Məhkəmə qərarları › İş №1(101)-1572/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1572/2023

02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1572/2023 02.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X1, Dövlət ittihamçısı və müdafiəçi: «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi qaydada musiqi fəaliyyəti ilə məşğul olmuş, ünvan 4, mənzil 3B-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 11 ədəd bükümdə ümumi təmiz çəkisi 6,100 qram narkotik vasitə heroini əldə edib, üzərində daşımaqla saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı 9 mart 2023-cü il tarixdə saat 2:00-da ünvan 1 ünvanının yaxınlığında saxlanılıb Xətai RPİnin 36-cı PB-nə gətirilərək video çəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən külli miqrdarda, bir ədəd sellofan torbada 11 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,619 qram, 0,579 qram, 0,645 qram, 0,573 qram, 0,532 qram, 0,547 qram, 0,581 qram, 0,632 qram, 0,310 qram, 0,566 qram, 0,516 qram ümumi təmiz çəkisi 6,100 qram olan qəhvəyi rəngli maddələr xarici görünüş əlamətləri və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ali təhsillidir, 2005-ci ildə Bakı İslam Universitetinin İlahiyyat fakültəsi bitirmişdir. Bir müddət Neftçilər prospektində yerləşən «Sahib Əz-Zaman» məscidində imam olmuşdur. Bundan əlavə fərdi qaydada bəstəkarlıqla məşğul olmuş, dini və vətənpərvərlik mövzularında mahnılar bəstələyib oxumuşdur. Dərviş toylarında və dövlət tədbirlərində iştirak etmişdir. Pandemiya başlayana kimi hər il «Heydər Əliyev» Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Moskvada keçirdiyi Ramazan süfrələrinin bədii hissəsinin qurucusu olmuşdur. Qənirə Paşayeva, Zəlimxan Yaqub, Oqtay Zəngilanlı və Azərin kimi şəxslərin yaradıcılığında iştirak etmişdir. «Youtube» video platformasında «Samir Salam» təxəllüsü ilə mahnı və şeirlərini paylaşmışdır. Dəfələrlə Həcc, Kərbəla və Məşhəd ziyarətlərində olmuşdur. Sonuncu dəfə 2008-ci ildə Məkkədə qrup rəhbəri kimi ziyarətdə olmuşdur. Saxlanıldığı gün Həcc ziyarətinə birlikdə getdiyi yoldaşları ilə görüşdən qayıtmışdır. Onlar adəti üzrə ayda bir dəfə görüşüb çay süfrəsi arxasında söhbət emişlər. 9 mart 2023-cü il tarixdə saat 1:00 radələrində şəxsi istifadəsində olan avtomobillə evinə qayıtmışdır. Maşını saxlayıb düşdükdən sonra bir nəfər oğlan ona yaxınlaşıb siqaret istəmişdir. Həmin şəxsə siqaret verdikdən sonra sonuncu ondan alışqanının olub-olmadığını soruşmuşdur. Alışqanı çıxartdığı zaman birdən 7-8 nəfər tanımadığı mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və qoluna qandal vuraraq onu saxlamışlar. Onu saxlayan şəxsləri əvvəllər tanımamışdır. Həmin şəxslərdən bir nəfər ona vəsiqəsini göstərib özünü təqdim etmişdir. Daha sonra onu Xətai RPİ-nin 36cı polis bölməsinə aparmışlar. İlk dəfə belə halla rastlaşdığı üçün saxlanılmağı ona təəccüblü gəlmiş, çaşqın vəziyyətdə olmuşdur. Həmin şəxslərin hamısı onunla otağa daxil olmuş və ona «sən nə etmisən?» deyə sual etmişlər. O, qanunsuz heç nə etmədiyini bildirib, onu hansı səbəbdən saxladıqlarını soruşmuşdur. Polislərdən biri onun İranla nə kimi əlaqəsinin olduğunu soruşmuşdur. Sonunculara İranla heç bir qanunsuz əlaqəsinin olmadığını, sonuncu dəfə İran ərazisindən avtobusla 2003-cü ildə Məkkəyə gedərkən keçdiyini bildirmişdir. Daha sonra polislərdən biri ona maşınında 1 kq narkotik vasitə olduğunu bildirmişdir. O isə sonunculara yanlış anlaşılma olduğunu, onda narkotik vasitə olmadığını demişdir. Polis əməkdaşlarından biri ona, əgər istəyirsə evindən də narkotik vasitənin çıxmasına şahid ola biləcəyini demişdir. O, isə belə halın baş verməsini istəmədiyini bildirmişdir. Bütün bunlar baş verərkən polis əməkdaşları onu əhatələrinə alaraq psixi təzyiq göstərmiş, həmçinin təhqiramiz ifadələr işlətmişlər. Daha sonra ona bir neçə büküm narkotik vasitə verərək həmin bükümləri götürməsini bildirmiş və əgər narkotik vasitələrin ona məxsus olmasını boynuna alarsa, işinin yüngül olacağını demişlər. Polis əməkdaşları ona 1 kq narkotik vasitə əldə edib daşımaqla ittiham ediləcəyi barədə hədə-qorxu gəldikləri üçün təzyiq altında sonuncuların dedikləri ilə razılaşmışdır. Şəxsi axtarış zamanı təqdim etdiyi bükümlər polislər tərəfindən ona əvvəlcədən verilmiş və videoçəkiliş zamanı necə davranmalı olduğu ona diqtə edilmişdir. O, polis əməkdaşlarının təzyiqi altında təqdim etdiyi narkotik vasitəni yaşadığı evin yaxınlığında yerdən tapdığını və nə olduğunu bilmədən, maraq üçün üzərində gəzdirdiyini demişdir. İşini araşdıran müstəntiq ona səbrli olmasını, narahat olmamasını, telefonu araşdırılarkən hər hansı sübut tapılmazsa ən pis halda onu şərti olaraq məhkəmə zalından azad edəcəklərini bildirmişdir. Heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və satışı ilə məşğul olmamışdır. Hətta ona ittiham elan edilən maddənin mahiyyəti barədə Bakı İstintaq Təcridxanasında olarkən məlumat almışdır. İstifadəsində ***-***-**-** mobil nömrəsi olmuşdur. Lakin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı heç bir sms mətnləri və ya telefon danışığı olmamışdır. Ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İdarəyə Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonu ərazisində narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın dəqiqliyini yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında ondan və Xətai RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 9 mart 2023-cü il tarixdə saat 2:00 radələrində ünvan 3 ünvanın yaxınlığında narkotik vasitələri qanunsuz qəbulu və üzərində saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılaraq Xətai RPİ-nin 36-cı polis bölməsinə aparılmışdır. Bölmədə təhtiqatçı tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Daha sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmişdir. Sonuncu əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilən zaman içərisindən 11 ədəd şəffaf rəngli sellofan bükümdə, narkotik vasitə heroinə bənzər maddələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddənin nə olması barədə məlumatının olmadığını, həmin maddələri yaşadığı ünvanının yaxınlığında məişət tullantıları atdığı zibil qutusunun yanında yerdən tapdığını, narkotik vasitələrdən istifadə etmədiyini, maraq kəsb etdiyi üçün həmin maddələri götürüb cibinə qoyduğunu bildirmişdir. Sonra Samirin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 11 ədəd bükümlərin ümumi çəkisinin 6,94 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş kütlə zərfdə qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İşin 4-cü vərəqindəki 9 mart 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. İşin 35-37-ci vərəqlərindəki «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, 9 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİnin 36-cı polis bölməsində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər 11 ədəd bükümdə olan maddənin elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə çəkisinin 0,59 qram, 0,66 qram, 0,70 qram, 0,65 qram, 0,59 qram, 0,64 qram, 0,65 qram, 0,66 qram, 0,73 qram, 0,69 qram, 0,37 qram, ümumi çəkisinin isə 6,94 qram olması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşin 43-47-ci vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizanın 9 mart 2023-cü il tarixli 6/1440 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər Üçün №151» dairəvi möhür əksi olan «Təqsirləndirilən şəxs» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 11 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,619 qram, 0,579 qram, 0,645 qram, 0,573 qram, 0,532 qram, 0,547 qram, 0,581 qram, 0,632 qram, 0,310 qram, 0,566 qram, 0,516 qram ümumi təmiz çəkisi 6,100 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İşin 113-114-cü vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 may 2022-ci il tarixli 2784 saylı rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 101-ci vərəqindəki CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin girişçıxış zəngləri və s. məlumatlarını özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD diskə keçirilmiş baxış zamanı sonuncunun üzərindən aşkar edilmiş narkotik vasitə heroini satış məqsədilə əldə etməsinə dair heç bir məlumat aşkar edilməmişdir. İşin 115-121-ci vərəqlərindəki 23 may 2023-cü il tarixli «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 11 ədəd bükümdə ümumi ilkin təmiz çəkisi 6,100 qram (tədqiqatdan sonra qalıq 5,880 qram) təşkil edən narkotik vasitə heroin və onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış, narkotik vasitə heroin isə saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, DVD disk isə cinayət işi materiallarına əlavə edilmişdir. Həmin qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədilə ********* nömrəli cinayət işindən ********* nömrəli cinayət işi ayrılmışdır. İşin 97-98-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 23-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 9 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 79-84-cü vərəqlərindəki Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 9 mart 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İşdəki AZEMİS elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 may 2010-cu il təvəllüdlü İsazadə Züleyxa və 30 aprel 2017-ci il təvəllüdlü İsazadə Səccad adlı iki azyaşlı uşağı vardır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihama əsasən o, istintaqa məlum olmayan şəxsdən və vaxtda, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 11 ədəd bükümdə ümumi təmiz çəkisi 6,100 qram narkotik vasitə heroini əldə edib, üzərində daşımaqla saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı xx.xx.2023-cü il tarixdə saat 02:00-da ünvan 1 ünvanının yaxınlığında saxlanılıb Xətai RPİ-nin 36-cı PB-nə gətirilərək video çəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən külli miqrdarda, bir ədəd sellofan torbada, 11 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,619 qram, 0,579 qram, 0,645 qram, 0,573 qram, 0,532 qram, 0,547 qram, 0,581 qram, 0,632 qram, 0,310 qram, 0,566 qram, 0,516 qram ümumi təmiz çəkisi 6,100 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş 9 mart 2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması barədə» protokol və həmin istintaq hərəkətinin qeydə alınmış videoyazısından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə içərisində ayrı-ayrılıqda bir-birinə bənzər 11 ədəd sellofan büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümləri yaşadığı ünvanın yaxınlığında yerləşən zibil qablarının yanında yerdən taparaq götürdüyünü, maraq kəsb etdiyi üçün cibinə qoyub üzərində daşıdığını, lakin, onun nə olduğunu bilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən də eyni məzmunlu ifadələr vermiş, üzərindən aşkar edilmiş bükümləri yaşadığı ünvanın yaxınlığında yerləşən zibil qablarının yanında yerdən taparaq götürdüyünü, maraq kəsb etdiyi üçün cibinə qoyub üzərində daşıdığını, lakin, onun nə olduğunu bilmədiyini bildirmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki cinayət işinin materialları, habelə məhkəmə baxışında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs 11 ədəd bükümdə ümumi təmiz çəkisi 6,100 qram külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin onun tərəfindən çəkilib xırda bağlamalara bükülərək satış üçün hazırlanması təsdiq olunmadı. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olan və çıxan zəng, sms yazışmaları və abonent siyahıları müvafiq mobil telefon operatorundan götürülmüş, həmin məlumatlara baxış zamanı da Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına işarə edən hər-hansı sübut aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin məhz onun tərəfindən çəkilib xırda bağlamalara bükülməsi də təsdiqini tapmadı. Göründüyü kimi, məhkəmə araşdırmaları ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib, daşımaqla saxlaması sübuta yetirilmədi. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs və şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və protokollardan bir mənalı şəkildə məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 11 ədəd bükümdə ümumi təmiz çəkisi 6,100 qram olan narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, saxlayaraq üstündə daşımışdır. Buna baxmayaraq istintaq orqanı yalnız aşkar olunmuş narkotik vasitənin külli miqdar təşkil etməsini və onun xırda bağlamalardan ibarət olmasını əsas götürərək, heç bir mötəbər sübuta əsaslanmadan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamı irəli sürmüşdür. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsi qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələbinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 11 bükümdə, ümumi təmiz çəkisi 6,100 qram olan narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması sübuta yetmədi. Müəyyən olundu ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan şəxsdən və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 11 ədəd bükümdə ümumi təmiz çəkisi 6,100 qram narkotik vasitə heroini əldə edib, üzərində daşımaqla saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı xx.xx.2023-cü il tarixdə saat 02:00-da ünvan 4 ünvanının yaxınlığında saxlanılıb Xətai RPİ-nin 36-cı PB-nə gətirilərək video çəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən külli miqrdarda, bir ədəd sellofan torbada, 11 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,619 qram, 0,579 qram, 0,645 qram, 0,573 qram, 0,532 qram, 0,547 qram, 0,581 qram, 0,632 qram, 0,310 qram, 0,566 qram, 0,516 qram ümumi təmiz çəkisi 6,100 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini, şəxsi axtarış zamanı üzərindən aşkar olunan narkotik vasitənin polis əməkdaşları tərəfindən ona verildiyini, ibtidai istintaq zamanı psixi təzyiq altında həmin narkotik vasitələri yaşadığı evin yanında yerdən tapdığını və maraq üçün üzərində gəzdirdiyini bildirdi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi (Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə münasibətdə) etirafedici ifadəsi (i.v 66-68), məhkəmədə dindirilmiş şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib edildiyindən, məhkəmə ifadəsinə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək qərara gəlir ki, ona CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 9 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Xətai RPİ-in saxlanc anbarında saxlanılan təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 11 ədəd bükümlərdə olmaqla cəmi 6,100 (tədqiqatdan sonra qalıq 5,880) qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxsin hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 240 (iki yüz qırx) manat onun işlədiyi «Universal» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 9 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Xətai RPİ saxlanc anbarında saxlanılan təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 11 ədəd bükümlərdə olmaqla cəmi 6,100 (tədqiqatdan sonra qalıq 5,880) qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 240 (iki yüz qırx) manat onun işlədiyi «Universal» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar