Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1579/2024 23.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X7 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Füzuli rayonu, Qaraxanbəyli Ə/D, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında nömrəsiz fərdi evdə yaşamış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işinin ibtidai istintaq materiallarına görə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:00-da Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 15 ünvanının yaxınlığında AR DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq BMCMİ-nə gətirilmiş və orada həmin tarixdə saat 19:45-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıdığı ümumi təmiz çəkisi 7,930 qram olan külli miqdarda ağ rəngli, kristalşəkilli, öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ayrı-ayrılıqda təmiz çəkiləri 2,923 qram, 2,877 qram və 2,130 qram olmaqla 03 ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yalnız özünü narkotik vasitə heroinin istifadəçisi kimi təqsirli bilir. xx.xx.2024-cü il tarixdə tanışı ilə taksiyə minən zaman 1 nəfər qarşısına çıxaraq ondan yandıranın olub-olmamasını soruşmuş, o, yandıranı uzadanda 2 nəfərdə qarşısına çıxıb onu tutaraq dərhal maşına əyləşdirmiş və polis idarəsinə gətirmişlər. Orada onun qarşısına 3 büküm qoyaraq ona psixi təzyiq etməklə təqdim etdiyi sənədlərə imza atmasını tələb etmiş və o, da həmin təzyiqlərin nəticəsində həmin sənədləri imza etmişdir. Lakin o, tutulan zaman üzərində 8 qram narkotik vasitə, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitə heroinin isə sonuncu dəfə 2 gün qabaq istifadə etmişdir. O, polis əməkdaşlarının psixi təzyiqi nəticəsində etiraf edici ifadələr vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 17-18 radələrində ünvan 2 ünvanın yaxınlığında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib DİNnin BMCMİ-nin əməkdaşları olduqlarını bildirərək ondan özünü təqdim etməsini xahiş etmiş, o özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə BMCMİ-nə gəlmiş, orada hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanmış, ona üzərində narkotik vasitə, psixotrop maddə varsa, təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 3 ədəd şəffaf sellofan bükümü, sol yan cibindən “İNOİ” markalı mobil telefonu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşı tərəfindən ardıcıllıqla təqdim etdiyi 3 ədəd şəffaf sellofan bükümə baxış keçirilmişdir. Həmin bükümlər iştirakçıların şahidliyi ilə açılmış və 3 ədəd sellofan bükümlərin hər birinin içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş 3 ədəd bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Üstündən aşkar edilmiş “İNOİ” markalı mobil telefon polislər tərəfindən götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Şəxsi axtarış videoçəkilişdən istifadə edilməklə həyata keçirilmiş və daha sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və düzgün tərtib edildiyindən o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Həmçinin bildirmişdir ki, aşkar edilmiş psixotrop maddə metamfetamini onu gələcəkdə istifadə etmək məqsədi ilə üzərində daşımış, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 200 manata almışdır. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, üzərində narkotik vasitə olmasından heç kimin xəbəri olmamış və evində və ya başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. “Azercell” mobil operatoruna məxsus olan ***-***-**-** mobil nömrəsindən istifadə edir. Bundan əlavə Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o narkotik vasitə istifadəçisi olsa da tutulduğu zaman üzərində heçnə olmamamış, polis əməkdaşları tərəfindən ona qarşı fiziki olmasa da psixi təzyiq göstərilmiş və bununla bağlı hər hansı orqana şikayət və vəsatət verməmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, gənc olmasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərkən, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamefetamini əldə etmə, saxlama və daşıma kimi qiymətləndirməsini və sonuncunun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onu rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 daxil edilmişdir. xx.xx.2024cü il tarixdə, saat 17-18 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi ərazisində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 18:00-da ünvan 2 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmiş, ona yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra sonuncuya narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və Təqsirləndirilən şəxs DİN-in BMCMİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə BMCMİ-yə gəlmişdir. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı Arif Rzayev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın ciblərindən 3 ədəd sellofan bükümü və 1 ədəd mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini “Papanin” kimi tanıdığı ərazidə adını bilmədiyi şəxsdən 200 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 3 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş və həmin protokolu imzalamışlar. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, istər saxlanılarkən, istərsə də polis idarəsində təqsirləndirilən şəxsə qarşı onlar tərəfindən hər hansı zorakı, fiziki və psixi hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili Şahid3 Əliməmməd oğlu məhkəmə iclasında ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs əynində olan şalvarın ciblərindən 3 ədəd sellofan bükümü və 1 ədəd mobil telefonu çıxardıb masanın üzərinə qoyaraq, selofanın içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddənin “Papanin” kimi tanıdığı ərazidə adını bilmədiyi şəxsdən 200 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında Ə.Şahid3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, istər saxlanılarkən, istərsə də polis idarəsində təqsirləndirilən şəxsə qarşı onlar tərəfindən hər hansı zorakı, fiziki və psixi hərəkətlər edilməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişlər ki, həqiqətəndə Təqsirləndirilən şəxs əynində olan şalvarın ciblərindən 3 ədəd sellofan bükümü və 1 ədəd mobil telefonu çıxardıb masanın üzərinə qoyaraq, selofanın içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddənin “Papanin” kimi tanıdığı ərazidə adını bilmədiyi şəxsdən 200 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Cinayət işinin 5-6-cı vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxanlanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 105-ci vərəqəsində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(005)-167/2024 saylı qərarından görünür ki, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” AR DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və AR DİN-nin BMCMİ-nin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir. Cinayət işinin 19-cu vərəqində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 91-95-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 40-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/443 saylı məhkəməbioloji ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 3 ədəd bükümdə .........” yazı və imzalar olan zərfdə 3 ədəd sellofan kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,923 qram, 2,877 qram və 2,130 qram olmaqla ümumi çəkisi 7,930 qram ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetaminin ümumi çəkisi - 7,930 qram, tədqiqata sərf edilən miqdar - 0,15 qram, qalıq - 7,780 qram. Cinayət işinin 41-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manat müəyyən edilmişdir. Cinayət işinin 128-129-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 397 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimlyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 96-97-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 7,780 qram qalmış psixotrop maddə olan metamfetamin maddi sübut hesab edilmiş və DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 135-147-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 112-113-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 29-cu vərəqində olan şəxsi axtarış və götürmə aparılması gedişatını əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024-cü il tarixdə saat 20:12-dən 20:36-dək DİN-nin BMCMİ-nin inzibati binasında qeydə alınmışdır. Şəxsi axtarış zamanı BMCMİ-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Şahid3 və müdafiəçi X5 iştirak etmiş və videoçəkiliş həyata keçirilmişdir. Axtarış aparılarkən ilk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 3 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sol yan cibindən 1 ədəd “İnoi” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoyur. Daha sonra şəxsi axtarış keçirilir, lakin heç bir əşya aşkarlanmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd sellofan bükümə baxış keçirilən zaman həmin bükümlərin içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilir. Həmin bükümlər 1 ədəd içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini xx.xx.2024cü il tarixdə Nəsimi rayonu ərazisində tanımadığı şəxsdən 200 manata aldığını və öz şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını, təxminən 4-5 ildir ki, narkotik vasitə və psixotrop maddə istifadə etdiyini, üzərindən aşkar edilmiş maddələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, həmin maddələrin üstündə olmasından heç kimin məlumatının olmadığını bildirir. Cinayət işinin 125-127-ci vərəqələrində olan Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-43/2-261/2024 saylı məktubunun və verilmiş xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 174-cü vərəqəsində olan qəbzdən görünür ki, Ş.N.Məmmədov xx.xx.2024-cü il tarixdə BMCMİ-nin müstəntiqi H.H.İbrahimovdan qardaşı Təqsirləndirilən şəxs məxsus 1 ədəd “İnoi” markalı mobil telefonu saz vəziyyətdə almışdır. Bununla da, məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Amma Təqsirləndirilən şəxs metamfetamini satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Belə ki, məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən metamfetaminin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən sonuncunun metamfetamini məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin metamfetamini satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edibetməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır. Məhkəmə ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı sübutları qiymətləndirərkən müvafiq qərarda, “… aşkar olunmuş metamfetaminin külli miqdarda olması və 3 ədəd bükümdə olması Təqsirləndirilən şəxs həmin metamfetamini satış məqsədilə əldə edib saxladığına dəlalət edir” kimi əsassız qənaətə gəlmişdir. Məhkəmə ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş həmin maddənin külli miqdarda olması digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Digər tərəfdən, artıq qanunvericilikdə edilmiş müvafiq dəyişikliklərdən sonra Cinayət Məcəlləsinin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər”ə dair XXVİ fəslinə daxil edilmiş satış məqsədi olmadan belə əməl törədilməsi ilə bağlı yeni cinayət tərkibində məhz “külli miqdar” dispozitiv əlamət kimi müəyyənləşdirilmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş metamfetaminin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddə olan metamfetaminin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq metamfetamini əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmçinin Təqsirləndirilən şəxs məhkəməyədək ibtidai istintaqın ilkin mərhələsində onun üzərində tapılmış psixotrop maddə olan metamfetamini - maddi sübutun mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, satışla bağlı və psixotrop maddənin ona məxsus olmasına dair ittihamı qəbul etməyərək yalnız narkotik vasitə olan heroini istifadə etməsini etiraf etmiş, həm də bu etirafları zamanı ardıcıl olaraq əldə etməsinin məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş metamfetaminin əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Buna baxmayaraq hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə psixotrop maddəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 7,930 qram metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən metamfetamini qanunsuz olaraq əldə edib saxlaması onun özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi, şəxsi axtarış və götürmə barədə protokol, əməliyyatı keçirmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi, həmçinin məhkəmə iclasında həbs qətimkan tədbiri seçilərkən verdiyi etiraf edici ifadələri ilə tam sübuta yetirilir. Onun həmin psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan maddənin satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Sonuncunun heroini aidiyyəti barədə məlumatı əldə etmiş və həmin maddənin aşkar edilib götürülməsi üçün müvafiq əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşları da ifadələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üzərindən aşkar edilmiş metamfetaminin satış məqsədilə əldə etməsi və ya bu maddəni satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir təsdiqedici məlumat əldə olunmadığını göstərmişlər. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı psixotrop maddə metamfetaminin külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetaminin yalnız 3 bükümdə və külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminin ona heç bir aidiyyatının olmamasına, həmin maddənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına, polis əməkdaşları tərəfindən ona qarşı psixi təzyiq göstərilməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetaminin əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Belə ki, şəxsi axtarış və götürmə aparılması (i/v 27-29), şübhəli şəxsin izahatından (i/v 31-32), şübhəli şəxs və təqsirləndirilən şəxsin dindirmə protokollarından (i/v 59-62, 73- 76) və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərarından (i/v 91-95) görünür ki, təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq dövründə, istərsə də məhkəmə iclasında özünü qismən təqsirli bilərək psixotrop maddə olan metamfetamini Nəsimi rayonu ərazisində 200 manat pul müqabilində aldığını, onu yalnız şəxsi istifadəsi üçün saxladığını və həmin maddəni satmaq niyyətinin olmadığını bildirmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarış və götürmənin gedişatını əks etdirən DVD diskdə olan videogörüntülərdə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 3 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sol yan cibindən 1 ədəd “İnoi” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoyur, həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə Nəsimi rayonu ərazisində tanımadığı şəxsdən 200 manata aldığını və öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını, təxminən 4-5 ildir ki, narkotik vasitə və psixotrop maddə istifadə etdiyini, üzərindən aşkar edilmiş maddələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, həmin maddələrin üstündə olmasından heç kimin məlumatının olmadığını bildirir (i/v 27-29). Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə iclasında yalnız narkotik vasitə olan heroin istifadəçisi olduğunu bildirsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 397 saylı rəyindən görünür ki, müayinə zamanı sonuncuda opioidlərin, kannabinoidlərin və psixostimlyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur (i/v 128-129). Bununla da, məhkəmə belə qənaətə gəlir ki, M.H.Səfərov tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntüləri, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materiallarını tədqiq edib Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, gənc olmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, üzərindən aşkar edilən psixotrop maddə metamfetaminin miqdarını (7,930 qram), təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 397 saylı rəyinə əsasən o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, şəxsi axtarışın gedişatını əks etdirən iş üzrə sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış kustar üsulla hazırlanmış 7,780 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, kustar üsulla hazırlanmış 7,780 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 38 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-1579/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1579/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver