” götürmək üçün getmiş, lakin əlini də “nəşə”yə vurmamışdır. Polislər narkotiki gətirib ona aid olduğunu demişlər. Aslan polislərin adamı olmuş və onun adını da polislərə Aslan vermişdir. O, parka Aslanla görüşmək üçün getmiş, lakin Aslan oraya gəlməyərək onu polislərə vermişdir. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 2 ünvanında anası Rəfiyə Məcidova ilə birlikdə yaşamışdır. Bir neçə il əvvəl narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. Belə ki, marixuananı siqaretə doldurub çəkmə yolu ilə istifadə etmişdir. Sonuncu dəfə Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Aslan adlı şəxsi tanımışdır. Belə ki, Aslan onun mərhum yeznəsi Elşənin qardaşı oğlu Rəşadın qaynı olmuşdur. Aslanla əvvəllər qohumluq münasibətləri səbəbilə səmimi münasibətdə olmuşdur. Aslan Suraxanı rayonu, Günəşli qəsəbəsində yaşamışdır. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Aslanın da narkotik vasitələrdən istifadə etdiyini bildiyini qeyd etmişdir. 2025-ci ilin fevral ayının ortalarında Aslandan istifadə etmək üçün narkotik vasitə qurudulmuş marixuana istəmişdir. Aslan isə onda narkotik vasitə olmadığını bildirmişdir. O isə əlavə etmişdir ki, sosial şəbəkədə tanış olduğu İran vətəndaşından narkotik aldığını və əgər istəyirsə, həmin şəxsin nömrəsini ona da verə biləcəyini demişdir. Bundan sonra Aslandan həmin nömrəni almışdır. Daha sonra iranlı şəxslə əlaqə saxlamış və bir dəfə öz istifadəsi üçün ondan narkotik vasitə almışdır. Həmin vaxt narkotikin pulunu ödəyərək iranlının göndərdiyi konum əsasında narkotiki götürmüşdür. 2025-ci il fevralın 27-də iranlı şəxs ona narkotik vasitəni Bakıdakı qara bazar qiymətindən ucuz satmaq istədiyini bildirmişdir. O isə hər dəfə narkotik götürərkən yaxalanmaq riskini nəzərə alaraq daha çox miqdarda almaq istəmişdir. İranlı şəxs 1 kiloqram 500 qram narkotik vasitə - qurudulmuş marixuanaya sahib olduğunu və onu 190 manata sata biləcəyini bildirmişdir. O da bununla razılaşaraq göndərilən bank kartı hesabına 190 manat pul köçürmüşdür. Təxminən 2 saat sonra iranlı şəxs ona konum və şəkillər göndərərək narkotiki Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən uşaq parkında gizlətdiyini bildirmişdir. O da tanımadığı taksi ilə həmin əraziyə getmişdir. Şəkildə göstərilən yeri taparaq, taxta yeşik içində olan göy rəngli sellofan torbanı aşkar etmişdir. Saat 19:30 radələrində torbanı götürüb ərazidən uzaqlaşmaq istədikdə mülki geyimli bir neçə şəxs ona yaxınlaşaraq özlərini Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları kimi təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasına əsasən üzərinə baxış keçirəcəklərini bildirmişlər. Həmin vaxt polis əməkdaşlarından biri videoçəkiliş aparmışdır. Əlindəki torbaya baxış keçirilərkən içində bir bağlama aşkar edilmişdir. Bağlamaya baxış zamanı içində marixuana olduğu müəyyən edilmişdir. Daha sonra o, Suraxanı RPİ-nin 32-ci polis bölməsinə aparılmışdır. Orada təhqiqatçı tərəfindən ona məxsus olan bağlamaya və əməliyyat tədbirini əks etdirən diskə baxış keçirilmişdir. Müdafiəçi dəvət olunmuş və müvafiq sənədləşmə aparılmışdır. Daha sonra barəsində toplanmış material Suraxanı RPİ-nin istintaq şöbəsinə göndərilmişdir. İranlının nömrəsini Aslandan aldığı üçün əvvəlcə düşünmüşdür ki, onu polislərə Aslan satmışdır. Ona görə də istintaqa verdiyi ilkin ifadəsində narkotik vasitəni Aslanın tapşırığı ilə götürdüyünü və ona çatdırmalı olduğunu, bunun müqabilində isə Aslanın ona istifadə üçün narkotik verəcəyini bildirmişdir. Daha sonra onun barəsində Suraxanı Rayon Məhkəməsi tərəfindən 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə olduğu müddətdə ifadəsinin əsasında Aslanın da həbs olunduğunu öyrənmişdir. Bu zaman başa düşmüşdür ki, əgər Aslan onu polisə satmış olsaydı, özü tutulmazdı. Aslanla keçirilən üzləşmə zamanı Aslan ona nahaq yerə şər atdığını demişdir. Bundan sonra üzləşmədə o da həqiqəti danışaraq, narkotik vasitəni almaqda Aslanın heç bir rolu olmadığını bildirmişdir. Həmin narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün əldə etmişdir. Onu kiməsə satmaq və ya paylamaq niyyəti olmamışdır. İranlının nömrəsini Aslandan aldığı üçün əvvəlcə onun polisə xəbər verdiyini düşünmüşdür. Lakin Aslanın da həbs olunduğunu öyrəndikdən sonra belə olmadığını başa düşmüş və həqiqəti danışmışdır. Bir daha qeyd etmişdir ki, külli miqdarda narkotik vasitə əldə etməsində Aslanın heç bir iştirakı olmamışdır. Aslanın onun iranlıdan narkotik vasitə almaqla bağlı məlumata sahib olmadığını, sadəcə ona iranlının mobil nömrəsini verdiyini bildirmişdir. Mobil telefonunda olan konum, şəkilləri və yazışmaları silmişdir. Buna görə də telefonuna baxış zamanı onlar aşkar edilməmişdir (İ cild, səh. 230- 233, 263-265). 5.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Xalid adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edilmiş və əməliyyat qrupu yaradıldıqdan sonra Xalid adlı şəxs müşahidəyə götürülmüşdür. Nəticədə həmin şəxs Qaraçuxur deyilən ərazidə parkda saxlanılmış, saxlanıldığı yerdə, yəni park ərazisində üzərinə baxış keçirilən zaman özünün ifadə etdiyi bir ədəd marixuana adlanan narktotik vasitə aşkar edilmiş, həmin narktotik vasitəni iran vətəndaşından aldığını bildirmiş və Təqsirləndirilən şəxs digər prosessual hərəkətlərin həyata keçirilməsi üçün təhqiqatçıya təhvil verilmişdir. Məlumatın kimə daxil olması onun yadında qalmamış və əməliyyat tədbirində dörd nəfər iştirak etmişlər. Təqsirləndirilən şəxs qış aylarında saxlanılmış və nə vaxt saxlanılması yadında qalmamışdır. Onlar tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir zorakılıq olmamışdır. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 6.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Suraxanı RPİ-nin 32-ci Polis Şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmiş, polis leytenantı rütbəsi daşımışdır. 27 fevral 2025-ci il taixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövrivvəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun cinayət başında yaxalanması məqsədilə Suraxanı RPİ-nin 32-ci polis bölməsinin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1, bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid3 və bölmənin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid4 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar RPİ-nin 32-ci polis bölməsinin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra Şahid1 rəhbərliyi ilə əməliyyat tədbirinin keçirilməsinə başlamışlar. Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək, saat 19:30 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehdiyev küçəsində yerləşən Uşaq Parkında əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən bir neçə dəqiqə sonra, saat 19:32-də onun piyada hərəkət etdiyi görüb yaxınlaşaraq, özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin qəbulu və saxlanmasında şübhəli bilinərək saxlanılmışdır. Ona özünü təqdim etməsi təklif olunmuş və özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs əlində göy rəngli iri sellofan torbanın olduğunu görüb ondan həmin torbanı təqdim etməsi və içərisində nə olduğunu deməsi istənilmişdir. O da bildirmişdir ki, həmin torbanın içərisində “nəşə”, yəni marixuana vardır və İran vətəndaşının kart hesabına 190 manat göndərməklə əldə etmiş, istifadə etmək üçün almışdır. Bundan sonra həmin torba açılmış, içərisində bir ədəd bağlama aşkar edilmişdir. Həmin bağlamanın içərisində yaşıl rəngli, otabənzər qurudulmuş kütlə, yəni marixuanaya bənzər maddə müəyyən edilmişdir. Bundan sonra onun üzərində axtarış aparılmış, lakin başqa qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Aşkar edilən kütlə qablaşdırılıb möhürlənmiş, bağlamanın üzərinə yapışdırılmış vərəqə onun özü və iştirakçılar tərəfindən imzalanmışdır. Bütün bu proses onun tərəfindən telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Bundan sonra polis bölməsinə gəlmişlər, bölmənin rəhbərliyi tərəfindən prosessual sənədləşmə baş təhqiqatçı, polis mayoru Rəşad Həsənzadəyə həvalə olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən təqdim olunmuş əşyaya yenidən baxış keçirilərək protokol tərtib edilmişdir (İ cild, səh. 164-165). 7.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 27 fevral 2025-ci il tarixində Xalid adlı şəxsin qanunsuz olaraq üzərində narkotik vasitə daşıması barədə əməliyyat məlumatı daxil olmuş və bundan sonra ümumilikdə dörd nəfərdən təşkil edilmiş əməliyyat qrupunun üzvləri ilə birlikdə “Uşaq Parkı” ərazisində Xalid adlı şəxsə yaxınlaşmışlar. Təqsirləndirilən şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində qanunla qadağan edilmiş narkotik vasitənin olması barədə sual verilmiş, Təqsirləndirilən şəxs səmimi şəkildə etiraf edərək göy rəngli sellofana bükülmüş vəziyyətdə narkotik vasitəni təqdim etmiş və daha sonra onlar sənədləşdirərək şəxsi aidiyyəti üzrə təhvil vermişlər. Məlumatın kimə daxil olması yadında qalmamış, təqsirləndirilən şəxs axşam saatlarında saxlanılmış və şəxsi axtarış videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. Saxlanıldığı zaman təqsirləndirilən şəxsə zorakılıq olmamış və polis əməkdaşları tərəfindən şəxsə narkotik vasitə təqdim edilməmişdir. Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 8.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 158-159). 9.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 27 fevral 2025-ci il tarixində Xalid adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı tərəflərindən bölmənin rəhbərliyinə müraciət edilmiş və bölmə rəhbərliyi tərəfindən əməliyyat tədbirinin həyata keçirilməsi ilə bağlı göstəriş verilmişdir. Daha sonra, onlar həmin gün, saat 19:30 radələrində Mehbalıyev küçəsində, “Uşaq parkı” deyilən ərazidə əlində göy rəngli çanta ilə hərəkətdə olan zaman Xalid adlı şəxsə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özü səmimi olaraq əlindəkinin “nəşə” deyilən narkotik vasitə marixuana olduğunu etiraf etmiş və 190 manata öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Şəxsi axtarış yerində videoçəkilişlə həyata keçirilmiş, videoçəkiliş Fuad adlı əməkdaş tərəfindən aparılmış və göy rəngli bağlamaya baxış keçirilərək yerində sənədləşdirmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil verilmişdir. Təqsirləndirilən şəxsə qarşı hansısa zorakılıq, təzyiq olmamış və polis əməkdaşları tərəfindən şəxsə narkotik vasitə təqdim edilməmişdir. Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 10.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 160-161). 11.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Suraxanı RPİ-nin 32-ci Polis Şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışan, polis kapitanı rütbəsi daşıyan şəxs olmuşdur. 2025-ci il fevralın 27-də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövrivvəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun cinayət başında yaxalanması məqsədilə Suraxanı RPİ-nin 32-ci polis bölməsinin baş əməliyyat müvəkkili polis leytenantı Şahid2, əməliyyat müvəkkili polis leytenantı Şahid3 və kiçik əməliyyat müvəkkili polis serjantı Şahid4 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərar RPİ-nin 32-ci polis bölməsinin rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra əməliyyat tədbirinə başlanılmışdır. Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək, saat 19:30 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehdiyev küçəsində yerləşən Uşaq Parkında əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən bir neçə dəqiqə sonra, saat 19:32-də onun piyada hərəkət etdiyi müşahidə olunmuş, yaxınlaşıb özlərini təqdim etmiş və qanunsuz olaraq narkotik vasitələrin qəbulu və saxlanmasında şübhəli bilinərək saxlanılmışdır. Ona özünü təqdim etməsi təklif olunmuş və o, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs əlində göy rəngli iri sellofan torbanın olduğu görülmüş və ondan həmin torbanı təqdim etməsi, içərisində nə olduğunu deməsi istənilmişdir. O da bildirmişdir ki, torbanın içərisində “nəşə”, yəni marixuana vardır və bu maddəni İran vətəndaşının kart hesabına 190 manat göndərməklə əldə etmiş, istifadə etmək üçün almışdır. Daha sonra həmin torba açılmış, içərisində bir ədəd bağlama aşkar edilmişdir. Bağlamada yaşıl rəngli, otabənzər qurudulmuş kütlə, marixuanaya bənzər maddə müəyyən edilmişdir. Ardınca onun üzərində axtarış aparılmış, lakin başqa qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Aşkar edilən kütlə qablaşdırılıb möhürlənmiş, bağlamanın üzərinə yapışdırılmış vərəqə onun özü və iştirakçılar tərəfindən imzalanmışdır. Bütün proses baş əməliyyat müvəkkili polis leytenantı Şahid2 tərəfindən telefon vasitəsilə videoçəkilişə alınmışdır. Bundan sonra polis bölməsinə gəlinmiş, prosessual sənədləşmə Bölmənin rəhbərliyi tərəfindən baş təhqiqatçı, polis mayoru Rəşad Həsənzadəyə həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən təqdim olunmuş əşyaya yenidən baxış keçirilmiş və protokol tərtib edilmişdir (İ cild, səh. 162-163). 12.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2025-ci il tarixli 7/374 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan qara rəngli polietilen bağlamadakı 01 (bir) ədəd polietilen torbada təmiz çəkisi - 1445 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (İ cild, səh. 35-38). 13.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsin Ambulator X3 barədə 20 iyun 2025-ci il tarixli, 3694 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatındadır (İ cild, səh. 210-211). 14.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12-Hüquqi şəxsi ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 iyun 2025-cü il tarixli, 1985 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, X.B.Xəlilullayev əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs özünə və ətrafındakılarına zərər yetirmək təhlükəsi qeyd olunmur. Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmədiyindən onun məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 217-218). 15.İş materiallarında olan 27 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlindəki göy rəngli sellofanda olan bükümü təqdim edərək, həmin kütlənin narkotik vasitə marixuana olduğunu və tanımadığı İran vətəndaşından 190 manat əldə etdiyini bildirmişdir (İ cild, səh. 8). 16.«Diskə baxış keçirilməsi barədə» 02 mart 2025-ci il tarixli protokoldan görünür ki, bir nəfər şəxsin parkda hərəkət etdiyi zaman mülki geyimdə olan üç nəfər polis əməkdaşları tərəfindən saxlanıldığı müşahidə olunur, saxlanılan şəxsin əlində böyk həcmli üzərində «BMW» yazısı olan göy rəngli sellofan torba vardır. Polis əməkdaşı özünü təqdim edərək Suraxanı RPİ-nin 32-ci PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 olduğunu bildirir və saxlanılan şəxsin özünü tədim etməsini bildirir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edir. Şahid1 telofonun saatını göstərir, saat 19:32 oluduğu görünür. Təqsirləndirilən şəxs əlində olan torbada nə olduğu barədə sual verilir, o isə həmin torbanın içərisində “nəşə”, narkotik vasitə olduğunu bildirir. Haradan əldə etdikləri barədə sual verildikdə Təqsirləndirilən şəxs İran vətəndaşının hesabına 190 manat göndərməklə əldə etdiyini və özü istifadə etmək üçün əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs əlində olan torbanı Şahid1 verir və sonuncu tərəfindən torba açılır. Torbada bir ədəd sellofan bağlama olduğu müşahidə olunur. Bağlama açıldıqda içərisində yaşıl rəngli ot şəkilli kütlə aşkar edilir. Bundan sonra həmin bağlama ağ kağızlara bükülüb qablaşdırılır və möhürlənir. Şahid1 tərəfindən qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanır, vərəqə bağlamanın üzərinə yapışdırılır və yenidən göy rəngli torbaya qoyulur. Bundan sonra həmin şəxsin üzərində axtarış aparılır, əynində olan qara rəngli gödəçənin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülür və zərfə qoyularaq qablaşdırılır. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanır götürülür (İ cild, səh. 88). 17.«Diskə baxış keçirilməsi haqqında» 02 mart 2025-ci il tarixli protokoldan görünür ki, videogörüntüdə Suraxanı RPİ-nin 32-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Rəşad Həsənzadə üzünü və iştirakçıları təqdim edir. Suraxanı RPİ-nin 32-ci PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, 32-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, 32-ci PB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid4, çəkiliş aparan 32-ci PB-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid2, şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs iştirak edirlər. Saxlanılmış şəxsdən götürülmüş kütlə olan bir ədəd möhürlənmiş bağlama və bir ədəd möhürlənmiş zərfdə olan mobil telefon Şahid1 tərəfindən təhqiqatçı Rəşad Həsənzadəyə təqdim olunur. Əvvəlcə Təqsirləndirilən şəxs saxlanılarkən qeydə alınmış görüntünün köçürüldüyü disk nümayiş etdirilir. Bundan sonra təqdim edilən bağlama açıldıqda içərisində yaşıl rəngli ot şəkiilli kütlə aşkar olunur. Zərfin içərisində isə bir ədəd mobil telefon olduğu müşahidə olunur. Daha sonra götürülmüş kütlə, həmçinin mobil telefon yenidən qablaşdırılıb möhürlənir, bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunur və iştirakçılar tərəfindən imzalanır (İ cild, səh. 89). 18.«Maddi sübut hesab edilməsi haqqında» 01 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1445 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla tədqiqatdan sonra qalıq qalmış 1444,8 qram marixuana saxlanılmasından ötrü Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. Bundan başqa, əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokola əlavə edilmiş 27 fevral 2025-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir (İ cild, səh. 84-85). 19.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, qasıq nahiyəsində köhnə çapıq toxuması aşkar olunmuşdur. 20.«Şübhəli şəxsin tutulması haqqında» 27 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 23). 21.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 mart 2025-ci il tarixli, 4(010)- 56/2025 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 27 fevral 2025-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 73-75). 22.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (İ cild, səh. 167-169). 23.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 19 yanvar 2026-cı il tarixli, 3-16-21-1/2- 14885/2026 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Sabunçu Rayon Məhkəməsinin 1(008)- 708/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs təyin edilən cəzadan “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən xx.xx.2026-cı il tarixli qərarla azad olunması ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 24.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 25.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 26.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 27.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 28.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 29.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 30.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 31.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 32.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 33.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. 34.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlaması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 35.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 36.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 37.Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, qasıq nahiyəsində köhnə çapıq toxuması aşkar olunmuşdur. 38.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X7rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 39.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 40.Məhkəmə təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair 27 fevral 2025-ci il tarixli protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 41.Təqsirləndirilən şəxsin tədqiq edilmiş videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 42.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 43.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 44.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 45.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 46.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 47.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 48.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 49.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 50.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 51.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 52.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 53.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 54.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 55.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 56.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 57.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 58.Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmü ilə məhkum edildiyi cinayət əməlinə münasibətdə məhkumluğu ödənilməmişdir, lakin ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivini yaratmır. 59.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 60.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 61.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 62.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 63.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 27 fevral 2025-ci il tarixdən hesablanmalıdır. 64.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 65.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 66.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 67.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1444,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 68.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 69.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 70.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 71.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 72.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 462 (dörd yüz altmış iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Verdiktum» Vəkil Bürosunun hesabına ödənilməlidir. 73.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 27 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 462 (dörd yüz altmış iki) manat Bakı şəhəri «Verdiktum» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1444,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar