Məhkəmə qərarları › İş №1(101)-1576/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1576/2021

20.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1576/2021 20.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni - təmiz çəkisi 2,756 qram təşkil edən kustar üsulla hazırlanmış metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 15 aprel 2021-ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanda xidmət aparan Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 12-ci Polis Şöbəsinə dəvət edilmiş, orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilən zaman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 2,756 qram təşkil edən kustar üsulla hazırlanmış metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırmışdır. Heç vaxt qanunsuz əməl törətməmişdir. Tutulmazdan təxminən altı ay əvvəldən başlayaraq metamfetamin qəbul etməyə başlamış, bu işə əvvəldən əyləncə kimi baxsa da tədricən onun aludəçisinə çevrilmişdir. Getdikcə tələbatı artmış və ilk başladığı vaxtlardan fərqli olaraq daha çox metamfetamin qəbul etməyə başlamışdır. Ümumi danışıqlarda «şüşə» kimi deyilən metamfetamini bir qayda olaraq yalnız üzdən tanıdığı şəxslərdən əldə etmişdir. Maddi vəziyyəti də qənaətbəxş olmadığından heç vaxt böyük miqdarda metamfetamin ala bilməmişdir. Hər dəfə yalnız bir neçə dəfə qəbul etməyə çatan çəkidə almışdır. 15 aprel 2021-ci il tarixdə adi günlərdəki kimi əsasən evdə olmuş, saat təxminən 15 radələrində yaşadığı evin həyətinə çıxanda ona bir neçə nəfər mülki geyimli şəxslərin yaxınlaşdığını görmüş, qeyri-ixtiyari olaraq qorxmuş və dönüb bir qədər uzaqlaşmaq istəmişdir. Amma həmin şəxslər cəld onu yaxalamış, polis əməkdaşları olduqlarını deyib onun evinə də girib hər yeri ələk-vələk etmiş, amma qanunsuz heç nə tapmamışlar. Onu maşına mindirib Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirmişlər. Orada olarkən mülki geyimdə olan və polis əməkdaşı olduğunu deyən tanımadığı bir şəxs bir bükümü onun cibinə qoymuş və həmin bükümün ona məxsus olduğunu, həmin bükümü onu saxlayarkən yaşadığı evin həyətindən tapdıqlarını, guya həmin bükümü cibindən onun özünün çıxarıb yerə tulladığını demişdir. Buna etirazını bildirmiş, amma polis işçiləri bu bükümlə razılaşmaqdan başqa yolunun olmadığını izah etmişlər. Onsuz da metamfetamin istifadəçisi olduğu üçün razılaşmış, polis əməkdaşları da onun istifadəçi kimi rəsmiləşdiriləcəyinə söz vermişlər. Bundan sonra çəkisini də bilmədiyi bir büküm metamfetamin guya baxış keçirilməklə, videoçəkiliş aparılmaqla üstündən aşkar olunub sənədləşdirilmişdir. Yəni, şəxsi axtarış zamanı ona üzərində qanunazidd əşya və yaxud predmet varsa həmin əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, o da könüllü olaraq idman şalvarının cibində olan bir ədəd şəffaf sellofana bükülmüş metamfetamini masanın üzərinə qoymuşdur. Təhqiqatçı və sonradan da müstəntiq guya həmin psixotrop maddəni bir gün əvvəldən Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 90 manata öz istifadəsi üçün aldığı barədə ifadəsini rəsmiləşdirmişlər. Həm də ona söz verildiyi kimi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və iş bu qaydada da davam etmişdir. Amma sonradan müstəntiq dəyişilmiş və yeni müstəntiqi Rüfət Mustafazadə dərhal heç bir əsas olmadan ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Ona görə də ona qarşı irəli sürülmüş həmin ittihamla razılaşmır, barəsində düzgün qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırmışdır. O, psixotrop maddə olan metamfetamindən təxminən altı aya yaxındır ki, istifadə etmişdir. Psixotrop maddəni qəbul etməyini heç kim ona məcbur etməmiş və metamfetamini könüllü olaraq özü üçün istifadə etmişdir. Son zamanlar psixotrop maddədən tez-tez istifadə etdiyindən özü üçün daha çox metamfetamin əldə etmək qərarına gəlmişdir. Belə ki, hər dəfə birdəfəlik istifadə üçün almaq təhlükəli olduğundan o, bir qədər çox almaq üçün 14 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən 90 manat pul verməklə bir büküm «şüşə» kimi tanınan psixotrop maddə olan metamfetamin almışdır. Onun bir qismini özü üçün istifadə etmiş, bir qismini isə gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır. 15 aprel 2021-ci il tarixdə saat 15 radələrində yaşadığı evdən çıxıb küçədə piyada gəzərkən iki nəfər mülkü geyimli şəxs ona yaxınlaşaraq polis işçiləri olduqlarını bildirib özlərini təqdim etdikdən sonra ondan şəxsiyyətini təsdiq edən sənədi soruşmuşlar. Həmin vaxt şəxsiyyət vəsiqəsi üzərində olmadığı, əldə etdiyi psixotrop maddə isə üzərində olduğu üçün o, polis əməkdaşlarından yayınmaq və oradan uzaqlaşmaq qərarına gəlmişdir. Lakin polis əməkdaşları ondan şübhələndikləri üçün birlikdə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə getməyi təklif etmişlər. O, artıq çıxış yolu olmadığını dərk etdiyi üçün polis əməkdaşları ilə birlikdə həmin polis şöbəsinə getməyə etiraz etməmiş və onlar oradan birbaşa 12-ci Polis Şöbəsinin inzibati binasına getmişlər. Yol boyu gözləri ilə ona nəzarət etdikləri üçün o, həmin vaxt üzərində olan metamfetamini çıxarıb yerə ata bilməmişdir. Polis Şöbəsində olan zaman təhqiqatçı X5 tərəfindən barəsində şübhəli şəxsi tutma haqqında qərar çıxarılmış və ona Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, siyahı ilə tam tanış olduqdan sonra vəkil X3 istintaq zamanı onun hüquqlarını müdafiə etməsini ərizə ilə yazıb xahiş etmişdir. Bundan sonra Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X4 dəvət olunmuş və təhqiqatçı tərəfindən vəkil kimi ona təqdim edilmişdir. Polis şöbəsində videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparacaqlarını ona bildirmişlər. Onun üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, həmçinin videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya və yaxud predmet varsa həmin əşyaları könüllü olaraq təqdim etməyi təklif edilmişdir. O, könüllü olaraq əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoyduğu bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamini masanın üzərinə qoymuşdur. Şəffaf sellofanın içərisindəki büküm açılmış və o, bükümün içərisində metamfetamin olduğunu, həmin psixotrop maddəni isə Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən 90 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar olunmuş metamfetamin təhqiqatçı tərəfindən götürülərək orada olan şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Bundan sonra tərtib edilmiş protokolla qablaşdırılmış zərfə onunla bərabər orada olan digər iştirakçılar da imza etmişlər. O, əlavə olaraq qeyd etmişdir ki, maddi vəziyyəti yaxşı olmadığı üçün uzun müddət mobil telefondan istifadə etməmiş və üzərindən psixotrop maddə aşkar edilən zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmişdir (cild 1, iş vərəqə 50-53). Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Balaxanı qəsəbə sakini Nicat adlı şəxsin psixotrop maddə olan metamfetamini əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, lakin bir müddət həmin şəxsin yeri ona məlum olmamışdır. O, 15 aprel 2021-ci il tarixdə saat 15 radələrində Polis Şöbəsinin digər əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsində xidmət apararkən, həmin küçədə yerləşən 2 nömrəli döngənin qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmış və həmin şəxsə polis əməkdaşları olduqlarını bildirməklə şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər. Həmin şəxs şəxsiyyət vəsiqəsinin üstündə olmadığını bildirmiş və özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar, Təqsirləndirilən şəxs şəxsi istehlakı üçün psixotrop maddələri əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə şübhəli olduğunu bildirib onlarla birlikdə Sabunçu rayon Polis İdarəsinin 12ci Polis Şöbəsinə getməsini təklif etmişlər. Həmin şəxs etiraz etməmiş və onlar şöbəyə getmişlər. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün təhqiqatçı tərəfindən vəkil dəvət olunmuş, daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs üzərində olması ehtimal olunan narkotik vasitəni, psixotrop maddəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və yaxud sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki idman şalvarının sağ yan cibindən şəffaf sellofanın içərisində olan bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış metamfetaminə bənzər maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş psixotrop maddəni 14 aprel 2021-ci il tarixdə Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən özünün istifadəsi üçün 90 manata almışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamin bır ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra orada olan iştirakçıların hamısı tərtib edilmiş protokolu və qablaşdırılmış zərfi imzalamışlar. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs barəsində narkotik vasitə, yaxud psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üstündən aşkar olunmuş metamfetamini satış məqsədilə əldə etməsi barədə məlumatlar əldə olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı təsir, təzyiq göstərilməmiş, onunla bağlı əməliyyat tədbirlərinin keçirilməsi, saxlanması, müdafiəçi ilə təmin olunması, şəxsi axtarış və baxış keçirilməsi kimi bütün hərəkətlər qanuni şəkildə sənədləşdirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 15 aprel 2021-ci il tarixli və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan diskə baxış keçirilməsi haqqında 16 aprel 2021-ci il tarixli protokollardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristalşəkilli maddəni çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin metamfetamin olduğunu və 14 aprel 2021-ci il tarixdə Balaxanı qəsəbəsində üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 90 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir (cild 1, iş vərəqə 27-28, 48). Məhkəmə-kimyəvi ekspertizasının 16 aprel 2021-ci il tarixli 6/1484 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə" yazısı olan zərfdəki bir ədəd bükümdə, təmiz çəkisi 2,756 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələm-ın İ siyahısına daxildir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 2,556 qram təşkil etmişdir (cild 1, iş vərəqə 37-42). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 16 iyun 2021-ci il tarixli 1916 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 89-90). Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi mənbə müəyyən edilmədiyinə görə ibtidai istintaq orqanının 07 avqust 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 147-148). Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmuşdur (cild 1, iş vərəqə 85). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 08 iyun 2015-ci il təvəllüdlü bir azyaşlı uşağı var (cild 1, iş vərəqə 88). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünürki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 79). Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməyə, saxlamağa və üzərində daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Müstəntiq sübutların qiymətləndirilməsi haqqında 07 avqust 2021-ci il tarixli qərarında da elan edilmiş ittihamın təsdiqi kimi təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, şəxsi axtarış və götürmə haqqında protokolu sübut növü kimi qiymətləndirmək barədə yekun qənaətə gəlmişdir (cild 1, iş vərəqə 140). Halbuki, həmin sübutların heç biri elan edilmiş ittihamı təsdiq etmir. Əksinə, bu sübutlar yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş əməlin törədildiyini təsdiq edir. Təqsirləndirilən şəxsin psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edibetməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə aidiyyəti ilə bağlı hər hansı məlumat və ya material mövcud olmamışdır. Saxlandığı andan Təqsirləndirilən şəxs psixotrop maddəni şəxsi istehlakı üçün əldə etdiyini etraf etmişdir. İbtidai araşdırmanın sonrakı bütün müddəti ərzində də Təqsirləndirilən şəxs psixotrop maddəni ardıcıl olaraq özünün şəxsi istehlakı üçün əldə etdiyini bildirməsinə, şahidlərin də ifadələrində Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair mötəbər sayıla biləcək heç bir məqam olmamasına baxmayaraq qeyd olunan ifadələrin də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədildiyini təsdiq etməsi ilə bağlı əsassız qənaətə gəlinmişdir. Həm də qeyd edilməlidir ki, iş üzrə ittiham aktında təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməkdə təqsirli olduğunu israr edərkən ibtidai istintaq orqanı əsassız olaraq digər məqamlarla yanaşı həm də şəxsin özünün əslində mövcud olmayan “ilkin etirafedici ifadələrinə” istinad edilmiş, amma həmin ifadələrin harada olması və məzmunu açıqlanmamışdır. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə narkomaniya xəstəliyindən əziyyət çəkən təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə prosesində onun üzərində tapılmış psixotrop maddənin - maddi sübutların mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, psixotrop maddəni qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını səmimi etiraf etmiş, həm də bu etirafları zamanı ardıcıl olaraq əldə etməsinin məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə psixotrop maddəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilirki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Təqsirləndirilən şəxs 2,556 qram metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlaması onun özünün etiraf ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, onu saxlamış polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmiş Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 və Şahid2 da məhkəmədə verdikləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üstündən tapılmış psixotrop maddəni satış məqsədilə əldə etməsi barədə heç bir məlumatları olunmamışdır. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə psixotrop maddənin yalnız külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X7rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 aprel 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 15 aprel 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 15, 73-74). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəməhesab edirki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,556 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddisübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 38,171). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla sərf olunmuş ağlabatan real vaxt nəzərə alınmaqla ibtidai istintaq mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 15 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,556 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhər 7 saylı Vəkil Bürosunun hesabına X4 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar