Məhkəmə qərarları › İş №1(101)-1574/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1574/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1574/2024 03.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X13 ibarət tərkibdə, Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – «Kamandar Nəsibov və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 19 dekabr 1982-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 2-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Savalan yaşayış massivi, yeni sahə, fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Akif Panakhovun (X5) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttihama görə, Akif Panakhov (X5) 22 noyabr 2023-cü il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu, İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən sonuncunun mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına 20 manat pul köçürməklə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisinə qoyulmuş yerdən ümumi təmiz çəkisi 0,819 qram narkotik vasitə heroini və 0,412 qram psixotrop maddə metamfetamini götürüb satış məqsədilə qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2023cü il tarixdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində yerləşən fərdi yaşayış evində olarkən həmin 0,412 qram psixotrop maddə metamfetamini tanışı Şahid1 satmış, Şahid1 2023-cü il tarixdə saat 03:40 radələrində Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Sabunçu RPİ-nin 14-cü PŞ-nə gətirilərək üzərinə keçirilmiş şəxs axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sol cibindən, onun satdığı, bir ədəd bükümdə, təmiz çəkisi 0,412 qram olan ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində o, 25 noyabr 2023-cü il tarixdə saat 06 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Sabunçu RPİ-nin 14-cü PŞ-nə gətirilib şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi 0.819 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 25 dekabr 2023-cü il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu, “Sabir” adı ilə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən M10 proqramı vasitəsi sonuncunun hesabına 60 manat pul köçürməklə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən Abşeron rayonu ərazisinə qoyulmuş yerdən ümumi təmiz çəkisi 0.703 qram psixotrop maddə metamfetamini təkrarən satış məqsədilə əldə edib daşıyaraq saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 25 dekabr 2023cü il tarixdə saat 20:30 radələrində ünvan 4 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli cins şalvarının qabaq sağ yan cibindən 03 ədəd, sol ayağının qara rəngli corabının içərisindən 01 ədəd olmaqla ümumilikdə 04 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.174 qram, 0.191 qram, 0.183 qram, 0.155 qram, ümumi təmiz çəkisi 0.703 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və əynində olan tünd boz rəngli cins şalvannm sağ yan cibindən üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Akif Panakhov (X5) Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Neftçilər metrostansıyasının yanına telefonunu düzəltdirməyə getmiş, orada polislər onu saxlamışdır. Saxlanılan zaman onun corabında yarım qram psixotrop maddə olmuş, digər 3 ədəd büküm və elektron tərəzi ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2007-ci ildən Savalan qəsəbəsində yaşamış, əvvəllər qeyri-rəsmi ailəli olmuş, 2013-cü ildə ayrılmışdır. Əvvəllər tikintidə işləmiş, tutulan ərəfədə isə işləməmişdir. Heroin və metamfetamin adlı narkotik vasitələrdən az miqdarda istifadə etmişdir. Pulu qardaşı vermiş, metamfetamin alıb bölüşdürmüşlər. Onda başqa narkotik vasitə də olmuşdur. Narkotik vasitəni o almış, qarşılığında 60 manat pul vermişdir. Vüqar onun evində onu gözləmişdir. O da narkotik vasitəni alıb Vüqara vermişdir. Vüqar özü ona zəng edib metamfetamin lazım olduğunu bildirmiş, o da gətirib narkotik vasitəni ona vermişdir. Onun dam örtüyü satan Vüqar adlı tanışına borcu olmuş, borcunun əvəzində psixotrop maddə metamfetamini alıb Vüqara vermiş, özü üçün isə heroin almışdır. Təqsirləndirilən şəxs Akif Panakhova (X5) irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, 25 dekabr 2023-cü il tarixdə Akif adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəisə verilərək, qərar qəbul edilmiş və şəxsin saxlanılması istiqamətində tədbir keçirilmişdir. Həmin gün axşam saatlarında “Neftçilər” metrostansiyasının yaxınlığında, R.Rüstəmov küçəsində Akif və qardaşının oğlu saxlanılaraq, Nizami RPİ-ə gətirilmişdir. Üzərinə baxış keçirilmiş, bir neçə bükümdə özünün deməsinə görə narkotik vasitə olan metamfetamin, tərəzi və 2 ədəd telefon aşkar edilmişdir. İfadəsində narkotik vasitələri İİR vətəndaşından sosial şəbəkə vasitəsilə əldə etdiyini, müəyyən qismini satdığını, müəyyən qismini də özü istifadə etdiyini demişdir. Şahid3 verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq göstərilməmişdir. Şəxsin narkotik vasitənin qalanının ona aid olmaması ilə verdiyi ifadə müdafiə xarakterli olmuşdur. O, heç kimi döyməmişdir. Saxlanılan zaman nə üçün saxlanıldığını soruşanda təqsirləndirilən şəxs niyə saxlanıldığını bildiyini və onlarla gedəcəyini bildirmişdir. Həmçinin video çəkilişdə tərəzinin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, 25 dekabr 2023-cü il tarixdə Akif adlı şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin tarixdə 20:30 radələrində R.Rüstəmov 204 ünvanının qarşısında şəxsə yaxınlaşmış, şəxsin yanında bir nəfər də olmuşdur. Təhqiqat şöbəsinin inzibati otaqlarının birində üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmet varsa könüllü şəkildə təqdim etməsi təklif olunduqda o, cibindən 1 ədəd tərəzi, 3 ədəd büküm, “Samsung” və “İphone” markalı mobil telefonları masanın üzərinə qoymuşdur. Şəxsi axtarış keçirilən zaman corabından da bir büküm aşkarlanmış, həmin narkotik vasitələri İİR vətəndaşından əldə etdiyini bildirmişdir. Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq göstərməmişdir. Şəxsin narkotik vasitənin qalanının ona aid olmaması ilə verdiyi ifadə yalandır. Şəxsin corabında olan və cibində olan narkotik vasitələr ona məxsus olmuşdur. Şəxs saxlanılan zaman üzərində narkotik vasitə olduğunu bildirmişdir. Tutulduğu yerdə şəxsin üzərinə baxış keçirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, 2023-cü ilin noyabr aylarında əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. O da əməliyyat qrupuna daxil olmuşdur. Təqsirləndirilən şəxs Savalan yaşayış massivində, evin yaxınlığında saxlanılıb, bölməyə gətirilmişdir. Üzərinə baxış keçirilən zaman narkotik vasitəni könüllü təqdim etmişdir. Şahid5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, şəxsin üzərində 1 bükümdə, qəhvəyi rəngdə, heroinə bənzər narkotik vasitə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Akif onun işlədiyi obyektdən material almış, bununla bağlı Akiflə əlaqələri yaranmışdır. Akifin onlardan material alması ilə əlaqədar ona borcu yaranmış, o, borcunu geri istəmək üçün dəfələrlə Akifin evinə getmişdir. Sonuncu dəfə pulunu istəmək üçün Akifin evinə gedən zaman Akifin narkotik vasitədən istifadə etdiyini görmüş, o da həmin maddədən istifadə etmək məqsədi ilə bir az götürmüş və elə həmin məhəllədə tutulmuşdur. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, tutulan zaman onun üzərində 0,4 qram narkotik vasitə olmuşdur. Akifin ona borcu olmuş, ona görə də Akifdən götürdüyü narkotik vasitənin qarşılığında o, Akifə pul verməmişdir. Akif narkotik vasitəni borcunun qarşılığında verməmiş, narkotik vasitəni ona pulla satmamışdır. Akif “aqlay” işi görmüş, onun mağazasından dam örtüyü, onun aksesuarlarını götürmüşdür. O, Akifdən sellofanın arasında ağ bir maddə götürmüş, o, narkotik vasitədən istifadə edən olmamış, sadəcə dadına baxmaq üçün götürmüşdür. O, bəzən Akifin evinə gecə saat 4-də getmiş və Akifin həmin saatlarda işlədiyini görmüşdür. Akif borcunu ödəməkdən yayındığı üçün onu tapmaqda çətinlik çəkmiş, buna görə də gecə saat 3 radələrində onun evinə getmişdir. O, Akifi 2022-ci ildən tanıyır, 2 il ərzində onun narkotik vasitə istifadəçisi və satıcısı olduğunu bilməmişdir. Şahid1 məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli hökmü elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilərək məhkəmə iclasında elan edilmiş və müəyyən edilmişdir ki, o, təqsirləndirilən şəxs qismində hazırda şahid qismində verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu 70 saylı orta məktəbin 11-ci sinfində təhsil almışdır. Əmisi Akif özü Gürcüstan Respublikası vətəndaşı olmaqla onlarla birlikdə eyni ünvanda yaşamışdır. xx.xx.2023-cü il tarixdə həmin gün o evdə olanda əmisi Akif onu görərək özünə məxsus olan “İphone” markalı mobil telefonun xarab olduğunu bildirib telefonu düzəltdirmək üçün onunla birlikdə Nizami rayonu, “Neftçilər” deyilən yerə getməyini xahiş etmişdir. O da onun bu fikri ilə razılaşmış və onlar taksi maşını ilə qeyd edilən yerə yola düşmüşlər. Saat 20:30 radələrində sonradan Nizami rayonu, R.Rüstəmov küçəsi kimi bildiyi küçədə taksi maşınından düşüb piyada gedərkən 2 nəfər mülki geyimli şəxs onlara yaxınlaşmış və polis əməkdaşları olduqlarını deyərək onları Nizami RPİ-nə gətirmişlər. Polis İdarəsinə gəldikdən sonra ona əmisinin narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin satışı şübhəsi ilə saxlanılması məlum olmuşdur. Əmisi Akifin narkotik vasitə istifadəçisi və onu satışı ilə məşğul olmasından xəbərinin olmadığını, onu telefon düzəltdirmək məqsədi ilə apardığını və ona inanaraq onunla birlikdə getdiyini bildirmişdir. (cild İ, i/v: 124-126) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid6 Şahid5 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. (cild İİİ, i/v:221-224) Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: - “şəxsi axtarış və götürmə aparılması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Şahid1 əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmiş və həmin bükümdə narkotik vasitə metamfetamin olduğunu, bu narkotik vasitəni Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan qəsəbəsində yaşayan tanışı X1 aldığını bildirmiş, həmin bükümə baxış keçirilərkən şəffaf, kristalşəkilli kütlə aşkar edilərək qablaşdırılıb götürülmüşdür. (cild İ, i/v: 243-244) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6172 nömrəli rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100” dairəvi möhür əksi” saxlanılan (imza) Şahid1” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,412 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. (cild İ, i/v: 250) - “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Akif Panakhov (X5) əynində olan tünd boz rəngli cins şalvarının qabaq sağ yan cibində saxladığı 03 ədəd ağ rəngli polietilen bükümü, 01 ədəd elektron tərəzini və həmin şalvarının qabaq sol yan cibində saxladığı 01 ədəd “İphone S” markalı və 01 ədəd “Samsung Duos” markalı mobil telefonları çıxardıb masanın üzərinə qoymuş, üzərinə şəxsi axtarış keçirilərkən qara rəngli sol corabının içərisində saxladığı 01 ədəd ağ rəngli polietilen büküm aşkar edilmiş, ümumi 04 ədəd bükümün içərisində ağ rəngli, kristalşəkilli maddə aşkar edilərək 01 ədəd tərəzi ilə birlikdə qablaşdırılıb götürülmüşdür. (cild İ, i/v: 35-36) - “DVD diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, DVD diskdə VİD **********1528 adlı bir ədəd faylın olması müəyyən edilmişdir. Diskdəki video görüntüyə baxış keçirilən zaman, 25 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Emil Elacıyev tərəfindən Nizami RPİ-nin NMB-nin əməkdaşlarının iştirakı ilə Akif Panakhovun üzərinə şəxsi axtarış və götürməistintaq hərəkətinin aparılması, həmin istintaq hərəkəti zamanı Akif Panakhovun üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunması müəyyən olunmuşdur. Həmin vaxtı Akif Panakhov əynində olan tünd boz rəngli cins şalvarının qabaq sağ yan cibindən 03 ədəd şəffaf polietilen bükümdə metamfetamini, 01 ədəd elektron tərəzini, şalvarının qabaq sol yan cibindən 01 ədəd “İphone S” markalı və 01 ədəd “Samsung Duos” markalı mobil telefonlarını çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış aparılarkən sol ayağının qara corabının içərisində gizlətdiyi 01 ədəd şəffaf polietilen bükümdə metamfetamin aşkar edilərək götürülmüşdür. O “patı” kimi tanıdığı həmin maddələri İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Bundan sonra 04 ədəd bükümə baxış keçirilmişdir. Baxış zaman bükümlər polis əməkdaşı tərəfindən açılmışdır. Onların içərisində psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Aşkar edilmiş vasitələr 01 ədəd bağlamaya qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. (cild İ, i/v: 69) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 6/6544 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərilərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,174 qram, 0,191 qram, 0,183 qram, 0,155 qram, ümumi təmiz çəkisi 0,703 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, bir ədəd elektron tərəzidə psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. (cild İ, i/v: 45-50) - “Şəxsi axtarış və götürmə aparılması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Akif Panakhov (X5) əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Samsung A 52” markalı mobil telefon və sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş heroinə bənzər maddəni təqdim etmiş, həmin bükümə baxış keçirilərkən heroinə bənzər kütlə aşkar edilərək qablaşdırılıb götürülmüşdür. (cild İ, i/v: 160-161) - “DVD diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Akif Panakhovun (X5) üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 25 noyabr 2023-cü il tarixli protokola əlavə edilmiş DVD diskdə əks edilmiş görüntülər, 25 noyabr 2023-cü il tarixdə saat 07:10-da qeydə alınmışdır. Videogörüntüdən müəyyən edilmişdir ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X8 şübhəli şəxs Akif Panakhova qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif etmişdir. Görüntünün sonunda şübhəli şəxs Akif Panakhov könüllü olaraq əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini çıxardaraq təqdim etmiş, bükümün içərisində heroin olduğunu, şəxsi istifadəsi üçün 22 noyabr 2023-cü il tarixdə anket məlumatlarım bilmədiyi İran İslam Respublikası vətəndaşından onlayn olaraq 20 manata aldığını, həmin İran vətəndaşının ona “whatsap” vasitəsi ilə məkanı göndərdiyini, Bakı şəhəri, Binəqədi rayonu ərazisindən xatırlamadığı ünvandan götürərək şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. (cild İ, i/v: 201) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 6/6171 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 100” dairəvi möhür əksi, “saxlanılan (imza) Pənahov Akif” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,819 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir. (cild İ, i/v: 166-170) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 xx.xx.2024-cü il tarixli, 280 saylı məktubunda, Akif Panakhovun (X2) arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmaması qeyd edilmişdir. (cild İ, i/v: 110) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X11 ambulator məeburi-narkoloji tibbi yoxlamasının 13 yanvar 2024-cü il tarixli 180 nömrəli rəyindən görünür ki, müayinə zamanı Akif Panakhovda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İ, i/v: 251-252) Məhkəmə təqsirləndirilən şəxs Akif Panakhov məhkəmə iclasında verdiyi ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, o, məhkəmədə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verərək 25 dekabr 2023-cü il tarixdə saxlanılna zaman üzərində yalnız corabında saxladığı yarım qram psixotrop maddənin olduğunu, digər 3 ədəd bükümün və elektron tərəfinin ona məxsus olmadığını bildirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 26 dekabr 2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, Akif Panakhovdan aşkar edilmiş 4 ədəd bükümdə ümumi təmiz çəkisi 0,703 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr eyni tərkibli psixotrop maddə metamfetamindir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş bükümlərdən birinin ona məxsus olub, digər bükümlərin isə ona məxsus olmaması ilə bağlı məhkəmə iclasında verdiyi ifadəsi öz təsdiqini tapmamışdır. Bununla da müəyyən olunur ki, Akif Panakhovun təqsirli olması, təqsirləndirilən şəxsin özünün, həmçinin şahidlərin, o cümlədən Şahid1 ifadələri və cinayət işinin materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya” əsasən “heroin” narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Akif Panakhovun və Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinin və psixotop maddə metamfetamin ümumi çəkisi hər iki maddə üzrə onların külli miqdar həddindən aşağı olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs təkrar satış məqsədilə qanunsuz olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 maddələrində nəzərdə tutulan cinayəti əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.2 maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs Akif Panakhovun məhkəmə baxışı zamanı verdiyi ifadələrində qeyd etdiyi xüsusatları səmimi qəbul etmir, onu özünü müdafiə məqsədi ilə vermiş olduğu uydurulmuş ifadələr kimi qiymətləndirir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Akif Panakhov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26.10.23-cü ci il tarixli tələbnaməsindən və Nizami rayon Məhkəməsinin №1-17/2003-cü il tarixli hökmündən görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib, 170.1-ci maddəsi ilə 1 (bir) il, 177.2.1 və 177.2.2-ci maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, AR CM-nin 66.3-cü maddəsi tətbiq olunmaqla təyin olunmuş cəzalar tam toplanmaqla qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş 4 il azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla ona 3 (üç) il sınaq müddəti təyin edilmişdir. (cild İ, i/v: 280-281, 282-284) Göründüyü kimi məhkəmə araşdırması zamanı Akif Panakhovun (X2) çəkilməmiş cəzasının və ödənilməmiş məhkumluğunun olmadığı müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Akif Panakhovun (X2) əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Akif Panakhovun (X2) əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Akif Panakhova (X4) təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 13 yanvar 2024-cü il tarixli 180 saylı rəyi əsas götürülməli, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə tətbiq edilməli, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxs X7 Respublikasının vətəndaşı olması ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinin tətbiq edilməsinin mümkünlüyü məsələsini aydınlaşdırmış və təqsirləndirilən şəxsin atası X3 Azərbaycan Respublikasının vətəndaşı olması ilə bağlı onun barəsində Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinin tətbiq edilməməsini əsaslı hesab edir. Belə ki, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi ümumvətəndaş pasportunun surətindən görünür ki, təqsirləndirilən şəxs Akif Panakhovun atası X6 Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası CM-in 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəllənin 52.2.4-cü maddəsinə əsasən valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxs Akif Panakhova (X4) təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin iş materiallarından görünür ki, Akif Panakhov (X5) 25 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış, (cild İ, i/v: 157) Sabunçu rayon prokurorunun 26 noyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild İ, 198-201) Bundan sonra Akif Panakhov (X5) təkrarən 25 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış (cild İ, i/v: 23), Bakı şəhər Nizami rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 25 dekabr 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. (cild İ, i/v:94-95) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Akif Panakhovun (X2) 25 noyabr 2023-cü il tarixdən 26 noyabr 2023cü il tarixədək həbsdə saxlanıldığı iki gün ona təyin ediləcək cəzadan çıxılmalı və ona təyin ediləcək cəzanın çəkilmə müddətinin əvvəli 25 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Akif Panakhovun (X5) üzərindən aşkar edilərək götürülmüş Sabunçu RPİ-nin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,769 qram təşkil edən narkotik vasitə heroin və Nizami RPİ-nin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,603 qram təşkil edən psixotrop maddə metamfetamin, habelə 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, habelə Akif Panakhovun (X5) üzərinə keçirilmiş şəxsi axtarışların videogörüntülərini özündə əks etdirən 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı iş üzrə müəyyən olunmuş məhkəmə məsrəfləri – 195 (bir yüz doxsan beş) manat məbləğində ekspertiza xərci Akif Panakhovdan (X1) tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Akif Panakhovun (X2) Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Akif Panakhova (X4) göstərdiyi 80 (səksən) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Kamandar Nəsibov və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi 480 (dörd yüz səksən) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Akif Panakhov (X5) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Akif Panakhovun (X5) 25 noyabr 2023-cü il tarixdən 26 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin olunmuş 05 (beş) il azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Akif Panakhov (X5) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 25 dekabr 2023-cü il tarixdən hesablansın. Akif Panakhovun (X5) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Akif Panakhovun (X5) barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Akif Panakhovun (X5) üzərindən aşkar edilərək götürülmüş Sabunçu RPİ-nin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,769 qram təşkil edən narkotik vasitə heroin və Nizami RPİ-nin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,603 qram təşkil edən psixotrop maddə metamfetamin, habelə 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Akif Panakhovun (X5) üzərinə keçirilmiş şəxsi axtarışların videogörüntülərini özündə əks etdirən 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 195 (bir yüz doxsan beş) manat məbləğində ekspertiza xərci Akif Panakhovdan (X5) tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Akif Panakhova (X5) göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Kamandar Nəsibov və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi 480 (dörd yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Akif Panakhova (X5) isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar